Qarabağ Universitetinə yüksək balla qəbul olunanlara təqaüd veriləcək

Yayımlandı: 26 Fevral 2024 15:02

Universitetin yataqxanası bütün tələbələr üçün ödənişsiz olacaq

Xankəndidə fəaliyyət göstərəcək Qarabağ Universitetində yeni tədris ilindən tələbə qəbulu nəzərdə tutulub.

Bunu jurnalistlərə Elm və Təhsil naziri Emin Əmrullayev deyib.

Nazir həmçinin bildirib ki, universitetə yüksək balla qəbul olunacaq tələbələrə həvəsləndirici təqaüd veriləcək.

Üstəlik, universitetin yataqxanası bütün tələbələr üçün ödənişsiz olacaq.

Prezident İlham Əliyev 2023-cü il noyabrın 28-də Qarabağda Universitet yaradılması ilə bağlı sərəncam imzalayıb.

Prezident Nazirlər Kabinetinə iki ay müddətində universitetin nizamnaməsini təsdiq etməyi tapşırıb.

Həmçinin ali təhsil müəssisəsinin fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı zəruri tədbirlər görülməsinə – universitetin Xankəndidə torpaq sahəsi, tədris və yataqxana binaları, idman meydançası və digər infrastruktur obyektləri ilə təminatı məsələlərini həll edilməsinə göstəriş verib.

Universitetin nəzdində peşə təhsili müəssisəsinin yaradılması da nəzərdə tutulub.

Emin Əmrullayev demişdi ki, yenidən Azərbaycanın nəzarətinə keçən ərazilərdə peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button