Qarabağ Universitetində xarici tələbələr üçün də qəbul elan olunacaq
Yayımlandı: 5 Avqust 2024 16:02
“Universitetin Azərbaycanı dünyada ən yaxşı səviyyədə təmsil etməsini istəyirik”
Qarabağ Universitetində magistratura və doktoranturaya qəbul keçiriləcəyi, həmçinin xarici tələbələrin təhsil alacağı bildirilir.
Bu barədə məlumatı universitetin rektoru Şahin Bayramov Diaspor Gənclərinin V Yay Düşərgəsinin iştirakçıları ilə görüşü zamanı verib.
“Qarabağ universitetinin müasir bir təhsil ocağı olaraq Azərbaycan ali təhsilini dünyada ən yaxşı səviyyədə təmsil etməsini istəyirik”, – Şahin Bayramov bildirib.
Qarabağ Universiteti Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü ildə yaradılıb.
Universitetdə bu il təhsil alacaq tələbə yeri 1200 nəfər müəyyənləşdirilib.
2024/2025-ci tədris ili üçün ümumilikdə 27 ixtisas üzrə tələbə qəbulu olacaq.
İlkin mərhələdə Qarabağ Universitetində kadr hazırlığı 6 fakültədə aparılacaq: Pedaqoji, İncəsənət, Humanitar və sosial elmlər, İqtisadiyyat, Mühəndislik və Turizm.
Pedaqoji fakültədə “Riyaziyyat müəllimliyi”, “İbtidai sinif müəllimliyi”, “Xarici dil müəllimliyi (ingilis dili)”, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasları üzrə tədris aparılacaq.
İncəsənət fakültəsi “Musiqi müəllimliyi”, “Dekorativ-tətbiqi sənət”, “Dizayn”, “İnstrumental ifaçılıq” və “Vokal sənəti” ixtisaslarını əhatə edir.
Humanitar və sosial elmlər fakültəsində “Beynəlxalq münasibətlər”, “Hüquqşünaslıq”, “Tarix” və “Psixologiya” ixtisasları üzrə kadr hazırlığı təşkil ediləcək.
İqtisadiyyat fakültəsində “Beynəlxalq ticarət və logistika”, “İqtisadiyyat”, “Maliyyə”, “Menecment”, “Mühasibat”, “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasları tədris olunacaq.
Mühəndislik fakültəsində “Elektrik və elektronika mühəndisliyi”, “İnşaat mühəndisliyi”, “Kompüter mühəndisliyi”, “Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi”, “Mexatronika və robototexnika mühəndisliyi” ixtisasları üzrə kadr hazırlığı nəzərdə tutulub.
Turizm fakültəsində isə “Turizm işinin təşkili ixtisası” üzrə yüksək ixtisaslı mütəxəssis hazırlığına başlanılacaq.