“Qarabağa Azadlıq” mitinqindən VİDEO/FOTOLAR

Qarabağ Komitəsi sentyabrın 29-da bir qrup siyasi partiya və ictimai təşkilat “Məhsul” stadionunda “Qarabağa azadlıq” şüarı ilə mitinq keçirib.

Mitinqdə minlərlə insan iştirak edib.

Bakıda Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi və ölkənin ərazi bütövlüyünün bərpa edilməsi tələbi ilə keçirilən mitinqdə minlərlə insan iştirak edib. Mitinq bu yaxınlarda yaradılmış “Qarabağ” ictimai komitəsi tərəfindən təşkil edilib.
“Qarabağ Azadlıq Təşkilatı”nın rəhbəri Akif Nağı mitinqi açarkən bildirib ki, aksiyanın məqsədi Qarabağın azad edilməsi üçün ictimai fəallığı ən yüksək səviyyəyə çatdırmaqdır.
“Hakimiyyət və müxalifət Qarabağ məsələsində birləşməlidir. Cəmiyyətin bütöv iradəsini nümayiş etdirməli və hakimiyyətdən işğal edilmiş ərazilərin azad edilməsi üzrə radikal addımlar atmağı tələb etməliyik”, deyə Nağı bildirib.
Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri, xüsusi xidmətlərin keçmiş zabiti İlham İsmayıl bildirib ki, hökumət hakimiyyətdə olduğu 25 il ərzində işğal edilmiş ərazilərin azad edilməsi üçün nə edildiyi barədə hesabat verməlidir.
Onun sözlərinə görə, bu müddət ərzində heç bir real iş görülməyib və hakimiyyət yalnız problemin həlli üzrə fəaliyyət təqlidi yaradıb.
“Siz hər şeyi inhisara ala bilərsiniz. Amma Qarabağ məsələsini inhisara ala və onu xalqdan gizli şəkildə həll edə bilməzsiniz”, deyə İsmayıl bildirib.
O, Rusiyanın işğal edilmiş ərazilərin azad edilməsinə yardım etməsi haqqında iddiaların əsassız olduğunu bildirib.
“Bizi Rusiyanın Ermənistanı cəzalandıracağı, 7 rayonu qaytaracağı barədə xülyalarla doyururlar. Amma bu məlumatın mənbəyinə baxdıqda məlum olur ki, yeddi rayonun azad edilməsindən sonra Qarabağ müstəqil olmalıdır. Xalqı Rusiyanın rayonları bizə qaytaracağı barədə xülyalarla aldatmağa son qoyulsun”, deyə İsmayıl bildirib.
Keçmiş DİN rəhbəri İsgəndər Həmidov bildirib ki, işğal edilmiş əraziləri yalnız hərbi yolla azad etmək olar.
Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu bildirib ki, “hakimiyyət ya Qarabağ münaqişəsini həll etməli, ya da getməlidir”.
Qarabağ müharibəsinin veteranı, böyük birliyin keçmiş komandiri, polkovnik Xətai Baxışov bildirib ki, müharibə iştirakçıları ali baş komandanın işğal edilmiş əraziləri azad etmək əmrini yerinə yetirməyə hazırdırlar.
“Biz bu problemi növbəti nəsillərə qoymaq istəmirik”, deyə Baxışov bildirib.
Mitinq iştirakçılarının çıxışlarında 2016-cı ildə Azərbaycan ordusunun uğurunun onun işğal edilmiş əraziləri azad etmək iqtidarında olduğunu göstərdiyi haqqında fikir dəfələrlə səslənib.
Mitinqin Xalq Cəbhəsi Partiyasının lideri Pənah Hüseyn tərəfindən oxunan qətnaməsində hakimiyyətə Azərbaycan ərazilərinin işğalçılardan və terrorçulardan azad edilməsi üzrə antiterror əməliyyatlarına başlamaq, siyasi islahatlar həyata keçirmək, korrupsiyaya qarşı mübarizə üzrə real tədbirlər görmək, veteranların və şəhid ailələrinin sosial müdafiəsini gücləndirmək tələbləri yer alır. Həmçinin, beynəlxalq təşkilatlara və ATƏT-in Minsk Qrupuna Azərbaycanın ərazi bütövlüyünün tamamilə bərpa edilməsini nəzərdə tutmayan nizamlama məsələlərinin müzakirəsini yolverilməz hesab etmək çağırışı yer alır.
Mitinqdə “Qarabağda antiterror əməliyyatı başlasın!”, “Qarabağa azadlıq!”, “Məcburi köçkünlər doğma yurdlarına qaytarılsın!”, “Beynəlxalq təşkilatların ikili standartlarına yox!”, “Ya Qarabağ, ya ölüm” və s. şüarlar yazılan plakatlar qaldırılıb.
Aksiya iştirakçıları vaxtaşırı olaraq “İstefa!”, “Ya Qarabağ, ya ölüm!” və s. şüarlar səsləndiriblər.
“Qarabağ” komitəsi bu ilin yayında kütləvi aksiyaların, elmi konfransların, sərgilərin və s. keçirilməsi ilə Qarabağ münaqişəsinə daimi ictimai diqqətin saxlanması məqsədilə təsis edilib. Komitəyə 17 ictimai birlik və hərəkat, o cümlədən Qarabağ Azadlıq Təşkilatı, Klassik Xalq Cəbhəsi, Milliyyətçi Hərəkat, Vətəndaş Həmrəyliyi, İslam Partiyası, Bəyaz Partiya, Milli-Demokrat Partiyası, Qarabağ Veteranları Təşkilatı və s., həmçinin fərdi qaydada 13 Qarabağ müharibəsi veteranı daxildir.

Xural.com mitinqdən yayılan fotoları təqdim edir:

 

  

 

 

   


Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button