Qarabağda separatçı qurumun liderlərinin həbs müddəti artırılıb

Ötən il Qarabağda saxlanaraq Bakıya gətirilən separatçı qurumun bəzi liderlərinin həbs müddəti artırılıb.

Bu barədə Azərbaycan Baş Prokurorlugunun bugün, mayın 15-də yayılan məlumatında bildirilir.

Açıqlamaya görə, həmin qurumun “prezidentləri” olmuş Arkadi Gukasyan, Bako Sahakyan, Arayik Harutyunyan, sabiq “xarici işlər naziri” Davit Babayan, “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və digərlərinin barəsində həbs qətimkan tədbirlərinin müddətinin uzadılması ilə bağlı vəsatətə baxılıb. Vəsatət Binəqədi rayon Məhkəməsində təmin edilib:

“… Ümumilikdə 15 nəfər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məsuliyyətə cəlb olunub. Məhkəmənin qərarına əsasən, qeyd olunan şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 5 ay uzadılıb.”

Hələlik, bu qərara sözü gedən şəxslərin və ya vəkillərinin münasibətləri bəlli deyil. Hazırda Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) İstintaq təcridxanasında saxlanılan həmin şəxslər terrorçuluqda, terrorçuluğu maliyyələşdirmədə, qanunsuz silahlı birləşmələr yaratmaqda və başqa qanunsuz əməllərdə ittiham olunurlar.

Onların ittihamları qəbul etmədiyi və azadlıqlarını tələb etdikləri bildirilir.

Ermənistan hökuməti də separatçı liderlərin həbsini pisləyib və onların azad edilməsi üçün beynəlxalq icmaya müraciət edib.

Azərbaycan Xarici İşlər Nazirliyi Yerevanın bəyanatını rədd edib və bildirib ki, sözü gedən şəxslər separatçılıq, “terror aktları” və “Azərbaycana qarşı təcavüz” ittihamları ilə mühakimə olunacaqlar.

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı ötən il sentyabrın 19-20-də isə Qarabağda “lokal antiterror tədbirlər” elan edib. Yerevan bunu “etnik təmizlənmə” kimi dəyərləndirib. Daha sonra da Qarabağdan Ermənistana əhali köçü başlayıb. İndi haqqında bəhs edilən şəxslər də həmin vaxt saxlanaraq Bakıya gətirilmişdilər.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button