Qarabağda tədqiqat adıyla külli miqdarda yeyinti: Zeynəb Xanlarovanın qudasının adı hallanan iş

Yayımlandı: 3 İyul 2024 15:14

Məhkəmə cinayət işində adı keçən şəxslərlə bağlı qərar verib

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Qarabağda tədqiqat adı altında 92 min 700 manatlıq yeyinti ilə bağlı məhkəmə araşdırmaları başa çatıb.

İyulun 3-də Bakı Ağır Cinayətlər Məhkəməsinin bu cinayət işi üzrə yekun hökmü elan olunub.

Hökmə əsasən, institutun keçmiş elmi işçisi, tarixçi alim Səbuhi Hüseynov və onun həyat yoldaşı – institutun kadrlar şöbəsinin müdiri olmuş Gülüstan İsayeva Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrilə təqsirli bilinib. Onlara 5 il 6 ay azadlıqdan mərhum etmə cəzası verilib.

Lakin hər ikisinə münasibətdə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq olunub. Yəni verilmiş cəza Gülüstan İsayeva üçün 1 il 6 ay, Səbuhi Hüseynova üçünsə 2 il sınaq müddəti olmaqla, şərti hesab edilib.

Onlar istintaq və məhkəmə dövründə də həbsdə deyildi.

İttihama görə,  Qarabağ bölgəsində tədqiqat aparılması üçün göndərilən ekspedisiya qrupuna orada iştirak etməyən şəxslərin adları salınıb. Yəni siyahıda adı olan, lakin özü iştirak etməyən xeyli adamın adına büdcədən ayrılan vəsaitlər bu yolla mənimsənilib.

İddia olunur ki, Səbuhi Hüseynov və həyat yoldaşı bu işlərlə məşğul olub.

Amma Səbuhi Hüseynov və Gülüstan İsayevanın heç biri ittihamı qəbul etmir. Onlar özlərini təqsirli bilmirlər. Əksinə, orada baş verən korrupsiya hallarına görə, institutun keçmiş direktoru Maisə Rəhimovanı ittiham edirlər.

Maisə Rəhimova istintaq dövründə şahid qismində dindirilib. Elə məhkəməyə çağırılan 43 nəfər şahid siyahısında da adı var. Lakin dəfələrlə çağırışlara baxmayaraq, o, məhkəməyə gəlməyib.

Təqsirləndirilən ər-arvad hesab edir ki, institutdakı korrupsiya hallarına etirazlarına, qanunsuzluqlar haqda şikayətlərinə görə şərləniblər.

Gülüstan İsayeva iddia edir ki, Ramiz Mehdiyev Elmlər Akademiyasının prezidenti olarkən institutdakı qanunsuzluqlarla bağlı yoxlama aparılıb.

Nəticədə 2 milyon 330 min manatlıq yeyinti aşkar olunub:

“Müəyyən olundu ki, həqiqətən də institutda qanun pozuntuları olub. İşləməyən adamlara əməkhaqqı ödənilib, görülməyən işə görə pullar xərclənib. Amma sonra necə oldusa, aşkar olunan qanunsuzluqlarla bağlı hüquq-mühafizə orqanlarına məlumat göndərilmədi. Sadəcə, Maisə Rəhimova işdən çıxarıldı…”

Maisə Rəhimova Xalq artisti Zeynəb Xanlarovanın qudasıdır.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button