Qarabağın azadlığı «Ağdam» şərabından keçir!

məhərrəm şəmkirliMəhərrəm Şəmkirli

Yeganə qurtuluş yolumuz bundadır!..

Mən bu yazını çoxdan yazmağı planlaşdırmışdım. Amma Astana sammitindən sonraya saxladım. Məni aldadan dövlət rəsmilərinin bir balaca ümidli danışmaları idi. Siyasətşünaslar isə deyirdilər ki, biz bu sammitdən heç nə gözləmirik. Doğrusu, mən də axırıncıların fikrində idim. Elə sonda bizlər deyən kimi də oldu.

Bəzən mənə elə gəlir ki, bizlərin başqa millətlər kimi hələ dünyanın və onun dürlü-dürlü beynəlxalq təşkilatlarının yalan və təəssübkeşlik üzərində qurulmasından xəbərimiz yoxdur. Və ondan da xəbərimiz yoxdur ki, bu təşkilatlar nə isə eləmək üçün yox, insanların boş qalmaması, ailəsini dolandırması üçün yaradılan iş yerləridir. Əgər BMT, ATƏT millətlər, dövlətlərarası münaqişələri yoluna qoymağı bacarsaydı, 60 il yəhudilərin zülmündə inləyən Fələstin xalqına öz dədə-baba torpaqlarında müstəqil dövlət qurmağa yardımçı olar, Rusiya tərəfindən işğal olunmuş qonşu Gürcüstan torpaqlarını özünə qaytarardı. Və yaxud yüzlərlə millətin tapdalanmış hüquqlarını bərpa edərdi. Gördüyümüz kimi bu təşkilatlar ya bu gücdə deyillər, ya da istəmirlər ki, bütün millətlər azad və təhlükəsiz yaşasınlar. Məyər bizlər bilmirik ki, dünyada əmin-amanlıq olanda, dünyanın heç bir beynəlxalq təşkilata-filana ehtiyacı olmayacaq. Onda da işsiz-gücsüz düynyada milyonlarla insanlar işsiz qalacaq. Bu da təbii ki, dünyaya sərf eləmir. Elə bu üzdən də 20 ildir ki, Azərbaycanın ermənilər tərəfindən tapdalanan hüquqları hüququ qiymətini ala bilmir. Almağına da məndə zərrə qədər inam qalmayıb. Atalar demiş, «kor-kor, gör-gör». Düz 20 ildir, Azərbaycanın halal torpaqlarını Ermənistan (oxu: Rusiya) işğal edib. Nə illah edirik qaytarmır. Elə deyir özümündü. Biz də BMT-yə, ATƏT-ə ağız açmışıq. Sağ olsunlar, sözümüzü yerə salmayıblar. BMT 4 qətnamə qəbul edib. ATƏT də 19 ildir yollardadır. Nə ayaqları yorulub dincəlmir, nə də usanmır. Elə gəlib-gedir. Bu da bizə bir təsəllidir. Bəlkə dünyanın sonunda erməniləri yola gətirdi, torpaqlarımız qaytarıldı.

Tez-tez ermənilər bizi hövsələdən çıxarır ki, Dağlıq Qarabağ torpağı heç vaxt Azərbaycanın olmayıb və olmayacaq. Bax, onda biz də hirslənib ermənilərə hədə-qorxu gəlirik ki, hərbi büdcəmizi yetərincə artırmışıq, bizim qarşımıza çöp belə salmağa cəsarət edən olmaz. Lazım gəlsə torpaqlarımızı vuruş, savaş yoluyla almağa hazırıq. Beynəlxalq təşkilatlar isə qəti surətdə bəyan edirlər ki, bu, yolverilməzdir. Buradan da məntiqi bir nəticə çıxarmaq olar ki, biz heç vaxt işğal olunmuş tarixi torpaqlarımıza sahib ola bilməyəcəyik.

Amma bədbinliyə qapılıb əl-qolumuzu yanımıza salmaq da laızm deyil. Çıxış yolu tapmaq lazımdır. Çox-çox fikirləşəndən sonra mən bir çıxış yolu tapmışam. Mənə elə gəlir ki, bu yolun sonu işıqlıdır, aydındır. Deyirəm, bir bu yolu da gedək. Uğur Allahdandır.

Dağlıq Qarabağ münaqişəsinin kimin başladığını, niyə başladığını hamı bilir. Və bu münaqişənin niyə bu qədər uzanmasını da hamı bilir. Heç kimə sirr deyil ki, Qarabağın açarı Rusiyadadır. Rusiya da həmin açarı heç vəchlə bizə vermək istəmir. Açıq-gizli çox şərtlər irəli sürür, amma bu şərtlərin çoxu ilə razılaşmırıq. Müstəqilliyimizi itirməkdən qorxuruq. Ona görə də bəzən münasibətlərimiz stabil qalmır, gah soyuyur, gah da istiləşir. Rusiya erməninin haqsız olduğunu billə-bilə onları müdafiə edir, onların arxasında durur. Bəzən erməniyə məhəbbəti, sevgisi o həddə çatır ki, ATƏT-in həmsədrlərdən biri olduğunu belə unudur. Tez-tez vasitəçilik edib iki ölkənin prezidentlərini görüşdürüb gözə kül üfürür. Əgər bircə dəfə erməniyə «çəkil yerində otur» desə təbii ki, erməni qorxub-qaxılıb yerində oturar, sahibini eşidər.

Bu yerdə yadıma 40 il bundan öncə həyətimizdə baş verən bir hadisə düşdü.

…Canavarağızlı bir itimiz vardı. Onun qorxusundan quş-quşluğu ilə həyətimizə qona bilməzdi. Bir dəfə uzaq yerdən qonağımız gəlmişdi. İt zəncirini qırıb qonağı parçalamaq istəyirdi. Səsi həyəti başına götürmüşdü. Atam bircə dəfə itə təpindi: «sakit ol, yerinə keç» deməyi ilə itin səsi kəsildi. İtin ağzı nəydi sahibinin sözündən çıxaydı. Yaramazlıq edib qonağa xətər toxundursaydı, ya möhkəm kötəklənəcək, ya da qapıdan qovulacaydı.

İndi Rusiyadan erməniyə təpinib Qarabağın açarını bizə verməyini gözləyirik. Gözləməksə bizim hər gün Qarabağdan bir az da uzaqlaşmamıza gətirib çıxarır. Ona görə də tələsmək lazımdır.

Hər kəsin yadında olar, keçən əsrin 70-80-cı illərində Azərbaycanda üzümçülük geniş vüsət almışdı. Hətta Azərbaycan üzüm istehsalında və tədarükündə (2 milyon tondan çox) SSRİ-də birinci yerə çıxmışdı.

Az müddət ərzində Azərbaycanda 250 yerli üzüm növü yetişdirilmişdi. Üzümçülükdən gələn gəlirlər hesabına əhalinin güzəranı günü-gündən yaxşılaşırdı. Ölkədə istehsal olunan üzümün 90 faizini texniki üzüm növləri təşkil edirdi ki, bundan da müxtəlif adda şərablar istehsal edirdik. Bu şərablar ittifaqın hər yerinə göndərilirdi. Rusların sevdiyi şərab isə «Ağdam» şərabı idi. Hətta bu şərab Rusiyada mağazalarda uzun növbələrlə satılırdı. Bir çox rus Azərbaycanı onun «Ağdam» şərabı ilə tanıyırdı.

O vaxtlar Rusiyada oxuyanlar, hərbi xidmət keçənlər, elmi dərəcə alanlar, işləyənlər, qonaq gedənlər və s. Ən yüksək dairələrə hədiyyə, rüşvət kimi «Ağdam» şərabı aparırdılar. Ruslar azərbaycanlıların bu hədiyyəsini dünyanın ən bahalı hədiyyəsi kimi qəbul edirdilər. Bir sözlə, mərkəzdə rusdan aşan ən çətin işi «Ağdam» şərabı ilə yoluna qoymaq olurdu.

XX əsrin 70-ci illərində SSRİ rəhbərliyinə M.Qorbaçov adlı ermənilərin dostu, müsəlmanların düşməni olan bir sərsəm gəldi. Və ermənilərin təhriki ilə bu sərsəm ölkədə üzümçülüyün inkişafına sədd çəkən qərarlar verdi. Bununla da Azərbaycanda üzümçülük başlı-başına buraxıldı. Həyət-bacanı M.Qorbaçovun yoxlayacağından ehtiyat edən camaat həyətlərindəki üzümləri belə qırıb məhv etdilər. Azərbaycanda üzümçülük və şərabçılıq ən aşağı həddə düşdü. «Ağdam» şərabının da istehsalı dayandı. Rusun bizə olan hörməti də bununla sona yetdi. Və… Qarabağ da beləcə əlimizdən çıxdı.

Allaha çox-çox şükürlər olsun ki, bu gün müstəqillik – əkdiyimizi, biçdiyimizi özümüz müəyyənləşdiririk. Üzümçülüyün neftdən də gəlirli sahə olduğunu bilib, artıq üzüm sahələrini genişləndirir və müxtəlif adda şərablar istehsal edirik. Amma çox təəssüf ki, hələ «Ağdam» şərabı istehsal etmirik.

Mən Azərbaycan şərabçılarına tövsiyə edərdim ki, «Ağdam» şərabının yenidən istehsalına başlasınlar. Bu itirilmiş torpaqlarımızın geri qaytarılmasının qarantıdır. Sovet dönəmində olduğu kimi bu gün də Moskvadan aşan işimizi elə «Ağdam» şərabı ilə yoluna qoya bilərik.
Mənə elə gəlir ki, BMT-nin, ATƏT-in 20 ildə çözə bilmədiyi ərazi bütövlüyümüzü, «Ağdam» şərabıyla həll edə bilərik. Özü də çox tez bir vaxtda. Sadəcə «Ağdam»ın istehsalını tezləşdirib Rusiyanın ticarət obyektlərinə göndərməliyik. Sonrası yağ kimi gedəcək. Sizi inandırım ki, az müddətdə bütün rus xalqını öz tərəfimizə çəkə biləcəyik. Hər gün «Ağdam» içib beyni dumanlanan rusların məhəbbəti bizə olacaq, ermənilərə yox. Bununla da Qarabağ məsələsi də bizim xeyrimizə həllini tapacaq. Daha 11 ildən bir baş tutan ATƏT-in nəticəsiz sammitlərini gözləmərik. Nə də Azərbaycan torpaqları ATƏT həmsədrlərinin tapdağına çevrilməz. İkitərəfli qazanarıq: həm itirilmiş torpaqlarımızı, həm də pulumuzu.

Haydı Azərbaycan xalqı! «Ağdam» şərabının istehsalına doğru irəli! Yeganə qurtuluş yolumuz budur.

“Xural” qezeti
il: 9, sayı: 047(407), 19-25 dekabr 2010-cu il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button