Qarabağla bağlı danışıqlar bərpa edilib, amma söhbət nədən gedir?

Yanvarın 16-da Parisdə ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında danışıqlar keçirilib. Danışıqlar üç saat davam edib. Bu, Ermənistanda N.Paşinyan hökumətinin hakimiyyətə gəlməsindən sonra dördüncü belə görüşdür. Görüşün yekunlarına görə hər iki tərəf görüşün faydalı və konstruktiv olduğunu; ən yüksək səviyyədə danışıqlar prosesini davam etdirmək niyyətində olduqlarını; öz xalqlarını sülhə və iqtisadi əməkdaşlığa hazırlamaq niyyətində olduqlarını bəyan ediblər.

Göründüyü kimi, Paşinyanın

– danışıqlar aparmaq naminə sonsuza qədər danışıqlar aparmayacağı;

– Qarabağ ermənilərinin danışıqlar prosesinin bir hissəsi olmalı olduğu;

– “Kimsə erməni xalqının növbəti soyqırımının baş verməsinə imkan vermək istəmirsə, Dağlıq Qarabağın Azərbaycanın tərkibində ola bilməyəcəyi”[1] haqqında radikal bəyanatlarına və tələblərinə baxmayaraq, danışıqlar prosesi davam edəcək.

Bəs münaqişə tərəfləri nə barədə razılıq əldə edəcəklər? Danışıqlar masasında hansı nizamlanma planı var?

“Madrid prinsipləri” (2007) – Dağlıq Qarabağın statusu məsələsinin həlli təxirə salınmaqla, Minsk Qrupuna daxil olmayan ölkələrdən beynəlxalq sülhməramlı qüvvələrin cəlb edilməsi ilə mərhələli nizamlanma planı işə yaramadı. Ermənistan bu planı qəbul etmədi, Azərbaycan isə ona şübhə ilə yanaşdı. ATƏT-in Minsk Qrupunun tərəfləri barışdırmaq üzrə növbət cəhdi uğursuzluğa düçar oldu.

Və bu zaman Moskvadan Qarabağ məsələsinin yalnız Moskvada həll edilə biləcəyi və həll ediləcəyi haqqında yeni fikir səsləndi.

Rusiyanın planına (və ya Lavrovun planına) əsasən, ermənilər Dağlıq Qarabağ ətrafında işğal edilmiş bir neçə Azərbaycan rayonunu azad etməlidir, Qarabağ ermənilərinin artıq Azərbaycan ordusunun gələcək hücumlarından qorxmaması üçün isə yeni təmas xəttinə Rusiyanın sülhməramlı qoşunları yerləşdiriləcək.

Regionda ermənilər və azərbaycanlılar arasında məhz rus qoşunlarının yerləşdirilməsi onların planının məğzi və Moskvanı maraqlandıran əsas məsələdir! Moskva bu manevrlə Ermənistanı və Azərbaycanı uzun müddətlik özünə bağlaya bilər. Nə Ermənistan, nə də Azərbaycan Rusiyanın nüfuzu altından çıxa, Dağlıq Qarabağı da alaraq Avropaya gedə bilməyəcək.

Gürcüstanda artıq belə sadə plan tətbiq edilib, Abxaziya və Cənubi Osetiya ilə sərhəddə rus sülhməramlıları yerləşdirilib. Və həmin vaxtdan etibarən Gürcüstan üçün bu ərazilər itirilmiş oldu.

Beləliklə, Azərbaycan və Ermənistanın yeni hökuməti arasında danışıqlarda müzakirə olunan plan belədir. Planın qalan təfsilatı prinsipial deyil.

Münaqişə tərəflərinin, şübhəsiz ki, bu plana ciddi düzəlişləri var. Əminliklə ehtimal etmək olar ki, Ermənistan işğal edilmiş bir neçə Azərbaycan rayonunun azad edilməsi müqabilində Qarabağın müstəqilliyini əldə etmək istəyir; Azərbaycan isə rus deyil, beynəlxalq sülhməramlı qüvvələr tələb edə bilər.

Amma ən dəhşətlisi, hazırki Azərbaycan hökuməti Moskvanın bu və ya digər formada Azərbaycanın Dağlıq Qarabağ üzərində öz suverenliyini bərqərar etməsinə imkan verəcəyinə və hazırki hakimiyyət üçün ən az bunun qədər əhəmiyyətli olan məsələyə – Moskvanın hazırki rejimin əbədi hakimiyyətdə qalmasının zamini olacağına ümid edərək, rus ordusunun öz ərazisinə daxil olmasına (daha dəqiq desək, qaytarılmasına[2]) razılıq verərsə, baş verəcək.

Böyük ehtimalla demək olar ki, belə olan halda:

a) Azərbaycan Dağlıq Qarabağı, həmişəlik olmasa da, uzun müddətlik itirəcək;

b) Gürcüstanda Abxaziya və Cənubi Osetiya ilə bağlı olduğu kimi, Azərbaycanın suverenliyi – xarici, daxili və iqtisadi siyasəti daim Dağlıq Qarabağı birdəfəlik itirmək təhdidi ilə şantaj ediləcək.


[1] Paşinyanın BMT Baş Assambleyasının 73-cü sessiyasındakı çıxışından

[2] Rusiya qoşunları Azərbaycandan 1993-cü ildə Elçibəy hökuməti dövründə çıxarılıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button