Qarazəncirlilər Prezident İlham Əliyevə müraciət etdilər

Kənd camaatı dilə gəldi: “Bizim nə keçmişdə qalan Fərhad Əliyevimiz, nə bugünkü Kərəm Həsənovumuz yoxdur”…

Hörmətli Prezident!

Sizin hər bir ölkə vətəndaşına qarşı nümayiş etdirdiyiniz diqqət və qayğı nəinki tərifə, hətta hər cür gurultulu alqışa layiqdir. Xüsusən, korrupsiyaya qarşı mübarizə ilə bağlı səyləriniz hər birimizdə Sizə qarşı hiss etdiyimiz rəğbəti daha da artırır. Bizim Sizin fəaliyyətinizdən narazı qalmağa heç bir əsas və səbəbimiz yoxdur. Təəssüf ki, hansısa gözə görünməz qüvvə, bir çox hallarda isə dövlətin idarə edilməsində iştirak edən bəzi üzdəniraq məmurlar ölkəmizin inkişafını əngəlləməyə uyğun gələn (bilərəkdən, bilməyərəkdən etdikləri özlərinə də məlum deyil) hərəkətlərə yol verirlər ki, bu da vətəndaş-məmur münasibətlərindəki etimad və inamı aradan qaldırır. Biz dövlətimizə xidmət göstərməyə borclu olan məmuru daha hizmətkar və vicdanlı görmək istəyirik. Biz ölkəmizin analoqu olmayan inkişaf tempindən vəcdə gələrək, hər bir ölkə vətəndaşına daha firavan və problemsiz həyat arzusundayıq. Biz dövlət məmurlarımızın bizdən on qat, yüz qat yaxşı və komfortlu yaşamasına da etiraz etmirik. Çünki onlar da bizim bacı-qardaşlarımızdır. Amma yetər ki, onlar da davranış və dünyagörüşlərində səmimi və ədalətli olsunlar. Amma həmişə belə olmur.

Artıq neçə vaxtdır ki, Sizin ölkəmizin qazlaşdırılması ilə bağlı göstəriş və sərəncamlarınızın icrasına başlanılıb və ölkəmizin ən ucqar nöqtələrində belə işlər aparılır. Başa düşürük ki, gec ya tez bizim ərazi də qazlaşdırılacaq. Sadəcə onu başa düşmürük ki, niyə Astara-Bakı magistral yolunun üstündə yerləşən Qarazəncir və Ocaqlı kəndlərində bu işin aparılması ləngidilir? Əslində, qonşu Günəşli, Alar kəndlərində aparılan tikinti-quraşdırma işlərindən sonra növbə payı Qarazəncir İnzibati Ərazi Vahidinə daxil olan kəndlərə düşürdü. Təəssüf ki, yuxarıda qeyd etdiyimiz səbəblər ucbatından işin gedişi Təzəkənd və Üçtəpə kəndləri istiqamətində dəyişdirildi. Səbəb isə çox sadədir: Qarazəncir İnzibati Ərazisində 3 (üç) qazdoldurma məntəqəsi fəaliyyət göstərir və həmin məntəqələrin sahibləri hansısa dövlət məmuru ilə əlaqəyə girərək bu işlərin növbəyə və məntiqə uyğun aparılmasını əngəlləyirlər. Qəbul edirik ki, bu insan xislətidir. Lakin bizə elə gəlir ki, böyük bir əraznin insanlarından istifadə etməklə (nədi-nədi kimsə pul qazanacaq) çox müqəddəs bir işi əngəlləmək – Allahsızlıqdır. Üstəlik, nəzərə alsaq ki, Ocaqlı və Qarazəncir kəndləri Sovet dönəmində ən çox tərəvəz məhsulları istehsal edən ərazilər olub, bu ikiqat Allahsızlıqdır. Sirr deyil ki, bu ərazidə yetişdirilən tərəvəz məhsulları nəinki respublikamızda, hətta Rusiyanın, Ukraynanın, Belarusiyanin ən ucqar nöqtələrində tanınıb və keyfiyyətinə görə yüksək qiymətləndirilib. Bir sözlə, Qarazəncir və Ocaqlı kəndlərinin qazlaşdırılması çoxsaylı fərdi təsərrüfatların yaranması və inkişafı deməkdir.

Çox hörmətli Prezident!

Qarazəncir İnzibati Ərazisinin qazlaşdırılması bu ərazidə yaşayan insanların təkcə qızınmasına deyil, eyni zamanda maddi durumunun yüksəlməsinə xidmət göstərəcək başlıca amillərdəndir. Bu üzdən, 3 (üç) məntəqə sahibinin, eləcə də hansısa dövlət məmurunun cibinə xatir öz zəhmətsevərliyi ilə seçilən insanları ac və ocaqzız saxlamaq meylləri təcili aradan qaldırılmalıdır. Həm də öz ciblərini deyil, ərazidə yaşayan əhalinin ödəniş imkanlarını bəhanə gətirərək əngəlləyənlər başa salınmalıdırlar ki, nə Günəşli, nə Alar, nə Təzəkənd, nə Üçtəpə kəndlərində elektrik puluna görə ödənişin səviyyəsi bizdəkindən yaxşı deyil. Hətta olsa belə dövlət və onun məmuru çalışmalıdır ki, hər bir ölkə vətəndaşının imkanları yüksəldilsin.

Bu günkü Cəlilabad Sizin diqqət və qayğınız sayəsində durmadan inkişaf edir. Çəkilən yollar, tikilən məktəblər, açılan yeni iş yerləri sabaha ümidimizi daha da artırır. Biz Sizin sayənizdə ölkəmizin parlaq və işıqlı gələcəyinə inanırıq. Eyni zamanda hesab edirik ki, artıq ənənəvi xarakter almış Cənub bölgəsinə səfərləriniz fonunda, ərazisindən keçdiyiniz Qarazəncir kəndi daha abad, daha işıqlı görünməlidir.

Çox hörmətli Prezident!

Müraciətimizi birbaşa Sizə ünvanlamaqda məqsədimiz heç də o deyil ki, yerli aidiyyatı qurumlar səsimizi eşitmir. Sadəcə, “12 imama yalvarmaqdansa, tək olan Allaha yalvarmaq” məntiqinə və Sizə olan sevgi və məhəbbətimizə güvənərək belə bir addım atırıq. Çünki düzünə qalanda nə İcra hakimiyyəti başçısından, nə hüquq-mühafizə və məhkəmə orqanlarının rəhbərlərindən heç bir narazılığımız yoxdur. Əksinə çox razıyıq.

Beləliklə, Sizdən ən yüksək səviyyədə kömək və yardım gözləyir, Sizi sevən bütün Qarazəncirlilər, Ocaqlılar adından öz minnətdarlığımızı bildiririk. Onu da qeyd edirik ki, bizim kəndlərin Günəşli və Alar kəndlərindəki kimi imkanlı səxsləri olmasa da, sırf zəhmətə bağlı və meylli insanları daha çoxdur.

Bizim nə keçmişdə qalan Fərhad Əliyevimiz, nə bugünkü Kərəm Həsənovumuz da olmayıb ki, onların sayəsində ərazimizi müəyyən qayğılardan azad hiss edək. Bizim həmişə güvəndiyimiz Allahımız, bir də Ulu Öndərimiz olub ki, bu gün Siz Prezidentimiz Allahımız göstərən, Ulu Öndərimiz bəyənən yolla bizləri daha işıqlı gələcəyə aparırsınız. Bu mənada, ümidlərimiz Siz cənab Prezidentədir. Əgər gələn ilə Qarazəncir İnzibati Ərazi Vahidində yaşayan əhalini cibi, Bakı bazarlarını keyfiyyətli tərəvəz məhsulları ilə dolu görmək istəyirsinizsə, bizə təcili qaz verilməsinə yardım göstərin. Bu, Allaha da xoş gedər.

Allah köməyiniz və dayağınız olsun, cənab Prezident!

Dərin hörmət və ehtiramla, Qarazəncir və Ocaqlı kəndlərində yaşayan seçicilər adından Cəlilabad rayonundakı Qarazəncir bələdiyyəsinin üzvü:

Əhmədov Hüsaməddin Sərxan oğlu

Hüsaməddin Əhmədov

Redaksiyadan:

Prezident İlham Əliyevə ünvanlanan bu məktubun bir surəti ARDNŞ prezidenti Rövnəq Abdullayevə, bir surəti isə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya ünvanlanıb. Ona görə də məktubu ictimailəşdirməyə qərar verdik.

 

Xural” qəzeti,

İl: 9, sayı: 027 (435), 17 – 23 iyul  2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button