Qardaşı: Ələsgər Məmmədlinin normal müayinəsinə, qan analizi götürülməsinə icazə verilmədi

Yayımlandı: 23 İyun 2024 14:46

“Onun həyatına qəsd etməkdən kim, nə qazanacaq?”

“Toplum TV” internet televiziyası və eyni adlı portalın təsisçisi, 4 aya yaxındır həbsdə olan media hüququ üzrə ekspert Ələsgər Məmmədli boğazındakı şişin müayinəsi üçün qısa müddətlik klinikaya aparılıb. Lakin onun ailə üzvləri bu zaman ona qarşı davranışlardan narazı qalıb. Yaxınları deyir ki, Ələsgər Məmmədlinin normal müayinəsinə, qan analizlərinin götürülməsinə imkan verilməyib.

Ələsgər Məmmədlinin boğazında – qalxanabənzər vəzdə olan şişin biopsiyası (nümunə götürülməsi) üçün ötən 4 ay ərzində ailəsi və vəkilləri dəfələrlə müxtəlif qurumlara müraciət edib. İyunun 15-də Xətai Rayon Məhkəməsində bu barədə ərizə təmin olunub, onun özü və ya ailəsinin seçdiyi klinikada, istədiyi həkim tərəfindən müayinəsinə imkan verilməsi barədə qərar qəbul edilib.

Qardaşı Nəsimi Məmmədli deyir ki, müayinənin “West Hospital”da keçirilməsinə qərar veriblər. Bu klinikanı seçmələrini də belə izah edir:

“Bacımın qalxanabənzər vəzinin uğurlu əməliyyatı burada olmuşdu. Müalicə həkimi də bu klinikanın tanınmış doktorudur. Mən də qalxanabənzər vəzimin əməliyyatından sonra həm qan analizlərimi, həm də həkim müayinəsini bu klinikada edirəm”.

Nəsimi Məmmədlinin sözlərinə görə, vəkil Fəxrəddin Mehdiyev iyunun 21-də klinikada müayinə qərarının icrası ilə əlaqədar həm Ələsgər Məmmədlinin özü, həm də saxlandığı Bakı İstintaq Təcridxanasının rəhbərliyi ilə görüşüb. Digər vəkil Aqil Layic da bu məsələni Penitensiar Xidmətlə müzakirə edib. Vəkillərə bildirilib ki, köçürülmə vaxtı müəyyənləşəndə  bu barədə məlumat veriləcək. Çünki seçdikləri həkimlər də işini ona uyğunlaşdırmalıydılar.
Lakin iyunun 22-də vəkillərinə və ailə üzvlərinə xəbər vermədən Ələsgər Məmmədlini klinikaya gətirib, az sonra geri qaytarıblar.

Görüş zamanı Ələsgər Məmmədli baş verənləri qardaşına danışıb. Nəsimi Məmmədli deyir ki, qardaşının boğazında – şişdən nümunə götürülmüş hissədə sarğı vardı, üstəlik, qolunda da sıyrılmış açıq yaralar diqqətini çəkib:

“Onu səhər təcili 2-3 nəfərlik konvoy nəzarəti altında “West Hospital”a gətiriblər. Hrç kimə demədən, gizli şəkildə. Klinikanın arxa qapısından içəri daxil olanda orada təxminən 30 nəfərlik mülki və polis geyimində  təhlükəsizlik orqanlarının əməkdaşları olub. Onların əhatəsində, qolları qandallı şəkildə onu 4-cü mərtəbədə yerləşən əməliyyat otağına çıxarıblar. Liftin girişində və çıxışında 10-15 nəfərlik xüsusi mühafizə yerləşdirilib. Qardaşım biopsiya olunacaq kiçik palataya qolu qandallı daxil olub. Məhkəmə qərarında adları qeyd edilən Azər və Aydın həkimin iştirakını tələb edib, amma təhlükəsizlik orqanının mülki geyimli əməkdaşları buna razılıq verməyib. Bu həkimlər həmin vaxt başqa klinikada olublar,  onları çağırmağa icazə verilməyib. Deyiblər ki, cəmi 20-25 dəqiqə vaxt var. Biopsiyanı başqa həkim edib”.

Nəsimi Məmmədli vurğulayıb ki, həkimə normal  müayinə aparmasına imkan verilməyib. Onun sözlərinə görə, həkimin sərbəst iynə biopsiyası etməsi üçün çox məhdud şərait yaradılıb. 12 nəfər mülki geyimli  otaqda Ələsgər Məmmədlinin başının üstündə dayanıb:

Qapının arxasında da təxminən bu qədər polis geyimində olan şəxs dayanıb. Hətta Ələsgər bəyin əynindəki köynəyin çıxarılmasına,  qollarındakı qandalın açılmasına həkimin israrından sonra açmağa icazə veriblər.
Həkimlər biopsiya ilə yanaşı, analizlər də məsləhət görmüşdülər. Lakin təhlükəsizlik əməkdaşları analizlərə də imkan verməyiblər”.

Nəsimi Məmmədli əlavə edib ki, biopsiya əməliyyatını həkim çox məhdud şəraitdə icra edib. Həkimlərin xahişinə baxmayaraq, təhlükəsizlik orqanının əməkdaşları bir addım da geri çəkilməyiblər. Həkim işini tamamilə əhatəyə alınmış halda icra edib.

Ələsgər Məmmədlinin qollarındakı sıyırıqlara gəlincə, o, qardaşına deyib ki, biopsiyadan çıxıb maşına mindirilərkən ani başgicəllənməsinə görə müvazinətini itirib. Qolları qandallı olduğuna görə heç yerdən tuta bilməyib və maşının qapısındakı hansısa çıxıntıya sürtülüb.

“Biz bu vəsatəti ona görə vermişdik ki, Ələsgər bəyin sağlığına yaranmış real təhlükəni ortadan qaldıraq. Amma belə anladıq ki, buna nail olmağa imkan vermək istəməyənlər var.  Ələsgər bəy özü də anlamağa çətinlik çəkir ki, niyə belə bir pis rəftara məruz qalıb. Onun həyatına qəsd etməkdən kim, nə qazanacaq?”, – Nəsimi Məmmədli belə deyir.

Martın 6-da “Toplum” internet televiziyasının ofisində polisin axtarışı olub və qapısı möhürlənib. Media orqanıyla bağlı cinayət işi üzrə ümumilikdə 9 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onlardan 7 nəfər haqqında həbs qətimkan tədbiri seçilib, ikisinin isə istintaq dövründə azadlıqda qalmasına qərar verilib.

Həbs olunanlar arasında “Toplum TV”nin təsisçisi, media hüququ üzrə ekspert Ələsgər Məmmədli, video-redaktor Müşfiq Cabbar, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov, III Respublika Platformasının Qurucu Heyət üzvü Ruslan İzzətli və digərləri var.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb. İddia olunur ki, axtarış zamanı ofisdən və təqsirləndirilən şəxslərin evlərindən külli miqdarda xarici valyuta tapılıb. Lakin təqsirləndirilən şəxslər bu ittihamın saxta olduğunu, pulların da axtarış aparılan məkanlara polislərin özləri tərəfindən qoyulduğunu, daha sonra götürüldüyünü bildirirlər. Onlar hesab edir ki, siyasi sifarişlə həbs olunublar, məqsəd də ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button