Qardaşı Məhəmməd Hatəmidən yazdı: “”Qızıl Qoç” necə “Çənlibel” oldu?”

Bu gün Məhəmməd Hatəmi Tantəkinin anım günüdür. Məhəmməd Hatəmi 2 il bunda əvvəl 80 yaşında bizi tərk etmişdi. Onun anım günündə qardaşı, Tomrid Hatəmi onunla bağlı geniş bir yazı təqdim etdi redaksiyamıza. Əslində, bu yazının da maraqlı bir tarixi var. Bir müddət əvvəl Tomrid Hatəmi ilə “Azadlıq Salnaməsi”ndə maraqlı bir müsahibə etmişdik. O müsahibədən sonra bəzi reaksiyalar oldu və bu yazının yazılmasına da elə o müsahibə səbəb oldu. Bu, həm də Tomrid bəyin cavabıdır. O, Hatəmini gənc nəslin daha yaxından tanıması üçün dəyərli bir məqalə işləyib və bu məqalədə çox maraqlı faktlar var. Qoy gənclərimiz tariximizi daha yaxından bilsinlər və Hatəmi kimi millət fədailərini tanısınlar. İnanıram ki, Tomrid Hatəmi mövzunu tam bitirməyib və güman edirəm ki, II yazını da yazın redaksiyamıza təqdim edəcək.

Hələliksə, Məhəmməd Hatəmi haqqında yazılan bu yazı, həm də yaxın tariximiz haqqında yazılıb və onu strateq.az saytı olaraq gənc nəslin və Oxucuların ixtiyarına vermək gerçəkdən qürurvericidir.

Əvəz Zeynallı

Məhəmməd Hatəmi Tantəkin kimdir?

Məhəmməd Hatəmi Tantəkinin həyat və fəaliyyəti ilə yaxından tanış olmaq məqsədi ilə hörmətli Əvəz bəy Zeynallı ilə “Azadlıq salnaməsi” layihəsində bir müsahibə etdik. İctimaiyyət arasında Hatəmi daha çox 1988-ci ildən başlamış hadisələrlə bağlı tanınmışdır. Lakin bu zamana qədər o, keşməkeşli siyasi həyat yolu keçmiş, tarixi təcrübə qazanmışdı. Müsahibə ilə yaxından-uzaqdan maraqlanan Oxucular fikir və münasibətlərini bildirərkən, onun haqqında nisbətən geniş məlumata ehtiyac olduğunu hiss edib bu yazını qələmə aldım. Hatəmi şəxsiyyətini imkan daxilində ətraflı təsvir edə bilmək üçün öncə onun içərisində yaşayıb boya-başa çatdığı şəraitə, dünyagörüşünün formalaşdığı mühitə diqqət yetirmək gərəkdir.

Məhəmməd Hatəmi 22 iyul 1935-ci ildə Astara şəhərinin güney hissəsində dünyaya gəlmişdir. Hər iki qoldan soyumuz Muğan kökənli, Şahsevən türk ellərindəndir. Əslində, “Elsevənlər” adlanan bu tayfalar səfəvilər, əfşarlar, qacarlarla birlikdə türk dövlətlərinin qurulmasında çiyin-çiyinə döyüşmüş, qızılbaş orduları tərkibində səfəvi sülaləsinə arxa durduqları üçün sonralar Şahsevən tayfaları adlanmışlar. Əsas yaşayış məskənləri Xəzərin qərb sahilindən tutmuş Savalan dağına, Ərdəbilə qədər uzanan qədim Muğan torpaqları olmuşdur.

Şahsevən tayfaları vətənin, elin müstəqilliyini, azadlığını müqəddəs tutmuşlar, bu amal uğrunda hər zaman “Fədai” olmuş, mallarını da, canlarını da fəda etmişlər.

Muğana həsr edilmiş, dinlədikcə ruhu ağrıdıb-acıdan yanıqlı bir xalq mahnısı vardır.

 

 Gedin deyin Xan Çobana

 Gəlməsin bu il Muğana

 Muğan batıb qızıl qana

 Apardı sellər Saranı

 Bir ala gözlü balanı.

 

İlk misralarından nəğmənin tarixi faciədən xəbər verdiyi  ğörsənir. Əgər torpaq qana batıbsa, ala gözlü balanı sellər, yəni elləri, obaları aparıbsa, demək ki, Muğan düşmən hücumuna məruz qalıb, rəmzi obraz hakim, hökmdar Xan Çobanı xəbərdar edib kömək üçün haray çəkir. Vətəni onun övladlarının qanına batıran rus, yunan, ərəb və başqalarıdır. Babəkin, Şah İsmayılın, Nadir şahın, Cavad xanın hər birisi isə Xan Çobandır.

Azərbaycanın döyünən ürəyi Muğan olub

Türk dünyasının tənəzzülə uğramasının, zəifləməsinin səbəblərindən biri də Səfəvi-Osmanlı müharibələri olmuşdur. Nadir şah bu bəladan xilas olmaq üçün məhz Muğanda türk törəsinin tələbi ilə bütün xan və bəyləri bir yerə toplayıb Qurultay çağırıb, dünyaya sahiblik edən iki türk dövləti arasındakı düşmənçıliyə səbəb olmuş ziddiyyətləri aradan qaldırmağa çalışıb. Azərbaycanı vahid inzibati bölgə kimi rəsmən bu qurultayda elan etmiş, işğal üçün bu torpaqlara girmiş I Pyotru gəldiyi yerədək qovmuşdu. Düşmənlər xaincəsinə onu öldürdülər.

Atamız Hatəmi Fərzulla Hətəmxan oğlu dədə-baba yurdumuz Ərdəbil mahalının Üçbulaq kəndində dünyaya gəlib. Ərdəbil dini, siyasi mütəfəkkirləri ilə Azərbaycan tarixində önəmli yer tutan, məşhurlaşan ən qədim türk mərkəz yurdlarından, türklüyün qalalarından olmuş, müstəqillik uğrunda daim mübarizə aparmışdır. Babək, Şah İsmayıl kimi türklüyə şan və şöhrət qazandıran dövlət xadimləri bu torpağın övladlarıdır. Qeyd etmək lazımdır ki, son dövrlər heç də xeyirli əlamət olmayan tendensiya əmələ gəlmiş, Babək, Şah İsmayıl kimi tarixi ulularımızı, Koroğlu kimi ədəbi qəhrəmanlarımızı ləkələməyə qalxışmışlar. Şübhəsiz ki, bu yöndə yeni tarix yazmağa çalışanlar sovet dövrü təfəkkürü ilə, sifarişlə hərəkət edir, bu əməlləri ilə düşmən dəyirmanına su töküb güneylə qüzey Azərbaycanı birləşdirən hər cür tarixi telləri qırmağa çalışır, Azərbaycanın yalnız şimal hissədən ibarət olduğunu sübut etmək istəyirlər. Şərq və Avropa dillərinin mükəmməl bilicisi, Təbriz kökənli şərqşünas alim Məhəmməd Azərlu Babəkin adının ərəb mənbələrində Oğuz Babək yazılması faktını üzə çıxarmış, onun xalis türk olmasını sübut etmişdir. O, islam dininə qarşı yox, ərəb xilafətinin yeritdiyi milli siyasətə, hegemonluğa, din pərdəsi altında gizlənmiş müstəmləkəçiliyə qarşı mübarizə aparmışdır. Vətəni, eli kimin istila-işğal-istismar etməsinin, ölkənin, xalqın sərvətinə kimin qənimət deyib daşımasının fərqi varmı, bu gün Azərbaycan xalqının müstəqillik uğrunda düşmənlərlə mücadilə etməsinin səbəbi də bu deyilmi?

Niyə Hatəmi?

Soyadımız Hatəmi babamız Hətəmxanın adından alınmışdır. Ana qoldan Cahangir babamız həmçinin Muğandan Astaraya köç etmiş, burada Muğanlı-Qala adlanan kənddə məskunlaşmışlar. Bu günlərə qədər Muğanın müxtəlif bölğələrində əqrəbalarımız yaşamlarını davam edirlər.

Artıq sirr deyil ki, Azərbaycan tarixşünaslıq elmində Rusiya siyasi maraqları naminə təhrif və saxtakarlıqlar edilmişdir. Sovet dönəmində sapı özümüzdən olan baltalar bu işdə düşməni arxada qoymuşlar. M.Ə.Rəsulzadə çağdaş tarixşünaslığı araşdıraraq bu nəticəyə gəlir ki, sovet alimləri yeni tarixi rus-sovet ideologiyasının tələblərinə, mənafelərinə uyğunlaşdıraraq, şərqə qarşı döyüşənləri qəhrəman, qərbə qarşı döyüşənləri düşmən kimi qələmə vermişlər, sadə misal. Uşaqdan-boyüyə hamının tanıdığı “Axırıncı aşırım” filmindəki xalq uğrunda erməni-ruslarla döyüşən Qəmlo (Qəmbəralı) düşmən, “Yeddi oğul istərəm”də isə komsomol Bəxtiyar Azərbaycanı təmsil edən Gəray bəyə qarşı döyüşdüyü üçün qəhrəman kimi verilmişdir. Hatəmi elmi fəaliyyətində bu hal ilə barışmayıb məhrumiyyətlərlə üzləşməsinə baxmayaraq, sovet elmi konsepsiyasına qarşı çıxmış, hər bir əsərində onu darmadağın etmişdir. Misal üçün, sovet alimi Koroğludan az qala cibində bolşevik partbileti olan kommunist obrazı yaradaraq yalançı XVI əsr tarixi şəxsiyyətinə çevirmişlərsə, Hatəmi kəskin şəkildə onların əleyhinə çıxıb Koroğlunun minillərlə keçmişdən gələn türk etiqadlarından qaynaqlanan, ona soykənmiş epos qəhrəmanı olduğunu sübuta çatdırmış, sovet nəzəriyyələrini alt-üst etmişdir.

“Azərbaycan tarixinin, mədəniyyətinin saxtalaşdırılmasına qarşı yazdığım məqalə və kitablarıma, etdiyim məruzə və çıxışlarıma görə Akademiyanın 1975-ci il 18 noyabr tarixli partiya konfransında tarixçi türkmən alim Ramazan Qurbanov, tarix elmləri doktoru Zelik Yanpovski ilə birlikdə mənə “Azərbaycan tarixşünaslığında tərtib olunmuş qaydaların əleyhinə çıxan təftişçi” adı qoydular. (Acı xatirələr. 2006)

Bütün şüurlu həyatını milli dövlətçiliyə – Azərbaycana, türk dünyasına təmənnasız həsr etmiş bir insan haqqında onun əməyini görməzdən gəlib bəd danışan, gözdən salmaq istəyənlər, heç şübhəsiz bu gün də rus imperiya kölə təfəkküründən yaxa qurtara bilməyib, ona xidmət göstərmək istəyənlərdir.

Rus hakimiyət orqanlarının vətənpərvər insanları xalqın gözündə nüfuzdan salmaq, onlara qarşı nifrət yaratmaq üçün vurduğu damğalar:

çar Rusiyası dövründə – “qaçaq”, “quldur”, “oğru”;

sovet dövründə “əks inqilabçı”, “imperializmə işləyən cəsuslar”, “qolçomaq”, “panislamist”, “pantürkist”, “millətçi”, “buryua ideoloqu”;

yenidənqurma dövründə “dissident”, “ekstremistlər”, “provokator”, “avantüristlər”, “populistlər”, “radikallar”, “narkomanlar”

deyərək, insan ləyaqətini, şəxsiyyətini alçaldan adlarla damğalamışlar. Azərbaycanın vətənpərvər, mübariz oğul və qızlarına bu adlarla əzab-əziyyət vermiş, qətl etmişlər.

Çar Rusiyası Azərbaycanı istila etdikdən sonra parçalayıb bir-birindən ayrı saldığı xalq arasında  yadlaşdırma siyasəti aparmışdır. Bu işdə milli satqınlar, imperiya nökərləri çox canfəşanlıqlar göstərib ağalarının gözlərinə girib faydalanmağa əlləşiblər. Nəticədə güney azərbaycanlılar olduqları kimi – “türk”, quzeydəkilər “azərbaycanlı” adlanırlar.

1947-ci ildə çəkilmiş “Fətəli xan” filmində xanın dilindən belə bir monoloq səslənir. “Bakı ölkənin döyünən ürəyi, Quba təfəkkür mərkəzi olmasa, əgər Şirvan torpaqları gülüstana çevrilməsə düşmənlər bizi məhv edəcək.” Düşmən deyərkən sədr-əzəmin təmsil etdiyi İran türk sülalələri, dövlətləri nəzərdə tutulmuşdur.

Yalnız Hatəmi ögey, yadelli kimi ortada tək qalmışdı

Elə quzey Azərbaycanda Gəncə, Şamaxı, Bərdə, Qəbələ, Naxçıvan kimi şəhərlər durduğu halda, təfəkkür mərkəzinin Qubaya aid edilməsi və diqqət yetirsək ki, filmdə Fətəli xan məhz Rusiya ilə müqavilə bağlayıb doğma dövləti ilə savaş aparırdısa, onda monoloqun mövcud hakimiyyətə, onun ideologiyasına xidmət etməsinin sübuta ehtiyac qalmır. Tamaşaçıya aşılanan fikir nəinki güneylə quzeyi ayırıb yadlaşdırır, onları hətta bir-birinə düşmən elan edir. Sovet siyasətinin Azərbaycan xalqını deformasiyaya uğradaraq ayrı etnosa çevirmək, reqionçuluq əhvali-ruhiyyəsi yaratmaq məqsədi güddüyü, şüurlarda manqurdlaşma aparıldığı çılpaq görünür. Sovet dövründə Yadlaşdırma siyasəti daha dəhşətli forma alaraq qarşıya qoyduğu məqsədə xeyli nail olmuşdur. İndi güney azərbaycanlılara yad anlamı daşıyan “iranlı” gözü ilə baxılır.

Hatəmi ilə birlikdə Lefortovo həbsxanasına 6 nəfər aparılmışdı. Elmlər Akademiyası dayanacağındakı köşkdən qəzet almaq istərkən, satıcı mənə bir siyahı göstərib imzalamağımı istədi. Oxuyarkən xalq adından 20 yanvar hadisələri ilə bağlı həbs edilib Moskvaya KQB-nin Lefortovo həbsxanasına aparılmış soydaşlarımızın azadlığa buraxılmasını tələb edən ərizə olduğunu görüb soruşdum ki, orada Hatəmi adında bir azərbaycanlı da həbsdədir, onun azadlığa buraxılması tələb olunmur? Satıcı duruxdu, “mənə belə siyahı veriblər” – dedi. Əlbəttə ki, səbəb aydın idi. Məhkəmə zamanı hər bir məhbusa ictimai müdafiəçi verildiyi halda, yalnız Hatəmi ögey, yadelli kimi ortada tək qalmışdı.

XX yüzillik İran tarixındə demokratik dəyişikliklər uğrunda inqilab, mübarizələr dövrü olmuşdur. Səttarxanın başçılığı ilə 1905-11-ci illərdə Məşrutə inqilabı baş vermiş, bundan ruhlanaraq İran Sosial-Demokrat partiyası, İran Ədalət Partiyası, İran Kommunist Partiyası yaranmışlar. Sağ və sol yönümlü olmalarına baxmayaraq, bütün partiyalar İranın torpaq bütövlüyünə xələl gətirmədən mütləqiyyətə və xarici imperializmə qarşı çıxmışlar. Digər xüsusiyyət ondan ibarətdir ki, sol partiyalar Avropa ideyaları ilə silahlanmışdısa, sağ partiyalar şərqin, İranın, bütöv Azərbaycanın öz içindən, öz ruhundan doğan milli nəzəriyyələr özülündə yaranmışlar. Onların təməlini Şeyx Cəmaləddin Əfqani qoymuşdur. O, 1838-cı ildə Həmədan vilayətinin Əsədabad kəndində anadan olmuş, əsl adı Seyid Məhəmməd ibn Səfdər, İran nəşriyyatlarında daha çox Seyid Cəmaləddin Əsədabadi, dünya çapında Şeyx Cəmaləddin Əfqani kimi tanınan məşhur mütəfəkkirdir. Şeyx Cəmaləddin Əfqaniyə görə, tənəzzülə uğramış şərq islam ölkələri elmi inkişaf sayəsində irəli keçmiş, Avropa imperializminin əsarəti altına düşmüş, milli sərvətlər talan edilmiş, xalq qul halına salınmışdır. Qurtuluş mübarizə aparıb Avropa imperializmindən və onun əlaltısına çevrilmiş mütləqiyyətdən xilas olmaqdadır. Bunun üçün ilkin islama qayıtmaq, inkişaf etmiş müasir Avropa elminə yiyələnmək, hər kəsin düzgün dərk edə bilməsi üçün Quranı ana dilində oxumaq gərəkdir. Əfqaninin verdiyi bu formula bütün şərq ölkələrinə yayılıb, intibahına səbəb olmuşdur. Hindistanın böyük oğlu Mahatma Qandi onun fikirlərindən bəhrələnmiş, islam cihadının mahiyyətini dərk etmiş, öyrənib mənimsəmiş və ingilis imperializminə qarşı azadlıq mübarizəsində qan tökmədən uğurla tətbiq etmişdir. Azərbaycan Xalq Cumhuriyyətinin baniləri, dövrün parlaq milli aydınlarının yaratdıqları nəzəriyyələr də – islamiyyət, müasirlik, türkçülük – formulu üzrə qurulmuş, üçrəngli müqəddəs bayrağımıza həkk olmuşdur.

Professor ŞAMİL QURBANOV “Cəmaləddin Əfqani və türk dünyası”, Bakı-1997 Azərbaycan Dövlət Nəşriyyatı

 

 Biz öz milli mədəniyyətimizin, elmi-fəlsəfi və siyasi fikrimizin qanuni varisi və sələfi olan Cəmaləddin Əfqaniyə  indiyə qədər məhəl qoymamışıq. Hətta bəzən adının çəkilməməsi bir yana dursun, siyasi, sosioloyi tələbləri, demokratik fikirləri panislamizm, pantürkizm adı ilə tənqid atəşinə tutulmuşdur.

Panislamizm adlandırılan demokratik cərəyanın banisi hesab olunan bu böyük Şərq mütəfəkkiri…  İranda milli azadlıq hərəkatının ideya rəhbəri, zülmün və istibdadın, Şərqi soyub talayan Avropa müstəmləkəçiliyinin düşməni idi. O, Parisdə Azərbaycan xalqının milli iftixarı Əhməd Ağaoğlu ilə aylarla bir yerdə olmuş, aralarında müəllim-şagird münasibəti yaranmış və ona milliyyət etibarilə Azərbaycan türkü olduğunu bildirmişdir.

Şeyx Cəmaləddin Əfqani 1917-ci ilə qədər Azərbaycan mətbuatı və ədəbiyyatında, ümumiyyətlə ziyalılarımızın  məşhur simalardan biri olmuşdur.

Azərbaycan Demokratik Cumhuriyyəti yıxılandan sonra, Şərqə münasibət dəyişdi, bolşevizm təbliğatında ona düşmən meyl oyandı. Tarixən mütərəqqi rol oynamış panislamizm, pantürkizm bu dövrdə mürtəce siyasi cərəyanlar kimi tənqid obyektinə çevrildi və Azərbaycanın qabaqcıl ziyalıları pantürkist damğasına məruz qaldı. Ölkədən baş götürüb gedənlər söyüldü, vətəndə qalanlar döyüldü, məhv edildi.

Belə bir vaxtda Sovet Azərbaycanında panislamizm, pantürkizmdən söhbət gedə bilməzdi, Şeyx Cəmaləddin Əfqanidən isə heç danışmaq olmazdı və danışılmadı. Buna görə də onun adı və fəaliyyəti bizim biganəlik və sükut buzumuzda donduruldu. Tənqid və ifşa hədəfinə çevrildi.

Şeyx Cəmaləddin Əfqani təpədən-dırnağa qədər türkçü, İslamçı və avropaçı olan bu üç sintezi öz ictimai-siyasi fəaliyyətində birləşdirən Əhməd bəy, Əlibəy, Məmməd Əmin, Mirzəbala və başqalarınin əsas ideya mənbələndən, söykənəcəkləri idi.”

Hatəminin elmi yaradıcılıq, siyasi fəaliyyətini izlədikcə ğörünən bu olur ki, onun sələfləri məhz Ş.C.Əfqani, M.Ə.Rəsulzadə, Ş.M.Xiyabani olmuş, onlardan ilham almışdır. Təbii ki, o, sələflərinə, xüsusilə Əfqaninin həyatına bənzər taleyi yaşamışdır. O, türk-islam xalqlarının rus-sovet imperiyasından azad olmasını istəmiş, bu amal uğrunda insanları səfərbər edəcək ən güclü ideyalar olaraq türklüyü və islamı görmüşdür. Əfqani 8, Hatəmi 10 yaşlarında valideynləri ilə siyasi mühacirət etməyə məruz qalmış, ilkin ibtidai təhsillərini vətəndə almış, mühacirətdə davam etmiş, qismətləri həbsxanalar, Əfqani Avropa imperializminə, Hatəmi rus-sovet imperializminə qarşı olmuşdur. Əfqani məmləkətindən kənar həbsxanada, Hatəmi həmçinin yaşlı vaxtlarında sovet həbsxanalarında aldığı xəsarət və xəstəliklərdən vəfat etmişdir. Əfqaniyə də, Hatəmiyə də sağlığında qiymət verilməmış, dünyalarını dəyişdikdən sonra unutdurulmağa çalışmışlar. Bu da rəqiblərin işlətdiyi üsullardan biridir.

1917-ci ildə Ş.M.Xiyabani İran Demokrat Partiyasını Təbrizdə müstəqil elan edib Azərbaycan Demokrat Firqəsi  adlandırır (1917-1920),  müxtəlif bölgələrdə eyni zamanda Ərdəbil və Astara şəhərlərində ADF-in yerli təşkilatı yaradılır, İran daxilində müstəqil Azərbaycan uğrunda hərəkat başlayır. 1920-ci ildə məqsədə nail olsalar da, yaranmış dövlət bir neçə ay yaşayır, rus-kazak qoşunlarının köməkliyi ilə süquta uğradılır, Ş.M.Xiyabani şəhid edilir. Şah rejimi əhali arasında qırğınlar törədir, minlərlə insanlar öldürülür. İranın Lefortovosu sayılan Qəsri-Qacar və başqa həbsxanalar inqilabçılar, fədailərlə dolur. Lakin xalqın inqilabi rununu öldürmək mümkün deyildi, İran qazan kimi  qaynayır, aşkar, ya gizli mübarizə davam edirdi. Hətəmxan babamız inqilabi hərəkatların fədailərindən olmuş, fəaliyyətinə görə təqiblərə məruz qalmışdır, ölümündən sönra övladlarına mübarizə rəmzi olaraq bir tapança silahı yadigar buraxmışdı. Oğullar atanın yolunu davam edirlər.

Ruhulla və Fərzulla Hatəmi qardaşları erkən yaşlarında valideynlərini, yeganə bacılarını itirirlər. İki qardaş bir müddət Ərdəbildə qaldıqdan sonra dədə yurdundan ayrılıb Astaraya dayılarının yanına gəlir və burada yaşayırlar. Yaşı çatdıqda kiçik qardaş Fərzulla Hatəmi hərbi xidmətə çağırılır, bacarıqlı, qoçaq olduğuna görə hərbi təlim-tərbiyəni yaxşı mənimsəyib, sirrlərinə yiyələnir. Fədailik, inqilab və sonrakı dövrlərdə Astara fədai və nizami qoşunlarına komandanlıq edir.

1941-ci ildə sovet qoşunu İranın şimal ərazilərinə daxil olur. Bu dəfə rus-sovet maraqları tələb etdiyi üçün parçaladıqları və yüz il yadlaşdırmağa çalışdıqları xalqın indi qardaş olması təbliğatı başlayır, halbuki, cəmi bir-neçə il öncə, əksəriyyəti daşnaq-bolşevik olan Azərbaycan höküməti xaricdəki erməniləri Ermənistana köçürmək məqsədilə qardaşları “bura İran deyil, iranlılar Azərbaycandan getməlidir” deyə Stalinin əmri ilə ölkədən  deportasiya etmişdilər.

 

“Şahid.  Hüseynov Mirzə Hüseyn oğlu.  1918-ci ildə atam vəfat edəndən sonra savadsız qadın olan anam üç uşaqla köməksiz qaldı. Odurki, 1918-19-cu illərdə bizi də götürüb Bakıya köçdü. 1937-38 ci illərdə boyük qardaşım Nurəli digər İran təbələri ilə birlikdə İrana sürgün olundu. O, vaxt İran təbələri kütləvi şəkildə sürgün olunduqları üçün o da sürgün olunmuşdu.”

M.C.Bağırovun məhkəməsi. Bakı, Yazıçı, 1993. . səh.54

1945-ci il 12 dekabrda Güney Azərbaycanda S.C.Pişəvərinin rəhbərliyi ilə milli dövlət qurulur. Qələbə münasibəti ilə Ruhulla və Fərzulla Hatəmi şücaətlərinə görə “21 Azər” medalı ilə təltif edilmişlər, Fərzullaya nizami ordunun baş leytenantı rütbəsi verilir.

M.H.Tantəkin 1945-ci ildə güney Astarada 10 yaşında ikən ADF-in gənclər təşkilatına üzv olmuşdur. Köhnə tanışlarla görüşəndə o dövrdən ləzzətlə söhbət edərdi. Ömrünün  xoşbəxt dövrünü yalnız o illəri sayırdı.

1946-cı ildə ailəliklə güya üç günlüyə sovet Azərbaycanına keçmiş, lakin ömürlük siyasi mühacir statusu ilə burada yaşamağa məhkum olmuşlar. Güneylilərin ailəsində dünyaya gələn yeni nəsillər sovet qanunlarına ğörə qeyri-vətəndaş statusuna layiq görülmüş,  yaşamalı olmuşlar. Bu vəziyyətdə yaşamaq nə qədər çətin olsa da, böyük əksəriyyət rus-sovet vətəndaşlığını qəbul etmədi. Problem olaraq daim insanları müşayət etmiş bu məsələ yalnız müstəqillik dövründə həllini tapdı, 1999-cu ildə Azərbaycan vətəndaşlığı haqqında qərar verildi.

Köçgünlüyün səbəbi SSRİ-nin Güney Azərbaycan Demokratik Cümhuriyyətinə qarşı cinayətkarcasına etdiyi xəyanət idi. Sovet höküməti bu xəyanəti eyni senari üzrə Qarabağda təkrarlamışdır.

Sovet siyasətinin iç üzü 2-ci Dünya müharibəsi bitdikdən sonra dünya düzəninin yenidən qurulması zamanı, daha doğrusu ABŞ, İngiltərə və SSRİ-in sövdələşməsi ilə açığa çıxdı. Stalinin əmri ilə nəyin bahasına olur olsun Güney Azərbaycan Demokratik Cumhuriyyətinə son verilməli idi. Bu alçaq xəyanəti  həyata keçirməyi M.C.Bağırova tapşırıldı. Azərbaycan höküməti 1920-ci il bolşevik çevrilişindən sonra Moskvanın əmrlərini yerinə yetirən icraçı orqan olmuşdur. Öncə NKVD agentləri Seyid Cəfər Pişəvərini Təbrizdən oğurlayaraq gizlicə Bakıya gətirirlər. Ardınca Milli Ordunun komandirlərinə qoşunu müvəqqəti geri çəkmək əmri verilir. Sərhəddə isə şurəviyə keçmək əmri alırlar. Bu hadisəni atamız belə nəql etmişdi. “- mərkəzi İran qoşunları ilə Milli Ordumuz arasında döyüşlər gedirdi, Lisar cəbhəsində qoşuna başçılıq edirdim, üstünlük tam tərəfimizdə idi, Tehrana qədər onları qova bilərdik. Bu zaman Təbrizdən cəbhəyə, milli ordu komandirlərinə ağzı bağlı konvertlər gəldi. Əmr belə idi ki, döyüşlərə ara verib sərhədə çəkilməli yalnız orda konvertlərin ağzını açıb məktubu oxumalı və verilən əmri yerinə yetirilməli idik.

İrəliyə getdiyimiz halda, geriyə dönüb sərhədə yanaşmağın xeyirli əlamət olmadığını başa düşsək də, inqilaba xəyanət ediləcəyi kimsənin gümanına gəlmirdi. Biz geriyə çəkildikcə şah mərkəzi qoşunu arada məsafə saxlayaraq toqquşmaya girmədən irəliləyirdi. Qoşun sərhəd Astaraya çatır. Konvertləri açıb oxuyuruq, üç günlüyə şurəviyə keçib sovetin yeni silahlarını mənimsəyib öyrənəcək, sonra yeni silahlarla təchiz olunaraq geri dönüb mübarizəni davam etdirəcək imişik.” Buna 3 gün vaxt verilmişdi. Bu yolla sovet rusiyası qəddar düşmən olub üçüncü dəfə M.Ə.Rəsulzadə, Ş.M.Xiyabani və S.C.Piçəvərinin rəhbərliyi ilə yaradılmış azad, müstəqil Azərbaycan respublikalarını xain, satqın insanların əli ilə məhv edir.

M.C.Bağırov öz məhkəməsində tutduğu işlərə ğörə etdiyi etiraf

 

“Mənim əsas səhvim odur ki, Beriya və onunla bağlı olan və onun düşmən mövqeyini müdafiə edən orqanlarda birgə iş üzrə onunla uzun illər boyu əlaqədə olan Sumbatov, Borşev, Qriqoryan, Markaryan və b. göz yummuşam, onların iç üzünü tanımamışam.

Mən onlara inanaraq XDİK orqanlarını onlara etibar etmişəm. Bu işdəxalqın qarşısında günahlarım o qədər böyükdür ki, məni güllələmək azdır, asmaq azdır, məni şaqqalamaq, parça-parça etmək lazımdır”. 

Yüz minlərlə günahsız Güney Azərbaycan ailələrinə fəlakət, faciələr gətirmiş xəyanət belə baş verdi. 1946-cı ilin dekabr ayında ordu ilə birlikdə ailəmiz sərhədi keçdi. Ordunun ölkədən çıxdığını görən xalq panikaya düşüb onun ardınca üç gün boyunca açıq saxlanan sərhədi adlayıb vətəni tərk etməli oldu. Sovet höküməti bu oyunu eyni ilə Qarabağa tətbiq etmişdir. Hatəmi bunların hamısını görmüşdü, bilirdi, bu səbəblə Güney Azərbaycanın başına gətirilən faciənin Qarabağda təkrar edilməsinə yol verməmək üşün özünü irəli atmışdı.

İranda şah ordusunu ingilis və amerikan silahları ilə təchiz edirlər, Ermənistanda SSRİ-dən qalma sovet ordusunun silahlarını pay bölgüsü edib ermənilərə verir, təlim də keçirlər, Azərbaycanın payına düşən silahları isə vermirlər, erməni qarşısında zəif salırlar. Güney Azərbaycanı da aldadıb vəd etdiyi silahları sovet höküməti vermir. Ordulara hər iki Azərbaycanda gizlin geri çəkilmək əmri verilir. Mərhum şəhid jurnalist Çingiz Mustafayev rayonları boşaldıb geriyə qayıdan əsgərlərin qabağını kəsib durdurmaq istəyərkən əsgərlərin ona verdikləri “bizə belə əmr verilib, geriyə çəkilməliyik” – cavabını yəqin ki, eşitməyən yoxdur. Hər iki tərəfdə silahlandırılmış düşmənlər silahsız xalqımızı, 20-30000 min soydaşlarımzı qəddarcasına öldürürlər. Ən ağrılı olanı budur ki, bu işləri hər iki tərəfdə NKVD agentləri olan xainlərin əli ilə edirlər.

Şahid. Qasımov Eyyub Mikayıl oğlu. səh.77

“NKVD” orqanlarında 1926-cı ildən işləyirəm. Sovet Ordusunun İrana  (Güney Azərbaycan) girməsi ilə bizim orqanların İranda kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti təşkil etməsi üçün geniş imkanlar yaranırdı. İranda bizim agenturanı və rezidenturanı yerləşdirmək müxtəlif vaxtlarda İranda olan nazir müavinləri Markaryana, Atakişiyevə və Quliyevə tapşırılmışdı.

Anonim bir agentin söylədiyi xatirədə oxuyuruq.

 

S.C. Pişəvərinin son Bakı səfəri haqqında.

Sovet dövləti özünün ideoloji sahədə “soyuq müharibə“sini aparmaqda davam edirdi. Bu müharibənin tərkib hissələrindən biri də ideoloji təxribat sahəsində görülən işlər idi. Bunun üçün ayrı-ayrı hazırlıqlı insanlar bu və ya digər xarici ölkələrə göndərilir (yerləşdirilir) və onlar da müəyyən tapşırıqları yerinə yetirirdilər. Keçmişdə belə işlərin aktivlərindən olmuş bir nəfərlə 1964 və ya 1965-ci ildə bir qonaqlıqda tanış olmaq mənə qismət olmuşdu. Qismət olmuşdu, ona görə deyirəm ki, onun verdiyi informasiyalardan haqqında danışmaq istədiyimiz S.C.Pişəvərinin ömrünün son günlərinə aid bəzi məlumatları ala bilmişdim. 

Mətbuatda “S.C.Pişəvəri 1946-cı ildə Bakıya qaçdı“ (Arif Kəskin, “Güney Azərbaycan Milli Hökuməti /1945-1946/ və Seyid Cəfər Pişəvəri“) kimi ifadələrə rast gələndən sonra bu ədalətsizliyi aradan qaldırmaq üçün onları qələmə aldım.

Əslində isə, sovet dövləti Azərbaycanda hadisələrin milli zəmində inkişaf tapmasına maraq göstərmirdi.

Sovet dövləti İrandakı əsas maraqlarının puça çıxdığını görərək, GA-da milli dövlətin də aradan götürülməsi işində aktiv iştirak edir. Ancaq həm də, sovet dövlətinin İran siyasətinin tərkib hissəsi idi. Xiyabani hərəkatı, Gilan hərəkatı kimi indi də GA milli hərəkatı SSRİ-nin daha böyük maraqlarına qurban verilməli idi. Milli Ordu silahsızlaşdırıldı. İran ordusu Təbriz üzərinə gəlməyə hazırlaşırdı. ABŞ, İngiltərə və SSRİ-nin qarşılıqlı razılaşmalarına əsasən, SSRİ silahlı qüvvələri İran ərazisini (GA-nı) tərk etməli idi.

Əvvəllər də sovetlərin silahlarının böyük bir hissəsinin ADC-nə buraxılacağı haqda verilən vədlər birdən-birə aradan qalxdı, GA-nın yenicə yaranmış dövləti şah ordusunun qarşısında silahsız qoyuldu. Şah ordusu isə ingilis və ABŞ silahları ilə silahlandırılmışdı.

Buna baxmayaraq, inqilaba sadiq qalan qüvvələr son damla qanları qalana qədər düşmənlə vuruşacaqlarına and içmişdilər. S.C.Pişəvəri də onların arasında idi. Əsgərlər və xalq S.C.Pişəvəriyə inanırdı. Bunu Moskvanın rəhbərləri də bilirdilər. Bilirdilər ki, S.C.Pişəvərinin rəhbərliyi altında Azərbaycan xalqı yenilməz bir qüvvəyə çevriləcək. Odur ki, S.C.Pişəvəri hərəkatdan uzaqlaşdırılmalı idi. İş o yerə çatmışdı ki, S.C.Pişəvərinin hərəkatdan hansı yolla olursa-olsun, təcrid olunması məsələsi qoyulmuşdu. İlk öncə onun Bakıya dəvət olunması (gətirilməsi) istənildi. Bununla, müttəfiqlərin hər birinin istəyi ödənilmiş olacaqdı. GA-da milli dövlətin yaranması sovet dövlətinə bir də ona görə arzu olunan deyildi ki, gələcəkdə sovet ordusunun 1941-ci ildə olduğu kimi xəbərdarlıq etmədən Araz çayını keçmək hüququnu qoruyub saxlaya bilsin.

S.C.Pişəvərini nəyin bahasına olursa-olsun, Bakıya aparmaq göstərişini almış qonaq belə deyirdi: Mənim kim olduğumu ondan başqa kimsə bilmirdi. Biz tez-tez görüşürdük. Mən dəfələrlə onun nəzərinə çatdırmışdım ki, onu Bakıya çağırırlar. S.C.Pişəvəri isə Təbrizi bir an belə tərk etmək istəmirdi. O deyirdi ki, burada işimin bu qədər çox olduğu bir vaxtda Təbrizi necə tərk edə bilərəm? Bizim söhbətlərin nəticəsi olmurdu. Söhbətlərimizin birinin axırında ona təklif etdim ki, ova gedək, bir qədər dincələk. O, buna da razı olmurdu və yenə də işlərinin çox olduğunu deyirdi. Lakin mənim sonrakı inadlı təkidimdən sonra o razılıq verdi və bir neçə gündən sonra biz Təbriz ətrafında “ova“ çıxdıq. Biz insanlar yaşayan yerlərdən xeyli uzaqda idik. Yenə də ona Bakıya çağrıldığını xatırlatdım. Bərk hirsləndi. Bu zaman bizdən bir qədər aralıda gizlənmiş adamlarım göründülər. S.C.Pişəvəri işin nə yerdə olduğunu başa düşdüsə də, yenə də müqavimət göstərməkdə davam edirdi. Ümid ancaq zora qalmışdı… Biz onun yolda hay-küy sala biləcəyindən ehtiyat edirdik. Ona görə də lazım olan bütün tədbirləri gördük. Ən çox bizi sərhəddən keçid narahat edirdi. Sərhəddi keçənə qədər kimsə onun Bakıya aparılmasından xəbər tutmamalı idi. Biz bunu da çətinlik çəkmədən həll edə bildik. Onu Bakıya çatdırdıq“.

Abbas Musa, Arif  Tağıyev  Qaynaq: Olaylar qäzeti

S.C.Pişəvəri oğurlandıqdan sonra taleyi haqda demokratlar arasında belə məlumatlar gəzirdi ki, Bakıya gətirildikdən sonra M.C.Bağırov Zaqulbadakı bağında onunla görüşüb inandırmaq istəmişdir ki, başqa yol yox imiş. Pişəvəri onunla razılaşmayıb tələb edir ki, onu və xalqını geri qaytarsınlar, mübarizələrini öz gücləri ilə aparacaqlar. Söhbətləri üç saata qədər sürmüş, nəticə alınmamışdır. Bundan sonra Bağırov ADR-in rəhbəri Pişəvərinin ölümünə fərman vermişdir.             

Güney Azərbaycan inqilabı rəhbərinin qətlə yetirilməsini 1944-cü ildən 1949-cu ilədək DTN Yevlax rayon şöbəsinin müdiri işləmiş Salayev Lətif Səməd oğlu M.C.Bağırovun məhkəməsi zamanı verdiyi izahatında belə xülasə edir:

 

1947-ci ilin iyun-iyul aylarında Yevlaxın 14 km-liyində içərisində Demokratk İran Azərbaycanının rəhbəri doktor Pişəvəri olan maşın qəzaya uğramışdı. Qəza barədə mənə məlumat çatan kimi gecə ikən hadisə yerinə yollandım. 28 aprel adına sovxozun ərazisindəki yolda “Qudzon” markalı avtomobili tapdım. Maşın körpünün çəpərinə dirənmişdi. Maşının içindəkilər: Pişəvəri, Qulam Yəhya və Nuru Quliyev yaralı halda rayon xəstəxanasına çatdırılmışdılar. Hadisə yerində təkcə sürücü Karnik Melixyan qalmışdı. O, əlində sərnişinlərin sənədlərini tutub durmuşdu. Axtarış zamanı ondan 10 000 manat pul və “Valter” tapançası çıxdı, Mən hadisə yerinin şəklini çəkdim, akt tərtib etdim və Yevlağa qayıdıb dərhal rayon xəstəxanasına getdim. Pişəvərinin huşu özündə idi. Onun ayağı və bir qabırğası sınmış, digər qabırğaları əzilmiş, başı yaralanmışdı. Quliyevin də huşu özündə idi. (O vaxtlar Quliyev DTN-də Yemelyanovun yanında katibliyin rəisi vəzifəsində işləyirdi). General Qulam Yəhya yüngül yaralanmışdı,  ancaq üzü zədələndiyindən danışa bilmirdi. Mən Pişəvəridən qəzanın baş verdiyi şəraitdən danışmasını xahiş etdim. Pişəvəri mənə danışdı ki, o, həmin vaxtlarda Kirovabadneftkəşfiyyatın rəisi Nəzər Heydərovun evində imiş. Orada yeyib-içib, istirahət edirmişlər. Təqribən gecə saat 4-də Quliyev, Pişəvəriyə onunla Nuxaya getməyi təklif edir. Orada istirahət edib, növbəti günü keçirərlər. Axırda Pişəvəri bir neçə dəfə “X ə y a n ə t” sözünü təkrar etdi və bildirdi ki, “Mən on bir il İranda tək adamlıq kamerda qaldım, Rza şah və Qəvvam-əs-Səltənə məni məhv edə bilmədi. İndi isə nəhayət, onlar öz niyyətlərinə çatdılar.”          

– Pişəvəridən soruşdum ki, niyə belə danışır, o ki öz maşınında, öz sürücüsü ilə yola çıxıb. Pişəvəri cavab verdi ki, (maşın da, sürücü də mənim yox, qeneral Qulam Yəhyanın idi).

Pişəvəri öz şübhələrini də mənə bildirdi ki, o, heç vaxt sürücünün yanında oturmur, bu dəfə isə onu sürücünün yanında əyləşdirmişdilər.

Mən belə hesab edirəm ki, həmin qəza təsadüf olmayıb, Pişəvərini qətlə yetirmək məqsədilə təşkil olunmuşdu.

M.C.Bağırovun məhkəməsi. Bakı, Yazıçı, 1993. . səh.54

Sovet casusları Güney Azərbaycan Milli hökümətini süquta uğratdıqdan sonra – 1920-ci ildə sovet Rusiyasının daşnak-bolşeviklərinin Azərbaycan Xalq Cümhuriyyətini yıxdıqları kimi, xalqın 22 000-nə yaxın vətənsevər oğul və qızlarını Təbrizdə, başqa şəhərlərdə dar ağaclarından asdılar, öldürdülər, vətəndən didərgin saldılar. Gec də olsa güneylilər xəyanətin baş verdiyini anlamış, başa düşmüşdülər. Milli hökümət nümayəndələrinin əhvali-ruhiyyələri rəhbərin namərdcəsinə qətl edilməsindən sonra daha da kəskin dəyişir. Milli hökümətin maarif naziri Məhəmməd Biriya həm də şair idi. Bakıda yazdığı şeirlərinin ruhu vəziyyətinə uyğun dərd-qəmə, kədərə bürünür. Onu müvafiq orqanlara dəvət edib narazılıq bildirirlər ki, nə üçün qəmli, kədərli şeirlər yazır. Sovet Azərbaycanına gəlmələri onların xeyrinə olmuşdur, burada onları xoşbəxt gələcək, kommunizm gözləyir. “Siz təbinizi dəyişdirməli, sovet, kommunist ruhunda cəmiyyəti, quruluşu tərənnüm edən əsərlər yazmalı-yaratmalısınız”. Təkliflərdən hiddətə gələn nazir M.Biriya cavab vermişdir ki, bizlər vətənimizi, xalqımızı, xalqımızın qanı bahasına yaradılmış milli dövlətimizi, varlığımızı itirmişik, düşmənlərimiz minlərlə silahdaşlarımızı, vətənin oğul-qızlarını dar ağaclarından asıb öldürmüşlər, qanlarını torpağa axıtmışlar. Biz necə özümüzü burada, sovet məmləkətində olduğumuz üçün xoşbəxt saya bilərik ki, sovet Azərbaycanına gəlməkdə məqsədimiz burada yaşamaq deyil. Biz ölkəmizə qayıdıb mübarizəmizi davam etməliyik.

Bu görüşdən sonra şair, ictimai-siyasi xadim, Məhəmməd Biriya həbs olunur və Sibirə sürgün edilir. Ondan başqa neçə-neçə insanları həbs və sürgünlərə məruz qoyurlar. Bunların əksinə olaraq, milli amallara xilaf çıxıb boyun əyən dönüklər müxtəlif formalarda mükafatlandırılırlar. Çox sonralar bu dönüklərin bir çoxunun vaxtı ilə İrana atılmış sovet agetləri olduqları ortaya çıxmışdır.

Bütün bu hadisələr Hatəminin yaşadığı dövrdə gözləri önündə baş vermiş, onda rus-sovet hakimiyyətinə, dövlətinə, sisteminə qarşı nifrət və gəzəb hissi oyatmışdı.

 

Məhəmməd Hatəmi niyə “Tantəkin” oldu?

Sərhədi keçib bir müddət sonra Şamaxı şəhərində dayanır və bir gün vətənə dönəcəkləri ümidi ilə yeni məskəndə yaşamalı olurlar. Burada yaşadıqları müddətdə sovxoz sakinləri olan ermənilərlə hadisə baş verir.

İkinci dünya müharibəsi bitmiş olsa da çörək növbəsi davam edirdi. Satış zamanı sovxoz sakinləri olan ermənilər saymazyanalıq edib növbə gözləmədən qabağa girir, özbaşnalıq edirlər. Bunu götürməyən Fərzulla və fədailəri bir gün ermənilərin qarşısını kəsib irəliyə buraxmadıqda buna alışıq olmayan ermənilərlə savaşır, onları bərk döyürlər. Hadisə böyük bir olaya çevrilib Bakıya qədər çatır.  Bir müddət sonra qardaşları və bir sıra yoldaşlarını gizli təşkilat yaratmaqda günahlandırıb gizlicə Bakıya, NKVD-nin təcridxanasına aparır, işgəncə verirlər, buraxdıqdan sonra bir-birindən ayırıb ailələri ilə birlikdə Şamaxıdan Ruhullanı Zaqatalaya, Fərzullanı Xudata sürgün edirlər.

Kiçik Məhəmməd sovet Azərbaycanına keçdikdən sonra orta məktəbdə yenidən təhsil almağa başlayır və bitirdikdən sonra 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Filoloqiya fakultəsinə daxil olur. Hələ o zamanlar Firqənin orqanı “Azərbaycan” qəzetində gənc Hatəmiyə yazdığı hekayələrə ğörə “buryua ideoloqu” adı yapışdırılır. Onun siyasi baxışları heç cür rus-sovet idealogiyasına uyğun gəlmirdi.

Universiteti 1963-cü ildə müxbir ixtisası ilə bitirmiş, diplom işini Şeyx Məhəmməd Xiyabaniyə həsr etmişdir. Həmən il S.C.Pişəvərinin yerinə keçib firqənin sədri olmuş milli hökümətin müdafiə nazirinin müavini Qulam Yəhyaya qarşı partiyanın bir sıra qocaman üzvləri ilə brlikdə qiyam qaldırıb, istefa verməsini tələb etdiyinə görə, firqədən xaric edilir və adı komitənin qara siyahısına salınır. İxtisası üzrə iş verilmədiyi üçün zavod-fabriklərdə fəhləlik edirdi. Çıxış yolunu bu ölkədən ayrılmaqda görüb, 1965-ci ildə xarici səfirliyə müraciət edir. Yalnız bu zaman Azərbaycan KP-nın rəhbərliyi işə qarışıb onu Elmlər Akademiyasında iş və iki otaqlı mənzillə təmin edirlər. Elmi fəaliyyəti bu dövrdən başlayır.

1972-ci ildə böyük maneələr, çətinliklərlə üzləşməsinə rəğmən, “Xalq yaradıcılığında atəşpərəstliyin ifadəsi” mövzusunda dissertasiya müdafiə edib, filoloqiya elmləri namizədi adı aldı.

Məhəmməd Hatəmi “Acı xatirələr” kitabında yazır:

İctimai elmlərimizi qatı zülmətlər içində görüncə özümə anlamı “Səhər işığı” olan “Tantəkin” ləqəbi götürdüm, buna görə mənə “Pantürkist” adı verdilər.”

“Qızıl Qoç” necə “Çənlibel” oldu?

 

Bütövlükdə 21 aya yaxın ömür sürmüş “Çənlibel” elmi-ədəbi birliyinin fəaliyyətini şərti olaraq iki hissəyə ayırmaq olar.

I – qapalı məkanda elmi-ədəbi yığıncaqlar təşkil etməklə keçən mərhələ və

II – Qarabağ hadisələri ilə bağlı meydanlara çıxmış, siyasi  fəaliyyət göstərmiş dövr.

I – elmi-ədəbi mərhələ qapalı məkanda, “Azərnəşr”in klubunun akt zalında keçmişdir. Bəxtiyar Tuncay və hüquqşünas Fuad Ağayev “Qızıl Qoç” adı ilə elmi-ədəbi birlik yaratmaq fikrinə düşürlər. Hatəminin yaxın dostu filoloq alim Məmməd Ellinin məsləhəti ilə birliyin adını “Çənlibel” qoyurlar. Sonralar bu ada ğörə KQB-də Hatəmiyə deyəcəklər: “Koroğlu Çənlibeldə öz dəliləri ilə vətənimizin azadlığı uğrunda mübarizə aparmışdır. Vətənimiz indi azaddır. Bu nə addır qoymusunuz, nə demək istəyirsiniz?”

Hatəmi “Acı xatirələr” əsərində yazır: “Nə demək istədiyim adda öz ifadəsini tapmışdı. İstəyirdim çağdaş koroğluların, dəlilərin çağdaş Çənlibelini yaradıb vətənin, xalqın Rusiya əsarətindən xilasına çalışaq.”

İlk təsis iclası 1987-ci il 17 fevralda “Azərnəşr”in binasının 3-cü mərtəbəsində, akt zalında keçirildi. Təxminən 30-35 adam iştirak edirdi. I İdarə Heyətinin tərkibinə aşağıdakılar seçilirlər:

Ənvər Yusifoğlu,

Tofiq Rəsulov,

Ağası Hun,

Bəxtiyar Tuncay,

Fuad Ağayev,

Vurğun Əyyubov

Hatəmi Bəxtiyar Tuncayı sədr etmək istədikdə o, imtina etdi. Güneyli şair İsfəndiyar Coşğun isə Hatəminin nəinki sədr, heyətin üzvü olmasını da məsləhət bilmədi. Müzakirələrdən sonra Vurğun Əyyubov heyətin sədri seçilir. İlkin proqramı Bəxtiyar Tuncay yazdı, “Çənlibel”-in “həyat ağacı” şəklində təsvir olunan emblemini rəssam Tofiq Rəsulov çəkdi. Hatəmi Proqramların həyata keçirilməsinə, ümumi yığıncaqlara çıxış üçün kimlərin dəvət olunacağına nəzarət edir, tənzimləyirdi. Ağası Hun və Ənvər Yusifoğlu təbliğat, təşviqat işlərinə baxırdılar. Hatəmi “Çənlibel”-in himni üçün Üzeyir Hacıbəyovun “Koroğlu” üverturasını seçir. Himni səsləndirən zaman hər kəs ayağa qalxırdı. Ümumi yığıncaq ayda 4 dəfə, heyət iclası 1 dəfə keçirilirdi. Pqoqrama uyğun olaraq tanınmış ziyalılar, alimlər, yazıçılar, şairlər, aktyorlar ümumi yığıncağa dəvət olunur – xalqla görüşürdülər. Klubun müdiri Heybət Məmmədbəyli bu haqda qəzetə elan verdirdi.

İlk məşğələdə mövzu M.Hatəminin “Kuşanların türklüyünü sərgiləyən mədəniyyət” məqaləsini müzakirə etmək oldu. Bu haqda yazır:

“Sovet türkoloqiyasının SSRİ-də yaşayan türk xalqlarının tarixini, mədəniyyətini saxtalaşdırmağı özünə iyrənc peşə seçməsi indi kimsəyə qaranlıq deyildir. Buna cavab olaraq türk xalqlarının əzəmətli əski mədəniyyəti və kuşanların türk kimliyi məruzədə ortaya tökülmüşdü. Məqsədim dinləyicilərdə milli duyğu, ruh, şüur yaratmaq idi. Ümumiyyətlə, etdiyim və etdirdiyim məruzələr, təşkil etdiyim görüşlər bu istəyə tabe tutulmuşdu. Çünki bu, azadlığa gedən yolun kutlu başlanğıcı idi.”

Növbəti məşğələ 21.06.1987-ci il tarixində Abbas Acalovun “Şumer-Azərbaycan əsatir və folklor bağlılıqları” mövzusu ilə oldu.

Yığıncaqlarda Xudu Məmmədov, Mirəli Seyidov, Lətif Kərimov, Kubra xanım Əliyeva, Tofiq Kərimov kimi bir çox tanınmış aydınlar iştirak edirdilər.

Bir-birindən maraqlı keçən məşğələlərdə arada Azərbaycanın siyasi həyatından, taleyindən söhbətlər salınır, totalitar sovet rejimi tənqid edilirdi. Bu, sensasiya idi. Beləcə, “Çənlibel” elmi-ədəbi birliyinin bu vaxta qədər ölkədə görünməmiş senzuradan kənar, qeyri-standart məşğələləri ilə getdikcə tanınmağa, məşhurlaşmağa başlayıb, sədası rayonlara qədər uzandı. İştirakçı axınına səbəb olmuşdu. Bu dövrlərdə o zaman Leytenant Şmidt adına zavodun işçisi Nemət Pənahov Hatəmiyə yaxınlaşaraq “Çənlibel”-ə qoşulmaq istəyini bildirmiş və birliyə üzv olmuşdu.

Sorağı dövlət orqanlarının diqqətini cəlb etmişdi. Çənlibelçilər haqqında artıq xəbərlər yayılır, onlara “şovinist”, “antisovet”, “yenidənqurma əleyhdarları”, daha sonralar “ekstremistlər” kimi adlar qoyurdular. Məşğələlər keçirilən zaman gözlənilməz hallar baş verirdi. Gah işıqlar kəsilir, gah qapılar bağlı qalırdı və s.

Bu aralarda Bəxtiyar Tuncay ilə Fuad Ağayev İdarə Heyətinin iclasında Vurğun Əyyubovun sədrlikdən çıxmasını tələb edirlər. Buna heç bir səbəb olmadığı üçün Hatəmi onlarla razılaşmadıqda, onlar “Çənlibel”dən ayrılıb ayrıca “Oğuz Etnoqrafiya Həvəskarları Birliyi”-ni yaradırlar. Bu halda Hatəmi Nemət Pənahovu və özünü İdarə Heyətinə seçdirir.

II – siyasi təşkilat: 1990-cı ildə Lefortova həbsxanasında KQB-nin polkovniki Qubinski Hatəmiyə demişdir: “Sən dövləti aldadıb ədəbi bir cəmiyyəti siyasi təşkilata çevirmisən.”

 

Mitinqlərdə yumruq tutmaq adəti…

18 noyabr 1987-ci il “Humanite” qəzetində Qorbaçovun əlaltısı A.Aqanbekyan Parisdə erməni lobbisi qarşısındakı çıxışında deyir: “Mən istərdim ki, respublikanın şimal-şərqində yerləşən Qarabağ Ermənistanın olsun. …Ümidvaram ki, yenidənqurma, demokratiya şəraitində həmin problem öz həllini tapacaqdır.”

Bununla da ermənilər Azərbaycana qarşı müharibəyə başladılar. Ermənistanın özündə, Naxçıvanda, Qarabağda soydaşlarımızı öldürməyə, ev-eşiklərini yandırmağa başladılar.

Azərbaycanda ilk reaksiyanı Azərbaycan Dövlət Universitetinin müəllim-tələbə kollektivi verdi, ikinci  reaksiya “Çənlibel” təşkilatının yığıncağında oldu.

19 fevral 1988-ci ildə Azərbaycan Politexnik İnstitutu və Azərbaycan İnşaat İnstitutu birlikdə sovet totalitar rejimi ərzində ilk dəfə etiraz nümayişini keçirdi. Mitinqlər “Azadlıq” meydanında,  sonra KP MK-nin qabağında baş verdi, çıxışlar oldu. Lakin nümayişi dağıtmaq məqsədi ilə tribunada rəsmi adamlar, ziyalı nümayəndələr çıxışlar etdilər. Bir dəstə çənlibelçi nümayişin içindən “Hatəmi danışsın” deyə tələb etdilər, mikrofonu ona vermədikdə bu zaman o, əlini havaya qaldırıb yumruğunu düyünlədi, mitinq iştirakçıları da əllərini havaya qaldırdılar. Mitinqlərdə yumruq tutmaq adəti yarandı. Bu hal dövlət adamlarının nəzərindən qaçmadı. Bir neçə gündən sonra onu Azərb.KP MK-nın rəsmiləri yanlarına çağırıb demişdilər: “Bildiyiniz kimi, erməni yoldaşlar Dağlıq Qarabağı Ermənistana qarışdırmaq fikrinə düşmüşlər. Bununla əlaqədar olaraq bizdə də vəziyyət gərginləşmişdir. O gün Bakıda nümayiş olub, nümayişdə siz də iştirak etmisiniz. İki qonşu xalq arasında münasibətlər korlanmasın, kəskinləşməsin deyə, belə nümayişlərin qarşısını almaq, xalqı soyuqqanlılığa, sakitliyə dəvət etmək lazımdır. Ermənilər o tərəfdən, biz bu tərəfdən qızışaraq getsək, bunun axırı pis qurtarar. Bizim hamımızı qıra bilərlər.”

Hatəminin cavabı belə olur: “Mən ogünkü nümayişin sadəcə iştirakçısı olmuşam. Xalqı soyuqqanlılığa, sakitliyə dəvət etməyə gəlincə, prinsip etibarilə sizinlə razıyam. Məsələ burasındadır ki, N.Nərimanovdan üzübəri Azərbaycanın dövlət başçıları kabinetlərdə oturub nəyinsə xatirinə, torpaqlarımızı ona-buna dağıtmaqla məşğul olmuşlar. Odur ki, xalq daha heç kimə inanmır, vətənin müdafiəsinə özü qalxmışdır. Sizlərin vəziyyəti elədir ki, ermənilərin Dağlıq Qarabağ tələbinin qarşısında dura bilməyəcəksiniz, amma heç olmasa müqavimət göstərməkdə xalqa maneçılik göstərməyin. Azərbaycan dövlətinə tövsiyəm budur ki, Ermənistana verilmiş torpaqlarımızı geri istəyəsiniz. Bu, Dağlıq Qarabağı müdafiə etməyin ən yaxşı yoludur.

 

Sumqayıt hadisələri günü Xəlili niyə saxladılar?

Fevralın 28-də də “Çənlibel”də şair Xəlil Rzanın məruzəsi olacaqdı. Həmən gün Sumqayıt hadisələri baş verir. Yığıncaq olmasın, çıxış edə bilməsin deyə dövlət orqanları gecə ilə Xəlil Rzanı bir adla harada isə saxlamışdılar. Səhər tezdən “Azərnəşr”in binası mühasirəyə alınmış, qapıya kilid vurulmuşdu. Əbülfəz Əliyev “Çənlibel”in üzvü olmasa da, arada ümumi məşğələlərə gəlir, tamaşaçı kimi iştirak edirdi. Bu dəfə camaata qoşulub milislərlə danışır və qapını açırlar.

Belə çətin gündə yığıncaq boşa çıxmasın deyə Hatəmi məsuliyyəti üzərinə götürüb Ş.M.Xiyabaninin xalqı milli azadlıq hərəkatına səsləyən “Azərbaycan və Azərbaycan demokratik qüvvələri” məqaləsini məruzə etdi. Çıxışının sonunda xalqa müraciət edərək deyirdi: “Şimallı-cənublu Azərbaycan xalqı nə qədər ki, müstəmləkə əsarətindən, yadların təpiyi altında tapdalanmaqdan, var-yoxu vəhşicəsinə talanmaqdan xilas olmamışdır, əziz rəhbərin beyinləri yandıran, qanları coşduran bu alovlu çağırışı öz dəyərini itirməyəcəkdir. Bu gün daha aktual və gur səslənən bu çağırışa xalqımız namusla, qeyrətlə cavab verib ölkəsindəki əcnəbi ağalığına son qoyacaq, azad, qayğısız, xoşbəxt həyata qovuşacaqdır”. Bu ruhda çıxışlarına görə onu populist deyə dəyərdən salmağa çalışırdılar.

Zalı inqilabi əhvali-ruhiyyə sarmış, həyəcana gətirmişdi. Aktyor Mikayıl Mirzə alovlu, inqilabi şeirləri ilə sanki od püskürürdü. Filoloqiya elmləri namizədi Aydın Məmmədov, “Gənclik” məcmuəsinin redaktoru Məmməd İsmayil qonaq sifəti ilə iştirak edirdilər. Buna baxmayaraq, Məmməd İsmayil çıxış edib, məruzəni və çənlibelçiləri alqışladı.

Bu yığıncaqdan sonra Hatəmini dərhal KQB-nin baş idarəsinə çağırıb danışdırırlar, “xalqı silahlı üsyana çağırırsan” deyə böhtan ataraq ittiham edir, hədə-qorxu gəlirlər. Bilmirlər ki, gözlərini dünyaya inqilab ocağında açmış bu insanı qorxutmaq mümkün deyildir. Lakin bu məsələdən sonra ətrafındakı mühit də, insanlar da, münasibətlər də dəyişməyə başlayır.

1 və 9 may günlərində çənlibelçilər “Fəvvarələr bağı”nda quraşdırılan 7 gözəl borelyefi ilə bağlı piket keçirdiyi zaman milislərlə toqquma oldu. Milis böyüyü tutmaq əmri verəndə bir gəncin üzərinə atılan milisə qarşılıq verilir və çənlibelçilər milislərlə əlbəyaxa olurlar, orada Tağı Xalisbəyli də iştirak etmişdi. Bu savaş cavanlara cəsarət verdi.

Azərbaycanda müqavimətlə üzləşəcəyini yəqin ki, gözləməyən Qorbaçov 1988-ci il mayın 21-də Azərbaycan KP-nın I katibini vəzifədən alıb ƏbdürrəhmanVəzirovu təyin edir, vəziyyət daha da gərginləşir.

Vəzirov Hatəmiyə hansı təklifləri etdi və nə istədi?

Vəzirov höküməti onunla ittifaqa girmiş tərəfdarlarının köməyi ilə nümayiş və mitinqlərə qarşı tədbirlər almağa başlayır. Hatəminin 1988-ci il 2 sentyabr tarixinə təyin etdiyi mitinqi pozur, 150-yə yaxın mitinqçi tutulur. Vəzifəyə yeni təyin olunan Fətulla Hüseynov milis şöbəsində saxlanılan Hatəmini götürüb öz maşını ilə Ə.Vəzirovun yanına aparır. Vəzirov kabinetində onu qarşılayır və deyir, “Respublika bərbad haldadır, istəyirəm işləyəm, məni qoymursan, mənə kömək edərsənmi?” O, əqidəsini var-dövlətə, vəzifəyə, karyeraya satan insanlarla Hatəmini səhv salmışdı. “Sizə söz verə bilmərəm” cavabını aldıqda, katib “von otsuda” deyib əllərini stola çırpır, Hatəmi üzünü çevirib gedərkən arxacınca qaçıb qapının yanında qabağını kəsir. Bu anları xatirələrində Hatəmi belə ifadə edir:

 

“O, məni sakitləşdirmək, ürəyimi ələ almaq üçün qəbahətli hərəkətlərinə ərkyanəlik məzmunu verərək: “bəs kim bu respublikanı düzəldəcək, axı hər şey məhv olub gedir”, deyib, qolumdan darta-darta yerimə qaytardı. Zəngi basıb köməkçisinə çay, ömrümdə görmədiyim müxtəlif konfetlr gətizdirdi. Əlimi də vurmadım. O, əlinə götürdüyü isti stəkanı qoymaq üçün gözünün qabağındakı nəlbəkini görmürdü. Nəlbəkini ona mən göstərdim. “Vidiş” dedi, “ya toje rasteryalsya.”

Aradakı gərginliyi gedərib, söhbəti davam etdirdik. Ona təklif etdim ki, Moskva ilə razılaşdırın, Ermənistandakı türkləri Azərbaycana, burdakı erməniləri Ermənistana köçürmək lazımdır. “Beş yüz min adamı burdan ora, ordan-bura köçürmək asan iş deyil” deyib təklifimi rədd etdi. Çətinlik bunda deyildi. Çətinlik Rusiyanın Azərbaycandakı məkrli erməni siyasətinin əleyhinə onun çıxa bilməməsində idi. “Özünüz bilin” dedim, “yuxarıdan edilməsə, aşağıdan xalq özü bu işi görəcək, faciələr baş verəcəkdir.” Təkrarən “Mənə kömək edərsənmi?” deməməsi üçün “sizə işlərinizdə uğurlar arzulayıram” deyərək başımdan etdim.”

Nəticəsiz qalan görüşdən sonra orqanlar “Çənlibel”in qarşısını almaq üçün tədbirlər tökürdü. Birliyin bürosunun üzvləri dəyişir, şəxsən tanımadığımız yeni insanlar peyda olurdu. Birlik üzvləri ilə ayrı-ayrılıqda birliyin fəaliyyətini dayandırmaq barədə danışıqlar da aparılırdı.

O zaman “Məişət avadanlıqları zavodu”nda sexlərin birində baş texniki nəzarətçi işləyirdim. Sex rəisi məni kabinetinə çağırıb “Çənlibel”, Hatəmi ilə maraqlandı və bildirdi ki, mənimlə söhbət  aparması rəhbərliyin tapşırığıdır. Çox təəccübləndim, nəhayət əsas fikrini bildirdi. Qardaşı olduğum üçün məni eşidər deyə Hatəmidən “Çənlibel”i buraxmasını, uzaqlaşmasını  istəyim, əks halda sonu hər ikimiz üçün yaxşı bitməyəcəkmiş. Bir neçə gündən sonra müəssisənin direktoru iş yerimə gəldi. Bir söz demədən acıqla üzümə baxıb  getdi. Az vaxtdan sonra xəbərdarlıq etmədən baş mühəndisin başçılığı ilə yaradılan komissiya işlərimdə yoxlama başlatdı. Vəzifəmi məsuliyyətlə icra etdiyimdən əleyhimə bir dəlil tapılmadı. Buna baxmayaraq, direktor məni günahkar çıxarmaq üçün kabinetində komissiyanın iclasını keçirdi, süni əsəbi görkəm yaradaraq ittiham etməyə çalışsa da, fakt olmadığından arzusuna çatmadı. Sözü bitdikdə ona dedim ki, özünüz yaxşı bilirsiniz, işlərimdə nöqsan yoxdur, niyyətiniz də məlumdur, bilirəm, lakin məni heç nəyə məcbur edə bilməyəcəksiniz.

“Çənlibel”in fəalyyətini dayandırmağı istəyirdilər

Haqsızlıq etməsinə baxmayaraq, 1988-ci il dekabr ayının 1-də işdən çıxarıldım. Sovet dövründə belə gözlənilməz hadisələr yaşamaq bizim üçün qeyri-adi bir şey deyildi.

Məsələyə hətta Respublika Həmkarlar İttifaqından müdaxılə edib “Çənlibel”in fəalyyətini dayandırmağı istəyirdilər.

Belə söhbətlər başqaları ilə də getmişdi. Durum artıq məlum idi. Hatəminin çiyinlərində meydana çıxmış bəzi adamlar indi onun üzünə durur, aşkar birliyə son verməyə çağırırdılar. Bu baş tutmadıqda digər yola əl atırlır. Hatəmini “Çənlibel”dən uzaqlaşdırmaq.

Xalq Hərəkatı Cəbhəsi necə yarandı?

“Çənlibel”in nizamnaməsinə görə, büro 9 nəfərdən ibarət idi, büro üzvlərindən kiminsə çıxarılması yalnız ümumi yığıncaqda həll edilməli idi. Nizamnaməyə əhəmiyyət vermədən 30 oktyabr 1988-ci il gündüz saat 14.00-da birliyin yenilənmiş İdarə Heyəti Hatəmini özünün və büro üzvü Ağası Hunun iştirakı olmadan, yığıncaqsız İdarə Heyətindən çıxarırlar. Xəlil Rza və Tofiq Rəsulov razılaşmayıb bitərəf qalırlar. Vəziyyət əvvəlcədən bilindiyi üçün Hatəmi bütün çənlibelçiləri, onun tərəfdarları olan fabrik-zavod, cəmiyyət nümayəndələrini saat 4-də ümumi yığıncağa çağırmışdı. Rayonlardan, Naxçıvandan belə insanlar ğəlmişdilər. Qəribə mənzərə idi. “Çənlibel” bürosunun üzvləri “Çənlibel”in yığıncağını dağıtmağa çalışırdılar. Lakin onların anlamadıqları bir şey vardı. Ayrılıqda heç bir nüfuza malik olmayan büronun çıxardığı qərarın  qüvvəsi, təsiri yox idi. “Çənlibel”in adı və fəaliyyəti Hatəmiyə bağlı idi, onu tanıyır, ardınca gedirdilər. Odur ki, nə onlar, nə də onlara tapşırıq verənlər istəklərinə nail olmadılar. Xəlil Rza və Tofiq Rəsulov onlardan uzaqlaşıb Hatəminin tərəfinə keçirlər. Əleyhdarlar pis vəziyyətə düşüb zalı tərk edirlər.

Yığıncaq davam edir, qızğın çıxışlardan sonra “Çənlibel”in son yığıncağında, 30 oktyabr 1988-ci il  tarixində Xalq Hərəkatı Cəbhəsinin yarandığı elan edilir. Hatəmi XHC-nin sədri seçildi, xalqa bildiriş oxundu.

XHC aydın strateqiya və taktikası olan təşkilat idi. Ona kortəbii hərəkat adı vermək haqsızlıq etməkdir. Noyabr-dekabr 1988-ci il meydan hərəkatını dəstəkləyən Xalq Hərəkatı Cəbhəsi idi.

14 və 16 noyabrda Sabir bağında ermənilərin Şuşada Topxana meşəsini dağıtmasına etiraz olaraq mitinqlər keçirildi. Meydana keçməsinlər deyə Nizami muzeyi ilə Həmkarlar İttifaqı arasındakı əraziyə əsgərlər yerləşdirilmişdi. 17 noyabrda “Gənclər” meydanında universitet mitinq təşkil edir. Xalq Hərəkatı Cəbhəsi mitinqi “Azadlıq” meydanına keçirmək üçün qabaqlarını kəsən ordu hissələrini yararaq meydana axışırlar və Meydan Hərəkatı başlanır. Meydanda qarşı-qarşıya iki qüvvə durmuşdu:

Birinci, xalqdan gələn tələbləri iqtidarın qarşısına qoyub cavab tələb edən Xalq Hərəkatı Cəbhəsi və tərəfdarları, ikincisi, tribunadan mitinqə son verib meydanı boşaltmağa çalışan iqtidar, Vəzirov tərəfdarları. Bu iki tərəf arasında aşkar mübarizə gedirdi.

Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli milli bayrağı meydana ilk dəfə 19 noyabr tarixində Bədən tərbiyəsi institutunun tələbəsi Salman Hüseynov və Dövlət İqtisadiyyat institutunun tələbəsi Elşad Ziyadov tərəfindən gətirilmişdi. Onlar ətraflarına toplaşıb maraqla bayrağı seyr edən insanlara onun doğma bayrağımız olması barədə məlumat verib, rənğlərin, ay-ulduzun mahiyyətini açıqlayırdılar. Vəzirovun komsomolçuları kimi bildiyimiz cavanlar hücum edib bayrağı meydana gətirən gənclərin əllərindən almaq istəyərkən qızılbaşlar qarşılarına çıxaraq gəncləri müdafiə edirlər, komsomolçular bir də bayrağa yaxınlaşmağa cəsarət edə bilmirlər. Hatəminin tapşırığı ilə Bəxtiyar Tuncay XHC fondu hesabından material alıb evlərində dörd ədəd milli bayrağı bacısına və mərhum anasına – qəbri nurla dolsun – tikdirib saylarını artırırlar. Bəxtiyara həbsxanada edilən ittihamlardan biri bayraq məsələsi idi.

 

Əbülfəz Elçibəy həbsxanada qiyam qaldırmaq istədi

Meydana inqilabi ruhu Hatəmi verdi, cəsarət və qorxmazlığı ilə nümunə olub tərəfdaşlarını ruhlandırdı. Tərəddüd içərisində qalanlar mövqelərini bir gün ərzində bir neçə dəfə dəyişir, gah iqtidar tərəfə, gah da meydan tərəfə keçirdilər.

Dekabırın 4-dən 5-nə keçən gecə Meydan sovet silahlı qüvvələri tərəfindən dağıdıldı. Hər kəsi tutub həbsxanaya doldurdular. SSRİ prokurorluğu tutulanları bir ay ərzində ərzində süzgəcdən keçirib, Hatəmi, Nemət, Rəsul, Ənvərə 60522 N-li cinayət işi açıb 29.12.88-də DTK-nin təcridxanasına köçürdü. Əbülfəz Əliyev-Elçibəy onları təcridxanaya buraxmamaq üçün həbsxanada qiyam qaldırmaq istəyir, lakin Hatəmi bunun mümkün olmayacağını, lazım gələrsə bura qoşun  yeridib aparacaqlarını bildirir. Əlacsız qalıb xüdafizləşməli olurlar.

SSRİ-nın istintaq qrupunun baş ədliyyə müşaviri V.M.Semyonov tərəfindən 30.12.88-də aparılan ilk istintaqda Hatəmi tələblər irəli sürür.

  1. İstintaq olmadan, günahım sübuta yetirilmədən “Pravda”, “Kommunist” qəzetləri məni “ekstremist”, “miskin”, “nadan” adlandıraraq təhqir etmişlər. Qəzetlər məndən üzr istəməlidirlər. Bu damğalar mənə sübut olunandan sonra haqqımda nə istəyirlər yazsınlar.
  2. Siyasi mühacir pasportum özümə qaytarılmalıdır.
  3. Məni siyasi şəxs kimi mühakimə etməlisiniz, “ekstremist” kimi yox. Bu tələblərim nə qədər ki, yerinə yetirilməmişdir, sizə ifadə verməyəcəyəm.

Təbii ki, Semyonov tələbi qəbul etmədi və işi Qalimulin adlı bir başqa müstəntiqə ötürdü. Hatəmi təcridxanada qaldığı 6 ayda onlara ifadə vermədi.

Müstəntiq Qalimulin ilə görüşüb Hatəminin vəziyyəti haqqında məlumat bilmək istədim, onunla apardığı söhbəti danışıb məni mütəəssir etdi. Hatəmiyə övladları ilə görüş verməyi təklif edib. Təklifi qəbul etməyib və müstəntiqə cavabı belə olub:

“Mən xalq yolunda tutulmuşam. Bundan sonra başıma nə gələcəyi də məni qorxutmur. Xahiş edirəm, bütün qohumlarıma çatdırasınız ki, mənimlə maraqlanmasınlar, dalımca gəlməsinlər, onlar üçün bu, mümkün olmasa da, dünyada mən adında bir doğmaları olduğunu birküllü yadlarından çıxartsınlar.”

İstintaqların birində Savuşkin ona deyir ki, “Dostların sənin əleyhinə ifadə verirlər”. O, düz deyirdi. Hatəmiyə qarşı ifadə verənlər həqiqətən də onun yanında duran ziyalı yaxın adamlar idi. Müstəntiqin məqsədi hisslərinə toxunub onu sındırmaq, əzmək, danışdırmaq idi. Lakin Hatəmi belə hallara düşdüyünə görə günahı onun təmsil etdiyi dövlətin, quruluşun üzərinə qoyub belə cavablandırır: “Görün toplumu necə murdarlamısınız ki, içərisində onlar da olmaqla, xalq üçün azadlığını itirmiş adamın əleyhinə ifadə verirlər.”

Çətin günlər keçirdi. Bir ğün qapının zənği çalındı, açarkən qarşımda Vurğun Əyyub və Tağı Xalisbəylini ğördüm, salamlaşıb içəri dəvət etdim, bir neçə dəqiqəlik sükutdan sonra söhbət etdik. Vurğun məhkəmədə Hatəmiyə vəkil tutmaqdan ötrü yardım gətirdiklərini bildirib əlindəki bağlamanı masanın üzərinə qoydu. Onlara təşəkürümü bildirdim.

06 iyun 1989-cu ildə həbsxanadan azad olur. Söhbətlər edən zaman vətən, azadlıq uğrunda ayağa qalxmış hər bir insanın qəhrəman olduğunu söylərdi.

Bax mənim qardaşım və bu milləti oğlu Məhəmməd Hatəmi Tantəkin belə idi. Hər şeydən öncə Vətəni bilən bir şəxsiyyət.

Tomrid Hatəmi

Məhəmməd Hatəmi Tantəkinin qardaşı

Strateq.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button