“Qaşıqçı məsələsi”ndə ən mühüm sual

Oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna girəndən sonra barəsində bir daha xəbər alına bilinməyən jurnalist yazar,”Washington Post” qəzetinin ərəb əsilli şərhçisi Camal Qaşıqçının barəsində məlumatlar böyük ölçüdə Qərb mətbuatından tədavülə daxil olur.

Qaşıqçının Baş Konsulluqda öldürülməsinə dair ehtimallar getdikcə güclənsə də Türkiyə kanallarının canlı yayımlarında “türk heyəti içəri girdi, türk heyəti içəridən çıxdı” trafaretindən başqa bir “şey” eşitmək mümkün deyil. İqtidar isə ilkgünkü soyuqqanlılığını qoruyaraq jurnalistin itməsi məsələsinə aydınlıq gətirilməsi üçün “qardaş ölkə Səudiyyə Ərəbistanı ilə sıx əməkdaşlığın” əhəmiyyətini vurğulayır.

Hadisəni fürsət bilən prezident Trump Riyadı yenə və yenidən qaz kimi yolmağa hazırlaşır. Türkiyə ilə Səudiyyə Ərəbistanının hadisəni aydınlığa çıxarması üçün “müştərək komissiya” yaratmaq cəhdi (cəmiyyətdə bu məsələ ilə bağlı hakim fikir budur) “ipə un sərmək kimi qiymətləndirilir və “indiyə qədər hansı komissiya nəyin üstünü açıb?” sualını o cəhdin paralelində saxlayır.

Bu xaotik durumda Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulunun 2 gün qabaq Türkiyəni tərk etməsi şübhələri daha da artırıb. İqtidar partiyasının sözçüsü Ömər Çelik “baş konsulun toxunulmazlığının olduğunu” desə də və bunu Vyana konvensiyaları ilə əsaslandırmağa çalışsa da konsulluq missiyalarının əməkdaşlarının toxunulmazlıqlarının olmadığını 1963-cü il Vyana konvensiyasını (konsulluq missiyalarının fəaliyyətlərini tənzimləyən beynəlxalq sənəd) oxuyan hər kəs görəcək.Adı üstündədir: konsulluq missiyaları siyasi vəzifələri yerinə yetirmirlər ki, onların əməkdaşlarının toxunulmazlığı olsun. Ona görə də Türkiyənin prokurorluq orqanlarının Səudiyyə Ərəbistanı baş konsulunu sorğu-suala çəkmələrində heç bir qəbahət yox idi. Ancaq baş konsulun Türkiyəni tərk etməsinə qədərki mərhələdə üzərində durulması lazım olan ən mühüm məsələ -Baş Konsulluğun binasına daxil olan Qaşıqçının öz taleyi ilə bağlı narahatlığıdır.

Oktyabrın 2-də günorta saatlarında Baş Konsulluğun qarşısına gələn Qaşıqçı binaya girməzdən əvvəl nişanlısına deyib ki, “içəridən gec çıxsam, Yasin Aktayı və türk-ərəb media dərnəyini xəbərdar edərsən. Qaşıqçı öz nişanlısına bu tövsiyəni nə məqsəqlə vermişdi? İçəridə olarkən hər hansı problem yaransa, AKP-nin keçmiş Siirt millət vəkili (hazırda iqtidar partiyası sədrinin müşaviri) professor Yasin Aktay tez müdaxilə edib o problemi həll edəcəkdi yoxsa içəridə başına pis iş gələ biləcəyindən şübhələnən Səudiyyə ərəbistanlı jurnalist professor Aktayın bayırda hay-küy qoparmasını istəyirdi?

Hay-küy qoparmaq lazım idisə onsuz da jurnalistin türk nişanlısının sosial mediadan mesaj atmasıyla o gurultu qopacaqdı. Məntiqlə baxanda görünür ki, Baş Konsulluğun binasında başına pis iş gəlməsi halında Camal Qaşıqçı bir türk siyasətçinin onu xilas edə biləcəyinə inanırmış (bu inamı ona professor Yasin Aktayın verib-vermədiyini bilmirik).

Türkiyə parlamentinin üzvü ikən Yasin Aktay ərəb ölkələri, xüsusilə Səudiyyə Ərəbistanı və Küveyt ilə çox yaxın əlaqələri olan siyasətçi kimi tanınırdı. Şübhəsiz, Camal Qaşıqçı da bunu bilirdi və çarəsiz qaldığı halda professor Aktaya müraciət etməyi nişanlısına tapşırmışdı. Bu məntiqlə düşünərkən məntiqin davamı kimi növbəti sual gəlir: Baş Konsulluqda Qaşıqçının başına bu faciənin gələcəyini ərəb ölkələrini çox yaxından tanıyan və ərəb ölkələrinin yaxından tanıdığı professor Aktay təxmin edə bilərdimi? Müsbət cavab vermək mümkünsüz dərəcədə çətindir. Ona görə beynəlxalq səviyyədəki təhqiqat və təzyiqlərin davam etdirilməsini gözləmək ən doğru yoldur.(turan.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button