QAT sədrinin müavini döyülüb!

QAT sədrinin müavini İlqar Əliyev Dövlət Neft Şirkətinin qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyülüb. Hadisə Binəqədi rayonu Sulutəpə qəsəbəsində baş verib. İlqar Əliyev həmin qəsəbədə məcburi köçkün olan qohumları üçün kiçik bir ev düzəltmişdi. Dövlət Neft Şirkətinin qoçu dəstəsi həmin əraziyə gəlmiş, ağır texnika ilə evin hasarını sökməyə başlamış, onların bu hərəkətinin qanunsuz olduğunu bildirən İlqar Əliyevi döymüş, hətta onun 60 yaşlı anası Xanım Əliyevaya da əl qaldırmış, ədəbsiz söyüşlər söymüş, təhqir etmişlər. İlqar Əliyev ağır kəllə-beyin zədəsi ilə Mərkəzi Respublika Klinikasına qəbul olunub, vəziyyəti orta ağırdır, ciddi klinik müailicəyə ehtiyacı var. Faktla bağlı Binəqədi rayonu 40-cı polis bölməsində cinayət işi açılıb, istintaq işləri aparılır.

Biz bu hərəkətləri Qarabağ Azadlıq Təşkilatına qarşı qəsd kimi dəyərləndiririk. Çünki yerli hüquq-mühafizə orqanları İlqar Əliyevə dəfələrlə icimai-siyasi fəaliyyəti ilə bağlı xəbərdarlıq etmiş, onu susduracaqları ilə hədələmişdilər. Onu da qeyd etməliyik ki, həmin ərazidə yüzlərlə tikili olmasına baxmayaraq, yalnız İlqar Əliyevin qohumlarının evini hədəf seçmişlər. Dövlət Neft Şirkətinin qoçularını yerli polis bölməsinin əməkdaşları müşayiət etmiş, onların qanunsuz hərəkətlərinə yardım göstərmişlər.

Biz hüquq-mühafizə orqanlarından obyektiv araşdırma aparılmasını, günahkarların cəzalandırılmasını tələb edirik. Dövlət Neft Şirkətinin rəhbərliyindən isə soruşuruq ki, bu cür qoçu dəstələri yaratmağa, insanlara qarşı təzyiq tətbiq etməyə, günahsız insanları döyməyə onlara kim icazə verib, onlar hansı qanuna əsaslanırlar?

Sonda onu da bildiririk ki, İlqar Əliyev ixtisasca jurnalistdir, Bakı Dövlət Universitetinin jurnalistika fakultəsini bitirib, hazırda tanınmış idman qəzetlərindən birinin əməkdaşıdır.

                                                                                                                               “Xural” qəzeti,

 il 9, sayı: 035 (443), 11-17 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button