“Qaynar Qazan” Qənimət Zahid (II hissə): “İlham Əliyevdən müsahibə götürmək imkanım olsa…”

Azərbaycan cəmiyyəti indi müxalifətdə olmalıdır

Prezident olanda Əbülfəz bəy də məndən narazı idi

Qənimət Zahidlə müsahibə götürmək hər zaman zövqlü olub. İndi də elə oldu. Çünki Qənimət çox ciddi suallara bəzən elə cavab verir ki, adam məəttəl qalır. Onu Fransa, Strasburq da dəyişməyib. Həmişəki nizamdır. Evi və işi Vətənin və onun balalarının üzünə açıqdır. İndi Qənimət Zahidin evi və işi hər zamankından bir az daha çox ictimaiyyət üçün qonaqpərvərdir. Gələn onun yanına gəlir. Ayəndə xanımla bir yerdə artıq bu Vətənin didərgin balalarının ata-anası olublar Qənimət Zahid. Elə gördüm…

Bu çəkilişi əvvəlcədən planlaşdırmışdım. Amma Qənimətin razılığı olmasa, təbii ki, olmayacaqdı. Mən zatən Frankfurtdan zəng edib danışanda onun qırımını gözlədim. Həssas adamam, ən xırda bir tərəddüdünü hiss eləsəydim, heç Strasburqa getməyəcəkdim. Bizim Qənimət Zahidlə elə bir səfərimiz də olub…

Haşiyə:

2000-ci ildə Qənimət Zahidlə işsiz zamanlarımız idi (Guya bizim nə zaman işimiz oldu ki). Bir gün Qənimət gəldi ki, “Ayaz Mütəllibovun adamları təklif edirlər ki, Moskvaya gedim, vaxtın varsa, gedək.” “Gedək” dedim. Getdik və o səfər macəralı və əks-sədası ölkə mətbuatında aylarla davam edən bir səfər oldu. Əli Əhmədovdan Xoşqədəm Hidayətqızına qədər geniş yelpazəli bir mətbu şəbəkə bizi hədəfə götürdü o zaman. Sözü ona gətirmirəm, o səfərdə yaxın və ərk elədiyim bir adama zəng elədik. Qənimətlə gəldiyimi bildi və “istəyirsən gələrsən” dedi. O zamandan da Qənimətlə aramızda o haqda hər zaman danışardıq. Qənimətin “şamaxılılarına” nisbətən mənim “yerazlarım” başımı bir az aşağı eləmişdi. İndi yadıma düşdü… Ona bənzər ən xırda hal belə olsaydı, mən elə oradan da Vətənə qayıtmağı planlaşdırırdım. Amma Qənimət və onun missiyası dəyişməyib. Həm razılıq verdi, həm də Arif Məmmədovla müsahibənin alınmasında yardımçı oldu.

Qənimət Zahidlə onun ilk yaşadığı şəhər olan – indi orada Natiq Ədilov yaşayır – Bezansona getdik. Zatən mənim Strasburqa gəldiyim gün bazar gününə təsadüf edirdi və Qənimət də Bezansona, uşaqlarının yanına gedirdi. Ayəndə xanımla Alı Rza olmasaydı, mən Strasburqda nə edəcəyimi təsəvvür belə etmirəm. Amma Bezansona getmək mənə çox faydalı oldu. Həm Viktor Hüqonun şəhərinin necə olduğunu gördüm, həm də cənnətin təxmini sxemini öyrənmiş oldum. Avropalılar özləri üçün cənnəti bu dünyada yaradıblar – Bezansonda bunu da gördüm.

Strasburqda gərgin işlədik. Qənimətin “Azərbaycan Saatı” proqramının ofisində nizam o qədər də mükəmməl deyil. O da tək adamlıq eşqindədir. Hər şeyi də tək adam üçün nəzərdə tutub. Xromokey tək adamlıq, masa tək adamlıq, adam, başına dönüm, sən Turan TV adlı nəhəng bir layihəyə başlayıbsan, belə hara qədər gedəcəksən, amma kimə deyirsən?! Qənimət zatən hər zaman elə çalışıb, indi də elədir. Tək başına dünyanı abad edəcəyini düşünür. Təbii ki, yanında Ayəndə xanım kimi silahdaşı var, amma bütün hallarda, çəkiliş məsələsi bizi birtəhər elədi.

Bir zülümlə kameraları qoşduq. Bir zülümlə obyektivləri tutşdurduq. Havalar da çox soyuq, kombi işləmir, istilik sistemi yox. Ayəndə xanım kameralara nəzarət edir. Saat yarımlıq çəkilişdən sonra bir də məlum olur ki, yaxamızdan asdığımız mikrofonlar sönüb. Deməli, səs yox! Allaaahhh, gəl işin içindən çıx. Saat da zatən gecəni keçir.

O baxımdan, ilk çəkilişimiz alınmadı. Qazandığımız o oldu ki, Ayəndə xanım xəstələndi və işlərimiz daha da bərbad oldu. Hər şey qaldı bir ertəsi günə. Bir ertəsi gün isə Arif Məmmədovla çəkiliş olmalı idi.

Bir kolay, çəkilişləri yekunlaşdlrdıq. Dostları ziyarət etdim. Strasburqu gəzdim, Avropa Parlamentinin binasını, Avropa Məhkəməsinin binasını gördüm. Və… az qala şok oldum. Düz Avropa Parlamentinin binasının yanında Jozefinanın bağı yerləşir. Mən dərhal təxmin etdim ki, Avropa Parlamentinin binası vaxtilə həmin Jozefinanın bağının bir hissəsi olub. Deməli, Avropa Parlamentinin binası Jozefinanın bağında tikilib və nə qəribədir ki, Jozefina həmin bağa cəmi-cümlətanı bircə dəfə gəlib, onda da bəyənməyib.

Strasburq xatirələrim çox zəngin oldu. Çəkilişi bitirib Almaniyaya yeməyə getdik və 6 dəqiqə sonra Almaniyada olduq. Strasburq vaxtilə almanlarla fransızların arasında bizim Qarabağ kimi bir bölgə olub. Mən Almaniyaya yeməyə gedəndə nə illah elədim, sərhəddi müəyyən edə bilmədim. Vaxtilə minlərlə, hətta bəlkə yüz minlərlə inssanın öldürüldüyü sərhəd yerlərində indi heç nə yoxdur. Vaxtilə körpünün üstündə xırda bir polis postu olub, onu da Almaniyanın birləşdiyi günün ildönümündə yandırıb bir tərəfə tullayıblar.

Hə, bax bu qədər zəngin təəssüratlarla Qənimət Zahidlə dərdləşdik. “Qaynar Qazan”ın 29-cu qonağı “Azadlıq” qəzetinin mühacirətdə olan baş redaktoru, “Azərbaycan Saatı” verilişinin aparıcısı, Turan TV-nin rəhbəri, Azərbaycan mətbuat tarixinin ən önəmli və usta yazarlarından Qənimət Zahiddir. Çox maraqlı müsahibdir…

Əvəz Zeynallı

II hissə

 

Ölkədə vətəndaş jurnalistikasının nə olduğunu dərk edən minlərlə, yüz minlərlə insan var

 qenimet-qq2

– Hacıyev Malik yazır: “Qənimət bəyi salamlayıram. Kaş ki, ölkədə bütün media işçiləri Qənimət bəy kimi olardı. Bilmək istəyirəm, əgər təklif gələrsə, REAL hərəkatı və digər həqiqi müxalif partiyalara Turan TV-də efir veriləcəkmi?”

– Buna bənzər başqa suallar varmı?

– Hə, çoxlu suallar var. Xüsusilə də Müsavatla bağlı soruşurlar. Qoşqar Nurəliyev soruşur ki, “Qənimət bəy, sizin ağır zəhmətiniz danılmazdır. Amma nədənsə hədəfimiz eyni olan Əliyev iqtidarına qarşı Müsavatın keçirdiyi mitinq və Müsavatın atdığı addımlar, başda başqan Arif Hacılı və İsa Qəmbər səviyyəsində olan məlumatlar ya yayılmır, ya da üzərindən zəif keçirsiniz. Səbəbini bilmək olarmı? ” Elvin Hüseynoğlu yazır, “Turan Tv-nin yaranmasında əməyi keçən hər kəsə eşq olsun. Bu günlərdə Avropada yaşayan müsavatçıların konfransı keçirildi və bu konfransda Müsavat rəhbərliyi də iştirak etdi. Turan TV bu haqda ictimaiyyəti məlumatlandıracaqmı?” Kamal Zeynallı deyir ki, “Müsavat partiyasının tədbirləri haqqında məlumat verməməyinizin səbəbi nədir? Əvvəlcədən təşəkkür edirəm”…

– Belə suallar var yəqin ki…

– Bəli.

– Bir televiziyada yaradıcı heyət olaraq sizcə Əvəz bəy, neçə nəfər işləməlidir?

– 50-100 nəfər.

– Bizdə cəmi 4-5 nəfər çalışır. Biz 4-5 nəfər olaraq ölkənin bütün spektrini əhatə edən informasiyalar istehsal edə bilərikmi?

– Mən belə sizin yaradıcı heyətin tərkibini çox bilirdim. Amma bu günlərdə sizin fəaliyyətinizlə tanış oldum, baxıram ki, hətta 3-4 nəfər də çoxdur. Bütün güc öz üzərindədir, deyəsən?

– Əsasən, təbii. 3-4 nəfərdir, amma bir az ağırlıq mənim üzərimdə daha çox var. Bu, ola bilsin ki, bir az qeyri-təvazökarlıq kimi səslənsin, amma hər halda bu balaca kollektivin hər bir üzvünün çox böyük fədakarlıqlar göstərdiyini etiraf eləməliyəm. Altından xətt çəkərək deməliyəm. İndi mən axı nə edim ki, ölkədə informasiya təminatına ehtiyacı olan minlərlə insan var. Baxın, ən ucqar bir kənddən bir insan öz problemi ilə bağlı 2-3 dəqiqəlik nəsə çəkib göndərir. Bu, bir vətəndaş jurnalistikasıdır. Ölkənin bütün ucqar kəndlərində, ölkənin bütün rayonlarında, təbii ki, Bakı, ətrafı yerlərdə vətəndaş jurnalistikasının nə olduğunu dərk eləyən minlərlə, bəlkə də yüz minlərlə insanlar var. O insanlar da öz problemlərini çəkib göndərirlər. Vətəndaş jurnalistikasının ən passiv iştirakçıları məhz özünü təşkilatlanmış zümrə hesab edən azərbaycanlılardır. Adamlar, çəkin göndərin də…

– Dediklərinizdən belə çıxır ki, istər ReAL olsun, istər Müsavat partiyası olsun, istər digər siyasi qurumlar olsun, kimsə həmin informasiyaları çəkib, hazırlayıb sizə göndərsə, siz onu məmnuniyyətlə yayarsınız?

– Amma göndərmirlər axı.

– O zaman mən deyim, opponentliyi mən eləyim. Məsələn, Müsavat partiyasının 18 sentyabr mitinqi öncəsində İsa Qəmbərin, Arif Hacılının çarxları – mitinqöncəsi çağırışları yayımlandı. Onları verdinizmi?

– Bilmirəm, yox məncə.

Mən Milli Şura ilə işləyirəm

– Hazır materiallar idi. Bəlkə onları da göndərmək lazım idi?

– Bilirsinizmi, açığını deyim. Mən Milli Şura ilə işləyirəm. Milli Şuradan adamlar mənə deyirlər ki, bizim filan yerdə videomaterialımız var, onu verə bilərsinizmi? Və yaxud da nə zaman verə bilərsiniz? Bu, həm də bir sayğılı yanaşmadır. Baxın, nə “Azərbaycan Saatı” ilə, nə də Turan TV ilə əməkdaşlıq edən heç kim yoxdur. Belə deyək, mənim Azərbaycanda işçim yoxdur. Mən videomterialları necə əldə edirəm? Ya göndərirlər, ya da kimsə məxsusi olaraq xatırladır ki, bizim filan yerdə filan videomateriallarımız var. Məsləhətdirsə, istifadə eləyin. Açığını deyim,. Milli Şura ilə əməkdşlıq etməkdə mənim başqa bir motivim də var. Hesab edirəm ki, Milli Şura ölkədə normal demokratik mərkəzdir. Özüm də maraqlıyam ki, oradan hansısa informasiyaları cəmiyyətə təqdim eləyim və bunun daha çox ictimai maraq yaratması məni cəlb eləyir. Hansı baxımdan cəlb eləyir? Əsasən də niyə belə hesab eləyirəm ki, Milli Şuranın informasiyaları daha çox adam tərəfindən gözlənilir? Açığı, mən elə həmin dediyiniz sentyabr mitinqlərində onu gördüm. Sentyabr mitinqlərində bu, açıq müşahidə olundu.

– Əslində, seçim də orada aydın oldu.

– Bəli. Cəmiyyətin seçimidir. Axı, bir məsələ də var. Baxın, mən məxsusi olaraq hərdən monitorinq aparıram.  Deyək ki, “Azərbaycan Saatı”nın proqramları kimlər tərəfindən dəstəklənir və bu adamlar kimlərdir? Mən elə havaya güllə atmaqla məşğul deyiləm ki… Sonra istehsal etdiyim məhsulla maraqlanıram. Bunun ən əyani göstəricisi də facebook-da var. Kimlər bunu paylaşır? Kimlər bunu bəyənir? Kimlər bunu hansısa bir şəkildə təbliğ eləyir?  O cümlədən də TuranTV. İndi onun yayımı haqda elan olunub.  Onun elanı ilə bağlı özüm burada kiçik çarxlar çəkib hazırlamışam və xalqa da izah eləmişəm ki, biz haradayıq, haradan bizə baxmaq olar. Onların da həmin göstəricilərinə baxıram. Məhz Milli Şuradan kənarda Azərbaycan cəmiyyətinin parçalanmış hissəsinin elə bir dəstəyini də görmürəm. Yoxdur bu dəstək.

– Qısqanclıqmı var?

– Mən bilmirəm. Həm də həmin videoçarxlarda cəmiyyətə açıq müraciət eləmişəm ki, bu, Azərbycanda diktaturaya qarşı, kompromissiz müxalifət hesab olunan hər kəs üçün bir tribunadır. Bu adamlar özlərinin o çağırışlarını görürlərsə, niyə bunu təbliğ eləməsinlər ki? Niyə mənimlə əlaqəyə çıxmasınlar ki? İndi tale elə gətirib ki, bu layihənin başında mən dayanıram. Bəlkə indi başqa bir şəraitdə başqa bir adam olardı. İş elə gətirib. Təsadüfən bu proyektlərin başında mən dayanıram. Yəni mənə bunu yazmaq olmaz ki? Mən tez-tez facebook-da rast gəlirəm. Görürəm ki, kiminsə orada ittiham qaydasında münasibəti yazılıb ki, bu belədir, bu bizim materialları vermir.

– Elədir. Məsələn, burada Məhəbbət Muradov da sizdən soruşur ki, “Qənimət bəy, 2015-ci ildə mənim Müsavatdan çıxmağımla bağlı aldığınız müsahibə niyə efirə getmədi? Siz hakimiyyəti tənqid edirsdiniz, dediklərinizin 5 dəfə artığını haqq edirlər. Amma özünüzün də əməliniz doğru deyil”.

– Hə, Məhəbbət Muradov adlı bir sayğılı vətəndaşımız Müsavat partiyasından çıxıb və adam da hesab edib ki, mən bu məlumatı “Azərbaycan Saatı”nda vermirəmsə, deməli, mənim gördüyüm işlər doğru deyil. Çox maraqlı yanaşmadır. Mən bilmirəm, Məhəbbət Muradov adlı bir dəyərli…

 

Bir saatına min avro ödədiyim bir efir vaxtında

 

– Amma çəkmisinizsə, bəlkə verməlisiniz?

– Bəy, ola bilər ki, çəkilib. Ola bilər ki, orada özü kimdənsə xahiş edib, çəkib göndərib. Ya necə olubsa, o videomaterial çəkilib. Axı, mən bir saatına min avro ödədiyim bir efir vaxtında bu bədxərcliyi niyə eləyim?

– Hə, deməli, siz də pul məsələsinə gəlirsiniz, bax.

– Söhbət açığı, həqiqətən də puldan getmir. Cəmiyyətdə nə qədər maraqlıdır ki, Məhəbbət Muradov Müsavat partiyasından çıxdı. Mən söhbətin gedişindən də xatırlamağa başlayıram. Bu adam bizim Qubad İbadoğlunun, bizim sayğılı Müsavat partiyasından ayrıldığı zamanda həmin dalğada qopmuş dəyərli bəylərimizdəndir. O zaman çox sayda adamlar, məncə yüz nəfərə yaxın adam Müsavat partiyasından getdi.

– Bəli, bir o qədər adam getdi.

– Lap bir neçə on adam getsin. Mən onların dəqiq sayını bilmirəm və sayla bağlı da manipulyasiya etmək istəmirəm. Mən onların hamısını necə və nəyə görə efirə verim? Ümumən də o tərəflə bu tərəfdən bəhs etmişdik. O zaman mənim yaxşı yadımdadır ki, Qubad bəyin tərəfdarları bu məlumatların efirdə, KİV-də getməsində daha çox maraqlı idilər. Amma qarşı tərəfdən elə bir maraq yox idi, öz mövqelərini ifadə etmək üçün. Dəqiq xatırlamıram, amma o zaman biz bu məsələyə ümumiyyətlə, yer vermədik. Bir məsələni də deyim. Axı, ən açığı, müxalifət düşərgəsinin daxilində baş verən münasibətlərə efir saatında yer verilməsinin tərəfdarı deyiləm.

– Bunu da özünüz tətbiq edirsiniz, deyəsən.

– Çalışıram, onu tətbiq eləyəm. Çünki bu ölkənin problemləri, müxalifətin daxilində baş verən hansısa çəkişmələrlə bağlı deyil. Kim deyirsə ki, müxalifət birləşmir, biz ona görə bu gündəyik, mən hesab edirəm ki, onun o qədər də ciddi əsası yoxdur. Bizdə daha çox ölkənin problemi siyasətə kütləvi maraqların budanmasıdır. Daha çox ölkənin problemini sərt inzibati rejimin heç nəyə baxmadan cəmiyyətin dərinliklərinə bir səfər yürüşüdür.Yoxsa, müxalifətin daxilində kimsə küsüb, kimsə barışıb, bunlar sonrakı məsələlərdir.

– Çingiz Cabbarov soruşur ki, yaxın vaxtlarda Turan TV Türksat-a gətiriləcəkmi?

– Mən istəyərdim təbii ki, Türksat-da və yaxud da hansısa peyklərdə yayımlanaq. Amma konkret Türksat-la bağlı açığı bunu deyə bilmərəm.

– Məsud Rza Ali soruşur:”Düzdürmü ki, Rəcəp Tayyip Ərdoğan Qənimət bəyə “Azərbaycan Saatı”nın Türksata qayıtmasının mümkünlüyünü deyib?” Siz ümumiyyətlə, Ərdoğanla görüşmüsünüzmü?

– Əgər söhbət Qənimət Zahidin Türkiyənin prezidenti Rəcəp Tayyip Ərdoğanla görüşüb bu məsələni müzakirə etməsindən gedirsə, bu barədə məndə məlumat yoxdur.

– Bilmirsiniz yəni?

– Yox. Mənim belə bir məsələdən xəbərim yoxdur. Ola bilsin görüşüb, amma mən bunu bilmirəm.

– Teymur Həsənov soruşur ki, “Sabah hakimiyyət dəyişsə, sizi yenə də indiki kimi görə biləcəyikmi? Bu mövqeyinizdə qalacaqsınızmı? Yenidən iqtidarı yıxıb sürüyəcəksinizmi? TuranTV-nin hal-hazırda izləyiciləri nə qədərdir? Bütün hər şeyə görə də təşəkkür edirəm”.

 

“Azadlıq” qəzeti Xalq Cəbhəsi hakimiyyətdə olanda müxalifətdə idi

 qenimet-qq1

– Bilirsinizmi, əgər Azərbaycanda hakimiyyət dəyişilərsə…

– Məncə, Əbülfəz Elçibəy prezident olanda da “Azadlıq” qəzeti müxalifətdə idi?

– Yox… İndi mən başqa məsələni deyim. Azərbaycanda siyasi hakimiyyət dəyişsə və yenidən hansısa diktaturanı, avtoritar rejimi qurmaq cəhdləri olarsa, təbii ki, mıənim mövqeyim aydın olacaq. Amma indi məsələnin o biri tərəfinə toxunum ki, Əbülfəz Elçibəy diktator deyildi, diktator lider də deyildi. Onun yaratdığı hökumıət də bir avtoritar rejim deyildi. Buna baxmayaraq, hətta “Azadlıq” qəzeti o zaman Azərbaycan Xalq Cəbhəsinin rəsmi orqanı idi və mən də “Azadlıq” qəzetinin baş redaktoru idim. Biz onda da deyəsən müxalifət mövqeyində idik. Yəni “Azadlıq” qəzet olaraq hakimiyyətə müxalifətdə idi. Ümumiyyətlə, KİV hər zaman hakimiyyətə müxalifətdə olmalıdır.

– Bir haşiyə olaraq soruşum. O vaxtlar səhv etmirəmsə, Əbülfəz bəy “Azadlıq” qəzetinin redaksiyasına zəng eləmişdi. Bəlkə o hadisə haqqında da danışasınız.

– Açığı, bizim münasibətlərimiz də o dərəcədə yaxın olub. Hesab eləmirəm ki, Əbülfəz Elçibəy durub hər qəzetə də zəng vura bilərdi. Bir məsələni də deyim. Mənim ümumiyyətlə, “Azadlıq” qəzetində gəlib işləməyim elə Əbülfəz bəyin təklifi olub. O zaman bir sistem var idi, ona “napravleniya” – “göndəriş” deyirdilər. Universiteti bitirən məzunlara gənc mütəxəssis kimi harasa göndəriş verirdilər. O zaman Əbülfəz bəy mənim üçün universitetə tələbnamə verib. Mən də onun əsasında  universitetdən göndəriş alıb “Azadlıq” qəzetinə gəlmişəm. Tələbnamədə də Əbülfəz bəy belə yazmışdı ki, Qənimət Zahidovu AXC-nin “Azadlıq” qəzetində işləmək üçün göndərirsiniz. Mən AXC-yə və “Azadlıq” qəzetinə gənc mütəxəssis kimi gəlmişəm.

 

Məni “Azadlıq” qəzetinə Əbülfəz Elçibəy şəxsən dəvət edib

– Yəni xalq sizi dəvət edib.

– Əbülfəz bəy dəvət edib. Yəni bu, rəsmi prosedur idi. Mən bilmirəm, başqa bir adam varmı ki, Əbülfəz bəy ona da tələbnamə göndərsin.

– Əbülfəz bəyin dəvət elədiyi adamların çoxu sonradan çıxıb deyiblər ki, bizi xalq dəvət eləmişdi. Ona görə deyirəm bunu…

– Hə? Yox, məni xalq dəvət eləməmişdi. Xalq heç o vaxt məni tanımırdı. Əbülfəz bəy tanıyırdı, o da dəvət eləmişdi. Bunu nəyə görə deyirəm? Ona görə deyirəm ki, buna baxmayaraq, prezident olanda Əbülfəz bəy də məndən narazı idi. Hətta bir-iki dəfə zəng eləyib iradlarını da bildirmişdi.  Mən də demişdim ki, “başına dönüm, nağayrım, mən də qəzet buraxıram da… Qəzet belə buraxılmalıdır”…

– Elə də olmuşdu?

– Hə.

– Ramil Carçıyev soruşur ki, dünyanın izlədiyi bir telekanalı davamlı yaratmaq məsuliyyəti Qənimət bəyi qorxutmur ki?

– Yox, bəy, qorxmuram. Başqa şeylərdən qorxuram, amma bu məsuliyyətdən qorxmuram. Yəqin ki, dabam eləyəcəyik, inşallah.

– Ruslan Nəsirli yazır: “İlham Əliyevin Qənimət bəylə birbaşa debat imkanı olsaydı, Qənimət bəy İlham Əliyevə qalan son beş saniyəsində nə deyərdi?”

– Bəy, mən sizə birmənalı olaraq bir şeyi deyim. Mən heç bir vaxt İlham Əliyevlə debata-filan çıxmaram. İlham Əliyevin debata çıxacağı siyasilər var, getsin onlarla debata çıxsın.

– Mətbuat nümayəndəsi kimi müsahibə götürmək imkanlarından söhbət gedir.

– Müsahibə götürmək imkanım olsa, deyərəm ki, “Başına dönüm, niyə belə eləyirsən, axı?..” O qədər. (Gülür…)

– Nicat Abdulla yazır: “İlham Əliyevin mətbuat nümayəndələri ilə mətbuat konfransı keçirsəydi və hər kəsin də sual vermək imkanı olsaydı, Qənimət bəy İlham Əliyevə hansı sualı verərdi?”

– Bayaqkı sual da təxminən buna bənzəyən bir sual idi. Bəs mən 4 ildir “Azərbaycan Saatı”nda həmin sualları verirəm də… (Gülür) İlham Əliyevə düz 4 il yarımdır verəcəyim həmin sualları verirəm… Aprel ayında 5 il tamam olacaq. O sualları verərdim, həmin sualları da verirəm.

– Şəhriyar Səmədov soruşur: “Fransa təcrübəsi Qənimət bəyə nə qazandırıb? Bu ölkədə ənənəvi və sosial media arasında nə kimi fərqlər var?” Ondan sonra da Şəhriyar bəy bir şeylər yazıb, amma mən bu sualları vermək istəmirəm. Sualın yalnız bu hissəsini verirəm.

– Kobud bir şeylər yazıb?

– Kobud bir şeylər deyəndə ki, ənənəvi ailələrlə, eynicinsli nikahlarla bağlı suallardır…

– Onun mənə nə dəxli var?

“Qayğanağın dadını bilmək üçün toyuq olmağa ehtiyac yoxdur”

– Sizin onların mövqeyini dəstəklədiyinizi soruşur… Mən özüm anlamadım. Ona görə də sualın birinci hissəsinə cavab verməyə bilərsiniz.

– Birincisi, mən Fransada yaşasam da, hesab edirəm ki, Azərbaycanda yaşayıram. İstər Fransada, istərsə də dünyanın demokratik ölkələrində sosial media, ənənəvi media və ictimai münasibətlərdə nələrisə öyrənmək üçün həmin ölkələrdə yaşamaq, o qədər də vacib deyil. Bir məşhur məsəldə deyilir ki, “qayğanağın dadını bilmək üçün toyuq olmağa ehtiyac yoxdur”. Amma konkret olaraq burada mən çox az hallarda evdən və işdən kənara çıxıram. İşim çoxdur. Buna baxmayaraq, Fransa mediası Qərbi Avropa demokratiyasının təzahürlərindən biridir. Məsələn, Fransaya deyirlər ki, ermənipərəst ölkədir. Təbii ki, erməni təbliğatı burada çox güclüdür. Amma bir söz deyim. Bu, erməni lobbisinin və yaxud da erməniliyin gücü deyil. Bu, onun qarşısına çıxmalı olan güclərin zəifliyidir. Baxın, 3 günlük aprel döyüşlərindən – o zaman da İlham Əliyev çıxıb dedi ki, Putin və ermənilər xahiş etdilər, biz də müharibəni dayandırdıq – sonra açığı, gözləyirdim ki, məhz Fransada Azərbaycanın mövqelərini əsaslandıran, izah edən bir mətbuat dalğası keçəcək. Axı, bizimkilər bura gələndə milyonlarla pul xərcləyirlər. Çox bahalı layihələr həyata keçirirlər. Belə deyək, ziyafətlər, böyük banketlər və s. verirlər. Bir qədər loru dildə desəm, “unitaz layihələri”. Amma bunun da bir nəticəsi olmalıdır. Bu təbliğat varsa, mətbuatda görünməlidir…

– Böyük pullar xərclənir, amma… Özəlliklə Fransada milyonlar xərclənir.

– Bəy, milyonlar deyil, on milyonlar, yüz milyonlar. Ən çox da bu Fransada…

– Siz buradasınız, xərclənən o pulların bir nəticəsi varmı? Ona görə Azərbaycanı tanıyırlarmı?

– Yox. Onu Azərbaycanı tanımaq, Azərbaycanın mənafelərini təbliğ etmək üçün xərcləmirlər. Onu merkantil maraqlar üçün xərcləyirlər. Kimlərsə özünü tanıtdırır. Aprel savaşından sonrakı o mərhələdə Fransa mediasında Fransanın ilk beşliyə daxil olan ən məşhur “France Observateur” qəzetində cəmi bir yazı çıxdı, onu da mən yazdım. Həmin yazıda da izah elədim ki, bu müharibənin mahiyyəti nədir. “Azadlıq” qəzetində həmin məqalənin tərcüməsi də yayıldı. Başqa heç bir yazı-filan dərc olunmadı. Mən də Fransaya bir qəpik-filan pul xərcləməmişəm.

– İltifat Hacıxan Sultan yazır: “Qənimət bəylə “Vətəndaş həmrəyliyi” qəzetində birgə işləmişik”. Bizimlə o vaxt işləyən gənclərdən idi.

– Hə, o vaxt sizin parlament müxbiriniz işləyirdim.

 – “O vaxt Qənimət bəyin Milli Məclislə bağlı yazdığı yazı böyük rezonans yaratmışdı. Sualım belədir: Milli Məclisin neçə pilləkəni var, əgər Qənimət bəy, deputat olarsa, o pilləkənləri neçə-neçə çıxıb, düşər?” İltifat bəy nəsə demək istəyib, amma bilmirəm, deyə bilibmi?

– Nə bilim, bəlkə ürəyində nəsə tutub? Oktay Əsədov oradadır. Bu sualı ondan soruşmaq olar. Nə bilim, parlamentin pilləkənlərini dəyişiblər, nə ediblər.

 

Nə yorulmuşam, nə bezmişəm, nə də “kaş bu yola düşməyəydim” demişəm

 

– Ali Rza soruşur: “Xüsusilə də gənc nəsil və prosesləri yaxından izləməmiş adamlar Qənimət Zahidi bəlkə də birinci dəfə televiziya layihəsində – “Azərbaycan Saatı”da görüb. Amma çoxları onu “Azadlıq” qəzetinin baş redaktoru olaraq tanıyır. Amma Qənimət Zahid 30 ilə çatan bir mübarizə yolunda yürüyür. Axı, özü heç bir vaxt qabartmasa da, bilənlər bilir ki, 1980-ci illərin sonunda Milli Azadlıq Hərəkatının avanqardı olmuş tələbə birliklərinin əsas simalarından biri olub. Sualım belədir: Qənimət bəy, o şanlı mübarizə yolumuzu şahidi və iştirakçısı kimi gələcək nəsillər üçün qələmə almaq fikriniz varmı? Daha doğrusu, tarixin həm də onun üzərinə qoyduğu bu missiyanı nə vaxt yerinə yetirəcək? Bu 30 illik mübarizə yolunda heç bezib usandığı, kənara çəkilmək istədiyi zamanlar olubmu?”

– Yəqin ki, nə zamansa yazarıq. Bizim bu 30 illik mübarizə enində-sonunda başqalarından fərqləndirə biləcəyimiz bir şey qazandırıb da… O da məsələn, yazıb-pozmaq qabiliyyətidir. Biz bu istiqamətdə nəyisə əldə eləmişik. Ona görə də gərək yazaq. Nə vaxtsa, əlbəttə, yazaram. Nə vaxtsa yazacam hər halda. Amma o ki, qaldı yorulmaq, bezmək məsələsinə tamam səmimiyyətimlə deyirəm – heç zaman nə yorulmuşam, heç zaman nə bezmişəm, heç bir zaman “kaş bu yola düşməyəydim” deməmişəm, heç zaman da o məsələlər olmayacaq. Elə hər zaman, “haqq eləyirəm”, – deyəcəm…

– “Düz eləyirəm!”, hə?

– Düz eləyirəm. Hər zaman da belə olacaq yəni, buna əminəm.

– İradə xanım Nəriman soruşur: “Bütün sivil ölkələrdə qəzet kommersiya strukturudur, yəni onların rəhbərləri, başçıları, aparıcıları halal zəhmətlə kifayət qədər zəngin insanlara çevrilirlər. Siz də uzun illərdir ki, ölkəmizdə ən böyük qəzetlərdən birinin baş redaktoru və kifayət qədər populyar olan TV kanalının yaradıcısı, rəhbəri və əsas aparıcısısınız. Lakin hamımıza məlumdur ki, imkanlarınız son dərəcə məhduddur və maliyyə resurslarınız da azdır. Bu da sizin hərtərəfli bacarığınızdan xəbər verir. Belə çətin şəraitdə bu işləri yaratdığınıza görə… Azərbaycanda bu qədər işləri məhdud imkanlarınızla həyata keçirirsiniz. Gələcəkdə – demokratik dəyişikliklərdən sonra və normal şərtlər daxilində yeni bir sahədə fəaliyyətinizi davam etdirmək planınız varmı, yoxsa, yalnız indiki ekstremal və ziddiyyətli şəraitdə özünüzü bu cür fəaliyyətə borclu bilirsiniz?”

– Bilirsinizmi, artıq yaşımız da keçib. Birdən-birə ayılıb baxanda ki, artıq 54 yaşım var…

– Yəni artıq o qədər vaxt yoxdur?

– Var, vaxt var. Vaxt hələ çoxdur. İndən sonra bir 50 il də yaşasam bəzi şeyləri həll eləyə bilərəm. Sonra rahat pensiyaya çıxmaq olar. Amma media çox maraqlı sahədir. Mətbuat çox maraqlı istiqamətdir. Çox gərgin, çox əziyyətli, amma eyni zamanda da çox maraqlı… Ona görə də İradə xanıma xoş sözlərinə görə təşəkkür edirəm. Amma hesab edirəm ki, mənim yerim elə mətbuatdır. Yəqin ki…

– Yəni hüquq müdafiəçisi olmayacaqsınız?

– Yox. Əslində bəy, bilirsinizmi, bu cür şəraitdə qəzetçi olmaq, bu cür şəraitdə bir media strukturunun təmsilçisi olmaq, hətta işçisi olmaq elə hüquq müdafiəçiliyidir.

– Həm də hüquq müdafiəçiliyidir?

– Əlbəttə, bizim işimiz nədir ki, guya? Başqa bir işimiz yoxdur ki…

Mətbuata sadəcə azadlıq vemək lazımdır

qenimet-qq

– Kamran Zamanlı soruşur: “Dövlətdə önəmli bir postunuz olsaydı, məsələn, Əli Həsənovun tutduğu vəzifədə olsa, hökumət mətbuatla bağlı problemlərin həllini ona tapşırsaydı, problemləri necə həll edərdi?” Yəni Mətbuat Şurasını yaradardımı?

– Mətbuata sadəcə azadlıq vemək lazımdır. Mətbuatda briqadirlərin sayını ixtisar eləmək lazımdır. Vəssalam. Adamlar nə istəyirlərsə, onu da eləsinlər. Fövqəladə bir şeyə ehtiyac yoxdur.

– Tənqidi suallarla bir yerdə təqdiredici suallar da var. Xəyal Rüstəmov yazır ki, “Siz Azərbaycan müxalifətini necə görmək istəyirsiniz? Bu qədər fədakarlığı heç kim edə bilməzdi, amma siz eləyirsinizsə, təşəkkür edirəm”.

– Mən də Xəyal bəyə təşəkkür edirəm. Mən Azərbaycan müxalifətini yox, Azərbaycan cəmiyyətini necə görmək istəyirəm – sualı mənim üçün daha cəlbedicidir. Bizdə adamlar sadəcə özləri üçün korpuslaşdırırlar ki, müxalifətin işi budur, o biri pambıqçıdır, onun işi pambıq yığmaqdır, digəri də müəllimdir, onun da işi təhsil verməkdir. Belə çox qəribə bir korpuslaşdırma gedib, təsnifatlaşdırma gedib. Və bu, çox yanlışdır. Azərbaycan cəmiyyəti indi müxalifətdə olmalıdır. Bu qədər dəyərlərindən – mən həm maddi və həm də mənəvi dəyərlərini deyirəm. Bu qədər dəyərlərindən məhrum edilmiş bir cəmiyyət niyə müxalifətdə olmasın ki? Hələ fərqləndirir də. Kimlərisə gözünün qabağında canlandırır ki, bu müxalifətdir, bunun işi bu olmalıdır. Yəni həmin anlamda – indiki o yanlış ictimai anlayış prizmasından götürsək, mən Azərbaycan müxalifətinin indi üzərinə düşən işlərlə çox fədakarcasına məşğul olduğu qənətindəyəm.

– Bu bir az provokativ sualdır, amma bir neçə sualın içindən bunu seçdim. Zülfüqar Qubad yazır: “Atalar deyib, bir dəfə məni aldatsan sənə lənət, ikinci dəfə aldanılsam mənə lənət. Müsavat və müsavatkimilər arxada özünə post qurub deyir ki, biz də mübarizə aparırıq, amma heç fərqinə varmırlar ki, bu rejimin əlinə oynamaqdadırlar. Rejim də görür ki, arxaya çəkilməyə yer var, öndə olanlara da təzyiq edir, onlar da geri basdalayır. Ya öndə olmalısan, ya da heç olmamalısan. Qoy düşmən də görsün ki, geriyə yer yoxdur”.

– Atalar sözüdür?

– Atalar sözü kimi deyib, amma nəsə bir sual kimi də səsləndirib. Hər halda Müsavatı və müsavatçıları hədəf götürüb.

– Mən açığı, xüsusi bir izahat vermək istəmirəm. Ölkədə çoxlu partiyalar ola bilər. Bütün vətəndaşların hansısa partiyalardan xoşu gələ və gəlməyə bilər. Bitr adamın, tutaq ki, A partiyasından xoşu gəlmirsə, gedib B partiyasına qoşulsun. Bu qədər bəsitdir, yəni imkanı var. Bizdə də – Azərbaycanda da seçim imkanı var.

– Baba Mirzəxanlı soruşur: “Qənimət bəy yaxşı olardı ki, Azərbaycan müxalifətinin daxili kiçilmələrə səbəbkar olan məziyyətlərindən bəhs etsin. Çünki bu hal müxalifətə olan inamı itirməkdədir”.

– Bu da bayaq danışdığımız məsələnin tərkib hissəsidir. Ona bənzəyir. Mən bir daha onu əminliklə vurğulamaq istəyirəm ki, problem Azərbaycan müxalifətində deyil, problem Azərbaycan cəmiyyətindədir. Cəmiyyət öz haqlarına sahib çıxmağı bacarmalıdır. Cəmiyyət təşkilatlanmağa meyilli olmalıdır. Bizim cəmiyyət birmənalı şəkildə bilməlidir ki, bir xalqın digərindən üstünlüyünün əsas göstəricisi onun təşkilatlanma mədəniyyətidir. Və bir xalqın əldə etdiyi uğurlar öz ləyaqətinə uyğunluqla hesablanır ki, həmin xalq o təşkilatlanmanın hansı mərhələsində, hansı səviyyəsindədir. Bir ölkədə avtoritar rejim varsa, deməli, o xalqın qüsurları bir qədər önə çıxıb.

– Yəni məsələ müxalifəti aşır?

– Axı, bilirsinizmi necədir? Məsələn, deyək ki, bu Avropa ölkəsi – Fransada yaşayırıq da… Hakimiyyətdə və müxalifətdə bir-birini əvəzləyən partiyalar var. Ya ultra millətçilər var – bir xanım siyasətçi də onun rəhbəridir. İndi bu fransız cəmiyyərtinin çoxluğu hesab edir ki, o pis partiyadır, ona azlıq dəstək verir. Sorğularda hər zaman 10-15 faiz, bəzən də 20 faizi hədəfləyir. Amma qalan əsas cəmiyyət iki partiyanın arasında seçim eləyir. Yəni mükəmməl bir strukturlaşma var. ABŞ-da başqa cürdür. İki partiyalılıqdır, səhv etmirəmsə… Azərbaycanda cəmiyyətin seçiminin nədən ibarət olduğunu mən hələ özüm üçün kəsdirə bilmirəm. Və yaxud da ən ümumi şəkildə belə xarakterizə eləmək olar ki,  Azərbaycan cəmiyyəti seçim oriyentasiyasını itirmiş cəmiyyətlərin siyahısındadır.

Mən kütlə başçısı deyiləm

evez

– Baba Allahnəzərov soruşur: “Onun gördüyü işlər kütlə psixologiyasına təsir edirmi və əgər edirsə, nəyə görə nəticələri yoxdur? Bu üzdən ona elə gəlmirmi ki, kütlə başçıları kütlə psixologiyasına yaxından bələd olmalı və onu öyrənməlidirlər?”   

– Kütlə başçıları?

– Elə yazıb.

– Mən açığı kütlə başçısı deyiləm. Mən bir jurnalistəm və hesab edirəm ki, mənim gördüyüm işlərin çox böyük faydası var. Bunun faydasının nədə olduğunu ən müxtəlif nümunələrlə də izah edə bilərəm. Məsələn, 3-4 il bundan əvvələ qədər Azərbaycan vətəndaşları mikrofondan, kameradan qorxurdular. Burada təbii ki, sosial şəbəkələrin də böyük rolu var. Amma “Azərbaycan Saatı”nın da müstəsna rolu var. Bunu çəkinmədən deyirəm: Azərbaycan cəmiyyəti kameradan qorxmamağa başlayıb. Bu, bizim nailiyyətimizdir. Və yaxud da bizim də böyük payımız olan nailiyyətlərdən biridir. Azərbaycan cəmiyyəti çox interaktiv cəmiyyətə çevrilib. Sizə bir söz deyim. Mənim “vatsap”ımda bir neçə min adam var. Facebook-da nə qədər dostum olduğunu hamı görür. 5 min dolandan sonra izləyicilərin sayı artmağa başlayır.

– Vatsapda bu sərhəd yoxdur, eləmi?

– Açığı, mən tez-tez onu təmizləyirəm. Bir də görürsən ki, telefon asılır, qalır. Skayp-da mənimlə əlaqə saxlayan adamların siyahısı var. Onların sayı da min nəfərə qədərdir. Bu adamlar mənə “Əsli və Kərəm”in dastanını danışmırlar ki? Bu adamlar cəmiyyətin üzvləridir.

– Xəbər mənbələridir.

– Xəbər mənbələridir və şikayətlərini, dərdlərini deyirlər. Mən bunu niyə vurğulayıram? Azərbaycan cəmiyyəti son illərdə əhəmiyyətli dərəcədə interaktiv olub. Və bu məhz “Azərbaycan Saatı” kimi layihələrin hesabınadır.

– Vüsal Həsənov soruşur. Bu haqda danışdıq, amma yenə də bu sualda fərqli bir detal var: “Proqramlarınızda nədən yalnız AXCP-ni və Milli Şuranı işıqlandırırsınız? Millətin müxalif fikri, intellektli, səviyyəsi AXCP və Milli Şura ilə bitmir. Gələcəyin AzTV-sinə çevrilirsiniz. Bu barədə danışın. Danışmazsanız da deyin millət görsün bu nöqsanınızı”.

II hissənin sonu

Strasburq fotoları:

dsc06344 dsc06347 strasburq

dsc02998-%d0%ba%d0%be%d0%bf%d0%b8%d1%8f dsc03002-%d0%ba%d0%be%d0%bf%d0%b8%d1%8f dsc06178-%d0%ba%d0%be%d0%bf%d0%b8%d1%8f dsc06184-%d0%ba%d0%be%d0%bf%d0%b8%d1%8f dsc06191-%d0%ba%d0%be%d0%bf%d0%b8%d1%8f dsc06195-%d0%ba%d0%be%d0%bf%d0%b8%d1%8f dsc06198-%d0%ba%d0%be%d0%bf%d0%b8%d1%8f dsc06202-%d0%ba%d0%be%d0%bf%d0%b8%d1%8f dsc06203 dsc06208 dsc06211 dsc06215

dsc06341

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button