“Qaynar Qazan”da Alqış Həsənoğlu (III sonuncu hissə): “Siyasətçi 1768 km uzunluğunda səhv eləyirsə…”

Alqış Həsənoğludan sərt sözlər:“Əli İnsanov çoxdan işdən çıxarılmalı və qovulmalı idi”-VİDEO

Alqış Həsənoğlu: “Amerika bizim uzaq qohumumuz, Rusiya isə yaxın qonşumuzdur”

Alqış Həsənoğlu hakimiyyətin ən sadiqlər komandasına daxil olan şəxslərdən biridir. O, Yeni Azərbaycan partiyasının rəsmi orqanı olan “Yeni Azərbaycan” qəzetinin sabiq və ən məşhur baş redaktoru olub. Buradan da Milli Məclisə deputat gedib. Hələ “Yeni Azərbaycan” qəzetində işləyəndə Alqış Həsənoğlu kifayət qədər tanınmışdı. Bu, təbii ki, onun YAP-çı olmağına görə deyildi, sadəcə Alqış Həsənoğlu maraqlı qəzet çıxarırdı və o qəzet digər hökumət qəzetlərindən fərqli olaraq, əməlli-başlı oxunurdu. “Yeni Azərbaycan” qəzeti maraqlı “Ədəbiyyat səhifəsi” ayırmışdı gənclərə və gənclər sərbəst şəkildə yaradıcılıqlarını orada çap etdirə bilirdilər. O səhifə o qədər məşhurlaşmışdı ki, hətta bunu “ədəbiyyatda inqilab” adlandıranlar da olurdu. Bəli, bunu o zamanın “Yeni Azərbaycan” qəzeti, daha doğrusu, Alqış Həsənoğlu edirdi. YAP-ın məhdud və qadağaçı zehniyyətinin içində bunu etmək və nisbətən demokrat olmaq isə çətin idi.

Sonra Alqış Həsənoğlu parlamentə keçdi. Qəzetlə birlikdə Milli Məclisdə də fəaliyyət göstərməyə başladı. Zamanla hakimiyyətdaxili qruplaşmalarda yer aldı və kənardan görünən odur ki, bu qruplaşmaların da qurbanı oldu. Həm “Yeni Azərbaycan” qəzetində, həm də parlamentdə o zaman tabu hesab olunan (elə indi də o tabular qalır – Red.) mövzulardan danışdı və yazdı. Beləcə də, həm özü, həm də əmisi oğlu Musa Musayev sıradan çıxarıldı.

10 ildir işsizdir Alqış Həsənoğlu. Geniş danışmağı və müsahibələr verməyi sevməz. Ağzını da bıçaq açmaz. Elə bil heç 10 ildir işsiz qalan bu adam deyil. Mövqeyindən zərrə qədər də geri çəkilməyib. Onunla uzun müddətdir “Qaynar Qazan”da söhbətləşmək istəyirdim. Alqış Həsənoğlu hər zaman mənə maraqlı adam təsiri bağışlayıb. Amma hər zaman Alqış müəllim vaxtı uzadırdı. Bu dəfə nəhayət, razılaşdıq və mənə ilk şərti o oldu ki, mən mövqeyimi dəyişməmişəm ve dediklərimin hamısı olduğu kimi gedəcək. Bu, mənim qəbul edəcəyim ən rahat şərtdir, çünki “Qaynar Qazan” təxminən canlı yayım kimi bir verilişdir.

Alqış Həsənoğlu danışıb, amma tam dövlət adamı kimi danışıb. Yəni vəzifədəymiş kimi qapalı və üstüörtülü danışıb. Təmkinli, sözünü bişirib çıxaran xarakteri var. Dəqiq adamdır. Vaxtlaşdığımız dəqiqə onu nəşriyyatın qarşısında gördüm. Sadə, mütəvazi bir yapısı var. 15 ildən sonra ilk dəfə idi ki, nəşriyyata gəlirdi və nəşriyatın halından heç də məmnun qalmadı. Dövlətçi və millətçi adamdır. O qədər ki, hakimiyyətlə dövləti hələ də bir-birindən ayırmaq istəməyən bir düşüncə tərzinə malikdir. Həqiqi Heydər Əliyevçilərdəndir və onu indən sonra nələr gözləyir, bilinməz.

Qonağımız “Yeni Azərbaycan” qəzetinin keçmiş baş redaktoru, keçmiş deputat Alqış Həsənoğlu-Musayevdir. O, “Qaynar Qazan”ın 36-cı qonağıdır. Danışır Alqış Musayev…

Əvəz Zeynallı, “Qaynar Qazan”

I hissəni buradan oxuya bilərsiniz: https://www.xural.com/qaynar-qazanda-alqis-h%C9%99s%C9%99noglu-i-hiss%C9%99-heyd%C9%99r-%C9%99liyev-m%C9%99n%C9%99-s%C9%99xs%C9%99n-ozu-dedi-ki-video/ (“Qaynar Qazan”da Alqış Həsənoğlu (I hissə): “Heydər Əliyev mənə şəxsən özü dedi ki…”-VİDEO)

II hissəni buradan oxuya bilərsiniz: https://www.xural.com/qaynar-qazanda-alqis-h%C9%99s%C9%99noglu-ii-hiss%C9%99-g%C9%99ncl%C9%99r-forumunun-gununu-l%C9%99gv-el%C9%99m%C9%99k-lazimdir-video/ (“Qaynar Qazan”da Alqış Həsənoğlu (II hissə): “Gənclər Forumunun gününü ləğv eləmək lazımdır”-VİDEO)

III sonuncu hissə

Siyasətçi 1768 km uzunluğunda səhv eləyirsə…

– Burada bir sual var. Onu da oxuyum, bir yerdə cavablandırın.

– Hə.

– Emil Əfəndi deyir: “Bu “yap”çıların hamısı bir bezin qırağıdır. Bunlara nə sual verəsən? Ölkəni gətirib dirədilər dalana…”

– Sağ olsun, təşəkkür edirəm. Ona xüsusi təşəkkür eləyirəm. Bilirsən necədir? Rəsul Quliyev müsahibə vermişdi və bütün saytlar da o müsahibəni yaymışdı. Deyir ki, “ancaq mən güclü bir komanda yaradıb ölkəni bu durumdan çıxara bilərəm.” Halbuki mən Rəsul Quliyevin indiyə qədər uğurlu iqtisadi və siyasi komandasını… Məsələn, bir partiya yaradıb. 5-ci partiyadır yaradıb. Oradan bura gəlir, buradan ora gedir. Elədir, elə deyil? Məsələn, siz məndən yaxşı bilərsiniz, Bakı-Ceyhan neçə kilometrdir? …1768 kim-dir. Məsələn, Bakı-Ceyhan müqaviləsi bağlanandan sonra Rəsul Quliyev həmişə pafosla deyirdi ki, Bakı-Ceyhan heç vaxt baş tutmayacaq, bu, Heydər Əliyevin xülyasıdır”. Elədir, elə deyil? İnsan – ola bilər ki, siyasətçi də səhv eləsin 1 metr, 2 metr, 10 metr. Siyasətçi 1768 km uzunluğunda səhv eləyirsə, o adam ya siyasətdən getməlidir, ya da səsini kəsməlidir, heç kimə ağıl öyrətməməlidir. Ola bilər, komandada problem olsun, amma reallıq bundan ibarətdir ki, indi hazırkı komandaya tən gələ biləcək, onu üstələyə biləcək, ikinci bir alternativ potensial yoxdur. Məsələn, o tənqidlərin çoxu şəxsi motivlidir. Kimsə deyir ki, “Prezidentin ətrafında niyə odur, mən deyiləm?” Özünü prezidentin ətrafında görür. Tənqidi bununla bağlıdır. Bəzi adam var ki, özünü hər yerdə görür. Hər yerdə özünü görür. Tənqidinin motivləri oradan gəlir. Prezidenti tənqid edən kimlərdir? Məsələn, prezidenti avtoritarizmdə günahlandıran insanlar var ki, deyirlər, İlham Əliyev avtoritarizmi tətbiq eləyir. Sizə bir şey deyim. Məsələn, mən Azərbaycanın siyasi tarixində elə utancverici hadisə görməmişəm və rastlaşmamışam. Çox təəssüf ki, bunu qabartmadılar, yazmadılar. Müsavatın bir üzvü var idi. Sonradan deyəsən haradasa qəzetçiliklə məşğuldur. Tapdıq adlı bir adamdır.

– Hə, indi Mətbuat Şurasının üzvüdür.

– İndi Mətbuat Şurasının üzvüdür.

– Hökumət indi ona yaxşı pullar verir.

– Yaxşı pullar verilməsini, orasını mən bilmirəm. Amma fakt budur ki, bu adam gedib, Heydər Əliyevin məzarını ziyarət eləmişdi…

Tapdıq Abbas başını götürüb qaçdı

– Baş əymişdi, hə.

– YAP-çılar gedir, Yeni Azərbaycan Partiyasının üzvləri gedir, Fəxri Xiyabanı gəzir, Elçibəyin məzarının yanından keçəndə bir gül qoya bilir ora, ziyarət eləyir. Ona görə kimisə partiyadan çıxara biliblər? Mən sizə bir söz deyim – Hitlerin, Stalinin repressiyası dövründə bu cür biabırçı hadisə olmayıb. O cür biabırçı hadisə olmayıb. Necə yəni, insan haqlarından danışırıq, ifadə azadlığından danışırıq, kimsə məzara gedib ziyarət eləmək də ifadə azadlığıdır da, insan özünü ifadə eləyir. Hə? Sən bundan sonra… Belə adamlara dövlətmi tapşırmaq olar? Ölkənin taleyini bunlar hara apararlar?

– Bütün qüvvələr onu eləmir ki, Alqış müəllim, bir neçə adam bunu edir.

– Müsavatın ideoloji xəttini onun divanı müəyyən edir. Elədir, elə deyil?

– Hə, Tapdıq Abbası deyəsən, divandan çıxardılar…

– Hə, divandan çıxardılar. Bu cür adamlarla… Axı bu cür adamlar İlham Əliyevin komandasında…

– Bu, partiya rəhbərliyində olursa, hə, amma …

– Rəhbərliyində olub. Rəhbərliyin münasibəti olub ona ki, onu divandan, partiya üzvlüyündən çıxardılar. O da başını götürüb qaçdı. Məsələn, mən indi qəzetləri izləyirəm. İnsanların siyasi liderlərinin obrazlarını qəzetlər daha aydın şəkildə ortaya qoyur. Məsələn, “Azadlıq” qəzeti manşet bir xəbər vermişdi. AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı var…

– Bəli…

– İndi həbsdədir. O Amerikaya getmişdi. “Azadlıq” qəzeti yazır: “Əli Kərimlinin müavinini…” – Fuad Qəhrəmanlının adını yazmır. Gör avtoritarizmin, özünəvurğunluğun həddinə bax. Yazır ki, “Əli Kərimlinin müavinini Amerikada yüksək səviyyədə qarşıladılar.” Fuad Qəhrəmanlının adı onlar üçün yoxdur. Fuad Qəhrəmanlının adını çəkmirlər. Siz harada görmüsünüz yazsınlar ki, “İlham Əliyevin naziri xarici işlər nazirini filan yerdə qəbul elədi.” İdeyalar tükənəndə…

– O redaktə məsələsidir. Əli Kərimlinin o cür təqdimatı istəməsi deyil ki…

– Məsələn, bu gün mən sizə bir söz deyim. Mətbuata sızan, görünür ona xoş gəlir də. Xoş gəlir ki, xəbərlərin o cür təqdim olunmasını şərtləndirən bir amil var ki, onlar ondan istifadə eləyirlər və bu formada təqdim edirlər.

– Amma niyə? Əli Kərimli Fuad Qəhrəmanlının məhkəməsinə getdi də, hüquqlarını müdafiə edir də…

– Mən onu bilmirəm e… Mən mətbuatdan – ən yaxşı agentura şəbəkəsi mətbuatdır…

İdeyalar tükənəndə təbliğat əks effekt verir

– İndi siz elə hesab edirsiniz ki, Əli Kərimli Fuad Qəhrəmanlının adının belə çəkilməsini istəmir?

– İstəmir. Bu cür düşüncə ilə, bu düşüncə sahiblərinə ölkə, dövlət, xalq tapşırmaq olmaz. Mən sizə bir söz deyim. İdeyalar tükənəndə təbliğat əks effekt verir. Yəni bax, bu gün əslində İlham Əliyev ən mükəmməl və müsbət obrazını müxalifət yaradır. Nədə?

– Bayaq maraqlı bir söz dediniz ki, “mətbuat ən yaxşı agentura şəbəkəsidir.”

– Yəni insanların, siyasilərin müsahibəsinə baxırsan, güzgü effekti verir.

– Alqış müəllim, müxalifətdə heç bir normal qüvvə yoxdur?

– Mən sizə bir söz deyim. Müxalifət nədir? Məsələn, Mehman Əliyev var. Mənim ona xüsusi hörmətim var.

– Turan…

– Çox ləyaqətli bir adamdır…

– Bəli…

– Mən onun müsahibələrini izləyirəm. Alınıb satılan adam deyil. Kimsə deyə bilməz ki, mən onu aldım, ələ aldım, sındırdım. O mümkün deyil. Məsələn, o günü mən Mehman Əliyevin müsahibəsini oxuyuram. Açığını deyim ki, heç iqtidar qəzetləri, iqtidarın politoloqları, ideoloqları İlham Əliyevin elə müsbət obrazını yarada bilməzlər. Məsələn, nə? Mehman Əliyev deyir ki, “İlham Əliyev 15 ildir ki, eyni şeyləri təkrarlayır.” 15 ildir İlham Əliyev eyni şeyləri təkrarlayırsa, bu, liderlik keyfiyyətidir, İlham Əliyev şəxsiyyətinin qüsuru deyil. Siyasi liderin iflası onda başlayır ki, 15 ildə…

– 15 fikir desin…

– …Hər dəfə də özünü inkar eləsin. Sonra deyir: “İlham Əliyevin öz ətrafına pozitiv ovqat aşılaması xarakteridir…” Bu da liderlik keyfiyyətidir. Sonra deyir ki, “İlham Əliyev elə bir xarakterin sahibidir ki, o, heç vaxt məğlubiyyəti yaxına buraxmır və məğlubiyyətlə barışmaq istəmir”. Əsl lider belə olar da… Azərbaycanı da bax, belə adam idarə eləyə bilər. Mən etiraf edirəm ki, məsələn, Mehman Əliyevin İlham Əliyev haqqında dedikləri, yaratdığı müsbət obrazı nə iqtidar mətbuatı, iqtidarda İlham Əliyevin tərəfdarı olan adamları, nə də ideoloqları yarada bilər. Bu da ondan irəli gəlir ki…

– Siz də elə şərh elədiniz, indi Mehman Əliyevin üzərinə gedəcəklər ki, o niyə belə obraz yaradır. Maraqlı şərh edirsiniz…

– Əks effekt verir də… Məsələn, məndən soruşsalar ki, rus ədəbiyyatının zirvəsi kimdir? Mən deyərdim ki, Çexov.

Bu gün müxalifətin ən böyük problemi əslində müxalifətin özüdür

– “Altıncı palata?”

– Yox, onun böyüklüyü nədədir. O, çox it fəhmi olan adamdır. Məsələn, unikal bir düşüncəyə malik adamdır. Onun bir hekayəsi var. Müxalifət iqtidara qarşı radikal mövqe sərgilədikcə, ətrafı seyrəlir. Bu nədir? Onun bir hekayəsi var. Yazır ki, “Əyalətdə olan bir kilsənin baş rahibi şəhərə gəlir. 1-2 gün qalandan sonra əyalətə qayıdır. Özündən aşağı səviyyədə olan rahibləri yığır və şəhərdəki həyat tərzini tənqid eləyir. Ora getmək olmaz, ora elədir, belədir, xaosdur, hava çirklidir, pintilikdir və s. və i. Tərbiyəsizlikdir, əxlaq pozulub kimi müstəvidə təbliğat aparır. Sabah işə gələndə görür ki, kilsədə heç kim yoxdur. Səbəbi ilə maraqlanır. Nə olsa, yaxşıdır? O adamların hamısı yığışıb, şəhərə gedib”. Deməli, onun tənqidi şəhərin həyat tərzinə bir maraq oyadıb ki, görsünlər ki, xaos nə deməkdir, əxlaqsızlıq nə deməkdir? Bu gün müxalifətin ən böyük problemi əslində müxalifətin özüdür. Bu necə təbliğatdır ki, onlar radikal mövqe tutduqca onların ətrafı seyrəlir.

– Hamı da hakimiyyətə gedir?

– Hamı da hakimiyyətə gedir.

– Bu gün Əbülfəz Elçibəyin parlamentdə 6 müavini var.

– Hə.

– Heç Heydər Əliyevin 6 müavini yoxdur, hə?

– İndi deyirlər ki…

– Heydər Əliyevin tərəfdarlarının hamısı türmədədir, indi həbsdədirlər.

– Yox, indi bilirsinizmi, məsələ necədir? Heydər Əliyev elə şəxsiyyətdir ki, onun ətrafında Rəsulzadənin tərəfdarı olan adamlar da yerləşir. Elədir, elə deyil? Yəni Heydər Əliyev o dərəcədə nəhəng adamdır ki, birləşdirici faktordur. Ola bilər kimsə ağıllı olsun, savadlı olsun, amma ölkəni təmsil eləyən adam birləşdirici adam olmalıdır, dağıdıcı adam olmamalıdır.

– Alqış müəllim, Heydər Əliyevdən söhbət düşmüşkən… Heydər Əliyevə sədaqətli adamların vurulduğu, sıradan çıxarıldığı müşahidə olunur. Bu, illərdir belədir. Bunun nə üçün belə olması ilə bağlı bir qənaətiniz yoxdur?

– Vallah, mən elə şeylərə fərdi yanaşıram. Məsələn, konkret kimi deyirsiniz?

– 91-lərin əksəriyyəti yoxdur.

– Bilirsiniz, necədir?

– Məsələn, siz də kənardasınlz.

– Bizdə o ənənə yoxdur da… O ənənə yoxdur.

– Sirus Təbrizli rəhmətlik, kənarda idi.

– Sirus niyə kənarda oldu? 10 deputat oldu, işlədi. Sirusa nə lazım idi? Hər cür şəraiti var idi. Mən hesab eləmirəm ki, Sirus kənarda qaldı. Sadəcə olaraq bizdə bu ənənə yoxdur da. Bizdə vəzifədən gedən adama belə birtəhər baxırlar. O da ətrafında diskomfort hiss eləyir, ona görə də vəzifədən getmək istəmir. Əgər belə bir ənənə olsa və kimsə bu ənənəni qoysa ki, məsələn, insan işlədi…

– Bu da hakimiyyəin öz problemi deyilmi?

– Yox, hakimiyyətin problemi deyil….

– …O mühit yaranmır.

– O mentaldan irəli gəlir də. Bizim bir dostumuz var, Xeyrəddin Qoca. Deyir ki, “Azərbaycanda istefa ərizəsi yaza bilmirlər.” Deyirəm, “ola bilər, o zaman sən böyük bir sirrin üstünü açmısan. Bizdə yəqin istefa mədəniyyəti də yoxdur də… Ərizə yazıb, gedə bilmirlər”. (Gülür…)

– Hə, ərizə yaza bilmirlər.

– Ona görə mən Mehman Əliyevi demədim, buna görə dedim ki, ideyalar tükənəndə tükənirlər. Ona görə də bütün qüsurları ilə, bütün çatızmazlıqları ilə, səhvləri ilə birlikdə hazırkı komandanı əvəzləyə biləcək alternativ potensial yoxdur. Yoxdursa, aparıcı müxalif qüvvələr… Mən bir fakt deyim. Bir dəfə İsa Qəmbərin müsahibəsini oxudum. Deyir ki, “Heydər Əliyev o vaxt mənim müavinim olub”. Sən dövlət adamı olmusan, prezidenti əvəz eləmisən bir il neçə ay. Sən bilmirsən ki, Heydər Əliyev sənin müavinin olmayıb? Heydər Əliyevin vəzifəsi Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olub. O, sənin müavinin deyil. Sən belə düşünürsənsə, deməli, sənin düşüncəndə problem var. Elədir, elə deyil? Belə adamlarla necə dövlət idarə eləmək olar?

– Müavin olanda nə olur ki, Alqış müəllim? Olub olub da.

– Yox, mən hələ görməmişəm ki, Heydər Əliyev boyda bir şəxsiyyət kiminsə onun müavini olması ilə qürrələnsin, fəxr eləsin. Onun özünün şəxsiyyəti böyükdür axı. Yəni bu cür xırdalıqlarla özünə təsəlli verən adamlara Azərbaycan dövlətini heç vaxt etibar eləmək olmaz. Heç vaxt. Mənim mövqeyim belədir.

– Maraqlı fikirləriniz var: “Emosional addımlar atıb, sonra həyəcanından qalstukunu çeynəyən dövlər adamı…” – siz Saakaşvilini nəzərdə tutmuşdunuz?

– Bəli, Saakaşvilini mən gördüm.

– Amma Saakaşvili normal bir Gürcüstan yaratdı.

– Gürcüstandan nə qalıb? O da Tiflis qalıb belə, hamı gedir-gəlir də… Tiflis haradır ki?

– Qiymətlərdən tutmuş rüşvətin kəsilməsinə qədər.

– Gürcüstana, Tiflisə xüsusi maraq var. Məsələn, Qərbin, Amerikanın, böyük dövlətlərin. O maraq siz hesab edirsiniz ki, Tiflisə görədir?

– Bəs, nəyə görədir?

– Mən belə hesab eləmirəm.

– Xristian təəssübkeşliyidir?

– Xeyr, xristian təəssübkeşliyi deyil. Gürcüstan harada yerləşir? Azərbaycanın qapısının, kandarının ağzında. Bu, Azərbaycanın qapısının ağzına, kandarına olan diqqətdir. Bu, həm də Azərbaycana olan böyük maraqdır. Tək Tiflis məsələsi deyil.

İnsan haqları o qədər alver predmetinə çevrilib ki

– Amma bizdə demokratik sisteminin yaranmasının nə ziyanı ola bilər bu ölkəyə və bu millətə? 167 siyasi məhbus var.

– Mən sizə bir söz deyim. Bu ölkəni, dövləti ənənə yaşadır. Deməli, 2011-ci ildə dekabrın 10-da – ifadə və söz azadlığı günündə…

– Beynəlxalq İnsan haqları günündə…

– …Cenevrədə ABŞ-ın Dövlət katibi Hillari Klinton çıxış eləyib, deyir ki: “ 1940-cı ildə dünyanın 6 qitəsindən söz və insan haqlarını müdafiə eləyən şəxlər yığışıb, bu günü təsdiq ediblər…” Belə götürəndə o düz deyir, dünyanın 6 qitəsi var, amma onlardan birində adam yaşamır. Su iti və pinqvinlər yaşayır. Deməli, bu insan haqları o qədər alver predmetinə çevrilib ki, lazım olanda hətta suiti və pinqvinləri də insan haqlarının müdafiəçisi qismində görürlər. Amma lazım olanda onlarla, yüzlərlə, minlərlə adamın hüquqlarını o pinqvin səviyyəsində də qiymətləndirib dəyərləndirmirlər. Bu, o deməkdir ki, görünür, o söz azadlığı ilə, ifadə və insan haqları ilə bağlı bəyanatların hamısı texniki tərəfdən yönləndirilir. Şablonlar var, götürülər. Bəlkə də elə nuh əyyamından qalma şablonlardır. Vaxtilə sovet ideologiyası əleyhinə səsləndirilən bəyanatlardır. Forması dəyişdirilib, postsovet respublikalarına tətbiq olunur. Yəni bunun kökündə bir çox hallarda o dayanır.

– Mən bilirsinizmi, nəyi soruşmaq istəyirəm sizdən? Yaxşı, bu ənənə nədir? İşləyibsiniz, bir qəzet qurmusunuz…

– Məsələni mənim üzərimdə qurmayın.

– Konkret sizin üzərinizdə qururam.

– Mənim üzərimdə qurmayın.

– Niyə, baxın, siz işləmisiniz, qəzet qurmusunuz, 10 il ona rəhbərlik edibsiniz. Bu ənənə odur ki, bütün bunlardan sonra siz kənarda qalırsınız?

– Mən ona normal baxıram.

– Mən olum. İşləmişəm 10 il, sıfırdan bir qəzet yaratmışam…

– Bilirsən, səni kənarda qoymaq olmaz, müvəqqəti çətinlikdir…

– İndi tutub aparıb, 10 il verməli idilər?

– Onsuz da 10 il yatmadın ki.

– Amma verdilər axı.

– O da bir dövrdür də.

– Ənənəni soruşmaq istəyirəm ki, yaxşı ənənələr yaratmağa nə mane olur?

– Sizə bir söz deyim də… Məsələn, demokratiya elə bir məsələdir ki, bürokratik müdaxilələr olmadıqda demokratik ənənələr öz yerini gəlib tutmur. Məsələn, adi bir misal deyim sizə. Əvvəl şəhərə çıxırdın, bir sürücü təhlükəsizlik kəməri ilə yola çıxırdı.

– Hə, o düzdür.

– İndi radarların müdaxiləsi var, cərimələr var, hamı kəmərləri taxır. Bu, avtoritar müdaxilədir də…

– Əslində o da millətin nəfəsini kəsir. Cərimə də o qədər həddindən artıq yüksəkdir ki…

– Kartof deyirlər ki, Rusiyanın ikinci çörəyidir. Siz bilirmisiniz ki, o kartof rusların qidasına daxil edilənə qədər I Pyotrun başı nə qədər əngəllər çəkib? Zorla əkdirirdi məmurlara, əkmirdilər. Döyürdü, incidirdi. Zorla. İndi kartofu Rusiyanın məişətindən, mətbəxindən çıxarmaq mümkün deyil. O, zorla daxil olub bu məişətə. Elədir, elə deyil? Müharibədə də deyirlər ki, çörəklə yanaşı Rusiyanı kartof xilas elədi. Elədir, elə deyil? O demokratik…. Bürokratik… Əslində bürokratiyasız demokratiya olmur. Mən dədə-babadan belə görmüşəm. Məsələn, bizim qardaş Türkiyənin dövlət quruluşunu biri parlamentli respublika hesab edir, indi dəyişmək istəyirlər prezident üsul-idarəsinə. Mən hesab edirəm ki, Türkiyənin mahiyyətcə quruluşu Konstitusiyalı monarxiyadır. Atatürkə olan münasibət monarxiyaya olan münasibətdən heç də fərqlənmir. Özü də yaxşı ki də fərqlənmir. Yəni Atatürkün də böyüklüyü onda deyildi ki, gəldi ingilisləri qovdu…

Türkiyə demokratik ölkədir, amma istinadgah var – Atatürk

– Türkiyə demokratik ölkədir.

– Ənənə… Ənənə… Türkiyə demokratik ölkədir, amma istinadgah var – Atatürk. Elədir, elə deyil?

– Dövlətin təməlini təşkil eləyənə münasibətdir.

– Atatürkün böyüklüyü o idi ki, gəldi, ölkəni ingilislərin işğalından azad elədi. Sonra gördü ki, ənənələrdən qopmaq olmur. Sultan Türkiyəsini, xilafət Türkiyəsini ləğv elədi, onun yerinə Atatürk Türkiyəsini yaratdı. Yəni şəxsiyyət faktoru qaldı. Şəxsiyyət faktoru qaldı. Elədir, elə deyil? Bunu heç vaxt inkar… Məsələn, Atatürkün özü yoxdur, şəxsiyyəti və adı yenə də bu proseslərə müdaxilə eləyir.

– Yox, ona qalmış İngiltərədə də Konstitusiyalı monarxiyadır və kraliça təmsil eləyir.

– Çox gözəl …

– …Amma o qədər demokratik bir sistem var ki. Bu, demokratiya məsələsidir.

– Məsələn, mənimlə mübahisə edirlər, deyirlər ki, “kraliça simvolik xarakter daşıyır”. Mən belə hesab eləmirəm. Üzr istəyirəm, ingilislər bəyəm dəlidirlər ki?

– Çox böyük mənəvi və maddi təsiri var.

– A, bəs onda nəyi deyirsiniz? İngilislər mütərəqqi bir cəmiyyətdir. Dünyanı idarə eləyən bir toplumdur.

– Məğlub olmadılar da. Krallar məğlub olmur.

– İndi baxın. Bu yaxınlarda kraliçanın nəvəsi Uilyamın, Diananın oğlunun övladı olub. Hələ bu uşağın fiziki, əqli göstəriciləri bilinmir. Bu uşaqdır. İngiltərənin müttəfiq dövlətləri kraliçanı və İngiltərənin baş nazirini təbrik edirlər.

– Ənənədir, təbii ki…

– Ənənədir, ənənədir…

İlham Əliyev bizim üçün vacib olan dövlət kultu yaradır

– Ənənədir. 800-1000 illik ənənədir.

– İlham Əliyevin gələcək politoloqlara ən böyük tarixi xidmətlərindən biri nədir? İlham Əliyev bizim üçün vacib olan dövlət kultu yaradır. İlham Əliyev o ənənəni yaradır. Dövlət kultu yaradır. Bizdə məsələn, kreslo kultu olub, şəxsiyyət kultu olub, dövlət kultu olmayıb. O dövlət kultunu İlham Əliyev yaradır.

– Dövlət kultunu yaratsın, amma mən məhkəmədə öz hüquqlarımı müdafiə edim də…

– O da olacaq. O da olacaq…

– Vəssalam. Əsas məsələ budur.

– Bunu zaman həll eləyəcək. Bayaq mən sizə nə dedim ki? Sizdən ən kəskin fikri mən dedim ki, mətbuat bəzən niyə IV hakimiyyət ola bilmir? Çünki II və II hakimiyyətdə problem var. Azərbaycanda belə götürəndə iki hakimiyyət var. Birinci hakimiyyət…

– Onu deməmişdiniz, indi dediniz.

– Sözümün əvvəlində dedim ki…

– Bilirəm, amma əvvəl demədiniz ki, II və III hakimiyyətdə problemlər var. Boşluq var dediniz.

– Böşluq həm də problemdir. Ölkədə məsələn, funksiyasının öhdəsindən layiqincə gələn I hakimiyyət var. Bir də IV hakimiyyətdir, II-III hakimiyyət olmadığına görə, bəzən yeri sürüşüb, gedir. (Gülür…)

– Gedir onların yerini tutur?

– Gedir, onun yerini tutur. Bax, mətbuatın problemi buradan qaynaqlanır.

– Yadımdan çıxmamış deyim…

– Əslində, sizə bir söz deyəcəm. Mətbuat elə bir sahədir ki, mətbuat hakimiyyətlə daban-dabana zidd fəaliyyət sahəsidir.

– Təbii ki…

– Məsələn, mətbuat nədir? Sən qəzet təsis eləyirsən. Üzr istəyirəm, “sən” dediyimə görə…

– Əstəğfürullah, buyurun…

– Sən özünü təsdiqləmək üçün neyləməlisən? Ənənəni dağıtmalısan da… Ənənəni dağıdıb, yenisini qurmalısan. Hakimiyyət əslində nədir? Qazanın qapağını möhkəm saxlamaq.

– Möhkəm saxlamaq… Mühafizəkarlıqdır da… Mətbuat nədir? Qazananın qapağını aralamağa çalışmaq…

– Hə. Mən də onu deyirəm. Hakimiyyət elədir ki, ənənəyə söykənir, özünü təsdiqləyir. Mətbuat ənənəni dağıdıb, özünü təsdiqləyir.

– Bəli.

– Mətbuatla hakimiyyət heç vaxt, yəni iki dünya bir olsa da onalrın barışması mümkün deyil. Bunlar bir-birinə daban-dabana zidd fəaliyyət göstərən sahələrdir.

– Əslində, onun gözəlliyi də bundadır.

– Bəli, gözəlliyi də bundadır. Onun faydası onda olur ki, mətbuat hakimiyyətin işinə qarışmır. Hakimiyyət də mətbuatın işinə qarışmır.

– Alqış müəllim, bayaq danışanda maraqlı bir fikir var idi beynimdə. Yaxşı ki, yadımdan çıxmamış verə bilərəm. Çünki söhbətimizin axırına gəlirik. İran sizdən Heydər Əliyevə şikayət elədi.

– Bəli.

– Heydər Əliyev İranı yox, sizi tutdu, sizi dəstəklədi.

– Bəli.

Lavrova o səviyyədə sual verilməsinin tərəfdarı deyiləm

– Niyə ANS-i biz bağladıq – Ərdoğanın bir sözünə görə? Fətullah Güləndən müsahibə almaq nə böyük məsələ idi? Və ya F.Həsənov adlı Lider TV-nin jurnalisti Lavrova haqlı olaraq gözəl bir sual verdi və Lavrovu çox çətin vəziyyətə saldı. Qürur duyulası bir hadisə idi. Niyə onu dərhal işdən çıxartdılar?

– Vallah, mən sizə bir söz deyim. Birincisi, mən heç kimin işdən çıxarılmasının tərəfdarı deyiləm. Söhbət Lavrovdan gedirsə, o, qonşu dövlətin xarici işlər naziridir, məsələn, mən Lavrova o səviyyədə sual verilməsinin tərəfdarı deyiləm.

– Niyə axı?

– Bir antiterror əməliyyatı bir jurnalist səviyyəsində həll olunan məsələ deyil axı. Lavrov ona nə cavab verməli idi? Başqa nə cavab verə bilərdi ki? Biz nə gözləyirdik? Biz cavabını bildiyimiz sualı niyə verib, o cavabı almaq istəyirik ki?

– Niyə axı? Pis vəziyyətə düşən Lavrovdur da… Biz nə eləmişik ki? Hə, uzaqbaşı onu danlaya bilərik, maaşı yüksək idisə, bir az kəsə bilərik.

– (Gülür…) Bir məşhur atalar sözü var. Deyir ki, “uzaq qohumdansa, yaxın qonşu yaxşıdır”. Amerika bizim uzaq qohumumuz, Rusiya isə yaxın qonşumuzdur. Yaxın qonşumuzu və onun xarici işlər nazirini danışdırtmağa ehtiyac yoxdur. O səviyyədə biz onu niyə qıcıqlandırmalıyıq ki? Mən onun tərəfdarı deyiləm.

– Vallah, əgər bizim tanınmayan Fuad Həsənov, sıravi bir jurnalistimiz…

– Fuad Həsənov idi, yoxsa Anar Həsənov? Yoxsa Orucov?

– Dəqiq Həsənovdur. Anar Həsənov olsun.

– Anar Orucov olmalıdır (red: Anar Həsənov Lider TV-nin Rusiyadakı keçmiş əməkdaşı).

– Eləmi? Lap Anar Orucov olsun. Əgər qoca bir Rusiyanın xarici işlər nazirini bir sualla dərbədər eləyirsə, bunun nəyi pisdir ki?

– Rusiyanın yox…

– Bizim prezidentimizə, İlham Əliyevə dəfələrlə suallar veriblər. Özü də çox sərt suallar veriblər. Kim o jurnalistin burnunu qanadıb? Hamısının cavabını İlham Əliyevin özü verib. Heydər Əliyevin özü verib.

– Mən sizə bir söz deyim. Siz İlham Əliyevlə Lavrovu niyə müqayisə edirsiniz? İlham Əliyev Azərbaycanın dövlət başçısıdır.

– Yox, Lavrov da elə-belə, xəfifə alınacaq şəxsiyyət deyil. …ANS məsələsi. ANS nə elədi ki? Getdi Fətullah Güləndən mətbuat konfransı çərçivəsində 3 dəqiqəlik reportaj aldı. 25 illik ANS-i Ərdoğanın bir istəyinə görə qurban verməyə dəyərmi?

– Elə məsələr var ki, biz onu bilmirik, eşitdiklərimizə, gördüklərimizə görə fikir yürütmək istəmirəm. ANS-in ola bilər ki, nə vaxtsa bərpa olunmaq şansı olsun. Təzədən fəaliyyət göstərsin, yenidən işə başlasın. Amma mən bu barədə konkret bir şey deyə bilmərəm. Çünki elə şeylər var ki… Biz hər şeyi bilmirik axı.

Əli İnsanov məni heç bir zaman sevməyib

– Əli İnsanovu qərbi azərbaycanlılar niyə müdafiə eləmədilər?

– Bilirsiniz, necədir? Mən sizə bir söz deyim. Mən heç özümü qərbi azərbaycanlı hesab eləmirəm. Mən azərbaycanlıyam. Düzdür, Qərbi Azərbaycandanam. Biz azərbaycanlıyıq. İndi münasibətlər dövlət-vətəndaş səviyyəsində həll olunmalıdır. Yəni tayfa düşüncəsindən uzaqlaşmaq lazımdır. Məsələn, söhbət Əli İnsanovdan gedirsə… İndi o, həbsdədir, Allah onun qapısını açsın. Yəni heç kəs istəməz ki, kimsə türmədə olsun. Amma Əli İnsanovla mənim münasibətlərim hər zaman gərgin olub. O, məni heç bir zaman sevməyib. O, bizim partiyanı yaradanlardan biridir…

– Qəribədir ki, mənə qarşı da münasibəti elə olub.

– Məsələn, YAP İdarə Heyətinin üzvü idi. Təsəvvür edin ki, mən 1990-cı ildə partiyanın qurultayına hazırlıq konfransı keçiriləndə “Yeni Azərbaycan” qəzetinin redaktoru idim. Mənim namizədliyim qurultaya nümayəndə kimi verilir…

– Üzr istəyirəm, neçənci ildə? Siz neçə il “Yeni Azərbaycan” qəzetinin redaktoru oldunuz?

– 1997-ci ildən 2008-ci ilə qədər. 11 il. 14 il də o qəzetdə işləmişəm. Mən o zaman “Yeni Azərbaycan” qəzetinin redaktoru idim. Əli İnsanov da Nəsimi rayon təşkilatının sədri idi. Mənim namizədliyimi vermədi. Onun məndən xoşu gəlmirdi. Bir dəfə qəzetdə onun haqqında tənqidi yazı getmişdi. Üstündən bir müddət keçdi. Növbəti, 2005-ci ilin konfransıdır. Əli İnsanov Nəsimi rayon təşkilatında çıxış edir. Ənənəvi olaraq tribunaya çıxdı və başladı qərbi azərbaycanlılar belə, elə… Mən iki dəqiqədən sonra durub iclası tərk eədim. O gördü ki, mən çıxıb getdim. Konfransda da 500-600 adam var idi. Nümayişkaranə şəkildə konfransı tərk edib, işə gəldim. Onun sabahı günü biz Fəxri Xiyabanda partiya sədri Heydər Əliyevin məzarını ziyarət eləyirdik. Əli İnsanov gəldi və mənimlə görüşdü. Soruşdu ki, “niyə sən konfransı vaxtından əvvəl tərk etdin? Xoşun gəlmədi?” Dedim, “bəli, mənim xoşum gəlmədi”. Soruşdu, niyə? Dedim ki, orada elə məsələlər var idi ki, siz düz demirdiniz…

– İfrat danışdı qərbi azərbaycanlılardan?

– İfrat danışdı. Dedim ki, “siz ölkənin akademikisiniz. Sizi məgər qərbi azərbaycanlılar seçib, yoxsa bu ölkənin akademikisiniz?” Bu ayrı-seçkiliyə nə ehtiyac var? Yadıma gəlir ki, məsələn, mən prinsiplərdə ardıcıllıqların tərəfdarıyam. Həqiqət harada qurtarır? Ardıcıllıq qurtaranda həqiqət olmur da… Həmişə düz danışırsan, bir dəfə yalan danışanda indiyədək danışdıqların necə olur? Məsələn, Əli İnsanov Heydər Əliyev haqqında danışanda deyirdi ki, “mənim peyğəmbərimdir”. Elədir, elə deyil?

– “Mənim peyğəmbərim”?

– Heydər Əliyev haqqında danışanda deyirdi ki, “mənim peyğəmbərimdir”. Həbsə düşəndən sonra xoşagəlməyən söhbətlər elədi.

– Amma Heydər Əliyev haqqında məncə heç nə demədi axı.

– Heydər Əliyev haqqında demədi, Heydər Əliyevin varisi haqqında dedi. Bəzi xoşagəlməyən söhbətlər elədi. Əslində, Əli İnsanov məsələsi bir qədər yubanmışdı. Məsələn, mən hesab edirəm ki, Əli İnsanov nə vaxt işdən çıxarılmalı idi? Mən deyim sizə?

– 2003-cü ildə?

– 2003-cü ildə yox, 2005-ci ildə YAP-ın qurultayında ANS-in müxbiri ona yanaşanda dedi ki, “konkret rədd ol, burdan!” Mən gözləyirdim ki, həmin gün axşam Əli İnsanovun fərmanı veriləcək və o işdən çıxarılacaq. Məsələn, Əli İnsanov o vaxt işdən azad olsaydı, indi Əli İnsanov adlı problem və həbsdəki adam yox idi. Sadəcə olaraq bu qərar gecikdi. Mən gözləyirdim ki, Əli İnsanov həmin gün işdən çıxarılmalı idi və ya qovulmalı idi. Heç kimdə… O təkəbbür, o iddia nədir? Jurnalist xanım sənə yanaşıb, özü də partiyanın qurultayında sən hansı əxlaqla, hansı mənəviyyatla jurnalist xanıma deyirsən ki, konkret olaraq rədd ol burdan! Bu, nə deməkdir? Siz bununla razısınız?

– Razı deyiləm, amma ölkədə mətbuata münasibət budur da…

– Yox, ola bilməz.

– Mətbuata münasibət bu deyilsə…

– Mən heç kimin dilindən o formada, o qəzəblə, o kinlə təhqir eşitməmişəm. O xanım sənə…

– Bəs, Tağı Əhmədov necə? Jurnalistə deyirdi ki, “niyə vızıldayırsınız?” Onda onu da işdən çıxarmalı idilər, niyə çıxarmadılar? Heç kimi çıxartmadılar axı.

– Yox, vızıldamaq başqa. Tağı Əhmədov Tağı Əhmədovdur. Sən partiyanın qurultayında deyirsən, bu isə metroda, yerin altında deyir. Bu vızıltı qalır yerin altında. Dünyanın diqqəti, regionun diqqəti YAP-ın qurultayındadır. Onu izləyirlər. Sən YAP İdarə Heyətinin üzvü, səhiyyə naziri… Elədir, elə deyil? Kifayət qədər nüfuzu olan bir adam jurnalistə deyir ki, “konkret olaraq, rədd ol burdan!” Mən hesab edirdim ki, həmin axşam Əli İnsanov işdən azad olunmalıdır.

– Amma 11 il həbsdən sonra da yenidən haqqında cinayət işinin açılması hər halda ona qarşı…

– Bilirsinizmi, necədir? Mən mənə aid olmayan işlərlə məşğul olmuram və o barədə danışmaq istəmirəm. Məsələn, mən istənilən mühakiməni yürütsəm, bu qərəzli görünəcək.

– Əli İnsanov azadlığa çıxsa, hakimiyyət üçün problem yaranar?

– Mən hesab edirəm ki, Azərbaycan hakimiyyəti kifayət qədər sabir bir hakimiyyətdir. Azərbaycanda İlham Əliyevə problem yaradacaq bir adam mən bu gün görmürəm. Heç bir problem yarada bilməz. Heç bir.

– Təşəkkür edirəm, Alqış müəllim.

– Sağ olun, mən sizə təşəkkür edirəm. Bilmirəm, söhbətimiz necə alındı?

– Əla. Əla alındı.

SON

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button