“Qaynar Qazan”da Alqış Həsənoğlu (II hissə): “Gənclər Forumunun gününü ləğv eləmək lazımdır”-VİDEO

Alqış Həsənoğlu: “Heydər Əliyevin, İlham Əliyevin şəklini başının üstündən asıb, altında fırıldaqla, xəyanətlə məşğul olan adamlar var”

Alqış Həsənoğlu hakimiyyətin ən sadiqlər komandasına daxil olan şəxslərdən biridir. O, Yeni Azərbaycan partiyasının rəsmi orqanı olan “Yeni Azərbaycan” qəzetinin sabiq və ən məşhur baş redaktoru olub. Buradan da Milli Məclisə deputat gedib. Hələ “Yeni Azərbaycan” qəzetində işləyəndə Alqış Həsənoğlu kifayət qədər tanınmışdı. Bu, təbii ki, onun YAP-çı olmağına görə deyildi, sadəcə Alqış Həsənoğlu maraqlı qəzet çıxarırdı və o qəzet digər hökumət qəzetlərindən fərqli olaraq, əməlli-başlı oxunurdu. “Yeni Azərbaycan” qəzeti maraqlı “Ədəbiyyat səhifəsi” ayırmışdı gənclərə və gənclər sərbəst şəkildə yaradıcılıqlarını orada çap etdirə bilirdilər. O səhifə o qədər məşhurlaşmışdı ki, hətta bunu “ədəbiyyatda inqilab” adlandıranlar da olurdu. Bəli, bunu o zamanın “Yeni Azərbaycan” qəzeti, daha doğrusu, Alqış Həsənoğlu edirdi. YAP-ın məhdud və qadağaçı zehniyyətinin içində bunu etmək və nisbətən demokrat olmaq isə çətin idi.

Sonra Alqış Həsənoğlu parlamentə keçdi. Qəzetlə birlikdə Milli Məclisdə də fəaliyyət göstərməyə başladı. Zamanla hakimiyyətdaxili qruplaşmalarda yer aldı və kənardan görünən odur ki, bu qruplaşmaların da qurbanı oldu. Həm “Yeni Azərbaycan” qəzetində, həm də parlamentdə o zaman tabu hesab olunan (elə indi də o tabular qalır – Red.) mövzulardan danışdı və yazdı. Beləcə də, həm özü, həm də əmisi oğlu Musa Musayev sıradan çıxarıldı.

10 ildir işsizdir Alqış Həsənoğlu. Geniş danışmağı və müsahibələr verməyi sevməz. Ağzını da bıçaq açmaz. Elə bil heç 10 ildir işsiz qalan bu adam deyil. Mövqeyindən zərrə qədər də geri çəkilməyib. Onunla uzun müddətdir “Qaynar Qazan”da söhbətləşmək istəyirdim. Alqış Həsənoğlu hər zaman mənə maraqlı adam təsiri bağışlayıb. Amma hər zaman Alqış müəllim vaxtı uzadırdı. Bu dəfə nəhayət, razılaşdıq və mənə ilk şərti o oldu ki, mən mövqeyimi dəyişməmişəm ve dediklərimin hamısı olduğu kimi gedəcək. Bu, mənim qəbul edəcəyim ən rahat şərtdir, çünki “Qaynar Qazan” təxminən canlı yayım kimi bir verilişdir.

Alqış Həsənoğlu danışıb, amma tam dövlət adamı kimi danışıb. Yəni vəzifədəymiş kimi qapalı və üstüörtülü danışıb. Təmkinli, sözünü bişirib çıxaran xarakteri var. Dəqiq adamdır. Vaxtlaşdığımız dəqiqə onu nəşriyyatın qarşısında gördüm. Sadə, mütəvazi bir yapısı var. 15 ildən sonra ilk dəfə idi ki, nəşriyyata gəlirdi və nəşriyatın halından heç də məmnun qalmadı. Dövlətçi və millətçi adamdır. O qədər ki, hakimiyyətlə dövləti hələ də bir-birindən ayırmaq istəməyən bir düşüncə tərzinə malikdir. Həqiqi Heydər Əliyevçilərdəndir və onu indən sonra nələr gözləyir, bilinməz.

Qonağımız “Yeni Azərbaycan” qəzetinin keçmiş baş redaktoru, keçmiş deputat Alqış Həsənoğlu-Musayevdir. O, “Qaynar Qazan”ın 36-cı qonağıdır. Danışır Alqış Musayev…

Əvəz Zeynallı, “Qaynar Qazan”

I hissəni buradan oxuya bilərsiniz: http://strateq.az/manshet/148317/alqis-h%C9%99s%C9%99nogludan-skandal-yaradacaq-sozl%C9%99r.html (Alqış Həsənoğludan skandal yaradacaq sözlər:“Rəsulzadə ictimai-siyasi xadim, Heydər Əliyev ictimai-siyasi və dövlət xadimidir…”-VİDEO)

II hissə

Gözümü açandan evimizdə Stalinin portretini görmüşəm

– Yadımdan çıxmamış soruşum. Bayaq Heydər Əliyevlə bağlı verilən sualda soruşduq. “Yeni Azərbaycan” qəzetində, saytda Heydər Əliyevin sizin haqqınızda dediyi fikir gedirdi. Amma siz çıxandan sonra o fikir daha getmədi.

– Vallah, bilirsiniz necədir? (Gülür…) Görünür, mənim adım çəkildiyinə görə, onu oradan çıxarıblar. Onu düz eləməyiblər. Yəni sizə bir söz deyim. O cür hərəkətlər də görünür, insanın özü ilə bağlıdır. Məsələn, mən gözümü açandan bizim evimizdə Stalinin yağlı boya ilə işlənmiş portretini görmüşəm. O şəklin də maraqlı bir tarixçəsi var. Sov.İKP MK-nın XX qurultayında Stalinin üzərindən xətt çəkiləndən sonra Stalinin adını, fəaliyyətini xatırladan nə varsa, hamısı ölkədən yığışdırılırdı. Stalinin o şəklini də məktəbdən çıxarıb zibilliyə atıblar. Mənim babam o şəkli götürüb, gətirib evdən asmışdı. Düz Nüvədi çıxana qədər o şəkil ordaydı. Bax, mən belə bir mühitdə böyümüşəm. Məsələn, mən elə şey eləmərəm. Əgər Heydər Əliyevin orada sözü varsa və mənim haqqımda yox, başqası haqqında desəydi də, mən Heydər Əliyevin sözlərini redaktə etməzdim. Yəni mən özümdə o cəsarəti tapıb…

– Əslində, Heydər Əliyev o sözləri qəzetə deyib…

– Qəzetə deyib. Hə, bu da bizim üçün xırda məsələdir.

– Qəzetdən ayrılma prosesiniz mənə çox maraqlıdır. Necə oldu?

– Ayrılma deyəndə, çağırdılar dedilər ki…

– Kim çağırdı?

– YAP-ın icra katibi…

Əli Əhmədov dedi ki, “Yeni Azərbaycan” qəzetindəki fəaliyyətinizə xitam verməlisiniz…

– Əli Əhmədov?

– Hə, Əli müəllim dedi ki, YAP-ın İdarə Heyəti belə qərara alıb ki, siz “Yeni Azərbaycan” qəzetindəki fəaliyyətinizə xitam verəsiniz… Mən də dedim ki, “heç bir problem yoxdur…” Və bununla da “Yeni Azərbaycan” qəzetindən aralandım.

– Alqış müəllim, nəsə bir əsaslandırma olmalıdır, izahat olmalıdır, bir qərar olmalıdır ki, nəyə görə? Heç maraqlanmadınızmı?

-Yəni belə başa düşdüm ki, mən “Yeni Azərbaycan” qəzetini bir növ partiya çərçivəsindən çox kənara çıxarmışam. Çox kənara çıxarmışam. Mənim şüurumda, ağlımda dərk elədiyim qəzetçilik əslində o idi. Elədir, elə deyil? Mən hesab edirdim ki, qəzet əgər oxunmursa, o nə partiyanı təbliğ edə bilər, nə dövlətə xeyir verə bilər.

– Əslində, oxunan qəzet partiyaya xeyir verə bilər.

– Hə… Əgər qəzet oxunmursa… Bəzən çalışırdıq ki, qəzetimizdə bütün siyasi spektri əks elətdirək. Məsələn, bizim qəzetin mövqeyi olmayan bir adam qəzetə müsahibə verir. O, əks cəbhənin, qarşı tərəfin nümayəndəsidir. Müxalifətin nümayəndəsidir. Həmin müxalifət nümayəndəsi bizim qəzeti alır, yəqin ki, evinə aparır. Elədir, elə deyil? Evdə onun yoldaşı oxuyur, uşağı oxuyur…

– Təbii ki…

– Həm də o, bizi təbliğ edir, bizim haqqımızda təsəvvür yaranır. O da atasına, anasına deyir ki, “siz demokratiyadan danışırsınız, bunlar sizdən demokratdırlar ki…” Elədir, elə deyil?

– Təbii ki…

– Təbliğat belə olmalıdır, hər halda… Görünür, elə məsələlər var ki, mən onlarla maraqlanmadım. Məsləhət oldu, sağollaşdıq, vidalaşdıq. İndi də elə bir problem görmürəm.

– Alqış müəllim, sonra da deputatlığınız başa çatdı…

– Yox, onda 2005-ci ildə mənim deputatlıq səlahiyyətlərim bitmişdi. Qəzetdən isə 2007-ci ildə çıxdıq.

– Yəni əslində o proses gedirdi və bir neçə il də partiyadaxili getdi.

– Mən o zaman partiyada işləmirdim axı. “Yeni Azərbaycan” qəzetinin 1993-cü ildə ilk nömrəsi çıxdı. Əvvəl “Aydınlıq” qəzetində işləyirdim. Mən gəldim Xeyrəddin Qoca ilə tanış olduq. 1993-cü ildə BDU-nin filologiya fakultəsinin III kursunda oxuyurdum. Ondan sonra “Yeni Azərbaycan” qəzetinə bağlandım və sonra onun redaktoru oldum. Sonra da oradan aralandım. Yəni mənim həyatımın ən enerjili, ən şüurlu, ən qaynar vaxtı “Yeni Azərbaycan” qəzeti ilə bağlı olub.

– Niyə deyirəm, çünki Musa Musayev də deputat idi. Hər ikiniz deputat idiniz.

– Hə, bəli…

– Sizi birdən vurdular. Tayfalıqca vurdular, eləmi?

– Yox, mən sizə bir şey deyim. Mən tayfa düşüncəsində olan adam deyiləm.

– Məsəl üçün yəni… İki əmioğlu, hər ikiniz tanınmış simasınız. Musayevlər. Hər ikiniz birdən parlamentdən kənarda qalırsınız, hər ikiniz də təxminən 10 ildir işsizsiniz. Elə Musa müəllim də xeyli vaxtdır, görünmür.

– Bilirsinizmi, onu da dəyərləndirmək lazımdır ki, iki əmioğlu birdən parlamentə düşür. Burasını da deyin də siz… Niyə onun kənarlaşdırılmasını o saat qabardırlar, amma…

– Olsun, amma ən azı bu adamlar 10 ildir işsizdirlər. O da işsizdir, deyilmi?

– Bəli, o da işsizdir.

– Deməli, bu adam işsizdirsə, onun ailəsi var… Burada sual da var. Fuad Qasımov soruşur: “Alqış bəydən soruşmaq yerinə düşərdi. Vaxtilə rəhbərlik etdiyi “Yeni Azərbaycan” qəzetinin kollektivindən çoxları ayrıldı. Onlardan vəzifədə olanı varmı? Köhnə əlaqələri qalırmı? Alqış bəyə kömək edirlərmi? Nə də olsa, hardasa 10 ildir ki, Alqış bəy işsizdir”. Yəni o düşüncədə olan adamlar var.

– Yox… Suala görə təşəkkür edirəm. Amma onların çoxu mətbuat sahəsində işləyirlər. Qəzetdə işləyirlər, mətbuat xidmətlərində çalışanlar çoxdur…

– Hətta biri də deputat oldu…

– Kim?

– Hikmət Babaoğlu.

– Hə, Hikmət. Hikmət bizim dostumuzdur. Hikmət Babaoğlu ilə hələ qəzetdən əvvəl tanışıq.

– Amma Heydər Əliyevin sizin haqqınızda dediyi sözləri Hikmət Babaoğlu çıxarmışdı qəzetdən…

– O redaktordur, çıxardır da… O vaxt mənim işimə heç kim qarışmırdı, indi mən də onun işinə qarışa bilmərəm.

Mənim redaktorluq işimə heç kim qarışa bilmirdi

– O sizin haqqınızda deyilən ifadəni…

– Hə, ola bilər. Mən redaktor olanda, mənim redaktorluq işimə heç kim qarışa bilmirdi. Ona görə də mən o redaktorun elədiklərini tanıyıram. Çünki redaktorun işinə heç kim qarışmamalıdır. Əgər onu Hikmət müəllim çıxarıbsa, çox sağ olsun. Yəqin ki, hansısa arqumentlər gətirib və onu çıxarıb. Biz ona irad tuta bilmərik ki… Qəzetin redaktoru odur. Qəzetin siması həm də redaktorun simasıdır da…

– Həm də redaktorun, hə…

– Həm də redaktorun. Əgər qəzetdə redaktorun mövqeyi varsa, qəzetin mövqeyi olur. Redaktorun özünün şəxsi mövqeyi yoxdursa, xarakteri yoxdursa, – redaktorluq həm də xarakter deməkdir, xaraktersiz adam redaktor ola bilmir – o qəzetin xarakteri də ola bilmir. Təsəvvür edin ki, ulu öndərimiz Heydər Əliyev “Yeni Azərbaycan” qəzeti haqqında danışanda dedi ki, “”Yeni Azərbaycan” qəzetinin xarakteri və onun fəaliyyəti bu qəzeti yüksək səviyyəyə qaldırıbdır…” Yəni o xarakter olmayanda… Təkcə qəzetdə yox, siyasətdə də elədir. Xaraktersiz heç nə alınmır.

– İndi onu soruşurlar ki, “Əlaqələriniz varmı? Onlar kömək edirlərmi?”

– Kömək deyəndə… Onlar ayrı-ayrı mətbu orqanlarda çalışırlar. Mətbuat xidmətlərində çalışırlar. Onlardan dövlət vəzifələrində işləyənlər yoxdur. Amma mən düşünürəm ki, nəinki onlara, heç kəsə müraciət eləməmişəm. Amma onlar həmişə mənim hörmətimi saxlayırlar.

– Alqış müəllim, bir klassik sual verim. Bəs necə yaşayırsınız? Obyektlərinizmi var, yoxsa yaxşı dostlarınızmı var?

– Yox, elə yaxşı… Mənim obyektim yoxdur. Heç nəyim yoxdur. Müəyyən imkanlar var idi, onlar da tükənmək üzrədir. Tükənmək üzrədir. Amma bəzi dostlar var, hərdənbir kömək eləyirlər. Kömək eləyirlər. İnşallah, mən həmişə ümidlə yaşayıram.

– Necə olur ki, 10 il bu hökumətdə nazir olan adam milyarder oldu, yaxtalar aldı, yüzlərlə villaları oldu? 10 il siz bu hökumətin partiyasının əsas qəzetinə rəhbərlik edibsiniz. İndi el arasında bir məsəl var deyirlər ki, “özünüzə niyə gün ağlamırdınız?”

– Bilirsiz necədir? (Gülür…) Çox təəssüf ki, belədir. Mən bəlkə də bir az ailə tərbiyəsindən qaynaqlanmışam. Məsələn, mənim atam uzun illər rayon partiya komitəsinin II katibi olub. Çünki o vaxt azərbaycanlıları I katib qoymurdular. Sonradan Telman Dilanyan gəldi bizə I katib. Onu da xüsusi missiya ilə göndərmişdilər ki, partiya aparatında nə qədər azərbaycanlı var, onları təmizləsin. O cümlədən də mənim atamı kənarlaşdırdılar. Çox qəribədir ki, mənim atama rayon mərkızində 3 otaqlı mənzil vermişdilər. Biz kənddə yaşayırdıq, o rayon mərkəzində.

Atam işdən çıxandan sonra evi dövlətə təhvil verdi

– Meğridə?

– Meğridə. Çox qəribədir. Mən həyatımda o cür kristal insan görməmişəm. 3 otaqlı ev vermişdilər. İşdən çıxandan sonra evi də dövlətə təhvil verdi.

– Amma verməyə bilərdi?

– Əlbəttə, ev onun idi də… Onu da dövlətə təhvil verdi. Sonralar biz qaçqınlıq dövründə Ermənistandan köçüb gələndə Bakıda ən sonuncu ev alanlardan biri də biz olduq. Yəni bizim başqa evimiz yox idi. Halbuki o zaman həmin 3 otaqlı ev olsaydı, Bakıya dəyişə bilərdik. Mən atamla söhbət eləyəndə həmişə misal çəkirdi və deyirdi ki, “Çalış, malın, mülkün nökəri olma, ona qulluq eləmə.” Mənə misal gətirirdi ki, bizim evimiz babamgillə bir yerdə olub. Onlarla bir yerdə yaşamışıq. Sonralar atam kəndin başqa bir səmtində sahə götürüb, ev tikib. Deyir ki, mən anadan olandan sonra 1969-cu ildə oranı başladıq. 1971-ci ildə ev tamamlandı. Ora köçəndə atamı apardılar rayona. Sonralar bu proseslər başlayanda deyirdi ki, “mən o tikdiyim evdə üst-üstə 1 il yaşaya bilmədim”. Sovet dövründə deyirdilər ki, insanlar əşya xəstəliyinə tutulub. Mənə də həmişə nəsihət edirdi ki, “çalış, mal, mülk sənə xidmət eləsin, belə şeylərə aludə olma” və ya həmişə də Nizamidən mənə xatırladırdı ki, “Çoxları dünyaya göstərdi həvəs, Tikdiyi binada qalmadı heç kəs.” Atam mənə həmişə deyirdi ki, “İnsanın həyatda bir missiyası var. İnsan həyatda ləyaqətlə yaşamalı və ləyaqətlə də dünyadan köçməlidir.” Hətta sənə bir epizod deyim. Mən heç bir vaxt onun tərbiyəsinin təsirindən çıxa bilmirəm. O qədər alicənablığı, mərdliyi var idi ki, ürəyi tutub dünyasını dəyişəndə…

– Burada rəhmətə gedib?

– Hə, burada. Mən yanında olmamışam, amma evdəkilər həyəcanlanıb, nəsə ağlamaq, qışqırmaq istəyiblər. Son nəfəsində deyib ki, “mənim məclisimdə səs-küy salmayın, mənə yaraşmır.” Yəni atam onu da özünə yaraşdırmadı. Mən də elə şeylər var ki, ümumiyyətlə, onlar haqqında danışmağı, o barədə müzakirə aparmağı – bir az yekəxanalıq çıxmasın – heç vaxt özümə yaraşdırmamışam. Hamı necə, biz də elə yaşayırıq. Düzdür, mən 10 ildir işləmirəm. Bəs, Kəlbəcərdə, zindanda çürüyən Dilqəm nə eləsin? Hə?

Anaya oğulun qəhrəmanlığı yox, özü lazımdır

– Onun ailəsi nə eləsin?

– Onun ailəsi nə eləsin? Məsələn, indi şəhidlərimiz olur, biz onların ailələrinə təsəlli veririk. Onlara ad verirlər, orden verirlər, fəxri adlar verirlər. Amma valideynə, anaya oğulun qəhrəmanlığı yox, oğulun özü lazımdır. Elədi, elə deyil? Bəs, o ailələr nə eləsin? Mən bunu pafosla danışmıram. Bu, bir gerçəklikdir.

– Amma Alqış müəllim, bu boyda imkanlarla bu dövlətdə bu boyda problemlər olmamalıdır axı. İşıqlı adamlar, ziyalı adamlar ömürlərini işsizlikdə çürütməməlidirlər axı. Çünki Azərbaycanın həddindən çox böyük imkanları var və siz bunu daha yaxşı bilirsiniz.

– Mən sizə bir söz deyim. Mən hesab edirəm ki, Azərbaycanın imkanları, əlbəttə, böyükdür. Hətta bu böhran səviyyəsində belə. Dövlətin imkanları qalır. Çünki dövlətin əsas valyuta ehtiyatları dollarla, xarici valyuta ilədir. İnflyasiya nəticəsində dövlət hələ bir az da varlanıbdır. Yəni özünü qoruyub saxlaya bilibdir. Ehtiyatları saxlayıbdır. Azərbaycan da elə bir coğrafi məkanda yerləşir ki, son vaxtlar görüşlər olur, Azərbaycanı seçmələri təsadüfi deyil. ABŞ-ın Pentaqonunun qərargah rəisi mən səhv etmirəmsə, birinci dəfə bura səfər eləyib. Yəni bu səfəri başqa səmtdən yönləndirirlər. Mən hesab edirəm ki, bu, həm də Amerikanın regiona marağını nümayiş elətdirir. Yəni ilk dəfə müdafiə naziri regiona, Azərbaycana gəlir. Bu, elə-belə məsələ deyil, həm də Azərbaycana maraqdır, regiona maraqdır. Azərbaycan da regionda açar rolunu oynayan bir ölkədir. Lideri də Cənubi Qafqazın lideri olan dövlət başçısıdır. Təbii ehtiyatları var, qaz ehtiyatları var, neft ehtiyatları var və mən hesab edirəm, inanıram ki, cənab prezident bu problemlər barədə düşünür. Sadəcə olaraq müəyyən, elə məsələlər var ki… Mən bir dəfə demişəm, bir daha təkrarlamaq istəyirəm. Siz məni nəşriyyatın qarşısında qarşıladınız. Biz nəşriyyata birinci mərtəbədən baxanda fərqli şeylər görürdük. İkinci mərtəbədən baxanda isə fərqli şeylər gördük. Elədir, elə deyil? Yəni hər mərtəbədən baxanda tamamən başqa şeylər görünür. Daha dəqiq mənzərə görünür. O mənzərələrə görə də qərarlar qəbul olunur. Kadrlar olur e… Yarıtmaz kadrlar var. Yarıtmaz kadrlardan kim sığortalanıbdır ki? Elədir, elə deyil? Xəyanətkar kadrlar var. Məsələn, vaxtilə Heydər Əliyevin şəklini başının üstündən asıb, altında fırıldaqla, xəyanətlə məşğul olan adamlar var. Cənab prezidentin şəklini başının üstündən asıb, altında fırıldaqla, xəyanətlə məşğul olanlar var. H.Əliyevin heykəlinin qarşısında təzim eləyib, fırıldaqla, xəyanətlə məşğul olan adamlar var və həmişə də olacaq. Amma bu, həlledici deyil. Məsələn…

– Amma heykəli də yazana 10 il həbs cəzası vermək olmaz, Alqış müəllim… Uşaqdır da. Bəlkə ingiliscə yazıb?

– Mən sizə bir söz deyim də… Mənim o məsələlərə münasibətim belədir. Mən heç kimi müqayisə eləmirəm. Məsələn, mən belə fikirləşirəm ki, biz öyrənmişik, ilanı ancaq öldürmək olar. Hə? Amma ilanın zəhərini çıxarıb, dərman düzəltmək olar…

– Şəfa vermək olar…

– Şəfa vermək olar. Həm ilan da yaşayar, ekoloji tarazlıq da pozulmaz. Elədir, elə deyil? Yəni mən onun tərəfdarıyam. Dövlətin tarixində elə şeylər olur. Dövlət maşını elədir ki… Qatar gedir də… Qatar adamı vuranda maşinistə cinayət işi açmırlar. Amma “jiquli” vuranda, xırda maşınlar vuranda o sürücü məsuliyyət daşıyır.

Bu qatarın qabağına çıxmaq olmaz…

– Deyirsiniz ki, qatarın qabağına çıxmaq olmaz da…

– Bu qatarın qabağına çıxmaq olmaz. Dövlətə mane olmaq olmaz. Dövlət gedir. O xırda kadrlar var… Məsələn, təsəvvür eləyin ki, siz mənə deyirsiniz saat 10-da bura gəl. Mən də saat 10-da gəlirəm. Siz də soruşursunuz ki, “hansı taksi ilə gəlmisiniz?” Mən də deyirəm ki, filankəslə. Siz də deyirsiniz ki, “bilirsinizmi, o taksi sürücüsü yarıtmazdır, şəxsiyyətsizdir, nə bilim, cinayətkardır ”. Onun şəxsiyyətinin olmaması, cinayətkar olması heç bir əhəmiyyət kəsb eləmir. Məsələ ondadır ki, mən saat 10-da gəlib bura çatdım. Bax, məsələ budur. Azərbaycan dövlətini idarə eləyən birinci şəxs Azərbaycanın dövlət maşınını harada, nə zaman, hara çatdırmaq lazımdır, onun öhdəsindən çox məharətlə gəlir. İndi bu problemlər var. Komandada problemlər var. Məsələn, o günü…

– Mən də soruşmaq istəyirəm. Alqış müəllim, bu heykələ bir söz yazılıb. Bunu 5-10 günlük inzibati cəza ilə buraxıb, ictimai qınağa tuş eləmək, onu anasının, valideynlərinin yanında, tutaq ki, öz yaxınlarının ətrafında ictimai qınağa tuş eləmək də var, 10 il verib, bütün dünyada nüfuza xələl gəlməsi də var.

– Mən sizə bir söz deyim. Mən ümumiyyətlə, hesab edirəm ki, o, hüquqi prosesdir və biz məhkəməyə göstəriş verə bimərik. O qərarı qəbul edən adamlar hüquq təhsili olan adamlardır. O məsuliyyəti dərk eləyirlər. İndi biz durub desək ki, bu belə yox, belə olmalı idi, prosesə müdaxilə eləməkdir. Elədir, elə deyil? Burada artıq o 10 il iş alana qədər müəyyən hüquqi prosedur keçib. Biz onu təhlil edə bilmərik və müdaxilə eləyə bilmərik. Amma ümumiyyətlə mən o vaxt da fikirlərimi deyirdim, indi də deyirəm. Məsələn, mən hesab edirəm ki, Heydər Əliyevlə bağlı tədbirlərin formatı dəyişməlidir. Məsələn, “Gül bayramı” keçirilir. Mən hesab eləyirdim ki, bir dəfə də facebook-da yazmışdım. İndi də buradan səsləndirmək istəyirəm. Mən “Gül bayramı”nın ləğv edilməsinin əleyhinəyəm. “Gül bayramı”nı niyə ləğv edirlər ki? Məsələn, Türkiyənin özündə “Lalə festivalı” keçirilir, bunun nəyi pisdir ki? Gül-çiçək ovqat yaradır, insanları sevindirir. Məsələn, mən özüm də orada iştirak edirdim. Monitorinqlər də göstərir ki, gələnlər var idi.

– Amma…

– Mən üzr istəyirəm. Başqa şey demək istəyirəm. Amma Heydər Əliyevin ad gününü “Gül bayramı” ilə qeyd eləməyin bir məntiqi əsası olmalıdır. Heydər Əliyev elə şəxsiyyətdir ki, siyasi şəxsiyyətdir. Heydər Əliyev haqqında keçirilən tədbirlər H.Əliyevin siyasi xarizmasını tamamlamalıdır. Nəinki tamamlamalıdır, hətta onun davamına çevrilməlidir. Məsələn, mən demişdim, indi də deyirəm, fevralın 2-də Gənclər Forumu keçirilir. Mən hesab edirəm ki, Gənclər Forumunun gününü ləğv eləmək və mayın 10-da H.Əliyevin ad günündə keçirmək olar. Qoy həmin günü biz gənclərin ixtiyarına verək. Bu daha gözəl, effektiv bir tədbir olar, nəinki o bürokratik tədbirlər. Məsələn, elmi-praktik konfranslar. Mən onu inkar eləmirəm. Konfranslar keçirirlər, elmi-praktik konfranslar. Onlar bəlkə də zamanında öz rolunu oynayıb, öz işini görüb, qurtarıbdır. Onlara son qoymaq lazımdır. Mən hesab edirəm ki, Heydər Əliyevlə bağlı tədbirlərin formatı yenilənməlidir. Söhbət bundan gedir. Məsələn, siz də etiraz eləməzsiniz ki, gənclər günü H.Əliyevin ad gününə təyin olunur. Bunda nə siyasi rəng var, nə də heç nə yoxdur.

– Qonşu, qardaş Türkiyədə Mustafa Kamal Atatürkün ad günü 19 may Gənclər bayramıdır.

– Özü də ənənə var. Görürsünüzmü, hansı gözəl effekti verir? Qoy “Gül bayramı” da qalsın. Biz niyə “Gül bayramı”nı ləğv eləyirik?

Heydər Əliyevlə bağlı tədbirlər Heydər Əliyevin siyasi portretinə yeni ştrixlər gətirməlidir

– “Gül bayramı”nı da Hacıbala müəllim keçirsin 30 İyuna – “Sevgililər Günü”nə …

– Elə həmin gün keçirsinlər. Həmin günü gül-çiçəklə gənclərin ixtiyarına versinlər. Heydər Əliyev haqqında hər hansı bir elmi-praktik konfrans keçirməkdənsə, Gənclər Forumunu H.Əliyevin ad gününə təyin eləmək, gənclərin ixtiyarına vermək. Qoy, yürüş keçirsinlər, bir film nümayiş olunsun. Elədir, elə deyil? Nəsə yeni bir şey tapmaq lazımdır.

– Atatürkün ad günündə Gənclər və idman bayramıdır.

– Yəni mənim sözümün qaymağı odur ki, H.Əliyevlə bağlı tədbirlər H.Əliyevin siyasi portretinə yeni ştrixlər gətirməlidir, tamamlamalıdır. Nəinki tamamlamalıdır, onun davamına çevrilməlidir. Yəni H.Əliyev və gənclik. Bundan gözəl vəhdət ola bilməz axı. Elədir, elə deyil? H.Əliyevin də ən etibarlı dayağı Azərbaycan gəncliyidir.

– Qəzetlə bağlı bir sual var. Arzu Abdulla. Yadınızdadırmı, bilmirəm… Arzu Abdulla yazır: “Yadımdadır, “Yeni Azərbaycan” qəzetində işləyirdim. O zaman bu Alqış Musayev də baş redaktor idi. Təsəvvür edirsiz, redaksiyanın ayaqyoluna girmək üçün gərək uzunboğaz çəkmə geyəydin. Topuğdan yuxarı suyun içindəydi ayaqyolu. Bu cəhənnəmə. Bir müsahibəmdə “bəy” ifadəsi işlətmişdim deyə, az qalmışdı başına hava gəlsin. Hələ bunu da bağışlamaq olar. Amma mənim maaşımdan 14 manat kəsdi və bu 14 manatı mənə 14 dəfə tələb edəndən sonra verdilər. Bir köməkçisi vardı. Mənə sual verdi ki, utanmırsan 14 manatın davasını edirsən. Deməli, bunlar tələbənin, özü də kirayədə qalan tələbənin 14 manatını kəsir, amma tələbə haqqını istəyəndə utanmalıdır. Əcəb məntiqdir. Sualım isə belədir. Alqış Musayev, zəhməthaqqımı kəsdiyinizə, mənə qarşı haqsızlıq etdiyinizə görə vicdan əzabı çəkirsizmi?”

– Təşəkkür edirəm suala görə. Amma mən o oğlanı heç cür xatırlaya bilmədim.

– Yox, oğlan deyil Arzu xanım, qızdır.

– Arzu Abdulla? Arzu Abdulla… Mən xatırlaya bilmədim axı. Əgər maaşını kəsmişiksə, sonradan veriblərsə, daha bu məsələ həll olub da… Burada vicdanlıq bir məsələ qalmayıb axı. Hə?

– Nə deyim, sual verib.

– Təşəkkür edirəm sualına görə. Mən o şeyləri xatırlamaq istəməzdim də… Sadəcə olaraq, özü yazıb.

– Elvin Cavadzadə də yazıb ki, “haqqın yerini tapması üçün o sualı soruşun”. Namiq Salam soruşub ki, “Alqış müəllim, Milli Məclisdə olanda satirik şair Mirzə Sakitin onu və başqa deputatları təhqir etdiyini deyirdi. Şairin cibindən narkotik çıxdığını necə, eşitdimi, inandımı ki, şair narkomandır?”

– Mən deyirdim?

– Hə.

-Yox, mən…

– O vaxt nəsə olub.

– O sualın ciddi əsası, bazası yoxdur. Mirzə Sakit məni təhqir eləməyib. Ümumiyyətlə, Mirzə Sakit haqqında nəinki Milli Məclisdə, heç yerdə heç nə danışmamışam, deməmişəm. Ola bilər, o məni kiminləsə qarışdırıb.

– Ülfət Ədalətoğlu yazır: “Alqış bəyi salamlayıram. Bir sualım var, eksklüziv. Bunu səsləndirin, zəhmət olmasa. Yaltaq insanlara münasibəti. Yəni yaltaq insan deyəndə nələr və kimlər yada düşür?”

– Yaltaq məsələsi bilirsinizmi, necədir? Hər bir insanın xoş sözə ehtiyacı var. Kimsə kimisə tərifləyirsə və o da tərifə layiqdirsə, bu, yaltaqlıq deyil. Amma konkret situasiyada bilinir ki, bu adam yaltaqlıq nümunəsidir, yoxsa gerçəklikdir. Sizə bir fakt deyim. Bir dəfə…

– Üzr istəyirəm. Eldar İbrahimov bir dəfə deyirdi ki…

– Nə deyirdi?

Alqış Musayev yaltaq məmuru necə ifşa etdi?

– “Yaltaqlığın nə zityanı var ki? Kim deyir ki, yaltaqlıq eləmək olmaz?”

– Yox, mən sizə deyim, yaltaqlıq nədir. Deməli, tədbirlərin birində bir nəfər çıxış edir. Mən onun adını sizə deməyəcəm. Yüksək səlahiyyət sahiblərindən biridir. Kifayət qədər də önəmli olan bir adamdır. Çıxış eləyir, deyir ki, “bizim kəndimizdə bir xanım var, o xanım görkəmli dövlət xadimi Əziz Əliyev – siz onu yaxşı tanıyırsınız – Cənubi Azərbaycana gedəndə ora gəlirmiş, o xanımın evində qalırmış, sonra da gedirmiş Cənubi Azərbaycana. Onun Əziz Əliyev haqqında çox böyük xatirələri var.” Mən də qəzet redaktoruyam. Bu, bir qəzet redaktoru üçün göydəndüşmə bir faktdır və o çıxışını qurtarandan 10 dəqiqə sonra əməkdaşımızla fotoqrafı…

– Göndərdiniz ora?

– Göndərdik, həmin qadını tapdı.

– Bu, Naxçıvanda olub?

– Yox, yox, Bakıda olub. Bu qadını tapdıq. Əməkdaşımız ona deyib ki, “baxın, o adam sizin adınızdan istifadə edərək, deyir ki, Əziz Əliyev o vaxt sizin qonağınız olub. Oradan da Cənubi Azərbaycana gedibdir.” Çünki əziz Əliyev o vaxt Cənubi Azərbaycanda fəaliyyət göstərib axı. Xanım deyib ki, “bəli, həmin adam mənəm, amma mən Əziz Əliyevin üzünü görməmişəm. O kimdirsə, mənim adımdan istifadə eləyir, özünü gözə gətirmək istəyir, diqqət mərkəzinə gəlmək istəyir…” Bax, yaltaqlıq budur. Mən hesab edirəm ki, Əziz Əliyevin bu cür təbliğata ehtiyacı yoxdur. Kimsə olmayan şeyi uydurursa, bax, bu, yaltaqlığın nümunəsidir.

– O məmur kim idi, maraqlıdır?

– O məmur bir obrazdır. Onlarla, yüzlərlə elə məmur obrazı deyə bilərəm.

– Yəni özündən nəsə uydurur. Guya ki…

– Yaltaqlıq belə olur da. Məsələn, sən idmançıya deyirsənsə ki, “sən görkəmli yazıçısan”, o yaltaqlıqdır. Məsələn, sən məmura deyirsən ki, “sən gözəl yazıçısan, nə bilim, görkəmli fikir adamısan”, bu, artıq yaltaqlıqdır da. Yaltaqlıq belə olur da. Amma kiməsə haqq elədiyi ifadələri işlədirsənsə, bunun nəyi pisdir ki?

– Alqış müəllim, siz sonra həmin adama dedinizmi ki, bu məlumat təsdiqlənmədi, doğru deyil.

– Yox, sonra mən o adamla əlaqə saxlamadım da… Mən ona nə deyim. Doğrudan təsdiqlənmədi. Yəni yaltaqlıq belə olur. Sizə bir söz deyim. İndi ictimai şüur çox həssasdır. Cənab prezidentin axırıncı müşavirəsi var. O müşavirələri, o çıxışları mən diqqətlə izləyirəm. Deməli, mən nəyi müşahidə edirəm. Cənab prezident çox mükəmməl bir çıxış elədi. Çıxışının kənd təsərrüfatına aid olan hissəsində cənab prezident kənd təsərrüfatı ilə bağlı öz mülahizələrini, göstərişlərini, tapşırıqlarını verdi. Çox əsaslandırılmış şəkildə. Ümumi zalı göstərirlər. Zalda kənd təsərrüfatı naziri diqqətlə baxır. İndi onun diqqəti oradadır, orada deyil, mən onu mühakimə eləyə bilmərəm. Görüntü belədir ki, o, diqqətlə baxır. Amma kənd təsərrüfatına aidiyyatı olmayan məmurlar, nazirlər prezidentin çıxışını…

Prezidentin müşavirəsindəki yaltaq məmurlar…

– Tappatap qeyd edirlər…

– Yazırlar. Nə yazırsan, sən orada? Hə? Nə yazırsan sən orada? Bu artıq…

– Əslində yazmalı adam varsa, o da kənd təsərrüfatı naziridir.

– Bəli, yazmalı olan adam varsa, o da odur. Bəlkə də kənd təsərrüfatı naziri onların içərisində ən səmimi olanıdır. Elədi, elə deyil? Səmimi görünəni odur. İndi mən deyə bilmərəm ki, o, tam səmimidir. Amma kənd təsərrüfatı naziri heç nə yazmır. Kənd təsərrüfatına aidiyyatı olmayan mütəxəssis, nazir, sən dəftərə nə yaza bilərsən? Birincisi, prezidentin çıxışları televiziyalarda göstərilir.

Artist rola girəndə sənət, məmur rola girəndə xəyanət doğurur

– Qəzetlərdə də çıxır…

– Qəzetlərdə də çap olunur. Doğrudan da əgər bu, sənə lazımdırsa, o qəzetləri götür, stolun üstünə qoy, qeydlərini elə. Orada ideoloji tezislər varsa, sən onu götür, istifadə elə. Bu, artıq məmurun rola girməsidir. Mən ara-sıra facebook-da yazıram. O cümləni təkrarlamaq istəyirəm ki, artist rola girəndə sənət, məmur rola girəndə xəyanət doğurur. Bax, elə adamları mən çox görmüşəm. Məsələn, prezidentin qabağında prezidentin sözünü təsdiqləyir kimi başını yırğalayan adamları. Nehrə kimi çalxalanır bu adam. Sonra o adamların xəyanəti bütün dünyaya sığmadı, ölkəni ağzına götürdü. Bax, budur, belə problemlər var. Amma mən hesab edirəm ki, bundan heç kim xali deyil. Heç bir ölkədə. Məsələn, Atatürkün adından da xəyanətlər eləyən adamlar olub. Hamısına olub. Olmayıb?

– Olub, təbii ki… Hər yerdə olub.

– Yəni elə şeylər var ki, heç kim ondan sığortalanmayıb.

Mövqeyi olan adamlar heç vaxt səhv eləmirlər

– Elnurə Abışova soruşur ki, “Alqış müəllimin fikrincə, harada səhvə yol verib?”

– Səhv deyəndə, mənim hər zaman öz mövqeyim olub. Həmişə öz mövqeyim olub. Mən kiminsə xahişilə hansısa addımı atmamışam. Kiminsə xahişi ilə mövqe sərgiləməmişəm. Hətta mən kiminsə direktivləri ilə də hərəkət eləməmişəm. Mənim öz mövqeyim olub. Mənim mövqeyim heç vaxt sosial statusuma bağlı olmayıb, asılı olmayıb. Yəni mənim bu gün bu cür sosial statusum var, bu cür düşünüm, sabah sosial statusum dəyişəndən sonra 180-360 dərəcə dönüm, bu, mənim mövqeyim olmayıb. Mən hesab edirəm ki, mövqeyi olan adamlar heç vaxt səhv eləmirlər. Mənim ardıcıl, prinsipial mövqeyim var. Mən sizə demişəm və yenə də təkrarlamaq istəyirəm. Mən öz mövqeyimdən nəinki 1 sm, heç 1 mm də geri çəkilən deyiləm.

– Bu, nədir? Prezidentə sədaqət, yoxsa necə?

– Yox, elə hamıya sədaqətdən söhbət gedir. Mən dosta da sədaqətliyəm, uşağa da sədaqətliyəm. Mən uşağıma da yalan danışmıram. Yəni hamıya münasibətim belədir. Məsələn, evimə münasibətdə də belə prinsipialam, qəzetçiliyə münasibətdə də… Məsələn, mənim ən çox sevmədiyim şey nədir? Yalan danışmaqdır. Əgər mən hiss eləsəm ki, bir adam yalan danışır, mən o adamla münasibətləri kəsirəm. Çünki mənimki onunla alınmır. Yəni təkcə söhbət prezidentə sədaqətdən getmir axı. Mənim, bizim həyatımız təkcə prezidentə sədaqətlə məhdudlaşmır axı.

– İndi rejim məsələsi çox önəmlidir, hətta bəzi analitiklər vəziyyəti çıxılmaz hesab eləyirlər.

– Yox, vəziyyət çıxılmaz deyil axı.

– İqtisadi böhrana görə, ölkədəki gərginliyə görə…

– Söhbət eləyək də… Vaxtınız varmı?

– Təbii ki… Təbii ki…

– Bilirsinizmi, necədir. Məsələn, komandanı tənqid edirlər. O gün baxıram, eks-spiker Rəsul Quliyev deyir ki, “ölkəni gətirib çıxarıblar dalana, çıxılmaz vəziyyətə salıblar.” Komandanı tənqid eləyir.

– Burada bir sual var. Onu da oxuyum, bir yerdə cavablandırın.

– Hə.

– Emil Əfəndi deyir: “Bu “yap”çıların hamısı bir bezin qırağıdır. Bunlara nə sual verəsən? Ölkəni gətirib dirədilər dalana…”

II hissənin sonu

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button