“Qaynar Qazan”da Elşad Musayev: “Vahid namizəd ölkədən kənarda yaşayan adam ola bilər”-VİDEO

Elşad Musayev: “Ölkədə vəziyyəti dəyişmək üçün ilk növbədə hakimiyyət dəyişməlidir

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevlə müsahibə tam da onun gözəl balalarının, Azərbaycanın qüruruna çevrilən qızlarının ölkə gündəminin zirvəsinə oturduğu sıralarda baş tutdu. Bu hadisə millətin, sosial şəbəkələrin gündəminə çıxdı və bu da Elşad Musayevi, onun ailə nizamını, təlim-tərbiyə metodlarını müzakirə mövzusuna çevirdi.

Azərbaycan qələbəyə təşnədir. Bunu illərdir öz həyatımızda hiss edirik. Buna tamarzıyıq, möhtacıq. Amma bu qədər böyüyünü, elm sahəsində olanını bəlkə də görməmişdik. Biz yarım-yapalaq idmançı uğurlarına çox sevinmişik, lakin etiraf edək ki, bir az da buruq olub bu sevinclər. Qol zoru ilə, fiziki güclə əldə olunan qələbələr bizi o qədər də dəli-divanə edə bilməyib. Ya da zaman-zaman futbol matçlarındakı həyəcanlı qələbələr sevincimizi belə ərşi-əlaya qaldırmayıb heç bir zaman.

Elşad Musayevin evində yaratdığı təhsil modeli, onun gül balalarına verdiyi təlim-tərbiyə bizə bu qələbəni fərqli müstəvidə daddırdı. Biz həqiqi qələbənin necə olduğunu gördük. Qələbəni qazananların özbəöz öz qanımızdan, canımızdan olduğunu, təpədən-dırnağa milli mədəniyyətimizlə yoğrulduğunu müşahidə etdik. Bax, bunu istəyir, bunu gözləyirdik uzun illərdir. Özümüzü, milli-mənəvi dəyərlərimizi, öz şirin və gözəl dilimizi, yerində olan nitqimizi, ürəyimizdən keçən kəlamları gözləyirdik, özləyirdik. Günel və Xeyrənsə bizə bu qələbəni verdilər. Bir məzuniyyət törənində həm ingiliscə, həm Türkiyə Türkcəsi ilə və həm də gözəl Azərbaycan Türkcəsi ilə.

Qüsura baxmayın, bütün qələbələrin dadı gözəldir, amma oxumağın, illərlə gecə-gündüz çalışmağın nəticəsində əldə olunan böyük elm qələbəsinin dadı bir başqadır. Bu, əzələ qələbəsi deyil, beyin qələbəsidir, ona görə. Siz mənə bir yəhudi dünya çempionu boksçu göstərə bilərsinizmi? Ya da əksi – bir şahmat üzrə dünya çempionu zənci göstərmək mümkündürmü?! Bəlkə axtarıb arxivlərin dərinliklərindən 1-2 ədəd qanı qarışıq mələz tapmaq olar, amma beyin yəhudilərindir və ona görə də adamlar dünyanı idarə edirlər və monopoliya onlardadır. Biz bax, bu monopoliyanı götürmək uğrunda savaşmalıyıq və bu savaşda Elşad Musayevin gözəl gül balaları məni heç bir zaman olmayacaq dərəcədə ümidləndiriblər. Deməli, edə bilərik.

Ona görə də Elşad Musayevlə müsahibəmiz demək olar ki, xoş ovqatda keçdi. Düzdür, nə qədər siyasətdən az sual gəlsə də, yenə önəmli şeylər danışdıq, amma ümumi söhbətimiz Günellə Xeyrənsənin uğurlarının kölgəsində və onların təəssüratı altında keçdi. Sual verənlər də ilk dəfə idi ki, bir siyasətçini sıxışdırmır, ona əhsən və afərin deyirdilər. Zavallı və möhtəşəm millətimiz, qələbələrin o qədər acıdır ki, belə gözəl və ağıllı balalar böyütdüyü üçün Elşad Musayevdən daha az qala heç nə istəmir. “Belə gözəl balalar böyüdüb, yetər” deyirlər, vəssalam.

Biz yenə də “Qaynar Qazan”ın formatına riayət etdik. Qızların uğurlarından, bu təhsil sisteminin naqolaylığından danışdıq, amma siyasətdən də bəhs etdik. 2018-ci ildə gözlənilən prezident seçkilərindən, namizədlərin irəli sürülməsindən, vahid namizəd ehtimalından danışdıq. Elşad Musayev maraqlı məqamlara toxundu. Onun düşüncələrinə görə, hətta Azərbaycandan kənarda yaşayan bir başqasının da namizədliyi üzərində dayanmaq mümkün ola bilər. Necə ola bilər, o haqda Elşad bəy heç nə demədi. Biz bu təcrübəni bir dəfə, 2013-cü ildə sınaqdan çıxarmışıq, ancaq bu sınaq düşərgəni darmadağın da edib. Elşad Musayev bu istiqamətdə suallarımıza cavab vermədi və namizədlərin bir neçə nəfər olarsa, “Rüstəm İbrahimbəyov modeli”nin təkrarlanmayacağını deməklə yetindi, amma yenə də bir çox məqamlar açılmamış qaldı.

Bu müsahibədə təhsil sistemimizin yetişdirməkdə aciz qaldığı, amma bir partiya sədrinin özünün yetişdirdiyi fidanlardan və bizi gözləyən siyasi çalxantılardan danışdıq. Bu boyda uğur qarşısında gözünü döyə-döyə qalan Təhsil Nazirliyindən və bu qurumun səssizliyindən nigarançılığımızı bildirdik və bir müxalifət partiyasının sədrinin qızları uğur qazanınca susan və qeybə çəkilən “Dövlət Baba”dan haray saldıq. Əslində, yeni siyasətin bir modeli kimi dəyərləndirdik Günellə Xeyrənsənin uğurlarını. Millətə beləcə, bax beləcə siyasət lazımdır. Qəti, qarşısıalınmaz, çığ kimi böyüyən və qarşısına çıxan hər maneəni süpürüb yolundan atan bir siyasi cərəyan. Yeni, təzə, tər-təzə…

Bu düşüncələrlə Elşad Musayevlə “Qaynar Qazan”ın 39-cu qonağı olaraq görüşdük. Maraqlı müsahibə oldu. Siyasi düzümün həbsxanadakı zümrəsinə – siyasi məhbuslara, onların ən qocamanı Əli İnsanova qədər hamıdan danışdıq. Qalır dinləmək və qiymətləndirmək.

“Qaynar Qazan”ın 39-cu qonağı qonağı Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevdir.

Əvəz Zeynallı

“Qaynar Qazan”

 

Elşad Musayevin təhsil modeli

– Bugünkü qonağımız Azərbaycanda fəaliyyət göstərən əsas müxalifət partiyalarından biri Böyük Azərbaycan partiyasının sədri Elşad Musayevdir. Əslində, Elşad Musayevlə müsahibəmizin daha obyektiv alınmasının qarşısını alan xoş bir faktor var bu dəfə… Çünki Elşad Musayevə yönələn sualların əksəriyyəti onun İstanbulda Bahçeşehir universitetində çox yüksək başarı göstərən qızları ilə bağlıdır. Yəni Azərbaycan xalqı ilk siyasətçidir ki, övladlarının başarısına görə Elşad Musayevi incitmədi və ona tərs suallar vermədi. Yoxsa ona yönələn sualların dozasının nə qədər olacağını da mən bilirəm. Elşad bəy, xoş gəlmisiniz…

– Çox sağ olun. Təşəkkür edirəm.

– Suallara özünüz də baxdınız, onları necə qiymətləndirirsiniz? Günellə Xeyrənsənin uğurları elə bil hər məqamda sizi düzə çıxarıb. Elə bil xalq da o fikirdədir ki, “biz artıq Elşad Musayevdən heç nə istəmirik. Əgər belə uşaqlar böyüdübsə, bizə yetər”.

– Mən millətimizi çox sevirəm. Millətim də məni sevdiyi üçün sadəcə güzəştə gedib.

– Hə, bu gün həm də Gültacın ad günüdür (Müsahibə götürülən gün Elşad Musayevin kiçik qızının doğum günü idi – Ə.Z.).

– Hə, bu gün bizim xoş günümüzdür. Günellə Xeyrənsədən sonra üçüncü qızımız Gültacın ad günüdür. Mən ümumiyyətlə, uşaqları çox sevirəm. Qız uşaqlarını da xüsusilə çox sevirəm. Gültac bizim balaca mələyimizdir, onun timsalında bütün balalarımıza xoşbəxtlik arzulayıram.

– Hə, bütün mələklər gözəldir. Bütün mələklər var olsun! Mən elə əvvəlcədən də ondan başlamaq istəyirəm, Elşad müəllim. Son günlər, son aylar bütün ölkə Günellə Xeyrənsənin uğurlarından danışır. Mən bu məqamı vurğulamışdım. Hər yerdə də bunu qeyd edirəm ki, bütün bu uğurların arxasında əsas bir qəhrəman var. Mən hesab edirəm ki, bu qəhrəman sizsiniz. Yəni əslində uğur qazanan sizin qurduğunuz təhsil sistemidir. Mən istərdim ki, biz bir az da bu təhsil məsələlərindən danışaq. Yeri gəlmişkən, övladlarınızın da uğurlarından danışaq. Mən bilirəm ki, sizin yorğun, narahat gecələriniz çox olub. İmkansızlıqlar içərisində uşaqları oxutmağa çalışıbsınız. Bir nizam, bir sistem qurubsunuz, amma bu ölkənin də təhsil sistemi olmadığı üçün, di gəl bu işin içindən çıx. Bu məqamda Elşad Musayevin də modeli ayrı bir model kimi üzə çıxır və mən də istərdim ki, bir az da bu modeldən danışasınız.

 

Siyasətçinin iki həyat yoldaşı var – biri həyat yoldaşı, digəri isə siyasət

– Ondan başlayaq ki, siyasətçinin iki həyat yoldaşı var – biri həyat yoldaşı, digəri isə siyasətdir. Azərbaycanda siyasətlə məşğul olmağın özü ağır bir işdir. Ailəyə vaxt  ayırmaq, uşaqların tərbiyəsi ilə məşğul olmaq, məişət problemləri və s. bunlar hamısı yüklənir. Ona görə də bizim siyasətçilərimiz, mən də daxil olmaq şərtilə siyasi arenada istənilən nəticəni bəlkə də ona görə göstərə bilmirik. Amma mən əvvəlcədən də fikirləşmişəm, indi də o fikirdəyəm ki, heç nəyə baxmadan, ilk növbədə ən böyük siyasət uşaqların gələcəyinə yönəldilmiş, onların təhsilinə yönəldilmiş siyasət olmalıdır. Bu, mənim düşüncəmdir. Ona görə də əvvəlcədən bizim ailəmizdə, evimizdə bu sistemi qurmuşuq. Bir şeyi də qeyd edim ki, açığı, bizim uşaqlarımızın hər biri məktəbə getməmişdən öncə yüksək səviyyədə yazıb oxumağı biliblər. Çox yaxşı xətləri olub. Xeyrənsə birinci sinfə gedəndə “ə” hərfini yaza bilmirdi. Müəlim də bunu düzəldə bilmirdi. Yazırdı, oxuyurdu, amma “ə” hərfini yazmağı bacarmırdı. Heç kəs ona bunu öyrətməyi bacarmırdı. Bir gün “ə” hərfini yazması üçün kiçik nöqtələr qoydum və dedim ki, indi bu nöqtələrin üzərindən yaz. Xeyrənsənin əli “ə” yazmağa elə açıldı. Amma açığını deyim ki, uşaqların təhsilində analarının əməyi daha çox olub. Anası müəllimədir, təhsil işçisidir. Uşaqlar məktəbə gedəndən sonra hansısa bir şey bizi narahat edən zaman yay tətilində o sahə üzrə uşaqları müəllim yanına aparıb. Hansı sahədə bir zəiflikləri varsa, mütləq anası o uşaqla gedib-gəlib, müəllimin yanında olub, deyilənlərə qulaq asıb və bu geriliyi aradan qaldırmağa çalışmışıq. Eyni zamanda mənim də bizim valideynlərimizə tövsiyəm – bəlkə də belə demək bir az böyük çıxır – ondan ibarətdir ki, uşaqlarına bacardıqları qədər çox şeir öyrətməyə çalışsınlar.

 

Uşağı cəsarətli böyütmək lazımdır ki, sözünü deməyi bacarsın

Bu yolla uşaqlar açılışsınlar. Eyni zamanda özlərinə də güvəni olsun. Məsələn, uşaqlar anasına, atasına – mən filankəsin qızıyam deyə – güvənsin. Heç olmasa valideynlərinə güvənsinlər. Uşaqları qorxaq böyütmək olmaz. Uşağı cəsarətli böyütmək lazımdır ki, sözünü deməyi bacarsın. Mənim uşaqlarım açığını deyim ki, məndən qat-qat çox kitab oxuyublar, məndən qat-qat çox şeir bilirlər. Məsələn, klassik musiqini bizim Gültac da, Günellə Xeyrənsə də bilirlər. Uşaqlara öyrənmək üçün bir stimul, sərbəstlik vermək lazımdır. Axırıncı qəpiyimiz də olsa, çalışmalıyıq, onu uşaq üçün kitab və yaxud da hansısa dərs ləvazimatı almaq üçün xərcləyək ki, onlar oxumaq sarıdan çətinlik çəkməsinlər. Təbii ki, bir nizam-intizam da olmalıdır. Uşaqların üstünə qışqırmaqla, onları döyməklə nə tərbiyə vermək, nə də oxutmaq olmaz. Uşağa bu mənada sərbəstlik verilməlidir. Dost kimi, yoldaş kimi onunla söhbət eləmək lazımdır. Amma eyni zamanda uşaq da hər kəsin yerini bilməlidir. Atasının bir baxışı kifayət eləməlidir ki, o bilsin ki, burada nəyisə düzgün eləməyib. Ona görə də nizam-intizam da olmalıdır, ailədə sevgi də olmalıdır, diqqət də olmalıdır. Uşaq öz yerini, böyük-kiçiyin yerini bilməlidir. Bununla belə əsas bir hədəfi də olmalıdır. Biz əvvəldən qarşımıza məqsəd qoyduq ki, bu uşaqlar bir ixtisasa yiyələnmək üçün yaxşı oxumalıdırlar. Hansı ixtisası seçdilərsə, biz ona müdaxilə eləmədik. Açığı, mən də, uşaqların anası da istəyirdik ki, onlar həkim olsunlar. Bu, bizim istəyimiz idi. Amma bizim uşaqlar bunu istəmədilər. Bu sahəni seçdilər. Mən də hesab edirəm ki, ölkənin canı iqtisadiyyatdır, iqtisadiyyatın canı da maliyyədir. Bizim uşaqların seçdiyi bölüm, bizim ölkəmiz üçün də, bölgəmiz üçün də, dünyamız üçün də çox mühüm, vacib olan bölümlərdən biridir. Qızlar uluslararası finans – beynəlxalq maliyyə ixtisası üzrə təhsil alırlar. Yan dal (əlavə fənn – Ə.Z.) dedikləri işlətmə də vardı. Yəni dediyim nədir? Bütün bunlar bir sistem içərisində olmalıdır. Valideynin də, uşağın da konkret hədəfi olmalıdır. Bu hədəfə addım-addım, yavaş-yavaş gedilməlidir. Vaxtını düzgün bölməyi bacarmalıdır. Vaxtı ağıllı bölməyi bilməlidir. Eyni zamanda sosial baxımdan aktiv olmalıdır. Məsələn, mənim uşaqlarım kiçik yaşlarından mənim seçki kampaniyalarımda iştirak ediblər, şeirlər deyiblər. Məsələn, M.Ə.Rəsulzadənin heykəlini ziyarətə getmişik, uşaqlar da yanımda olublar. 20 Yanvarda Şəhidlər Xiyabanını da birlikdə ziyarət etmişik. Türkiyədə Azərbaycanla bağlı hər hansı bir tədbir olubsa, uşaqlar orada iştirak ediblər. Biz əvvəlcədən uşaqlarımızı qapalı bir mühitdə böyütməmişik. Ola bilsin, sualınıza çox uzun cavab verdim, üzürlü hesab edin.

 

Uşaqlar Şah İsmayıl Xətaini tanımasalar, böyüklərini də tanımayacaqlar

– Yox, yox. Hətta mənim üçün də yeni olan məqamlara toxundunuz. Burada İlkin Aranlı yazır ki, “partiyanın iddiası bəllidir, çünki o möhtəşəm tədbirdə, bu gözəl balalar Atatürk və M.Ə.Rəsulzadənin adlarını çəkdilər. Onun üçün də vicdanını itirmiş televiziyalar o yayımı vermədilər”. Burada söhbət ondan gedir ki, bu tərbiyə həm də ailədən qaynaqlanıb. Çünki indi dediniz ki, onlar sizinlə birlikdə M.Ə.Rəsulzadənin heykəlini, Şəhidlər Xiyabanını ziyarət ediblər. Görünür, bu da bir nəticədir ki, uşağa təhsillə yanaşı, bu kimi fəallıq da öyrədilməlidir.

– Təbii ki… Bizim gəncliyimiz də elə bir dövrə düşdü. Uşqların anası hərəkat dövründə tələbə olarkən mitinqlərə gedib. Biz ümumiyyətlə, hərəkatdan çıxmış uşaqlar idik, belə baxanda. Təbii ki, bunların hamısının bir təsiri olub. Amma mən ailəmin kişisi hesab olunuramsa, o evdə bir nizam-intizam, bir düzən olmalıdır. Mən millətimi, dövlətimi sevirəmsə, təbii ki, bu, uşaqlarıma mütləq aşılanmalıdır. Siz fikir verirsinizsə, mən dövlət böyüklərinə qarşı hər zaman hörmət və izzətlə yanaşıram. Amma eyni zamanda da bizim yaşadığımız bu coğrafi ərazidən 32 dəfə böyük olan dövlətə, Azərbaycan türkünə padşahlıq edən Şah İsmayıl Xətai olub. Əgər mən bunu deməsəm, o bunu oxumasa, Şah İsmayıl Xətaini tanımasa, o zaman böyüyünü də tanımayacaq. 1918-ci ildə bizim cümhuriyyətimizi quran insanlar var. M.Ə.Rəsulzadənin adını çəkməsək olmaz. Türk dünyası üçün çox nəhəng bir şəxsiyyət var – Atatürk. Biz övladlarımızda onlara qarşı sevgi yaratmasaq, sonrakı nəsil də bunu bilməyəcək. Yəni bizim övladlarımız dövlət böyüklərini də bilməlidir, dövlətçiliyi də bilməlidir, millətini də sevməlidir. Bu ruhda böyüməlidir. Əks halda onların aldıqları təhsilin də bir faydası olmaz. Dövlətini, millətini, bu dövləti quran adamları övladlarımız tanımasa, bilməsə, sevməsə kosmopolit bir şəxs kimi hansısa ixtisas sahibi ola bilər, amma onun dövlətə, millətə bir faydası ola bilməz. Yeni nəsil eyni zamanda böyük düşünməyi bacarmalıdır. Biz xırda bir areala gizlənib, orada özümüzün şəxsi problemlərimizlə məşğul olmalı deyilik. Dövlətimizi, millətimizi fikirləşməlidirlər. Eyni zamanda başqa millətlər marsda insanların yaşayışı üçün normal şərait imkanları fikirləşirsə, bizim övladlarımız da o çapda fikirləşməlidirlər.

– Yəni dünya vətəndaşı olmaq lazımdır…

– Bəli. Böyük bir dünya vətəndaşı olmalıdır. Böyük fikirləşməlidir. Azərbaycanı dünyada təmsil eləməlidir. Onu fikirləşməlidir. Bizim uşaqlar həm də Amerikan universitetində oxudular. Dünyada tanınan, maliyyə sahəsində ixtisaslaşan çox ciddi bir təhsil sistemi var. Orada müxtəlif millətlərdən olan uşaqlar oxuyurlar. Uşaqların dediyinə görə, onlar həddindən artıq informasiyalıdırlar.  Həmin universitetdən Günellə Xeyrənsə 4 not ortalama ilə gəldilər. Onlar qayıdandan sonra bizim evimizə məktub gəldi və onların hər ikisini həmin universitetdə təhsillərini davam etdirmək üçün dəvət etdilər. Hərəsinə 50 min dollar da təhsil haqqı ödəyirdilər. Düzdür, təhsil haqqını ödəyirdilər, amma orada təhsil alan müddətdə dolanışıqlarını təmin etmək üçün mənim imkanlarım olmadı.

 

İldə 100 min dollar təhsil haqqı ödəyirdilər, dolanışıq imkanlarımız olmadı

– Yalnız təhsil haqqını ödəyirdilər?..

– 100 min dollar ildə ikisi üçün təhsil haqqı ödəyirdilər, amma onların orada qalması, yaşaması üçün əlavə imkanlar lazım idi. Buna gücümüz çatmadı. Ona görə biz hesab elədik ki, Bahçeşehir universiteti də çox güclü və tanınmış universitetdir, ingilis dilində amerikan sistemində bir təhsil verdiyi üçün təhsillərini bu universitetdə davam eləsinlər. Biz maliyyə baxımından müəyyən şeylərdən imtina etsək də, hesab edirəm ki, imkanlarımıza uyğun düzgün qərar verdik.

– Elşad müəllim, mən onu da yaxşı bilirəm ki, sizin iqtisadi vəziyyətiniz o qədər yaxşı deyildi. Azərbaycanda müxalifət partiyasının sədrisiniz, illərdir müxalifətdəsiniz. O baxımdan iqtisadi vəziyyətiniz yaxşı deyil. Amma uşaqlar oxumağa gedəndən sonra mən də bilirəm ki, nə qədər çox əziyyətlərini çəkdiniz. Həmin yazıda da bu haqda yazmışdım. Qızların ardınca uzun bir yolu avtobusla qət eləmisiniz. Hətta qızların oxuması üçün yaşadıqları evdə də müəyyən işləri görmüsünüz, onlara kömək eləməyə çalışmısınız. İstəyirəm ki, onlardan da danışasınız.

– Vallah, burada gizli heç bir şey yoxdur. Mən Azərbaycan siyasətində tək-tək adamlardan olmuşam ki, özüm öz imkanlarım şərtlərində qazanıb siyasətə sərmayə qoymuşam.

 

“Qul bazarı”ndakı fəhlələrə həsədlə baxdım…

 

– Yəni siz siyasətə özünüz pul qoyan adamlardan olmusunuz?

– Bəli, mən özüm siyasətə pul qoyan adamlardan olmuşam. Açığını deyim ki, mənim üçün ağır olanı odur ki, ümumiyyətlə, iş olmasın. Bir sirr açım sizə. Bizim evimiz söküləndən və biz “Xalqlar Dostluğu”na köçəndən sonra, oranın yaxınlığında “Qul bazarı” deyilən bir yer var idi. Bir gün orada dayanan fəhlələrə həsədlə baxdım ki, heç olmasa onlar bir iş dalınca gəliblər, bizim isə əlimizi-qolumuzu bağlayıblar: Obyektimizi, evimizi söküblər.

– Ayıb olmasa, adam orada gedib işləyər…

– Yəni iş olsun ki, çalışıb o yerdə də işləyəsən. Zarafata salsaq da, əsində vəziyyət belədir. Amma bütün bunlara baxmayaraq, hesab edirəm ki, adam yaradıcı olmalıdır. Bizim əlimizi dörd tərəfdən bağlasalar da, biz ailəmiz, dövlətimiz, millətimiz qarşısında bir görəvdəyik. Hansı yolla olur-olsun, yaradıcı olub bir yol tapmaq lazımdır ki, ailəni dolandırasan. Təbii ki, biz müxalifətdə olan adamlarıq. Ona görə də bizim əlavə vəsaitlərimiz olmayıb. Uşaqları təhsil almaq üçün xaricə göndərmişik. 100 faiz bursla oxusalar da, onların orada qalmaq xərcləri, geyimləri, yeməkləri xeyli vəsait tələb edir. Bu baxımdan, bir valideyn kimi mən üzərimə düşəni çətinliklə də olsa yeinə yetirməyə çalışmışam. Anası da öz üzərinə düşən vəzifəni yerinə yetirməyə çalışıb. Təbii ki, mən uşağımın oxuması üçün ona kömək məqsədilə yeməyini də bişirərəm, yeri gələndə evdə təmizlik işlərini də apararam. Mən uşaqlarımın oxuması üçün ailə büdcəmizə uyğun olaraq, yeri gələndə ailəliklə, yeri gələndə tək avtobusla gedib-gəlmişik. Avtobusda bizimlə alver üçün gedən adamlar olub, onların səs-küyünü dinləmək də o qədər romantik bir şey olur ki…

O vəziyyətləri də deyə-gülə yola vermişik. Maraqlı bir şey olub. Amma bir şeyi də deyim ki, uşaqlar da sağ olsunlar, imkan düşdükcə, onlar da çalışıb işləyiblər. Günel də, Xeyrənsə də universitetdə işləyiblər. Tələbə olmaqla bərabər, eyni zamanda işləyiblər də… Yeri gələndə onların da bizə bir köməyi dəyib. Müəyyən vaxtlarda bir yerdə vəziyyətdən çıxmağa çalışmışıq. Mənim də rəhbərliyim altında, anasının da köməyi ilə uşaqların cəhdi və köməkliyi ilə hesab edirəm ki, biz təhsil sahəsində mümkün olanı edə bildik.

– Azərbaycan hökuməti, dövləti, Təhsil Nazirliyi bu hadisə ilə maraqlandımı? Yoxsa dərin bir səssizliklə qarşı-qarşıya qaldınız?

– Elə bir ilgi, diqqət göstərilmədi. Parlamentin, səhv eləmirəmsə, gənclər və idman siyasəti komissiyasının sədri (Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının 4-cü sədri; Azərbaycan Respublikası Milli Məclisinin III və IV çağırış deputatı – Ə.Z.) Fuad Muradov uşaqlarla görüşmək istədi. Bunun üçün də heç bir maneçilik olmadı. Yəni bizim uşaqlar artıq bizim övladlarımız səviyyəsindən çıxıb, Azərbaycanın övladları olmaq səviyyəsindədirlər. Kim istəyirsə, görüşə bilər, bunun üçün heç bir problem yoxdur. Bu da maraqlı bir şeydir. Hər halda gənclər daha fərqli düşünə bilirlər. Fuad Muradov uşaqlarla görüşdü. Təhsil nazirliyindən elə bir diqqət yoxdur. Ümumilikdə, saytların birində guya kiçik bir təbrik elədilər – həmin əməkdaşın adı da qeyd olunmamışdı. Bir məsələni dəqiqləşdirmək istərdim. Bu haqda informasiya yayıldı. Saytların birindən mənə sual verəndə demişdim ki, “konsul iştirak edib, amma baş konsul iştirak eləməyib”. Fürsətdən istifadə eləyib, bunu qeyd edim ki, orada yazılmışdı ki, konsul iştirak eləməyib, amma Bahçeşehir universitetinin həmin məzuniyyət törənində Azərbaycanın İstanbuldakı baş konsulu iştirak eləmirdi, konsul iştirak eləyirdi.

– Baş konsulumuz kimdir?

– Bilmirəm kimdir. Törəndə baş konsul yox, konsul iştirak eləyirdi. Bunu məsələni dəqiqləşdirmək üçün dedim. Digərləri ilə bağlı da cavab verə bilərəm. Azərbaycandan olan, dünyanın tanınmış adamlarının zəngləri oldu. Azərbaycanın özündə xeyli insanların təbrikləri oldu. Fürsətdən istifadə edib millətimin 7-dən 77-yə hər bir fərdinə öz təşəkkürümü bildirirəm.

 

Çıxışı Günelin özü hazırlamışdı

– Bu, niyə belə oldu? Sizin müxalifətdə olmağınızla bağlı idi, yoxsa başqa səbəblər var idi? Çünki normalda belə olmamalı idi. Yəni əslində dövlətin reaksiyası millətin reaksiyasına adekvat olmalıdır. Bu hadisə millətimiz tərəfindən böyük bir qələbə kimi qarşılanırsa, bütün televiziyalar, özəl TV-lər, internet televiziyaları, sadə insanlar – bu törənə baxıb hönkür-hönkür ağlayan sadə insanlar var idi. Əlbəttə, bu, tək sizə və qızlara yönəlmiş bir reaksiya deyildi, bu, həm də Azərbaycanın adına gələn böyük bir uğura yönəlmiş reaksiya idi – bu hadisəni Azərbaycan adına bir uğur kimi dəyərləndiririksə, o zaman dövlətin də reaksiyası buna adekvat olmalı idi. Bahçeşehir universiteti də çox möhtəşəm, çox ehtişamlı bir məzuniyyət törəni hazırlamışdı. Təbii ki, orada Günelin də çıxışı çox möhtəşəm idi. Hər cümləsi mesaj idi, hər cümləsi mənalı idi. Yəni o baxımdan hansı qənaətə gəldiniz? Bu qədər uğurun qarşılığında hakimiyyətin bu hadisəyə reaksiyası sizin müxalifətdə olmağınızla bağlı idi, yoxsa başqa səbəblər də var idi?

– İcazə verin, onu bir az geniş izah edim, həm törənlə bağlı, həm də başqa fikirlərimi bildirim. Məzuniyyət törəni çox möhtəşəm bir törən idi. Abdi İpəkçi idman salonunda təqribən 20 min adamın iştirak etdiyi bir məzuniyyət törəni təşkil olunmuşdu. Günelin çıxışı ən axırda idi. Yəni ona qədər çıxışlar olmuşdu, bir az da yorğunluq var idi. Bu çıxışı da Günel özü hazırlamışdı. Nə mən hazırlamamışdım, nə də universitet hazırlamamışdı.

– Yəni heç bir müdaxilə olmamışdı.

– Heç bir müdaxilə olmamışdı. İnsafən deyək ki, məzuniyyət törənindəki çıxışı məhz Günelin özü hazırlamışdı. Sırf özünün məhsulu idi. Özü də iki günə hazırlamışdı. Çünki əvvəldən düşünülmüşdü ki, bu çıxış yalnız türkcə olsun. Orada da xarici tələbələr oxuyur deyə, düşünülmüşdü ki, bəlkə ingilis dilində olsun. Sonunda Günelə təklif olunmuşdu ki, çıxışı onun özü hazırlasın. Yəni bu, bir növ etimad idi, onun özü hazırlasın. Mən bir tamaşaçı kimi yox, eyni zamanda bir siyasətçi kimi bu törəni zalda çox həyəcanla izlədim. Baxmayın, övladın çıxış edir, duyğulanırsan…

– Yəni əvvəlcədən Günelin nə haqda danışacağı sizə də məlum deyildi?

– Yox.

– Yoxsa təxminən bilirdiniz?

– Yox, heç bir şey haqqında məlumatım yox idi. Bilirdim ki, Günel çıxış eləyəcək. Çünki bundan əvvəl Günel orta məktəbi bitirəndə də məzuniyyət mərasimindəki çıxışını özü hazırlamışdı. İndi də nə danışacağını əvvəldən bilmirdim. Açığı, məzuniyyət törəninin o səviyyədə olacağını da bilmirdim.

– Mənim üçün maraqlıdır. Siz törəndə zalda əyləşmişdiniz?

– Məni zalda fəxri qonaqlar lojasında əyləşdirdilər. Deməli, xarici nümayəndələrlə bir yerdə əyləşmişik. Günelin çıxışını mən də həyəcanla izləyirəm. Fikir verdinizsə, səhnədəki lövhə az qaldı yıxılsın. Onu da bir həyəcanla izləmək məcburiyyətində qaldıq. Çıxışa gəldikdə isə, təbii ki, böyük bir həyəcanla onu izlədim. Valideynlərə müraciət edəndə, doğrusu, çox duyğusal bir an yarandı. Valideynlərə müraciət zamanında nə qədər özümü saxlasam da, açığı, göz yaşlarımı saxlaya bilmədim. Bu zaman universitetin nümayəndələrindən biri mənə dedi ki, “Özünü təqdim elə, özünü təqdim elə!” Yəni ayağa durun, təqdim edin. Bu həyəcanı yaşadıq. Sonra salonda olan universitetin tələbə heyətinin sədri, faktiki universitetin sahibinin göz yaşları içərisində, hönkür-hönkür ağladığını gördüm. Tanımadığım bir adama məni təqdim edərək Günelin atası olduğumu dedilər. Qucaqlayana bax, təşəkkür edənə bax… Xaricilər, heç dilini bilmədiyimiz adamlar məni qucaqlayıb, təbrik edirdilər.

 

Bizim dövlətimiz səviyyəsində bu uğura reaksiya verilmədi

Tamamilə fərqli bir mühitə düşmüşdük. Özüm üçün qəribə hisslər yaşadım. Bilmirsən sevinəsən, bilmirsən ağlayasan, bilmirsən nə edəsən. Bundan başqa, qızlar da nəsə veriblər mənə ki, “ata, bunları saxlayarsan”. Qonaqlar olan yerdə, bunları stolun altına qoymuşam. İndi bilmirəm, onları götürəm, götürsəm, necə saxlayacam, deyəcəklər burada gizli nə saxlayıb ki, indi də çıxarır. Yəni belə bir qarışıq vəziyyət yaranmışdı. Ondan sonra zalda görüşdük. İlk informasiyanı da taksi ilə evə gələndə dizlərimin üstündə yazdım və bu uğuru bizim uşaqlarımızın, ailəmizin, eyni zamanda Azərbaycanımızın, bizim millətimizin təhsil sahəsində uğuru kimi qələmə verdim. Ondan sonra da müəyyən mərhələləri keçdik. Təşəkkür edirəm, sizin yazınız oldu, başqa yazılar da oldu və bu yavaş-yavaş bütün ölkəyə yayılmağa başladı. Və mən belə hesab edirəm ki, bizim dövlətimiz səviyyəsində bu uğura reaksiya verilmədi. Təhsil Nazirliyi səviyyəsində buna reaksiya verilməli idi. Çünki bu, yaxşı nümunə idi. Onlar mənim övladlarım olduqları üçün bunu çox da qabarda bilmirəm. Bir var ki, kimsə, ölkədən kənarda pis nümunə ilə, hansısa bir xoşa gəlməyən nümunə ilə ölkəni təmsil eləsin, bir var, hansısa bir şou sahəsində ölkəni təmsil eləsinlər, bir də var ki, təhsil sahəsində ölkəni təmsil eləsinlər. Ona görə bu baxımdan təbii, çox yaxşı olardı ki, bizim müvafiq qurumlar bu hadisəyə reaksiya verəydilər. Bir yaxşı nümunə olaraq. Amma eləmədilər. Burada gizli olan da heç nə yoxdur. Mən belə hesab edirəm ki, bu cür reaksiyanın verilməsi də mənim siyasi mövqeyimlə bağlıdır. Bunu da düzgün hesab eləmirəm. Çünki bizim övladlarımız Günel də, Xeyrənsə də orada gedib, şəxsən məni təmsil eləmirdilər. Orada müxalifətin bir qanadı təmsil olunmurdu. Onlar orada Azərbaycanı təmsil edirdilər. Azərbaycanı təmsil edirlərsə də, təbii ki, sadə insanlara da qiymət verilir. O baxımdan istərdim ki, hökumətimiz də buna qiymət versin. Mən maddi olaraq heç bir şey istəmirəm. Sadəcə, mənəvi baxımdan bir dəstək olmalı idi. Uşaqlar da hiss eləməli idilər ki, onların arxasında dövlət durur. Fikir verdinizsə, mətbuat konfransı keçiriləndə universitetin rektoru gəldi və yaxşı da bir misal çəkdi. Nəyə investisiya qoymağı onlar bilirlər. Bizim dövlətimiz də təhsilə, elmə, o intellektli gənclərə investisiya qoymağı bilməlidir. Bizim problemlərimiz də elə oradan başlayır.

– Sizə yönəlmiş suallar var, Elşad müəllim. Əslində bunlara sual da demək olmaz, fikirlərdir. Nurlan Mirəli yazır ki, “o iki gözəl fidanlar üçün təşəkkürümüzü çatdırın, yetər. Siyasi heç bir sual verməyə ehtiyac duymuram”. Lətafət Məlikova yazır: “Elşad bəy bütün sualları cavablandırıb”…

– Təşəkkür edirəm, Lətafət xanım.

– Günellə Xeyrənsə sizin bütün günahlarınızı yudular…

– Təşəkkür edirəm.

 

Biz dünyada rəqabət aparacaq yeni nəsil yetişdirməliyik

– İlkin Aranlı yazır: “O övladlar üçün ona təşəkkür edirəm.” Avropadakı mühacirimiz Teymur Eminbəyli yazır: “Elşad bəy böyütdüyü övladları ilə millətimizə öz töhvəsini verib. Azərbaycanın çörəyi ona halal olsun. Hər bir vətənpərvər olan şəxs ailəsində belə övladlar yetişdirə bilsə, Vətən basılmaz”.

– Mən hər kəsə təşəkkür edirəm. Lətafət xanıma da, Teymur bəyə də, xoş söz deyən hər kəsə təşəkkür edirəm. Hesab edirəm ki, hər birimizin ailəsində gələcəkdə Azərbaycanın yükünü darta biləcək övladlar yetişdirmək görəvimiz olmalıdır. Amerikan, ingilis övladları hansı dildə, hansı səviyyədə təhsil alırsa, hansı informasiyaya malikdirlərsə, çalışmalıyıq ki, bizim övladlarımız da o səviyyədə olsun. Biz dünyada rəqabət aparacaq yeni nəsil yetişdirməliyik. Sizə bir misal çəkim. Dünyada ən böyük taksi şirkətinin məlum olur ki, taksisi yoxdur. İnsanlar sadəcə fikirləşiblər ki, o taksi şirkətini quraq. Taksi də almağa ehtiyac yoxdur, kimlərinsə taksilərindən istifadə eləyək. Bir var, biz yüz min adamı pambıq sahələrinə tökək və fikirləşək ki, ilin sonunda yüz milyon pul qazanacağıq, bir də var, Wathapp şirkətini 80-90 nəfər adam işlədir, onu 19 milyarda satdılar. Biz belə bir yeni nəsil fikirləşməliyik. Daha doğrusu, belə bir yeni nəsil yetişdirməliyik. Azərbaycanın büdcəsi, belə baxanda 10 milyarddır. Hollandiyanın büdcəsi 400 milyarddır. Biz elə bir yeni nəsil yetişdirməliyik ki, bu yeni nəsil bizim büdcəmizi heç olmasa 10 dəfə, 20 dəfə artıra bilsin. Bizim büdcəmiz niyə 100-200 milyard olmasın ki? Biz bu coğrafiyada yaşayırıq. Bu coğrafiyada çoxlu universitetlər qurmaq olar. Yeni təhsil ocaqları qurmaq olar ki, bu coğrafiyada, bizim ətrafımızda olan, deyək ki, Şimali Qafqazdan, Orta Asiyadan olan insanlar bura gəlsinlər, həm övladları təhsil alsınlar, eyni zamanda bunun üçün həm də vəsait ödəsinlər. Bizim bunun üçün kifayət qədər institut müəllimlərimiz var, intellektual ziyalılarımız var ki, xarici ölkələrin universitetlərində dərs demək məcburiyyətindədirlər.

– Elə bu məsələ ilə bağlı son olaraq mən də onu deyim ki, bu çox önəmli bir hadisədir. Niyə önəmli hadisədir? Çünki qızlarımız həm də ağıllı, həm də milli dəyərlərə hörmət eləyən, həm də milli adət-ənənələrə sahib çıxan, qeyrətli, namuslu uşaqlardır. Əslində, bu milləti sevindirən həm də odur ki, digər uşaqların, digər övladlarımızın yolunun açılmasında Günellə Xeyrənsənin böyük rolu olacaq. Bizim tamaşaçılarımız adından, Azərbaycan xalqının, gənclərin adından, öz adımızdan bir daha sizə təşəkkür edirik. Böyük uğurlar! Keçək siyasətə.

– Üzr istəyirəm. Bircə kəlmə deyim. Bizim  övladlarımız ölkənin xaricində də, ölkənin daxilində də savadları ilə bərabər öz qabiliyyətləri ilə, öz əxlaqları ilə seçilməlidirlər. Bizim milli dəyərlərimiz bunu tələb eləyir.

– Məhz önəmlisi də odur…

– Önəmlisi odur. Biz gözümüzü açandan ailəmizdə də bunu görmüşük. Hesab edirəm ki, bizim millətimizə yaraşan da budur.

 

Partiyamızın fəaliyyəti mənim özümü də qane eləmir

– Eşq olsun! Tural Əliyev soruşur: “Partiyanın ofisi varmı? Elşad bəydən başqa partiyada funksioner gözə dəymir. Ümumiyyətlə, partiyanız nəyə iddialıdır?”

– Tural bəyə təşəkkür edirəm. Partiyamızın fəaliyyəti heç mənim özümü də qane eləmir. Partiyamızın ofisi yoxdur, çünki bizə məxsus şəxsi ofisimiz söküldü. Digər ofis də təmirə dayandığı üçün indi ofisimiz yoxdur. Bayaq da dediyim kimi partiyamızın fəaliyyəti ümumilikdə məni qane eləmir, amma partiyaların gücü adətən seçki zamanı görünür. Son seçkilərə gedəndə hamı gördü ki, Elşad Musayevin Böyük Azərbaycan partiyası qısa müddətdə bu işləri başa çatdırdı və onların da başqa bir şeyə gücləri çatmadı, ikinci yeri bizə verdilər. 5-ci dəfədir ki, parlament seçkilərində mən ikinci yerdə qalıram. Yəni bizim kifayət qədər potensialımız da var. Bizim müxtəlif yerlərdə çalışan insanlarımız da var, sadəcə bu insanları üzə çıxara bilmirik. Sadə bir səbəbdən ki, onların iş yerlərinin itirilməsini biz istəmirik. İndi mən hesab edirəm ki, müəyyən qədər işlərim yüngülləşib. Çünki mən bir qədər də seçim qarşısında idim.

– Uşaqlarmı, siyasətmi?

– Uşaqlarımı seçim, ya siyasətimi seçim. Çünki mənim maliyyə imkanlarım da əlimdən çıxmışdı, çoxlu basqı altında idim. Açığı, partiyanın ofisinin olmaması ilə yanaşı, bizim maliyyə qaynaqlarımız da sökülüb, əlimizdən alınıb. Belə bir vəziyyət yaranıb. Burada gizli heç bir şey də yoxdur. Siz özünüz də bilirdiniz ki, biz təşkilat quran vaxt hansı təşkilati strukturlarımız var idi. Maliyyə qaynaqlarımız o qədər olmasa da, hər halda texniki avadanlıqları qaydasına salmışdıq. Ona görə mən yenə də özüm üçün bunu müəyyənləşdirdim ki, indiki dövrdə ən böyük siyasət – dünyanın da indiki hakimiyyəti saxlamaq istədiyi bir dövrdə heç nəyi dəyişə bilmədiyimiz üçün daha çox diqqəti uşaqlara yönəltməkdir. Və mənim üçün bu siyasət içərisində uşaqların təhsilinə yönəldilmə, diqqətimi onlara ayırmaq siyasəti birinci yerə keçdi. Hesab edirəm ki, daha doğru qərar vermişəm.

 

Partiyanın fəaiyyətini gücləndirmək zamanıdır

– Yəni artıq bundan sonra siyasətə qayıdırsınız?

– İndən sonra açığı, partiyanın fəaiyyətini gücləndirmək zamanıdır.

– Elşad müəllim, ölkədəki durumu necə qiymətləndirirsiniz? Yəni indiki halda, 2018-ci il prezident seçkiləri ilidir, bununla bağlı nə planlarınız, nə düşüncələriniz var? Nə eləmək istəyirsiniz? Namizədliyinizi verəcəksinizmi?

– Deməli, ölkəmizdəki durum bəllidir. Son bir ildə büdcəmiz 3 dəfə aşağı düşüb. Deməli, bir idman klubunun büdcəsi qədər aşağı düşüb. Çox təəssüflər olsun ki, belədir. Reallıq budur. Bu, belədir. Biz hesab edirik ki, Azərbaycan daha düzgün yolla getməlidir. İqtisadiyyatını yalnız neftin, qazın üzərində qurmamalıdır. Amma fakt odur ki, prioritet olaraq neft, qaz sahəsi götürüldü, ondan gələn pullar da, paralar da darmadağın oldu. Faktiki olaraq, bütün ölkə bu vəziyyətdədir. İqtisadi inkişaf da gözlənilmir. İqtisadi tənəzzül davam edir. Bir qədər neftin qiyməti qalxmalıdır ki, vəziyyət düzəlsin. Bu siyasət bizi qane eləmir. Ölkədə vəziyyəti dəyişmək üçün ilk növbədə hakimiyyət dəyişməlidir. Hakimiyyəti dəyişmək üçün biz müxalifət olaraq, düşüncəmizi dəyişməliyik, qafamızı dəyişməliyik, fərqli yanaşmalıyıq. Hadisələrə fərqli yanaşmaq məcburiyyətindəyik. Bizim uşaqların uğurları da onu göstərir ki, fərqli məhsul ortaya qoyanda, fərqli yanaşma olanda insanların düşüncələrinə təsir etmək mümkün olur. Misal üçün… Müxtəlif rəqəmlər səslənir ki, buna 1 milyon və ya 2 milyon insan baxdı…

– 1 milyonu keçdi… Hər halda milyonu keçdi.

– Deməli, fərqli yanaşma ilə diqqəti cəlb etmək lazımdır. Bizim  dostlarımızla toplantımız var idi. Orada da mən dedim ki, fərqli bir şey fikirləşmək lazımdır. Ona görə də fərqli bir şey ortaya qoymamış, hər hansı bir məhsulu ortaya qoymamış indidən köhnə qaydada nəyinsə uğur gətirəcəyinə inanmaq yanlışlıq olardı.  Namizədliyimi verib-verməmək məsələsi də vəziyyətin özündən asılıdır. Ölkədə demokratik seçim imkanı yaratmaq lazımdır. Bundan başqa, insanlarımızın proseslərə çox ciddi şəkildə reaksiya verməsi barədə fikirləşmək lazımdır. Sosial bazaları niyə passivdir, onu təhlil edib, sosial bazanı hərəkətə gətirmək kimi xeyli görüləcək işlər var. Bununla yanaşı, eyni zamanda narazı çoxluq var. Əvvəlkindən fərqli olaraq indi narazı çoxluq var. Bu narazı çoxluğu koordinasiya etmək lazımdır. Onların maraqlarının ifadəçisinə çevrilmək lazımdır ki, sənə dəstək verilsin.

 

Ölkənin kənarında olan adam bizdən üstündürsə, heç bir qısqanclıq eləmədən dəyişim üçün onun namizədliyini vermək lazımdır

– Müxalifətdaxili birlik mümkündürmü? Məsələn, deyək ki, siz bir blokda təmsil olunursunuz, digər AXCP-Milli Şura bloku var. Müsavat partiyasının ayrı özünün tərəfdarları var. Çoxtərəfli vahid namizəd foqmalaşdırılması məsələsində də bir söz-söhbət, rüşeym varmı?

– Belə ənənəvi söhbətlər olur. Biz təqribən 10 partiya belə müzakirələr aparırıq. Amma açığı, mən elə hesab edirəm ki, prosesə ölkənin kənarından da çoxlu intellektual insanlar var ki, onları da cəlb etmək lazımdır. Yeri gələndə onlardan namizəd göstərmək lazımdır. Əgər biz ölkənin gələcəyini fikirləşiriksə, əgər rəqabətdə ölkənin kənarında olan adam bizdən üstündürsə, heç bir qısqanclıq eləmədən dəyişim üçün onun namizədliyini vermək lazımdır.

– Yəni bu, Rüstəm İbrahimbəyov modelinin təkrarı olmazmı? Sonradan o adamın da başqa bir problemi çıxmazmı?

– Söhbət ondan gedir ki, çoxlu seçim olanda bir var tək Rüstəm İbrahimbəyovu seçirsən, bir də var ki, həm daxildə namizədlər var, həm də kənarda namizədlər var. Eyni zamanda iddiasını ortaya qoymalıdır, insanlar qorxmamalıdır. Bunun içindən bir seçim eləmək lazımdır. Dövr, zaman fərqli düşüncəni tələb edir. Bir də var köhnə qaydada hamı durub namizədliklərini versin, biz heç bir nəticə əldə eləyə bilməyəcəyik.

– Artıq namizədliklər verilməyə başlayıb.

– Namizədliyini kim verirsə, onların da qərarlarına hörmətlə yanaşmaq lazımdır. Amma illərin təcrübəsi bizə onu göstərir ki, ənənəvi metodla, üsulla, bu hakimiyyətə qalib gəlmək olmur. İndi biz fikirləşirik ki, hakimiyyətdaxili çat baş versin, ondan istifadə olunsun..

– Bu, dəryada balıq sevdasıdır.

– Bu, dəryada balıq sevdasıdır.  Özü də açığını deyim ki, gözləmək ki, nəsə dəyişəcək, biz onu 90-cı illərdə gördük.

– Heç 20 ildir dəyişmirlər.

– O üsul, metod dəyişmir. Hakimiyyət öz üsulunu, öz metodunu tapıb. Çünki bunlara bu sərf edir – yeri gələndə manipulyasiya eləyir, yeri gələndə süni qarşıdurma yaradır, amma fakt odur ki, istədiyini həyata keçirə bilir. Ona görə də biz fərqli düşünmək məcburiyyətindəyik.

– Elşad bəy, siyasi məhbuslar haqqında soruşmaq istəyirəm. Son vaxtlar siyasi məhbusların müdafiəsində görünmürsünüz. Bunun səbəbi nədir? Amma deyəsən, Əli İnsanovun müdafiəsində varsınız… Ayrı-ayrılıqda müdafiə edirsiniz, yoxsa bütün siyasi məhbusların hüquqları tərəfinizdən müdafiə olunur?

– Mən sizin baxışlarınıza hörmətlə yanaşıram, amma elə bir siyasi məhbus məsələsi olmayıb ki, onunla bağlı heç olmasa bəyanat verməyək, etirazımızı eləməyək. Hakimiyyət üçün bir nömrəli siyasi rəqib kimi götürülən, ən çox basqıya məruz qalan Əli İnsanovun məsələsidir ki, mən onda açıq olaraq onun hüquqlarını müdafiə eləmək qənaətini ortaya qoydum. Bundan təhlükəli bir şey olmazdı. Ona görə də siyasi məhbus kim varsa, onların hüquqlarının müdafiəsində məmnuniyyətlə iştirak eləyirik.

 

Hakimiyyətə bir çağırışım var…

– Hamısnı müdafiə edirsiniz…

– Bəli, hamısını müdafiə edirik. Biz ölkəmizdə bir nəfər də olsun siyasi məhbusun olmasını istəmirik. Mən hakimiyyətə bir çağırışım var ki, ölkədə barış yaradın. Barış yaradın! Ölkənin gələcəyi üçün, millətin, özünüzün gələcəyiniz üçün bu ölkədə barış yaradın! Bu millət onsuz da ona qarşı ən kəskin mövqedə olan insanları bağışlamağı bacarır. Barış yaradın ölkədə. Dünya dəyişir, Azərbaycan da dəyişir. Amma biz qan-qada ilə ölkənin dəyişməsini istəmirik. Biz barışla ölkənin dəyişməsini istəyirik. Açığını deyim ki, aşağı kütləyə qarşı nə qədər sərt mübarizə apararsan, bir o qədər də adekvat cavab alarsan. Ona görə də bu hakimiyyətin əlində yenə də şans var. Siyasi məhbusların dərhal azad edilməsinə kim mane olur?

– Ümumiyyətlə, siyasi məhbuslar bu hakimiyyət üçün nə təhlükə törədə bilərlər ki?

– Hansı təhlükəni yarada bilərlər, mən də anlaya bimirəm.

– Ən təcrübəliləri girdilər-çıxdılar, nə təhlükə oldu ki?

– Vallah. Ən təcrübəliləri, ən təhlükəliləri girdilər-çıxdılar. Ona görə hesab edirəm ki, hakimiyyət Əli İnsanov məsələsində və digər siyasi məhbuslar məsələsində rasional fikirləşməlidir və dərhal siyasi məhbuslar azad olunmalıdır.

Belə çıxdı ki, bu regiondan bir nəfər kişi yoxdur ki, açıq-açığına desin ki…

– Əli İnsanovla bağlı məsələ nə məsələdir, Elşad müəllim? 11 il verilən cəzanı çəkəndən sonra yeni qərarın verilməsi və s. Ümumiyyətlə, Əli İnsanova qarşı bu münasibət nədən qaynaqlanır? Çünki onun müdafiəsində həm də regional baxımdan iştirak edirsiniz. O baxımdan sizdən soruşuram.

– Əli İnsanova qarşı münasibətin niyə bu qədər kəskin olması sualı hakimiyyətin özünə verilsə, daha düzgün olar. Çünki bu qədər qərəzli olmaq olmaz. Mən də anlaya bilmirəm ki, niyə bu qədər qərəzlidirlər. Deyək ki, Əli İnsanov dünya şöhrətli alimdir.  Bu hakimiyyətin qurulmasında iştirak eləyib. Bunlarla şəxsi düşmənçiliyi olmayıb. Əli İnsanovdan ehtiyatlanıblar ki, hakimiyyətə gələ bilər, bunun şansı var-filan.. Amma Əli İnsanov bunlar üçün heç bir təhlükə törətmir axı… Bu, ya şəxsi qərəzlikdən irəli gəlir, ya arxada hansısa planlar var, ondan irəli gəlir, mən bunun səbəbinin nə olduğunu deyə bilmərəm. Əli İnsanovun müdafiəsi məsələsinə gəlincə, açığı, onun cəzası bir qədər də artdı. Avropa Məhkəməsinin bu işlə bağlı qərarı var ki, Əli İnsanovun həbsi əsassızdır və o, həbsdən azad olunmalıdır və s. Bundan sonra da 71 yaşlı akademikə yenidən cinayət işi qaldırmaq çox gülünc idi. Əslində, vicdanı olan hər kəs buna etiraz eləməli idi. Bir də mənim üçün ağır gələn o idi ki, mətbuatda bununla bağlı məqalələr dərc olundu və “bu regiondan bir nəfər yoxdurmu ki, Əli İnsanovun hüquqlarını müdafiə eləsin” – sualları ortaya atıldı. Belə çıxdı ki, bu regiondan bir nəfər kişi yoxdur ki, açıq-açığına desin ki, bu ədalətsizliyi dayandırın. Ona görə də bunu mən özümə borc bilərək, açıq-açığına onun hüquqlarını müdafiə etdim.

– Zamanında Əli İnsanovun süfrəsinin kənarında oturan adamların biri onu müdafiə eləmədi.

– Hə, onlar müdafiə eləmədilər, tamamilə düzdür.

– Hətta bəzi jurnalistlər bunu mənə də söylədilər ki, həmin adamlara bir-bir zəng ediblər ki, Əli İnsanovun həbsinə münasibət bildirin, o adamların hamısı demişdilər ki, bu məsələdə bizim adımızı onun adı ilə bir yerdə çəkməyin.

– Mən bununla bağlı jurnalistlərin də müraciət etdiklərini bilmirdim. Bu, mənim üçün yenilik oldu.

– Adlarını adbaad bilirəm, sadəcə buradan ad çəkmək etik olmazdı.

– Bizim mövqeyimizdə gizli heç nə yoxdur. Mən hesab edirəm ki, Əli İnsanovun və digər siyasi məhbusların içəridə saxlanılması qanunsuzdur və onlar azad edilməlidirlər. Mən Əli İnsanovun məhkəmələrində də oldum, gülünc bir proses keçdi. Bütün bunlar hökumətə başucalığı gətirmir. Lap özü üçün olsun. Nə üçün buna görə kənardan əlavə təzyiqlər almalıdır.  Əli İnsanov hansı təhlükəni yarada bilər?

– Əgər azad olunsaydı, nə edə bilərdi ki, Əli İnsanov?

– Və yaxud da başqa siyasi məhbus azadlığa çıxandan sonra nə eləyə biləcəkdi? AXCP sədrinin müavini Gözəl Bayramlını içəri salıblar. Qadın xeylağıdır. Ya da bir başqası olsun.

– Ceyhun Mirzəlinin sualını vermək istəyirəm: “Dünya və Azərbaycan ədəbiyyatından bəyəndiyi əsərlər hansılardır?”

– Vallah, deyim ki…

– Son vaxtlar ədəbiyyat oxuyursunuzmu?

– Son vaxtlar siyasi ədəbiyyat və eyni zamanda dünyada gedən proseslərlə bağlı ədəbiyyatları oxuyuram. Bizim uşaqların da kitabxanasından bir kitab götürmüşdüm. Pakistan yazıçısı Hüseyn…

– Xalid Hüseyin…

– Xalid Hüseyin…

– Onun əsərləri gözəldir.

– Səhv etmirəmsə, adı “Min möhtəşəm günəş”dir. Azərbaycan ədəbiyyatından isə… Sözün açığı, mən vaxtilə şeir deməyi də çox sevərdim. Məsəl üçün mən VIII sinifdə oxuyanda Səməd Vurğunun “Vaqif” pyesini əzbər bilirdim. Şeirləri çox bildiyim üçün dostlar məclisində çox zarafatlaşardıq. Amma bizim ədəbiyyatda “Dumanlı Təbriz” mənim daha çox xoşuma gəlir.

– Ordubadinin…

– Ordubadinin “Dumanlı Təbriz” əsəri…

 

Günel ingilis dilində şeirlər yazır…

– Elşad müəllim, heç özünüz şeir yazmısınızmı?

– Yox, vallah, mənim heç şeir yazmağım yoxdur. Amma mənim üçün maraqlı olan odur ki, Günel müsahibə verəndə dedi ki, onun ingilis dilində şeirləri var.

– Hə, Günelin yaxşı şeir deməyi də var.

– Xeyrənsə ilə Günelin çox möhtəşəm şeir deməkləri var. Bir dəfə görüşəndə onlardan o şeirləri alın.

– Yox, mən onları ayrılıqda işıqlandıracam və şeirlərini, ingilis dilində olan şeirlərini də yayımlayacam. Bu sirri bizə verməyiniz yaxşıdır. Amma bir şərtlə ki, bunu dinləyəndən sonra başqa yerdə yayımlamayasınız. Sizdən artıq eksklüziv yayım haqqını aldıq. Hə, Ceyhun Mirzəli həm də dünya və Azərbaycan kinosundan hansılarını bəyəndiyinizi soruşur.

– Siyasi mövzulu dünya kinosunu…

 

Bizim aktyorlar, aktrisalar həddindən artıq möhkəm səslə qışqırırlar

 

– Bu suallar bir sovet romantikasıdır.

– Hə, sovet romantikası kimidir. Rusların özlərinin də siyasi mövzularda çəkdikləri filmlər var. Bizimkilərin içərisində xoşuma gələn “Dəli Kür”, “O olmasın, bu olsun” filmləridir. Yəni klassik kinolarımız var ki, onlar daha çox yadda qalır. Son dövrlər sual verirlər ki, “Siyasətçilər niyə teatrlara getmirlər, roman oxumurlar?” Açığı, bəlkə də çox yaxşı romanlar var ki, biz onları oxumamışıq. Amma bir yaxşı məhsul olsa, oxumaq lazımdır. Məsələn, bizim teatrlara bir neçə dəfə cəhd edib getdim. Çox qəribə bir şeydir ki, bizim aktyorlar, aktrisalar həddindən artıq möhkəm səslə qışqırırlar. Anlamaq olmur ki, niyə qışqırırlar.

– Sənət deyil sanki… Bağırtı, qışqırıq, qulaq tutulur.

– Qışqırırlar. Məsələn, Rus Dram Teatrına bir dəfə dostumla getmişdik. Onlar daha maraqlıdırlar.

– Sanki o teatrda adam dincəlir.

– Bəli, daha maraqlı təsir bağışladı. Ora dostumun təklifi ilə getdim. Amma mən istərdim ki, bizimki daha güclü olsun. Amma düzünü deyim ki, o effekti ala bilmədim. Bəlkə biz daha tənbəlik, ya da məhsul keyfiyyətli deyil.

– Əslində, teatr yaxşı olsaydı, bütün insanları arxasınca sürükləyib aparardı.

– Tamamilə düzdür. Məsələn, mən İstanbulda olanda Xeyrənsə ilə Günel teatra dəvət elədilər, orada da baxdıq. Bir nəfərin monoloqu idi, çox, həddən artıq maraqlı idi. Yəni bu baxımdan etiraf edək ki, biz bizim uşaqlarımızdan xeyli geridəyik.

– Müsahibənin gedişində bir sual da ağlıma gəldi. Uzun illər siz Milli İstiqlal partiyasının rəhbərliyində təmsil olunubsunuz. Bu uğurla bağlı partiyanın lideri Etibar Məmmədov sizə zəng elədimi?

– Bəli, Etibar bəy mənə zəng elədi, təbrik elədi. Sonra onunla bir toy məclisində görüşdük orada da məni təbrik elədi. Təbii ki, Etibar bəy də təbrik eləyib, Türkiyədə olanda ilk zəng vuranlardan biri KXCP-nin sədri Mirmahmud bəy oldu.

 

Bu möhtəşəm millətin ürəyindəki közü yandırmaq lazımdır

– Yəni aranızda nə olmağına baxmayaq, bütün insanlar bu məsələdə sevincinizi bölüşdülər.

– Bir şeyi deyim ki, mənim bu dəqiqə Etibar Məmmədovla da münasibətim var, digər siyasilərlə də. Amma digər bir qisim adamlar var ki, mən bəlkə də onları incitmişdim, onlar göz yaşları içərisində zəng edib bizi təbrik etdilər. Ona görə də mən millətimizin çox möhtəşəm olduğu qənaətindəyəm. Bir daha sübut olundu. Yəni məndən inciyən adamlar belə göz yaşları içərisində mənə zəng vurub təbrik elədilər. Tamam kənar adamlar, tanıyan, tanımayan adamlar təbrik elədilər. Ona görə millətim çox böyükdür. Çox möhtəşəm millətimiz var. Bu millətin ürəyində bir köz durur. Sadəcə, bu közün üstü örtülüb. Deməli, bu közü yandırmaq lazımdır. Bunun da bir üsulunu tapmaq lazımdır. Ona görə də biz siyasilər günahı ilk növbədə özümüzdə axtarmalıyıq.

– Uğur olsun!

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button