“Qaynar Qazan”da Eynulla Fətullayev (II hissə): “Hakimiyyətin o qədər pulu yoxdur ki, məni alsın”-VİDEO

Eynulla Fətullyev: “Elmar üçün məndən çox edən olmadı”

Eynulla Fətullayevi “Qaynar Qazan”a çağıranda xeyli tərəddüd etdim. İndi Azərbaycanda haqqında ən çox danışılan redaktorlardan biridir Eynulla. Ona münasibət birmənalı deyil. Həbsxanada möhtəşəm mübarizəsi olsa da, həbsdən çıxandan sonra hər şey 180 dərəcə dəyişmiş, bütün onu müdafiə edənləri qatlayıb dizlərinin altına qoymuşdu. O baxımdan, tərəddüdüm ciddi idi. Mənimlə münasibətləri də rəvan deyildi. Ən çox mənə toxunmuşdu Eynulla Fətullayevin davranışları. Onun mövqeyini belə dəyişməsi və hakimiyyətin səngərinə üz tutması, yenicə həbs olunan Əvəz Zeynallı üçün öldürücü olmuşdu. Məni aylarla vicdan məhbusu elan etmədilər, müdafiəm darmadağın oldu. Həm yerli, həm də beynəlxalq təşkilatlar haqlı olaraq “biz bunları müdafiə edirik, bunlar çıxıb hakimiyyətin səfində yer tuturlar” deyə mənim işimə dırnaqarası yanaşdılar. Göz gördüyündən qorxardı təbii ki.

İlk gnülər, həbsimin ilk zamanları məni müdafiə etsə də – əslində, mənim ümid bağladığım adamlardan biri də o idi – sonra bu müdafiədən bir çoxları kimi çəkildi. Yavaş-yavaş arxa plana keçdim və zamanla tamam unuduldum. Bundan sonra onun yanıma gəlmə vədi boş çıxdı və mən növbəti addım kimi, Eynullanın yanıma gəlməyəcəyini bildiyim halda, onun gəlişindən imtina etdim. Bunu heç unutmadı və zamanla hər zaman xatırlatdı. Məni müdafiə etmədi, amma hər zaman da “Azərbaycanda həbsdə olan bir jurnalist var, o da Əvəz Zeynallıdır” dedi. Şükür ki, onu da sona qədər dedi.

Bu baxımdan, bizim Eynulla Fətullayevlə özəl münasibətlərimiz yarandı – “mehriban düşmənlər” misali. Sonra bir neçə dəfə mənə xəbər göndərdi ki, dəvət etsin, yanına gəlim. Mən də dedim ki, dəvət etməyəcəm, amma gəlsə görüşərəm. Beləcə, at gedişləri ilə o məni, mən onu yola verdik. Gəlmədi. Mənim də ehtiyacım olmadı. Ümidlərim qırıldı. Daha onu gözləmədim.

Heç həbsdən çıxanda da görüşmədik. Nə telefon etdi, nə aradı, nə sordu, nə də nəyinsə izahını verdi. Elə mən də. Oysa, o həsdən çıxanda arayan da, soruşan da, onu redaksiyamıza çağırıb böyük müsahibələr alan da bizlər olmuşduq…

Aradan zaman keçdi, “Qaynar Qazan” yarandı, inkişaf etdi və onun adı hər zaman dəvət olunacaq qonaqların siyahısında yer aldı. Və… erməni jurmalistini işə götürəndə “dananın quyruğu qopdu”. Qərara gəldik ki, Eynullanı artıq qonaq dəvət edə bilərik.

Tərəddüd içində zəng etdim. Bundan əvvəl bir dəfə təmasımız olmuşdu. Allah rəhmət eləsin, atası Emin dayı dünyasını dəyişəndən sonra eşidib yasına getdim və 40 mərasimində yasa dəvət olundum. Emin dayı ilə özəl münasibətlərimiz olmuşdu və nə qəribədir ki, həbsimdən təxminən bir həftə əvvəl gəlib mənimlə görüşmüş, geri çəkilmək haqqında məsləhətlərini vermişdi. Həbs olunacağımı bilirdi sanki, başına gəlmişdi axı. Onun ölümü məni həqiqətən sarsıtdı və beləcə, Eynulla ilə görüşdük.

Zəng edib “Qaynar Qazan”a dəvət edəndə bir neçə saniyə duruxdu. Sonra razılığını verdi. Qərarlaşdırdıq və razılaşdıq. Amma mən yenə tərəddüd içində idim. Elanı verdim və dəfələrlə xəbərdarlıq etdim ki, təhqir olmadan normal suallar ünvanlansın. Kimə deyirsən?

Eynulla Fətullayevə sual yağışı oldu. 150-dən çox sual gəldi və içində 1 faiz sual olmadı ki, müsbət yönümlü və tonlu olsun. Bir ara müsahibənin alınmayacağı narahatçılığını yaşadım. Kateqoriyalaşdıranda sualların əksəriyyəti “verilməyəcək suallar” kateqoriyasına yazılırdı. Sualların davam etdiyi zaman Eynulla ilə əlaqə saxlamaq da müşkülə çevrildi. Bir gün əlaqə saxlaya bilmədik. Bunu “Qaynar Qazan”dan imtina kimi qəbul edəcəkdim ki, cavab gəldi. Görüşümüz və müsahibəmiz qüvvədə qalırdı.

Belə narahat və tərəddüd içində müsahibəmiz baş tutdu. Sual yağışından ünvanlamadığım suallar da çox oldu. Təhqir elementi daşıyan sualları ünvanlamadım, amma Eynulla müsahibəyə çox yaxşı hazırlaşmış, sualların hamısına cavab hazırlamışdı. Özü bütün suallara cavab verdi. Heç bir “təxribat”a getmədi, təmkinli və sakit duruşunu pozmadı. Hətta bir az təəccübləndirdi də. Aramla ona yönələn bütün sualları cavablandırdı. Heç bir yazısından imtina etmədən və əvvəlki heç bir hərəkətini və düşüncələrini təkrarlamadan. Onunla İlham Əliyevə münasibətinin kəskin dəyişməsindən Akif Çovdarova, Mədət Quliyevlə dostluğundan əvvəl dostları, indi düşmənləri olan müdafiəçilərinə qədər hər mövzudan danışdıq. Tam səmimi ola bilmədi, amma cavablandırmadığı sual da qalmadı. Təbii ki, son qiyməti əlahəzrət tamaşaçı verəcək…

Beləliklə, “Qaynar Qazan”ın 32-ci qonağı Eynulla Fətullayevlə elə onun redaksiyasında görüşdük. İllərdən sonra ilk dəfə idi ki, bir masa arxasında oturub söhbət edirdik. Və hansı suallar və hansı cavablar…

Müsahibə necə alınıb, ona təbii ki, tamaşaçılar və Oxucular qərar verəcək. Ancaq Eynullanın bu müsahibəsi çox maraqla qarşılanacaq. Bunu dəqiq bilirəm.

O zaman haqqın.az və virtualaz.org saytlarının baş redaktoru Eynulla Fətullayevi dinləyək.

dsc06989

Əvəz Zeynallı

I hissəni bu linkdən oxuya bilərsiniz:

https://www.xural.com/qaynar-qazanda-eynulla-f%C9%99tullayev-i-hiss%C9%99-m%C9%99d%C9%99t-quliyev-olmasaydi-hec-h%C9%99yatda-da-qalmazdim/ (“Qaynar Qazan”da Eynulla Fətullayev (I hissə): “Mədət Quliyev olmasaydı, heç həyatda da qalmazdım”)

II hissə 

Mən “işğalçı hakimiyyət…” ifadəsi işlətməmişəm

– Elmara yazılarına görə qəzəbli idilər, eləmi?

– Düşünürəm, yazılarına görə, əlbəttə ki…

– Elmar başqa nə edə bilərdi ki?

– Əlbəttə, yazılarına görə.

– Muslim Acemi soruşur: “Faktiki olaraq indi hakimiyyətin tərəfini tutan Eynulla Fətullayev Elmar Hüseynovun dəfnində mövcud hakimiyyəti “işğalçı” adlandırmışdı”.

– “İşğalçı” adlandırmışdım?

– Bəli.

– Yadıma gəlmir o. Ki mən “işğalçı”, “işğalçı” adlandıram.

– Deyəsən, elə bir şey var idi.

– Xeyr, xeyr. Ümumiyyətlə, çıxışım zamanı mən “hakimiyyət” sözünü işlətməmişəm. Mən dedim ki, “deyirlər ki, bu gün…” Hə, ANS televiziyası… Yadıma düşdü. Məni qəzəbləndirən nə idi. ANS televiziyası o zaman belə bir reportaj yaymışdı ki, Elmar Hüseynov müxalifətdən də yazıb. Yadınıza gəlir?

– Hə…

– Yadınıza gəlir?

– Bəli, bəli…

– Mən də o zaman dedim ki, “ANS deyir ki, biz müxalifətdən də yazmışıq, amma biz müxalifəti tənqid etməmişik. Biz müxalifətlə yanaşı, hökuməti də tənqid etmişik” və bir neçə nazirin də adını sadaladım…

– Bəli..

– Yadınıza gəlirsə…

– Yadımdadır.

– Mən “işğalçı hakimiyyət…” Yəni bu, bu, bu, bu formada ifadələr işlətməmişəm. Bu məfhumları işlətməmişəm. Baxın, indi yadıma düşür. Tribunadan səsləndirdiyim bəli, bir neçə ad olub. Yəni dedim ki, biz bunlardan yazmışıq. Oliqarxlardan yazmışıq, hökumət rəsmilərindən yazmışıq. Müxalifətlə yanaşı, hökumət rəsmilərindən də yazmışıq. Bax, bu cür olubdur, bəli. Bu, həqiqətdir.

Mən vicdanlı adam olmuşam

img_0366

– Deməli, Xəyal Əzizov soruşur: “Elmar Hüseynov bu gün sağ olsaydı, öz mövqeyini qoruyub saxlaya bilərdimi? Yoxsa elə o da sənin kimi mövqeyində dəyişiklik edərdi?”

– “Mövqe dəyişikliyi”. Bilirsinizmi, çox maraqlı bir…

– Bununla yanaşı, çox eyni sual var…

– Birdəfəlik mən istəyirəm ki, bütün bunlara cavab verəm. Qısa bir məlumat verəcəm. Mən 1992-ci ildə Azərbaycanda ilk sosial-demokrat gənclər təşkilatını yaratmışam…

– Bununla bağlı da suallar var.

– Komsomoldan sonra bu ilk gənclər təşkilatı olub. O təşkilatdır ki, daim onu hakimiyyətlə işbirliyində ittiham ediblər. Elədirmi, Əvəz bəy?

– Bəli.

– Sonradan Yeni Azərbaycan Partiyasının üzvü olmuşam və YAP-ın o zamankı rəhbərlərindən biri Əli Nağıyevin müşaviri işləmişəm. Ondan sonra hər zaman hakimiyyətlə adı çəkilən ANS-də çalışmışam. Ondan sonra… Sadəcə kiçicik öz tərcümeyi-halımı deyirəm ki, görəsiniz. Çünki tez-tez deyirlər ki, “mövqe dəyişikliyi”, ona görə mənim üçün… Mən vicdanlı adam olmuşam. Bəli, bu gün də mən nahaqqa haqq, haqqa nahaq deyə bilmərəm. Çalışıram ən azı. Nə qədər mümkündürsə, nə qədər mənim hakimiyyətim çərçivəsindədirsə və nə qədər mənim üçün təhlükəsizdir, bəli, mən həmişə çalışıram həqiqətləri etiraf edim. Amma mən heç bir zaman AXCP-nin üzvü olmamışam. Mən heç bir zaman Müsavat partiyasının üzvü olmamışam. Bəli, mən jurnalist olaraq, onların hər birindən müsahibələr almışam, həm ANS-də, həm “Monitor” jurnalında. “Monitor” jurnalını açın, baxın. Nə qədər müxalifət əleyhinə yazılarımız olub. Eyni zamanda hakimiyyət nümayəndələrini də ciddi və sərt tənqid etmişik. Amma biz heç bir vaxt müxalifətçi olmamışıq. Ümumiyyətlə, Elmarla bizim o zaman konsepsiyamız müstəqil – həm müxalifətdən, həm də hakimiyyətdən eyni dərəcədə məsafə saxlaya biləcək dərəcədə olub.

“Monitor” jurnalı müxalifət nəşri olmayıb

– Əslində,müstəqil olmaq elə peşəkar olmaq deməkdir.

– Bilirsinizmi, “Monitor” jurnalı hansı nəşriyyatda dərc olunub?

– Aslan İsmayılovun?

– Yox, ondan əvvəl “Парни из Баку” – Anar Məmmədxanovun. Anar Məmmədxanov kimin dostu idi?

– İlham Əliyevin.

– “Monitor” jurnalı axı  “Парни из Баку”-da dərc olunurdu. Baxın, bilirsinizmi necədir? Bəzən bizim cəmiyyətimizdə əsatirlər yaranır. Doğru, dürüst, bəlkə heç “Monitor”u oxumayan, heç rus dilində oxumayan və bu jurnalı vərəqləməyən, amma müəyyən bir əsatirlərin təsiri altında olan insanlar fikirlər yürüdür, adam özü təəccüblənir və bəzən də özü-özündən şübhələnir. Axı, bilirsinizmi, “Monitor” jurnalı müxalifət nəşri olmayıb. Nə də hökumətyönlü nəşr olmayıb. O zaman sizin də konsepsiyanız o idi “Xural” qəzetini yaradanda…

– Biz uzun zaman bu konsepsiya ilə qəzet buraxdıq.

– Uzun zaman… Məhz müstəqil nəşr yaratmaq. Məhz müstəqil olmaq, nə qədər mümkündürsə. Əslində, Anar Məmmədxanovun da…

– Əslində, indi Rauf Arifoğlunun da elədiyi odur…

– Bəli.

– Təxminən odur…

– Bəli, bəli.

– Bütün partiyalarla bərabər məsafə saxlamaq baxımından…

– Bəli, bəli… Bərabər məsafədə… Ona görə bilirsinizmi, necədir? Sonradan “Реальная Азербайджан” qəzetində bunu davam etdirdik.

Məni Kəmaləddin Heydərova işləməkdə suçlayırdılar

img_0368

– Hər halda bu oxşar sualların hamısını…

– “Azadlıq” qəzetinin 2005-ci ildəki manşetlərini yadınıza salın: “Eynulla Fətullayev Kəmaləddin Heydərova işləyir”… Elə deyildimi? Yadınıza gəlir?

– Bəli.

– Məni Kəmaləddin Heydərova işləməkdə suçlayırdılar. Həbsimdən öncə… Həbsimdən sonra da oldu Mədət Quliyev. Bilirsinizmi, söhbət ondan gedir ki, daima hakimiyyət…

– Amma “Реальная Азербайджан” qəzetində Kəmaləddin Heydərovun izi var idi.

– Qətiyyən, heç bir izi yox idi.

– Hüseyn Abdullayev…

– Bax, görürsünüzmü? Hüseyn Abdullayevlə o zaman Kəmaləddin Heydərovun arasındakı münasibətlər çox soyuq idi.

– Amma yaxın dost olmusunuz Hüseyn Abdullayevlə…

– Hüseyn Abdullayevlə dost olmuşuq, bəli..

– Sonradan münasibətləriniz niyə soyudu?

– Mən sizə deyim. Çünki Hüseyn Abdullayev o zaman bir çox məsələlərlə bağlı mənə yalan məlumat verdi. Yəni mən bunu da çox səmimi olaraq deyirəm. O prosesləri indi yenidən mən demək istəmirəm. Yenə deyirəm ki, iki nəfərin arasında olan məsələlər idi. Bir daha deyirəm, bir sıra məsələlərlə bağlı mənə yanlış məlumatlar verdi. Və mən həbsdən çıxandan sonra da o gəldi və biz görüşdük. O yenə də həmin söhbətləri başlayanda mən dedim ki, “Hüseyn, dayan, artıq lazım deyil.” Çünki mən düşünürəm ki, Hüseyn Abdullayev oyun qaydalarını pozdu. Heç bir zaman, heç bir oyunda qaydaları pozmaq olmaz. Hüseyn Abdullayev bununla bağlı mənə düzgün məlumat verməmişdi. Mən onda onu ciddi-cəhdlə müdafiə etmişdim…

– Kiminlə bağlı?

– Azərbaycanda olanda oyunun qaydalarını pozdu.

– Hakimiyyətlə bağlı?

– Əlbəttə, hakimiyyətlə bağlı oyunun qaydalarını ciddi şəkildə pozdu.

– Sizi yanlış istiqamətəmi yönləndirmişdi?

 – Yoooox… İstiqamətləndirməmişdi. Sadəcə müəyyən münasibətlər sistemi var və həmin münasibətlər sistemi ilə bağlı düzgün olmayan məlumatlar vermişdi…

Kəmaləddin Heydərovla heç bir bağlılığımız yox idi

– Belə məlumatlar var ki, həbsxanada olanda Müşfiq Mədətovla görüşmüsünüz və Müşfiq Mədətova onun haqqında yazdığınız yazıları Hüseyn Abdullayevin verdiyini deyibsiniz. Hüseyn Abdullayevlə münasibətlər də ona görə pozulub.

– Yooox, qətiyyən. Yox, yox… O, çox xırda bir epizoddur. Kiçik epizoddur. Düzdür, sonra biz Müşfiq Mədətovla dostlaşdıq 1 saylı cəzaçəkmə müəssisəsində.

– Amma onda münasibətlər gərgin idi, çünki ondan yazmışdınız…

– Hüseyndən?..

– Yox, Müşfiqdən…

– Müşfiq elə bir inssandır ki,ümumiyyətlə, onunla gərgin münasibətlər mümkün deyil. Həqiqətən. Yəni hər zaman xoş ovqatlı, eyni zamanda çox maraqlı bir personajdır. Mən təsəvvür edə bilmirəm. Müşfiq Mədətov kənardan bəlkə də qorxunc təsir bağışlayır. Amma onunla münasibət saxlayan, dostluq edən bilir ki, Müşfiq çox xeyirxah, çox açıq və eyni zamanda uşaqcasına sadəlövh bir insandır. Həqiqətən də… Ona görə də onun başına ümumiyyətlə, fəlakətlər gəldi. Ürəyinin təmizliyindən və sadəlövhlüyündən… Uşaqcasına sadəlövh biridir. Ona görə, yox, qətiyyən. Həbsxanada bir söhbətimiz olmuşdu. Onu soruşmuşdu məndən.

– Bu söhbətə Kəmaləddin Heydərovdan gəldik. O vaxt  “Реальная Азербайджан” ilə “Gündəlik Azərbaycan” qəzetlərində Kəmaləddin Heydərovun rolu…

– Qətiyyən… Kəmaləddin Heydərovun “Реальная Азербайджан” qəzetinə qətiyyən heç bir aidiyyatı yox idi. Mən bunu tam vicdanımla, tam səmimi, gözünüzün içinə baxaraq, söyləyirəm –“Heç bir bağlılığımız yox idi”.

– Eldəniz Quliyev Elmarla bağlı sonuncu sualı verir: “Hörmətli Əvəz bəy. Qonağınıza hörmət hissim olmadığı üçün “hörmətli” deməyəcəm, üzürlü sayın. Sualım isə budur: “Rəhmətlik Elmarı yuxuda görürmü? Onun ruhu qarşısında hər hansı bir məsuliyyəti və yaxud da kompleksi varmı?””

– Mən bu suala artıq cavab verdim. Vicdanım tam təmizdir. Və hesab edirəm ki, Elmar üçün məndən çox edən olmadı. Bəlkə də… Ölümündən sonra…

– Siz o vaxtlar, həbsxanadan çıxandan sonra “Xural”a verdiyiniz müsahibədə də demişdiniz ki, siz Elmara olan bütün borclarınızı yerinə yetirmisiniz…

– Bəli…

Mən bilərəkdən həqiqətə qarşı getməmişəm

img_0370

– Elmira Abuşova yazır: “Vicdanı onu narahat edəndə təsəllisi nə olur?” 

– Həqiqət. Bilirsinizmi, olur elə məqamlar. Həqiqətən də vicdan narahat edir. Və o zaman özüm-özümə sual verirəm. Özüm-özümə əlbəttə ki, suallar ünvanlayıram. Həyatda ən azı çalışıram ki… Çalışıram ki, vicdanımın əleyhinə getməyim. Bəli, müəyyən dövr olur ki, insanlar səni başa düşmür. Düşünür ki, sən hansısa vicdansızlığı etmisən. Sən kiminsə haqqını yemisən və düz etməmisən. Amma müəyyən dövr keçəndən sonra əgər sən haqlısansa, sənin haqlılığın sübut olunur. Tarix və zaman bunu sübut edir. Ona görə də əlbəttə, günahsız və səhvsiz insan yoxdur bu həyatda. Bunu dini kitablar da yazır, yaşa dolduqca da həyat təcrübəsi bunu göstərir. Amma vicdansızlıq etmək – demək bilərəkdən həqiqətə qarşı getməkdir. Mən bilərəkdən həqiqətə qarşı getməmişəm. Ola bilər ki, gördüyüm həqiqət kimin üçünsə yanlış olsun. Amma mən bunu belə görmüşəm. Ola bilər ki, mən yanılıram. Ola bilər ki, mən nə zamansa yanılmışam. Amma mən bunu həqiqət kimi görmüşəm. Və düşünmürəm ki, bu, vicdansızlıqdır.

– Bayaq təxminən bu suala cavab verdiniz. Amma yenə də soruşurlar, səsləndirməliyəm. Emil Cəfərli yazır: “Pula görəmi 180 dərəcə dəyişdi, yoxsa, qorxuduldu müxalifət olmaqla bağlı?”

– Bilirsinizmi necədir? Bu yaxınlarda Heydər Babayevlə bizim çox maraqlı söhbətimiz oldu.

– Keçmiş nazir?

– Bəli, bəli, bəli… “Standart Bank”ın sahibi idi. Bilirsiniz də, o, iş fəaliyyətinə SSRİ-nin Mərkəzi Bankından başlamışdı.

– Bəli.

– O deyir ki, “mən o zaman işə qəbul olunanda bizim Mərkəzi Bankın rəhbəri yəhudi idi. O zaman mən və bir neçə cavan təcrübə keçməyə gəlmiş oğlanı pul saxlanılan zirzəmiyə saldılar və dedilər ki, sizə ilk tapşırıq: bu gördüyünüz pulları başlayın saymağa. Üstündən 1-2 gün keçdi, biz bu pulları sayırıq. Həmin o qocaman yəhudi zirzəmiyə düşüb, deyirdi, “necəsiniz, özünüzü necə hiss edirsiniz? İşlər necədir?” Deyirdik, “tapşırığı yerinə yetiririk, pulları sayırıq”. Üzərindən bir həftə keçəndən sonra da hər gün gördüyümüz işlə maraqlanırdı. Bir də soruşanda ki, “necəsiniz, özünüzü necə hiss edirsiniz?” , mən artıq o pullardan iyrənmişdim. Dedim ki, “mən artıq sizin Mərkəzi Bankda işləmək istəmirəm. Yəqin ki, sənətimi də dəyişəcəm. Çünki mən bu pullardan iyrənmişəm”. Həmin vaxt qocaman yəhudi deyir ki, “artıq sən bank işinə hazırsan”.

– Puldan iyrənirsənsə, deməli, hazırsan…

– Bəli. “Deməli, sən heç bir zaman bankdan pul oğurlamayacaqsan”. Deyir ki, “Eynulla, inanırsan, indiyə qədər mən cibimdə nağd pul saxlamıram, iyrənirəm. Artıq onun qoxusundan məndə allerqik bir reaksiya yaranır”.

– Maraqlıdır…

– Ona görə bizdə bütün banklardan pullar oğurlandı. Çünki orada qeyri-peşəkar bankirlər işləyirdilər.  Mən o zamandan özümə sual verdim. Bank özü də böyük bir məktəbdir. Deməli, hər kəs bu məktəbdən keçməlidir.

– Puldan gözü doymalıdır.

– Əlbəttə. Doymalıdır, iyrənməlidir. Çünki əks halda onu oğurlayacaq. Ona görə bizim bütün banklarda pulları oğurladılar. İndi yenidən ona qayıdıram. Mənim atam, Allah ona rəhmət eləsin…

Hakimiyyətin o qədər pulu yoxdur ki, məni alsın

img_0374

– Allah rəhmət eləsin…

– …25 il zərgərlik zavodunda işləyib. Hətta məni də zavoda aparardı, oradakı dəlləyə başımı qırxdırardı. Eyni zamanda onun yanında oturardım. O böyük, kiloluq qızılları… Maraqlı idi. Bir dəfə soruşdum ki, bu, necə istehsal olunur. İstəyirəm ki, baxım. O məni apardı və istehsal sistemini nümayiş etdirdi.  Demək olar ki, həftədə bir və ya iki dəfə məni özü ilə zərgərlik zavoduna aparırdı. Və həmişə də qarşımda yüz kilolarla qızıllar görürdüm. Heydər Babayevin sözünə qüvvət… Bilirsinizmi, bəzən primitiv versiyalar səslənir ki, filankəs satıldı, filankəs alındı. Düşünmürəm ki, hakimiyyətin o qədər pulu var ki, məni alsın. Yəqin ki, onların o qədər pulları yoxdur. (Gülür…) Ona görə də … indi iqtisadi böhrandır, bilirsiniz. Şiddətli. Ona görə də… Əlbəttə, bu, bir zarafatdır. Əvəz bəy, mən 2005-ci ildə də, 2006-cı ildə də yazdıqlarımı 2012-13-cü illərdə təkrar etmişəm. Bəli, hesab edirəm ki, Azərbaycanda İlham Əliyevə siyasi alternativ yoxdur. Yoxdur. Levon Ter-Petrosyan çapında, miqyasında bizdə siyasətçi yoxdur. Bəlkə Levon Ter-Petrosyan çapında, miqyasında düşüncə fəlsəfəsinə baxın. Azərbaycanda hansı müxalifət lideri belə bir məqalə ilə çıxış edə bilər?

– Bu haqda yazdığınız statusu oxudum.

– Azərbaycanda hansı müxalifət lideri belə bir əsərlə çıxış edə bilər?  Olsa, bəli, mən onun arxasınca gedə bilərəm. Amma yoxdur. Məsələn, mənim yadımdadır da, bir çox müxalifət liderləri ilə bizim diskussiyalarımız olub. Əli Kərimlinin nəzəriyyəsinə əsasən, artıq 2012-2013-cü illərdə Azərbaycanda hakimiyyət dəyişikliyi baş verməli idi. Mən 2003 və 2013-cü ildə… 2003-cü ildə İsa Qəmbərə seçkilərə 5 gün qalmış müsahibə aldım və həmin müsahibə də “Monitor”da dərc olundu. O zaman da mənim suallarımı çox aqressiv qarşılamışdı. 2013-cü ildə isə Əli Kərimliyə də eyni sualları ünvanlamışam. Deyirsiniz ki, “biz hakimiyyətə gələcəyik”. Mexanizm? Necə? Və yaxud da hansısa sıçrayış və ya təlatümlər vasitəsilə hakimiyyətə gəldiniz, bəs proqram? Nə olacaq Azərbaycanda?  Demokratik üsul-idarəmi? Dünya demokratiya böhranı yaşayır. Düzdür, 2003-cü ildə dünya demokratiya böhranı yaşamırdı. Amma ən azı qarşımızda xeyli acı təcrübələr var idi. İsa Qəmbər 1992-ci ildə hakimiyyət başında idi, Əvəz bəy. O zaman Sosial Demokratın qarşısında İsa Qəmbərin əsgərləri Zərdüşt Əlizadəni döymüşdü. Araz Əlizadəni tapdalamışdılar. Yəni, bu mənim gözümün qarşısında baş verirdi. Və o sualı məlumatsız, xəbərsiz, diletant deyil, hadisələri birbaşa gözü ilə seyr etmiş şəxs verir, İsa Qəmbərə ünvanlayırdı. 2013-cü ildə isə Əli Kərimliyə. Axı necə, mexanizm? Bəzən mən düşünürəm ki… İlham Əliyevin uğur modeli var. O modelin sirri bilirsinizmi, nədədir? İnformasiyada. Çox məlumatlı şəxsdir. Oxuyur…

– Heç özü ilə görüşmüsünüzmü?

– Xeyr, xeyr, görüşməmişəm…

– Türkel Azərtürk yazır: “Dəyərli Əvəz bəy, sizdən artıq dərəcədə xahiş edirəm Eynulla Fətullayevə bir vaxtlar həbsxanadan İlham Əliyevə yazdığı açıq məktubu xatırladın…”

– Bəli…

– “…Məsələn, bu sətirləri: “Doğrudan da Heydər Əliytevin yaratdığı psevdodemokratiya, illüziya və immitasiya tipli demokratik sistem yaradıb idarəetmə üçün böyük siyasi məharət və sadəcə istedad tələb olunur. Ulu tanrı sizi – İlham Əliyev, bu istedaddan məhrum edib. Ona görə də siz Lukaşenkonun yolunu tutdunuz. Lukaşenkodan fərqli olaraq sizin neftiniz və pulunuz var. Bir fərq də var. Sadəlövh beloruslar öz diktatorlarını sevir. Ancaq Azərbaycan xalqı sizi sevmir. Kütləyə çevrilən xalq, sizin amansız aqressiya maşınınızdan qorxur. Bu qorxunu sındırmaq isə bizim – ziyalıların vəzifəsidir”. Maraqlıdır, Eynulla Fətullayev indi necə düşünür? Xalq indi İlham Əliyevi sevir, yoxsa sevmir?”

– Bilirsinizmi, mən sizə deyim. Birincisi, həbsxanada insan çox qəzəbli olur. Siz yatmısınız və bunu bilirsiniz… Həbsxanada olan emosiyalar və həbsxanadan sonra olan emosiyalar insanın fərqli ovqatıdır. Bəzən insana qarşı ədalətsizlik, qəddarlıq o səviyyəyə çatır ki, hadisələri soyuq başla analiz edə bilmir. Bu bir. İkincisi də, o cümlələr mənim yadımdadır.

Biz bəzən İlham Əliyevi başa düşmür, anlamırıq

– O müraciəti “Xural” da dərc eləmişdi.

– O zaman mənə narkotika atmışdılar. Avropa Məhkəməsinin qərarı ilə mən azadlığa çıxmalı idim. O zaman mənim bütün əşyalarımdan narkotika çıxmışdı. Yenə də təkrar edirəm. İlham Əliyevin uğur modeli nədədir? Məsələn, o, bəzən hansısa siyasi gedişlər edir. Hansısa siyasi addımı atır, hansısa siyasi qərarı qəbul edir, biz onu başa düşmürük, anlamırıq. Bəzən suallar veririk ki, “axı bu niyə bunu etdi?” Amma illər sonrası, bəli, artıq dərk etməyə başlayırsan ki…

– O zaman omu yanlışdır? Yəni deyirsiniz ki, “həbsxanada o ovqatda dediyim o sözlər yanlış olub əslində”.

– Məsələn, mən sizə deyim…

– Bayaqdan bu sualı axtarırdım, indi tapdım. Türkel Azərtürk deyir ki, “İlham Əliyev Eynulla həbsdə olanda deyirdi ki, “o, xəyanətkardır, dövlət maraqlarını ermənilərə satıb. İndi Eynulla bir ermənini saytında işə götürməklə İlham Əliyevi haqlı çıxarmaq istəyir, yoxsa necə? 2. Eynulla Fətullayev məhkəmələrin birində onun  üzünə 5 yaşlı uşağı zorlayan bir məhkumu durğuzmuşdular. O da dövlət ittihamçısına belə demişdi, “Budur sizin şahidlər? Siz bunlardan Azərbaycan ziyalısına qarşı istifadə edirsiniz? Bax, bu hökumət məni bunlarla bir sıraya qoyur…”

– İndi mən sizə bir söz deyim…

– “… Bunu bağışlamaq olar?”

– İndi mən sizə bir söz deyim…

– “…Mən bunu İlham Əliyevə bağışlamayacam!”

– İndi mən sizə bir misal çəkim. Pavel Nikolayeviç Milyukov. Rusiyada Konstitusion Demokratları Partiyasının lideri. Parlaq natiq, tribun, çarın ən böyük tərəfdarı, ən yaxın və etibarlı tərəfdarı… Düzdür, sonradan müxalifətə keçdi və çara təklif edirdi ki, “gəlin Konstitusiya demokratiyası yaradaq. Onsuz da xalq bir gün qalxıb, sizi devirəcək, Rusiya təlatümlər yaşayacaq”. Yəni bu şəxs ultra sağçı idi. 1925-ci ildə  Pavel Nikolayeviç Milyukov Parisdə Leninin sağlığına badə qaldırmışdı. Təsəvvür edirsinizmi, bolşevik Leninin sağlığına badə qaldırmışdı: “Mən Vladimir İliç Leninin sağlığına badə qaldırıram ki, o, böyük Rusiyanı nəinki bərpa etdi, o, Rusiyanı daha da qüdrətli və əzəmətli etdi”.  İkinci misal, Rusiyanın baş naziri Kerenski…

Dünya dəyişir, həyat dəyişir, insan dəyişir

img_0376

– 1917-ci ildə də müvəqqəti hökumətin baş naziri…

– Bəli… O, Qocalar Evində öldü, bilirsinizmi, Əvəz bəy? O, Qocalar Evində öləndə kimin portretini başının üstündən asmışdı? İ.V.Stalinin. (Qeyd: Aleksandr Fyodoroviç Kerenskiy 11 iyun 1970-ci ildə ABŞ-da Nyu-York şəhərində 89 yaşında vəfat edib – Red.). Üçüncü misal, Rusiyadan… Mən hələ sizə Çörçildən də misal çəkə bilərəm, Bismarkdan da misal çəkə bilərəm. Bilirsinizmi, həyat dəyişir.  Mən bayaq da dedim, dünya dəyişir, həyat dəyişir, insan dəyişir.

– Maraqlıdır, sizin də başınızın üstündə İlham Əliyevin şəkli var.

– Bəli… (Gülür…) Doğrudur, çünki mən hesab edirəm ki, İlham Əliyev həqiqətən də tarixi şəxsiyyətdir. Böyük şəxsiyyətdir. Yəni Azərbaycan üçün… Siruz Təbrizlinin gözəl bir sözü var: “Dədə Qorquddan bu yana Bakıda bu qədər tikinti olmayıb… Bakı bu qədər torpaq görməyib…”

– Hə…

– Bu çox gözəl ifadədir. Əslində, mən Siruz Təbrizli ilə bir çox məqamlarda fikir mübadiləsi aparırdıq. Bax, bugünkü gün biz Bakını görürük də… Bakı dünyanın ən gözəl və müasir şəhərlərindən biridir. Bunun müəllifi İlham Əliyevdir. Bilirsinizmi, necə? Məsələn, bu Azərbaycan ikinci neft bumu yaşadı da… Əvəz bəy, düzdür? İkinci neft bumu yaşadı. Birinci XIX əsrin sonunda idi, ikinci də indi. Biz 100 il birinci neft bumunun təsiri altında yaşadıq. Və biz hər zaman şəhərdə hər hansı bir binanı görəndə deyirdik ki, bunu Tağıyev tikib, bunu Nağıyev tikib… Biz binalarla öyünürdük. Bu gün biz şəhərlərlə öyünürük. Mən hər zaman bu sualı verirəm…

– Təkcə bu, yetərlimi? Qara şəhıərin “Ağ şəhər” olması yetərlidirmi? Yağış yağanda şəhər yenə də batır.

– Problemlər var da… Problemlər var. Bilirsinizmi, prezidentin vəzifəsi kanalizasiyaların üzərində nəzarəti saxlamaq deyil ki…

– Amma sistemi qurmaq olar…

– Sistemi qurub. Problem yaranır. Məruzə edirlər və görürsünüz ki, dərhal Dövlət Komissiyasını yaradır.

– Hər halda mənə çox maraqlı gəldi.

– Mən də sizə bir sual verim. Mənim üçün də çox maraqlıdır. Məsələn, Trampla Klintonun  toqquşmaları zamanı Tramp Klintona çox maraqlı sual verdi. Dedi, siz bilirsinizmi ki, südün qiyməti neçəyədir? Bilmirsiniz? Amma siz Suriyaya nə qədər tranş və pulun ötürülməsilə bağlı dəqiq rəqəmlər səsləndirdiniz.  Xalqı bax, o südün qiyməti maraqlandırır. Gedin Vaşinqton aeroportuna baxın. Ayıbdır, biabırçılıqdır. ABŞ kimi dövlətin …” Siz Vaşinqtonda olmusunuz?

– Yox.

– Rüsvayçılıqdır. Həqiqətən də dünyada ən rüsvayçı aeroportlardan biridir. ABŞ kimi dövlətin aeroport problemi var, hava limanı problemi var. Sanki hansısa əyalət aeroportudur. Həqiqətən də belədir.

– Məni maraqlandıran nədir?

– İndi siz deyirsiniz ki, yağış yağır, kanalizasiya ilə bağlı problemlər yaranır. Yəni həyat varsa, problem də olacaq, Əvəz bəy.

– Təbii ki…

– Səhvlər də olacaq.

– Şübhəsiz…

– Yanlışlıqlar da olacaq…

İki Eynulla Fətullayev

dsc07004

– Maraqlı nədir? Bir Eynulla Fətullayev var idi, həbsxanadan yazılar yazırdı. Dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları sizi müdafiə edirdi. Təxminən Nobel mükafatı almağınızın bir addımlığında dayanmışdınız. Bütün mükafatları almışdınız. Bir-iki il də həbsdə qalsaydınız, bəlkə Nobel mükafatını da alacaqdınız…

– (Gülür…)

– Bir o Eynulla Fətullayev var idi və bir də indiki Eynulla Fətullayev var. Əslində  insanların yüzlərlə sualının və iradlarının kökündə həm də o durur. Sizi adamlar elə tanıyıblar. İndi mənim üçün də çox maraqlıdır. İndi o yazılar qüvvəsində qalırmı, yoxsa – bizim məşhur redaktorlarımızdan biri də deyirdi ki, “mən hər şeydən imtina edirəm” – siz də imtina edibsiniz?

– Yox. Mən həyatımdan necə imtina edə bilərəm? Siz həyatınızdan imtina edə bilərsinizmi? Bir insan ki, öz keçmişindən imtina etsin… Bu, olub. Əlbəttə, olub. Mən həbsxanada yatmışam.  Məni qanunsuz tutublar. Mənim cibimə narkotika atıblar. Mən hər gün həbsxanadan prezidentə məktublar yazmışam. Hər gün. Bilmirəm, o məktublar çatıb, yoxsa çatmayıb? Sonralar məlum oldu ki, çatmayıb. Çünki Mədət Quliyev dərhal bu haqda rəhbərliyə məruzə edəndən iki ay sonra məni həbsdən azad elədilər. Bəlkə də… Elə yüz faiz də çatmır və sizə deyim ki, səhv informasiya da ötürülür. Necə insan öz keçmişindən imtina edə bilər? Əlbəttə, olub. Məsələn, siz yəqin ki, Lenini oxumusunuz?

– Bəli.

– Və yaxud da Trotskini… Deyək ki, Trotskinin XIX əsrin sonlarındakı məqalələri, hətta I Rus-burjua demokratik inqilabı dövründə yazılan məqalələri, ya da deyək ki, Trotskinin 1937-ci ildə yazdığı məqalələr, eyni deyildi. Eyni ola da bilməz axı… Çünki insan bir təkamül yolunu keçib gedir.

İlham Əliyev Azərbaycanın uğur konsepsiyasıdır

– Yəni artıq İlham Əliyevlə sizin heç bir probleminiz yoxdur?

– Niyə problemim olmalıdır, axı. Mən sadəcə bu gün hesab edirəm ki, İlham Əliyev Azərbaycanın uğur konsepsiyasıdır. Niyə problem olmalıdır ki? İlham Əliyevə alternativ yoxdur və o, Azərbaycan üçün çox xidmətlər edibdir. Mən bunu görürəm artıq. Mən görürəm ki, o, Azərbaycan çox sevir. Bəlkə də Azərbaycan uğrunda ölməyə hazır olan insandır və biz bunu aprel müharibəsində gördük, sezdik. Yəni heç bir dövlət başçısı bəlkə də bu riskə getməzdi. Azərbaycanın maraqlarına görə, hegemon, super dövlətlərlə baş-başa gələn liderdir. Bunu da gördük. Yenə də deyirəm, istər Qərb dövlətləri olsun, istər Şərq dövlətləri olsun. Yəni niyə belə liderə dəstək verməyək? Bir vaxtlar insanlar Hacı Əbdülü Azərbaycanın bir ləyaqət simvolu kimi seçmişdilər ki, bu adam 1992-ci ildən bu yana “Ayaz Mütəllibov” deyə-deyə gəlir də… Mən bir zamanlar ona gülürdüm və həqiqətən də istehza ilə yanaşırdım ki, Hacı Əbdül üçün həyat 1992-ci ildə donub, o yalnız 1992-ci ildə yaşayır.

– Keçməyib, hə…

– 1992-ci ildən sonra həyat onun üçün dayanıb. Bilirsinizmi, necə? Həyat davam edir.

– Muradxan Hüseyn soruşur ki, “Eynulla Fətullayev köhnə dostları ilə qarşılaşanda hansı hissləri keçirir?” Hər halda onun da təsiri var. Sizi həbsxanada müdafiə edən insanların demək olar ki, hamısı ilə siz bu və ya digər formada pozuluşdunuz…

– Yox… Mən sizinlə razı deyiləm…

– Emin Hüseynov, Xədicə İsmayıl…

– Emin Hüseynov? Yox, yox…

– Leyla Yunus, Şahvələd Çobanoğlu…

– Leyla Yunus məni heç bir vaxt müdafiə etməyib. Heç vaxt.

– O zaman niyə belə bir qənaət var?

– Mən həbsdə yatanda atam da Leyla Yunusa qarşı çox hiddətli idi. Çox hiddətli idi. Həbsxanaya gələndə, mən ona deyirdim ki, “əşşi, eybi yox, fikir vermə. Mən azadlıqda olanda da onunla münasibətlərimiz yaxın olmayıb”. Düzdür, hüquq müdafiəçisi hər zaman şəxsi münasibətlər sistemindən yuxarıda olmalıdır. Onun fövqündə dayanmalıdır. 4 il ərzində cəmi iki dəfə mənim adımı çəkdi, o da ümumi siyahıda. Heç bir zaman mənim hüquqlarımı müdafiə etməyib. Amma niyə Rauf Arifoğlu ilə biz necə yaxın olmuşuqsa, yenə də yaxınıq.

– Rauf Arifoğlu hüquq müdafiəçisi deyil ki…

– Siz digər jurnalistlərin də adlarını çəkdiniz.

Emin Hüseynov etiraf edir, yazır bəzən mənə…

img_0373

– Məsələn, Şəmsəddin Cami soruşur ki, “Bu gün onu söyənlərin əksəriyyəti vaxtilə həbsdə olduğu zaman onu müdafiə edənlərdir.

– Kimlərdir məsələn, məni söyən? Vaxtilə Emin Hüseynov mənim məsləhətlərimə qulaq assaydı, bu gün ümid edirəm ki, o, Azərbaycanda fəaliyyətini yenə də davam etdirərdi. Yeri gəlmişkən, etiraf edir, yazır bəzən mənə…

– Etiraf edir?

– Bəli-bəli… Bəzən watsapp-dan mənə yazır, yazışırıq. Mən hesab edirəm ki, Emin Hüseynov həqiqətən də çox təmiz, saf, müəyyən mənada sizə deyim ki… Düzdür, onun səhvləri oldu, amma hamımızın səhvlərimiz var, Əvəz bəy.

– Təbii ki…

– Yenə deyirəm, səhvsiz insan yoxdur. Onu biz dilə gətirmişik. Amma ümumilikdə bu adam həbsdə olan insanlar üçün çalışıb. Onun zəhmətini yerə vurmaq olmaz.

– Çalışıb.

– Hə. Onu yerə vurmaq olmaz. Sizin üçün də çalışıb, mənim üçün də çalışıb. Bunu yerə vurmaq olmaz. Amma bilirsinizmi, necə? Bəzən insan təcrübəsizlikdən, dünya görüşü məhdud olduğundan siyasi prosesləri analiz edə bilmir. Daha təcrübəli yoldaşlara, həmkarlara müraciət etmək lazımdır. Mən o zaman ona çox tövsiyələr verdim. Mən istədim ki, Emin Hüseynovun institutu Bakıda, Azərbaycanda işləsin. Axı, niyə də yox?

– Çox da faydalı olardı, əslində…

– Əlbəttə, olardı. Rəngarəng olardı. Amma Emin Hüseynov nə etdi? Emin Hüseynov hüquq müdafiəçisi olmaqdansa, təxribatlarla məşğul olmağa başladı. O, siyasi mübarizəyə qoşuldu. Hüquq müdafiəçisinin işi siyasi təxribatlar, siyasi provokasiyalar və toqquşmalar deyil. Siyasi bəyanatlar səsləndirmək deyil. Xüsusilə, Azərbaycan kimi kövrək bir cəmiyyətdə və kövrək bir qurumda. Digər həmkarlarıma gəlincə, mən sizə bir söz deyim də, Əvəz bəy. Maraqlı bir tendensiyadır. Zənn edək ki, mən sizə bir yaxşılıq edirəm. Mən sizə nədəsə kömək edirəm. Hər gün də bunu sizin başınıza qaxıram: “Mən sənə kömək elədim e… Mən sənə yaxşılıq elədim e… Bax… Ayıb deyil, sənə? Burnundan gəlsin, mən sənə yaxşılıq elədim”. Axı, bu, nə kişiliyə yaraşar, bu, nə insaniyyətə yaraşar, nə də azərbaycanlıların – deyirik ey, “milli mentalitet”inə yaraşar. Bizdə deyərlər ki, yaxşılığı üzə vurmazlar, yəni elədin “sağ ol”…

Bu, mağara təfəkkürüdür

– Sağ əlin elədiyini sol əl bilməz.

– Bəli… Minlərlə misal çəkə bilərik. İndi kimsə, nə zamansa, mənim ya müdafiəmdəmi, ya da bir bir məsələdə bir bəyanat səsləndirib. O da çox uğurlu bir ifadə idi ki, “Biz prinsipləri müdafiə etmişik, Eynulla Fətullayevi yox…” Bu, dəqiqdir, əlbəttə… Bu, hüquq müdafiəçisinin kredosudur. Şəxslər müdafiə olunmur e… Proses müdafiə olunur. Başa düşürsünüzmü, Əvəz bəy? Məsələn, mən sizi o zaman bəyanat verib, müdafiə etdim. Niyə? Çünki mən sona qədər demişəm ki, Azərbaycan həbsxanalarında yeganə jurnalist Əvəz Zeynallıdır, qeyri-şərtsiz azad olunmalıdır. Ola bilsin ki, mənim sizdən xoşum gəlmir. Məsələn, deyirəm də, Əvəz bəy. Məsələn deyirəm. Və yaxud da…

– Sonra da həbsxanaya gəlmədiniz…

– Amma axıradək dedim.

– Bəli, axıradək dediniz.

– Məsələn, münasibətlərdə problemlər var. Amma bu prinsip də var axı… Bizdə Azərbaycan siyasi isteblişmenti var. Bunun ən böyük problemi bilirsinizmi, nədədir? İctimai münasibətlərə şəxsi prizma nöqteyi-nəzərindən yanaşırlar. Bilirsinizmi, şəxsi münasibətlər ayrıdır, yəni bizdə hər şey persanifikasiya olunur. İctimai münasibətləri persanifikasiya etmək olmaz. Deyək ki, biz hansısa siyasi prosesdəyik. Sonra ola bilər ki, ayrılaq. Ola bilər, yenidən koalisiyaya girək. Amma bu, o demək deyil ki, sən deyəsən ki, “Axı, biz dost idik. Sən məni niyə satdın?” Bilirsinizmi necə? Bu, həm anormal bir təfəkkür tərzidir. Çox anormal bir təfəkkür tərzidir. Həm də yenə də deyirəm, siyasi münasibətlərə sırf şəxsi prizmadan yanaşılmasıdır. Heç bir dövlətdə , heç bir millətdə belə bir tendensiya yoxdur. Fikir verirsiniz? Heç kim demir ki, “Ayıb olsun, Saakaşvili, Sənin burnunun iki deşiyindən gəlsin. Şevardnadze səni adam eləmişdi, sən onu satdın”. Gürcülərdən bu ifadəni eşitmisinizmi?

– Yox…

– Qətiyyən. Və yaxud Serj Sarkisyan, Ter-Petrosyan səni adam eləmişdi – deputat elədi, sonra müdafiə naziri elədi. Bilirsinizmi, bu, elə bil ki, mağara təfəkkürüdür. Bu, mağara təfəkkürüdür. Bizim xalqımızın ən böyük bəlası da bu mağara təfəkküründədir. Biz bundan xilas olunmayana qədər olmayacaq. Rəhmətlik Mirzə Cəlil də yazırdı da… Yazırdı, “Keçirəm erməni məhəlləsindən – onda belə çıxır ki, Mirzə Cəlil də ermənipərəstdir də – görürəm ki, keşiş uşaqlara deyir ki, oxuyun, kitb oxuyun. Keçirəm müsəlman məhəlləsindn görürəm ki, molla deyir, “ay uşaqlar, iynədən ehtiyatlı olun, onun ucuna şeytanlar, iblislər dolub.”” Baxın, bu gün milli məfkurə səviyyəsində özünə tənqid olmalıdır. Bəli, Eynulla Fətullayevin kompleksi yoxdur. Amma bəzən ictimai komplekslər var bizdə. Biz bu ictimai komplekslərdən yaxa qurtarmalıyıq.

Ataxan Əbilov Ələkrəm Hümbətovla bir sıradadır

img_0375

– O cür suallar da var. Ataxan Əbilov da deyir ki, “Bu adam facebook-da  mənim dostluq siyahımda ola-ola məndən heç nə soruşmadan barəmdə uydurma şeylər yazıb. Bu barədə nə düşünür?”

– Kim yazıb onu?

– Ataxan Əbilov.

– Ataxan Əbilov kimdir?

– O, burada universitetdə müəllim işləyirdi, indi Avropadadır.

– Ataxan Əbilov, həəəəə….

– “…Həbsdə olanda hüquqlarını müdafiə etmişəm, hətta portretini Avropada qaldırmışam…”

– Mən sizə bir sual verim. Baxın, bu Ataxan Əbilov gedib Ələkrəm Hümbətova qoşulub və xalq separatçıları ilə bağlı bəyanat verir. Əvəz bəy, siz dostunuza bunu bağışlayarsınız? Hətta tutalım ki, o sizi müdafiə edən insandır.

– O hadisələrdə bağışlamaram. Çünki prinsiplər önəmlidir.

– Mənim üçün də prinsiplər önəmlidir. Birincisi, mən bu insanı tanımıram. Sonradan yazıb ki, Hollandiyada hansısa piketdə mənim müdafiəmlə bağlı hansısa şüar səsləndirib. Bu insan Ələkrəm Hümbətovla bir sıradadır. Mən necə bu adamla ünsiyyətə girim? Mən necə onu müdafiə edim? Bu, mümkün deyil. Mənim üçün mümkünsüzdür.

– Namiq Salam soruşur: “Eynulla həbs olunanda Milli Şura onu çıxana qədər dəstəklədi… Bəs niyə Eynulla azadlığa çıxan kimi Milli Şuraya və onun üzvlərinə şər-böhtan yağdırmağa başladı. Elə həbsdə olanda MŞ-nın dəstəyindən imtina edərdi də… ”

– Şər-böhtandan söhbət getmir e… Bilirsinizmi necə? Biz yenidən qayıdırıq əvvəlki söhbətlərimizə…

– Hə…

– Təkrar-təkrar… Məsələ ondan ibarətdir ki, məni bir sual düşündürür – Azərbaycanın inkişafı üçün, Azərbaycanda siyasi, iqtisadi sabitlik üçün hansı qüvvə daha uğurludur? Etiraf eləyin.

– Belə deyək ki, son yazışmalarda, Cəmil Həsənli haqqında yazdığınız yazılarda həddindən artıq təhqirli ifadələr var idi.

II hissənin sonu

Xural.com

Əlaqəli məqalələr

1 şərh

  1. AY EYNULLA BƏY! HAKİMİYYƏT PULU-PARANI XARİCİ ÖLKƏLƏRDƏ ALDIQLARI VİLLALARA,QƏSRLƏRƏ,SƏNAYE-İSTEHSAL OBYEKTLƏRİNƏ və EYŞİ-İŞRƏTƏ SƏRF EDİR.SƏNİN KİMİ İSTEDADLI,DÜNƏN TÜPÜRDÜYÜNÜ BU GÜN YALAYAN PEŞƏ SAHİBLƏRİNİ İSƏ,DEMƏK OLAR Kİ,HAVAYI İŞLƏDİR,SONRA DA,NECƏ DEYƏRLƏR-ƏLƏYƏ QOYARAQ,FƏLƏYƏ UÇURUR !

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button