“Qaynar Qazan”da Hacı Əbdül (II hissə): “Əbülfəz Elçibəylə ölənə qədər dost olduq”-VİDEO

Hacı Əbdül: “İllər əvvəl sevdiyim qız Heydər Əliyevin katibəsi imiş”

Hacı Əbdül Azərbaycan siyasətinin ən maraqlı və ziddiyyatli adamlarından biridir. Milli Azadlıq Hərəkatı başlayandan tutduğu mövqe etibarilə hər zaman ölkə siyasətinin gündəmində dayanan siyasi xadimlərdən biri olub. Qurduğu “Tövbə” Cəmiyyəti zamanın “Qardaşlıq” Cəmiyyəti ilə birlikdə Milli Azadlıq Hərəkatının və onun rəhbərlərinin əleyhinə fəaliyyət göstərmiş, dövrün irticaçı hökumətini – Ayaz Mütəllibovun anti-milli hakimiyyətini qorumağa yönəlmişdi. Buna görə də Hacı Əbdül və onun təşkilatı yaddaşlarda hər zaman mənfi emosiyalarla assosiasiya olunub.

Hacı Əbdülün adı bir çox tarixi hadisələrdə keçib. Hərəkatın və mitinqlərin dağıdılmasında rol alıb. 1991-ci ilin avqustunda AXC-nin qərargahına basqında və sonra hərəkat liderlərinin döyülməsində onların rolu olub. O zaman yaxşı yadımdadır. Biz AXC-nin qərarı ilə imtahandan yenicə çıxmış və Türkiyəyə göndərilməyə hazır gözləyirdik. Hər gün AXC-nin qərargahına gəlir, proseslərdə aktiv iştirak edirdik. Avqustun 21-dən sonra idi. QKÇP-nin baş verməsi ilə gündəm dəyişmiş, vəziyyət yenə gərginləşmişdi. Mən “Tövbə” və “Qardaşlıq” Cəmiyyətlərinin AXC-nın qərargahına hücumunu gözlərimlə gördüm. Silahlı adamlar Əbülfəz Elçibəyin otağına doluşanda, biz bir tələbə yoldaşımla (o, indi ölkənin məşhur həkimlərindən biridir) “Azadlıq” qəzetinə xəbər vermək üçün ora göndərildik. O zaman “Azadlıq” qəzeti AXC-nin “sovetski”dəki qərargahının yaxınlığında yerləşirdi. Bizi ora göndərdilər ki, mətbuat gəlib yazsın və məsələni ictimailəşdirsin. Qaranəfəs dayanmadan “Azadlıq” qəzetinin redaksiyasına qaçdıq və olanları xəbər etdik. Qəzetdəkilərin verdiyi reaksiyanın bizi çox heyrətləndirdiyini yaxşı xatırlayıram və bu haqda “Elçibəyin imtahanı”nda geniş yazmışam.

Hə, mənim Hacı Əbdüllə ilk tanışlıqlarımdan biri o idi. Biz geri qayıdanda görüş bitmişdi və mitinq başlayırdı. Mitinq başlayan kimi ilk çıxışçı olan Bakı və Kəndlər Birliyinin sədri Nəsir Ağayevə hücum oldu və başladı. Sabir Rütəmxanlının başını yardılar, Pənah Hüseynin qolunu qırdılar, Vurğun Əyyubu döydülər, əllərinə keçənləri əzib keçdilər. Əbülfəz Elçibəy isə əsl hədəfdi. Onu bayıra çıxaranda digərləri kimi polis maşınına aparmağa imkan vermədik. O böyük kütlənin içində mən və atam da vardıq və Əbülfəz bəyi çiynimizə alıb qərargahın yanındakı yolla yuxarı qaldırdıq və bir qırmızı “07” ilə göndərdik. Atamın ağ köynəyi Elçibəyin başından tökülən qıpqırmızı qanla boyanmışdı. Yadımdadır ki, atam o köynəyini yudurtmaq istəmirdi. ““Azadlıq” muzeyi qurulacaq, bu köynəyi ora verəcəyəm” deyirdi…

Sonra Hacı Əbdülün adı Xızı rayonunun icra hakimiyyətinin başçısı vəzifəsinin təyinatında keçdi. Orada zamanın dəliqanlı Daxili İşlər naziri İsgəndər Həmidovla qalmaqal yaşadı. Sonra Heydər Əliyevin diqqətinə gəldi, Naxçıvanda Heydər Əliyev hirslənib ünvanına nələr demədi. Bir az keçdi Azərbaycan “hacıleyləyin nağılı”nı dinlədi və indiyə qədər də bu məşhur söhbət dillər əzbəri olaraq qalır. Sonra da “Tövbə” Cəmiyyəti, Hacı Əbdülün zaman-zaman məşhurları şallaqlaması, indi deputat olan “Vəhdət” partiyasının sədri Tahir Kərimlini tövbə etdirməsi, Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovu dəstəkləməsi və nəhayət, birinci vitse-prezident Mehriban Əliyevanın yanında, səfində yer alması. Bax belə, bugünkü müsahibimizin ömrünə bu boyda hadisələr sığışıb və biz onunla müsahibəyə gələndə bütün bu suallarımıza cavab almağı düşünürdük.

Mən ilk dəfə idi ki, onunla həmsöhbət olurdum. Açığı, ilk müsahibə olmasına baxmayaraq, bir-birimizi tanıyırdıq. Elə ilk zəngimlə razılığını verdi və hiss etdim ki, “Qaynar Qazan” izlədiyi bir verilişdir. Görüşəndə və söhbətləşəndə isə haqqında yaradılan obrazdan fərqli bir adamla qarşılaşdım. Tarixi hadisələrə münasibətindən aydın olur ki, heç o zamanlar da bilərəkdən və istəyərəkdən iştirak etməyib hadisələrdə. Bəzən zorən olub bəzi olaylar. Bunlar haqda diqqətli tamaşaçı və oxucu müsahibədən özlərinə lazım olanı götürəcəklər. Amma onun qürbətdə yaşayan mühacirlərimizin ölkəmizə qayıtmasında göstərdiyi münasibət məni həqiqətən kövrəlti. Hacı Əbdül o insanlardan danışanda göz yaşlarını saxlaya bilmədi və ağladı… Mən bunu müsahibə boyu hiss elədim və Hacının ürəyiyumşaq insan olduğu və mərhəmət dolu hisslərlə yaşadığının şahidi oldum. Ömrünün bu yaşında içində mərhəmət hissinin hələ də qaldığı insanların olması və onların Mehriban Əliyevanın komandasında yer alması bəlkə kimlərəsə yaşıl işıq ola bilər, bəlkə kiminsə qapısı açılar. Hər halda ilk ağlıma gələn də bu kontektdə siyasi məhbusllar oldu.

Hacı Əbdülün müsahibəsi çox maraqlıdır. Xüsusilə, 1991-ci ildə baş verən vertolyot qəzası haqqında dedikləri şəxsən məni heyrətləndirdi və açığını deyim ki, mən o hadisə haqqında ilk dəfədir Hacının dedikləri istiqamətdə məlumatlar alırdım. Onun dedikləri doğrudursa və həqiqətdirsə, o zaman Azərbaycanın son 30 illik tarixi yenidən və silbaşdan yazılmalıdır. Hələ Hacının onu öldürmək planları haqqında danışdıqları lap tükürpədicidir.

Xüsusilə, gəncliyində sevdiyi qızdan və onun Heydər Əliyevin köməkçisi olduğundan, sonunda Hacının anasının Heydər Əliyevlə görüşünü təşkil etdiyindən danışması da maraqlı hadisədir. Onun sevdiyi və müəyyən səbəblərdən həyat qura bilmədiyi bir qız, zaman gəlir ki, onun bir növ həyatını xilas edir – nə qəribə bir tale!

Hacının Əbülfəz Elçibəyə yaxşı və dost münasibəti olub. Onu çox istəyib. Ayaz Mütəllibovla da həm hakimiyyətdə, həm də Moskvada qaçqın olanda yaxşı münasibətləri olub və onun müdafiəsində yaxından iştirak edib. Heydər Əliyev zatən onun həyatında müstəsna insan olub. Çünki “Heydər Əliyev hakimiyyətə gəlməsəydi, məni öldürəcəkdilər” deyir. Üstəlik, gənclik sevgisi də Heydər Əliyevin köməkçilərindən biri olub. Bunlar artıq tarixdə qalıb. Maraqlıdır ki, Hacı Əbdül bu gün birinci vitse-prezidentin komandasında da önəmli adamlardan biridir. Açıqca onun haqqında danışır, “Azərbaycanın xilaskarı odur” deyir, Mehriban Əliyeva onun məscidini təmir edir və Hacı onun təbliğatını aparır, qurur və s. Ən əsası isə odur ki, Hacı Əbdül deyir ki, kim mənim əleyhimə danışırsa elə bil, Mehriban Əliyevanın əleyhinə danışır. Bu, çox böyük iddiadır və əsas olmasa kimsə belə bəyanatlar verə bilməz. Hələ Hacı Əbdül kimi təcrübəli adamlar əsla.

Qonağımız illər boyu ən maraqlı və qalmaqallı olaylarda baş rollardan birini oynayan Hacı Əbdüldür. “Tövbə” Cəmiyyətinin sədri Hacı Əbdül…

Əvəz Zeynallı

“Qaynar Qazan”

 

I hissəni buradan oxuya bilərsiniz:

https://www.xural.com/qaynar-qazanda-haci-%C9%99bdul-i-hiss%C9%99-az%C9%99rbaycanin-g%C9%99l%C9%99c%C9%99yini-mehriban-xanimda-gorur%C9%99m-video/ (“Qaynar Qazan”da Hacı Əbdül (I hissə): “Azərbaycanın gələcəyini Mehriban xanımda görürəm”-VİDEO)

 

II hissə

 

Hər an ölümümü gözləyirdim

– Hacı, üzr istəyirəm, aradan bu qədər illər keçib. Siz bu haqda harasa danışmısınızmı? Bu, çox dəhşətli bir açıqlamadır. Yəni Qatır Məmməd deyib ki, “Tamerlan Qarayev dedi ki, “buradan təyyarə keçəcək…”

– “Erməni vertolyotu…”

– “…Erməni vertolyotu… Onu vurun, içindəki adamları da öldürün…”?

– “…bir nəfəri də sağ buraxmayın, biçin…”

– Bu dəhşətli bir şeydir. Azərbaycan siyasi tarixini dəyişən bir açıqlamadır.

– Mən sənə ardını danışım bu dəhşətin?

– Buyurun.

– Dalını danışım, sən dəhşətin birini də burada gör. Mən türmədə olanda rəhmətlik Heydər Əliyev hakimiyyətə gəldi. Mən türmədə yatırdım. Sabahıma da ümid yoxdur. Uzaq olsun, türmədə olanlar bilir. Mən çarpayının aşağısında yatmışdım, üstdəki çarpayının altından da belə bir ağ pərdə çəkmişdim ki, öləndə heç kəs məni görməsin.

– Hə, ortadan pərdə çəkirlər. 

– Görsənməsin. O pərdəni də ona görə çəkmişdim ki, ölsəm, görsənməsin. Çünki mən ölümümü gözləyirdim. Elə gözləyirdim ki, bax, bu saniyə ölərəm. Çünki bir artıq nəfəs alanda boğulurdum.

– Səsiniz də batmışdı, eləmi?

– Səs yoxdur.

– Amma həbs olunmamışdan əvvəl səsiniz qaydasında idi?

– Bəli, qaydasında idi. Qəzetlər yazırdı ki, “təkbir ustası”. Çünki hələ indiyədək mənim kimi “təkbir” deyən olmayıb. Elə gözəl səsim var idi. Parlamentdə də çıxışlarım var. Anam rəhmətlik gedər Heydər Əliyevin qəbuluna.

 

İllər əvvəl sevdiyim qız Heydər Əliyevin katibəsi imiş

– Heydər Əliyev hakimiyyətə gələn kimi?

– Hə, gələn kimi… Gedər qəbuluna… Mənim bir balaca qızım vardı, heç 3 yaşı olmazdı. Onu da qəbula gedəndə yanında aparır. Sizin üçün bir maraqlı söhbət eləyim? Heç bir yerdə danışmadığım bir söhbətdir, sizin də fikrinizi dağıdım.

– Hə, buyurun.

– Tamam başqa söhbətə keçim bir anlıq. Mən politexnikdə oxuyanda subay idim və bizimlə paralel qruplar var idi. Orada bir qız oxuyurdu. Belə uzaqdan-uzağa bir-birimizi istəyirdik. İndi də o qız salamatdır, yəqin ki, eşidir. O qədər ağır təbiətli qız idi ki… Mən cəsarət eləyib ürəyimi ona aça bilmirdim.

– Sevdiyinizi deyə bilmirdiniz…

– Deyə bilmirdim, yox. Cəsarət eləyib, deyə bilmirdim. Hər dəfə yanımdan keçərdi, kafedrada onu görməyə gedərdim, uzaqdan baxardım, amma cəsarət eləyib deyə bilmirdim. Demədim də… Belə-belə zaman keçdi. İnstitutu qurtardım, evləndim, uşaqlar oldu, bir-birimizi daha görmədik.

– Yəni o qızla siz qovuşmadınız?

– Qovuşmadıq… Qovuşmadıq….

– Çox maraqlıdır.

– Maraqlısı daldadı. Anam Heydər Əliyevin qəbuluna gedər, qapıda dayananlar anamı içəri buraxmazlar. Ali Sovetin qabağında. Bunu anam söhbət edərdi. Deyir, dayanmışdıq Ali Sovetin qabağında bir dənə gözəl-göyçək qız məni gördü, dedi ki, “ana, sən kimsən?” Dedim ki, “mən Hacı Əbdülün anasıyam, içəri buraxmırlar…””

– Yoxsa bu qız həmin qızdır?

– (Gülür, başı ilə  təsdiqləyir…)

– Kim olub ki?

– Anam deyir ki, qız getdi, bir də gördüm ki, gəldilər bizi apardılar yuxarı – Heydər Əliyevin qəbuluna.. Gördüm ki, bu qız oturub katibənin stulunda. Sən demə, bu qız Heydər Əliyevin katibəsi imiş…

– Deməli, sizin o vaxt sevdiyiniz qız Heydər Əliyevin katibəsi olub?

– Hə…

– …Və sizin ananızı Heydər Əliyevlə görüşdürür və dolayısı ilə sizi xilas edir?

– Gələndən sonra anam söhbət edir ki, “gəldik Heydər Əliyevin qəbuluna…”

– Kimdir o qız, adı nədir?

– Yadımdan çıxıb. (Gülür…) Deyir, mənim yanımda o qız Heydər Əliyevdən xahiş elədi ki, Hacını buraxın. Deyir, “Heydər Əliyev mənə dedi ki, get şəhər prokuroru (adı yadından çıxır)… Deputat idi.”

– Çingiz Qəniyev?

– Hə, deyir, “get Çingiz Qəniyevin yanına, denən Hacını buraxsınlar.” Maşını yoxdur, maşın da verir. Deyir, qız məni yola salanda dedi ki, ana, məni tanıdın? Dedim, yox. Deyir ki, “ana biz oğlunla bir-birimizi istəyirdik, niyə məni oğluna almadın?” (Gülür…) Deyir, dedim, qızım, mənim bundan heç xəbərim olub ki… Mən bilməmişəm, bilsəydim, alardım. Belə, bir az fikrinizi dağıtdım.

– Hacı, çox kövrək adamsınız.

– Əşşi… (Kövrəlir…)

– Vallah… Məni də kövrəldirsiniz.

– Üzr istəyirəm. Türmədən çıxdım.

 

Heydər Əliyev məni bir gün sonra buraxdı

– Yəni Heydər Əliyev sizi dərhal buraxdı.

– Səhəri gün buraxdı. Heydər Əliyev hakimiyyətə gəlib, mənim də xəbərim yox. Nadzor gəldi, mənə dedi ki, “Hacı, ümid var idi sənin türmədən çıxmağına. Heydər Əliyev hakimiyyətə gəldi, sən də hakimiyyətə düşmənsən …” Məni təbii bir gülmək tutdu. Bir hədis yadıma düşdü. Güldüm. Soruşdu ki, nəyə gülürsən?

– Həzrəti-Yusifin də quyudan çıxma ehtimalı yox idi. Gəldi vəzir oldu.

– Bəli. Allah-təala buyurur ki, mən istədiyim bəndənin işini lazım gəlsə, onun düşməninin əli ilə düzəldərəm. Əgər siz də deyirsiniz ki, Heydər Əliyev mənim düşmənimdir, mən bunu qəbul eləyirəm. Əgər Allah istəsə, – öz sözünü özü deyib – onun əli ilə buraxdırar.

– Tam da Allahın dediyi kimidir.

– Bəli. Adə, nöqtəbənöqtə…  Səhəri gün nadzor gəldi, belə baxır mənim üzümə. Mənim də heç nədən xəbərim yox. Dedi, Hacı, sən nətəri adamsan? Yığış, Heydər Əliyev səni buraxdırdı. Gözləmirdim. Çıxdım gəldim. Mən bu hadisəni olduğu kimi səhəri gün qəzetdə verdim. Qatır Məmmədin ölüm hadisəsini də səhəri gün qəzetdə verdim.

– Demək, danışdınız o hadisəni?

– Necə sizə danışdımsa, elə də verdim. Bir gün “Baksovet”in (“İçərişəhər” metrostansiyası – Red.) qabağında dayanmışdım. Bir hündürboylu adam qarşımı kəsdi, salam verdi. Dedi, tanıdın məni, mən doktor Arifəm.

– Həmin Arif?

– Dedi, Hacı, mən sənə yaxşılıq elədim, səni azad elədim. Sən bunu getdin verdin qəzetə. Məni işdən çıxardılar. İndi mən gedirəm Moskvaya. Buradan başını götürüb getdi…

Dəhşətlisi burasıdır. Bir neçə il bundan qabaq vertolyot qəzası ilə bağlı ANS veriliş hazırladı. Hamını çağırıblar. Bir neçə deputat da var idi, məni də dəvət elədilər. İctimai xadimlər, valideynlər belə oturublar. Hər kəs gördüyünü, bildiyini danışır. Dedim, mənim də vertolyot qəzası ilə bağlı az-çox məlumatım var. Söz versəydiniz, mən də deyərdim. Söz verdilər ki, buyur. Sizə necə danışmışam, onlara da elə danışdım. Onda Tamerlan Qarayev Çində səfir idi. Verilişin aparıcısı Mirşahin telefon xəttini qoşdu ona. Dəhşət burasıdır, ha, Əvəz müəllim, dəhşətli olanı burasıdır. Mirşahin Tamerlan Qarayevə dedi ki, Hacı Əbdül belə bir iddia qaldırıb ki, Qatır Məmməd sizinlə bağlı bunları danışıb və onun müəmmalı ölümü ilə bağlı nə deyə bilərsiniz? Dedi, dustaqdır, dustağı hər şey deməyə məcbur edərlər. Oturanlardan biri əlini qaldırıb, Tamerlan müəllimə sual verdi ki, Qatır Məmməd bunları müstəntiqə danışmayıb, istintaqa danışmayıb, bunu öz dustaq yoldaşına danışıb, burada heç bir məcburiyyət yoxdur. Bu barədə nə deyə bilərsən? Maraqlansanız, o verilişi tapıb baxarsınız.

 

“Ağzımı açaram, Azərbaycan bir-birinə dəyər…”

Haşiyə:

ANS-in 20.11.2001-ci il vertolyot qəzası ilə bağlı hazırladığı tok-şoudan fraqmentlər:

 

Hacı Əbdül: 1992-ci ildə mən Bayıl təcridxanasının xəstəxanasında yatırdım. Həmin dövrdə mənimlə birlikdə Qatır Məmməd də xəstə vəziyyətdə yatırdı. Vertolyot hadisəsilə bağlı rəhmətlik Qatır Məmməd çox şey bilirdi. Bəzən biz bayıra çıxanda görüşürdük. Həmin görüşlərdə o deyirdi ki, “Vertolyot qəzası ilə bağlı bildiklərini buradan çıxandan sonra açıb deyəcəyəm.” Nəzərdə tuturdu ki, o zaman hakimiyyətdə olan bir çox adamların bu işdə günahları var. Onlardan biri kimi Tamerlan Qarayevin də adını tez-tez çəkirdi. Onun danışdıqlarından belə çıxırdı ki, vertolyotu nə ermənilər vurub, nə də vurandan sonra ora gəliblər. Vertolyot bizim tərəfimizdən vurulmuş və bizim tərəfimizdən də o günə salınmışdır. Çox maraqlıdır ki, o zaman bu hadisə ilə bağlı Qatır Məmməd də dindirilmişdi. Ancaq onu deyə bilərəm ki, əgər Qatır Məmməd bunu belə deyirsə, deməli, onun yanında olan yaxınları da bu işdən xəbərdardırlar.

Tok Şounun iştirakçısı: Məsələ ondadır ki, siz (Tamerlan Qarayev) bildirirsiniz ki, istintaq zamanı Qatır Məmmədə təzyiqlər olub. Amma Hacı Əbdül də bildirir ki, o da onun kimi bir dustaq idi və Qatır Məmməd də özü kimi bir dustağa ürək sözlərini açıb, burada hansı təzyiqdən söhbət gedə bilər?

Tamerlan Qarayev: Bir daha deyirəm ki, o, (Qatır Məmməd) mənim haqqımda nə deyibsə, o mənə məlum deyil. O barədə məni heç kim dindirməyib, mənə heç bir sual verməyiblər ki, məsələn, filankəs belə ifadə verib, sizin bununla bağlı fikriniz nədir? Digər tərəfdən, əgər onun tərəfindən ciddi iradlar, ciddi ifadələr verilibsə, kimin haqqında olursa-olsun, o cümlədən də mənim haqqımda – bunu istintaq yoxlamalı və buna bir qiymət verilməli idi. Hər-halda bu barədə mən də dindirilməli idim, ancaq onların heç birisi olmayıb və mən necə fikir yaratmışam bu barədə?

 

Heç kəs bunları deməyəcək məndən başqa

– Verilişdə (bu hissə verilişdə montaj olunaraq çıxarılıb) Tamerlan Qarayev elə qışqırdı ki, “məndən əl çəkin, adımı hallandırmayın. Ağzımı açaram, Azərbaycan bir-birinə dəyər.”

– Elə beləcə də dedi?

– Necədir? Hamımız bu gün varıq, sabah yoxuq. Heç kəs bunları deməyəcək məndən başqa. Kimsə haçansa bunları araşdıracaq ki, bu necə oldu?

– Çox maraqlı, son dərəcə önəmli məsələlərdən danışırsınız, həm də açığı, çox maraqlı müsahibsiniz.

– Sağ olun. Allah şahiddir ki, Əvəz müəllim, mən eşitdiklərimi qısaltmıram da, artırmıram da. Bunlar çox önəmli şeylərdir. Allah da… şahiddir…

– Siz Heydər Əliyevin dövründə həbsdə olmadınız…

– Olmadım. Heydər Əliyev hakimiyyətə gələn gündən mən türmədən azad olmuşam və parlamentdə iştirak eləmişəm. Rafael Allahverdiyev rəhmətə gedib, amma Lalə Şövkət ölməyib. Rafael Allahverdiyev mənə dedi ki, Hacı, Lalə Şövkət mənə zəng vurub dedi ki, bu dəqiqə Hacını tap, bilirəm, münasibətləriniz yaxşıdır – həqiqətən də rəhmətliklə münasibətlərimiz yaxşı olub – və onu tez göndər yanıma. Getdim. Dedi, Heydər Əliyev cənabları səni yuxarıda gözləyir.

 

Heydər Əliyev məni icra başçısı göndərdi, getmədim

– Hə, deməli, Heydər Əliyevlə görüşünüz olub?

– Bəli. Lalə Şövkət dedi ki, sənin bütün çıxışlarını bir videoya yazmışıq və həmin videolara da azı 10 dəfə baxmışıq. Heydər Əliyev belə qənaətə gəldi ki, “Hacı Əbdülün heç bir qərəzli çıxışı yoxdur. Hacı Əbdülü göndəririk hansısa rayona icra hakimi. Sənədlərin stolun üstündədir. Özün də qalx yuxarı.” Qalxdım. Heydər Əliyev mənə dedi ki, Hacı, səni icra hakimi göndəririk. Dedim, Heydər Əliyev, mən xəstəyəm, özüm də o vaxt əməliyyat elətdirmək üçün gedib gəlirdim. On il, ildə iki dəfə gedib gəlmişəm.

– Səsə görə, eləmi?

– Bütün səs tellərini götürmüşdülər və ildə iki dəfə gedirdim, yenidən tikirdilər. Əgər saxlamırdısa, bir də tikirdilər.

– Səs tellərini, eləmi?

– Bəli, səs tellərimi. Uzundur bu söhbətlər. Heydər Əliyevə dedim ki, mən xəstəyəm. Dedi, “sənin köməkçin var, müavinlərin var, onlar işləyər. Get, fikirləş”. Gəldim, fikirləşdim. Gördüm, yox, alınmır. Gedirəm 3 ay orada yatıram, gəlirəm 3 ay burada yatıram. Xəstəyəm. Bir dəfə də getdim görüşə – 3-4 dəfə belə görüşdük – dedim, Heydər müəllim, mən xəstəyəm, mümkün deyil. Əlimi boğazıma tutub danışıram. Aylarla yatıram. Müxtəsər, bu kişi məni göndərdi, mən getmədim.

 

Bir gün Xızı camaatı gəldi ki…

– Bayaq orada qalmışdıq. Sizin İsgəndər Həmidovla mübahisəniz də səhv etmirəmsə, Xızının icra hakimiyyətinin üstündə olmuşdu.

– Bəli.

– O hadisə necə olmuşdu, Hacı?

– Mənim birbaşa əleyhdarlarım yanlış məlumat verirlər. Rauf Gülməmmədov mənim Xızıya icra başçısı olmağım üçün birbaşa əmrimi vermişdi və ora göndərmişdi. Mən getməmişdim. Getməmişdim. Getmək fikrim də yox idi. Çünki mən məscidə, “Tövbə”yə çox bağlı adam idim. Heç olmazdı ki, ana-bacı gəlməsin, dərdləşməyək, söhbət eləməyək. Ora mənim həyatım idi. Mən oradan ayrıla bilmirdim. Bir gün Xızı camaatı gəldi ki, “Hacı, bizi icra hakimiyyəti incidir. Ali Sovet də bu məsələdən xalidir”.

– Kim idi o vaxt, Maksim Musayev?

– Maksim Musayev. O zaman İsa Qəmbər də Ali Sovetin sədri idi. Gəldim onun yanına, onunla münasibətim var. Dedim ki, İsa bəy, 3-4 nəfərlə gəlmişəm, onları qəbul elə, dindir. Allaha and olsun ki, başqa heç bir söz deməmişəm. Dedim, bu adamları qəbul elə və onların şikayətlərinə bax.

– İsa bəyə dediniz?

– Bəli. Bunun müqabilində o mənə dedi ki, Hacı, sən bizim adam deyilsən, bizim adam olsaydın, bu başqa məsələ.

– Beləcə də dedi?

– Belə… Seyid Əzim Şirvaninin bir sətir şeiri yadıma düşdü. “Köpəkoğlu” şeiri. Şamaxıda bildiyiniz kimi küçələrin adları olub. Mirzə Səfər adlı bir nəfər olur və böyük qonaqlıq təşkil edir. Ora Seyid Əzimi dəvət etmir. Bir gün bazarda qarşılaşırlar. Deyir ki, bağışla, yadıma düşmədi, səni dəvət etmədim. Onda Seyid Əzim Şirvani bədahətən bir şeir deyir:

 

Eşşək küçədə Mirzə Səfər yadına düşdü,

Xan küçədə mən düşmədim, eşşək köpək oğlu?

 

Bu şeirdən iki bənd yadıma düşdü. Dedi, “sən indi bizi söyürsən?” Onda dayana bilmədim, üstünə getdim ki, “buna bax, dövlətə bax, nə dövlət? Mən səni tanıyıram da…” Belə sətləşdik. Onda İsa bəy Arif Hacıyevi çağırtdırdı, dedi, bunları qəbul elə. Getdik Arif Hacıyevin yanına. Dedi, uzağı adna günü mən gələcəm. Mən də o vaxta qədər “adna günü”nün nə olduğunu eşitməmişdim.

– Adna günü, yəni cümə axşamı.

– Eşitməmişdim.

– Bizlərdə də adna günü deyirlər.

– Hə, hə mən eşitməmişdim. Birinci dəfə eşitdim. Çıxdıq bayıra, soruşdum adna günü nə vaxtdır? Dedilər, sabah. Bu gün üçüncü gündür, sabah da cümə axşamı. Deməli, sabah orada olmalıdır. Dedi ki, gedin, biz də gəlib, yerində araşdıracağıq.

 

İsgəndər Həmidov nazir olanda onu təbrik elədim

– Xızıda?

– Xızıda. Oradan gəldik məscidə, yoldaşlara da dedim ki, gedin, gələcəklər. Bunlar məndən əl çəkmədilər. Mən getmək istəmirdim. Bir Allah şahiddir, bir də orada olanlar. Dedim, sizin istədiyinizi dedim, tapşırdım. Dedilər, yox, sən özün də orada olmalısan. Apardılar məni ki, sən dağlısan, oradakı camaat da dağlıdır. Şikayətlərini dinlə. Getdik, orada onları gözlədik. Sonralar həbsdən azad olandan sonra mən İsgəndər Həmidovdan soruşdum ki, qardaş, biz axı dost olmuşuq. Hətta İsgəndər Həmidov Daxili İşlər naziri olanda, mən gedib onu təbrik elədim. O zaman dedi ki, “Hacı, bura qədər gəlmisən, mənə görə bir sözün, nə istəyirsən onu eləyim”. Dedim, “bizim burada bir yerlimiz var – Əbdülhəsənə diqqət elə.” Onu çağırtdırdı yanına, dedi Əbdülhəsən, Hacı Əbdül səni mənə tapşırdı, mən səni həmin şöbəyə rəis qoydum. Başqa sözün? Dedim, can sağlığı. İsgəndər bu gün də sağdır, dalınca danışmıram. Dedi, Hacı get, bir ay sakit otur, bir aya kimi mən səni harasa icra hakimi göndərəcəm. Belə. Ona görə də İsgəndərdən soruşdum ki, necə oldu ki, sən bu həddə gəldin? Bu döyüşlər kimə lazım idi?

– Belə çıxır ki, cümə axşamı günü ora Arif Hacıyev yox, İsgəndər Həmidov gəlib?

– Bəli, onlar gəlmədi, bunlar gəldi.

– İsgəndərgil. O zaman necə olur – onlar məsələni həll eləmək əvəzinə, bu cür qərar verirlər?

– Bax, elə mən də bunu ondan soruşdum. Dedim, bura qoşun çəkməyinə ehtiyac yoxdur axı.

– Özü də dostsunuz.

– Mən də dedim ki, axı biz nə eləmişik? Burada dayanıb, sizi gözləyirik. Dedi ki, gəlib mənə çatdırdılar ki, sən bura öz adamlarını yığıb mənim ünvanıma lap pis, biədəb söyüşlər söymüsən. Ona görə də adamları yığıb bura gəldim. Bağışla.

– Onda kim kimin barmaqlarını qırmışdı? Döyüşdə kiminsə barmaqları qırılmışdı, deyəsən?

– Heç kəsin.

 

Əbülfəz Elçibəylə ölənə qədər dost olmuşuq

– Amma siz də o zamanlar elə idiniz, Hacı. Məsələn, mənim yaxşı yadımdadır ki, – o zaman təzə qəbul olunmuşduq – Əbülfəz Elçibəyi və digərlərini “Tövbə” ilə “Qardaşlıq” cəmiyyətləri hamının gözü qarşısında döydülər, təhqir etdilər…

– Mən indi sizə bir söz deyim. Allah rəhmət eləsin Əbülfəz Elçibəyə. Ölüb, haqq dünyasındadır. Bizim onunla şəxsi münasibətimiz çox böyük olub.

– Mən də elə bilirəm ki, əvvəllər dost olmusunuz…

– Ölənə qədər… Ölənə qədər… Ölənə qədər… Kim onun haqqında nə deyir, özü bilər. Mənim şəxsən ona hörmətim olub. Şəxsən.

– O zaman o nə idi – “Tövbə” ilə “Qardaşlıq” cəmiyyətləri, bakılı-yeraz – nə məsələlər idi? 

– Əvvəla, “Tövbə”nin qaydalarında belə bir bənd var ki, döyüşmək, vuruşmaq, ixtilaf salmaq tövbədir…

 

Əbülfəz Elçibəydən xahiş etməyə getmişdik…

– Olmaz.

– “Tövbə”yə qəbul olunanlar “Qurani-Kərimə” əl basıb and içirlər ki, millət, təriqət, qrup ixtilafı törətməyəcəyik və törədilmiş o ixtilaflarda iştirak etməyəcəyik. Heç vax olmayıb. Mən məsciddə oturmuşdum. İstəyirsən bu hadisəni mən sənə olduğu kimi deyim.

– Bəli.

– Heç kəs bunu belə deməz – mən dediyim kimi. Mən məsciddə oturmuşdum. Bir də gördüm ki, Bakı kəndlərindən insanlar töküldülər məscidə. Dedim nə məsələdir. Dedilər ki, sabah Xalq Cəbhəsi nümayiş eləmək istəyir. Ayaz Mütəllibov da İrandadır. Biz istəyirik ki, onlar nümayişi saxlasınlar, Ayaz Mütəllibov gələndən sonra da nümayişlərini eləsinlər. Səndən xahiş edirik ki, sən bizim ağsaqqalımız ol, böyüyümüz ol. Bizimlə birlikdə gedək, Əbülfəz bəydən bunu xahiş eləyək. Aşkar olanlar bunlardır, gizlində olanları Allah bilir. Mən bilmirəm. Mən bildiyimi deyirəm. Allah da şahiddir ki, bunu necə bilirəm, elə də deyirəm. Heç kəs deyə bilməz ki, Hacı, sən orada yalan dedin. Mənim həyat təcrübəm mənə çox şeyləri öyrədib. Mənə gəlib desələr ki, filan şey belədir, mən özüm kənardan hər şeyi hiss edə bilirəm. Dedim, yaxşı, gedərik, burada nə var ki? Əbülfəz bəylə də münasibətimiz yaxşıdır, İsgəndərlə də. Fikirləşdim, gedib deyəcəm ki, sən bu gün nümayiş eləmək istəmirsən, sabah elə. Qoy prezident gəlsin. Mən bunları dedim, bir ağsaqqal var idi, dedi, Hacı, ölürəm, mən ora gedə bilmərəm. Oradan da AXC-nin qərargahına bir tinlik yol idi. Bu ağsaqqal çəkildi. Necə olur ki, dünyanın o başından bura kimi gələ bilirsən, bir tinlik yolu gedə bilmirsən? Məstavər var idi, o da orada idi. Gəldi mənə dedi ki, Hacı, mən deyə bilmirəm, bəlkə sən deyəsən? Soruşdum, nə olub? Dedi, kran aşıb, iki fəhlə altında qalıb ölüb. Məlum oldu ki, “hökumət Ramiz” var – münasibətlərimiz var idi – bəs o ev tikdirir, kran da aşıb, iki fəhləni öldürüb. Camaat da tökülüşüb ora. Deyiblər ki, getsin ora. Mən bu ağsaqqaldan fikrimi götürmüşdüm. Dedim, sən get, mən deyərəm. Demədim. Nə oldu? Bu yoruldu. O birinin kranı aşdı. Demək, burada nəsə var. Mən şübhələndim. Uşaqların hamısını yığdım – uşaqlar da bizim uşaqlardır. Qalxdıq ora gedəndə dedim, yox, sən də gedəcəksən, sən də, sən də. Bura kimi gəlmisiniz, buradan da ora gedəcəksiniz. Hava da isti idi.

– Avqust ayı idi, deyəsən. Avqustun 24-ü.

– Tarixi yaxşı xatırlamıram. Orada pilləkənlər var idi, qalxdım, geri dönüb baxdım ki, adə o ağsaqqallar ki, var idi, hamısı mənimlə ora gəlmişdilər, hamısı çəkilib qırağa.

– Heç kim getməyib…

– Bir-iki nəfəri zorla çağırdım ki, a kişi, bura gəl. Adə, sən də bura gəl. Tək-təkinə qalmışam. Qalxdım yuxarı. Onda Tamerlan Qarayev də orada idi. İsgəndər Həmidov da aclıq elan etmişdi, uzanmışdı. Dedim, a kişi, dur ayağa, aclıq nədir? Burada aclıq ediləsi nə var? Belə, dostuq da… Qalxdıq Əbülfəz bəyin otağına. Hamısı yığışdı. Onlar çox oldular. Biz də iki-üç nəfərik. Hələ gələndə Ramiz Rövşəni də yuxarı dartdım ki, gəl, sən də danışıqda iştirak elə. Nə başını ağrıdım, Ramiz də indi sağ-salamatdır. Yığıldılar cəbhəçilər, hamısı ordan-burdan danışırlar. Baş şişibdir. Dedim, Əbülfəz bəy, biz üç nəfər gəlmişik. Siz də üç nəfər götürün, çəkilək bir qırağa söhbət edək. Siz əlli nəfərsinizsə, o zaman mən də aşağıdan əlli nəfər çağıracağam. Əlli nəfər siz, əlli nəfər də biz, danışaq. Belə olmaz ki… Dedi, yaxşı. Tahir Əliyev də orada idi. Onlarla yuxarı qalxdıq. Söhbət eləyəndə gördüm ki, mənimlə birlikdə qalxanlar, tamam başqa söhbət eləyirlər. Biri bundan danışır, o biri ondan.

 

Bizim “Qardaşlıq” Cəmiyyətinə heç bir dəxlimiz yoxdur

– Nə məqsədə gəlibsiniz, yaddan çıxıb…

– Hə, heç məqsəddən dnışan yoxdur. Bunlar belə danışandan sonra məsələ mənə tamamən agah oldu, durdum ayağa. Dedim, qardaşlar, mən getdim. Bu siz, bu da Əbülfəz bəy. Mən getdim, danışın. Düşdüm aşağı. Gördüm ki, bizim uşaqlar Xalq Cəbhəsinin uşaqları ilə döyüşmək istəyirlər. Dedim, uşaqlar, mən Əbülfəz bəylə danışdım. Qərara gəldik, nümayiş olmayacaq. Getdik. Mən “Tövbə”nin uşaqlarının hamısını bir nəfər kimi götürüb apardım məscidə. Necədir? Deməli, bizlik burada heç nə yoxdur. Qalanlar qaldı. Sizə danışdıqlarımı onlar üçün də danışdım. Dedim, bu nəsə bir qurmadır, oyundur. İstəyirlər bizi – uşaqları işə salsınlar. Mən gördüm, şübhələndim, hamısını götürüb geri gəldim ki, bizlik deyil. Sonra eşitdim ki, dava olub. Oranı milislər mühasirəyə almışdılar. Heç bizim özümüzü buraxmırdılar.

– Əbülfəz bəy onda yaralanmışdı.

– Bəli.

– Onda biz ordaydıq. Hacı, siz “Qardaşlıq”la eyni deyildiniz?

– Yox, yox. “Qardaşlıq” ayrı idi. Bizim “Qardaşlığ”a heç bir dəxlimiz yox idi.

– Xəqani Səfəroğlu soruşur: “Hacı Əbdül deputat olduğu dövrdə Milli Məclisdə etdiyi çıxışların videosuna baxırmı? Onlara baxanda hansı hissləri keçirir? Siyasətdə olduğu zaman nəyi düz etmədiyini düşünür? Necə oldu ki, 1990-cı ildə Ali Sovetin deputatı seçildi?” Bu məqam başqa suallarda da var. Ramin Mahmudlu soruşur: “Necə oldu ki, Ali Sovetin deputatı oldu?”

II hissənin sonu

 

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button