“Qaynar Qazan”da Hacı Əbdül (III sonuncu hissə): “İlham Əliyev obyektimi dağıtmağa qoymadı”-VİDEO

Hacı Əbdül: Allahdan və vicdanından başqa Xanımın heç kimin qarşısında öhdəçiliyi yoxdur

Hacı Əbdül Azərbaycan siyasətinin ən maraqlı və ziddiyyatli adamlarından biridir. Milli Azadlıq Hərəkatı başlayandan tutduğu mövqe etibarilə hər zaman ölkə siyasətinin gündəmində dayanan siyasi xadimlərdən biri olub. Qurduğu “Tövbə” Cəmiyyəti zamanın “Qardaşlıq” Cəmiyyəti ilə birlikdə Milli Azadlıq Hərəkatının və onun rəhbərlərinin əleyhinə fəaliyyət göstərmiş, dövrün irticaçı hökumətini – Ayaz Mütəllibovun anti-milli hakimiyyətini qorumağa yönəlmişdi. Buna görə də Hacı Əbdül və onun təşkilatı yaddaşlarda hər zaman mənfi emosiyalarla assosiasiya olunub.

Hacı Əbdülün adı bir çox tarixi hadisələrdə keçib. Hərəkatın və mitinqlərin dağıdılmasında rol alıb. 1991-ci ilin avqustunda AXC-nin qərargahına basqında və sonra hərəkat liderlərinin döyülməsində onların rolu olub. O zaman yaxşı yadımdadır. Biz AXC-nin qərarı ilə imtahandan yenicə çıxmış və Türkiyəyə göndərilməyə hazır gözləyirdik. Hər gün AXC-nin qərargahına gəlir, proseslərdə aktiv iştirak edirdik. Avqustun 21-dən sonra idi. QKÇP-nin baş verməsi ilə gündəm dəyişmiş, vəziyyət yenə gərginləşmişdi. Mən “Tövbə” və “Qardaşlıq” Cəmiyyətlərinin AXC-nın qərargahına hücumunu gözlərimlə gördüm. Silahlı adamlar Əbülfəz Elçibəyin otağına doluşanda, biz bir tələbə yoldaşımla (o, indi ölkənin məşhur həkimlərindən biridir) “Azadlıq” qəzetinə xəbər vermək üçün ora göndərildik. O zaman “Azadlıq” qəzeti AXC-nin “sovetski”dəki qərargahının yaxınlığında yerləşirdi. Bizi ora göndərdilər ki, mətbuat gəlib yazsın və məsələni ictimailəşdirsin. Qaranəfəs dayanmadan “Azadlıq” qəzetinin redaksiyasına qaçdıq və olanları xəbər etdik. Qəzetdəkilərin verdiyi reaksiyanın bizi çox heyrətləndirdiyini yaxşı xatırlayıram və bu haqda “Elçibəyin imtahanı”nda geniş yazmışam.

Hə, mənim Hacı Əbdüllə ilk tanışlıqlarımdan biri o idi. Biz geri qayıdanda görüş bitmişdi və mitinq başlayırdı. Mitinq başlayan kimi ilk çıxışçı olan Bakı və Kəndlər Birliyinin sədri Nəsir Ağayevə hücum oldu və başladı. Sabir Rütəmxanlının başını yardılar, Pənah Hüseynin qolunu qırdılar, Vurğun Əyyubu döydülər, əllərinə keçənləri əzib keçdilər. Əbülfəz Elçibəy isə əsl hədəfdi. Onu bayıra çıxaranda digərləri kimi polis maşınına aparmağa imkan vermədik. O böyük kütlənin içində mən və atam da vardıq və Əbülfəz bəyi çiynimizə alıb qərargahın yanındakı yolla yuxarı qaldırdıq və bir qırmızı “07” ilə göndərdik. Atamın ağ köynəyi Elçibəyin başından tökülən qıpqırmızı qanla boyanmışdı. Yadımdadır ki, atam o köynəyini yudurtmaq istəmirdi. ““Azadlıq” muzeyi qurulacaq, bu köynəyi ora verəcəyəm” deyirdi…

Sonra Hacı Əbdülün adı Xızı rayonunun icra hakimiyyətinin başçısı vəzifəsinin təyinatında keçdi. Orada zamanın dəliqanlı Daxili İşlər naziri İsgəndər Həmidovla qalmaqal yaşadı. Sonra Heydər Əliyevin diqqətinə gəldi, Naxçıvanda Heydər Əliyev hirslənib ünvanına nələr demədi. Bir az keçdi Azərbaycan “hacıleyləyin nağılı”nı dinlədi və indiyə qədər də bu məşhur söhbət dillər əzbəri olaraq qalır. Sonra da “Tövbə” Cəmiyyəti, Hacı Əbdülün zaman-zaman məşhurları şallaqlaması, indi deputat olan “Vəhdət” partiyasının sədri Tahir Kərimlini tövbə etdirməsi, Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovu dəstəkləməsi və nəhayət, birinci vitse-prezident Mehriban Əliyevanın yanında, səfində yer alması. Bax belə, bugünkü müsahibimizin ömrünə bu boyda hadisələr sığışıb və biz onunla müsahibəyə gələndə bütün bu suallarımıza cavab almağı düşünürdük.

Mən ilk dəfə idi ki, onunla həmsöhbət olurdum. Açığı, ilk müsahibə olmasına baxmayaraq, bir-birimizi tanıyırdıq. Elə ilk zəngimlə razılığını verdi və hiss etdim ki, “Qaynar Qazan” izlədiyi bir verilişdir. Görüşəndə və söhbətləşəndə isə haqqında yaradılan obrazdan fərqli bir adamla qarşılaşdım. Tarixi hadisələrə münasibətindən aydın olur ki, heç o zamanlar da bilərəkdən və istəyərəkdən iştirak etməyib hadisələrdə. Bəzən zorən olub bəzi olaylar. Bunlar haqda diqqətli tamaşaçı və oxucu müsahibədən özlərinə lazım olanı götürəcəklər. Amma onun qürbətdə yaşayan mühacirlərimizin ölkəmizə qayıtmasında göstərdiyi münasibət məni həqiqətən kövrəlti. Hacı Əbdül o insanlardan danışanda göz yaşlarını saxlaya bilmədi və ağladı… Mən bunu müsahibə boyu hiss elədim və Hacının ürəyiyumşaq insan olduğu və mərhəmət dolu hisslərlə yaşadığının şahidi oldum. Ömrünün bu yaşında içində mərhəmət hissinin hələ də qaldığı insanların olması və onların Mehriban Əliyevanın komandasında yer alması bəlkə kimlərəsə yaşıl işıq ola bilər, bəlkə kiminsə qapısı açılar. Hər halda ilk ağlıma gələn də bu kontektdə siyasi məhbusllar oldu.

Hacı Əbdülün müsahibəsi çox maraqlıdır. Xüsusilə, 1991-ci ildə baş verən vertolyot qəzası haqqında dedikləri şəxsən məni heyrətləndirdi və açığını deyim ki, mən o hadisə haqqında ilk dəfədir Hacının dedikləri istiqamətdə məlumatlar alırdım. Onun dedikləri doğrudursa və həqiqətdirsə, o zaman Azərbaycanın son 30 illik tarixi yenidən və silbaşdan yazılmalıdır. Hələ Hacının onu öldürmək planları haqqında danışdıqları lap tükürpədicidir.

Xüsusilə, gəncliyində sevdiyi qızdan və onun Heydər Əliyevin köməkçisi olduğundan, sonunda Hacının anasının Heydər Əliyevlə görüşünü təşkil etdiyindən danışması da maraqlı hadisədir. Onun sevdiyi və müəyyən səbəblərdən həyat qura bilmədiyi bir qız, zaman gəlir ki, onun bir növ həyatını xilas edir – nə qəribə bir tale!

Hacının Əbülfəz Elçibəyə yaxşı və dost münasibəti olub. Onu çox istəyib. Ayaz Mütəllibovla da həm hakimiyyətdə, həm də Moskvada qaçqın olanda yaxşı münasibətləri olub və onun müdafiəsində yaxından iştirak edib. Heydər Əliyev zatən onun həyatında müstəsna insan olub. Çünki “Heydər Əliyev hakimiyyətə gəlməsəydi, məni öldürəcəkdilər” deyir. Üstəlik, gənclik sevgisi də Heydər Əliyevin köməkçilərindən biri olub. Bunlar artıq tarixdə qalıb. Maraqlıdır ki, Hacı Əbdül bu gün birinci vitse-prezidentin komandasında da önəmli adamlardan biridir. Açıqca onun haqqında danışır, “Azərbaycanın xilaskarı odur” deyir, Mehriban Əliyeva onun məscidini təmir edir və Hacı onun təbliğatını aparır, qurur və s. Ən əsası isə odur ki, Hacı Əbdül deyir ki, kim mənim əleyhimə danışırsa elə bil, Mehriban Əliyevanın əleyhinə danışır. Bu, çox böyük iddiadır və əsas olmasa kimsə belə bəyanatlar verə bilməz. Hələ Hacı Əbdül kimi təcrübəli adamlar əsla.

Qonağımız illər boyu ən maraqlı və qalmaqallı olaylarda baş rollardan birini oynayan Hacı Əbdüldür. “Tövbə” Cəmiyyətinin sədri Hacı Əbdül…

Əvəz Zeynallı

“Qaynar Qazan”

 

I hissəni bu linkdən oxuya bilərsiniz:

“Qaynar Qazan”da Hacı Əbdül (I hissə): “Azərbaycanın gələcəyini Mehriban xanımda görürəm”-VİDEO

 

II hissəni bu linkdən oxuya bilərsiniz:

“Qaynar Qazan”da Hacı Əbdül (II hissə): “Əbülfəz Elçibəylə ölənə qədər dost olduq”-VİDEO

 

III sonuncu hissə

 

İçirdim – birinci özüm tövbə elədim

– Tanınmış jurnalist Xəqani Səfəroğlu soruşur: “Hacı Əbdül deputat olduğu dövrdə Milli Məclisdə etdiyi çıxışların videosuna baxırmı? Onlara baxanda hansı hissləri keçirir? Siyasətdə olduğu zaman nəyi düz etmədiyini düşünür? Necə oldu ki, 1990-cı ildə Ali Sovetin deputatı seçildi?” Bu məqam başqa suallarda da var. Ramin Mahmudlu soruşur: “Necə oldu ki, Ali Sovetin deputatı oldu?”

– Çox gözəl. Biz 1985-ci ildə “Tövbə” Cəmiyyətini yaratmışdıq. Sovet məkanında hələ heç bir fəaliyyət yox idi. Bu “Tövbə” Cəmiyyəti elə bir şey idi ki, onda Rafael Allahverdiyev “Obşestvo trezvo” – “Ayıqlıq” Cəmiyyətinin sədri idi. Otururdular 26-lar bağının yanında. İki mərtəbə ofisləri var idi. Biz də “Tövbə” Cəmiyyətini yaratmışdıq. Yəni mən nəinki Azərbaycan, bütün İttifaqda “Tövbə” Cəmiyyətini yaratmışdım. İttifaqda, bütün Orta Asiyanın hər yerində. O vaxt imkanım da var idi. Yəni bağın içində indiki “Space” TV-nin yanında çayxana da var idi. Özümün idi. “Şəngülüm” kafesi var idi, özümün idi. Nərimanov dairəsinin yanında 2 mərtəbəli restoran var idi, özümün idi. Yəni o vaxt mən ticarəti qurtarmışdım, ərzaq malları üzrə əmtəəşünas idim. Həm də bunları işlədirdim, imkanım da var idi. Rəhmətlik atamı da hamı tanıyırdı, anam qızıl-brilliant alveri edərdi. Yəni bizim imkanımız çox yüksək idi. Üstəlik, mənim obyektlərim var idi, heç valideynlərimə ehtiyacım yox idi. Özüm qazanır, xərcləyirdim. Necə istəyirdim, elə də hərəkət edirdim. Bir gün yuxu gördüm. Ağlıma düşdü, “Tövbə” Cəmiyyətini yaratdım və bizim cavanlarımızı tövbəyə dəvət elədim. Birinci özüm tövbə elədim.

– İçki içirdiniz o vaxtlar?

– İçirdim. Hər şeydən tövbə elədim. O gündən bu günə qədər içmirəm. Mənim dostlarım da mənə baxdılar, tövbə etdilər – sonra da millət. Bizim bu “Tövbə” Cəmiyyəti bütün İttifaqı bürümüşdü. Əgər videoya baxsanız, Tatarıstanda 1987-ci ildə mən milyonlarla insanı arxamca aparıram. Hamısı “Tövbə” Cəmiyyətinin üzvləridir. 505 il ondan qabaq İvan Qroznı tatarları Kama çayının üstündə xaça salmışdı. Onu ilk dəfə mən yada salmışam.

 

Tatarlara 505 il əvvəlki tarixlərini xatırlatdım

– Kazanla nə əlaqəniz var idi?

– Bizim orada “Tövbə” Cəmiyyətimiz var idi.

– İndi siz deyirsiniz ki, ona görə mən deputat olmuşam?

– İndi ora gələcəyəm. Yəni o vaxt deputat söhbəti yox idi, mən “Tövbə” Cəmiyyəti ilə məşğul idim. Mən Orta Asiyada, hətta Moskvanın özündə də milyonlarla adamı oraya aparıb yad eləmişik ki, 505 il əvvəl sizi burada xaçpərəst ediblər. İndi orada onu yad edirlər. Onu birinci dəfə orada mən eləmişəm. Sözümün canı nədədir, 1990-cı illərdə “Tövbə” Cəmiyyətinin xətti ilə mən də deputatlığa namizədliyimi verdim. Yəni mənim seçiləcəyimə zərrə qədər şəkk yox idi.

 

Bakının birinci katibi Rüfət Ağayev yanıma gəldi ki…

– Bəlkə Ayaz Mütəllibovun adamı idiniz deyə seçildiniz?

– Yox, bir Allah şahiddir. Onda mən Ayazı tanımırdım. Hakimiyyətdə mən heç kimi tanımamışam. Hətta hakimiyyət o vaxt qərar çıxardı ki, bu tövbə işini yığışdırın, narkomaniya ki var, baş tutmur, alınmır. Mən onların əlindən Orta Asiyaya qaçıb gedirdim, hakimiyyətin əlindən qaçıb orada “Tövbə” Cəmiyyətini yaradırdım ki, tutub niyə bu işi görürsən deməsinlər. Sözüm onda yox. “Tövbə” Cəmiyyətini yaratmışdıq. Bir gün məsciddə “Tövbə” Cəmiyyətinin üzvləri ilə məscidi süpürürdüm. Bir qara maşın dayandı. Bir nəfər düşdü. Mənim də əlimdə şlanq var, məscidi yuyuram. Dedi ki, mənə Əbdül lazımdır. Onda hacı deyildim. Dedim, Əbdül mənəm. Uşaqlar da yanımda, məscid təmizləyirəm, məşğulam. Dedi, Əbdül sənsən? Dedim, bəli. “Tövbə” Cəmiyyətinin sədri sənsən? Dedim, bəli. Dedi, məscidi yuyursan? Dedim, Allahın evidir, burada pis nə iş var ki? Dedi, məni tanıyırsan? Dedim, yox, tanımıram. Dedi, mən şəhərin birinci katibi Rüfət Ağayevəm. Dedim, tanımıram. Dedi, məndən nə istəyirsən, de. Dedim, İçərişəhərdə “Bəylər” məscidi var. “Bəylər” məscidinin içində tualet düzəldiblər, o tualeti oradan yığışdır. Dedi, nə danışırsan? Dedim, bəli, mənim səndən istəyim budur. Məscidin içində tualet eləyiblər, onu yığışdır. Dedi, “ola bilməz”. Şalvarımı, qollarımı yuxarı sıyırmışdım. Dedim, gedək göstərim. Maşına oturdum, apardım, məsciddəki tualeti ona göstərdim.

– Ləğv etdimi?

– Elədi. Onda oranın artıq olan şeylərini düzəldirdilər. Ləğv elədi ki, belə olmaz. Mənim birinci dövlət adamı ilə yaxınlığım o vaxt oldu. Onunla da söhbətimiz qurtardı. Sonra deputatlığa gəldik. Mən Yasamal rayonunda deputat seçiləndə camaat gəlmişdi. Bilirsiniz, o vaxt təbliğatda mən birini tövbə elətdirirəm, o şəkil yayılmışdı. Mən də and içmişdim ki, mənim işim ancaq tövbədir. Deməli, Nəriman müəllim var, şair.

 

Nəriman Həsənzadə məni aldatdı

 

– Nəriman Həsənzadə?

– Bəli, şair. Nəriman Həsənzadə də ora verib. Bizim də uşaqlarımız, indi təsəvvür edin ki, bunlar hamısı keçmişin tələsindən çıxan adamlardır. Bunlara əl atmaq olmaz. Heç biri icazə vermirlər ki, bir qutuya artıq bir şey atılsın. Orada bir cavan oğlan gəldi yanıma. Dedi, Hacı mən komissiyanın üzvlərindən biriyəm. Mən istəyirəm ki, sən deputat seçiləsən. Uşaqlar qoymur ki, biz sənin xeyrinə artıq səs verək. Onlara tapşır, mənimlə işləri olmasın, biz ora salaq. Mən də tapşırdım ki, işiniz olmasın. Onlar qutuları doldurdular. Qutunun içindən Nəriman Həsənzadə çıxdı. Məni aldatdılar. Mən Nəriman Həsənzadə və başqalarıyla danışdım. Dedi, bağışla, artıq olub. Sən o uşaqları ver, mən onları Türkiyəyə gəzməyə göndərim. Dedim, mən onlara deyə bilmərəm, heç özüm də istəmərəm. Ancaq bizi aldatdınız, onu bağışlamayacağam. Zaman gəldi, seçkilərdə yenə bir başqa yerdə seçmək lazım gəldi. Bu Rüfət müəllim adam göndərdi, görüşdük. Dedi, deputatlıq var. Dedim, mən artıq deputatlığa verməyəcəm.

– 1990-cı illərdə? Burada söhbət sadəcə 1990-cı illərdən gedir?

– Bəli.

– Onda təkrar seçkilərdə seçilmisiniz? Onda haradan seçildiniz?

– Bəli, o da Yasamal rayonunda. Dedim, biz bir daha verməyəcəyik, çünki bizi aldatdınız.

 

Necə deputat oldum, heç özümün də xəbərim olmadı

– Deməli, Nəriman Həsənzadə sizi aldadaraq deputat olub?

– Bəli. Mən də uşaqlara deyə bilmirəm ki, yenidən səsə gedək. Onlar da eləməzlər. Bunlar özləri təşkil etdilər, özləri verib özləri seçdilər. Mənim xəbərim olmadı.

– O dövrdəki videolara baxanda nə hisslər keçirirsiniz?

– Ürəyim ağrıyır.

– Ramin Mahmudlu deyir ki, 1992-ci ildə dini radikalizmlə məşğul olmağınızdan utanırsınızmı?

– Mən bayaq dedim. Bizim “Tövbə” Cəmiyyətində 6 dildə nizamnamə var. Orada biz and içmişik, heç bir vaxt məzhəb, millət, təriqət ixtilafı törətməyəcəyik və iştirak da etməyəcəyik. Necə radikallıq ola bilər?

– Tural Dəmirov soruşur ki, 1992-1993-cü ildəki fəallığı indi niyə etmir?

– Əvvəla, onu nəzərinizə çatdırım ki, bizim o vaxtdan indiyə qədər məqsəd və niyyətimiz “Tövbə”ni təbliğ eləmək olub. Yəni biz onu indi də davam etdiririk. Yəni o nəzərdə nəyi tutur, onu anlamadım.

 

Elçibəyin hakimiyyəti dövründə mən zindanda olmuşam

– Elçibəy hakimiyyətinə qarşı daha fəal idiniz. Bəlkə onu nəzərdə tutur?

– Mən Elçibəyin hakimiyyəti dövründə heç bayırda olmamışam ki. O bilmir, onun xəbəri yoxdur. Xalq Cəhbəsi hakimiyyətə gələn gündən onlar hakimiyyətdən gedən günə qədər mən zindanda olmuşam.

– Maddə nə idi?

– Heç məhkəmə də olmadı.

– Ramin Mahmudov deyir ki, sizcə Azərbaycan xalqı sizi necə xatırlayacaq?

– Məni Azərbaycan xalqı tövbəylə məşğul olan adam kimi tanıyacaq.

– Ülfət Ədalətoğlu soruşur ki, siz həqiqi mübarizədə idiniz, yoxsa Moskvadan gələn əmirlərə tabe olub onu yerinə yetirməklə vəzifəli idiniz? O vaxtki hakimiyyətlə indiki Əliyev rejimini necə müqayisə edirsiniz? Yoxsa öz xəyalları ilə yaşayan Hacı Əbdüldür? Xahiş edirəm, səmimi cavab versin.

– Mən bir haşiyə çıxım. Anam Heydər Əliyevin evinə gedəndə Heydər Əliyev ona dedi ki, mən Hacını azad edirəm, de ona ki, mənim sözümə baxsın. Sizin üçün belə yox, belə olacaq. Anam ona demişdi ki, o düzünü danışandır. O nəyi bilir, onu deyəcək, mən ona heç nə deyə bilmərəm. Ancaq xahiş edirəm, onu azad elə. Məni azad edəndən sonra mən arada çıxış edəndə anam mənə deyirdi ki, nə yaxşı ki, mən o kişiyə söz verməmişəm.

– Yəni Heydər Əliyevin sözünə baxmadınız?

– Mən nəyi bilmişəm, necə bilmişəmsə, onu demişəm. Heç vaxt nə Moskvanın adamı olmuşam, nə Ayazın, nə də Heydərin adamı olmuşam. Əgər kiminsə adamı olmağı özümə layiq bilirəmsə, mən ancaq haqqın adamı olmuşam.

– Mehriban xanımın adamı olmamısınız?

– Mehriban xanımın da adamı deyiləm. Mən Mehriban xanımda onları görürəm.

– Hikmət Yusifoğlu deyir ki, Hacı Əbdül siyasətçi deyil, bir oyun idi düşmüşdü, ancaq maraqlı adamdır. Bununla razısınızmı?

– Mən heç vaxt siyasətçi olmamışam. Heç bu gün də deyiləm. Bir dəfə İmam Əlini qoydular bir yerə. Dedilər, yol göstər. İki yol var idi – biri yaxşı, biri pis yol idi. Tapşırmışdılar ki, kim gəlsə, cənnəti, cəhənnəmi ona göstərmə. O hansı yolla gedirsə getsin. Gələnə İmam deyərdi ki, bax 2 yol var, hansını istəyirsənsə, seç, get. Axı demişdilər ona ki, yol göstərmə. Biri gəlib soruşdu ki, ya Əli, mən səndən xahiş edirəm, hansı yolu məsləhət görürsən, hansı ilə gedim? Demişdi, cənnətlə get. Dedilər, ya Əli, biz demişdik ki, yol göstərmə. Dedi, o məndən məsləhət istədi. Mən ona səhv yol deyə bilməzdim. Mən bildiyim düz şeyi deyirəm. Ola bilsin kimin xoşuna gəlsin, ya gəlməsin. Rəhmətlik anam aylarla dindirməzdi, ay oğul, sənin nəyinə lazımdır, səndən başqa adam yoxdur, bircə göz işığı sənsən, – deyərdi. Deyərdim, nə eləyim, özümü saxlaya bilmirəm.

 

Heydər Əliyevə yazmışdım ki…

– Elbəyi Həsənli, bizim məşhur jurnalist soruşur: “Hacı Əbdül bir dəfə mənə bir məktub verdi, dedi ki, oxu gör necədir? İstəyirəm məktubu Heydər Əliyevə göndərim. Məktubu nəzərdən keçirdim. Hacının sözünün əsası o idi ki, cənab Heydər Əliyev, vəhhabiləri Azərbaycandan qovun. Ancaq məktubda xoşagəlməyən şeylər də var idi. Belə ki, Hacının vəhhabilərə nifrəti o qədər böyük idi ki, o prezidentə yazdığı məktubda belə vəhhabiləri ən qaba ifadələrlə söymüşdü. Ona dedim ki, Hacı, qurban sənə, düz deyirsən, vəhhabiləri Azərbaycandan qovsaq yaxşıdır, amma prezidentə belə ağır ifadələrlə dolu məktub göndərmək olmaz. Ayıbdır. Gəl mətində söyüş olan yerləri çıxaraq. Dedi ki, fikirləşərəm. Ancaq aydın hiss olunurdu ki, vəhhabilərə ünvanlanmış söyüşlərdən keçmək istəmir. Orası da var ki, Hacı Əbdülü Heydər Əliyev dəfələrlə ən ağır sözlərlə aşağılamışdı. Buna baxmayaraq, Hacı Azərbaycanı vəhhabi təhlükəsindən xilas etmək üçün Heydər Əliyevə üz tutmuşdu. İmkan olsa soruşun, Hacı həmin məktubu Heydər Əliyevə göndərdimi? Nəticəsi nə oldu?”

– Əvvəla, qardaşımız yaxşı ifadə eləmir. Söyüş söymək mənim təbiətimdə yoxdur. İkincisi, hamı bilir ki, bizim kənddə – Xanəgahda, ona xalq içində, dağlılar arasında “qanlı Xanəgah” deyirlər. Ləqəbi belədir. Bir söyüş üstünə adam öldürərlər. Mənim təbiətimdə söyüş yoxdur. Amma o deyir ki, söyüş yazmışdı. O, düz demir. Mənim yazdığım məktubda mən onları olduğu kimi göstərirdim.

– Bu məktub Heydər Əliyevə çatdımı? Nəticəsi oldumu?

– Yadımdan çıxıb. Yalan danışmayım.

– Rüfət Əliyev soruşur: “Heç yerdə işləmir, pulu haradan tapıb Həccə gedir?”

– Mən bayaq ərz elədim ki, əgər Bakıda iki varlı adam varsa, biri atam idi, digəri anam. Biri də elə mənim özüm. Kim restoran bağışlayardı? Mən bağışlamışam.

– Kimə?

– Dostuma restoran bağışlamışam. O vaxt Nərimanov heykəlinin yuxarıdan düşəndə sağında ikimərtəbəli restoran var idi. O, mənim idi. Almışdım, dostum gəlib dedi ki, Hacı, sənin yerlərin var. O da kirayə işi ilə məşğul olurdu. Fəxri Xiyabanla üzbəüz restoran var idi, orada işləyirdi. Dedim, gəl a, olsun sənin.

– Hacı, o obyektlərinizin hamısı batdı?

 

İlham Əliyev obyektimi dağıtmağa qoymadı

 

– Obyektlərimin hamısı batmadı. Birincisi, o çayxananı o vaxt dağıtdılar. Fərhad Əliyevin vaxtında dağıtdılar. “Space”-in yanında olanı da dağıtmaq istədilər, sənədlərimi ləğv eləmişdilər. Dağıtmaq istəyirdilər, İlham Əliyev dağıtmağına qoymadı.

– Yəni indi də obyektləriniz var?

– Bəli, həmin o obyektdir ki, indi də fəaliyyət göstərir.

– Mirzə Seyidov yazır ki, kişi adamdır. Yəni sizi tənqid edənlər də çoxdur.

– Olmalıdır da. Məsələn, sizin bu sözünüzün üstünə bir şey deyim. Hamısı eşitsin. Məni tənqid edənlərdən narahat deyiləm. Çünki Peyğəmbər buyurur ki, əgər bir nəfəri hamı tərifləsə, ondan pis adam yoxdur. Əgər hamısı pisləsə, yenə də ondan pis adam yoxdur. Əlbəttə, cəmiyyət müxtəlifdir.

– Ceyhun Mirzəli soruşur: “Həzrəti Məhəmmədin ölümündən 250-300 il sonra toplanan hədislərə etibar edirmi?”

– Hədis haqqında ayrıca elm var. Hamı eşitsin. Hədislərin əksəriyyəti saxta, yalançı hədislərdir. Hədisin gərək söykəndiyi yer olsun. Hədis filankəsin adı ilə başlayıb o birinin adına söykənməlidir. O biri digərinə. Axırda gəlib Peyğəmbərə söykənməlidir. Yox, əgər heç kimə söykənmirsə, onu qəbul eləmək olmaz.

– İslamın sənətə münasibəti necədir? Ümumi bir sualdır.

– Hansı sənətə?

– Ümumiyyətlə, sənətə.

– Çox yaxşı. Sənət bir bıçaqdır. Cərrahın əlində gözəldir, qadirin əlində başqa şeydir. Oxumaq gözəldir, oxuyan var, səni yaşadar, oxuyan var, gəlib sənin fikrini cin-şeytanla doldurar.

 

Tahir Kərimlinin yerinə xəcalət çəkirəm

 

– Bu tövbə edənlər varmı hələ də? Gəlirlərmi? Sizə zaman-zaman siyasətçilər gəlirdi. Hətta deyəsən şallaqlayırdınız da bəzilərini?

– Tövbə qiyamətdə qurtarar. Biz gedəcəyik, amma tövbə necə ki hələ də qalıb, qiyamətə qədər qalacaq. O bizlik deyil, heç kimlik deyil. Sadəcə olaraq biz bir funksionerik.

– Tanınmış adamlardan sonuncu tövbə edən kimlərdir? Deyəsən, ən son Tahir Kərimli idi?

– Əvvəla, Tahir Kərimli bir işdir, gəlib düşüb. Nə səhnədən çıxır, nə dildən düşür. Həmişə dildədir.

– Ondan sonralar kim gəlib?

– Tahir Kərimlidən sonra heç bir tanınmış adamın adını çəkmirik. Qurtardıq.

– Deyirsiniz, o da bir dərs oldu sizə?

– O da bir dərs oldu. Mən onun yerinə xəcalət çəkirəm. Hər onun adı çəkiləndə mən xəcalət çəkirəm.

– Niyə?

– Bir işdir olub. Hər dəfə onu deməzlər ki.

– Burada ayıb bir şey yoxdur ki, tövbədir də.

– Ayıb yoxdur. Tahir Kərimlini hər dəfə vururuq. Amma əslində elə vurulmalı adamdır. Mən həbsdə olanda min dənə məktub yazmışdı ki, mənim günahım yoxdur. Elədiyi əmələ görə elə o da cəzasını çəkib.

– Gülağa Əliyev soruşur: “Soruşmaq istəyirəm ki, Hacı olan adamın borcudur ki, haqsızlığa qarşı mübarizə aparsın, o, bunu edirmi? Edirsə hansı formada?”

– Haqsızlığa qarşı mübarizənin formaları çoxdur. Şəriət buyurur ki, gördün ki, biri birini döyür, gücün çatsa, cəzasını ver, əgər çatmasa, dillə başa sal, əgər özün üçün dillə deməyə qorxursansa, baxışlarınla etirazını bildir, ondan da ehtiyat edirsənsə, tərk elə get. Qoy hiss etsin ki, sən bunun əleyhinəsən. Mən bacardığım qədər haqsızlığa qarşı mübarizə aparmışam.

 

O kəslər ki məni vurur, deməli, o kəslər Xanımı vurur

– Hacı, bayaqları gözəl dediniz ki, bu xarici ölkələrdə olanların hamısı vətənə qayıtsın. Məsələn, günahsız həbs olunan siyasi məhbuslar olur. Onların hüquqları haqqında bir müraciət edirsinizmi? Əlinizdən gələni edirsinizmi? Məsələn, insanları sırf siyasi səbəblərdən – jurnalist olduğu üçün, siyasətçi olduğu üçün, fərqli fikir dediyi üçün, hakimiyyəti tənqid etdiyi üçün həbs edirlər. Buna bir etirazınız olurmu?

– Mən dəfələrlə buna etirazımı bildirirəm. Yazılarda da demişəm. İndi yeridir, indi də deyirəm. Əlbəttə, heç bir zülüm yerdə qalmır. Gec-tez gəlib həmin adama çatır.

– Sizin bu Gəncə hadisələrinə nə münasibətiniz var? Niyə baş verdi? Bunu İrana bağlamaq istəyirlər. Sizcə doğrudan da İran Azərbaycanın içini qarışdırmaqda maraqlıdır?

– Mən bir söz deyim. Bütün ətrafımız bizdən ancaq öz mənafelərinə görə istifadə edirlər. Bu gün də. Elə belə də olub. Yəni sırf deyə bilmərik ki, filankəs bu işi gördü və ya görmədi. Bu hadisələrin gedişatında hamısının öz məqsədi var. Özləri öz məqsədlərindən istifadə edirlər. Mən onun üçün dövlət başçılarına müraciət edirəm, ayıq olmaq lazımdır. Yəni xırda şeylər uymamaq lazımdır.

– Siz ölkədə yuxarıda olan hadisələri necə qiymətləndirirsiniz? Bayaq Xanım haqqında danışdıq. İndi istəyirəm ki, Xanım məsələsi ilə də söhbətimizi yekunlaşdıraq. Həmişə istər əvvəlki prezident seçkilərində, istər indi siz təşəbbüs qrupu yaratdınız. Rayonlara getdiniz. Dediniz, Xanım olmalıdır prezident. Hacı, ona necə təpki gəldi? Sizə əsəbiləşmədilər ki?

– Sözsüz ki, baxışlarını bildirməsələr də, bəzi yerdə bildirdilər. Deyirdim, mən bunu təbliğ edirəm. Bu olmalıdır. Biz onu istəyirik, başqası başqasını. Amma məsələ ondadır ki, Xanıma qarşı yüksək səviyyələrdə çox yanlış hərəkət edirlər. Bu şəxs birinci vitse-prezidentdir.

– Kimlər edir? Xəbəriniz varmı?

– Mən deyim də kimlər edir. Əvvəla, o kəslər ki məni vurur, bunu tapmaqda problem yoxdu, çox asandır.

– O kəslər ki sizi vurur, deməli, xanımı da vurur.

– Bəli.

– Maraqlıdır. Xanımın özünün sizə münasibəti necədir? Hər halda yaxşıdır ki, məscidi təmir etdirir.

– Bu məscidi təmir etdirmək Xanımın işidir. Xarici ölkələrdə də məscidlər, kilsələr təmir olunur. Bu, onun xeyirxah işlərindən biridir. Yəni bunu ora qoşmaq olmaz ki, münasibəti yaxşıdır, ona görə edir. Bu, onun əməllərindən biridir.

– Bayaq çox maraqlı bir açıqlama verdiniz ki, məni vurmaq Xanımı vurmaqdır.

– Bəli. Deyir, mənə dostunu göstər, sənə kim olduğunu deyim. Ya da dostumun düşməni mənim düşmənimdir. Mənim düşmənim dostumun düşmənidir.

 

Allahdan və vicdanından başqa Xanımın heç kimin qarşısında öhdəçiliyi yoxdur

– Deyirsiniz ki, hər halda bizi qarşıda çox maraqlı hadisələr gözləyir, eləmi?

– Bir şey deyim. Bu Xanımın yüksəkliyi ondadır ki, bu, xanımdır. Bu Xanımın Allahdan başqa və öz vicdanından başqa heç kimin qarşısında öhdəçiliyi yoxdur. Allahdan və vicdanından başqa.

– Bu da ciddi sözdür. Yaxındanmı tanıyırsınız?

– Ciddi yox, çox böyük sözdür. Buna imkan vermək lazımdır. Xanım işləyən adamdır. Onun işləməyinə imkan vermək lazımdır.

– Siz bir açıqlama da vermişdiniz ki, Dağlıq Qarabağ məsələsini yalnız Xanım həll edə bilər.

– Ancaq bu, Xanımlıqdır. İmkan vermək lazımdır. Şərait yaratmaq lazımdır. Qoyun işləsin. Cavandır, dünya onu tanıyır. Xeyirxahlığı ilə, siyasəti ilə. Qoyun işləsin, nolacaq ki? Dünya indi, Əvəz müəllim, xanımların dünyasıdır.

– Deyirsiniz, bütün ixtiyarları verək xanımlara, hə?

– Dünya xanımların dünyasıdır. Verin o imkanı, qoyun işləsin. Dünyaya baxanda dünya xanımların dünyasıdır.

– Müsahibəyə görə çox təşəkkür edirəm. Mən də sizdən xahiş edim ki, Xanımın, hökumətin nəzdində sözünüz eşidilir. Sözünüzün eşidildiyi ölçüdə siyasi məhbuslara yardımçı olun. Onların azad olunmağı üçün onlara yardımçı olun.

– Baş üstə.

– Başınız var olsun.

  

SON

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button