“Qaynar Qazan”da Hafiz Hacıyev (III sonuncu hissə): “Əli Həsənov Heydər Əliyevə nələr demirdi…”-VİDEO

Hafiz Hacıyev: “Tramp Amerikada necə hakimiyyətə gəldisə, Hafiz Hacıyev də Azərbaycanda elə hakimiyyətə gələcək”

 

İlham Əliyev Səlim Müslümovun Mehman Hüseynovun çəkdiyi villasını sökdürdü

 

Hafiz Hacıyevlə müsahibə istəyi əməlli-başlı qalmaqala səbəb oldu. Onun “Qaynar Qazan”da müsahibə elanını yayan kimi səbəbini anlamadığım, əslində isə yaxşı anladığım bir “stəkanda fırtına” başladı(ldı). Haqqı olan-olmayan, ərki çatan-çatmayan, mətbuat qaydalarını bilən-bilməyən çox adam üstümə gəlməyə çalışdı. Maraqlı və heyrətləndiyim bir situasiya ilə qarşılaşdım. Bundan mənə qarşı ciddi-ciddi istifadə cəhdləri hiss etdim və gözləmədiyim dostlardan gözləmədiyim reaksiyalar aldım və bu reaksiyalar məni üzdü.

Hiss edirəm, bilirəm ki, “Qaynar Qazan”ın nüfuzu və cəmiyyətdə qazandığı hörmət böyükdür. Ona görə də Oxucular və tamaşaçılar burada normal və səviyyəli söhbətlər eşitmək istəyirlər. O baxımdan, mümkündür ki, bəzi narahatçılıqlar yaşansın. Amma sorğu keçirilibsə və nəticələrə görə, Hafiz Hacıyev ikinci yerdədirsə, üstəgəl, birinci yerdə olan Lalə Şövkət ayaqlarını qaldırıb dağın başına qoyubsa, hakimiyyətlə gizlin sövdələşməyə gedəndən sonra mətbuat qarşısına çıxmırsa, ayrıca, üçüncü yerdə prezident İlham Əliyevdirsə və ona təbii ki, əlimiz çatıb-ünümüz yetmirsə, niyə Hafiz Hacıyevi dəvət etməməliyik ki? Onu da nəzərə almaq lazımdır ki, Hafiz Hacıyevin demək olar ki, danışmadığı, müsahibə vermədiyi qəzet-sayt-internet televiziyası yoxdur və ciddi tirajla da oxunur, baxılır. Maraqlıdır ki, mənə – “Qaynar Qazan”a ciddi-ciddi irad yazan dostlarımızdan birinin həmin qəzet-sayt-internet televiziyasına bir dəfə də olsun iradına rast gəlməmişəm. Hələ vətəndaş cəmiyyətinin bəzi önəmli simalarının mənə tuşlanan iradlarında ümumiyyətlə, bu adamdan müsahibə götürməmək və Oxucuların hər dediyinə riayət etməmək tövsiyəsini də oxuyanda, əllərim yerdən-göydən üzüldü. Deməli, rejim istədiyinə təxminən nail olub. Bizim hamımızın daxilimizdə iri bir senzura əyləşdirə bilib və bu gizli senzor istədiyi kimi cövlan edə bilir.

Hər bir halda mətbuat tərəf tutmadan hamını dinləyə bilməli, hamının danışmasına şərait yaradılmalıdır. “Qaynar Qazan” belə bir tribunadır. Orada hər kəs, amma sözü olan hər kəs danışmalıdır. Belə bir situasiyanı elə Hafiz Hacıyevdən əvvəl Eynulla Fətullayevdə də yaşadım. Ona da çox ciddi irad-tənqid-təhqirlər oldu. Orası doğrudur ki, Eynulla Fətullayevdən sonra Hafiz Hacıyevin gəlməsi və dalbadal iki radikal söz qalmaqalı ilə yaddaşlarda qalan adamın “Qaynar Qazan”da danışması, ola bilsin ki, olmaya bilərdi. Heç olmasa, aralarında 2-3 qonaq keçməli idi bəlkə. Amma heç bir halda, özünü çoxbilmiş hesab edən adamlar bu olaydan istifadə edib məni qınağa tuş etməməli, ən azından buna cəhd etməməli idilər. Elə bil, maşallah, hamı balta əlində dayanıb gözləyir, himə bənddirlər ki, yıxıldığını zənn edib, başına endirsinlər. Hələ sapı, taxtası, dəmiri – sözü özümüzdən olanlar da olursa, adam lap yıxılır.

Hafiz Hacıyev çətin müsahibdir. Qalmaqallıdır. Olmadıq söyüşlər söyür bəzən. Söyüb də. Siyasətdə ağıza almayacaq həqarətlər yağdırıb həmkarlarına. Maraqlıdır ki, mən ondan indi yox, aylardır “Qaynar Qazan”a gəlməyi xahiş edirəm və eynilə Zahid Oruc, Siyavuş Novruzov, Ayaz Mütəllibov, Etibar Məmmədov kimi o da uzada-uzada müsahibədən yayınıb. Hiss etmişəm ki, Hafiz Hacıyev risk etmir “Qaynar Qazan”a gəlməyə. Amma son zamanlar açıqca hiss olunur ki, Hafiz Hacıyev xüsusilə müxalifətdəki həmkarlarına münasibətini xeyli dəyişib. Onu Pənah Hüseynlə, Sülhəddin Əkbərlə və digər müxalifətçilərlə tez-tez müzakirələrdə görmək mümkündür. İstər Əli Kərimli olsun, istər İsa Qəmbər – onlara da mesajlar göndərir və xalqın mənafeyi naminə birləşmək təklifi hamıdan çox ondan gəlir. Hafiz Hacıyev hamıdan çox mitinq tələb edir və açıqca bəyan edir ki, martdan mitinqlərə başlayacaq. Bunlardan daha önəmli bir məsələ var. Bu gün hakimiyyətin məmurlarının üzərinə onun qədər gedən, həmin harın məmurları və onların harın övladlarını onun qədər tənqid edən ikinci bir siyasətçi yoxdur. Yalnız Heydər Əliyevin vaxtında xalqın ürəyindən tikan çıxaran sərt sözlər deyilirdi harın məmurlara. Heydər Əliyev xalqın hirsini-hikkəsini o məmurları aşağılamaqla çıxara bilirdi. İlham Əliyev belə deyil və o, məmurlarını hər zaman qoruyur. Bircə Hafiz Hacıyevdir ki, məhdud sayda olsa da, həmin məmurların gününü qara edir. Bir az da kəndsayağı məmurlara dediyi sözlər və ittihamlar reytinqlər qırır, baxılır, yayılır. Niyə? Necə olur ki, bu sözləri Hafiz Hacıyev deyə bilir və ona kimsə heç nə etmir, edə bilmir?

Buna səbəb onun qardaşım dediyi İlham Əliyev xaric, hər kəsin üzərinə amansızlıqla getməsidir. Hafiz Hacıyevin sirri də deyəsən buradadır – o, məhdud sayda məmurlar haqqında ən amansız tənqid atəşi başlayır və o məmur vəzifəsindən gedənə qədər yaylım atəşini dayandırmır. Zaman-zaman Heydər Babayev, İsmət Abbasov haqqında danışıb və onlar vəzifələrini itiriblər. Bu da cəmiyyətdə belə bir rəy yaradır ki, elə Hafiz Hacıyev qardaşım dediyi İlham Əliyevin sözlərini deyir. Bəlkə də əsas var bu cür düşünməyə. Axı, necə ola bilər ki, iki yazıya görə adama şərləyib 12 il iş verən bu harın məmurlar ölkəsində Hafiz Hacıyevin dediklərini beləcə udurlar? Deməli, bir səbəbi var. Deməli, “qardaş” məsələsinin bir hikməti var. Yoxsa Hafiz Hacıyevi həmin o məmurlar korpusu elə günə salar ki, bir də baxarıq, o adda adam yoxdur.

Hafiz Hacıyev beləcə, “Qaynar Qazan”ın qonağıdır və o, ən sərt, ironiya dolu suallara belə cavab verdi. Təmkinlə, səbrlə, dözümlə. Əsəbiləşmədi. Hansı suallardan xoşunun gəlmədiyini də sezdirmədi. Ya normal qəbul elədi bir çox şeyi, ya da bəzən suallardakı ironiyanı başa düşmədiyini göstərmək istədi. Hətta bəzən ironiyanı mən xatırlatdım ona. Amma Hafiz Hacıyev öz ampluasında idi. Azərbaycan və onun gələcəyi haqqında danışırdı.

“Qaynar Qazan”ın 33-cü qonağı Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevdir… Buyurun…

Əvəz Zeynallı

 

 

III – sonuncu hissə

 

 

I hissəni buradan oxuya bilərsiniz: https://www.xural.com/qaynar-qazanda-hafiz-haciyev-i-hiss%C9%99-elcib%C9%99yin-t%C9%99yyar%C9%99sini-f%C9%99r%C9%99c-quliyev-desdirdi-video/

(“Qaynar Qazan”da Hafiz Hacıyev (I hissə): “Elçibəyin təyyarəsini Fərəc Quliyev deşdirdi”-VİDEO)

II hissəni buradan oxuya bilərsiniz: https://www.xural.com/qaynar-qazanda-hafiz-haciyev-ii-hiss%C9%99-g%C9%99lin-k%C9%99mal%C9%99ddin-heyd%C9%99rovu-bas-nazir-qoyaq/ (Qaynar Qazan”da Hafiz Hacıyev (II hissə): “Gəlin, Kəmaləddin Heydərovu baş nazir qoyaq”)

 

Jirinovskinin üstünə gedən yeganə adam mən olmuşam

 

– Deməli millət də qoyun deyil…

– Millət qoyun deyil. Millətə qoyun deyənin özünü qoyun elədik, oturtduq yerinə. Keçi gününə salıb, buraxdıq getdi. Jirinovskinin üstünə gedən yeganə adam mən olmuşam. Əgər lazımdırsa… İndi onun rus saytlarından olan məlumatlarını çıxarıb arxiv olaraq saxlayırıq. İkincisi, Tramp məsələsi… Belə deyək də, Tramp millətinin dilində danışır. Bizdə elə adamlar var ki, elə danışırlar, elə söz deyirlər ki, gərək Azərbaycan ensiklopediyasını iki-üç gün araşdırıb, onların dedikləri sözün mənasını tapasan. Hafiz Hacıyev də millətin dilində danışır. Millətinin içindədir. Millətinin ağrısı-acısı ilə yaşayır. Hafiz Hacıyev də milləti kimi ac-yalavac yaşayan insanlardan biridir. Gəlin görək, o biriləri də belədirmi? Ona görədir ki, mənim hörmətim var və xalq da özünüz görürsünüz… İctimai rəy keçirirsiniz, sağ olsunlar, ikinci yeri mənə verirlər. Bunu elə-belə vermirlər ki… Belə deyirlər ki, “xalqın gözü tərəzidir…” Mən inandırım sizi ki, səhər saat 10-dan axşam 7-yə kimi biz burada oturub işləyirik. İnsanları qəbul eləyirik. Müəyyən yerlərə gedirik, müəyyən insanları başa salırıq. Yəni qoy, millətim başa düşsün ki, Tramp Amerikada necə hakimiyyətə gəldisə, Hafiz Hacıyev də Azərbaycanda elə hakimiyyətə gələcək. Narahat olmasınlar. Həyat bununla qurtarmır. Narahat olmasın mənim xalqım. Hər şey düzələcək. İki il əziyyət çəksələr də, sonra mən gəlirəm. Mən gələndən sonra da bu çəkdikləri əziyyətlərin hamısının bədəlini mən ödətdirəcəm. Qoy Səlim Müslümov da tiksin, Ziya Məmmədov da tiksin. Qoy Kənd təsərrüfatı naziri də “Vorovski”də 6 villasını tikdirsin, yeddincisinə başlasın. İndi hər baytar rəisinə…

– İsmət Abbasov?

– Yox… Heydər Əsədov… 6-nı tikib, yeddincisini də tikdirsin. Hamısı kimə qalacaq? Bu xalqa qalacaq da… Sabah narahat olmayın, hakimiyyətə gələndən sonra aranızda böləcəm, hamınız götürün…

– Nə edəcəksiniz? Bir məmurun 50 villası var.

– 50 villası var, onların hamısını satışa çıxaracağıq. Oradan gələn pulların hamısını “obşiy” mənbəyə…

 

1750 manat maaş alan Səlim Müslümovun tikdirdiyi villalar bizə qalacaq

 

– O villaları kim alacaq?

– Alacaqlar. Xaricdə yaşayan o qədər insanlar var ki… Biznesmenlərimiz, imkanlı adamlarımız var. Təmiz pul qazanan biznesmenlərimiz var ki, onların hamısı gəlib alacaqlar. Onlara şərait yarat, onlara qanunun aliliyi tətbiq olunsun, onlar vaxtında vergilərini ödəsinlər. Daha bizim məmurlarımız kimi yox. Hərəsinin 50 villası var. Ona görə hər şeyin qiyməti qalxır. O villaların pulu kimindir? Bizim cibimizdən çıxarırlar. Yəni budur məsələ… Ona görə mən xalqıma deyirəm ki, qoyun tiksinlər. 1750 manat maaş alan Səlim Müslümovun tikdirdiyi villalar bizə qalacaq. Və yaxud da Həsən Əliyev küçəsində tikilən villaların hamısı ay millət, narahat olma, sənindir. Narahat olmayın. Bunların hamısı qoyub qaçasıdırlar. Bu saat onların hamısının ailələri xaricdə, axşamacan da balaları, nəvələri zəng vurub deyirlər ki, “baba, tez elə oradan çıx, bu xalqın cibindən, dövlətdən nə oğurlayıbsansa, tez elə qoy cibinə, özün də tez elə, çıx gəl…” Onlar bunun üçün əlləşirlər. Amma biz bu dövlətin yiyələriyik, bu millətin yiyələriyik. Ortada çox ciddi məsələlər var. O məsələlərin həllinə biz elliklə nail ola bilərik. Biz siyasilərin – o kin-küdurəti kənara qoyub, bir masa arxasında əyləşib, o məsələləri müzakirə etməklə buna nail ola bilərik.

– Həmin bu müxalifətin bir nasa arxasında əyləşməsi üçün nə edirsiniz?

– Çox iş görürəm mən.

– Mitinq eləmək xəbəri də çıxmışdı…

– Təbii.. Artıq bizim mitinq komitəmiz də yaranıb. Mitinqlərlə bağlı mitinq komitəsi yerlərdə görüşlər keçirir, müzakirələr aparırıq. Biz martın 3-cü ongünlüyündə mitinqlərimizi eliyəsiyik.

– Nəyə görə martın üçüncü ongünlüyündə?

– Nəyə görə? Biz gözləyirik. Prezidentin islahatlar məsələsini gözləyirik. Əgər görsək ki, bu hakimiyyətin daxilində müəyyən qüvvələr dirəniş göstərib prezidentə imkan vermirlər ki, bu islahatlar keçirilsin, biz məcbur olub, meydanlara çıxıb, o məmurlarla bir-bir artıq başqa dildə danışacağıq. Aydın məsələdir. Gəlin görək, bizim bu üzdə olan siyasilərimizdən hansı bu təşəbbüsə qoşulur? Bunların Azərbaycanda bir hədəfi var – İlham Əliyev. Ay qardaşlar, başınıza dönüm. Bir nəfərdən yapışmaqla heç nəyə nail ola bilməyəcəksiniz. Xaricə gedirsiniz, onun əksinə danışırsınız, xaricdə sizə sponsorluq eləyənlərin dediklərini eləyirsiniz. Gəlin, buna kömək eləyək…

– Amma əksəriyyət də, çox adamlar İlham Əliyevi problem kimi görür. Gülağa Əliyev soruşur ki, “həmişə əsas hədəfi qoyub, ətrafı tənqid edib, hədələyirsiniz. Hər şeyi öz adı və ünvanı ilə niyə çağırmırsınız?”

– Mən Gülağa Əliyevə demək istəyirəm ki, Hafiz Hacıyev hər şeyi öz adı ilə çağırır. Bu qədər nazir adları çəkdim.

– Nəzərdə tuturlar ki, niyə İlham Əliyevin adını çəkmir.

– …Yenə İlham Əliyev?

– Üzr istəyirəm,  Həcər Aslanov yazır: “Həmişə deyir ki, məmurlar ölkəni çapıb talayır, İlham Əliyev qardaşım tək qalıb… Bununla da özü etiraf etmiş olur ki, İlham Əliyevin sözünün kəsəri yoxdur. Məmurlar prezidenti heç veclərinə də almırlar. Hafiz Hacıyevin fikrincə, İlham Əliyev bu vəziyyətdə niyə istefa vermir? Əgər bir prezident 3-5 məmurla bacarmırsa, o insan prezidentliyə layiqdirmi?”

– Gülağa bəyə də, Aslanova da demək istəyirəm ki, prezident tapşırığını verir, yerinə yetirməyənləri də Milli Təhlükəsizlik nazirinin gününə salır. Prezident artıq son tapşırıqlarını verib. Nətəri deyərlər, “bıçaq artıq gəlib sümüyə dirənibdir…”  Bundan o tərəfə yoxdur. Hafiz Hacıyev niyə prezidenti müdafiə eləyir? Axı biz hamımız prezidentin üzərinə getsək, prezident görəcək ki, o təklənir, deyəcək ki, qoy ətrafımdakı rüşvətxor məmur məni müdafiə eləsin.

– Daha çox…

– Bəli. Bizim hörmətli, bizə sual verən bəylər də bilməlidirlər ki, evdə uşağını döyəndə qaçıb, anasının qucağında özünə sığınacaq tapan kimi, prezidentin də 10 ağzı-burnu yoxdur ki… Biz də o həyatı yaşamışıq. Biz də Elçibəy hakimiyyətində prezidentin kim olduğunu yaşamışıq. Prezident bir nəfərdir. Əgər biz bütün elliklə prezidentin üzərinə gedəndə…

 

Gəlin, sözü bir yerə qoyaq, İlham Əliyevi müdafiə eləyək

– Onların işinə yaramış olur da…

– Bəli, onların ömrünü uzadırıq. Mənim dediyim budur. Qoy tamaşaçılar kanal vasitəsilə bunu görsün. Əgər hamımız onun üzərinə getsək, o da deyəcək ki, qoy rüşvət alsalar da, bunlar yanımda qalsın. Mən ona görə deyirəm ki, bütün Azərbaycan müxalifəti gəlin, sözü bir yerə qoyaq, İlham Əliyevi müdafiə eləyək. İlham Əliyevə deyək ki, əzizim, ətrafındakıların hamısı sənə qarşı, sənin əksinə işləyən adamlardır. Bunlardan canını qurtar, bu məsələlərdə xalqının içində, xalqla bir yerdə ol. Prezident görəndə ki, bütün elliklə onun üzərinə gəlirlər, əlbəttə yanındakı insanlardan yapışmalıdır. Deyilmi, Əvəz bəy? Tarixən belə olub. Götürün tarixə baxın. Həmişə tarixdə belə hallar baş verib. Mənim də dediyim odurki, hörmətli Gülağa bəy bilsin ki, Hafiz Hacıyevin prezidenti müdafiə etməsi – bəlkə də onun heç mənim müdafiəmə də ehtiyacı yoxdur, amma mən ideoloji işin başında duran ideoloji bomba kimi bir insanam. Mən bunların üstünə gedirəm ki, heç olmasa bunlar prezidentdən çəkinsin. Səlim Müslümovu görürsünüzmü? Utanmaz-utanmaz deyir ki, onların hamısı mənimdir. Bu, saymamazlıqdır. Biz hamımız desək ki, prezident elədir, prezident də yanındakı o quldurlardan yapışmaz.

– Elə yeri gəlmişkən, istəyirəm ki, onu da soruşum. Mehman Hüseynov iki məmurun villalarını çəkib ictimailəşdirdi, onu həbs elədilər. Bəs, siz bu qədər məmurların üzərinə gedirsiniz, heç olmasa nazirlərin özləri tərəfindən sizə qarşı bir reaksiya, hədə-qorxu və ya hansısa müstəvidə bir təzyiq varmı, Hafiz bəy? Yoxsa, onların hamısı öyrəniblərmi?

– Yox, elə deyil. Gördünüz ki, mən bunu deyəndən sonra Səlim Müslümov çıxdı, televiziyada təkzib verdi. Mən deyəndən sonra dedi. Onun villasını… Həmin ərazidə olan bir polis işçisi gəlib mənə dedi ki, “Hafiz bəy, siz ədalətli adamsınız, bu millət üçün həyatınızı qoymuş bir insansınız, prezidenti həyatınızdan artıq istəyən bir insansınız. Bu, 5-6 mərtəbəlik bir villa tikir, özü də Zeytunluqdakı ağacları dağıdır.” Düzü, mən buna inanmadım.

– Mehman Hüseynovun çəkdiyi villadan söhbət gedir?

 

Səlim Müslümovun evini Mehmana Hafiz Hacıyevmi verib?..

 

– Bəli, bəli… Mən gedib ora baxandan sonra gəlib bunu özümün müəyyən kanallarım vasitəsilə…

– Yoxsa, materialı Mehman Hüseynova siz vermisiniz?

– Nə isə… Hər halda Mehmanın özündən soruşarsınız, Mehman özü deyər. Hər halda mən bu işə çox ciddi reaksiya verdim. Necə olur ki, 170 manat pensiya alan adam vaxtında pensiyasını ala bilmir. Kartını salır, qalan qəpiyini də çıxara bilmir. Amma Səlim Müslümov – pensionerin o qəpiklərini yeyən adam o 5 mərtəbəli villanı nə ilə tikir? Mən bunu ən yuxarı səviyyəyə çatdırdım. Qoy hörmətli Mehman bəy də bilsin, Gülağa bəy də, o biriləri də bilsin. Və ölkə prezidenti – mənim əziz qardaşım çox ciddi tədbir gördü, o villa yarımçıq qalıbdır və o villa bu günə-sabaha söküləcək.

– Maraqlıdır…

– Hə, gedib çəkə də bilərsiniz. Söküləcəkdir… Bunun nəyi pisdir ki? Bunun nəyi pisdir ki? Əlbəttə ki, onlar mənə təzyiq edirlər.

– Deyirsiniz ki, məsələyə bu prizmadan baxırsınız və məsələni də belə həll etmək istəyirsiniz?

– Bəli, mən o prizmadan baxıram və elə də məsələni həll etmək istəyirəm. Dava-dalaşla yox. Görürəm ki, həqiqətdir, ədalətdir, mən çatdırıram və əsaslandırıram ki, 1750 manat maaş alan məmur bunu necə eləyir? Əlbəttə ki, prezident ədalətli bir adamdır və bunu eşidən kimi əks reaksiya verir və dayandırır. Onu tanımayan adamlar belə başa düşürlər. Prezuident çox humanist bir adamdır. Çox demokrat, çox səmimi… Onunla durub-oturanda deyirsən, ürəyimi çıxarım buna verim. O qədər səmimi bir adamdır. Sizinlə bir neçə ildir dostluq, yoldaşlıq eləyirik. Ola bilsin ki, sizdən çəkinəm, utanam, amma o adamla oturanda o qədər ürəyi təmiz bir insandır ki… İndi elə məsələlər var ki gedib, ona elə başa salırlar ki… Məsələn, gedib deyirlər ki, filankəs az qalır dövlət çevrilişi eləsin. Bu da bundan keçə bilməz axı. İnandırırlar. İndi keçək sualın ikinci hissəsinə… Bəli, məni o qədər hədələyirlər ki, Əvəz bəy. Mənim maşınımın da qabağını kəsirlər, məni öldürməklə də hədələyirlər. Mənə mesaj da yazırlar – bir gün açaram telefonumu görərsiniz ki, mənim haqqımda nə mesajlar yazırlar. Bilirsən, axırını fikirləşəndən qəhrəman olmaz. Mən bunlardan qorxum, bunlar da mənim qardaşımın üzərinə getsinlər. Necə ki, dədəmiz Heydər Əliyev Siyasi Büroda işləyəndə bunlar torbaynan teleqrammalar vururdular… Onun əksinə çıxanlar, onu Azərbaycana qoymayanlar, baş nazirin müavini, mənim hörmət etdiyim Əli Həsənov o vaxt Sumqayıtda Heydər Əliyevin ünvanına nələr danışırdı… İndi Qaçqınlar Komitəsinin sədridir.

 

Əli Həsənov Heydər Əliyev haqqında nələr danışmırdı?!

 

– Nə danışırdı?

– Nə danışmırdı ki? Rəhmətlik Cəlal müəllim deyirdi ki, “gedin, görün bunun ağzını yuma bilirsinizmi?”  Baxın, mən bunun pisiyəm. Mən nəyin pisiyəm? Mən bunun pisiyəm də… Axı, mən də deyirəm, qardaş,  başına dönüm, ətrafındakı belə insanlara görə bu millətə…

– Hafiz bəy, siz də Heydər Əliyevə qarşı sərt olubsunuz…

– Yox, mən heç vaxt sərt olmamışam. Heydər Əliyev rəhmətliyi Moskvada olanda Azərbaycana qayıdışını mən təmin eləmişəm. Qoy bilməyənlər bilsinlər. İlk dəfə Heydər Əliyev Siyasi Bürodan çıxandan sonra Moskvadakı evində, “İskra” qəzeti redaksiyasının arxa tərəfindəki meşənin içindəki Andropovla yaşadığı alt-üst evdə yanına mən getmişəm. Ayaz Mütəllibovun vaxtında olub. Mən onda nazir səviyyəsində çalışırdım.

 

Ayaz Mütəllibov dedi ki, Heydər Əliyevin yanına getməkdə düz eləmisən

– Burada bir sual var, sual o zaman yanlışdır?

– Amma Heydər Əliyev rəhmətliyin Azərbaycanda hakimiyyətə gəlməsinin bir nömrəli xidməti mənimdir.  Bunu danmaq olmaz. Kim danacaqsa, onun burnundan gələcək. Moskavada yanına getmişəm. Qəzet redaktorlarını yığıb, aparmışam ki, rəhmətlik Heydər Əliyevdən müsahibə götürsünlər. Mən Bakıya qayıdanda  «Независимaya»  qəzetinin 100 dənəsini qoltuğuma vurub gətirmişdim. “KQB”-nin rəisi İlhüseyin Hüseynov məni aeroportda tutdurdu. Mən də o zaman nazir səlahiyyəti olan bir insanam. Ayaz Mütəllibovun müşaviri rəhmətlik Aydın Hacıyev mənə zəng vurdu, Mütəllibov məni qurtardı. Ayaz Mütəllibov sağdır, istədiyiniz vaxt telefonu verim, ondan bu barədə müsahibə götürün. O vaxt dedi ki, Heydər Əliyevin yanına getməkdə sən düz eləmisən.

– Ayaz Mütəllibov dedi?

– Bəli, bəli, Ayaz Mütəllibov dedi. Dedi ki, bundan sonra sən Moskvaya gedəndə həmişə onun yanına get. Rəhmətlik Heydər Əliyev qayıdanda məndən soruşdu ki, bəs səni nə yaxşı tutmadılar? Dedim ki, bəs belə-belə… Tutdular, apardılar, Ayaz Mütəllibov mənə kömək elədi, buraxdırdı. Mənə də dedi ki, Moskvaya gedəndə həmişə Heydər Əliyevin yanına gedərsən, mənim də salamımı çatdırarsan… Yaxşı, biz bu işləri görmüşük. Yadınıza gəlirsə, son günlərdə Heydər Əliyevin mühafizəsini Hafiz Hacıyev öz üzərinə götürmüşdü, məsələsi çıxdı. Mən demədim ki… Bunu Xalq Cəbhəsində Ələsgər Siyabov dedi ki, “bəli, o vaxt Hafiz Hacıyev gəldi, özü dedi ki, mən onun mühafizəsini öz üzərimə götürürəm…” O vaxtlar mənim imkanlarım yaxşı idi. Mən Azərbaycanın balıq sənayesində işləyirdim və imkanlarım da böyük idi. İndi neyləmək olar ki, bugünkü bu quldurlar Heydər Əliyevin Azərbaycana gəlişinə mane olan adamlar bu gün Azərbaycanı söküb-talan edirlər. Mənim mübarizəm budur. Mənim mübarizəm budur ki, dünən dədəmiz Heydər Əliyevə xəyanət edənlər, bu gün onun oğluna – mənim qardaşım İlham Əliyevə xəyanət edirlər. Bu insanlardan biri deyir, mən vitse-prezident olacam, biri deyir, mən nə olacam… Olubsan da… Nə iş  görmüsünüz, a qardaş?

– Vitse-prezident kim olacaq, sizcə?

– Bilirsinizmi, bu, prezidentin səlahiyyətində olan bir məsələdir. Mən də onun arzusundayam ki, birinci vitse-prezident olum, qardaşımı bəlalardan qurtarım. İndi mənim əlimdə o səlahiyyətim yoxdur ki, mənim fərmanımı verən verir. Versin, bircə aya görsün ki, Azərbaycanda nətəri işlər görülür.

– Bu sualı bayaq verdim. İndi də Ruslan Nəsirli yazır: “Ölkədəki durumla bağlı niyə mitinq keçirilmir? Axı, belə bir sosial sifariş var…”

– Mən bayaq da dedim ki, bizim mitinq komitəmiz artıq fəaliyyətdədir. Ruslan bəy də hansı rayondadırsa, bizim rayon təşkilatlarımızda mitinq komitələri fəaliyyət göstərirlər. Oradan məlumat öyrənə bilərlər. Onlar da kömək eləmək istəyirlərsə, 10-20 nəfərlə, öz dostları ilə mart ayına təyin edəcəyimiz mitinqə gələ bilərlər və orada nə haqda danışacağımızı da öz qulaqları ilə eşidə bilərlər. Hər halda biz bu işlərin mayağı olacağıq və Azərbaycanda da imkan verməyəcəyik ki, xarici dövlətlərdən sifariş alanlar bizdən qabağa keçsinlər.

– Samir Əhmədov soruşur: “Hafiz Hacıyev qəbul elədiyi 10 siyasi partiyanın adını çəksin”.

– Azərbaycanda 50 siyasi partiya dövlət qeydiyyatından keçib. Bu günlərdə Vergilər Nazirliyindən bizim müavinə zəng ediblər ki, filan partiyanın telefon nömrəsini verin. Partiyanın özü yoxdur, adı var. Açığını mən sizə deyim. Partiyalar çoxdur, 50 partiya var. Məsələn, Pənah Hüseynlə oturub normal polemika aparmaq olar.

– Xalq Partiyasının sədri…

– Sülhəddin Əkbərlə normal polemika aparmaq olar…

– Hə…

– Məsələn, Mirmahmud Mirəlioğlu ilə normal polemika aparmaq olar. Hadisələrə ayıq başla baxmaq olar. Məsələn, Qulamhüseyn bəylə bu işlərə ayıq başla baxmaq olar. İxtiyar Şirinlə bu işlərə baxmaq olar.   Baxmayaraq ki, bizim hakimiyyətimiz dövründə baş prokuror olub və bizim prezident Elçibəyin həbs olunmasına sanksiya verib. Onu da bir kənara qoymaq olar. Digər partiyalarla da bizim elə də… Məsələn, Müsavat partiyası ilə…

 

Müsavat və AXCP ilə bir masa arxasında oturağın

– Müsavat partiyası, AXCP, Əli Kərimli ilə…

– AXCP-yə bir dəfə dedim ki, gəlin yığılağın…

– Yəni siz buna hazırsınızmı?

– Niyə hazır deyiləm. Hamımız Azərbaycan millətiyik, qıraq millət-zad deyilik ki… Adını çəkdiyin insanlar gedib, xaricdə ermənilərlə siyasi polemikaya girirlər, burada Hafiz Hacıyevlə siyasi polemikaya girə bilmirlər. Ortaya mövqe qoyaq. Bütün KİV yanında yığılaq BMM-ə – xərcini də mən çəkirəm – oturağın. Bir Dəyirmi Masa səviyyəsində görüş keçirəyin. Siz jurnalistlər, yazarlar görsünlər ki, kim düzdür, kim düz deyil. Oturağın müəyyən məsələləri müzakirə eləyək və ortaq məxrəcə gələk.

– Keçmişdə onlar haqqında söylənən sözlərə görə bir üzrxahlıq ola bilərmi? Yəni mən bu sözləri demişəm, xatirinizə dəyibsə, üzr istəyirəm, amma millətin taleyi üçün birləşək.

– Ay qardaş, mən nə demişəm ki? Rəhmətlik Süleyman Dəmirəl də deyirdi ki, “dünənki dünəndə qaldı…”

– “Dün dündür, bu gün bu gündür…”

– Siyasətdə əbədi dost yoxdur, əbədi maraq var.

– Yəni deyirsiniz ki,“mən hazıram…”

– Mən hazıram… Oturağın. Daha biri durub, “mən daha böyük partiyayam” deməsin. Oturağın, ortaq məxrəcə gələyin, ortaya bir mövqe qoyağın. O mövqeyimizi də dövlət başçısına çatdırağın ki, Azərbaycanda bu gün fəaliyyət göstərən partiyaların məqsədi budur. Buna nail olmaq istəyirik. İndi sən bunu eləyərsənsə, biz sənə kömək eləməyə hazırıq, eləməsən, məcburuq ki, millət naminə hamımız birləşək, nəsə eləyək. Birinci bundan başlamaq lazımdır.

– Hətta o şəkildə prezidentə xəbərdarlıq eləmək olar ki, ya sən bizim dediyimizi elə…

– Ay qardaş, biz prezidentə deyirik ki, sənin məmurların sənə xəyanət eləyir. Sən bu məmurları kənarlaşdır, yeni qüvvələrlə əməkdaşlıq elə… Sən də otur, orada prezident ol, biz də sənin yanında. İşləyə bilsən işlə, işləyə bilməsən də canın sağ olsun, amma ətrafında təmiz adamlar olsun. Burada nə problem var ki, Əvəz bəy? Seçki ilidir. Seçki ilində ola bilsin ki, mən sənin ünvanına nəsə deyəm, sən də mənim ünvanıma nəsə deyəsən… Bu, təbiidir. Bu, seçkidir. Seçkidə qara piar da gedəcəkdir…

– Yəni deyirsiniz ki, müəyyən məqamlarda birləşə bilərik.

– Bəli, burada nə problem var? Millət naminə, Vətən naminə, Azərbaycanın torpaqlarının bütövlüyü naminə bir yerdə olmağa hər dəqiqə mən hazıram. Hər dəqiqə mən hazıram. Amma bir nəfərin üzərinə gedilən yerdə mən ola bilmərəm.

– Yəni deyirsiniz ki, birləşək, problemləri həll eləyək?

– Problemləri həll eləyək. Biz elə adamların üzərinə getməyək, axşamadək bir nəfərdən yapışmayaq. Niyə bir nəfərdən yapışırıq? Gəlin oturaq, siz deyin, mən eşidim, mən deyim, siz eşidin. Mən faktları ortaya qoyum ki, prezidentin burada günahı yoxdur. Prezident bunu eləyib, burada günah bu gün Milli Şurada təmsil olunan Ziya Məmmədovun günahıdır. Yenə bunu mən deyim.

 

Pənah Hüseynlə geniş söhbətlərim olur…

 

– Ziya Məmmədov Milli Şurada təmsil olunur?

– Bəli, Milli Şurada təmsil olunan Ziya Məmmədovun günahıdır. Gəlin, bunu mən deyim. Siz də deyin ki, yox. Gəlin prezidentə kömək eləyək. Amma siz prezidentin üzərinə gedəndə prezident də məcburdur ki, ətrafındakılarla bir komandada qalsın, rüşvətxorlardan, 10-100 villası olanlardan yapışsın. Mənim bu barədə Pənah bəylə də geniş söhbətlərim olub. Pənah bəyə də demişəm ki, sən bu məsələlərlə bağlı filankəslərlə danış. Axı Vətən ağır gündədir. Vətənin ağır günündə nəyə lazımıq? Sən orada küs qal, bu burada qalsın. Küsmək, üzr istəyirəm, qadına yaraşır. Küsmək siyasətçiyə yaraşmır. Bu gün əgər mən bir söz demişəm, sənin xatirinə dəyibsə, sən də başqa söz de. Burada başqa nə problem var?

– Sən də elə söz de ki, mənim xatirimə dəysin, hə?

– Dəyməz axı. Siyasətçinin xatirinə heç nə dəyməməlidir. Siyasətçi səbrli olmalıdır. Siyasətçinin dənçəyi böyük olmalıdır. Siyasətçi təmkinli olmalıdır. Deyib, deyib də… Seçki ili idi, mən dedim, sən də dedin. Çalışıram mən qalib gələm, sən də çalışırsan ki, sən qalib gələsən. Yarışdır bu, sən də qaçırsan, mən də… Sən də məndən qabaqda qaçmağa çalışırsan, mən də… Bunu elə ora-bura fırlayırsınız… Ona görə ölkə bu günə qalıb, ona görə Azərbaycanın müxalifəti bu gün ölü vəziyyətdədir.

 

Mən barmağımı silkələməsəm, bu məmurlar…

– Çox suallarımız var, amma mən də sualları yekunlaşdırmalıyam. Vaxtımız da yekunlaşır. Vüqar Fəttayev deyir ki, “onun o barmaq oynatmağı heç xoşuma gəlmir…”

– Əgər mənim barmaq oynatmağım Vüqar Bayramovun xoşuna gəlmirsə, mənim də xoşuma gəlir. Ona görə xoşuma gəlir ki, mən əgər o barmağımı silkələməsəm, bu məmurlar çoxdan Vüqar bəyin bütün varını-dövlətini – bilmirəm varıdır, yoxudur, yoxsa, mənim kimi ac-susuzdur, onu deyə bilmərəm – əlindən almışdılar. Tramp da barmağını silkələmişdi, gəldi Amerika dövlətinin başına… Bu, siyasətdir. Siyasətçinin müəyyən imicləri var, siyasətdə müəyyən rollar var. Siyasətdə müəyyən gedişlər var. Bunun hamısını bilmək lazımdır. Vüqar bəyə mən arzu edərdim ki, böyük alimlərin, böyük siyasətçilərin kitablarını oxusunlar. Siyasətşünas kitablarını… onlarda bu məsələlərin hamısı öz əksini tapıbdır. Orada əgər mən nəyi səhv eləmişəm, nəyi səhv eləməmişəmsə, onu növbəti səfər qismət olsa sizinlə bir də görüşsək, o sualı bir də verər…

– Pünhani Əsgərli soruşur: “Növbəti prezident seçkilərində namizəd olacaqsınızmı?” Bu suala cavab verdiniz və dediniz ki, olacaqsınız.

– Prezident seçkilərində namizəd yox, prezident olacam.

– Gülnaz Qəmbərli soruşur ki. “bəs prezident kimi sizi nə vaxt görəcəyik, axı?.. ”

– Allah qoysa…

– “… Daha gözümüzün kökü saraldı. Son vaxtlar da bir az passiv fəaliyyət göstərir. Heç kimi söymür, barmaq silkələmir. Kompromat qıtlığı var? Səbəbi nədir? Hazırkı hakimiyyət ona təpinib yoxsa? Bəlkə başqa səbəblər var?”

– Gülnaz xanım, görünür…

– Tanınmış jurnalistdir.

– Gülnaz xanım görünür, mənim siyasi fəaliyyətimi izləmir. Bütün günü mən siyasi fəaliyyət aparıram.

 

İstəmirəm ki, qardaşım siyasi meydanda tək qalsın, yoxsa…

 

– Vüqar Fəttayev deyir ki, onun barmaq silkələməsi xoşuma gəlmir, amma Gülnaz Qəmbərli yazır ki, barmaq silkələmir.

– Elə mənim dediyim də odur. Mənim, bizim hörmətli tamaşaçılar, bizə pərəstiş edənlər bilməlidirlər ki, biz  həmişə mübarizənin önündə getmişik. Bu gün də mübarizənin önündəyəm. Gülnaz xanım da bilsin ki, Hafiz Hacıyev namizəd yox, prezident olacaqdır. Olduğu dövrdə də nə iş görəcəkdir. Mənim barmaq silkələməyim də onların xeyrinədir. Bu gün məmurlarla mübarizə aparmağım da bu millətdən ötəridir. Mən tək adamam. Məndən ötəri fərq eləməz. Gedib, haradan olsa, bir parça çörək tapıb dolanaram. Amma mən millətimi belə tək qoyub getmək istəmirəm. Bir də istəmirəm ki, qardaşım siyasi meydanda tək qalsın. Bu gün hər şey pulla ölçülmür, Əvəz bəy. Əgər pulla ölçülsəydi, pulla hakimiyyəti saxlamaq mümkün olsaydı, Qəzzafi, Hüsnü Mübarək saxlayardı. Nə bilim Telmanı, o birisi, bu birisi saxlayardı. Bu gün siyasi mübarizədə bütün dünyada ideoloji mübarizə gedir. İdeoloji mübarizədə də Gülnaz xanım, Hafiz Hacıyev həmişə qabaqdadır. Heç bir passivliyim yoxdur. Əgər siz bütün günü saytları izləsəniz, Azərbaycanda mənim bir dənə müsahibəm 30-40 mini keçir. Siz elə bir siyasətçi göstərin ki, onun 100 nəfərdən artıq oxuyanı olsun. Saytların adını çəkib onları reklam eləmək istəmirəm, amma siz bütün saytlara girin, elə Əvəz bəyin bu gün apardığı rəy sorğusunda da hər halda Hafiz Hacıyev ikinci yeri tutur. Ona görə də Hafiz Hacıyev bilir, hansı addımları atır və narahat da olmayın. Hamınızı xoşbəxt eləyəcəyik ki, Azərbaycanın öz sərvətlərini sizin kimi öz qeyrətli insanlarına qaytaraq.

– Vəlixan Çobanoğlu soruşur: “YAP hakimiyyətdən gedəndən sonra “nağayrajax”?”

– YAP hakimiyyətdən gedəndən sonra biz qisasçılıq da toxumu səpə bilmərik və biz onlara deyə bilmərik ki, hamınızı gəlib qırasıyıq. Bunlar da getməzlər. Elə yapışarlar, qopmazlar ki, elə bunlar bizi öldürəcəklər ki, qabaq biz bunları öldürək. Ölkədə bir barış ənənəsini qoymalıyıq. Hər halda bunların pisləri cavab verəcəklər bu millətə pislik elədiklərinə, bu milləti taladıqlarına, bu millətə xor baxdıqlarına görə… Vallah YAP-ın da bir fəaliyyətini görmürəm. Nə qədər rüşvətxor məmur var, YAP-dan çıxıb. Məsələn, rabitə naziri YAP-da idi, gördünüz… Məsələn, Nəzarət Təftiş Komissiyasının sədri tutuldu, bu gün də həbsdədir. Bu gün nə qədər cinayət törədənlər var, hamısı YAP-ın üzvüdür…

 

Gülər Əhmədova bizim partiyaya meylli idi

– Amma Gülər Əhmədovanı da özünüzə müavin dəvət edirdiniz… Nə oldu axırı, alınmadı?

– Mən dəvət eləmirdim Gülər Əhmədovanı… Gülər Əhmədovanın özü bizim partiyaya meyilli idi. Sonra bizim görüşlərimiz keçirildi, onun səhhətində problemlər yarandı və keçmişdə olan müəyyən məsələlərini biz müzakirə elədik. O cümlədən sənin üzünə durma məsələsini də müzakirə elədik. Hər halda bu məsələ də indi dondurulmuş vəziyyətdə dayanıb. Bilirsiniz Əvəz bəy, mən siyasətlə məşğulam. Hər halda sabah bir düşmənim də gəlib partiyada mənim qapımı döysə, onda gəlib partiyada mənimlə bir yerdə olacaq.  Bayaq dedim, siyasətdə dost yoxdur. İndi nə dost yoxdur, nə də əbədi düşmən yoxdur. Siyasətdə maraqlar var, o maraqlar harada toqquşdusa, orada mən düşmənimlə də bir yerdə olacam. Onu da nəzərə almaq lazımdır. Qoy, bu gün də məni özünə düşmən hesab edənlər fikirləşsinlər ki, istənilən an Hafiz Hacıyevlə düşmənçilik eləyən adamlarla Hafiz Hacıyev dostluq eləməyə hazırdır.

– Sizə Gülər Əhmədova ilə uğurlu fəaliyyət arzu edirəm…

– Xeyr, Gülər Əhmədova artıq bizimlə deyil, Gülər Əhmədova artıq uğurlu fəaliyyətinə başlayıb. Hansısa bir təşkilatda, nədirsə, falabaxma işi ilə məşğuldur. İmicmeykerlik edir, nəsə psixoloqluq edir.

– Hə…

– Ona uğurlar arzu edirəm. Hər halda Gülər xanım da istərdim ki, siyasi proseslərdə ona xəyanət edən, onu öyrədən adamların sözünə baxmasın. Onda da günah yoxdur. Lənət ilana zəhər verənə!

– Salam Hüseynə, lənət Yezidə…

– Bəli, bəli…

– Elşad İbadov soruşur: “Hafiz müəllim, bütün məmurların xalqı taladığını söyləyirsiniz. Sizinlə tam razıyam. Prezidentin ailə üzvlərinin etdikləri qanunidir. Ramiz Mehdiyev haqqında niyə heç vaxt danışmırsınız?”

– Vallah, bir dəfə Ramiz Mehdiyev haqqında Əvəz bəyə 3 səhifəlik müsahibə vermişəm, ondan sonra da 3 il həbsdə qalmışam. Əvəz bəydən o vaxt çox xahiş elədim ki, o müsahibəni verməsin, Əvəz bəyin də insafı olmadı, o müsahibəni verdi. 10-cu kolonda 3 il, hələ iki saat da artıq yatdıq ki, qoy sonra bizim başımıza qaxmasınlar ki, sizi tez buraxmışıq. Ona görə də vaxtında Hafiz Hacıyev öz sözünü deyib, bu gün də deyir. Allah lənət eləsin onlara… Allah var, özü cəzalarını verəcəkdir ki, bunlar mənim qardaşıma xəyanət edirlər və imkan vermirlər işləməyə…

 

Bunların hamısını “qırajam”!

– Hafiz bəy, sizin işlətdiyiniz bəzi ifadələr var, məsələn, Freyd Şaban soruşur: “Qırajam sizi….”

– Bəli, “qırajam” Azərbaycan sözüdür və bunların hamısını qırmaq lazımdır. Bunlar ki, bu qədər bu Vətənə, bu xalqa xəyanət edirlər, bu gün iqtidarından və müxalifətindən asılı olmayaraq, kim bu Vətənə xəyanət edirsə, Əvəz bəy, onların hamısını qırmaq lazımdır.

– Ruslan Məmmədzadə yazır: “Hafiz Hacıyevdən soruşun görək, tez-tezmi güzgüyə baxır? Hər baxanda özü haqqında nə düşünür? Ümumiyyətlə, özü haqqında cəmiyyət içində formalaşan, yumşaq desək, qeyri-ciddi adam imicindən razıdırmı? Qardaş dediyi adam onu özünə qardaş sayırmı?”

– Axırıncı sualdan başlayım. Bəli, biz qardaşıq və bizi qardaşlıqdan heç kim ayıra bilməz. Ruslan bəyin də fikrinə mənim münasibətim bundan ibartdir ki, mən güzgüdə özümə baxıram, saçımı da düzəldirəm. Ruslan bəy, görünür, sizin siyasi cəhətdən ya savadınız azdır, ya da… Bu gün Azərbaycan siyasətində son iki ildə Hafiz Hacıyevdən populyar və Hafiz Hacıyevin pərəstişkarlarından çox adam yoxdur. Sizin özünüzə ideal lider seçdiyiniz adamlar bir gün İsveçdə, Norveçdə saunalarda çimirlər. Amma Hafiz Hacıyev bu gün Azərbaycanda olan buynuzlu məmurlarla kəllələşir. Ona görə də siz əgər bunu bilmirsinizsə, o zaman vay, biz siyasətçilərin halına… Əgər siz bizim etdiyimizə qiymət vermirsinizsə, siz bizə mənəvi dəstək vermirsinizsə, biz hansı mübarizəni aparaq? Ona görə də sizin işığınız da qalxmalıdır, çörəyinizin də qiyməti qalxmalıdır, qazınızın da qiyməti qalxmalıdır. Əgər Hafiz Hacıyevin bütün günü, sutkanın 24 saatını apardığı mübarizəyə siz bu cür ögey münasibət bəsləyirsinizsə, daha mənim sizə heç bir sözüm yoxur. Amma mən ruhdan düşməmişəm, düşmürəm də…

– Nəzərə alın ki, sualların bəziləri ironik xarakter daşıyır…

– Bəli…

– Bəziləri cəbhəçi ola bilərlər…

– Təbii, təbii… Söysələr də qəbuldur. Ondan sonra bizi təhqir eləsələr də, biz bunu qəbul eləməyə hazırıq.

– Dedim, bayaq. “Qaynar Qazan”da çox böyük söz-söhbətlər, müzakirələr oldu. Hər halda o müzakirələrin özü də bir göstəricidir.

– Təbii, Əvəz bəy, bu gün məndən inciyənlərin də sayı çoxdur. Niyə? Əlbəttə ki, Hafiz Hacıyev dollar deyil ki, hamının xoşuna gəlsin. Dolları hamı eyni dərəcədə sevir. Qızıla biri deyir, italyan qızılı yaxşıdır, biri deyir İran, o biri də deyir Türkiyə qızılı yaxşıdır. Amma Hafiz Hacıyevi hamı eyni dərəcədə sevə bilməz ki… Hafiz Hacıyev əlbəttə ki, üstlərinə getdiyi məmurların övladları, qohumları, onların ətrafı olan bu cür insanlar təhqir edir, təzyiq edir, tənqid edir, söyürlər. Amma Hafiz Hacıyevi xalq sevir axı. Hafiz Hacıyev bu gün xalqın dilidir. Söz deyən  dili, vuran əlidir. Ona görə də bu insanlar narahat olmasınlar. Bəli, biz qardaşıq, axıra qədər də qardaşımı müdafiə eləyəsiyəm. Heç kim o yoldan məni döndərəmməz. Ölən günümə qədər dost dediyim adama qarşı dostam, düşmən dediyim adama qarşı da düşmənəm. Onlar da bilməlidirlər ki, Hafiz Hacıyev olan yerdə onların liderlərindən heç biri hakimiyyətə gələ bilməyəcək.

– İnqilab Kərimov soruşur: “Sualım özümlə bağlıdır. Siz İnqilab Kərimovu tanıyırsınızmı? Əgər tanıyırsınızsa, haradan və necə tanıyırsınız? Ümumiyyətlə, mənimlə qarşılaşsa, məni tanıyarmı?”

– Bəli, tanıyaram. İnqilab bəyə də buradan salamlar deyirəm. İnqilab bəy, istədiyiniz vaxt gələ bilərsiniz. Oturub söhbət də eləyə bilərik, müəyyən fikirlərimizi də bölüşdürə bilərik. Sizi mən çox gözəl tanıyıram, harada, hansı partiyada olduğunuzu da bilirəm. Oradan istefa verməyinizi də bilirəm. Ağıllı iş görübsünüz. Qapılarımız da üzünüzə açıqdır.

– “…Tanışlığımızı unudubsa, söz verirəm ki, bu dəfəki tanışlığımızı heç vaxt unutmayacaq. Daim məni xatırlayacaq…”

– Mən öz fikrimi dedim. İnqilab bəyə böyük hörmətim var. İstənilən vaxt – partiyamızın qapıları saat 10-dan axşam saat 7-dək açıqdır – görüşüb, keçmişi xatırlaya bilərik.

– Bu sualla müsahibəni bitirmək istəyirəm. Elşən Əlisoy yazır: “Qərbi azərbaycanlılar Əli İnsanovu niyə müdafiə etmədilər?”

– Əli bəyin bu gün türmədə qalması deyərdim ki, kimlərinsə səhvi ucbatındandır. Bir neçə ay bundan öncə mən müsahibələrimdən birində demişəm ki, qisasçılığa getməyə dəyməz. Hakimiyyətə də demişəm ki, bu qədər qisasçılığa getməyə dəyməz. Ağsaqqal adamdır, yaşlı adamdır. Çıxıb, neyləyəsidir ki? Leyla Yunusu tutdunuz, buraxdınız, o neylədi? Xədicə İsmayıl nə elədi? Bu gün də Əli İnsanov çölə çıxsa, o neyləyəsidir? Ona görə də belə məsələlərdə bir az soyuqqanlı olmaq lazımdır. Hər halda biz Azərbaycanı, qərbi azərbaycanlılara, şimali, cənubi azərbaycanlılara bölməmişik. Bir Azərbaycan var, hamımız da o Azərbaycanı sevməliyik. Onun içindən yetişən insanları da, çıxan siyasiləri də, qeyrətli adamları da sevməliyik. Allah Əli İnsanovun qapısını açıq eləsin. Hər halda mən düşünürəm ki, yaxın vaxtlarda Əli İnsanov da çöldə olacaq və milləti üçün çalışacaq. Hər halda yaşlı adamdır, o həbsdən çıxandan sonra elə də qorxulu deyil. Düzdür, bəzi qüvvələr onu çox şişirtdilər ki, Əli müəllim çıxacaq, siyasətlə məşğul olacaq. Birincisi, Əli müəllimin o fiziki imkanı yoxdur, mən eşitdiyimə görə… Yaşı o yaş deyil. Siyasətlə məşğul olmaqdan ötəri möhkəm bədən lazımır, möhkəm iradə lazımdır. O da yaşlanandan sonra siyasətlə məşğul olması mümkün deyil. Ona görə də biz qərbi azərbaycanlılar fərdləri yox, Azərbaycanı müdafiə edirik.

– Sağ olun, təşəkkür edirəm.

– Siz sağ olun, Əvəz bəy, zəhmət çəkdiniz. Bizim dinləyicilərin, tamaşaçıların, sizin oxucuların suallarını bizə verdiniz, kim necə qəbul eləyir, eləsin. Biz buyuq. Bundan sonra da bu millətin yolunda fəda olmağa hazırıq. Sağ olun.

– Sağ olun, Təşəkkürlər.

 

SON

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button