Rubrikalar: GÜNDƏM MANŞET QAYNAR QAZAN XuralTAC

“Qaynar Qazan”da İsfəndiyar Vahabzadə (II hissə): “Rza Şah elə bildi ki, farsam!”-VİDEO

İsfəndiyar Vahabzadə: “Mən pillə-pillə qalxanlardanam, mənə heç nə sinidə gəlməyib”

İsfəndiyar Vahabzadə Azərbaycan tarixinin ən böyük şairlərindən birinin – Bəxtiyar Vahabzadənin oğludur. Özü demiş, 21 yaşında onun evindən çıxıb. 30 ildir, bəlkə hələ bir az çoxdur ki, Azərbaycan diplomatiyasının şərəfini qoruyub, onu dünyanın bir çox ölkələrində təmsil edib. 1976-cı ildən İranda çalışmağa başlayıb. Sonra Əfqanıstanda, Pakistanda, İsveçrədə, Moldovada, Belarusiyada, arada xırda aralıqlarla Türkiyədə işləyib. Onu bu müsahibəyə qədər mən də Bəxtiyar Vahabzadənin oğlu olaraq onun adının kölgəsində bilmişəm, yaranan qənaət budur. Amma İsfəndiyar Vahabzadə ilə tanışlıqdan, söhbətlərdən və bu müsahibədən sonra qazandığı bütün uğurların səbəbinin təkcə Bəxtiyar Vahabzadə olmadığı gün kimi aydın olur. Onun çox maraqlı, zəngin, mübarizələrlə dolu həyat hekayəsi var. Yaşadığı və fəaliyyət göstərdiyi bütün ölkələrdə ermənilərlə və erməni lobbisi ilə döyüşdə olub. Rəsmən döyüş demək olar. Erməni lobbisinin İsfəndiyar müəllimin işlədiyi ölkələrin rəsmi qurumlarına göndərdiyi məktubları oxuyanda elə bilirsən ki, ön cəbhədə tankların və topların səsi gəlir. Ermənilər İsfəndiyar Vahabzadəni rəsmən təhdid ediblər, çünki İsfəndiyar Vahabzadə hər zaman onların oyunlarını pozub, səflərini dağıdıb.

Bu yüksəlişə səbəb təkcə Bəxtiyar Vahabzadə deyil dedim, buna bu müsahibədən sonra Oxucularım da əmin olacaqlar. Fars dilinin ən incə detallarına qədər bilən, fars dilinin ləhcələrini ana dili kimi danışan, bu dili mühazirə oxumaq səviyyəsində mənimsəyən adam kiminsə kölgəsində – bunun adı Bəxtiyar Vahabzadə olsa belə – fəaliyyət göstərə bilməz. Bunun üçün ayrı bir qabiliyyət, xüsusi istedad lazımdır. 30 il dünyanın müxtəlif ölkələrində və müxtəlif mədəniyyətlərində işləmək tapşırıqla, adla, titulla olmaz. Dövlət işi ağırdır, gərgindir, burada bir neçə il kimə görəsə çalışmaq olar, amma müəyyən zamanlardan sonra özün olmalısan. Özün olmasan, adamı bitirərlər.

İsfəndiyar Vahabzadə zəng edib “Qaynar Qazan”a danışmaq istədiyini deyəndə, məmnuniyyətlə razılaşdım. Mənim üçün də maraqlı idi. Özümün də suallarım vardı. Hər zaman üzərində Bəxtiyar Vahabzadənin kölgəsi olan və onun böyük adının altında fəaliyyət göstərən bir oğuldan müsahibə almaq mənə maraqlı olduğu qədər də, hadisə kimi gəlirdi. Yanılmamışam. Təkcə Bəxtiyar Vahabzadənin oğlu ilə qarşılaşmadım. 1970-ci illərdə Əbülfəz Elçibəyin 3-lük qruplarında təmsil olunan, “Əliyev” dediyi Elçibəylə yaxın dost olan, ürəyi Vətən eşqi ilə alışıb yanan, Bəxtiyar Vahabzadədən milliyyətçilik duyğularını əxz edən, SSRİ-nin ən təhlükəli qurumlarında ən təhlükəli vəzifələr yerinə yetirən, fars dilini farslardan yaxşı bilən, xarici ölkələrdə həm erməni lobbisi ilə, həm də səfirliklərimizdə və ölkəmizin rəhbər strukturlarında kök salan erməni və erməni tərəfdarları ilə daim mübarizədə olan bir diplomatla qarşılaşdım. Bu diplomat erməni lobbisi ilə açıq döyüşdə olub – altını cizərək təkrar söyləyirəm. Bu diplomat Xarici İşlər Nazirliyində “Türk dilləri idarəsi”ni yaratmaq üçün illərlə mərkəzə yazıb. Bu diplomat birbaşa Heydər Əliyevin hüzurunda “dövləti ermənilər idarə edir deyərkən kimi nəzərdə tutursan” sualına elə oturanın üzünə cavabını verib: “Bu yanında oturanı, möhtərəm prezident!”

Böyütmək və şişirtmək istəmirəm. Amma İsfəndiyar Vahabzadə ilə müsahibə şəxsən mənim gözümdə Bəxtiyar Vahabzadəni arxa plana keçirdi. Mübarizəsi və işi o qədər böyükdür İsfəndiyar müəllimin. Hətta zaman-zaman Bəxtiyar Vahabzadə ilə qarşıdurma şəraitində olduğunu, onun israrı üzərinə Elmlər Akademiyasına üzvlüyə ərizə vermədiyini, bir ara sırf Bəxtiyar Vahabzadəyə inad soyadını dəyişib “İsfəndiyar Şəkinski” olduğunu da bu müsahibədə öyrəndim. İsfəndiyar müəllim Azərbaycanda Bəxtiyar Vahabzadənin qoyduğu əngəli Moldovada aşa bilib, gedib Rumıniyanın Elmlər Akademiyasının həqiqi üzvü olub. Bu qədər inadkar yəni…

Təxminən 2 saatlıq müsahibədə bir çox mövzuları müzakirə etdik. Onun səfirliklərdəki fəaliyyətindən, səfirliklərdə ermənilərin başına açdığı oyunlardan, ermənilərin onun başına açdığı oyunlardan, diplomatın necə olmalı olduğundan danışdıq. Müsahibəni diqqətlə oxuyanlar və ona tamaşa edənlər görəcəklər ki, Azərbaycanın idarə olunmasında və məxsusən onun xarici siyasətində ciddi problemlər var. Bu problemləri isə həll etmək lazımdır. Ya zəlzələ ilə, ya da vəlvələ ilə…

İsfəndiyar Vahabzadə ölkələrin diplomatiyalarından, İsrail və İranın əslində, çox yaxın dövlətlər olduğundan danışdı. Diplomatik təcrübə çox önəmlidir. Yəhudilərin Azərbaycana çox lazım olduğundan, mütləq İsrailə göndəriləcək səfirin fars dilini mükəmməl bilməsinin gərəkliliyindən danışdı. İngilis dilinin diplomatiyada heç də “olmazsa olmaz” prinsiplərdən biri olmadığını söylədi. Əslində, nə söyləmədi ki…

Əkrəm Əylislinin “Daş yuxular” kitabının hansısa erməninin gündəlikləri olmasına qədər…

Diplomatın qanının mütləq türk qanı olmasına qədər…

Hüquq mühafizə orqanlarında mütləq təmizqanlı türklərin işləməsinə qədər…

Beləliklə, “Qaynar Qazan”da budəfəki qonağımız ömrünün 30 ilini Azərbaycan diplomatiyasına həsr edən İsfəndiyar Vahabzadədir. İndi onu dinləyirik…

Əvəz Zeynallı

“Qaynar Qazan”

I hissəni bu linkdən oxuya bilərsiniz:

“Qaynar Qazan”da İsfəndiyar Vahabzadə (I hissə): “Amerika, İsrail və İran heç vaxt düşmən olmayıblar”-VİDEO

II hissə

Əfqanıstanda əsir götürdüyümüz adam Bakıda qarşıma çıxdı

– Əgər fars dilinin bütün ləhcələrinə qədər – Pakistanda, Əfqanıstanda, İranda, Tacikistanda, istifadə olunan dillərin incəliklərinə qədər bilmək məsələsi varsa, bu, artıq Bəxtiyar Vahabzadənin oğlu olmağı keçir axı. Buna uzun illər əmək sərf olunmalıdır, insan oxumalıdır, o həddə çatmalıdır. Ölkədə nə qədər belə mütəxəssis var ki?

– Bircə mənəm.

– Bir sizsiniz. Siz də işsizsiniz. Amma halbuki bu sahədə böyük institutlar fəaliyyət göstərməlidir. Tələbələr yetişdirilməlidir.

– Bilirsinizmi, mən Türkiyədə diplomatik təhsilimi bitirdim və artıq məni orada tanıdılar. Bunların adamları orada da var idi. Türkiyədə mən diplomatik kursu qurtarandan sonra gəldim. Artıq Heydər Əliyev gəlmişdi. Məni Mədəniyyət nazirinə müavin göndərdilər. Vəfa Quluzadə var idi. Heydər Əliyev soruşmuşdu ki, bəs ay Vəfa, bizdə elə bir adam varmı ki, İran, Əfqanıstan, Türkiyə xəttini bilsin. Demişdi ki, filankəs. Məni təqdim elədilər, mən də gəldim. Dedilər, bəs necə? Mən də danışdım ki, belə-belə olub. Elə oldu ki, mən Pakistana səfir getdim. Biz İrana getməmişdən öncə, Əvəz bəy, artıq mən bilirdim ki, məsələn, hansı küçənin küncündə hansı küçə yerləşir, harada su mağazası var. O mağazanın başında duran adam bizi güdür. Filankəs kimdir, nə edir.

– Hətta onu belə bilirdiniz?

– Bilirdik. O güdmə məsələsini hamı bilirdi ki, kim kimi güdür. Məsələn, bizim orada 3 küçə var idi: Çörçil, Stalin, Ruzvelt. Bu küçələr Tehranda belə gedirdi.

– Küçələrin adları idi?

– Bəli, o küçələrin də başında su mağazası var idi. O su mağazasının qabağında filankəs dururdu. Kim nə eləyir, nə iş görür, biz hara gedirik, görürdü. O zaman kameralar, mobil telefonlar yox idi. Artıq bilirdik ki, bu adam kimdir, nəçidir, nə edir. Mən gəlib bir evdə qalırdım.

– Tək qalırdınız?

– Tək, bəli. Bir müddət qaldım, sonra getdim Əhvaza.

– Elə deyəsən, sizin zavodunuz da Əhvazda olub?

– Məşhəddə. Bir müddət Əhvazda işlədim. Sonra məni gecə çağırdılar Tehrana. Tehranda işlədim. Yadımda deyil, 6-7 ay Tehranda qaldım, sonra məni geri çağırdılar.

– Çətin və gərgin iş olub. Deməli, bir an belə sayıqlığı itirmək olmaz.

– Yox. Mənim yatışım belə idi, iki qolum yuxarıda. Belə dayanıram ki, birdən nəsə olar, mən dərhal tuta bilim.

– Əfqanıstana gedəndə deyəsən, təzə evlənmişdiniz?

– Bəli, heç 3 ay yox idi ki, evlənmişdim.

Nizami Süleymanov atama maşın vermişdi

– Yoldaşınız nə dedi?

– Yoldaşım oturub burada. Nə deyəsidir? Məni Əfqanıstana çağırdılar, getdim. Orada olanda bir yazı yazmışdım. Bilmirəm, oxumuşdunuz, ya yox. Polkovnik Matveykin, əsir götürdüyümüz adam mənim Bakıda qarşıma çıxdı.

– Yəni siz bir insanı əsir götürdünüz, sonra o əsirlikdən qaçdı, eləmi? Ondan sonra onu Bakıda gördünüz. Uzun illərdən sonra.

– 15-16 ildən sonra Bakıda gördüm, bəli.

– Burada bir sual da soruşulub: “Bəxtiyar Vahabzadənin dəfninə olan münasibət necə idi?”

– Onun dəfni çox yüksək səviyyədə keçdi.

– Yəni bir laqeydlik, soyuqluq olmamışdı?

– Qətiyyən.

– Onda nəyi nəzərdə tutur?

– Onu bilmirəm.

– Ramin Mahmudlu soruşur ki, İsgəndər Həmidovla atanızın arasında nə baş vermişdi? Bu, çox məhşur hadisə idi, əslində, nə baş vermişdi?

– Əslində, İsgəndər Həmidovla mənim atam arasında nə baş verdiyi ilə bağlı qəzetdə yazdılar, amma əslində bu, düzgün deyil. Atam İsgəndər Həmidovdan tələb edirdi ki, filan işi filan cür gör, filan işi filan cür elə, o zaman da İsgəndər Həmidov 10-na qulaq asırdısa, 2-nə qulaq asmırdı. İsgəndər Həmidovun da bütün işi ancaq Bəxtiyar Vahabzadənin işini həll etmək deyildi axı. Hərənin öz işi var idi. Bir dəfə o yadıma gəlir ki, bizim maşın xarab olmuşdu. Rəhmətlik akademik Nizami Süleymanov atama maşın vermişdi ki, Bəxtiyar, maşın düzələnə qədər bundan istifadə elə. Atam da dedi, yaxşı. Elə oldu ki, “Azneft” dairəsində bizi bu maşında saxladılar.

İsgəndər Həmidov dedi ki, kor olsun mənim bu gözlərim…

– Polis?

– Yox, dedilər ki, dayanın, buradan nazir keçir. Biz də dayanmışıq, gözləyirik. Mən də arxada oturmuşam. 5-10 dəqiqə keçdi, bir də gördük ki, İsgəndər Həmidov özü gəldi. Şəxsən yaxınlaşdı, dedi ki, kor olsun mənim bu gözlərim ki, bu ölkənin Daxili İşlər naziri maşınla gedir, amma ölkənin şairi maşında oturub onun gözləyir ki, mən keçim, sonra o getsin.

– Maraqlı hadisədir, siz orada idiniz?

– Bəli, maşının arxasında oturmuşam. Dedi, xahiş edirəm, ünvanı verin. Atam çıxdı maşından, dedi ki, İsgəndər, vəzifəlidir, qoy keçsin. İsgəndər hətta çox xoş söz də demədi. “Kül olsun bu respublikanın başına ki, onun Daxili İşlər naziri maşınla gedir, amma şairi gözləyir ki, mən keçim.”

– Böyük təvazökarlıqdır.

– Davamına qulaq asın. Dedi, ünvanı xahiş edirəm verin. Atam dedi ki, ünvanı nə edirsən? Dedi ki, ünvanı bilməyə nə var ki, vermirsən vermə və getdi. Axşam saat 7-8-dir, mən sonra xəbər tutdum ki, İsgəndər Həmidov rəhmətlik yoldaşı Rəna xanımla bizə gəlirlər. O zaman da biz Hüsü Hacıyev küçəsində yaşayırdıq.

İsgəndər Həmidov konvertdə “Mercedes”in açarını gətirdi

– Yazıçıların binasında?

– Bəli. Oturduq 5-10 dəqiqə 1 stəkan çay içdik, sonra da stolun üstünə bir konvert qoydu və dedi bu konvertdə “Mercedes”in açarını gətirmişəm, xahiş edirəm, bundan sonra bu maşınla gedərsən. Atam dedi, o dedi, axırda dedi ki, Bəxtiyar, sən mənim canım. Atam da dedi ki, bu sözə adam qurban kəsər. Dedi, sən mənim canım dedin, bunu götürdüm, indi sən mənim canım, bunu geri götür. O da onu geri qaytardı. Belə bir şey olub. Amma İsgəndər Həmidov atama çox gözəl münasibət bəsləyib.

– Deməli, onların arasındaki konfliktlə bağlı yazılanlar səhvdir? Yəni münasibət çox yaxşı olub?

– Bəli.

– Hə, bu açıqlama yaxşı oldu.

– Bilirsiniz, danışmağa qalsa adam çox şey deyər ki, nə oldu, nə baş verdi.

– Natiq Adilov soruşur ki, KQB ilə münasibətlərinə dair nə deyə bilər?

– Mənim KQB ilə heç vaxt münasibətim olmayıb. Mən Sovet dövründə xaricdə olmuşam. Bizdə o zaman QRU var idi – Baş Kəşfiyyat İdarəsi. Onunla əlaqəmiz olub, onunla da heç bir iş görməmişik. Çünki inanmırdılar, bunu ora qoy, onu bura qoy. Biz “qara”lar başqa şeylə məşğul olmamışıq.

– Ellada Məmmədli, bizim önəmli siyasətçi xanımlardan biri yazıb ki, “Səbail Rayon İcra Komitəsinin başçısı olan zamanlardan tanıyıram. Belə adamlardan həmişə kənar gəzməyə çalışmışam. Bu baxımdan, qələm sahiblərinə acıdım.” Ellada xanım etirazını bildirib.

– Mən Ellada xanımı yaxşı tanıyıram. Əvvəla, məni bu rayona qoydular. Necə oldu ki, bu rayona qoydular? Onu da deyim.

– Mütəllibovun dövrü idi?

– Bəli. Bəxtiyar Vahabzadənin burada heç bir rolu olmayıb. Onu mən 1990-1991-ci illərdən tanıyıram. Onda da cəmi 10-15 dəqiqə görmüşəm. O zaman raykom ölmüşdü. Raykoma fikir  verən yox idi. Partiyaya fikir verən yox idi. Əsas işi aparan İcra komitəsi idi.

“Sadko”nun adını dəyişib “Altunay” qoydum

– İspalkom?

– Bəli, İspalkom idi. Yəni İcra komitəsi. Şəhərin birinci katibi var idi – Rüfət Ağayev. Mən gələndən 3 gün sonra Rüfət Ağayev göstəriş verdi ki, “26-lar bağı”nda oturmaq olmaz, ancaq ehtiram əlaməti olaraq gəzmək lazımdır. Mən də oranı sökdürdüm. Ancaq oturacaq qoydurdum. “26-lar bağı” bir-birinə qarışdı, barelyefi uçurtdum. “Sadko” var idi, eşitmisiniz? Onun indi adı nədir bilirsiniz? Adını mən dəyişdim axı.

– Sahil?

– Xeyr, “Altunay”. Onun adını “Altunay” mən qoydum.

– “26 Bakı Komissarı”nın abidəsini də siz sökdürmüsünüz?

– Xeyr, onu mən eləməmişəm. Ondan sonra bu “Cənub” mehmanxanasının adını dəyişdim, “Ankara” elədim. Onu adını da mən dəyişdim. Sonra Bayılda bir məktəb var idi – Əhməd Cəfəroğlu, onun da adını mən qoymuşdum. “26-lar bağı”na girəcəkdə bir yer var idi.

Sənə dar gəlməyəcək məqbəri kimlər kazsın?
Göməlim gəl səni tarixə desəm, sığmazsan.

Məhməd Akifin şeiri. Bunları yazmışdım. Amma bu, çoxlarına mane olurdu. Mən necə gəlib 26-ların İcra Komitəsinin sədri oldum? Deməli, günlərin bir günü – hələ Əfqanıstanda olarkən Polyaniçko gəldi ki, bir nəfər adam yanımda olsun, mənimlə filan yerə gedirik. Mən getdim, o da məni gördü, xoşuna gəldi. Babrak Karmal var idi, Əfqanıstanın prezidenti. Onu mən tərcümə eləmişdim.

Əfqanıstanın prezidenti Babrak Karmalı 1 saat tərcümə etdim

– Deməli, siz Polyaniçko ilə Əfqanıstandan tanışsınız?

– Bəli. Babrak Karmalı mən tərcümə elədim. Haradasa 1 saata qədər tərcümə davam etdi. Sonra elə oldu ki, aramızda müəyyən qədər münasibət yarandı.

– Babrak Karmalla, yoxsa Polyaniçko ilə?

– Polyaniçko ilə. Özü də mənə Vahabzadə yox, Vaqabadze deyirdilər, gürcü soyadı ilə. Bu belə keçdi, sonra elə oldu ki, Polyaniçko bura 2-ci katib  gəldi. Azərbaycana gələn kimi də dedi ki, burada mənimlə bir adam vuruşurdu, özü də çox belə vurub-tutan oğlanlardan idi, hanı o, dərhal axtarıb tapın. Mənimlə görüşdü, qucaqlaşdı və məni ali partiya məktəbinə göndərdi. Oradan şəhər partiya komitəsinə göndərdi, oradan da rayona başçı təyin elədi. Belə oldu, amma sözümü deyirdim, mübahisə də edirdik. Başqalarını razı sala bilirdim, amma Ellada indi bunu deyir. Amma mənə elə gəlir ki, orada işlədiyim vaxt pis işləməmişəm, yaxşı işləmişəm.

– Ceyhun Mirzəli soruşur ki, Azərbaycanda ərəb əlifbasından latın əlifbasına keçidi necə qiymətləndirir?

– Axı biz ərəb əlifbasından latına keçməmişik.

– Biz kirildən keçmişik, amma hər halda o, əsrin əvvəllərindəki dövrü deyir. Bir də başqa bir sualı var ki, İsfəndiyar məllim üçün Hüseyn Cavidin turançılığı, yoxsa Səməd Vurğunun azərbaycançılığı önəmlidir? Bəxtiyar Vahabzadə ömrünün sonunda klerikalist millətçilik xəttinə yaxınlaşmışdımı?

– Klerikalist nədir? Vallah, mən bu latın və kiril münasibətlərinə qarışmıram. Evdə yazanda ərəb əlifbası ilə yazıram. Çünki bu əlifbaya daha çox əlim yatır.

– Ərəb əlifbası ilə çox fikri qısaldaraq yazmaq olur.

– Bəli, çox qısa yazıram. Mən ərəb əlifbası ilə yazıram. Sonra bir qız var, onu çağırıram mən diktə edirəm o yazır. Açığı, latını demək olar ki, bilmirəm. Oxuya bilirəm, yaza bilirəm, amma o qədər əlim yatmır. Kiril oxumuşam, amma məktəbdə oxuyanda, 5-ci sinifdə biz ərəb dili keçirdik.

Atam deyirdi ki, iki dili kamil bilməlisən

– Ərəb və fars təmayüllü oxumusunuz?

– Ərəb təmayüllü oxumuşam, amma atam deyirdi ki, iki dili kamil bilməlisən: fars və rus dilini. Onları kamil bilməlisən.

– Niyə görə elə deyirdi?

– Yəqin bunu siz də bilirsiniz.

– Yəni türklərin düşməni olan millətlərin dilini bilməlisən?

– Bəli. Məsələn, mən institutda oxuyanda bütün qüvvəmi fars dilinə qoymuşdum. Eyni zamanda rus dilini  mən o səviyyədə öyrəndim ki, Şahı tərcümə edəcək səviyyəyə yüksəldim.

– Siz Şahı farscadan ruscaya tərcümə etmisiniz?

– Bəli. Hətta Şahla bir söhbətimiz də oldu. Mənim yaxamda şəxsiyyət vəsiqəsi asılmışdı, baxdı, mənim adım fars adıdır – İsfəndiyar, soyadım da farscadır – Vahabzadə. Dedi ki, rus dilini harada öyrənmisən? Elə bildi ki, farsam.

– Rza Şah?

– Bəli, axırıncı Şah. “Mən Şurəvidən gəlmişəm” dedim.

– Yeri gəlmişkən, siz Fərəh Pəhləvini gördünüz?

– Bir şey deyim sizə, səhəri gün Şah artıq Tehranı tərk edəcəkdi.

– Deməli, yanvarın 16-sı idi.

– Bəli. Biz də gündəlik məlumatlara qulaq asırdıq və çatdırırdıq mərkəzə. Daha doğrusu, mən özümdən yuxarıya verirdim, onlar da yekunlaşdırıb göndərirdi Moskvaya. Orada Şah belə bir söz dedi ki, “İranı mərizəst, Şahənşaham mərizəst – İran xəstədir, Şah da xəstədir.” Şah gedir müalicəyə, yerimdə oturduram doktor Şahpur Bəxtiyarı, yəqin ki, mən qayıdana qədər İranı o müalicə edər. Onda Fərəhi görməmişdim. Fərəhi mən görmüşəm harada? 2004-2005-ci il idi, mən Parisdə idim, Bakıya gəlirdim. Aeroportda oturmuşdum, orada gördüm.

– 2004-cü ildən söhbət gedir?

– Bəli. Harada görmüşəm deyə diqqətlə baxıram, səsində belə xırıltı var. Yanında bir uşaq da var idi, ona farsca: “Cəmşid, bura gəl” dedi. Mən ona baxdım və salam verdim. Baxdım ki, salamımı aldı, amma danışmağa meyl göstərmirdi. Mən soruşdum ki, siz hara gedirsiniz, gördüm danışmaq istəmir. Mən də daha danışmadım. Bircə onda görmüşəm.

– Bəlkə desəydiniz ki, Şahın tərcüməçisi…

– Yox, o zaman Şahı 10 min adam tərcümə edib, nə bilsin ki, mən kiməm, nəçiyəm.

– Yəni anlaşılan onların da həyatı qapalı olub?

– Maraqlı həyatları olub. Mən indi bir kitab üzərində işləyirəm, “İrandan başlanan yol”. Yəni ki, mən əvvəlcə İrana getdim, ordan sonra bütün yolları keçdim və gəlib çatdım Belarusiyaya. Burada həm diplomatik yoldu, həm hərbi yoldu, həm müxtəlif yoldu.

– Yəni memuar yazırsınız.

– Bilirsiz, bunu yazsam artıq çox çıxacaq. O qədər hadisələr baş verib ki.

– Olsun da, çox olsun, bir neçə cild olsun.

– İnsanlar oxuyan deyil. Mən fikir vermişəm, insanlar kitab oxumağa meylli deyillər. Mən Türkiyəyə, Almaniyaya getdim, artıq il yarıma yaxındır gəlmişəm və baxıram ki, həminki insanlar deyillər, çox dəyişiblər.

– Azərbaycan xalqı dəyişib? Yəni o illərdəki həssas xalq deyil?

– Bəli.

Babrak Karmalın alkoqolik olmağı işinə yaradı

– Ömrünüzdən çox prezident, nazir, baş nazir keçdi elə deyilmi?

– Bəli, müxtəlif xarici ölkələrdən. Bəli, belə demək olar.

– Sizin üçün ən diqqətdə qalan, ən önəmli anlar hansılar oldu?

– Bəlkə də birinci dəfə olduğuna görə, İran Şahı deyə bilərəm. Babrak Karmaldan əvvəl Prezident Əmini idi. İndi bunlar yığışıblar, Əminini vurublar, o ölüb, onun yerinə kimi qoyaq. Deyirlər ki, Babrak Karmal Çexoslovakiyada səfirdir, onu gətirək. Dedilər ki, bunun müsbət xüsusiyyətlərini sayın. Dedi, onun çox müsbət xüsusiyyətləri var, birincisi, alkoqolikdir. Dedilər, kifayətdir.

– Allah Allah, buna görə onu gətirdilər?

– Onun özü millət olaraq tacik idi.

– Ziyaülhəqqi siz görmədiniz?

– Xeyr, mən onun dövründə işləməmişəm.

– Onda siz 1978-ci il hadisələrində də Əfqanıstanda olmadınız? SSRİ birlikləri ora gedəndə?

– Xeyr. 1976-cı ildə mən İrana getdim. 1978-ci ildə rus ordusu Əfqanıstana girəndə biz artıq eşitdik ki, 40-cı ordu girdi. 40-cı ordu da onların dayaq nöqtəsi idi, ən vuruşqan, ən dalaşqan, ən döyüşkən. Orada səfir Kuzanov deyilən biri idi, Rusiyanın səfiri. O da yazıb göndərmişdi ki, 3 illə 5 il arasında Əfqanıstan diz çökəcək. Elə oldu ki, 5 il ötdü, amma Əfqanıstanı diz çökdürə bilmədilər. Kuzanovu geri çağırdılar, güllələdilər Moskvada. Yerinə Fikrət Əhmətcan oğlu Tabiyevi göndərdilər. Amma məsələ bundadır ki, Əfqanıstan çox dalaşqan, çox vuruşqan şəkildə sonacan döyüşdü. Və rusu diz çökdürdü.

– Bütün proqnozu dağıtdı. Orada Ceyhun Mirzəyevin bir sualı var idi, Hüseyn Cavidin turançılığı, yoxsa Səməd Vurğunun azərbaycançılığı? Nəsə bir şey ehtiva edir?

– Mən bir şair kimi həm Hüseyn Cavidə, həm də Səməd Vurğuna böyük hörmətim var. Hər ikisi mənim üçün əzizdir, heç birini ayıra bilmərəm.

– Siz bəlkə ədəbiyyata çox yaxın olduğunuz üçün bu sualı verib. Sizin elmi işləriniz Süleyman Rüstəmlə bağlı olub?

– Mənim namizədliyim olub “Süleyman Rüstəmin yaradıcılığında Cənubi Azərbaycan mövzusu”, doktorluğum olub “Məhəmməd Hadi və 20-ci əsr Azərbaycan romantizmi”.

– Bu iki insan da çox fərqlidir. Məhəmməd Hadi çox dili ağır, romantik, amma Süleyman Rüstəm sosialist realisti.

– Belə demək caizsə əgər, Süleyman Rüstəmin cənub şeirləri. Məsələn, mən qüvvəni verib cənub mövzusu yazmışam. Namizədlikdə elmi rəhbərim Yaşar Qarayev olub, amma doktorluqda elmi rəhbər yox, konsultant olur, o da Məmməd Cəfər müəllim idi. Allah hər ikisinə rəhmət eləsin.

Mən ona heç vaxt Əbülfəz Elçibəy deməmişəm, demərəm də

– Allah rəhmət eləsin. İsfəndiyar məllim, Heydər Əliyev dövründə işləyibsiniz, amma Əbülfəz Elçibəyin dövrünü də keçmisiniz. Siz 1992-1993-cü illərdə heç bir vəzifədə olmadınızmı? Məncə sizin Əbülfəz bəylə münasibətləriniz normal idi.

– İndi hər kəs deyir ki, Əbülfəz bəylə dost olmuşam, qardaş olmuşam, yaxın olmuşam. Mən buna bir söz demirəm. Amma mən təbiətcə elə bir insanam ki, həmişə çalışmışam kölgədə qalım. Özüm haqqında çox da məlumat, bildiriş vermirəm. Bəli, Əbülfəz Əliyevlə müəyyən qədər yaxınlıq olub, demirəm dost olmuşuq. Mən ona heç vaxt Əbülfəz Elçibəy deməmişəm, demərəm də. Çünki respublikada belə seçki keçirilməyib, mən də bu seçkidə iştirak etməmişəm və mən buna səs verməmişəm ki, o, mənim elçim olsun.

– Yəni Elçibəy deməməyinizin özəl səbəbimi var?

– Müəyyən səbəbi var, o səbəb də ürəyimdə qalsın. Biz şərq fakultəsində oxuyarkən yaxınlığımız olub, 1971-1972-ci illərdə biz yataqxanada görüşürdük. Yadımdadır, hər həftənin 4-cü günü.

– Yoxsa siz də o özəl qruplarda olmusunuz? 3-lük 4-lük.

– Bu dəqiqə deyim sizə, birinci kursda oxuyanda biz 2-ci növbə idik, dərs saat 2-yə 20 dəqiqə işləmiş başlayırdı, axşam 6-da, 7-yə işləmiş bitirdi və biz yataqxanaya gedirdik və orada görüşürdük.

– Kimlər görüşürdünüz?

– Özü də gəlirdi, bir-ikisi dünyasını dəyişib indi, 5-6 nəfər olurduq.

– O zaman gizli dərnəklərin üzvü olmusunuz?

– Bəli, gizli dərnəklər idi. Bu, 1971-1972-ci illər idi. Bir dəfə heç yadımdan çıxmaz, 1973-cü ildə atam evə çox əsəbi halda gəldi ki, bir anonim məktub gəlib, bəs sənin oğlun filan işlə məşğuldur, özü də filan yerdə oxuyur, filan yerə getmək istəyir və ondan sonra bizim universitetə bir nəfər prorektor qoydular. Özü də Şəkidən idi. Soyadı yadımdadır – Dadaşzadə, adını bilmirəm.

– Azərbaycan Dövlət Universiteti?

– Bəli.

1971-1972-ci illərdə gizli dərnəklərimiz var idi

– Onun imzası ilə gəlmişdi məktub?

– Xeyr, imzasız məktub idi. Gizli dərnəklərdə biz fəal iştirak edirdik. Hər həftənin 4-cü günləri. Bunları bilirəm ki, belə işlər olub. Söhbət gedir 1971-1972 ci illərdən. O vaxt indikilərin heç biri yox idi.

– Bəs Əbülfəz bəy tutulanda siz harada idiniz?

– Əbülfəz Əliyev tutulub 1975-ci il yanvar ayının 17-də. O zaman bizdə imtahan günü idi, indiki kimi yadımdadır.

– Siz tələbə idiniz, Əbülfəz bəy müəllim idi. Bəs sizə dərs deyib?

– O ərəbist idi, biz iranist idik.

– O zaman siz şərqsünaslıq fakultəsinin iran filologiyasını qurtarmısınız?

– Bəli, fars bölməsini qurtarmışam.

– Orada mütərcimlik də var idi?

– Bəli, eyni şey idi.

– Çünki mən də şərqşünaslığı çox istəmişəm. Amma mən ərəb mütərcimliyinə verdim.

– Yaxşı ki, qəbul olunmamısınız.

– Qəbul olunmadım, hə. Bəlkə o Əbülfəz bəyə Elçibəy deməməyinizlə bağlı ürəyinizdə qalan şeyi deyəsiniz?

– Mən onu özüm üçün qeyd edirəm. Yenə deyirəm ki, mən onu 1992-ci ilin aprel ayının 14-də görmüşəm.

– Onda hələ hakimiyyətə gəlməmişdi.

– Yox, hələ gəlməmişdi. Yasamalda Şahdağdaki evlərinə getmişdim.

– 7-ci mərtəbədə Almuradın evinə?

– Bilmirəm, kimin evi idi.

– 9 mərtəbəli binanın 7-ci mərtəbəsində.

– Tarix ona görə yadımdadır ki, 16-da mən Türkiyəyə getmişdim.

– Nəyə görə getmişdiniz?

– Bir məsələ var idi. Ona görə getmişdim.

Elçibəylə sonuncu dəfə evində görüşdüm

– O evə, otağına getdiniz?

– Bəli.

– Yeri gəlmişkən, orada Heydər Əliyevin şəkli var idi? Gördünüz onu? Çünki o haqda müxtəlif fikirlər var, olub olmaması ilə bağlı.

– Bəli, var idi.

– Sonra Türkiyəyə getdiniz.

– Xarici İşlər Nazirliyində işləyirdim, sonra Türkiyəyə getdim.

– Ondan sonra görmədiniz?

– Yox, mən görmədim, amma yoldaşım görüb. Teatrda atamın əsərinə gəlmişdi. Onda xaricdə idim. Onda yoldaşımı geri qaytarırdım. Atam tanış eləmişdi ki, Əbülfəz, İsfəndiyarın yoldaşıdır. Mən o söhbətdə olmamışdım. Mən tez-tez ailəmi geri qaytarırdım.

– Erməni təhdidinə görə. O məsələyə gələcəyik. Yəni o gündən sonra siz Əbülfəz Elçibəyi görmədiniz.

– Yox, 1992-ci il aprelin 14-də getdim, yaxşı da hava var idi. Evə gələndə bir cavan oğlan qapını açmışdı. Almurad deyildi, Almuradı mən tanıyıram. Türkiyəyə getməyimlə bağlı bir söhbət oldu. Hətta bir az qışqıra-qışqıra söhbət oldu. Mən Türkiyəyə getdim. Türkiyədə diplomatik Akademiyada oxudum. Bilirsiniz, bəzən bunlar sual verəndə deyirəm ki, səfir-diplomat bir ölkənin simasıdır. Mənim yerimə kim gedib işləməlidir orada? Ellada gedib işləməlidir, yoxsa o başqa yazanlar? Üzr istəyirəm, mən peşəkar, professionalam. Kəşfiyyatdan da xəbərim var, diplomatiyadan da xəbərim var – hər şeydən xəbərim var. Mən pillə-pillə qalxanlardanam. Mənə heç nə sinidə gəlməyib. Hətta elə vaxt olub ki, mən soyadımdan da imtina etmişəm.

Atama əsəbiləşib soyadımı dəyişdim

– Bir ara İsfəndiyar Şəkili olubsunuz, niyə? Maraqlı bir tarixçəsi olmalıdır onun.

– Mənim atamın vəzifəsi olmayıb, adı olub. Bu ad da hər yerdə keçməyib. Mənim atam nə nazir olub, nə rektor olub, nə də kafedra müdiri. Adi, sıravi bir müəllim olub. Şair olub. Heç kim deyə bilməz ki, Bəxtiyar Vahabzadənin vəzifəsi olub. Axı olmayıb. Qumilyovun bir sözü var, türk-tatar xalqları kimliyə yox, nəçiliyə hörmət eləyirlər. Yaxşı, belə bir şəraitdə biz kim idik, nəçi idik? Bəxtiyar Vahabzadəyə görə nə üçün ehtiyat eləməli idilər, hörmət eləməli idilər? Heç yadımdan çıxmır, kürk deyilən bir şey bir ara dəbdə idi. Atama demişdim, o da bir nəfərə zəng eləmişdi, adam dedi ki, mən “dublyonka” satmıram. O qədər də şad-xürrəm yaşamamışıq yəni. Yağ-bal içində böyüməmişik biz. Elə olub ki, mən atamın paltarlarını çevirib geyinmişəm. Mən o qədər dindar adam deyiləm, amma Qurana and içirəm ki, tələbə olanda atamın paltarlarını çevirib geyinirdim. O cib hissəsi tərs tərəfə düşürdü. Elə vaxtlarımız olub. Amma camaat deyir ki, Bəxtiyarın oğlu belə-elə olub… Sonra mən İrana getdim. İran inqilabı adi məsələ deyildi. Qırğın idi, mərəkə idi. Nə zülümlərlə qaçıb gəlmişik.

– Yadıma indi düşdü. Bir mötərizə kimi danışaq. Soyad məsələsini danışırdıq, ona davam edəcəyik. O vaxt İran Amerika səfirliyində hamını həbs elədi? O vaxt da İranda idiniz?

– Onda da İranda idim. Onlar 54 nəfər idi, 52 nəfəri həbs olundu. 2 nəfər Kanada səfirliyi vasitəsilə qaçmışdı.

– Deyirlər ki, həmin o terroristlərdən biri Əhmədinejad olub.

– Mən Amerika səfirliyində olmamışam, onu deyə bilmərəm. Sadəcə olaraq bir şeyi deyə bilərəm ki, 54 nəfəri tutmuşdular,  onlardan 2 nəfəri Kanada səfirliyi vasitəsi ilə qaçmışdı.

Mən namizədlik müdafiəmdən sonra atama dedim ki, mən istəyirəm doktorluq müdafiəsi də edim. Amma dedim, çox çətin mövzudur, hər adama vermirlər. Çünki Əziz Mirəhmədov romantizmdən yazıb, Məmməd Cəfər müəllim romantizmdən yazıb, çətin ola bilər deyə, belə bir söhbət oldu. Atam dedi ki, çətin olmaz, mənim soyadıma görə sənə verərlər. Bu söz məni tutdu.

– Xətrinizə dəydi?

– Bəli, xətrimə dəydi. Deyə bilərsiniz ki, atadır, çox söz deyə bilər. Amma mən belə şeyləri qəbul edə bilmirəm. Buna görə də mənim nə dostum, nə tanışım var. Ancaq gecə saat 01:00-da çıxıram, bir az gəzirəm, sonra evə qayıdıram. Necə deyərlər, bu da mənim gəzintim. Atam bu sözü deyəndən sonra getdim,  bir gün fikirləşdim, sonra ertəsi gün bütün sənədlərimi dəyişdim. Sənədləri də dəyişmək nə qədər vaxt sərf eləyir, bilirsiniz.

– Allah Allah, soyadınızı dəyişdiniz?

– Soyadımı dəyişdim, elədim İsfəndiyar Şəkili. Hətta belə bir söz də dedilər ki, bu nədir, yəhudi pulunun adı?

– Yəhudi pul vahidi şekedi?

– Bəli, şekedi. Elədim İsfəndiyar Bəxtiyar oğlu Şəkili.

– Bəxtiyar Vahabzadənin bundan xəbəri yox idi?

– Xeyr, xəbəri yox idi. Bunu mən bildirmədim.

– Bəs sonra biləndə nə dedi?

– Dəqiq yadımda deyil, yəqin ki, mübahisəmiz oldu. Bu nədir, bu nə özbaşınalıqdır. Belə bir söhbət oldu. Mən də ona nəyə görə belə etdiyimi dedim. Əfqanıstan müharibəsi iştirakçısı olduğuma görə ev vermişdilər mənə. Bilmirəm, fikir vermisiniz, mən bir ayağımı çəkərək gəzirəm.

– Sonra o namizədliyin axırı nə oldu?

– Namizədliyi müdafiə etdim. Doktorluğumda artıq İsfəndiyar Bəxtiyar oğlu Şəkili olaraq getdim. Çox gecikdirdilər, başıma oyun gətirdilər, amma çox da bir şey edə bilmirdilər, çünki mən Əfqanıstan müharibəsində iştirakçı olmuşdum deyə, çox da mənə sözlərini deyə bilmirdilər. Hətta belə bir söhbət də oldu ki, mənim Yazova bir məktubum kifayət edər.

– Bəli, o vaxtı elə şeylərə böyük diqqət var idi.

– Növbədənkənar bağ sahəsi vermişdilər, növbədənkənar telefon çəkmişdilər. Məsələn, bizə ayda yarım kilo yağ, yarım kilo yarma, bir qutu siqaret-filan verirdilər. Belə şeylərə diqqət göstərirdilər.

Atam dedi ki, özünü müxbir üzvlüyünə təqdim etsən, nakişisən

– Bir vaxt Elmlər Akademiyasına müxbir üzvlüyü məsələsi də olub?

– Bəli, belə bir söhbət də olub, mən gəlib atama dedim ki, özümü müxbir üzvlüyünə təqdim etmək istəyirəm. Çoxdan müdafiə etmişəm, elmlər doktoruyam, professoram. O mənə dedi ki, kənar dur. Filankəs, adını çəkmək istəmirəm, səndən daha layiqlidir. Dedim, o layiqliyi hansı tərəzi ilə ölçürlər ki? Mən razıyam, məndən daha layiqlidir, mən buna bir söz demirəm, amma bəlkə mənim bəxtim gətirdi. O, həqiqi üzv idi, dedi ki, sənin üstündən birinci xətti mən çəkəcəyəm. Əvvəlcədən sənə deyirəm, pərt olmamaq üçün namizədliyini geri götür. Bu söz yenə məni tutdu, həqiqətən incidim. Bir daha dedim ki, ata, bəlkə bəxti ilahidən mənim bəxtim gətirəcək, dedi özün bil, mən deyirəm, mən xətt çəkəcəm. Dedi ki, Abdulla Şaiqin oğlu Kamal Talıbzadəyə də deyəcəm, o da xətt çəksin. Xüsusilə də o adamın səninlə arası yoxdur. Çünki mən doktorluğumda Kamal Talıbzadəni tənqid etmişdim, 7-8 yerdə. Mən də dedim ki, əgər mən bu dəfə seçilməsəm, bir də özümü müxbir üzvlüyünə təqdim etməyəcəm. O da belə bir söz işlətdi ki, bir də özünü təqdim etsən, nakişisən. Dedim, yaxşı. Bu hadisədən 2-3 ay sonra mən getdim, növbəti xarici ölkəyə, amma atamla xudahafizləşmədim. Daha doğrusu, öncədən Cənab prezident məni qəbul elədi.

– İlham Əliyev?

– Bəli. Dedi ki, bəs filan yerə gedirsən. Evə gəldim, yoldaşıma dedim, səhv eləmirəmsə, o, bir müddət burada qaldı, mən getdim. Amma atamla xudahafizləşmədim. Və mən xaricdə bütün qüvvəmi akademiyaya qoydum. Orada mən Moldova Dövlət Universitetində dərs deyirdim, Qaqauziya Dövlət Universitetində dərs deyirdim, ondan başqa mənim yazılarım çıxırdı, onları rumin dilinə tərcümə etdirirdim. Bunların hamısını etdim və göndərdim ora. 5 ildən sonra seçki yolu ilə seçildim.

– Siz Rumıniya dövlətinin akademiyasına seçildiniz?

– Xeyr, Moldova dövlətinin. Amma elə oldu ki, Moldovanın humanitar sahəsi Ruminyaya birləşdi deyə mən  Ruminya Milli Elmlər Akademiyasının muxbir üzvü oldum.

– Yəni həqiqi?

– Bəli, fəxri yox, həqiqi üzvü. Həqiqi muxbir üzvü.

– Bəs onu Bəxtiyar Vahabzadə bildi? Təbrik etdi ona görə?

– Xeyr, dünyasını dəyişmişdi artıq.

– Allah rəhmət eləsin. İsfəndiyar məllim, sizin xarici səfirliklərdə işləyən dövrünüz də tamam başqa bir qovğanın içində keçib. O məktublarla da tanış oldum, o məktubların bir nüsxəsi məndə var. Siz ermənilərlə hər gün birə-bir döyüş halında olmusunuz. Onların məktublarında hətta sizə təhdid var, hətta ASALA-nı bir qəhrəmanlaşdırmaq təşəbbüsü var. Necə oldu? Çox ağırmı oldu?

II hissənin sonu

Xural.com

Paylaş:

Share

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

“26-lar” kafesinin sahibinin oğlu, “Gelandevagen”li Qasımov niyə bıçaqlanıb?

Sökülən qalmaqallı "26-lar" kafesinin sahibinin oğlu və dostu bıçaqlanıb. Onları bıçaqlayan da elə öz dostları imiş. Musavat.com-un eksklüziv olaraq əldə…

21 Oktyabr 2019 12:41 səhər
  • GÜNDƏM
  • XuralTAC

BŞBPİ: “Təşkilatçılar və fəal iştirakçılar da daxil olmaqla 60 nəfər saxlanılıb”

Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuranın aksiyası ilə bağlı məlumat yayıb. İdarədən verilən məlumatda bildirilir ki, özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran…

19 Oktyabr 2019 7:56 axşam
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Pənah Hüseyn həbs olundu!

Bakıda sanksiyasız aksiyalar keçirilən zaman prosesi müşahidə etmək üçün şəhərin mərkəzinə gələn sabiq baş nazir Pənah Hüseyn saxlanılıb. Bu barədə…

19 Oktyabr 2019 7:50 axşam
  • GÜNDƏM
  • XuralTAC

Əli Kərimlinin həbs olunduğu bildirilir

Partiya sədri mitinqə getmək üçün evindən çıxarkən zorla maşına mindirilib AXCP sədri Əli Kərimlinin zorla maşına mindirilərək aparıldığı bildirilir. Məlumatı…

19 Oktyabr 2019 7:40 axşam
  • GÜNDƏM
  • KÖŞƏ YAZARLARI
  • XuralTAC

Sevil Nuriyeva yazır: “Türk Birliyinin qurulması şərt oldu”

Sevil Nuriyeva İsmayılov snuriyeva@stargazete.com İstanbul, “Star” qəzeti   Elimizde öteden beri ciddi argümanlardan biri var. Orta Asya, Kafkasya, Türkiye ve…

19 Oktyabr 2019 11:51 səhər
  • GÜNDƏM
  • XuralTAC

İşdən azad olunan müəllimədən İlham Əliyevə ritorik suallar…

Dillər Universitetinin rektoru Kamal Abdullanın uydurma bəhanələrlə işdən çıxardığı Pərvin Mürsəlova İlham Əliyevin keçirdiyi son müşavirədən sonra maraqlı status paylaşıb.…

19 Oktyabr 2019 4:26 səhər
Xural.COM