“Qaynar Qazan”da İsfəndiyar Vahabzadə (I hissə): “Amerika, İsrail və İran heç vaxt düşmən olmayıblar”-VİDEO

İsfəndiyar Vahabzadə: “Mən hər zaman istəmişəm ki, kölgədə qalım, istəməmişəm ki, məni tanısınlar”

İsfəndiyar Vahabzadə Azərbaycan tarixinin ən böyük şairlərindən birinin – Bəxtiyar Vahabzadənin oğludur. Özü demiş, 21 yaşında onun evindən çıxıb. 30 ildir, bəlkə hələ bir az çoxdur ki, Azərbaycan diplomatiyasının şərəfini qoruyub, onu dünyanın bir çox ölkələrində təmsil edib. 1976-cı ildən İranda çalışmağa başlayıb. Sonra Əfqanıstanda, Pakistanda, İsveçrədə, Moldovada, Belarusiyada, arada xırda aralıqlarla Türkiyədə işləyib. Onu bu müsahibəyə qədər mən də Bəxtiyar Vahabzadənin oğlu olaraq onun adının kölgəsində bilmişəm, yaranan qənaət budur. Amma İsfəndiyar Vahabzadə ilə tanışlıqdan, söhbətlərdən və bu müsahibədən sonra qazandığı bütün uğurların səbəbinin təkcə Bəxtiyar Vahabzadə olmadığı gün kimi aydın olur. Onun çox maraqlı, zəngin, mübarizələrlə dolu həyat hekayəsi var. Yaşadığı və fəaliyyət göstərdiyi bütün ölkələrdə ermənilərlə və erməni lobbisi ilə döyüşdə olub. Rəsmən döyüş demək olar. Erməni lobbisinin İsfəndiyar müəllimin işlədiyi ölkələrin rəsmi qurumlarına göndərdiyi məktubları oxuyanda elə bilirsən ki, ön cəbhədə tankların və topların səsi gəlir. Ermənilər İsfəndiyar Vahabzadəni rəsmən təhdid ediblər, çünki İsfəndiyar Vahabzadə hər zaman onların oyunlarını pozub, səflərini dağıdıb.

Bu yüksəlişə səbəb təkcə Bəxtiyar Vahabzadə deyil dedim, buna bu müsahibədən sonra Oxucularım da əmin olacaqlar. Fars dilinin ən incə detallarına qədər bilən, fars dilinin ləhcələrini ana dili kimi danışan, bu dili mühazirə oxumaq səviyyəsində mənimsəyən adam kiminsə kölgəsində – bunun adı Bəxtiyar Vahabzadə olsa belə – fəaliyyət göstərə bilməz. Bunun üçün ayrı bir qabiliyyət, xüsusi istedad lazımdır. 30 il dünyanın müxtəlif ölkələrində və müxtəlif mədəniyyətlərində işləmək tapşırıqla, adla, titulla olmaz. Dövlət işi ağırdır, gərgindir, burada bir neçə il kimə görəsə çalışmaq olar, amma müəyyən zamanlardan sonra özün olmalısan. Özün olmasan, adamı bitirərlər.

İsfəndiyar Vahabzadə zəng edib “Qaynar Qazan”a danışmaq istədiyini deyəndə, məmnuniyyətlə razılaşdım. Mənim üçün də maraqlı idi. Özümün də suallarım vardı. Hər zaman üzərində Bəxtiyar Vahabzadənin kölgəsi olan və onun böyük adının altında fəaliyyət göstərən bir oğuldan müsahibə almaq mənə maraqlı olduğu qədər də, hadisə kimi gəlirdi. Yanılmamışam. Təkcə Bəxtiyar Vahabzadənin oğlu ilə qarşılaşmadım. 1970-ci illərdə Əbülfəz Elçibəyin 3-lük qruplarında təmsil olunan, “Əliyev” dediyi Elçibəylə yaxın dost olan, ürəyi Vətən eşqi ilə alışıb yanan, Bəxtiyar Vahabzadədən milliyyətçilik duyğularını əxz edən, SSRİ-nin ən təhlükəli qurumlarında ən təhlükəli vəzifələr yerinə yetirən, fars dilini farslardan yaxşı bilən, xarici ölkələrdə həm erməni lobbisi ilə, həm də səfirliklərimizdə və ölkəmizin rəhbər strukturlarında kök salan erməni və erməni tərəfdarları ilə daim mübarizədə olan bir diplomatla qarşılaşdım. Bu diplomat erməni lobbisi ilə açıq döyüşdə olub – altını cizərək təkrar söyləyirəm. Bu diplomat Xarici İşlər Nazirliyində “Türk dilləri idarəsi”ni yaratmaq üçün illərlə mərkəzə yazıb. Bu diplomat birbaşa Heydər Əliyevin hüzurunda “dövləti ermənilər idarə edir deyərkən kimi nəzərdə tutursan” sualına elə oturanın üzünə cavabını verib: “Bu yanında oturanı, möhtərəm prezident!”

Böyütmək və şişirtmək istəmirəm. Amma İsfəndiyar Vahabzadə ilə müsahibə şəxsən mənim gözümdə Bəxtiyar Vahabzadəni arxa plana keçirdi. Mübarizəsi və işi o qədər böyükdür İsfəndiyar müəllimin. Hətta zaman-zaman Bəxtiyar Vahabzadə ilə qarşıdurma şəraitində olduğunu, onun israrı üzərinə Elmlər Akademiyasına üzvlüyə ərizə vermədiyini, bir ara sırf Bəxtiyar Vahabzadəyə inad soyadını dəyişib “İsfəndiyar Şəkinski” olduğunu da bu müsahibədə öyrəndim. İsfəndiyar müəllim Azərbaycanda Bəxtiyar Vahabzadənin qoyduğu əngəli Moldovada aşa bilib, gedib Rumıniyanın Elmlər Akademiyasının həqiqi üzvü olub. Bu qədər inadkar yəni…

Təxminən 2 saatlıq müsahibədə bir çox mövzuları müzakirə etdik. Onun səfirliklərdəki fəaliyyətindən, səfirliklərdə ermənilərin başına açdığı oyunlardan, ermənilərin onun başına açdığı oyunlardan, diplomatın necə olmalı olduğundan danışdıq. Müsahibəni diqqətlə oxuyanlar və ona tamaşa edənlər görəcəklər ki, Azərbaycanın idarə olunmasında və məxsusən onun xarici siyasətində ciddi problemlər var. Bu problemləri isə həll etmək lazımdır. Ya zəlzələ ilə, ya da vəlvələ ilə…

İsfəndiyar Vahabzadə ölkələrin diplomatiyalarından, İsrail və İranın əslində, çox yaxın dövlətlər olduğundan danışdı. Diplomatik təcrübə çox önəmlidir. Yəhudilərin Azərbaycana çox lazım olduğundan, mütləq İsrailə göndəriləcək səfirin fars dilini mükəmməl bilməsinin gərəkliliyindən danışdı. İngilis dilinin diplomatiyada heç də “olmazsa olmaz” prinsiplərdən biri olmadığını söylədi. Əslində, nə söyləmədi ki…

Əkrəm Əylislinin “Daş yuxular” kitabının hansısa erməninin gündəlikləri olmasına qədər…

Diplomatın qanının mütləq türk qanı olmasına qədər…

Hüquq mühafizə orqanlarında mütləq təmizqanlı türklərin işləməsinə qədər…

Beləliklə, “Qaynar Qazan”da budəfəki qonağımız ömrünün 30 ilini Azərbaycan diplomatiyasına həsr edən İsfəndiyar Vahabzadədir. İndi onu dinləyirik…

Əvəz Zeynallı

“Qaynar Qazan”

 

I hissə

 

Topçubaşovdan sonra ikinci mən oldum…

– Əziz “Qaynar Qazan” tamaşaçıları, bu gün qonağımız Azərbaycan diplomatiyasının ən önəmli simalarından biri İsfəndiyar Vahabzadədir. İsfəndiyar müəllim, xoş gəlibsiniz.

– Siz xoş gəlmisiniz.

– Bizim əslində sizinlə söhbətimiz çox geniş olacaq. O qədər suallar var ki… Həm tamaşaçıların, həm də özümün suallarım var. Haradan başlayaq deyə düşünürəm.

– Məsləhət sizindir, haradan istəyirsiniz, oradan da başlayaq.

– İsfəndiyar Vahabzadəni Azərbaycanda adətən Bəxtiyar Vahabzadənin oğlu kimi tanıyırlar, amma sizinlə söhbət etdikdən sonra şəxsən mən tamam başqa bir adamla qarşılaşdım. Sizi həm diplomat, həm Azərbaycanın müstəqilliyi uğrunda gizli savaş verən böyük mübarizə adamı, Əfqanıstan savaşından, İran inqilablarından keçən bir diplomat xadim kimi tanıdım. Bəlkə qısaca xülasə edək – İsfəndiyar Vahabzadə kimdir?

– Mən öz tərcümeyi-halımdan başlamaq istəyirəm. 1954-cü il təvəllüdəm. 1971-ci ildə Universitetin Şərq fakültəsinə qəbul olunmuşam. 1976-cı ildə oranı bitirmişəm və İrana getmişəm. Yəni İrana gedəndə orada Şahlıq dövrü idi. 1979-cu ildə Xomeyni gələndən sonra geri qayıtmışam. Qısa müddət Bakıda işlədikdən sonra Əfqanıstana getmişəm. Əfqanıstan savaşında olmuşam.

– Əfqanıstana əsgər kimi gedibsıniz?

– Hərbi tərcüməçi kimi getmişəm. Mən İranda işləyəndə də hərbi tərcüməçi kimi işləmişəm. Hansı xətlə işlədiyimi isə xırdalamaq istəmirəm. Həm İranda, həm Əfqanıstanda hərbi tərcüməçi olmuşam. Sonra hələ sovetin vaxtında Türkiyədə bir müddət diplomatik kurs keçdim və qayıdıb gəldim. Daha sonra Pakistanda, İsveçrədə səfir işləmişəm. Birləşmiş Millətlər Təşkilatının Avropa bölməsində Azərbaycanın nümayəndəsi olmuşam, yəni Topçubaşovdan sonra orada ikinci mən olmuşam. Bir nəfər qadın var idi, amma qadın Almaniya səfirliyinin müşaviri kimi təhkim olunmuşdu, mən isə birbaşa təhkim olunmuşdum. Mən hər zaman istəmişəm ki, kölgədə qalım, istəməmişəm ki, məni tanısınlar. Sonra Moldovada Azərbaycanın səfiri oldum. Sonra Belarusiyada səfir işlədim. İlyarımdır gəlmişəm Bakıya.

 

Azərbaycanda məndən çox səfir işləyən olmayıb

– İlyarımdır işləmirsiniz?

– İlyarımdır işləmirəm. Ancaq gətirdiyim materialların üzərində işləyirəm. Özümlə xeyli materiallar gətirmişəm. Həmişə deyirdim ki, bu materiaları nə zaman vaxt tapıb oxuya bilərəm, indi onları oxumaqla məşğulam. Kifayət qədər kitablar gətirmişəm. Elə kitablar var ki… Məsələn, “Qriqoryanskiy ensiklopediya”. Bəlkə də Azərbaycanda bu kitab heç yoxdur. Ermənistanın özündə bu kitabdan 3-4 nəfərdə ola, ya olmaya.

– Hansı kitabdır ki?

– O haqda söhbətin gedişatında deyərəm. O kitab erməni xalqının xislətini, “erməni xəstəliyi”ni, bu xəstəliyin nədən ibarət olduğunu bildirir. Biz havadan alıb deyirik, amma bu haqda orada hər şey var. Özümlə çoxlu kitablar gətirmişəm. Demək olar ki, ancaq kitablar oxuyuram. Sutkanın 20 saatını kitab oxuyuram.

– Yəni son ilyarımı kitab oxuyursunuz.

– Əvvəldən də kitab oxumağa çox meylli idim. İnternet kitablarını oxumuram demək olar ki. Ancaq dövlət kitablarını oxuyuram. Bilirəm ki, bunlar faktdırlar.

– Üst-üstə 30 ilə yaxındır ki, Siz diplomatik korpusda işləyirsiniz, eləmi?

– 17 il təmiz səfir işləmişəm. Azərbaycanda məndən çox səfir işləyən olmayıb. Sovet dövründə xarici dövlətlərdə – İranda, Əfqanıstanda, Türkiyədə işləmişəm. Bunları da üstünə gələndə təxminən 25-26 il edir. 4 il Xarici İşlər Nazirliyində işləmişəm. Bundan başqa, qısa-qısa ezamiyyətlərdə olmuşam. Bunların hamısını toplayanda bəlkə də 30 ildən çox edir. Demək olar ki, ömrüm xarici ölkələrdə keçib. Hətta Əvəz bəy, bəzən danışanda çaşdırıram, hansı ölkədə nəyi, hansı ölkədə kimi görmüşəm, kiminlə söhbətlərim olub, hansı prezidentləri görmüşəm, kimi tərcümə eləmişəm.

 

İran Şahını 18 dəqiqə tərcümə etmişəm

– Çox olar hər halda… Prezidentlər çox olar…

– Yetərincə olub, bəli.

– İran şahından tutmuş…

– İran şahını 18 dəqiqə tərcümə eləmişəm. Şah bizim zavodun açılışına gəlmişdi. O zaman mən 23-24 yaşında cavan oğlan idim. Bizim zavodun açılışı olmuşdu Məşhəd şəhərində.

– O hansı zavod idi?

– Hərbi zavod idi.

– O zaman deməli, siz fars və ərəb dillərini incəliklərinə qədər bilirsiniz.

– Ərəb dilini yox. Ərəb dilində fikrimi çatdıra bilirəm, amma fars dilini bir az təvazökarlıqdan uzaq da olsa, deyə bilərəm ki, mühazirə oxumaq səviyyəsində bilirəm. Hətta bir dəfə 1993, ya 1994-cü ildə mərhum prezidentimiz Heydər Əliyevi tərcümə eləmişdim. Bakıda Xarici İşlər Nazirliyində işləyirdim, birdən tam təsadüfən dedilər ki, tərcüməçi xəstələnib, sən getməlisən tərcümə etməyə. Getdim. O zaman hətta dedim ki, mən xeyli vaxtdır uzaqlaşmışam tərcümədən. Tərcümə incəlik tələb edir, xüsusilə də dövlət başçılarının tərcüməçiləri üçün. “Yox, getməlisən” dedilər. O zaman mən Tehranda mərhum prezidentimizi tərcümə elədim.

 

Xarici İşlər Nazirliyində “Türk dilləri idarəsi” açılmalıdır

 

– Fars dilinin arealı genişdir, eləmi? Əfqanıstan, Pakistan, Tacikistan…

– Bir dəfə bir məktub yazmışdım, bu, mənim çoxdankı arzum idi. Bakıya yazmışdım ki, bizdə “Türk dilləri idarəsi” açılsın. Bizim Xarici İşlər Nazirliyində buna əhəmiyyət verən olmadı. İranda, hətta Tacikistanın özündə belə bu cür idarələr var. Tacik dili, fars dili, dəri, puştun, pəncab, urdun – bunlar fars dilinin qollarıdır – yəni bunu istəyən, dərk etməyi, başa düşməyi qarşısına məqsəd qoysa bunu başa düşər. Bizim dillə qırğız dili kimi, qazax dili, özbək dili kimi.

– Bu maraqlı təklifdir ki, Xarici İşlər Nazirliyində “Türk dilləri idarəsi” yaradılsın.

– Amma təəssüf ki, belə bir “Türk dilləri idarəsi” yoxdur. Bunu mən dəfələrlə yazmışdım. Bunu Pakistanda olanda da yazmışdım ki, bu, tələb olunur. Hətta bir dəfə belə bir söhbət də olmuşdu. O zaman mən səhv etmirəmsə, ya Pakistanda, ya da İsveçrədə işləyirdim. Heydər Əliyevin qəbulunda olmuşdum. Onda demişdim ki, İsraildə səfirliyin açılması lazımdır, labüddür. Və İsraildə işləyən səfir fars dilini bilməlidir. Hökmən bilməlidir.

– Niyə?

– Heydər Əliyev gülərək dedi ki, özünü nəzərdə tutursan? Dedim, xeyr, mənim İsrailə getməyimə icazə verməzlər. Ona görə ki, mən vaxtilə İranın Hərbi Nazirliyinin əməkdaşı olmuşam.

– İsrail icazə verməz?

– Əlbəttə. Amma fars dilini bilən adam getməlidir. Və dedi ki, nəyə görə fars dili? Fikrini açıqla. O zaman mən dedim ki, təsəvvür edin ki, bizdə Quba yəhudiləri var. Bunlar farsca danışırlar. Buxara yəhudiləri farsca danışırlar. İvrit yəhudiləri fars dilinin bir qolunda danışır. Siz təsəvvür edin ki, mən Quba yəhudiləri ilə danışanda sərbəst olmasa da, müəyyən qədər fikrimi çatdıra bilirəm.

– O qədər yaxındır yəni?

– Yaxınlığı var, bəli.

 

Farslarla yəhudilərin arasında tarixi düşmənçilik yoxdur

 

– Bəs niyə farslarla yəhudilər tarixi düşmənçilik edirlər?

– Bunların arasında tarixi düşmənçilik yoxdur və heç bir zaman da olmayıb. Mən 1976-cı ildə İrana gedəndə bildim ki, İsraillə İranın siyasəti eyni gedir və heç bir zaman bunların arasında düşmənçilik olmayıb. Üzdən ediblər. Xarici ölkələrə göstərmək istəyiblər ki, biz düşmənik. Amerika, İsrail və İran – bunların arasında heç bir düşmənçilik yoxdur.

– İndi də elədir?

– İndinin özündə də elədir. Ola bilsin müəyyən qədər gizli mətləblər var. Mən onu tam açıb ağartmaq istəmirəm, amma onların arasında yaxınlıq var. Yəni o zaman mən demişdim ki, mütləq səfir fars dilini bilməlidir. Məsələn, Buxara yəhudilərinin dilləri fars dilinə yaxındır. Tacikistanın özündə yaşayan yəhudilər fars dilində danışırlar. Məsələn, bizim özümüzdə dağ yəhudiləri adlanan Quba yəhudiləri yaşayırlar. Bunlarla da fars dilində danışanda anlaşılır.

– Amma açılmadı hələ də səfirlik, İsfəndiyar bəy, eləmi?

– Xeyr, açılmadı.

 

Diplomatiyanın yolu ingilis dilindən başlamır

– Niyə açılmadı? Niyə açılmır?

– Ola bilsin müəyyən səbəblər var. Ola bilsin, Səudiyyə məsələsi var və yaxud İran məsələsi var. Amma İsrail hökmən bizə lazımdır. Səfirlik açılmalıdır və həmin səfirlikdə də mütləq fars dilini bilən bir səfir olmalıdır. İngilis dilini mən inkar eləmirəm, amma bir şey bilmək lazımdır ki, diplomatiyanın yolu ingilis dilindən başlamır. Bununla barışmaq lazımdır. Diplomatiyanın yolu ayrı şeydən başlayır.

– Maraqlıdır. Amma belə bir hakim qənaət var ki, diplomatiyanın dili ingiliscədir.

– Məsələn, dünyanın ən gözəl diplomatlarından biri Mehmet Fuad Köprülüdür. 1952-ci ildə Türkiyənin NATO-ya üzv olunmasında birbaşa onun imzası var. Fuad Köprülü ingilis dilini bilməyib. Ümumiyyətlə bilməyib. Mən indi deyəcəyəm diplomatdan ötrü əsas nə lazımdır? Məsələn, Almaniyanın Xarici İşlər naziri Ribbentrop ingilis dilində bilməyib. İngilis dilini bilmək vacib şərt deyil diplomatdan ötrü. Lazımdır, bilməlidir, amma bu, o demək deyil ki, diplomatiyanın yolu ancaq ingilis dilindən başlayır, xeyr.

 

Mən atamı 21 yaşımda itirmişəm

 

– Firəddin Əlioğlu soruşur: “Bəxtiyar Vahabzadə bir ata kimi öz övladlarına münasibətdə həlim, yumşaq, yoxsa sərt ata idi?”

– Vallah, mən Bəxtiyar Vahabzadənin mənzilindən 21 yaşında çıxdım. Bir yazımda da yazmışdım ki, mən atamı 21 yaşımda itirmişəm. 21 yaşında qapıdan çıxdım, 25-26 il xarici ölkələrdə oldum, bu arada qısa-qısa müddətlərdə atamı nə gördümsə gördüm. Deyə bilmərəm ki, heç görməmişəm, yox, görmüşəm, amma uzun müddət xarici ölkələrdə olmuşam. Bilirdi ki, məsələn, mən gəlmişəm, buradayam, yenə gedəsiyəm harasa, ola bilsin buna görə həlimlik görmüşəm.

– Amma belə deyirsiniz sərt olub, eləmi?

– Sərtliyi olub, bəli.

– Sizin peşə seçiminizdə, həyata baxışınızın formalaşmasında yəqin ki, rolu olub, yoxsa yox?

– Sözsüz. Bizim evimizdə həmişə qatı millətsevərlik olub. Millətçilik sözündən bilmirəm, nəyə görə ehtiyat edirlər, bu sözü bütün dünya qəbul edir. Bizə çatanda isə deyirlər ki, yox, bu sözdən bir az kənar durmaq lazımdır.

– Amma evdə həmişə millətçilik hakim olub?

– Həmişə o hakim olub. Amma sərtlik görmüşəm.

– Sonra uzun illər müxtəlif vəzifələrdə çalışıbsınız, bunların hamısını Bəxtiyar bəylə məsləhətləşibsiniz, danışıbsınız, yoxsa siz 21 yaşında gedəndən sonra hər şeyə özünüz qərar verdiniz?

– Mənim xarici həyatım iki yerə bölünür. Müstəqillik dövründə mən qərar verə bilmirdim. Mənim yerimə qərar verənlər var idi. Məsələn, mən bilirdim ki, Rusiyada bizə inanmırlar. Mən “qara”yam. Mən nə qədər dəridən-qabıqdan çıxsam da, mən bunlar üçün yadam.

 

Ruslar mənə inanmırdılar

– Sovet dövründə? Həmişə hiss edibsiniz, eləmi?

– Həmişə hiss eləmişəm, bəli. Onu həmişə öz üzərimdə hiss eləmişəm ki, mən yamağam. Nə qədər dəridən-qabıqdan çıxsam da, hiss edirdim ki, xeyri yoxdur. Təsəvvür edin ki, Əfqanıstanda ən çətin döyüşlərə gedirdim ki, mənə inansınlar. Ona görə yox ki, mənim xüsusi rəğbətim var idi, yox, rəğbətim yox idi, mən dissident ailəsində böyümüşəm, əlbəttə, rəğbətim olmazdı. Amma istəyirdim mənə inansınlar ki, görüm bunların gücü nədədir, bunlar nə edirlər.

– Yenə inanmadılar, eləmi?

– Yenə də inanmırdılar. Bu, hər addımbaşı hiss olunurdu. Ermənistan və Gürcüstanla müqayisədə bu yadlıq ən çox bizə qarşı – azərbaycanlılara qarşı hiss olunurdu.

– Bütün bunlardan Bəxtiyar Vahabzadənin xəbəri var idimi?

– Mən sovet vaxtında nə işdə işləmişəmsə, hansı işlə məşğul olmuşamsa heç birindən Bəxtiyar Vahabzadənin xəbəri olmayıb.

– Maraqlıdı. Axıra kimi də olmadı?

– Sovet dağılandan sonra da mən bir müddət xarici ölkələrdə işlədim, yenə də xəbəri olmadı ki, mən nə işləmişəm. Mən 4-cü kursda oxuyurdum. Bir nəfər mayor gəldi, indiyə kimi yadımdadı rütbəsi. Mənimlə görüşdü, mənimlə farsca danışdı, yoxladı. O, təsadüfən gəlməmişdi, nəsə məlumat əldə etmişdi ki, gəlmişdi. Dedi, biz istiyərik ki, siz bizimlə işləyəsiniz. Yəni hərəkətlərindən hiss olunurdu ki, bu təhlükəsizlikdən gəlib.

– Dövlət təhlükəsizliyi xidmətindən?

– Bəli. Mən də bu barədə atama dedim. Atam bir xeyli güldü. Yəni ki, Bəxtiyar Vahabzadənin oğlunu dövlət təlükəsizliyinə dəvət edirlər. Mənim kimi müxalif adamın. Ömrü boyu sovetə qarşı olan bir adamın oğlunu təhlükəsizliyə dəvət edirlər. Və yaxud da onlar çox zəif işləyirlər. Həmin günü axşamı atam Ziya Yusifzadəyə zəng etdi.

– O zaman sədr o idi?

– Xeyr, o zaman səhv etmirəmsə müavin idi. Onunla maraqlandı, soruşdu. O da dedi mən iki gündən sonra deyərəm. İki gün sonra zəng etdi ki, o adamın bizə aidiyyatı yoxdur, o adam Moskvadan gəlib. Sonra həmin adamla görüşdüm, dedi, mənim haqqımda niyə maraqlanmısan?

 

Moskvada bizə dedilər ki, 1977-ci ildə Şah İranı tərk etməlidir

– Rus idi?

– Bəli, rus idi, Moskvadan gəlmişdi. O bilirdi ki, mən fiziki cəhətdən hazırlıqlıyam. Elə oldu ki, 2 nəfər götürdülər. O birinin gözündə qüsur olduğu üçün qaldı, amma mən getdim. 1976-cı ildə İrana getdim. Onda 21-22 yaşım var idi. Əvvəl birbaşa uçuşlar yox idi. İndiyə kimi yadımdadır, 61 nəfər idik. Mən Moskvada oldum. Bizə dedilər ki, 1977-ci ildə Şah İranı tərk etməlidir.

– Allah Allah. Yəni əvvəlcədən bilirdilər?

– Bəli, əvvəlcədən demişdilər. Qrupda ən cavan mən idim. Elə oldu ki, illər ötdü – 1979-cu ilin yanvar ayının 17-də Şah İranı tərk etdi, qaçdı. Bizim də ali baş komandan Şah idi və o qaçdı, ancaq bizə göstəriş verilməmişdi ki, biz də İranı tərk edək. Bütün tikinti sahələri tərk edirdilər, ancaq biz qalmışdıq.

– Siz SSRİ-nin İran səfirliyində işləyirdiniz?

– Xeyr, bizim səfirliyə aidiyyatımız yox idi. Biz yerli camaatdan seçilməmək üçün saqqalımızı kəsmirdik, başımız da keçəl idi, çünki qorxurduq. Hər addımımızda bizi vura bilərdilər. Şah qaçandan sonra fevralın 1-də Xomeyni gəldi, fevralın 8-də İran İslam Respublikası quruldu. Ancaq biz hələ də göstəriş almamışıq.

– Hadisələr gözünüzün qarşısında gedir…

– Hər şey gözümüzün qarşısında gedir. Birinci gündən axırıncı günə qədər hadisələr gözümün qabağında idi. Səfirlikdən başqa bütün tikinti sahələri, hansı ki, sovet mütəxəssisləri işləyirdi –  onlar çıxıb gediblər. Ancaq bizə, 61 nəfərə göstəriş verməyiblər ki, biz də tərk edək.

– Nəsə başqa bir göstəriş var idi ki, ya dəstək olun, ya evdən çıxmayın, yoxsa nə?

– Heç nə. 61 adam və mən də onların tərcüməçisi idim. 61 nəfərdən 6-nı öldürmüşdülər. Sonra göstəriş gəldi ki, filankəs və filankəsə qədər hamı tərk etsin. Biz İranı tərk etdik. Təyyarəyə minəndə bildim ki, hamı farsca bilirmiş. Mən də tərcüməçi idim, amma sən demə, bunlar hamısı farsca çox yaxşı bilirmişlər, özü də ləhcəsiz, Tehran ləhcəsində.

 

Tərcümə etdiyim adamların hamısı sən demə, farsca bilirmiş…

– Allah Allah, siz də illərlə bilməmisiniz ki, bilirlər.

– Mən də 3 il yarım onlarla işləmişəm tərcüməçi kimi. Hətta indiyə kimi yadımdadır, axırıncı tərcümə etdiyim günə qədər  onlarda bir SEVAK var idi, SAVAK. Yəni KQB. Onun da başçısı var idi, azərbaycanlı idi – Nemətullah Nəsiri. Onun şifrələnmiş məktubu gəldi, mən onu tərcümə etdim. O cümlə yadımdadır ki, nə qədər İran torpağını tez tərk etsələr, o qədər onlar üçün yaxşıdır. Onu çıxarmışdılar artıq, Pakistana səfir göndərmişdilər. Sonra oradan gəlmişdi, onun muavini var idi – Tağızadə. Onu küçədə gözümün qabağında parçaladılar. Üzr istəyirəm, bütün bədəni cırıq-cırıq, tikə-tikə olmuşdu.

– Belə hallar da olurdu?

– Bütün onların SEVAK-a qarşı, hərbi kəşfiyyatına qarşı, dövlət məmurlarına qarşı, bəli, olurdu.

– Xəqani Səfəroğlunun bununla bağlı sualı var: “İsfəndiyar bəy İran inqilabı zamanı Tehranda çalışıb. Oxumuşdum ki, hadisələr zamanı çox böyük risk bahasına SSRİ-ə keçə bilib. Hörmətli səfir İran inqilabının canlı şahidi kimi, monarxiyanın devrilməsinin səbəbləri barədə hansı qənaətləri var? Xalq Şahı niyə devirdi? SSRİ-nin bu inqilaba münasibəti necə idi?” Dediniz ki, 3-4 il əvvəldən SSRİ-də bilinib ki Şah gedəcək.

– Bəli, 1976-cı ildə biz Moskvaya gəlmişdik. Moskvada demişdilər ki, Şah İranı tərk edəcək. Heç onda Xomeyninin söhbəti yox idi. Bilmirəm, eşitmisiniz, ya yox, Mohamed Museddiq. Onun dövründən qalmışdı, dedilər, onun adamları olacaq. O adamlar ki, Qoturzadə var idi, sonra Xarici İşlər naziri oldu, onlar hamısı Amerikada, Avropada təhsil alanlar idi. Onlar gəldilər orada vəzifə tutdular.

– Qərbpərəst idilər?

– Bilirsiniz, tam qərbpərəst də demək olmaz. Yəni sadəcə onlar müasirlik istəyirdilər. Amma 1976-cı ildə mənim İranda gördüklərim, bizim indiki müasirliyimiz onların yanında yalan idi.

– Elə?

– Bəli, üzr istəyirəm, kabare, bar, kafeşantan, xarici maşınlar, tikinti – hamısı o dövrdə İranda var idi. Onların 7 televiziya proqramları var idi. Hamısı gecə-gündüz konsert və açıq-saçıq verilişlər verirdi.

 

Ququş bizə bağlı deyildi

 

– Bizim indiki halımıza oxşayırdımı, İsfəndiyar müəllim?

– Bir muğənni var idi – Ququş, sonra Leyla Foruhər var idi. Mən bunlarla tanış olmuşdum.

– Ququş azərbaycanlı idi?

– Bəli, əsl adı Faiqə idi.

– Əbülfəz bəy onu çox istəyirdi. Amma deyəsən onun bizə bağlılığı olmayıb.

– Xeyr, yox idi. O şeyi ki, biz onlardan gözləyirdik, ancaq elə şey yox idi onlarda.

– Bəs nəyə görə Əbülfəz bəy onu çox istəyirdi?

– Vallah bilmirəm, Əbülfəz Əliyev idi də, istəyirdi. Onu mən deyə bilmərəm. Amma deyirlər ki, necə oldu ki, mən SSRİ-yə keçdim? Mən elə SSRİ dövründə getmişdim.

– Mən belə başa düşdüm ki, siz orada 61 nəfər silahlı, hərbi qruplaşma olmusuz?

– Qətiyyən. Silahlı olmamışıq. Mən ancaq bunu götür, onu qoy. Bir azərbaycanlı müsəlman mən idim, qalan hamısı rus idi.

– Ən sonda da bildiniz ki, bunun hamısı elə farsca bilirlərmiş.

– Bəli, illər ötəndən sonra mən maraqlandım ki, necə oldu ki, bir tacik götürmədilər, özbək götürmədilər, tatar götürmədilər. Mən zəng edib bunu maraqlandım. İndi də Moskva ilə əlaqələrim var, hərdən zəng edirəm, danışıram. Orada bir söhbət oldu, bir rus var idi, artıq qocalmışdı. Biz onunla Moskvada oturduq, xeyli söhbət etdik, keçmiş günləri yada saldıq. O dedi ki, bilərəkdən səni götürmüşdük. Çünki sən sünni təriqətindən idin.

– Allah Allah, siz sünnisiniz?

– Bəli, düzü bilmirəm, sünniyəm, ya şiəyəm. Yoldaşım şiədir, mən sünni. Belə şeylər o zaman yox idi, ona görə də bilmirəm. Mənim o zaman Moskvada ağlıma gəldi ki, bunlar nəyə görə sünni təriqətindən axtarırlarmış.

– Deməli, xüsusi axtarıblar. Ona görə sünni ki, şiələrlə əlaqəyə girməsin.

– Bəli, ona görə ki, mən onlara qarşı çıxa bilim. Hər şey nəzərə alınmışdı.

– Çox maraqlıdır. Qafil Həşimov soruşur: “Bəxtiyar Vahabzadə niyə birdəfəlik Şəkiyə getdi?”

– Bəxtiyar Vahabzadə birdəfəlik Şəkiyə getmədi. Onun istiyə dözümü yox idi. Mənim də yoxdur. Həmişə may ayında Bəxtiyar Vahabzadə gedərdi Şəkiyə, sentyabrda qayıdardı.

– Yəni xüsusi bir məsələ yox idi. Yay fəslini orada keçirirdi.

– Bəli.

 

Bəxtiyar Vahabzadənin bütün yaradıcılığı müxalif idi

– Tanınmış hərəkatçı Fərəməz Novruzoğlu soruşur: “Ötən əsrin 60-70-ci illərində “Gülüstan”-ı oxuyan gəncləri KQB tutub incidir, ancaq poemanı yazanı Mərkəzi Komitə daim yüksəklərə qaldırırdı. Nəyə görə? Rəhmətlik bu barədə oğluna nəsə deməmiş olmaz.”

– Bir dəfə mənimlə müsaibə götürdülər. Müsahibəni götürən adam mənə xoşagəlməz bir söz dedi ki, guya Mərkəzi Komitə tapşırıq vermişdi ki, sən bunu yaz, guya bunu tapşırıqla yazmışdı. Bu yalan söhbətdir. Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasından əlavə, “Yollar, oğullar” bundan iki dəfə artıq müxalif bir poema idi. Bütün yaradıcılığı müxalif olub. Bunu demək düzgün deyil.

– Tanınmış jurnalistlərdən Elbəyi Həsənli soruşur: “Bəxtiyar Vahabzadə vəfat etdikdən sonra ailəsi bəyan etdi ki, 15 il sonra şairin vəsiyyəti açıqlanacaq. Həmin vəsiyyətnamə haqqında nəsə deyə bilərmi?”

– Vəsiyyətnamə deməyək, gündəlikləri açılacaqdı. Mənim yanımda deməyib, kimin yanında bunu deyib, bilmirəm. Bunu xalq deyir, ola bilsin ki, bu, şifahi xalq yaradıcılığıdır. Mən onu görə bilmirdim. Yayda zəng edirdi ki, gəl söhbətim var, deyirdim, qışda gələcəm. Qışda zəng edirdi, deyirdim, yayda gələcəm. Gələ bilmirdim yanına. Heç vaxt da danışa bilmədik. Haradasa 2-3 il heç görmədim atamı. O da bilirsiniz, nəyə görə? Mən harada işləmişəmsə, işə çox məsuliyyətlə yanaşmışam. Mənə elə gəlirdi ki, işimi qoyub getsəm harasa, bir şey baş verəcək. Xarici İşlər Nazirliyində də var, 5 gün, 7 gün, 10 gün ezamiyyət götürürdüm. Mənə məzuniyyət 45 gün düşür, 36 gün ayrı, 9 gün də müharibə iştirakçısı oduğum üçün. Amma heç vaxt bunu mən götürməmişəm. 5-6 gün olmuşam məzuniyyətdə, dərhal da qayıdıb gəlmişəm. Heç vaxt axıra kimi olmamışam.

– Yəni deyirsiniz, konkret bir vəsiyyətdən söhbət getmir?

– O konkret vəsiyyəti mən eşitməmişəm. Mənim yanımda vəsiyyət deməyib.

 

Bəxtiyar Vahabzadənin adından istifadə etməmişəm

– Bununla bağlı bir sual da var, Rəvan Bağırlı soruşur: “Bəxtiyar Vahabzadənin özü sonuncu müsahibəsində etiraf etdi ki, Bəxtiyarın bəxti yar olmadı. Vahabzadənin dəfninə olan münasibət, elə onun vəsiyyətinin məğzindən xəbər verir. O ki qaldı oğluna, o, həmişə atasından istifadə edib və bu gün də edir. Atasının mübarizliyi, millətçiliyi və vətənpərvərliyi onu maraqlandırmayıb. Vəsiyyətə gəldikdə isə, onu indi yox, 50 ildən sonra kimsə açıqlayacaq, o nə Azər, nə də İsfəndiyar Vahabzadələr olacaq.”

– Bu adam nə yazır, heç özü də bilmir. Məsələ bundadır ki, mən Vahabzadə adından istifadə edərək nə etmişəm ki? İcra başçısı olmuşam, nazir olmuşam, yoxsa deputat olmuşam? Nə iş görmüşəm ki, o addan da istifadə edim? Məsələn, gəlmişəm və il yarımdır işləmirəm və bu öz özlüyündə məlumat verir ki, istifadə etmirəm. Ondan da əvvəl ən yüksək vəzifəm səfir olub. Mən elmlər doktoruyam, professoram, Rumıniyanın akademikiyəm. Mənim atam Anteneskoya zəng etmişdi ki, mənim oğlumu akademik seçin? Və yaxud da Voroninə zəng etmişdi? Mən Əfqanıstanda döyüşmüşəm, yaralanmışam, zədə almışam.

– Əslində, belə götürəndə Bəxtiyar Vahabzadə icazə verməməliydi Əfqanıstana getməyinizə.

– Bəli, bu, 1941-1945-in müharibəsi deyildi, bu, ağır müharibə idi. Mən zədə aldım müharibədə.

– Siz güclü döyüşlərdə rəsmən iştirak etmisiniz?

– Ön cəbhədə olmuşam, bəli. Əvvəlcə tərcüməçi, sonra aləm qarışdı, baxmadılar kim kimdir, hamı gedirdi. Mən də cavan oğlan idim, 28-29 yaşım var idi. Üzr istəyirəm, heç 3 ay deyildi evlənmişdim və ailəmi qoyub getdim Əfqanıstana. Mən istəmədim ki, atam kiməsə nəyisə xahiş etsin.

 

Onda bir az qorxdum

– Əfqanıstana getdiyinizi bildi? Heç özü də demədimi getmə?

– Qorxu deyilən bir hiss var, hansı ki müxtəlif olur, tələbə qorxur ki, imtahandan kəsilər bilər, maşın sürən qorxur ki, kimsə onu vura bilər, cinayətkar qorxur ki, onu tutacaqlar. Və mən də 28-29 yaşımda idim, İrana gedəndə artıq bilirdim ki, oradan sağ qayıtmaya bilərəm.

– İsfəndiyar müəllim, siz ciddi hərbi hazırlıqdan keçmisiniz, eləmi? Özünüz hərbi hazırlıqlı olmusunuz, amma xarici ölkələrə gedəndə orada ciddi hərbi hazırlıqdan da keçmisiniz?

– Xeyr. Hərbçi kimi keçməmişəm. Biz İrana gedəndə bizi Moskvaya apardılar, bir müddət orada olduq. Bizi artıq orada seçdilər və biz getdik İrana. Orada təlim keçiblər sadəcə. Amma Əfqanıstana getməmişdən əvvəl çağırış kağızı gəldi, sözün düzünü desəm, onda bir az qorxdum.

– Tərəddüd etdiniz ki, gedim getməyim? Getməyə bilərdiniz?

– Tərəddüd etdim. Amma getməmək mümkün deyildi. Bəlkə də qala bilərdim, amma bunu dəqiq bilmək üçün araşdırmaq lazımdır. Ancaq 40 il keçib, bunu araşdırmağın mənası yoxdur. Bir onu bilirəm ki, çağırışı alanda bir az ehtiyat etdim.

– Onda Bəxtiyar Vahabzadə bildi ki, siz gedirsiniz?

– Bəli, gəldim dedim ki, ata, çağırış gəlib, mən necə edim? Dedi, oğul, mən bilmirəm, İvan necə, sən də elə. Orada başa düşdüm ki, o, kiməsə deyə bilər, ancaq sözü yerə düşə bilər. Sözün yerə düşməyi mənim üçün artıq ölüm idi ki, atam söz dedi, yerə düşdü.

– Əgər fars dilinin bütün ləhcələrinə qədər – Pakistanda, Əfqanıstanda, İranda, Tacikistanda, istifadə olunan dillərin incəliklərinə qədər bilmək məsələsi varsa, bu, artıq Bəxtiyar Vahabzadənin oğlu olmağı keçir axı. Buna uzun illər əmək sərf olunmalıdır, insan oxumalıdır, o həddə çatmalıdır. Ölkədə nə qədər belə mütəxəssis var ki?

I hissənin sonu

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button