“Qaynar Qazan”da İsfəndiyar Vahabzadə (III sonuncu hissə): ““Daş yuxular” Əkrəm Əylislinin yox, erməni Nacarovundur”-VİDEO

İsfəndiyar Vahabzadə: “Siyavuş Novruzov, niyə İsmayıl Şıxlının, Ziya Bünyadovun, Şıxəli Qurbanovun,  Bəxtiyar Vahabzadənin oğlanları işsizdir?!”

 

İsfəndiyar Vahabzadə Azərbaycan tarixinin ən böyük şairlərindən birinin – Bəxtiyar Vahabzadənin oğludur. Özü demiş, 21 yaşında onun evindən çıxıb. 30 ildir, bəlkə hələ bir az çoxdur ki, Azərbaycan diplomatiyasının şərəfini qoruyub, onu dünyanın bir çox ölkələrində təmsil edib. 1976-cı ildən İranda çalışmağa başlayıb. Sonra Əfqanıstanda, Pakistanda, İsveçrədə, Moldovada, Belarusiyada, arada xırda aralıqlarla Türkiyədə işləyib. Onu bu müsahibəyə qədər mən də Bəxtiyar Vahabzadənin oğlu olaraq onun adının kölgəsində bilmişəm, yaranan qənaət budur. Amma İsfəndiyar Vahabzadə ilə tanışlıqdan, söhbətlərdən və bu müsahibədən sonra qazandığı bütün uğurların səbəbinin təkcə Bəxtiyar Vahabzadə olmadığı gün kimi aydın olur. Onun çox maraqlı, zəngin, mübarizələrlə dolu həyat hekayəsi var. Yaşadığı və fəaliyyət göstərdiyi bütün ölkələrdə ermənilərlə və erməni lobbisi ilə döyüşdə olub. Rəsmən döyüş demək olar. Erməni lobbisinin İsfəndiyar müəllimin işlədiyi ölkələrin rəsmi qurumlarına göndərdiyi məktubları oxuyanda elə bilirsən ki, ön cəbhədə tankların və topların səsi gəlir. Ermənilər İsfəndiyar Vahabzadəni rəsmən təhdid ediblər, çünki İsfəndiyar Vahabzadə hər zaman onların oyunlarını pozub, səflərini dağıdıb.

Bu yüksəlişə səbəb təkcə Bəxtiyar Vahabzadə deyil dedim, buna bu müsahibədən sonra Oxucularım da əmin olacaqlar. Fars dilinin ən incə detallarına qədər bilən, fars dilinin ləhcələrini ana dili kimi danışan, bu dili mühazirə oxumaq səviyyəsində mənimsəyən adam kiminsə kölgəsində – bunun adı Bəxtiyar Vahabzadə olsa belə – fəaliyyət göstərə bilməz. Bunun üçün ayrı bir qabiliyyət, xüsusi istedad lazımdır. 30 il dünyanın müxtəlif ölkələrində və müxtəlif mədəniyyətlərində işləmək tapşırıqla, adla, titulla olmaz. Dövlət işi ağırdır, gərgindir, burada bir neçə il kimə görəsə çalışmaq olar, amma müəyyən zamanlardan sonra özün olmalısan. Özün olmasan, adamı bitirərlər.

İsfəndiyar Vahabzadə zəng edib “Qaynar Qazan”a danışmaq istədiyini deyəndə, məmnuniyyətlə razılaşdım. Mənim üçün də maraqlı idi. Özümün də suallarım vardı. Hər zaman üzərində Bəxtiyar Vahabzadənin kölgəsi olan və onun böyük adının altında fəaliyyət göstərən bir oğuldan müsahibə almaq mənə maraqlı olduğu qədər də, hadisə kimi gəlirdi. Yanılmamışam. Təkcə Bəxtiyar Vahabzadənin oğlu ilə qarşılaşmadım. 1970-ci illərdə Əbülfəz Elçibəyin 3-lük qruplarında təmsil olunan, “Əliyev” dediyi Elçibəylə yaxın dost olan, ürəyi Vətən eşqi ilə alışıb yanan, Bəxtiyar Vahabzadədən milliyyətçilik duyğularını əxz edən, SSRİ-nin ən təhlükəli qurumlarında ən təhlükəli vəzifələr yerinə yetirən, fars dilini farslardan yaxşı bilən, xarici ölkələrdə həm erməni lobbisi ilə, həm də səfirliklərimizdə və ölkəmizin rəhbər strukturlarında kök salan erməni və erməni tərəfdarları ilə daim mübarizədə olan bir diplomatla qarşılaşdım. Bu diplomat erməni lobbisi ilə açıq döyüşdə olub – altını cizərək təkrar söyləyirəm. Bu diplomat Xarici İşlər Nazirliyində “Türk dilləri idarəsi”ni yaratmaq üçün illərlə mərkəzə yazıb. Bu diplomat birbaşa Heydər Əliyevin hüzurunda “dövləti ermənilər idarə edir deyərkən kimi nəzərdə tutursan” sualına elə oturanın üzünə cavabını verib: “Bu yanında oturanı, möhtərəm prezident!”

Böyütmək və şişirtmək istəmirəm. Amma İsfəndiyar Vahabzadə ilə müsahibə şəxsən mənim gözümdə Bəxtiyar Vahabzadəni arxa plana keçirdi. Mübarizəsi və işi o qədər böyükdür İsfəndiyar müəllimin. Hətta zaman-zaman Bəxtiyar Vahabzadə ilə qarşıdurma şəraitində olduğunu, onun israrı üzərinə Elmlər Akademiyasına üzvlüyə ərizə vermədiyini, bir ara sırf Bəxtiyar Vahabzadəyə inad soyadını dəyişib “İsfəndiyar Şəkinski” olduğunu da bu müsahibədə öyrəndim. İsfəndiyar müəllim Azərbaycanda Bəxtiyar Vahabzadənin qoyduğu əngəli Moldovada aşa bilib, gedib Rumıniyanın Elmlər Akademiyasının həqiqi üzvü olub. Bu qədər inadkar yəni…

Təxminən 2 saatlıq müsahibədə bir çox mövzuları müzakirə etdik. Onun səfirliklərdəki fəaliyyətindən, səfirliklərdə ermənilərin başına açdığı oyunlardan, ermənilərin onun başına açdığı oyunlardan, diplomatın necə olmalı olduğundan danışdıq. Müsahibəni diqqətlə oxuyanlar və ona tamaşa edənlər görəcəklər ki, Azərbaycanın idarə olunmasında və məxsusən onun xarici siyasətində ciddi problemlər var. Bu problemləri isə həll etmək lazımdır. Ya zəlzələ ilə, ya da vəlvələ ilə…

İsfəndiyar Vahabzadə ölkələrin diplomatiyalarından, İsrail və İranın əslində, çox yaxın dövlətlər olduğundan danışdı. Diplomatik təcrübə çox önəmlidir. Yəhudilərin Azərbaycana çox lazım olduğundan, mütləq İsrailə göndəriləcək səfirin fars dilini mükəmməl bilməsinin gərəkliliyindən danışdı. İngilis dilinin diplomatiyada heç də “olmazsa olmaz” prinsiplərdən biri olmadığını söylədi. Əslində, nə söyləmədi ki…

Əkrəm Əylislinin “Daş yuxular” kitabının hansısa erməninin gündəlikləri olmasına qədər…

Diplomatın qanının mütləq türk qanı olmasına qədər…

Hüquq mühafizə orqanlarında mütləq təmizqanlı türklərin işləməsinə qədər…

Beləliklə, “Qaynar Qazan”da budəfəki qonağımız ömrünün 30 ilini Azərbaycan diplomatiyasına həsr edən İsfəndiyar Vahabzadədir. İndi onu dinləyirik…

Əvəz Zeynallı

“Qaynar Qazan”

 

I hissəni buradan oxuya bilərsiniz:

“Qaynar Qazan”da İsfəndiyar Vahabzadə (I hissə): “Amerika, İsrail və İran heç vaxt düşmən olmayıblar”-VİDEO

II hissəni buradan oxuya bilərsiniz:

“Qaynar Qazan”da İsfəndiyar Vahabzadə (II hissə): “Rza Şah elə bildi ki, farsam!”-VİDEO

 

III sonuncu hissə

 

Diplomatın ürəyində milli yanğı olmalıdır

– İsfəndiyar məllim, sizin xarici səfirliklərdə işləyən dövrünüz də tamam başqa bir qovğanın içində keçib. O məktublarla da tanış oldum, o məktubların bir nüsxəsi də məndə var. Siz ermənilərlə hər gün birə-bir döyüş halında olmusunuz. Onların məktublarında hətta sizə təhdid var, hətta ASALA-nı bir qəhrəmanlaşdırmaq təşəbbüsü var. Necə oldu? Çox ağırmı oldu?

– Bəli. Siz bayaq birinci cümləni oxudunuz, o hansı cümlə idi?

– Baba Allahnəzərovun bir sualı var ki, o, Elmar Məmmədyarovun yerinə olsaydı, xarici siyasətdə nəyi dəyişməyə nail olardı? Ümumiyyətlə, bizim Xarici İşlər Nazirliyi, xarici siyasətimiz hansı vəziyyətdədir? Bunu sizdən yaxşı bilən olmaz. 30 ilinizi bu sahəyə vermisiniz.

– Mən demək olar ki, ömrümü bu sahəyə vermişəm. Mən demirəm ki, məni qiymətləndirsinlər və yaxud heykəl qoysunlar. Heç kimə buna görə heykəl qoymurlar. Bu, mənim sahəmdir, işləmişəm də, maaşımı da almışam. Amma bir çox yazılarımda mən yazmışam ki, diplomatın ürəyində milli yanğı olmalıdır. Yanğı olmasa, köz ola bilməz, köz olmasa, od ola bilməz, od olmasa, çığırtı ola bilməz. Çoxları çığırtı ilə qışqırtını səhv salırlar. Qışqırtı tamam başqa bir şeydir, çığırtı içdən gələn bir şeydir. Atatürkün dövründə bir Xarici İşlər naziri olub – Tofiq Rüştü bəy Aras. Onun haqqında Atatürk deyib ki, ola bilsin, Tofiq Rüştü bəy Aras diplomatik bicliklərdən, hiyləgərliklərdən o qədər də hali deyil, amma ondan gözəl Xarici İşlər naziri də təsəvvür eləmək mümkün deyil. Çünki millətin yaralarını, ağrılı, zəif yerlərini bilir. Əvəz bəy, millətin ağrılı, zəif yerlərini bilməsən, ona başçılıq etmək olmaz. Mən bunu bu gün də deyirəm, təkrar da edirəm. Məsələn, baxın, tez-tez göstərirlər ki, bizim səfirlər bayrağımızı tərs tuturlar. Bilmirəm, fikir vermisinizmi?

– Bəli.

– Amerikada bayrağı tərs tutmağa görə həbs cəzası gözlənilir. Mənim bayrağım dəfələrlə təhqir olunur. Bizim protokol buna fikir vermir, bizim Xarici İşlər naziri buna fikir vermir.

 

Xarici İşlər Nazirliyinin əməkdaşlarının çoxu bayrağımızın rəmzi mənasını bilmir

– Anlamırlarmı, savadsızdırlarmı, yoxsa fərqində deyillər?

– Əhəmiyyət vermirlər, çünki bunların heç birinin başı-gözü meydanda yarılmayıb. Mənimlə atamın başı-gözü meydanda yarılıb. Mən və atam meydanda olmuşuq. Mən vətən xaini oğlu deyiləm, özüm də vətən xaini deyiləm. Və cərəyan edən bütün hadisələri mən bilirdim artıq. Nə gözlənilir? Nə hadisə ola bilər?

– Yəni deyirsiniz ki, bütün diplomatlar belə olmalıdır? Vətən yanğısı daşımayan adam diplomat ola bilməz.

– Bu, necə ola bilər ki, Xarici İşlər Nazirliyinin əməkdaşlarının çoxu heç Azərbaycan bayrağının rəmzi mənasını bilmir. Adi bir misal deyim, hər şey bayraqdan başlayır. Rənglərin mənasını bilmirlər ki, bu rəng nəyi bildirir. Bunu bilən yoxdur və bunu bilməməklə fəxr edirlər ki, bilmirik. Baxın, sizə adi bir söz deyim. Mən İsveçrədə olanda Türkiyənin Xarici İşlər naziri gəlmişdi. Üzr istəyirəm, İsveçrədə yox, yadımdan çıxıb artıq, hansısa xarici ölkədə işləyəndə Türkiyənin Xarici İşlər naziri, Ermənistanın Xarici İşlər naziri Oskanyan və bizim Məmmədyarov durmuşdular. Məmmədyarov yox, Mamedyarov (ironiyalı gülüş – Red.). Türkiyənin Xarici İşlər naziri sual verdi ki, hangi dildə konuşacağız? Ermənistan Xarici İşlər naziri dedi ki, bana farketmez, efendim. Bu rus dilində dedi ki, məni bağışlayın, mən Azərbaycan dilində pis danışıram.

 

Elmar Məmmədyarovun hərəkətindən yer yarılsa yerə girərdim

 

– Nə danışırsınız? Hətta erməni deyir ki, problem yoxdur?

– Mən də bunların bir addımlığında dayanmışam. İndi siz mənim yerimdə olsaydınız, nə edərdiniz?

– Adam utandığından yerə girər.

– 11-ci mərtəbədə idim. Orada özümü atıb öldürmədim, böyük şeydir.

– Niyə belədir?

– Belədir də. Deməli, kimlərəsə əl verir ki, Azərbaycan dilini bilməyənlər olsun Xarici İşlər naziri.

– O, həqiqətən də, Rüstəm İbrahimbəyovun bacısı oğludur?

– Xeyr, iz azdırmaqdan ötrü deyirlər.

– İsveçrədə idiniz, ermənilərə qarşı məktub göndərdiniz, bu, respublika mətbuatında hay-küyə səbəb oldu. Yəni hər yerdəmi erməni idi?

– Bəli, siz təsəvvür edin ki, mən getmişəm orduya. Sizin ağlınıza gətirə bilməyəcəyiniz dərəcədə qüvvətlidirlər.

– Ermənilər?

– Bəli, çox qüvvətlidirlər. Baxın, İsveçrədə olanda mən Birləşmiş Millətlər Təşkilatının Avropa bölməsində Azərbaycanın nümayəndəsi olaraq işləmişəm. Mən burada işləyirəm, Azərbaycanın nümayəndəsiyəm. Çıxış eləməyə mənə 7 dəqiqə vaxt verirlər. 15 ilin hadisəsini mən sıxışdırıb 7 dəqiqəyə salmalıyam. Qarşı tərəf də 7 dəqiqəyə cavab verməlidir. Mən ona 3 dəqiqə cavab verirəmsə, o da mənə 3 dəqiqə cavab verməlidir. Amma erməni mənə cavab vermirdi. Onun yerinə Rusiya cavab verirdi, Yunanıstan cavab verirdi, Fransa cavab verirdi.

 

Boğula-boğula qalırdım ki, ya rəbbim, mənim də bir adamım olsun, mən niyə təkəm?!

– Yəni o qədər təsirlidirlər…

– Hindistan da cavab verirdi, mən boğula-boğula qalırdım ki, ya rəbbim, mənim də bir adamım olsun, mən niyə təkəm? Bu təklik çox pis şeydir.

– Bəs Türkiyə?

– Türkiyə və Pakistan bizi dəstəkləyirdilər. Amma bəzən görürdüm ki, Türkiyə də, Pakistan da baxışlarını bizdən qaçırırdılar. Bilirsiniz niyə? Pakistanın da problemi var idi, Kəşmir problemi, Türkiyənin də Kipr problemi var idi. Allah heç kimi tək eləməsin. Bu təklik çox pis şeydir. Belə məqamda siz nə edə bilərdiniz? Belə məqamda insan düşünür ki, mən nə eləyim? Kimə sözümü deyim, kimə çıxım?

– Nazirə də deyə bilmirsiniz?

– O zaman nazir Vilayət Quliyev idi. Səfirin işini nazir həll etmir axı. Birbaşa yuxarı həll edir. Səfirlər nazirə tabe deyillər.

– Birbaşa prezidentə tabedirlər.

– Mənim ranqımı prezident müəyyənləşdirir. Mən də belə qalıram axı. Mən də sənin kimi millətəm, sən niyə ermənini müdafiə edirsən, məni eləmirsən? Siz bir dəqiqə mənim yerimdə təsəvvür edin özünüzü. Adam boğula-boğula qalır.

– Təsəvvür edə bilmirəm, dəhşətdir. Baxın, prezidentlə bu məsələni danışmaq imkanı olurmu? O mexanizm varmı ki, siz raport halında, məktub halında olan-bitənləri prezidentə deyəsiniz ki, baxın belə bir vəziyyətdir. Təsiretmə imkanı varmı?

– Hər deyəndə olmur. Demək olar ki, 2-3 faiz.

– Bizim özümüzdə də ermənilər çoxdur? İşçilərin arasında da varmı?

– Mən o zaman məktub yazmışdım ki, 18 nəfər Xarici İşlər Nazirliyinin əməkdaşı, həyat yoldaşları, anaları ermənidir. Əgər mən məxfi məktub göndərirəmsə, bu məktub gedib harasa çıxırsa, siz buna nə edə bilərsiniz ki?

 

Nazirliklərdə qeyri-millətdən adam işləməməlidir

– Təcrübələrinizdən çıxış edərək soruşuram. Olmamalıdır, elə deyilmi?

– Yox, güc nazirliklərində qeyri-millətdən adam işləməməlidir. Ümumiyyətlə, mənə qalırsa, nazirliklərin heç birində qeyri-millətdən, qan qarışığı olan adam işləməməlidir.

– O zaman dövlətdə nəsə ola bilər?

– Nə istəsən olar. Ümumiyytlə, mənə qalarsa, nəinki güc nazirlikləri, bütün nazirliklərdə qeyri-millətdən olan insanlar işləməməlidir.

– Amma bizdə çoxdur, eləmi?

– Təəssüf ki, bəli.

– Məlahət Qisuri Zeynallının bir sualı var ki, iqtidarın apardığı daxili və xarici siyasət sizi qane edirmi? Azərbaycanın indiki duruma düşməsində daxili qruplaşmaların rolunu necə dəyərləndirirsiniz? Xarici güclərin Azərbaycanı indiki duruma salması ilə bağlı fikirlərə münasibətiniz necədir?

– Vallah, bayaq bir söz dedim sizə, qorxu da müxtəlif cür olur. Amma elə şeylər var ki, bunun üstünü örtsək yaxşıdır.

– Elmar Məmmədyarovun yerində olsaydınız, nə edərdiniz? Bu suala cavab vermədiniz.

– Əvvəla, təəssüf ki, heç kim məni heç bir zaman göy yerə enər, yer göyə qalxar, Məmmədyarovun yerinə qoymazlar. Baxmayaraq ki, müxtəlif xarici dillər bilirəm. Bunu qoymazlar. Çünki mənim damarımda axan qan milli qandır.

– Bu, çox ciddi sözdür.

– Yaponiyanın Xarici İşlər Nazirliyinin qarşısında belə bir söz vurulub, asılıb. Diqqətlə fikir verin. O sözün tərcüməsi budur ki, “Dünyanın ən müqəddəs yeri ailədir. Ailədən də müqəddəs yer Xarici İşlər Nazirliyidir.” Camaat deyir ki, bu Xarici İşlər Nazirliyi necə bir yerdir ki? Xarici İşlər Nazirliyi elə bir yerdir ki, ölkəni qansız-qadasız müharibədən qoruyur. Yenə deyirəm, siz deyə bilərsiniz ki, Xarici İşlər Nazirliyi necə bir yerdir ki, ilahiləşdirilir, Quran ayəsi kimi bir şey olub, bunu deyirsiniz. Çünki ölkəni savaşsız qoruyur. Yaponiyanın Xarici İşlər Nazirliyinin şüarıdır. Amma Xarici İşlər naziri deyəndə ki, üzr istəyirəm, mən azərbaycanca pis bilirəm, artıq siz buradan öz payınızı götürün.

– Yəni hərkəs ana dilini yüksək səviyyədə bilməlidir.

– Diplomatiyanın yolu ingilis dilini bilməkdən başlamır. Diplomatiyanın yolu milli yanğıdan başlayır. Bizdə belə bir şey var – Qori Müəllimlər Seminariyası. Buranı qurtaranların heç vaxt mən, necə deyərlər, üzərinə kölgə salmıram. Üzeyir bəy, Nəcəf bəy Vəzirov, Abbas Səhhət, çox qiymətli adamlardır. Bunlar təhsillərini alıblar Qori Müəllimlər Seminariyasında. Bir də mollaxana təhsili alanlar var. Bunlar daha ciddi olublar, yanıblar, cızdaqları çıxıb. Bunlar kimlərdir? Mirzə Zəlil, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi. Bunların fərqini görürsünüzmü? Bunlar daha çox yanıblar. Çünki bunlar milli təhsil alıblar. Mən demirəm ki, qeyri-dildə təhsil alanlarda milli qan olmur. Xeyr, olur, amma elə yanğı olmur. Mollaxana təhsili alanlardaki kimi yanğı olmur. Bəlkə məndə milliyyətçilik həddən artıq çoxdur. Bir nəfər jurnalist də demişdi, mən cilovlaya bilmirəm bu hissi. Siz məktublarda da gördünüz ki, bunları deyirdilər. Amma məsələ ondadır ki, mollaxana və Qori Müəllimlər Seminariyası fərqlidir.

 

Mənim millətim əldən gedirsə…

– Milli təhsilin önəmi müstəsnadır, deyirsiniz.

– Milli təhsil alan adam yanmalıdır, cızdağı çıxmalıdır. Elə cızdağı çıxmalıdır, yanmalıdır ki, bu adamın yuxusunu belə əlindən almalıdır. Adamı yandırmalıdır, közə çevirməlidir. Bu adamın tək fikri olmalıdır, Vətən, Vətən. Bilirsiniz, Mirzə Cəlilin bir hekayəsi var. Deyir, bir dəfə işdən çıxıb evə gəlirəm. Görürəm ki, bir oğlan uşağı pişiyin quyruğuna qarpız qabığı bağlayıb vura-vura gedir. Bir erməni məhəlləsinin qabağından ötdüm, gördüm, erməni oğlu ağacın altında kitab oxuyur. Bir müsəlman məhəlləsinin qabağından ötdüm, gördüm ki, bir müsəlman kişi əlində ağac qadını döyə-döyə gedir. Bir erməni məhəlləsinin qabağından ötdüm, gördüm ki, qadın qarmon çalır, kişi də oturub şərab içir. Məscidin qabağından ötdüm, gördüm ki, molla deyir ki, həzərat, xüms və zəkatı vaxtı-vaxtında verin. Kilsənin qabağından ötdüm, gördüm ki, molla çıxıb minbərə nəsə deyir erməni dilində, amma hər dəqiqə deyir ki, hayrenik, hayrenik. Dedim, bu hayrenik nə olan şeydir? Sən demə, o deyirmiş ki, Vətən, Vətən. Mənim millətim əldən gedirsə, mən necə oturum?..

– İsfəndiyar müəllim, millət əldən gedirmi?

– Bunun da üstünü örtək. (Uzun pauza…) Bilirsiniz, mən çətin vaxtlarda icra başçısı işləmişəm. Bir yandan Bakıya girən rus əsgərləri, bir yandan cəbhə, bir yandan KQB, bir yandan meydan hadisələri. Meydan bizim rayonda idi. Bunların hamısı ilə dil tapmaq lazım idi, hamısının da qarşısına tək çıxırdım. Nə məni qoruyan var idi, nə də başqa bir şey. 2-3 saat evdə olurdum, ya yox, bütün günü işdə idim. Elə vaxtlar olurdu ki, heç evdə olmurdum, işdə qalırdım, orada yatırdım. Hamısının qabağına özüm tək çıxırdım. Nə qoruyan var idi, nə də cangüdən. Ümumiyyətlə, mən cangüdən məsələsinə inanmıram. Heç bir hadisə də olmayıb ki, cangüdən özünü nişançının qabağna atsın ki, məni vurun. O gün oxudunuz, ermənilər təhdidedici məktub yazırdılar, maşınıma daş da atmışdılar. Ancaq gücüm ona çatırdı ki, ailəmi Bakıya göndərirdim, özüm işlədiyim ölkədə qalırdım. Çətin vaxtlar idi. O vaxt cavan oğlan idim, 34 yaşım var idi, dedim yox, artıq gücüm çatmır.

– Belarusiyadan qayıtmaq səbəbiniz nə idi?

– Vaxtım bitdi. 6 il bitdi, qayıtdım. Mən fasiləsiz olaraq xaricdə 12 il işlədim. 6 il Moldova, 6 il Belarusiya.

 

“Daş yuxular” bir erməninin gündəlikləridir

– Belarusiyada idi, elə deyilmi, siz dərs deyərkən erməni tələbə sizə “Daş yuxular”-ı göstərmişdi?

– Bəli, mən o vaxt da demişdim ki, “Daş yuxular” əsəri Əkrəm Əylislinin deyil.

– O tarixcə çox maraqlıdır.

– Əkrəm Əylislini siz də tanıyırsınız, mən də tanıyıram, əsərlərini siz də oxumusunuz, mən də oxumuşam. Onun dili əlində mumdur, istədiyi formaya sala bilir. Amma “Daş yuxular”-ı oxuyanda gördüm ki, bu, onun təhkiyə üsulu deyil. Mükalimələr, dialoqlar bir-birinə uyğun gəlmir.

– Sizcə onun bir tarixçəsimi var?

– Əkrəm Əylislinin bir qapı qonşusu var idi, Nacarov, onkoloq, yaşlı kişi idi. Mənə muharibə iştirakçısı olduğuma görə ev vermişdilər, tez-tez mən onunla görüşürdüm. Daha doğrusu, mən həyətə çıxanda Nacarovu görürdüm. Salam-sağolumuz var idi. Bir gün tək gəzirdi, mən də ona qoşuldum. Bu dedi ki, mən bütün hadisələri gündəlik kimi yazıram. Dedim ki, o gündəliyə baxmaq olar, bir gözdən keçirərdim. Dedi, yox, onu gedəndə qonşuma verəcəm, o oxusun, yazsın. Qalın dəftər idi. O vaxt yadınıza gəlirmi 96 səhifəlik 44 qəpiyə olan dəftərlər. 1990-cı il yanvar ayının 13-də Bakıda “poqrom” oldu, evlərə hücum etdilər. Onda da 4-5 böyük maşın gətirmişdi, bütün əşyalarını – xalça, soyuducu, televizor yığmışdı ki, maşınla aparmağa. Elə oldu ki, hücum elədilər, hər bir şeyi qırıb dağıtdılar. Və onda görünür, bu dəftərləri verdilər Əkrəm Əylisliyə. Mən ilk Əkrəm Əylislinin yaradıcılığı olan “Mənim nəğməkar bibim” əsəri ilə tanış olmuşam ilk dəfə. Biz onu oxuyanda görürük ki, onun necə gözəl dili var. Hətta mən Bakıda müraciət etdim ki, 1 ay məni işimdən ayırsınlar, mən Nacarovun onkoloqiya institutundakı yazdığı reseptlərlə, cümlə quruluşlarını birləşdirə bilərəm, qısa-qısa idi, özüm dilşunasam. Oradan bilərəm ki, bu nədir, necə biridir. Onun “Daş yuxular” əsəri qısadır, cümlələr qısa-qısadır. Mən bunu sübut edə bilərdim. Kimə dedimsə, heç biri müraciət obyektinə çevrilmədi. Və mən də maraqlanmadım.

– Azərbaycanın əleyhinə çevrildi “Daş yuxular” və böyük bir hadisə oldu. Elə bunun kökündə də dururmuş ki, bu, Nacarovun əsəridir?

– Bəli, Nacarovundur. Nacarov erməni olub, onkoloq olub, yaxşı həkim olub. Gedəndə də gündəliyini Əkrəm Əylisliyə verib. Bu, şəxsən mənim öz fikrimdir, ola bilsin ki, səhv edirəm, amma Əkrəm Əylislinin yazılarını oxuyuruq, görürük ki, nə nədir. Ona görə mən bu ayaqdan saydım ki, bu, onun yazısı deyil.

– İsfəndiyar müəllim, son bir neçə sualımız var. Zeynal Məmmədli, Lətafət Məlikova və Abbasoğlu. Zeynal Məmmədli soruşur ki, vaxtilə ziyalı kimi rəhmətlik Bəxtiyar müəllim xalqın yanında idi. Bəs bu gün İsfəndiyar müəllim kimi görür elə ziyalı ki, xalqın yanında olsun, xalqın sözünü desin. Lətafət Məlikova deyir ki, İsfəndiyar müəllim millətin ağır günündə niyə xalqın yanında deyil? Yoxsa var, mən görmürəm? Abbasoğlu deyir ki, əsrin dörddə birini Qarabağsız yaşadığımız zamanda İsfəndiyar müəllim Azərbaycanın ziyalı mövqeyindən razıdırmı?

– Açığ danışacağam. Adətən, diplomatlar gizlədirlər, ancaq mən heç nə gizlətməyəcəm. Əvvəllər internet yox idi. Atam gün ərzində 3-4 məktub alırdı. Və ayın sonunda məktubları da götürüb Heydər Əliyevin yanına gedirdi. Məktubları açıb göstərirdi ki, bunları nə edək, necə həll edək məsələləri. Mən göz açıb parlamentdə İsmayıl Şıxlını, Ziya Bünyadovu, Bəxtiyar Vahabzadəni, Anarı görmüşəm. Onlardan da əvvəlki nəsildə Rəsul Rzanı, Mirzə İbrahimovu, Süleyman Rüstəmi görmüşəm, bunlar ziyalı idilər. Bunlar düşünən beyinlər, düşünən başlar idilər. Və bu gün mənə deyə bilərsinizmi ki, düşünən beyin, düşünən baş kimdir?

 

İndi mən soruşuram, ay Siyavuş Novruzov, sən maraqlanmısanmı ki?..

 

– Parlamentdə çox azdır.

– Azdır? Mən deyərdim ki, yoxdur. Baxın, adi bir misal deyim sizə, bu Gəncə hadisələri oldu, sözsüz ki, bu hadisələrin təfərrüatına varmıram, bilmirəm, necə olub hadisə, necə baş verib? Amma heç olmasa 1-2 ziyalı deputatımız getməli idi. Bəlkə səhv deyirəm?

– Düz deyirsiniz. Hətta parlamentdə yığıncaq olmalı idi. Canlı yayım verməli idi. Millət də baxmalı idi ki, nə baş verir.

– Biri dedi ki, anası ermənidir, nə tez tapdın anasının erməni olduğunu? Biri dedi ki, mən 28 ildir onu tanıyıram, dost olmuşam. Sənin 28 il dost olmağın, hələ göstərici demək deyil ki, bu yaxşı adamdır, yoxsa pis adamdır? Mənim Elmar Vəliyevlə şəxsi münasibətim var. Amma nə hadisə baş veribsə, onu parlamentdə çıxarmadılar. Heç olmasa, 2-3 nəfər ora getməli idi. Siz təsəvvür edin, Gəncə hadisələrində Heydər Əliyev Gəncəyə getdi. Ondan da əvvəl İmam Mustafayev getmişdi. Getmişdilər, baxdılar qayıtdılar. Dedilər, qardaş qanı axıdılıb, qardaş qanı tökülüb. İndi vuran da bizimkidi, vurulan da bizimkidi, bunu araşdırmaq lazım idi. Amma bu gün ziyalı yoxdur. Siz təsəvvür edin ki,  Avropadan bir az xoşagəlməz sözdər deyən kimi Siyavuş Novruzov çıxdı dedi ki, ay İsmayıl Şıxlının ailəsi, ay Bəxtiyar Vahabzadənin ailəsi, ay Ziya Bünyadovun ailəsi, siz ziyalısınız, münasibətinizi bildirin, mövqeyinizi bildirin. İndi mən deyirəm, ay Siyavuş Novruzov, sən maraqlanmısanmı ki, Ziya Bünyadovun oğlu Xarici İşlər Nazirliyindən uzun illərdi “statya” ilə işdən qovulub? Xarici İşlər Nazirliyi yerləşir Şıxəli Qurbanov adına olan küçədə. Onun oğlunu “statya” ilə işdən çıxarıblar, heç maraqlanmısanmı ki, nəyə görə çıxarıblar, necə çıxarıblar? İsmayıl Şıxlının oğlu işləmir. Heç maraqlanmısanmı bu nə yeyir, nə içir? Bəxtiyar Vahabzadənin oğlu il yarımdır xaricdən gəlib. Nə yeyir, nə içir, niyə maraqlanmırsan? Nə tez yadınıza ziyalı düşdü sizin? Hələ bundan sonra ziyalılar sizin yadınıza tez-tez düşəcək. Bəs niyə vaxtında maraqlanmadınız ki, bu ziyalı deyilən şəxs haradadır, nə işlə məşğuldur? Onda deyərdiniz ki, ay müğənni, ay idmançı, gedin görün, nə hadisə baş verib orada? Niyə onlara müraciət etmədiniz? Əlini maşının üstünə qoymaqla sən xalq artisti adını almısan. Onu göndərərdiniz də…

– Çox maraqlı təsbitlərdir.

– Necə deyərlər, İsrail deyəndə mənim gözümün qabağına Eynşteyn gəlir, Fixden Gols, Landau. Millət başı ilə tanınar, əzələsi ilə tanınmaz. Bəlkə səhv deyirəm?

 

Niyə İsmayıl Şıxlının, Ziya Bünyadovun, Şıxəli Qurbanovun,  Bəxtiyar Vahabzadənin oğlanları işsizdir?!

– Düz deyirsiniz. Siyavuş Novruzov əzələsi ilə tanınır. Deməli, bu ailələrin hamısının uşaqları işsizdir?

– İsmayıl Şıxlının oğlu qəzetdə işləyirdi, amma Ziya Bünyadovun oğlu statya ilə çıxdı işdən. Şıxəli Qurbanovun oğlu statya ilə çıxdı işdən. Mən gəlmişəm, maraqlanan yoxdur ki, sən nə işlə məşğulsan? Amma ki, Avropadan bir az xoşagəlməz söz deyən kimi bizi çağırırsınız ki, ay filankəslər, mövqeyinizi bildirin. Sən bizə qarşı mövqeyini bildirdin? Bu dəqiqə gedək Gəncəyə, görək sənə qulaq asacaqlar, yoxsa mənə? Çunki mən başam, sən baş deyilsən axı. Heydər Əliyev demişdi ki, Sumqayıt yolunda 2-3 nəfər elmlər doktoru, professoru maşın vurdu öldürdü – 20 Yanvar hadisələrində. Sonra əlavə olundu ki, bir elmlər doktorunu yetişdirməkdən ötrü 600-750 min pul lazımdır. O dövrdə dollara nisbətdə manat yüksək idi. Deməli, bir professorun başı bir milyon iki yüz min, bir milyon yarımlıqdı. Bir milyon yarımlıq baş qalsın bir qırağa, əvvəl ağlıma gətirdim ki, bütün hər şeyi şaxlayım gedim Türkiyədə atamın adına olan universitetlərin birində dərs deyim. Çox universitetlər veriblər atamın adına: lisey, universitet, kollec. Sonra fikirləşdim ki, nəyə görə mən getməliyəm? Niyə hər şeyi qoyub getməliyəm? Eldar Mahmudov kimi insanlar yeyib dağıtsınlar respublikanı, mən niyə cəlayi-vətən olmalıyam? Deyirlər ki, niyə kənardasınız, kənarda olmağımın səbəbi də elə budur. O ki qaldı ziyalıya, ziyalı yoxdur. Parlamentdə bir nəfər ziyalı deyə bilərsinizmi? 3 dənə kitab oxuyan ziyalı deyə bilərsinizmi?

– Bir şeir var, deyir: “Burda nitqim  kəsildi, burda sözüm qurtardı”. Yəni bu, həqiqətdir. Nə edəcəksiniz, nə gözləyirsiniz, nə planlarınız var?

– Mən sabahı fikirləşmirəm, nə edəcəyəm, nə yazacağam, nə pozacağam, nə iş görəcəyəm. Bunu mən planlamıram. Ancaq özüm üçün yazıram.

 

Bu millətdə millətlik qalmadı

– Ancaq xalq gözləyir, xalq narahatdır, burada da soruşurlar ki, Bəxtiyar Vahabzadə həmişə millətin yanında idi, bəs İsfəndiyar müəllim haradadır?

– Mən hansı millətin yanında olum?

– Bəxtiyar Vahabzadənin millətinin.

–  O millətdə millətlik qalmadı axı. Mən məktubların sadəcə 1/100-ni göstərdim. Mənə çoxlu təhdidlər olunurdu.  Siz şahidsiniz, məktubları gördünüz.

– Çox dəhşətli məktublardır. O məktubların hamsını tərcümə edib verəcəyik.

– Məktublarda mənə hücumlar olurdu. Vahabzadə soyadı gələndə ermənilər elə bil ki, qutuda ilan görürdülər. Çünki bilirdilər ki, mən sakit durmayacam. Bakıdan göstəriş almışdım ki, sən dur de ki, bizim 100 təyyarədən 90-nı bizim neftlə işləyirdi, 100 tankdan 90-nı bizim neftlə işləyirdi.

– Rusiyaya?

– Bəli. Mən də bunu dedim. Dedilər, indi 100-də 100-ü sizin neftlə işləyir, bəs niyə qələbə qazana bilmirsiniz? Ancaq deyirsiniz. O ki qaldı müharibə məsələsinə, 4 formada deyə bilərəm sizə, bir diplomat kimi, bir azərbaycanlı kimi, bir keçmiş hərbidə olmuş adam kimi, bir də alim kimi. Alim kimi deyə bilərəm ki, ortalığa sübut qoymaq lazımdır ki, torpaq bizimkidir, yoxsa onlarındır? Margaret Tetçerin bir gözəl sözü var idi: ən mənasız, predmetsiz mübahisə, sübutlarla olunan mübahisədir. Çünki mən yüzlərlə sübut göstərə bilərəm ki, torpaq bizimkidir, o da on min dənə sübut gətirə bilər ki, torpaq bizimkidir. Onun üçün də bu mənasızdır. Bir vətəndaş kimi deyə bilərəm ki, müharibə olmasın, müharibə lazım deyil. Ancaq bir keçmiş hərbiçi kimi deyə bilərəm ki, müharibə olmalıdır. Mən gücümü göstərməliyəm. Bu boyda biabırçılıq başıma gəlib, mən erməninin qabağından qaçmışam. Mən deyə bilərəm ki, Taysondan qüvvətliyəm, ancaq bu, mənasız sözdür. Bunu da qeyd edin, bilmirəm, demişdim sizə, ya yox. Mən birinci sinifdə oxuyarkən, məndən 5-6 yaş böyük uşaq məni döydü. Biz bir həyətdə böyüyürdük, eyni məktəbdə oxuduq , universitetdə də bir yerdə oxuduq, elə eyni fakultədə oxuduq, xaricdə də eyni yerdə işlədik. Onun məni döyməyi mənim ürəyimdə qaldı. Təsəvvür edin, mən 5-6-cı sinifdə boksa getdim, üzərimdə məşğul oldum, hazırlaşdım. Sonra mənə dedilər ki, filankəs Əfqanıstana getməyə hazırlaşır, o zaman Əfqanıstanda müharibə yox idi. Mən də məşqdən gəlirdim, çantamı həyətdə qoydum, yaxınlaşdım hamı ilə əllə görüşdüm, ona çatanda onu vurdum, özünə gəlməmiş ikincini də vurdum, sonra üçüncünü vurdum, sonra götürdüm atdım zibil qabının içinə. Heç kim bizi ayırmırdı, çünki hamının ondan zəhləsi gedirdi. Sonra o, iki gün evdə xəstə yatdı. Qardaşı dedi ki, bəs sən niyə belə elədin? Dedim ki, o, məni birinci sinifdə döymüşdü. Soruşdu ki, bəs birinci kursda oxuyanda, dedim yox, birinci sinifdə oxuyanda. Dedi, 15 il ürəyində qalıb? Dedim, bəli, 15 il bu kin ürəyimdə qalıb. Hər bir insanın ürəyində kin olmalıdır. Kin olmasa, biz yaşaya bilmərik.

 

Biz heç zaman erməni ilə dost olmamışıq

Biz ermənidən intiqamımızı almalıyıq. O ki qaldı biz deyirik, erməni ilə dost olmuşuq, qardaş olmuşuq, yaxın olmuşuq, yalan söhbətdir. Biz dünya yaranan gündən bu günə heç vaxt erməni ilə dost olmamışıq. Bizə zorla yazdırıblar “Kür, Araz, Ararat”, “Qardaş olub Hayastan”, Haqverdiyevin “Dinarə qardaşlar”, Mirzə Cəlilin “Kamança”, Nəriman Nərimanov “Bahadır və Sona” – bunlar mənasız söhbətlərdir. Biz heç zaman erməni ilə dost olmamışıq. Dünyanın sonuna kimi də biz mübarizə aparacağıq. Bunlar Mesopotomiyadan, Hindistandan, İrandan – haradan gəldikləri bilinmir. Amma biz öz qisasımızı almalıyıq. Təsəvvür edin, mənim bu boyda başıma biabırçılıq gəlib, necə uda bilərəm bunu? Elmar Vəliyevə güllə atan Yunisdi-kimdi bilmirəm, o dəqiqə dedilər, onun anası ermənidir guya. Bu, çox qəribədir. Belə cəsarətli oğlansansa, bizim vəzifədə oturanların 70-80- faizinin anası, həyat yoldaşı ermənidir. Onlardan tut da, onlardan de. Yunisin kimi var? Allahın yazıq bəndəsidir.

– Elə çox erməni qarışığı olan var?

– Vəzifədə, bəli. Hamısı da vəzifədədirlər.

 

Heç bir nikbin proqnozum yoxdur

– Bir az pessimist notda bitirməyək. Gələcəyə dair nikbin proqnozunuz varmı?

– Heç bir nikbin proqnozum yoxdur. Sizdə var?

– Dedi “Ümid var gələcəyə, səs versək Elçibəyə”. Vaxtı Əbülfəz bəyin seçkisinin şüarı belə idi.

– Mən 1992-ci ildən bildim ki, mənasız söhbətdir bu. Aper ayının 14-də mən 40-45 dəqiqə söhbətim oldu, sonra qapını çırpıb çıxdım.

– O söhbətin nəticəsində bildiniz?

– Bəli.

– Bir gün o söhbəti də edərik, inşallah.

– Ehtiyac yoxdur o söhbətə. O söhbət mənimlə qəbirə kimi gedəcək.

– Mən təşəkkür edirəm. Çox mənalı, çox dərin bir müsahibə oldu. Yəqin ki, ölkə mətbuatında, bunun çox ciddi əks-sədası olacaq.

– Allah qoysa.

 

SON

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button