“Qaynar Qazan”da Kərəm Məmmədov: “Ölkə yiyəsiz, Bakı yetim qalmışdı!” – I hissə

Kərəm Məmmədov: “Gəmilərdən verdiyimiz fitlərlə insanları küçəyə çağırırdıq ki, Azərbaycan ölməyib, küçələrə çıxın!”

Xalqımızın başına gətirilən 20 Yanvar faciəsinin quruda olanlarını bilirik. Amma dənizdə – sularda baş verən möhtəşəm mübarizədən çoxlarımızın xəbəri yoxdur. Onlar 1990-cı ilin 20 Yanvar hadisələrində Xəzər dənizində iş başında olublar. Hadisələr başlayanda, insan cəsədlərindən dağlar qurulanda, Bakıdakı hökumət kimi qaçıb dağılışmayıblar, işin içindən çıxmaq üçün dərhal təşkilatlanıblar. 7 gəmi kapitanı bir araya gəlib “Kapitanlar Şurası” adlı bir qurum yaradıblar. Mətn tərtib edib bütün dünyaya yayıblar. Onlar Azərbaycanı əsl blokadadan çıxarıblar. Dünya ölkələri onların verdiyi “SOS!”la Azərbaycan xalqının gülləbaran olduğunu öyrəniblər.

Məmləkətin o ağır günlərində Moskvadan gələn cəllad qrupu ilə də onlar görüşüblər. Başqa kim vardı ki? Birinci katib yox, Baş nazir yox, nazirlər yox! Hamısı qaçıb dağılışmışdılar. Hətta Kərəm Məmmədov Elmira Qafarovanın yana-yana “deputatlar Ali Sovetin iclasına qatılmırlar” dediyini xatırlayır. Yazovun, Sidorovun, Lyaşenkovun, Bakatinin, Tyuqunovun qarşısına bu cəsur Azərbaycan oğulları çıxırlar. Sonuna qədər dirənirlər!

İlk bəyanat verən onlardır. Sovet hökumətinə bəlkə də ilk ultimatum verən də onlardır. Onlar “Şəhidlərin meyitlərini bizim cəsədimizin üzərindən keçərək dənizə ata bilərsiniz” deyib, mülki ola-ola hərbi Sovet gəmilərini yoxlamaq üçün onların içinə gedən və dünya hərb tarixinə qızıl hərflərlə yazılan qəhrəman dənizçilərdir həm də. Onlar “Bakıdan rədd olub getməsəniz, “Qaraşəhər”i yandıracağıq” deyib qırğının qarşısını saxlayanlardır. Onlar əlləri hər yerdən üzüləndə “Biz Tarana gedəcəyik!” deyə yazovların şirin yuxularına haram qatan Ər oğullardır. Sabah gülləbaran olduqlarını bildikləri halda belə, 100 gəmidən tək bir qorxağın olmadığı dənizçi cəngavərləridir onlar! Bizim – Azərbaycan xalqının qürur, şərəf və ləyaqət rəmzləri!

Bu dənizçilərin göstərdikəri rəşadət dünyanın başqa hansı ölkəsində olsaydı, indi bütün dünya bu qəhrəmanlıqlardan danışırdı. Amma bizdə dəli bir susqunluq var. Hətta ölkə əhalisinin bəzi kəsimlərinin bu mübarizədən xəbərləri belə yoxdur. Dünyanın hansı donanmasının bir gəmisinə 3.600 (!!!) mərmi dəysəydi, indi həmin gəmi bütün dünyanın ziyarət etdiyi bir müqəddəs muzeyə çevrilmişdi, amma bizim bəzi özünübilməzlər tez-tələsik bunu kəsib metolloma çevirib həzmi-rabedən keçirdilər. Bəli, nə qədər üzücü olsa da, bu millətin faciəsini də gəlirə çevirənlərin olduğu ölkənin sakinləriyik həm də…

Tariximizin 100 gəmisinin qəhrəman kapitanlarından biridir Kərəm Məmmədov. O, bu millətin tarixini sinəsində gəzdirənlərdəndir həm də. Yana-yana danışır. Amma onunla birlikdə, həmin 100 gəmi kapitanının hamısının döşündən “İstiqlal” və “Şöhrət” ordenləri asılmalıdır, çünki bu Vətənə Şöhrəti də, İstiqlalı da onlar gətirdilər.

“Qaynar Qazan”da Kərəm Məmmədovdur. 20 Yanvar hadisələrində Xəzər Dəniz Donanmasının gəmi kapitanlarından biri. O, millətimizin gerçək və bəzək-düzəksiz tarixindən danışır…

Əvəz Zeynallı

19-dan 20-nə keçən gecə bütün gəmilər ratsiya ilə bir-birlərinə xəbər verdilər ki…

DSC09789

– Salam, Kərəm müəllim.

– Salam.

– 26 il bundan əvvəl baş verən hadisə haqqında danışacağıq – 20 Yanvar faciəsindən. Qanlı yanvar günlərində Bakı buxtasında dənizçilərimizin göstərdikləri rəşadətdən, fəaliyyətdən danışacağıq. Amma mən bundan əvvəl o dövrün, o hadisələrdən əvvəlki dönəmin siyasi ab-havası barədə soruşmaq istəyirəm. 26 il əvvəl – indiki dövrlərdə ümumi vəziyyət necə idi? İstər quruda, istərsə də dənizdə… Həmin günləri necə xatırlayırsınız?

– Əvəz müəllim, 1988-89-cu illərdə Azərbaycanda xalq hərəkatı başlamışdı. Ermənilər, Qarabağda, Topxanada meşələri qırmağa başlamışdılar. Ağdamda bir gənc oğlanın ermənilər tərəfindən öldürülməsi, daha sonra jurnalist Salatın Əsgərovanın qətlə yetirilməsi Azərbaycan xalqı tərəfindən hiddətlə qarşılanmışdı. Bu hadisələrin fonunda Meydan hərəkatı, xalq hərəkatı başlamışdı. İnsanlar arasında ermənilərə qarşı nifrət getdikcə kəskinləşirdi. Sözsüz ki, biz dənizçilər də bütün bu hadisələrə biganə deyildik. Eyni zamanda dənizdə öz işimizlə məşğul idik. Yəni dənizçilərimiz – Xəzər Neft Donanma İdarəsi neft buruqlarına avadanlıq daşıyırdı. Hər dənizdən qayıdanda da ölkədə baş verən hadisələrlə maraqlanırdıq. Biz bir neçə dəfə meydanda – mitinqlərdə də iştirak eləmişdik.

– Yəni fəaliyyətinizlə yanaşı, həm də Xalq Hərəkatının içərisində idiniz…

– Bəli, həm də xalq hərəkatının içərisində idik. Hər şey 20 Yanvar hadisələrinə qədər bu istiqamətdə cərəyan etdi. 20 Yanvar hadisələri baş verəndə də demək olar ki, hamımız iş yerində idik. Kimi Neft buruqlarında, kimi Neft daşlarında, kimi “Çıraq 1”-də, “28 May”-da idi. Yəni bütün gəmilər orada işləyirdi. Ayın 19-dan 20-nə keçən gecə bütün gəmilər ratsiya ilə bir-birilərinə xəbər verdilər ki, “bəs, deməzsiniz, Sovet ordusu Bakıya soxulub. İnsanları da qanına qəltan eləyiblər.”

– Təxminən saat neçə radələrində idi?

– Axşam saat 21-22:00 arası idi.

Etiraz əlaməti olaraq, siqnal verməyə başladıq

– Belə çıxır ki, sizin hadisələr haqqında məlumatınız əvvəlcədən olub?

– Yox, əvvəl məlumatımız yox idi. Hadisələr baş verəndən sonra bizə xəbər çatdı ki, rus ordusu Bakıda qırğın törədib. Bu xəbərdən sonra istər-istəməz hamı evindən narahat oldu və dənizdən kənara çıxmaq istədi. İşləri dayandırdıq. Başa düşdük ki, əgər Bakıya qoşun yeridilibsə, demək nəsə olacaq. Ardınca da xəbər çatdı ki, “bəs, deməzsən, çox sayda qırğın var…”

– Gəmilər arasında xəbərləşmə necədir? Rahat danışmaq mümkündürmü?

– Rahat danışmaq olur. Hər gəminin özünün ratsiyası var, 16-cı kanal vasitəsilə bir-birimizlə əlaqə yaradıb, danışa bilirik. Bir gəmini 16-cı kanala çağırıb, onunla ayrılıqda danışmaq da olur. 16-cı kanal bütün gəmiləri birləşdirən ümumi kanaldır. O kanalla əlaqə saxlayıb, sonra 20-21-ci kanallara çağırmaq olur. 16-cı kanal bütün gəmilər üçün açıqdır. Elə bu kanalla da bütün gəmilər bir-birilərinə xəbər verdilər ki, Sovet qoşunları, tankları Bakıya girib, camaatı qırıb. Dənizdən Bakıya gəlməyə 8 saat vaxt var. O vaxt mən “Komsomolun 40 illiyi” adına gəmidə işləyirdim. Mən haradasa səhərə yaxın Bakıya çatdım.

– Ayın 20-də…

– Bəli, ayın 20-də səhər-səhər Bakıya çatdım. Bakıya çatanda dispetçer bizə bərəyə yaxınlaşmağa icazə vermədi. Mən də qarizontda görürəm ki, çox sayda gəmi buxtaya yaxınlaşır. Amma körpüyə yan almağa bizə icazə vermədilər. Çünki görünür, təhlükə var idi.

– Körpülər harada idi?

– Gəmilərin boşalıb, yükləndiyi yerlərdə körpülər var. Gəmiləri ora – limana yaxınlaşmağa qoymadılar. Bizə yenə xəbər çatdı ki, Prezident Aparatının qarşısında minlərlə insanı əsgərlər mühasirəyə alıblar. Sonra qərara gəldik ki, yanvarın 20-də səhər saat 8 radələrində Prezident Aparatına yaxın bulvara gəmiləri yaxınlaşdıraq və öyrənək ki, vəziyyət nə yerdədir. Oradan açıq-aydın gördük ki, axşamdan mitinqdə olan insanların hamısı tanklarla, BTR-lərlə mühasirəyə alınıblar. Bunu görəndən sonra etiraz əlaməti olaraq, hamı gəmidən siqnal verməyə başladı. Əsas işimiz də ondan sonra başladı. Nə edə bilərik? Etiraz əlaməti olaraq, siqnal verməyə başladıq. Səhər gördük ki, gəmilərdəki televizorların da yayımı dayandırıldı . Görünür, o vaxt televiziya blokunu dağıdandan sonra yayım dayanıb. Biz bunları sonradan bildik.  Kapitanlar ratsiya vasitəsilə məsləhətləşməyə başladılar ki, nə edə bilərik və nə etməliyik? Amma hamımız da bilirik ki, Bakıda qırğınlar var. Biz məlumatları dispetçerlər vasitəsilə almağa başladıq və bizə xəbər verdilər ki, qırğın çoxdur. Bəzi kapitanlar dedilər ki, gəlin əməlli-başlı bir iş görək, əlimizdən bir iş gəlsin.

– Ona qədər hələ təşkilatlanmamışdınız?

– Ona qədər gəmilər hələ dənizdən qayıtmamışdılar, axşama yaxın 100-dən artıq gəmi limana yan aldı. Hamısı da Bakı buxtasına gəlir. Gələnlər də yan-yana dayanır. Elə bu vaxt hərbçilər də maraqlandılar – QKF-nin dəniz hərbçiləri… Soruşmağa başladılar ki, niyə burada dayanmısınız, niyə siqnal verirsiniz? Başladılar bizimlə məzələnməyə…

– Onlar kimə tabe idilər?

– Hərbi flota… Bayılda da – indiki Bayraq Meydanının yerində onların böyük bazası var idi və bütün böyük hərbi gəmilər orada dayanırdı. Demək olmaz ki, 100 gəminin hamısının kapitanı səbirli, hövsələlidir. Bəziləri əsəbiləşirdi. Hamı narahat idi – bilmirlər kimi sağdır, kimi yox… Oradakıları təhqir etməyə başladılar.

7 kapitandan ibarət “Kapitanlar Şurası” yaratdıq

DSC09791

– Rus hərbçiləri idilər?

– Ruslar da var idi, amma aralarında ermənilər daha çox idilər. Bunları haradan bilirəm? Tədris vaxtı bizim onlarla əlaqəmiz olurdu. Hər zaman bizim gəmilərə mayorlar, podpolkovniklər, polkovniklər gələrdilər.  O zaman hələ Sovet hökuməti dağılmamışdı. Ona görə də ermənilərlə bizi təxribata çəkirdilər. Nəsə belə qərara gəldik ki, Kapitanlar Şurasının iclasını çağıraq. Hərbçilərlə bizim münasibətlərimiz də getdikcə pisləşirdi. Onlar bizə ultimatum verirdilər ki, sizi belə güllələyəcəyik, gəmiləri belə batıracağıq. Çıxın, gedin, niyə dayanmısınız? Arada belə söhbətlər var idi. Sonra ratsiya ilə yenidən müşavirə keçirdik.

– Siz dənizdən quruya çıxa bilmirdiniz?

– Çıxa bilmirdik. Bizim quru ilə əlaqəmiz “Sabit Orucov” adına sərnişin gəmisi vasitəsilə idi. Onun da kapitanı Mövlud Əliyev idi. O, rus dilində təmiz bildiyi üçün qərara gəldik ki, bizim adımızdan da o danışıqları aparsın. Belə də oldu. Bizim nə sözümüz vardı “Sabit Orucov” gəmisinə ötürürdük, onlar da QKF-yə, yəni hərbçilərə deyirdi, hərbçilər də ora, oradan da bizə cavab gəlirdi. Belə oldu ki, ümumi flotun iclasını ayaq üstündə keçirdik, yerli kapitan seçdilər.

– Həmin o “Sabit Orucov” gəmisində?

– Bəli, 7 kapitan seçdilər. O yeddi kapitanların içərisində mən də var idim. Belə oldu ki, bütün bu işləri, hərbçilərlə aradakı bu mübahisəni bu yeddi kapitanın rəyi ilə həyata keçirdik.

“Çiləkən-1” gəmisini gülləbaran elədilər!

desik

– Kərəm müəllim, detaldır, amma gəmidən-gəmiyə necə keçirdiniz?

– Gəmidən-gəmiyə yan alıb keçirdik. Gəmini gəmiyə yan alanda, port porta olanda, keçmək mümkündür… Bəli, axşama yaxın bir hərbçi gəmi gəldi dənizdən. O, bizim reyddə dayanan 100 gəminin aralarıyla gəldi. “Çiləkən”  adlı böyük bir gəmi vardı. “Çiləkən-1” – o gəmini güllə-baran elədi bu.

– 20-si günündən gedir söhbət?

– 20-si, axşamdır.

– Yəni heç bir danışıqsız oldu bu gülləbaran?

– Heç bir danışıqsız. Orada bir Nadejda adında rus aşçı var idi. Bu da mətbəxdə qab yuyur, yığırdı. Güllə onun yanından keçib, ona dəyməmişdi. Bizə xəbər verdilər ki, gülləni vuran keçən gəmi idi. Arvad rusca onlara ağzından gələni dedi. Sonra biz başladıq deməyə ki, “Bu nə hərəkətdir?” Dedi “nə hərəkətdir, bizim gedib-gəlməyimizə siz mane olursunuz. Burada dayanmayın.

– Kərəm müəllim, silahlı, hərbi gəmiydi?

– Bəli, hərbi gəmiydi, silahlı idi.

Şəhidlərin meyitlərini dənizə atmaq istəyirdilər

– Amma sizin silahınız yox idi?

– Bizdə nə silah ola bilər, heç nə. Bizim silahımız haradan ola bilər, əliyalın mülki donanmadır. Amma bunlar hərbçidirlər və tamamən silahlanıblar. Nə isə, ayın 20-dən 21-nə keçən gecə, bunlar bir neçə dəfə bizə güllə atdılar. Ancaq biz daha da mətinləşdik. Möhkəm, yerimizdə dayanmalı olduq. Dedik “görəsən, bu nə haqq-hesabdır? Nə istəyirlər bunlar? Bayırda durduqları azdır, bizdən nə istəyirlər?” Amma məcbur eləyirlər ki, gecə-gündüz gəmilər oradan keçsin. 21-nə keçən səhərisi xəbər gəldi ki, sahildə qırılan şəhidlərimizin hamısını Bayıla gətiriblər. Doğurdan da, biz gecə görürdük. BTR-lər sakit gəlirdi. Bütün şəhidləri gətirib yığıblar. Bizə xəbər verdilər ki, “siz möhkəm dayanın”. Ləhcəsi ya ləzgi idi, ya özü qəsdən elə deyirdi ki, tanımasınlar: “Uşaqlar möhkəm dayanın, şəhidləri gətirdilər, gəmilərin anbarlarına doldururlar, dənizə aparacaqlar.”

Bakı elə bil ki, doğrudan da yetim şəhər idi

– Yəni söhbət 20 Yanvar günü öldürülən insanların meyitlərindən gedir?

– Bəli. İndi onları yığıblar küçələrdən, gətirib gəmilərin anbarlarına yığırlar. Amma Əvəz müəllim, onu deyim ki, ayın 20-si də, gecə də, biz gecə-gündüz şəhərə baxırıq. Küçədə bir insan yox idi. Yalnız Bakının küçələrində BTR-lər, tanklar və hərbçilərdir. İnanın, mən yetimliklə böyümüşəm, bilirəm yetimlik nədir. Amma bu şəhərin yetim olmağı mənə çox təsir elədi. Bakı elə bil ki, doğrudan da yetim şəhər idi. Bir adam yox, bir maşın getmir, yiyəsi yox. Nəsə, biz tez ratsiya ilə xəbər verdik ki, “öldü var, döndü yoxdur, buradan o meyitlər bizim üstümüzdən getməlidir”.

– Yəni hadisələrin inkişafı sizi həm təşkilatlandırır, həm də sərtləşdirir.

– Həm də bizi elə bil, bir qüvvə onlara qarşı gücləndirir. Elə bil Allahın işidir, onlarla danışanda cəsarətlə danışırıq. Onlar da hərbçidirlər, bütün silah əllərindədir, bizdə heç nə yoxdur. Çox cəsarətlə döyüşürdük.

– Yəni hər dəqiqə güllələyə bilərlər…

– Bəli, hər dəqiqə güllələnmə ola bilər, hər dəqiqə. Tez biz qərara gəldik ki, o hərbçi hərbi gəmilərin qarşısını alsın. Bayılda, indiki “Bayraq Meydanı”na gedən bir nazik yol var, kanaldır, o kanalla gedib gəlirdilər.

– Yoldur elə bil ki, hə?

– Yoldur elə bil. Orada biz 2-3 dənə böyük gəmini saxladıq. Dedik, orada dayanın. O gəmilər oradan keçə bilmədilər. Hərbçilər bizə qarşı daha çox aqressivləşdilər. Dedilər, “o gəmiləri götürün buradan.” Biz açıq danışdıq, dedik, yox, götürməyəcəyik. Çünki meyitləri siz anbarlara yığmısınız. Hələ biz də bilmirik, onların başçıları kimdir? Ayın 21-də biz açıq danışdıq.

Heç kim bizi dəstəkləmədi…

– Kərəm müəllim, rəhbərliyiniz nə deyirdi? Sizin rəhbərliyiniz var idi. Donanmanın rəhbəri. Yəni sizin rəhbərlik də ölkəin rəhbərliyi kimi idi? Qorxan, qaçan? Yoxsa onlar sizi dəstəklədilərmi?

– Yox, yox, Əvəz müəllim. Heç kim bizi dəstəkləmədi. Bizim hələ nə rəhbərlikdən xəbərimiz var, ayın 21-dir, nə də rəhbərliyin bizdən xəbəri var. Bircə kəlmə onu deyim ki, Cəbrayıl Məmmədov var idi, çox yaxşı insanlardan biri idi. Bizim rəisimiz idi. O gəlir vağzala, görür ki, bütün pilot gəmiləri, hamısı buxtadadır. Həm də ürəyindən həmişə şikayəti var idi. Elə orada ürəyi tutur, onu maşınla aparırlar xəstəxanaya. Orada mənə Mövlud Əliyev – “Sabit Orucov” gəmisinin kapitanı dedi ki, “Kərəm, rəis səninlə danışmaq istəyir.” Mən gəldim, ratsiyanın qarşısına, sonra Mövlud dedi ki, “rəisin ürəti tutdu, gəlib apardılar”. Mən onunla danışa bilmədim.

– O, bu hadisədən sonra dünyasını dəyişdi, yoxsa?

– Yox, çox yaşadı ondan sonra. Allah rəhmət eləsin. Yaxşı oğlan idi.

– Yəni sizin bu hərəkətiniz ekspront alınmışdı, qəfildən, rəhbərliyin heç xəbəri yox idi?

– Hə, qəfildən alındı.

– Bir də baxdılar ki, bütün gəmilər Bakı buxtasındadır…

– Hə, bir də gördülər ki, hamı Bakı buxtasındadır. Sonra biz onlarla açıq danışdıq ki, “siz şəhidləri gəminin anbarlarına yığıb dənizə aparmaq istəyirsiniz”. Bu mübahisə ayın 21-i gecəsində şiddətləndi. Onlar istədilər 4 dənə gəmi dənizə getsin. Bizimlə başladılar danışmağa ki, biz növbəyə gedirik. Sonra dedik, olmayacaq. Dedilər ki, guya azərbaycanlılar dənizçilərin ailələrini qırırlar, öldürürlər, imkan vermirlər yaşamağa, biz də öz ailələrimizi aparırıq Mahaçqalaya.

– Hə, ruslar, ermənilər.

– Hə, ruslar, ermənilər – ailəmizi aparırıq. Onda biz belə qərara gəldik ki, yalnız 7 kapitanın qərarından bəhs edirik, o gedən gəmilərin anbarlarını biz yoxlayaq, görək nə aparırsınız. Bizim ağsaqqalımız Müzəffər Məmmədov idi “Babazadə” gəmisinin kapitanı. İndi onun haradasa 90 yaşı var. Həm də o bizim müəllimimiz hesab olunurdu o vaxt. O dedi ki, “uşaqlar, mən gedib yollayaram”. İndi təsəvvür edin ki, hərbi gəmini yoxlamağa mülki gəmi gedir.

– Bu, olmayan şeydir əslində.

– Olmayan şeydir. Biz artıq bilirik ki, Moskvadan, Mərkəzi Komitədən Admiral Sidorov gəlib oturub burada.

Tələb qoyduq: “Tarana gedəcəyik!”

DSC09792

– Həmin gəmidə?

– Yox, o idarədə oturub. O başçılıq edib. Ondan bildik ki, Sidorov elə-belə gəlməyib buraya. Müzəffər müəllim “Babazadə” gəmisi ilə yoxlamaq üçün hərbi gəmilərin içərisinə girdi. Bu zaman Müzəffər müəllim bizə ratsiya ilə xəbər verdi ki, “Babazadə” gəmisini mühasirəyə götürüblər. Bütün avtomatları gəmiyə sarı tuşlayıblar.  Ola bilsin ki, gəmini buraxmasınlar. Burada artıq biz başladıq tələbnamə yazmağa: “Əgər “Babazadə” gəmisini buraxmasanız, biz öz gəmilərimizlə tarana gedəcəyik.” Yəni o hərbçi gəmilərinin üstünə gedəcəyik. Bizim silahımız budur. Bundan başqa yol yoxdur. Nə isə, bunlar gördülər ki, doğrudan da biz hazırlıq görürük.

– Kərəm müəllim, taran nədir? Yəni gedib özünü vurmaq?

– Yəni gedib özünü vurmaq ora.

– Bir-birinə çırpılaraq məhv etmək. Tarana getmək?

– Onların gəmiləri, Əvəz müəllim, alüminiumdan idi. Çox yuxa dəmirləri var. Bizimkilər yük gəmiləridir. Bilirsən ki, əgər tarana getsən, vursan, batacaq onlar. Bunlar bizimlə belə qərara gəldilər ki, “Babazadə” gəmisini buraxsınlar. “Babazadə” gəmisi artıq oranı yoxlaya bilmədi, yoxlamağa qoymadılar.

– Mən onu soruşmaq istəyirəm, bax, o şəhidlərin aparılıb dənizə batırıldığı haqqında iddialar vardı, onu da qoymadılar. Yəni elə bir şey oldumu? Nə fikirləşirsiniz?

– Yox, mən sizə deyim ki, həmin ərəfədə bir gəmi çıxdı aradan. O birilərini buraxmadıq. Çox möhkəm dayanmışdıq. Ölməyə hazır idik, ancaq gəmini buraxmazdıq. “Babazadə” gəmisi geri gəldikdən sonra belə bir qərara gəldik ki, biz artıq onlara öz tələblərimizi qoymalıyıq. Bir neçə tələbimiz var idi. Tələb buydu ki, Sovet qoşunları təcili Bakıdan çıxmalıdır. Əgər çıxmasa, ayın 22-də biz, İşarə olaraq 1 gəmi yandıracağıq. Gəminin birini hazırlamışdıq.

– Hərbi gəmilərdən, yoxsa öz gəmilərinizdən?

– Yox, öz gəmilərimizdən. O vaxtı bizim-sizin yox idi. Onların hamısı Sovet hökumətinin mülkü idi. Biz tələbimizdə yazdıq ki, gəmilərdən birini yandıracağıq. Əgər qoşun çıxmasa, buna məhəl qoymasanız, Qara şəhər boyunca , o vaxtları neft rezervləri var idi, neft bazaları var idi, çoxlu zavodlar var idi, neftayırma zavodu var idi orada, bir neçə zavod yanyana, köhnə zavodlar idi. Dedik ki, biz bütün ora od vurub yandıracağıq. Bu tələbnamənin birincisini yazdıq Qorbaçovun adına. İkincisini ali Sovet sədri Elmira Qafarovanın adına. Üçüncüsünü yazdıq, Neftçi Qurbanın adına. O vaxtlar Neftçi Qurban həm SSRİ ali Sovetin deputatı idi, həm də “morneft”in rəisi idi. Biz də ona tabe idik. İdarənin özü ona tabe idi. Həm ona yazdıq, həm də Xalq Cəbhəsinə. Onların adına yazdıq, tələbnaməmizi göndərdik. Tələbnamə göndərəndə, 22-si axşam idi. Bakı komendantı o vaxt general Tyuqunov idi. Ondan bizə xəbər gəldi ki, siz hər şeyi dayandırın. Sizi qəbul edəcəklər. Yəni səhərisi – ayın 23-də bizə bir maşın verdilər. Birinci Ali Sovetə, Azərbaycan SRİ Ali Sovetinə gəldik.

Ölkə rəhbərliyi yox idi, Baş nazir, Daxili İşlər naziri qaçmışdı

sidorov

– Yəni ayın 23-nə qədər, dənizdəki dənizçilərin heç biri quruya enmədi.

– Yox. Burası da yadımdan çıxmamış sizə deyim ki, Əvəz müəllim, o vaxt artıq Azərbaycanda prezident yox idi. Qaçmışdı. Baş nazir yox idi. Daxili İşlər naziri yox idi. Ölkə yiyəsizdi. Təsəvvür edin ki, Rusiyadan tankerlər gəlir, bizdən icazə alırlar. Biz 7 kapitan qərar veririk, o tanker gəlsin, filan sahilə yol alsın. Biri gəlir deyir, suyumuz yoxdur, biri gəlir deyir, çörəyimiz yoxdur. Ölkə yoxdur, bunları idarə edən yoxdur, biz idarə edirik. O saat deyirik ki, filan yerə gəl, oradan su da götür, çörək də götür. Biz idarə edirik, təsəvvür edirsinizmi? İndi gör, biz görüşə gedirik. Ali Sovetə görüşə gedirik. Görüşdən sonra bizi Yazov qəbul edir.

– SSRİ-nin Daxili İşlər naziri Yazov…

– Bəli, Yazov da buradadır, oturubdur, danışacağam indi. Bizi qəbul edir admiral Sidorov. Bizi qəbul edir komendant Tyuqunov.

-Yəni Moskvadan gələnlər.

– Moskvadan gələnlər. Yazov oturub, bizim indiki nazir oturan yerdə.

– Müdafiə Nazirliyində?

– SSRİ Daxili İşlər naziri oturub, indiki bizim Daxili İşlər Nazirliyində.

– Daxili İşlər naziri də gəlmişdi?

– Hə, Bakatin. O da buradadır. Sidorov Bayılda oturub. Təsəvvür elə ki, respublikada heç kim yoxdur. Bu 7 kapitanı bunlar qəbul edirlər. Bizimlə razılaşırlar. Biz söz deyirik, onlar eşidir. Onlar bizə hədə-qorxu gəlir, biz deyirik, yox. Bir maşın verdilər. Biz 7 kapitan ağ bayraqla getdik Ali Sovetin binasına. Ali Sovetin binasına çatanda aşağıdan zəng elədilər Elmira Qafarovaya. Bizi təcili buraxdılar yuxarı. Təsəvvür elə ki, o Ali Sovetin birinci mərtəbəsi, bütün o pilləkənlər hamısı əsgərdir, yatırlar. Avtomatı büküblər qucaqlarına…

Ali Sovetin birinci mərtəbəsi, bütün o pilləkənlər hamısı əsgər dolu idi

– Ruslar?

– Ruslardır. Yatıblar. Üstlərindən tapdalaya-tapdalaya gedirsən. O qədər doludur. Biz 7 nəfər içəri girdik.

– Milli Məclisin birinci mərtəbəsində? Nə gəzirdilər oralarda?

– Bütün hər yeri alıblar. Bunlardan başqa yoxdur axı heç kim Bakıda. Biz küçəylə gedəndə, şəhidlər dəfn olunanda, o güllərdən başqa, küçədə heç kim yoxdur.

– Siz şəhidlər dəfn olunandan sonra getmişdiniz?

– Hə. Ayın 23-də getmişdik. Dəfn ayın 22-də oldu.

– Dəfni gördünüzmü?

– Biz dəfndə iştirak da elədik.

– Gəmilərlə?

– Yox, iştirakımız o oldu ki, gəmilərlə siqnal verdik.

– Meydanda iştirak eləmədiniz?

– Yox, iştirak eləmədik. Biz dənizdən qırağa çıxmırıq.

Tofiq İsmayılov ağlaya-ağlaya dedi ki…

DSC09794

– Siz gəmi siqnallarının səsi ilə dəfni müşayiət edirsiniz…

– Hə… Biz Ali Sovetə girəndə, Allah rəhmət eləsin, o zaman dövlət katibi olan Tofiq İsmayılov bizi qarşıladı. Əvəz, yadıma düşəndə də kövrəlirəm. Bizi qucaqladı, az qalırdı ağlaya. Qəhərlənə-qəhərlənə dedi ki, “Elimin qəhrəman oğlanları! Siz nə gözəl iş görmüsünüz”.

– Ölkədə müqavimət yox idi də…

– Yox idi. Heç kim müqavimət göstərmirdi. Biz gəmilərdən verdiyimiz fitlərlə insanları küçəyə çağırırdıq ki, Azərbaycan ölməyib, küçələrə çıxın. Gəlin, bu məmləkətə sahib çıxın. Bir nəfər də olsun yox idi. Dəfndən sonra insanlar küçələrə çıxmağa başladılar. Bəstəkar, millət vəkili Arif Məlikov da orada idi. Bir neftçi millət vəkili var idi – Əmənov. Sosialist Əməyi Qəhrəmanı idi. Bir qadın var idi Namazova, görünür, alim idi. Elmira Qafarova bizi qarşılayanda qara çarşabda idi. Bizə, “çox sağ olun, respublikaya nə girişimiz, nə də çıxışımız var”, – dedi. Yadımdan çıxdı, orada qeyd eləmədim. Biz ayın 20-də gecə bütün dünyaya “SOS!” siqnalı verdik.

– Elə onu soruşacaqdım. “SOS” siqnalı ilə siz bütün dünyanı bu hadisələrlə bağlı xəbərdar edə bildiniz?

– “SOS!” siqnalı veriləndə, bütün dünya gəmiləri onu götürür. Baltik dənizi, Qara dəniz götürür.

– Okeanlar da…

– Harada dəniz, okean varsa, oradakı gəmilərə “SOS!” siqnalı çatır. Gəmilərdə xüsusi siqnal var. “SOS!” veriləndə, o siqnal “SOS!”-u alır və şriftlərlə yazır.

– “SOS!”-u da Xəzər dəniz Donanmasının gəmiləri verdi…

– Hə, bizim gəmilərimiz verdi. Biz verdik, xarici gəmilər götürdülər. Özləri də cavab verdilər ki, yollar bağlıdır, biz sizə köməyə gələ bilmərik. Volqa buz bağlayıb, ona görə də gəmilərin Xəzərə girişi bağlanıb. Ondan artıq nə deyə bilərdilər ki, sadəcə mənəvi dəstək olduqlarını bildirdilər. Ancaq bir məsələ də ondadır ki, bu haqda bütün gəmilər öz ölkələrinə xəbər verirlər. “SOS!”-un da mətni bu idi ki, Sovet qoşunları Azərbaycana soxulub, yüzlərlə insan qanına qəltan edilib.

Biz olmasaydıq, qırğınlar 1 həftə davam edə bilərdi!

– Əslində informasiya blokadasını demək olar ki, siz qırmısınız…

– Hə. Bizdən yayıldı bu xəbər. Çünki Elmira Qafarova da bizə dedi ki, “artıq mənə zəng gəlir, Bakıda qırğınların olması ilə bağlı məlumatları var. Çox sağ olun ki, siz bunu dünyaya xəbər verdiniz”. Biz bunları elədik. Sonra orada çox sayda juralist başımıza yığıldı və müsahibə verdik. Həmin an Elmira Qafarovaya bir zəng gəldi. Dəstəyi Arif Məlikov götürdü. Dinləyəndən sonra, rus dilində dedi ki, “Əgər sizin əsgəriniz bir ektremisti tuta bilmirsə, onun bir köpük belə dəyəri yoxdur”. Dəstəyi asandan sonra Elmira Qafarova dedi ki, Yazov mənə zəng vurub deyir ki, Salyan kazarmasının yanında bir nəfər ekstremist dama çıxıb, oradan əsgərə güllə atır. Arif Məlikov da ona cavab verib ki, “sizin əsgəriniz bir ektremisti tuta bilmirsə, onun bir köpük belə dəyəri yoxdur”. Onda da dedi ki, bütün bunların hamısı təxribatdır və yalandan bizi təxribata çəkmək istəyirlər. Qırğın hələ ayın 23-nə qədər davam edirdi. Qarşılarına keçəni vururdular.  Yanvarın 23-də Sumqayıt yolunda bir neçə alimimizi vurdular.  BTR-lə maşınlarının üstündən keçdilər. Bunu da yadımdan çıxmamış deyim ki, mümkündür ki, əgər biz olmasaydıq, onlar qarşılarına çıxanları bir həftə qıracaqdılar.

Ultimatum: “Qırğınlar dayandırılmasa, “Qaraşəhər”i yandıracağıq!”

lyashenko-vi

– Maraqlı fikirdir.

– Bizim gəmilərin verdiyi siqnallardan, “SOS!” xəbərdarlığından bütün dünya xəbər tutdu. Sonra biz onlara xəbər verdik ki, əgər qırğınları dayandırmasalar, “Qaraşəhər”i yandıracağıq. Çaş-baş qaldılar. Gördülər ki, əgər bunlar planlarını axıradək həyata keçirsələr, bütün dünyada biabır olacaqlar. Ona görə də qırğını saxladılar. Sonra Elmira Qafarova dedi ki, Yazov sizin nümayəndə heyətini gözləyir, getməlisiniz. Tofiq İsmayılovla belə məsləhət oldu ki, kapitanlardan bir neçəsi də admiral Sidorovun qəbuluna getsin. O zaman iki hissəyə bölündük və  bir hissəmiz Yazovla, digər hissəmiz Sidorovla görüşə getdik.

– Tələblərinizi Elmira Qafarovaya dedinizmi?

– Dedik. Özü də o, tələbləri bizimlə görüşməzdən əvvəl almışdı.

– Ümumiyyətlə, Elmira Qaafarova sizi müdafiə eləmək üçün qəbul etmişdi?

– Müdafiə eləmək üçün yox… Biz orada da dedik, tələbnamədə də yazmışdıq ki, əgər tələblərimiz nəzərə alınmasa, bir gəmini yandıracağıq.

Elmira Qafarova dedi ki: “Deputatlar qorxularından Ali Sovetin iclaslarına gəlmirlər”

– Qorxmuşdular, eləmi?

– Ondan qorxmuşdu, bir də bizə dedi ki, “Xahiş edirəm, bu tələbnamələrinizi saxlayın. Biz Ali Sovetin fövqəladə sessiyasını keçirəcəyik. Sizin o tələbnaməniz bizim işimizə mane ola bilər.” Orada belə bir ifadə də işlətdi ki, deputatlar qorxularından Ali Sovetin iclaslarına gəlmirlər. Neçə dəfə çağırmışıq, gözləyirik, gələn yoxdur”. 4 nəfər deputatdan başqa orada heç kim yox idi. Sonra biz iki hissəyə bölündük. Bir hissəmiz Yazovla, digər hissəmiz Sidorovla görüşə getdik. Mən Sidorovla görüşə gedən nümayəndə heyətinin tərkibində idim. “Babazadə” gəmisinin kapitanı Müzəffər Əliyevin başçılığı ilə də bir qrup Yazovun qəbuluna getdi. Görüşəndə Yazov deyib ki, “niyə siqnal verirsiniz, qoymursunuz yatmağa…” O da çox cəsarətlə ona dedi ki, “Siz bura yatmağa gəlibsiniz?” Qrupun tərkibində kimlər var idi? Müzəffər Əliyev, Müzəffər Məmmədov, Tofiq İsmayılov, Allahşükür Paşazadə, bir də Arif Məlikov. Onlar Yazovla görüşdülər. Yazovun yanında olub Bakatin, Bakı Hərbi Dəniz donanmasının başçısı admiral Lyaşenko və bir neçə general.

– Müdafiə Nazirlinin binasında görüşüblər?

– Hə. Respublikada bu səviyyədə görüşməyə heç kim yoxdur. Bizimlə görüşürlər.

– Respublikanın Baş naziri, birinci katibi harada idi?

– Qaçmışdılar. İndi görürsünüzmü nə qədər nazir, Baş nazir var? Eninə-boluna da danışırlar. Biz isə Sidorovla görüşə getdik. Sidorov, iki metrə yaxın boyu olan nəhəng bir adam idi. İçəri girəndə dedi ki, “Sizin hamınızı güllələyəcəm”.

– Belə, açıq da dedi…

– Elə belə də dedi. “Bu nə haqq-hesabdır, gəmi qabağı kəsirsiniz? Siz kimsiniz?”

– Görünür, özləri də təəcübləniblər. Onlar böyük bir nökər kütləsi gözləyiblər, kimin başına nə oyun açacaqlarsa, heç kim də heç nə deməsin. Amma müqavimətlə qarşılaşıblar.

– Hə. Biz ora gedəndə İdarənin rəisi Hacı Gülağa da orada idi, o mənə işarə elədi ki, səni mən tanıyıram, dilini özündə saxla. O deyəndə ki, niyə ora yığışmısınız, mən də ona dedim ki, “A vı poçemu suda prişli?”, – “Siz niyə bura gəlmisiniz?”. Bunu deyəndə yanımdakılar ayağımı basdılar ki, “Ə, bir dayan görək. Hələ buradan sağ-salamat çıxacağıq, yoxsa yox”. Nəsə, Əvəz müəllim, orada bizi çox dilə tutdular. Dedik, “Yox, getməyəcəyik”.

I hissənin sonu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button