“Qaynar Qazan”da krımlı Yelena Yurçenko: “Rusiya bizim uşaqlarımızdan kölə düzəldir”

Yelena Yurçenko: “Krım hər bir rusiyalı üçün çəkilməz yükə çevrilib”

Helsinkidə görüşdüyümüz jurnalistlərdən biri də ukraynalı Yelena Yurçenko idi. Yelena Krımdan, Kerç yarımadasından Kiyevə sığınmışdı və rusların Krımda törətdiklərinin canlı şahidlərindən biri idi. Biz onu da danışdırmağa qərar verdik və “Qaynar Qazan”da qonaq etdik. Yelena Krımın, rusların Krımda törətdiklərinin təsvirini və izahını bu xırda müsahibədə o qədər gözəl verir ki, adamın tam təsəvvürü yaranır. Görünür, ruslar dəyişmir. Onlar əsrlərdir regionda, o cümlədən Azərbaycanda etdiklərini, görünür, Ukraynada da edirlər və rus diplomatıyasının I Pyotrdan gələn xarakteri dəyişmir ki dəyişmir. Yelena danışdıqca, rusların ADR hökumətini bir ultimatumla alt-üst etdiklərini, sonra Sovetlər boyu bu millətin başında necə turp əkdiklərini, sonra əsrin sonunda Milli Azadlıq Hərəkatı boyunca başımıza hansı oynular gətirdiklərini xatırlayırdım. Elə indi Krımda olunanlar bizdə də eynilə təkrar olunmurmu? Rusun barmağını görməyənlərmi var?

Yelena Helsinkidə də çox fəal idi. Bu səmimi, bir az da Türk xanımlarını xatırladan xanım Ukrayna üçün, Krım üçün, Kerç üçün əlindən gələni edir, təbliğat aparır, səsini mümkün qədər duyurmağa çalışır, çıxışlarında, danışıqlarında bəzən hətta qəhərlənirdi. Krımdan danışanda elə bil balasından danışırdı Yelena. O qədər həssas yəni.

3 gün eyni oteldə – Arturda, yanaşı otaqlarda qaldıq. Elə müsahibə üçün də otağımıza təşrif buyurmuşdu. Yelenanı orada da ruslar – rusistiqamətli telekanallar, onların muzdlu mirzələri təqib edirdi. Toplantılarda danışanda mütləq Rusiyanın mirzələri onun dediklərinə cavab verirdi. Hiss olunurdu ki, Yelena doğruları danışır və onun danışıqlarından rəsmi Rusiya hökuməti narahatdır. Məhz o səbəbdən də Rusiyanın “Zvezda” kanalı orada idi. Bütün gücləri ilə canfəşanlıq edirdilər.

Bəlkə bir az da bu səbəbdəndi ki, bizim qrup Yelenanı dəstəkləyir, onunla həmrəyliyini bildirirdi. Bütün tədbirlərdə bir yerdə olduq. Müsahibə təklifimizi də məmnuniyyətlə qəbul elədi və ölkəsini bizə təqdim elədi.

Siz, əziz “Qaynar Qazan” Oxucu-tamaşaçıları, bu müsahibə ilə Ukraynada, Krımda nələrin baş verdiyini daha yaxından biləcəksiniz. Qonağımız Kiyevdə fəaliyyət göstərən “Azadlıq” radiosunun “Krım Reali” layihəsinin icraçı redaktoru Yelena Yurçenkodur…

Əvəz Zeynallı

Rusiya əvvəlcə mülki geyimli təxribatçıları göndərdi

DSC00178

– “Qaynar Qazan”a xoş gəlmisiniz, Yelena Yurçenko. Özünüzü təqdim edin.

– Çox sağ olun. Mən “Azadlıq” radiosunun “Krım Reali” layihəsinin icraçı redaktoru kimi çalışıram. Bu sayt, məxsusi olaraq Krım sakinləri və beynəlxalq ictimaiyyət üçün nəzərdə tutulub. Biz işğal olunmuş Krımda baş verənlər haqqında danışırıq. Sayt üç dildə – rus, Ukrayna və Krım-tatar dillərində yayımlanır.

– Orada hadisələr necə başladı?

– Hadisələr kifayət qədər tez inkişaf etdi. Biz hadisələrin daxilində olanda heç də həmişə əslində nə baş verdiyi haqqında özümüzə hesabat verə bilmirdik. Hər şey 2014-cü il fevralın sonlarında başladı. Guya Krımda keçiriləcək referendumdan bir qədər əvvəl… Fevralın sonunda Krıma Rusiya Federasiyasından insanlar gəlməyə başladı. Onları avtobuslarda gətirirdilər.

– Hərbçilər idilər?

– Onların arasında həm hərbçilər, həm də mülki insanlar var idi. Hərbçiləri dərhal Simferopola gətirdilər ki, onlar sonradan Krımda Ali Radanın işğal olunmasında iştirak edə bilsinlər. Mülki insanlar şəhərin kənarında yerləşdirildi və kütləvi qarışıqlıqlar zamanı onlar özlərini yerli əhali kimi göstərməyə başladılar. Rusiyanın tərəfini saxlamağa başladılar, bayraqları cırdılar. Bizim üçün bu, gözlənilməz idi. Biz bunu gözləmirdik.

– Siz o zaman orada idiniz, orada yaşayırdınız?

– Bəli, mən krımlıyam. Kerçdə doğulub boya-başa çatmışam. Qəhrəman şəhər Kerç Krımın cənub nöqtəsində yerləşir. Məhz orada Krım və limanlarını birləşdirən Kerç keçidi yerləşir. Ataman limanından Kerçə gəmilər gəlir. Həmin gəmilərdə Rusiyadan ilk dəfə hərbçilər, tanklar, BTR-lər gəldi. Krıma məhz mənim şəhərim vasitəsilə daxil ola bildilər.

Heç milis də onu nə gözlədiyini bilmirdi

– Orada qarşıdurmalar oldu?

– Bizim şəhərdə, bəli. Bizim şəhərdə qarşıdurmalar oldu. Ukraynanın bütövlüyü və Avropanı seçməsi münasibətilə keçirilən Ukraynaya dəstək mitinqlərində mitinq iştirakçılarına zor tətbiq edildi. Həmin gəlmə insanlar iştirakçılara çiy yumurta atmaqla onları tribunadan aşırırdılar. Səhnəyə yaxın olan insanları təpiklə döyürdülər. Onları hətta milis də qoruya bilmirdi. Çünki orada çox aqressiv yüklənmiş insanlar var idi və onlar çox idilər. Milis də onların öhdəsindən gələ bilmirdi. Demək istəyirəm ki, heç milis də onu nə gözlədiyini bilmirdi. Çünki bizi buna hazırlamamışdılar. Bizi şəhəri daxildən işğal edəcəkləri ilə bağlı hazırlamamışdılar. Elə bir görüntü var idi. Yəni mitinqlərin birində, şəhərin mərkəzi küçəsində bir kütlə gözlənilmədən Kerç şəhərinin bayrağını sökməyə başladı. Onlar sadə adamlardı və milis onların qarşısını almaq üçün canlı sipər oldu. Həmin adamlar açıq dedilər ki, “qan düşəcək”. Bununla da milisi hədələdilər. O zaman bu, qarşıdurmaların başlanğıcı oldu. Biz baş verənlərdən şoka düşmüşdük. Çünki bu hadisələrə qədər biz müəyyən sivil qaydalar əsasında yaşamışdıq. Elə şeylər var idi ki, onu etmək qəbulolunmaz idi. Bayraqları sökmək olmazdı, insanları düşüncələrinə görə meydanda təpikləmək olmazdı. Milisi hədələmək olmazdı. Bəli, o zaman bizdə heç də ölkədəkindən yaxşı vəziyyət deyildi. Yanukoviç hakimiyyəti totalitar idi. Bizlərin çoxu üçün sadə deyildi. Lakin elə şeylər var idi ki, onlar yolverilməz idi. Birdən hər şey dağılmağa başladı – bütün sədlər dağıdıldı, bütün qadağalar götürüldü. Bu, ən qorxulusu idi. Biz aqressiv, cəzasızlıqdan sərxoş olan insan kütlələri ilə qarşı-qarşıya qaldıq. Onlar gecələr küçələrdə gəzir, binalardan bayraqları sökürdülər. O zaman biz dərk elədik ki, vərdiş etdiyimiz dünya artıq dağılıb və çətin ki, biz onu bir daha yenidən görək.

– Siz Krımdan necə çıxdınız? Ruslar sizi qovdular?

– Məni birbaşa qovmadılar. Amma məni şəhər, yumşaq desək, özündən itələdi. Bu, elə bir məqam idi ki, işarələri oxumaq lazım gəlirdi. Mənə elə gəlir ki, onları düzgün oxudum. Mən yerli redaksiyanın rəhbəri olaraq çalışırdım. Və mən şəhəri yaxşı tanıyırdım, insanları yaxşı tanıyırdım, məmurları yaxşı tanıyırdım. Müstəqil redaksiyalarda vəziyyət necə olur? İnsanların bir problemi olanda jurnalistlərə yaxınlaşırlar. Övladlarının müalicəsi üçün pul vəsaitinə ehtiyacları olanda yenə də jurnalistlərin yanına gəlirlər. Məmurlarla və yaxud da milislə problemləri yarananda da jurnalistlərə yaxınlaşırlar. Biz də hamıya kömək etməyə çalışırdıq. Referendum baş verəndən sonra ictimaiyyət arasında da parçalanma baş verdi. Bəziləri arasında təbliğat aparıldı, bəziləri ümumiyyətlə, baş verənlərdən qorxdular, bəziləri isə çox tez düşmənin səfinə keçdilər.

– Ruslar gəlirdilər, eləmi?..

– Bəli… Bizim nə vaxtsa kömək etdiyimiz insanlar redaksiyaya gəlməyə, bizi küçədə gözləməyə başladılar. Onlar gözlərimizin içinə baxıb dərk etməyə çalışırdılar ki, biz kimin tərəfindəyik. Bu, çox qorxunc idi. Çünki mən heç vaxt düşünməmişdim ki, çoxdan tanıdığım insanlar belə şeyləri soruşa bilərlər. Bu, bir siqnal idi. Mən başa düşdüm. Hamı bilir, hamı yaxşı bilir ki, mən kiməm, nə düşünürəm.

– Kerçin nə qədər əhalisi var?

– Kerç böyüklüyünə görə Krımda 3-cü şəhərdir. 160 min nəfərə yaxın əhalisi var.

– Əsasən, Krım tatarlarıdır, yoxsa ruslardır?

– Bəli, orada krım tatarları da yaşayrlar. Lakin orada Krım-tatar icması Baxçasarayda, Beloqorskda, Sudakda, Semferopoldakından azdır. Bizim şəhər Kerç yarımadasında yerləşir. Bu, bir yarımada içində olan yarımadadır. Kerç nəhəng sənaye-liman şəhəridir. Burada əsasən gəmiçilər, metallurqlar, fəhlələr, balıqçılar çoxluq təşkil edirlər.

– Hər şey necə baş verdi? Necə oldu ki, siz Kiyevə gəldiniz?

– Referendum keçiriləndən sonra mən başa düşdüm ki, artıq müstəqil, öz düçüncələri, öz vətəndaş mövqeyi olan jurnalist olaraq fəaliyyət göstərə bilməyəcəyəm və işdən azad olundum. Yay başlayana qədər Krımda yaşamağa davam etdim. Birincisi, mənim kiçik oğlum birinci sinifi bitirirdi və mən sənədləri götürmək üçün gözləməli idim. Amma başa düşürdüm ki, orada uzun müddət qala bilmərəm. Çünki Rusiya vətəndaşlığından da imtina etmişdim. Bu, kifayət qədər çətin qərar idi, yaxınlarım bu qərarı verməkdən məni çəkindirməyə çalışırdılar. Onlar bilmirdilər ki, mən gedəcəm.

– Hazırda yaxınlarınız orada, Kerçdə yaşayırlar?

– Bəli.

– Onlara qarşı təzyiq yoxdur ki?

– Düşünürəm ki, olacaq. Və mən işdən azad olunandan sonra “Azadlıq-Svoboda” radiosu üçün psevdonim adlar altında materiallar hazırlamağa başladım. Mən Krımda baş verənlərlə bağlı onlara yazmağa başladım. Yayın əvvəllərində oradan köçməyə başlayanda redaksiya dərhal mənə redaktor vəzifəsini təklif etdi. Biz ehtiyatla köçməyə başladıq. Qorxmuşduq.

Vəziyyət o qədər vəhşiləşmişdi ki…

evez yelena yurchenko ile

– 2014-cü ildə?..

– Bəli. Biz bilmirdik ki, bizi yolda saxlayacaqlar, kim saxlayacaq, niyə saxlayacaq? Vəziyyət o qədər vəhşiləşmişdi, o qədər vərdiş etmədiyimiz hala gəlib çıxmışdı ki, təcrübəmiz yox idi, heç kimin, o cümlədən də bizim… Hər gün sizin Vətəninizi əlinizdən almırlar və sizin torpaqlara yadellilər gəlirlər. Biz bilmirdik nə baş verəcək, bu insanlar özlərini necə aparacaqlar? Biz çox istəyirdik ki, gedək, amma biz açıq getməkdən qorxurduq. Belə deyək, hədsiz rəsmiyyətlə köçə bilmirdik. Ona görə də çox uzatmadıq. Özümüzlə çox əşya götürmədik. Biz evin qapılarını bağladıq və 3 çemodanla yola çıxdıq. Bu, bizim evdən özümüzlə götürə biləcək əşyalarımız idi – bir neçə uşaq və böyük əşyası və sevimli mətbəx bıçaqları… Yəqin ki, evdar xanımlar məni başa düşərlər…  Noutbook və fotoaparat – bizim iş avadanlığımız… Bu qədər… Biz gedirdik, amma harada yaşayacağımızı bilmirdik. Biz hətta qaçqın düşərgəsində yaşamağa da özümüzü hazırlamışdıq. Amma bizimki gətirdi və ev tuta bildik. İndiyədək də Kiyevdə yaşayırıq.

– Qaçqın kimi?

– Bəli.

Ukraynada senzura yoxdur, oliqarxiyanın hansısa əməlləri var…

– Ukraynada hazırda müstəqil mətbuat hansı vəziyyətdədir?

– Əvvəlkindən dəfələrlə yaxşıdır. Birmənalı olaraq… Mən deyə bilərəm ki, biz müstəqil mətbu orqan olaraq – heç bir məmurun və ya hansısa oliqarxın nəzarətində olmadan münaqişənin üzərində olmağa çalışırıq. Ona görə ki, daha müstəqil şəkildə Ukraynada və Krımda baş verən hadisələri işıqlandıra bilək. Bu, bizə Ukraynadakı və yarımadadakı vəziyyəti analiz etmək üçün imkan verir. Onu deyə bilərəm ki, hakimiyyət tərəfindən məxsusi senzura görmürəm. Birmənalı olaraq senzuranın elementlərini deyil, telekanalları və başqa qurumları olan oliqarxların hansısa lobbiçi əməlləri ilə qarşılaşırıq. Rusiyaya nisbətdə Ukraynada mətbuat tamamilə hakimiyyətin nəzarətində olmasa da, müxtəlif maraq sferalarına bölünürlər.

– Müstəqilləri varmı?

– Bəli, müstəqillər var. Maraqlıdır ki, ləyaqət inqilabından sonra təkcə yenilənmiş redaksiyalar yaranmadı, həm də könüllü, vətəndaş birlikləri yarandı ki, qismən də olsa, KİV-in bəzi funksiyalarını üzərlərinə götürdülər. Bunları müşahidə etmək çox maraqlıdır. Ona görə ki, bu adamlar məlumatı hiss etdikləri və gördükləri kimi çatdırmağa çalışırlar. Elə təşkilatlar da çoxdur ki, Krımla, Donbassla, köçkünlərlə, anti-terror əməliyyatlarında iştirak edən döyüşçülərlə, həmçinin vaxtilə döyüşən sonradan isə cəmiyyətə inteqrasiya olunan döyüşçülərlə bağlı sferalarda işlər aparırlar. Media bu şəraitdə inkişaf edir və ayağa durmağa çalışır. Düzdür, onların bir çoxu uşaq kimidir, ayağa durmaqda çətinlkik çəkirlər. Böyük hisslər, hansısa işləri görmək üçün böyük həvəsləri var, amma tarazlığı qorumaq üçün haradasa təcrübələri, haradasa anlayışları yoxdur. Amma bununla da maraqlıdırlar. Müşahidələrimiz unikaldır. Mən yalan danışmış olaram, əgər desəm ki, Krımdakı bütün nəşrlər Kremlin nəzarəti altındadır. Bu, belə deyil. Krımı işğal edəndən sonra təbii olaraq orada yerli nəşrlər, redaksiyalar, saytlar, telekanallar çalışırdılar. Problem nədədir – Rusiya Krıma gələn kimi ilk olaraq, bütün yerli nəşrləri yenidən qeydiyyatdan keçirməyə başladı. Bu yenidən qeydiyyataalmadan heç də hamı keçmədi. Bu, ilk filtr idi ki, onlar ələmək istədiklərini ələdilər. 10-a yaxın redaksiya bunun nəticəsi olaraq yarışmanı tərk etdilər. Bunlar nəhəng, ciddi layihələr idilər ki, həqiqətən də ciddi təhlükə idilər – onların geniş auditoriyası vardı, etibarı vardı, yaxşı resursları, yaxşı adları vardı. Təbii ki, onlardan “xilas oldular”. Yerli saytlar qaldılar. O adamların bir çoxu düzgün işləməyə çalışdılar. Onlar deməli olduqlarını deyə bilməsələr də, heç olmasa manipulyasiya etməməyə və yalan danışmamağa çalışırlar. Onlar balaca, lokal nəşrin funksiyalarını düzgün yerinə yetirməyə, insanlara onların şəhərlərində baş verən hadisələrlə bağlı düzgün məlumat verməyə çalışırlar. Lakin yenə də onlar nəzarət altındadırlar. O planda ki, yenə də demək istədiklərini deyə, yazmaq istədiklərini yaza bilmirlər. Çünki buna görə onları izləyə bilərlər. Mən belə bir hadisə haqqında məlumatlıyam ki, jurnalistə və onun rəhbərliyinə zaman-zaman FTB-nun kuratorları danışıq aparmağa gəlir. Bu danışıqlarda heç bir hədə yoxdur, heç bir deklorasiyaya salınmış öhdəliklər yoxdur ki, kim nə ilə məşğul olmalıdır. Bunlar sadəcə söhbətlərdir. Amma hamı hər şeyi yaxşı başa düşür. Kuratorluğu başa düşür, nəzarəti başa düşür və təhlükəni başa düşür. Bu, ona işarədir ki, insanlar nəzarət altındadırlar. Elə nəşrlər var ki, Rusiyanın tərəfinə keçib və təbliğat xarakterli məlumatlar yayırlar. Onların xəbərləri manipulyasiya olunur, Ukraynaya qarşı ritorikaları aqressivdir. Mən tanıdığım həmkarlarımın bir hissəsi belə nəşrlərdə çalışır. Elə nəşrlər də var ki, sıfırdan yaradılıb. Yarımadada, hazırkı Rusiyanın hakimiyyəti altında… Məsələn, Krım-Tatar İctimai Televiziyası var. Bu, tam şəkildə Rusiya hakimiyyətinin nəzarəti altında olan bir kanaldır. O, məxsusi olaraq ona görə yaradılıb ki, Rusiya və dünya ictimai birliyinə göstərsin ki, Krımda Krım tatarları ilə bağlı problem yoxdur. Krım-tatar dili və mədəniyyətilə bağlı da problem yoxdur, hətta bütöv bir telekanal da fəaliyyət göstərir. Ora əsasən əməkdaş olaraq tələbələr götürülüblər. Nə işlə məşğul olduqlarını dərk etməyən uşaqlarla işləyirlər. İnsanlar onlara baxmırlar. Onları dinləmirlər. Xüsusilə də, hansı auditoriya üçün nəzərdə tutulubsa – Krım tatarları onlarla ümumi heç nə əldə etmək istəmirlər.

Krım hər bir rusiyalı üçün çəkilməz yükə çevrilib

– Necə fikirləşirsiniz, bundan sonra nə olacaq?

– Krımın işğalına gəlincə, mən inanıram ki, Ukrayna yarımada üzərindəki nəzarəti ələ alacaq. Hansı müddətə bunun baş verəcəyini indi heç kəs söyləyə bilməz. Amma mən hesab edirəm ki, söhbət yaxın gələcəkdən gedir. Hesab edirəm ki, sanksiyalar da bu məsələdə rol oynayacaq. Birmənalı olaraq… Mən görürəm ki, Ruiyaya da çətindir. Regionlarda problemlər yaranmağa başlayıb. Pul çatmır, resurs çatmır. Krım hər bir rusiyalı üçün çəkilməz yükə çevrilib, təəssüf ki… Onlar indi bunun haqqını öz ciblərindən ödəyirlər. Başqa bir məsələ… Mən hesab edirəm ki, biz Krımı qaytara biləcəyik. Ən əsası isə, düşünürəm ki, biz Krımı hərbi yolla qaytarmayacağıq. Bu, həmin məsələdir ki, onun haqqında Krım-tatarların liderləri, Ukrayna siyasətçiləri danışırlar ki, praktiki olaraq bu məsələnin hərbi yolla həlli yoxdur. Hətta əgər Rusiya tərəfi bizi buna yönləndirsə, çətin ki, buna gedək. Problem nədədir? Rusiya indi aktiv çəkildə Krımı öz vətəndaşları ilə doldurur. Rusiyadan çox adam yarımadaya gəlib. Onları işə dəvət edirlər, dövlət strukturlarına gətirirlər. İdarəetməyə, rəhbər vəzifələrə gətirirlər. İnsanlar ailələri ilə gəlirlər. Daşınmaz mülkiyyət alırlar. Bu, sonradan çətin sual yaradacaq ki, bütün bunlarla nə etsinlər. Uşaqlara çətin olacaq. Başa düşürsünüzmü, mən bilmirəm, qocalara ağır olacaqmı, ola bilsin ki, mən dəhşətli şey deyəcəyəm, bu, məni daha az narahat edir. Məni uşaqlarla orada edilənlər vahimələndirir. Çünki məktəblərdə, ali təhsil müəssisələrində çox aqressiv təbliğat aparılır.

Sovet İttifaqının ritorikasını qaytarırlar

SAM_0312

– Ukraynaya qarşı?

– Bəli, Ukraynaya qarşı… Dünya ictimaiyyətinə qarşı… Avropa və ABŞ siyasətinə qarşı…  Bilirsinizmi, Sovet İttifaqının ritorikasını qaytarırlar. Mən görürəm ki, onlar nə edirlər, onlar dəmir pərdəliklər hazırlayırlar. Kreml bunu etməmiş, onların özləri öz ətraflarında bunu edirlər. Bu, dəhşətdir. Onlar dərk edərək uşaqların dünyagörüşlərini azdırırlar, onları qorxudurlar. Bu, çox pisdir. Çünki etibar etmədən, bilmədən, görmədən azad insan olmaq olmaz. Baxın, onlar bunu edirlər. Onlar bizim uşaqlarımızdan kölə düzəldirlər.

– Təşəkkür edirəm.

– Buyurun.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button