“Qaynar Qazan”da Sahib Kərimli (III sonuncu hissə): “…Əli Kərimli çox ağıllı siyasətçidir”

Sahib Kərimli: “Sistemi dəyişmək üçün radikal şüarlardan imtina eləmək lazımdır”

 

Sahib Kərimli uzun müddət – təxminən bir neçə aydır, “Qaynar Qazan”a çıxmaq, müsahibə vermək istəyirdi. Həm sırada planlaşdırdığım müsahiblərim vardı, həm də açığı, onun nə danışacağı məni maraqlandırırdı. Axı bütün hallarda “Qaynar Qazan”ın formatı çox fərqlidir və burada bir çox hallarda mən özüm belə istədiyim kimi hərəkət edə bilmirəm. O baxımdan, gözləməyi qərara aldım. Bu haqda zaman-zaman Sahib Kərimli ilə də danışdıq. Zaman-zaman yazışdıq və nəhayət, ötən həftəyə qərarlaşdırdıq ki, görüşək.

“Qaynar Qazan”da qonaq dəvət etdiyim adamlar da ciddi müzakirələrdən keçirlər. Dalbadal dəvət olunan qonaqlara da artıq diqqət etməli oluruq. 2-3 qonaq ard-arda AXCP-yə, ya da Əli Kərimliyə yaxın oldularmı, dostlarımız bizi onlara yaxın bilir, elə təqdim etməyə çalışırlar. Ya da tərsinə, hansısa partiyaya yaxın kimsə gəldimi, oluruq onların adamı. Hətta artıq sosial şəbəkələrdə bizim xüsusi yazanlarımız var, nə ediriksə, bir əmma tapa bilirlər. Ona görə də, Sahib Kərimliyə xüsusi diqqət edəsi olduq. Hiss olunurdu ki, Sahib Kərimli AXCP və Əli Kərimlidən danışacaq.

Elə də oldu. Tam kəskin olmasa da, Sahib Kərimli AXCP və Əli Kərimli ilə bir növ hesablaşmağa gəlib “Qaynar Qazan”a. Özü də məhz buradan – “Qaynar Qazan”dan böyük siyasətə qayıtmağı planlaşdırıb. Bu haqda açıqca söylədi də. İndiyə qədər yaşadığı sürgün həyatından Azərbaycanın qaynar siyasi gündəminə qayıdan, ya da onu planlaşdıran Sahib Kərimli bunu “Qaynar Qazan”ın yaratdığı imkanla elan etdi və mənim gümanım odur ki, Sahib Kərimli AXCP-də Əli Kərimli ilə hesablaşmağa qayıdır.

Sahibi içəridən – həbsxanadan tanıyıram. Onunla bir neçə dəfə Kürdəxanının “boks”larında görüşmüşük. Bu haqda “Selcanın məmləkəti”-“Həbsxana gündəlikləri”ndə də məqamlar var. Yəni onun xarakterli adam olduğunu bilirəm. Ancaq bu, siyasətdir. Hələ Sahib Kərimlinin uzun-uzun hakimiyyətə yaxın adamlarla müzakirələr apardığını dilə gətirməsi və o haqda danışması göstərir ki, Sahib Kərimli bu mübarizədə tək olmayacaq. Oyun görünən odur ki, bir komanda oyunudur. Nə deyək, qaydasında və kurallara uyğun oynayan qazansın.

Beləliklə, “Qaynar Qazan”ın 35-ci qonağı AXCP sədrliyinə keçmiş namizəd və keçmiş vicdan məhbusu Sahib Kərimlidir. Onu eşidək…

Əvəz Zeynallı

16924179_1324879324240405_1317665360_n

I hissəni buradan oxuya bilərsiniz: http://strateq.az/manshet/144700/sahib-k%C9%99rimli-axcp-dosyesini-acir.html (Sahib Kərimli AXCP dosyesini açır:“Niyə Əli Kərimliyə qarşı çıxıram?”-VİDEO)

 

I hissəni buradan oxuya bilərsiniz: http://strateq.az/manshet/145593/axcp-uzvu-sahib-k%C9%99rimli-yen%C9%99-oz-s%C9%99drini-sucladi.html (AXCP üzvü Sahib Kərimli yenə öz sədrini suçladı:“Əli Kərimli İlham Əliyevə qarşı heç bir mübarizə aparmır” – VİDEO)

 

III sonuncu hissə

 

Milli Şura sessiyasını niyə çağırmadı?

16900006_1324881554240182_987524888_n

– Yeri gəlmişkən, İlham Əliyevlə bağlı da suallar var. Onları oxuyum, həm də o ətrafda cavablar verin. Şəhriyar Səmədov deyir: “Ötən il “Yeni Müsavat” qəzetinə verdiyi müsahibəsində bildirmişdi ki, İlham Əliyevin xarici əlaqələri çox genişdir və prezident beynəlxalq siyasətin oyun qaydalarını yaxşı bilir. Sahib bəyin özündən bu haqda daha geniş məlumat almaq daha maraqlı olardı. Necə düşünür, İlham Əliyevin üstünlüyü nədədir?” Yeri gəlmişkən, “Yeni Müsavat”la bağlı sizə bir ittiham mənasına gələn sual var. Məhərrəm Rza yazır: “Necə özünüzə rəva gördünüz ki, Milli Şuranın sentyabr mitinqi ərəfəsində hökumətin “Yeni Müsavat” qəzetinə müsahibə verib, Rauf Arifoğlunun antimitinq təbliğatında siz də yer aldınız?” Emil Cəfərlinin də sualı var: “2013-cü ildə prezident seçkiləri günü Sahib bəy Şəkidə olub gedişatı izləməli idi. Həmin gün günorta vaxtı Mingəçevirə niyə gəlmişdi?” İlham Qurbanov yazır: “İlham Əliyevi rüşvətxor və korrupsioner sayırsnızmı?” Bayaq dediyiniz məsələyə gəlir. “Və Sahib bəy, indiki hakimiyyətə qarşı alternativ qüvvə kimi kimləri görürsünüz? Mənim fikrim özümə aydındır. Sizin fikrinizi bilmək istəyirəm”. Bunu da Kənan Əliyev soruşdu.

– Elə “Yeni Müsavat”dakı müsahibədən başlayaq. Nə baş verirdi? Referendum. Doğrumu? Hakimiyyət referenduma ciddi antidemokratik dəyişikliklər təklif elədi və siyasi hakimiyyət bunu hansı formada formalaşdırmaq üçün gələcək perspektiv olaraq görür, onun əsaslarını yaradır. Bu prosesi gördünüz. İndi mən soruşuram. Konstitusiya dəyişir. Çox ciddi hadisədir. Normalda xüsusən bir başqa siyasətçilər olmaqla hər kəsi çox ciddi təsirləndirən, heyrətləndirən və toparlanmasına səbəb olan proses baş verir. Doğrumu? Normalda belə baş verməlidir. Verdimi? Məsələn, Azərbaycan müxalifəti bir masa arxasına otura bildimi? Kim-kiminlə müzakirələrdə nə baş verir? Yenə mübarizə özəlləşdi, eləmi? Hələ də birgə mitinq eləyə bilmədilər, doğrumu? Eləyə bilmədilər. Özəlləşdi. Qəhrəmanları yarandı. Mən də deyirəm ki, bu qəhrəmanlıq həmin dönəmdə… ən əvvəl mitinq müraciətilə bağlı mən bayaq dedim ki, bu imitasiyadır. Mitinqin imitasiya olunması mitinq təklifinin müzakirəsi dönəmində aydın idi. Çünki niyə? Bu ölkənin geniş potensialını sən bir yerə səfərbər eləyib, ictimai müzakirə keçirmədin ki, mənim ölkəmdə Ana Yasa (red. – Konstitusiya) dəyişilir. O olmadı. Bu Milli Şura ətrafına cəmləşdi, Milli Şura da sessiyanı çağırmadı. Yaxşı bu Milli Şura, bu boyda ad… Bu Milli Şura – əgər ölkədə Ana Yasa dəyişdirilirsə, o zaman bunun sessiyası çağırılmırsa, nə zaman çağırılacaq? Mən də Milli Şuranın üzvüyəm. Sessiya çağırılmadan, daha geniş spektrdə heç müzakirə getmədən mitinq qərarı qəbul olunur. Çox kiçik bir qurumda. Deyək ki, Koordinasiya Şurasında. Mən də müsahibəmdə deyirəm ki, bu qərar, bu mübarizə imitasiyadır. Niyə deyirəm? Doğrudan da imitasiyadır. Mən bunu əsaslandırıram. Bu Ana Yasa dəyişikliyi geniş müzakirə tələb edən bir məsələdir də… Amma sən onu geniş müzakirə eləmirsən. Çox məhdud çevrədə qərar verirsən. Hökumət mitinqə icazə versə, mitinq olacaq, verməsə, mitinq olmayacaq. Hökumıtin o dönəmdə müəyyən narahatçılıqları var idi. Araşdırdılar, öyrəndilər. Qərb ölkələrinin səfirlikləri də referendum dönəmində tamamilə hökumətlə əməkdaşlıq içində idi. Bu prosesə ciddi dəstək verirdi. ABŞ səfirinin açıq dəstəyi ortada idi. Mitinq qərarının verilməsi, proses imitasiya idi. Söz hamının xatirinə deyilir və bu söz mənim Milli Şuradan çıxarılmağıma səbəb oldu. Amma mən nə yazmışdım? Yazmışdım ki, imitasiya olmasaydı, məsələn, daha geniş çevrədə oturub bunu müzakirə etmək olardı. Ən azı, Milli Şuranın sessiyası çağırılmalı idi. Mitinq müzakirəsi olmalı idi və bu zamana qədər mitinq üçün yerlə bağlı müraciəti necə edirdik? Əgər verilməyəcəyi təqdirdə biz icazəsiz mitinq edəcəyik. Hökumət bu cür sətiraltı təhdid olunmalı idi. Amma bunlar olmadan verilən qərardır. İndi mitinqə icazə verilən kimi həmən götürüb yazdım ki, çox uğurlu bir addımdır. Cəmiyyətin əlinə keçən ciddi fürsətdir. Hər kəsin potensialı ortaya çıxacaq. Baxaq, biz cəmiyyəti nə dərəcədə maarifləndirmişik? Bu ölkənin QHT sektoruna milyonlarla, yüz milyonlarla qrant verilir ki, bu cəmiyyəti maarifləndirsin. Baxaq, bizim cəmiyyət nə qədər maariflənib?

 

2 milyard qrant hara gedib?

16933679_1324879754240362_2033106451_n

– Onlar da öz vəzifələrini yerinə yetirməyiblər də… Belə çıxır…

– Təbii ki… beynəlxalq donor təşkilatlarından 2 milyarddan çox pul Azərbaycanın hökumət və qeyri-hökumət təşkilatlarına qrant ayrılıb.

– Hara gedib o pul?

– Biz onun yüzdə onunu hesablasaq ki, – hələ mən az deyirəm – müxalifət və peyk QHT sektoruna gəlib, söhbət 200 milyonun üzərində vəsaitdən gedir. Ölkədə də 70-80 rayon var. Bakının rayonlarını da bölsək, 80 rayon. Belə çıxır ki, hər rayona ümumi götürəndə, kobud bölgüdə 2-3 milyon maarifləndirmə üçün pul ayrılıb. Yaxşı bu 3 milyon, hər rayonda bir nəfər vətəndaş cəmiyyətinin nümayəndəsini yarada bilməyib? İki məsələ ortaya çıxır – ya cəmiyyətimizin potensialı çox aşağıdır…

– Bu versiya düzgün deyil, məncə, cəmiyyətimizin potensialı çox yuxarıdır.

– Bəli, plyus 3 milyon ciddi bir vəsait…

– Ya da pullar yoxdur.

– Yoxdur. O pullar yoxdur…

– Əslində, QHT-yə gələn pulları hökumət yox, cəmiyyətin özü axtarmalıdır ki, hanı o pullar? Hanı maarifləndirmək üçün gələn o pullar?

– Ən çox da kim axtarmalıdır? Baxın, hökumət neft pullarının 100-də 60-nı korrupsiyaya uğratmış ola bilər, amma müxalifət, ətrafındakı peyk QHT-lər vətəndaş cəmiyyətinin maarifləndirilməsi üçün, cəmiyyətin maarifləndirilməsi üçün daha ülvi işə… Neftdə müxtəlif oyunlar var, qurursan, dövlətlərin təminatı var, qara bazar var, bonuslar var, çeşidli siyasi manevrlər var, səni rahat satmağa qoymayanlar var. Bir az haradasa haqq əldə eləmək olar ki, bu işə əziyyət çəkirsən. Burada, qardaş, maarifləndirmək, müqəddəs iş üçün verilən vəsait oğurlanıb. Bunun yükü daha ağırdır. Bunun məsuliyyəti daha ağırdır. Nəticədə nə baş verib? Cəmiyyət təhsilsiz qalıb, ziyalısız qalıb, maariflənmədən məhrum olub. Nəticədə nə baş verib? Müqavimət yoxdur. Həmin Vətəndaş cəmiyyətinin üzərinə hökumət gedən kimi nə baş verdi? Heç birini müdafiə edəcək bir qurum yaranmadı. Ortaya etkili fəaliyyət çıxmadı. Heç bir sahədəki maarifçiliklə bağlı. Bunun ümumi prosedurlarını aparan xüsusi hərəkat yaranmadı. Fədailər yaranmadı. Kimsə ülvi fəaliyyətlə məşğul olduğuna görə maarifçilik çox belə… ülvi hisslərdir də… Amma biz görmədik ki, kimdənsə ötəri bir insan fədakarlıq eləsin. Hara oldu bu pullar? Niyə oğurlandı? Bu resurslar cəmiyyətə fayda verməli idi, hara getdi?

 

Bu repressiya üsulundan hakimiyyət imtina eləməlidir

16900004_1324881587573512_256559665_n

– Siz siyasi məhbusları artıq müdafiə eləmirsiniz? Belə çıxır…

– Bilirsinizmi, biz bütün resursları… Mən təbii ki, siyasi məhbusları müdafiə edirəm. AXCP-dən olan və digər siyasi məhbuslar məsələsində təbii ki hökumət bu üzünü çevirməlidir. Bu repressiya üsulundan hakimiyyət imtina eləməlidir. Yəni bu repressiya işləri durdurmayacaq. Ölkədə çox ağır situasiya var. Dövlət idarəetməsində kilidlənmə var. Dövlət hakimiyyətinə ciddi sabotaj var, plyus əhalinin gəlirləri aşağı düşüb. Plyus qonşu dövlətlər ciddi strukturlaşma ilə məşğuldur. Ölkə ağır proseslər mərhələsinə daxil olur. Bu mərhələdə milli qüvvələrə ehtiyac var. Əslində, imkan tanınmalıdır ki, milli qüvvələr mərkəzləşsin, güclənsin, dövləti qorusunlar. Burada milli qüvvələrin üzərinə ciddi rol düşür. Azərbaycan müxalifətinin ciddi problemi də odur ki, biz resurslarımızı zaman-zaman ayrı-ayrı qurumların, xarici ölkələrin sanki xidmətinə verdik və bizi də heç zaman qəbul eləmədilər. Bu da var.

– Bir sual da müxalifətlə bağlı verim. Artıq son suallara gəlirəm. Seymur Hüseyn soruşur: “Siz Arif bəyi Müsavat partiyasının legitim başqanı hesab edirsinizmi?”

– Bütün hallarda, Arif bəy Müsavat partiyasında 3 namizədin iştirakı ilə keçirilmiş, seçkiyəqədərki qurultay prosesində, konfranslarda həmən namizədlərin bütün bölgələrdə yerli müsavatçılarla görüşünə əngəl yaradılmamış, nəticədə sonuncu qurultayda gizli, üstəgəl medianın, kameranın və digər müşahidəçilərlə sayılma prosesi izlənilən prosesin nəticəsində Müsavat partiyasının başqanı seçilib. Alternativlərin heç biri – nə Qubad İbadoğlu, nə Tural Abbaslı Arif Hacılını saxta seçkilə, səslərin sayılması və s. problemlərlə bağlı ittiham etməyib. Tamam, müəyyən proseslər, konfranslar…

– Niyə ki? Hər ikisi seçkilərin saxtalaşdırıldığını iddia edir.

– Yox, konkret olaraq, səslərin sayılması ilə bağlı elə bir ciddi iddia mən eşitməmişəm.

– Elə sayla da bağlı iddialar var.

– Mən eşitməmişəm.

– Siz Arif Hacılını legitim başqan hesab edirsiniz?

– Bəli, bəli..

– Amma mən sizdən bir şey soruşum. Bayaq dediniz ki, mən Əli Kərimliyə 2018-ci ilə qədər vaxt vermişəm. Amma buna baxmayaraq, məni təşkilat sıralarından çıxarmaq istəyir…

– Bəli, bəli…

– …Bu, necə demokratik ola bilər? Arif Hacılı ilə bütün alternativ namizədliyini verənlərin hamısı partiyadan qovulub, ya çıxarılıb, ya da çıxıblar. Fərq varmı?

– Yox. Baxır, məsələyə hansı nöqtədən baxırsan. Arif Hacılı Müsavat başqanı olaraq legitim başqandır. Amma onun kimisə partiyadan çıxarılması ilə bağlı fəaliyyəti, siyasi iradəsi onu antidemokratik olmaqda və s…

– Legitim başqan eləyə bilər, deyirsiniz.

– Onun legitimliyini şübhə altına almır. Çünki Azərbaycan müxalifətində partiyadaxili ənənələr yoxdur. Ümumiyyətlə, demoktratiya ənənələri yoxdur, üstəgəl partiyadaxili demokratiya ənənələri yoxdur. Bu saat da biz onun problemlərini yaşayırıq. Amma Müsavat partiyasının haqqını vermək lazımdır. Bu ölkədə partiyadaxili demokratiyanın elementlərini göstərmə baxımından, yeniliklər etmə baxımından lokomotiv fəaliyyətləri var. Hələ yan strukturları işlətmək…

 

Gizli səsvermə tələbim top-tüfənglə qarşılandı

16901756_1324879707573700_1206614252_n

– Daxili seçki…

– Bəli, daxili seçki. Bizdə qurultay prosesində mənim gizli səsvermə tələbim…

– Onu soruşacaqdım.

– Mənim gizli səsvermə tələbim top-tüfənglə qarşılanıb. Lap qarşılansın, kimsə söysün ki, “sənin məqsədin odur, gizli səsverməni buna görə edirsən…” Amma cəmiyyət o qədər zəifdir ki, müxalifətin liderliyinə iddia eləyən Əli Kərimli, hakimiyyəti daim seçki saxtakarlığı etməkdə ittiham eləyən Əli Kərimli öz partiyasında partiyanın sədri üçün keçirilən seçkilərin gizlinlik tələbinin üzərinə gedir, ona dəstək vermir. Amma cəmiyyətdən normalda qorxmalıdır. Niyə? Çünki Venesiya Komissiyasının təkliflərində var ki, seçkinin gizliliyi əsas şərtdir.

– Bir partiyanın qurultayı necə açıq səsvermə yolu ilə keçirilə bilər ki, ümumiyyətlə? Yəni onun özü absurddur.

– Məsələ ümumi baxımdan da, siyasi baxımdan da, demokratik baxımdan da absurddur. Bu, aydındır. Bu məsələdə məni üzən, məni narahat edən, məsələn, cəmiyyətin həssasiyyətidir. Cəmiyyət həssas deyil deyə, zatən hakimiyyət məmurları da özlərini bu cür aparır, partiya sədrləri də özlərini bu cür aparır. Yəni o “obuvatel”lə deyək, ictimai fəal kütlə ilə, intellekt və ya çevik siyasətçi arasında bu qədər uçurum yaranır. Problem bundadır.

– Mən belə bir şey hiss edirəm. Ümumiyyətlə, suallardan da hiss edirəm ki, cəbhəçilərin özlərində belə bir qənaət hakim olub ki, Sahib Kərimli onsuz da Əli Kərimlini uda bilməyəcəyini bilirdi. Nə üçün namizədliyini verirdi. Yəni bir danışıqmı var? Hakimiyyətlə bir sövdələşməmi var? Əli Kərimlini bir devirmə planımı var?

– Bacarıq və vərdişləri biz nə cür əldə eləyirik? Nə deyirik? Siyasi partiyalar ictimai institutdur, deyirik. İdarəetməni harada öyrənəcəksən? İnstitutda…

– Yəni deyirsiniz ki, “mən uduzsam da, normal qaydalarda uduzmaq istəyirəm”. Eləmi deyirsiniz?

– Təbii ki…

– Və ondan sonra da normal fəaliyyətinizi davam etdirmək niyyətindəsiniz.

– Bəli. Mən bir dinamizm, yenilik gətirirəm. Məsələyə alternativ baxış gətirirəm.

– Partiyaya fərqli həyəcan gəlir…

– Həyəcan da gəlir. Bəlkə sədr də toparlanır ki, əsaslı bir tənqid var, çatışmazlığını düzəldir və yaxud əlavə resursa ehtiyac olur, nəticədə cəmiyyətdən yeni potensial cəlb olunur. Bütün hallarda dinamizim yaranır.  Bu sualların içində var. Bunu gətirib, Razi Nurullayev prosesinə bağlamaq və məni öyrənmədən, nə dediyimə insanların qulaq asmasına imkan vermədən – çünki resurslar məhduddur da… Mən indi resurs əldə eləyirəm. Bax, görürsünüz, indi tamaşaçı üçün bəlkə dağınıq danışıram, amma fürsət düşüb, zaman az olsa da, çalışıram maksimum fikirlərimi ifadə eləyim. Mən yenilik gətirirəm, dinamizm gətirirəm…

– Yəni deyirsiniz ki, mən yenilik gətirirəm, onu qiymətləndirməkdənsə, məni Razi Nurullayevlə bərabər səviyyədə qiymətləndirirlər? Bunu sizə qarşı haqsızlıq kimi qiymətləndirirsiniz?

– Təbii… İndi Razi Nurullayevdən…

 

Əli Kərimli çox ağıllı siyasətçidir

sahib

– Razi Nurullayevlə bağlı suallar da var. Məhəmməd Əliyev yazır: “Necə Razi Nurullayevlə bir yerdə olduğunuz halda, onunla birlikdə hərəkət etmədiniz? Yoxsa Razi Nurullayevlə “sədr”lik məsələsində razılaşmadınız?” İmanlı Məhəmməd soruşur: “Əvəz bəy, sizi və qonağınızı salamlayıram. Sualım isə belədir. Sahib bəy özlüyündə qısqanclıq edibmi ki, hökumətin yaratdığı AXCP layihəsinin başında Razi Nurullayev yox, məhz o olmalı idi? Buna görə qəzəblidirmi hökumətə?” Sualda təbii ki, bir ironiya var. İsmayıl Azadəliyevin başqa sualları da var idi, bilmirəm hamısını verə bildimmi? O yazır: “Razi Nurullayevi və onun fəaliyyətini necə qiymətləndirir?” Ümumiyyətlə, maraqlıdır ki, niyə onunla bir yerdə adınız hallanır? İlkin Razi Nurullayev prosesində bir yerdə idinizmi?

– Razi Nurullayev 2008-ci ildə birbaşa partiyaya sədr müavini gətiriləndən, Rəyasət Heyətinə üzv seçiləndən, 2008-2009-cu illərdə də mən AXCP-yə müşavir kimi dəvət olunandan Rəyasət Heyətinin bəzi iclaslarında iştirak eləyirdim, 2010-cu ildən də mütəmadi iştirak edirdim. Allah qapısını açsın, həmişə Fuad Qəhrəmanlı ilə bizim Rəyasət Heyətinin iclaslarında Razi Nurullayevin aşırı fikirlərinə etiraz edirdik. Əli bəy haqqında xoş sözlər işlədiləndə biz özümüz üçün… Məsələn, Razi Nurullayevin QHT fəaliyyəti hər kəsin gözünün qabağında idi. Bu ölkədə illərdir biz siyasətlə məşğuluq. Biz bilirik ki, bu ölkədə hansı resurslar var, hansı strukturlar var. Kimlər hara ilə işləyir, kimlər hara ilə əməkdaşlıq eləyir. Bütün hallarda bizim müəyyən bilgilərimiz, zarafatlarımız var və bu, siyasətdir. Elə şeylər var, onlar bilinir, amma danışılmır. Əli Kərimlinin həmişə ətrafındakı hökumət adamlarından xəbəri olub. Əli Kərimli çox ağıllı siyasətçidir.

– Əli Kərimli bilirdi ki, Razi Nurullayev hökumətə işləyir?

– Bilirsiniz, ondan xeyli qabaq Xədicə İsmayıl yazmışdı ki, bütün partiyalarda hökumətlə əlaqələr üzrə sədr müavini var. AXCP-də də Razi Nurullayevdir.

– Bu cür açıq yazmışdı?

– Bəli, bəli… Xeyli qabaq. Uzun zamandır müzakirələr gedirdi… Nəsə, sözüm onda yox. Demək istədiyim odur ki, ayırmaq lazımdır da. Bir var, bu partiyada yetişmiş, illərini partiyaya sərf eləmiş, nə dediyini bilən, ardıcıl olan, fikirlərində kəsilməyən, bugünkü ifadələrini normal məntiqlə çürüdə bilmədiyin mənim alternativ baxışım, – gəlin çürüdək bir-birimizin arqumentlərimizi: idarəetmə ilə bağlı, qüsurlarla bağlı – bir də var dünənə kimi Əli Kərimli haqqında ən xoş sözləri deyə-deyə gəlib, birdən-birə partiyadan uzaqlaşıb, sədrin sərəncamı ilə müavinlikdən çıxır, partiyadan özü istefa verir, bir müddət sonra deyir, etimad qurultayı yaradıram. Və prosesə qayıdırsa, təbii ki, hökumət layihəsi olduğu ortadadır.

– Siz bu prosesin heç bir yerində yoxsunuz, yoxsa harasındasa varsınız? Konkret onu deyin.

– Konkret deyim. Razi Nurullayev illərdir… AXCP-də – 2010-cu ildən bu proseslər başladı və son 5 ildə saatlarla Ayna Sultanovanın heykəlinin yanında Fuad Qəhrəmanlı ilə gəzə-gəzə söhbət eləyib. Mənimlə, Seymur Həzi ilə söhbət eləyib. Asif Yusifli ilə söhbət eləyib. Məhəmməd Talıblı ilə söhbət eləyib. Razi Nurullayev İlham Hüseynli ilə söhbət eləyib. Hamı ilə söhbət eləyib. Hansısa formada sətiraltı kimlərəsə, nələrsə deyilib. Hamı bir siyasi prosesin içində olub. Mən bayaq nə dedim?

 

Hökumət adamları ilə danışıram…

16924259_1324881677573503_526816940_n

– Bu prosesdən sonramı deyirsiniz?

– İllər ərzində bu prosesdən daha aktiv surətdə hər kəs bir şeyləri müzakirə eləyir. Amma kim gedib özünün siyasi iddialarını, baxışlarını partiya üçün, idarəetmə üçün fəaliyyətlərini, cəmiyyət üçün məqsədlərini, tutaq ki, Razi Nurullayevin də üzv olduğu bir projenin əsiri eləsin. Kim ona razılaşar ki? Tamam. Mən iddia eləmirəm ki, hökumət adamları ilə danışmıram. Danışaram. Danışıram da. Amma həmişə hədəfim nə ola bilər? Cəmiyyət. Dedim, axı. Övladlarım məsələsi var.

– Rəsul Mürsəlov yazır: “AXCP sədri olsaydı, mübarizə metoduna nə kimi yenilik gətirərdi və ya hansı mübarizə yolu olmalıdır ki, diktaturaya qalib gəlmək mümkün olsun? AXCP rəhbərliyinin idqrəetməsində tənqid edəcəyi nəsə varmı?” Dəyanət Babayev də maraqlı bir sual soruşub: “Sahib Kərimli, sizcə bundan sonra Əli Kərimli neçə seçki yola verməlidir ki, sədrlikdən könüllü getsin. Hakimiyyət atadan oğula ötürülən kimi, AXCP-də də bu gedişlə bu proses təkrarlana bilərmi?”

– Bir kərə gətirəcəyim ən böyük yenilik…

– …Maşallah, Türkel də artıq inkişaf eləyir, Konqresdə görüşlər keçirir. Dəyanətin sualı mənim yadıma həm də onun fəaliyyətini saldı. Əslində, niyə də olmasın ki?

– Yəni normal rəqabət mühiti olsa, demokratiyanın bütün elementləri işləsə, hüququn bütün elementləri işləsə, keçsin. Hər yerdə hakimiyyət atadan oğula keçsin. Orada əgər demokratiya, azad seçki olacaqsa, problem deyil. Amma söhbət ondan gedir ki, mən iddialı olmaqla, ilk növbədə əslində səlahiyyətlərimi bölüşərdim. Qərarlar kollegial qəbul olunmalıdır. Sən birləşdirici olmalısan. Bayaq qeyd elədim. Bütün hallarda sən dövlətin bütün mümkün potensialı ilə təmasa keçməyi bacarmalısan. Açılım eləməlisən. “Mən partiya sədriyəm”. “Mənəm lider”, “mən əvəzləyəcəm, sabah prezident mən olacam” – bu cür mesajlar verməklə parçalayırsan. Başqa iddialılar da var. Cəmiyyətin resursları parçalanır. Nəticədə faydalı iş olmur. Nəticədə birləşmə olmur. İkincisi də, şərtlər var. Hər şeyi sadələşdirmək lazım da deyil. Mürəkkəbləşdirmək də lazım deyil. Aydın təsəvvürlər var da… Biz çox kiçik bir ölkəyik. Bizdə hakimiyyət dəyişikliyi və bunu bütövlükdə “xalqın iradəsi” deyə belə bir iddia ilə çıxış eləməyimiz tamamən yanlış olar. Azərbaycanda çoxlu maraqlar var, geopolitik maraqlar var, region maraqları var. Qonşularımızda bu cür ölkələr var. İndi nələr baş verir? Dünənə kimi Qərbin resursları ölkədə vətəndaş cəmiyyəti ilə, siyasi partiyalarla işləyirdi. Rusiyanın və İranın resursları, hakimiyyətlə əməkdaşlıq içində onları sıradan çıxarırdı. Bu gün tərsinədir, fərqlidir. İranın da resursları, Rusiyanın da resursları içəridə təşkilatlanmaqdadır. Siyasətə investisiya qoymağa, siyasi təşkilatlar yaratmağa, mədəni təsirləri siyasi təsirlərə çevirməyə cəhdlər eləyirlər.

– Deyə və nümunə göstərə bilərsinizmi ki, bu gün Rusiyanın əlamətləri hansı partiyalarda var, İrankimilərin əlamətləri hansı partiyalarda var?

– Konkret olaraq, partiya və hərəkatlara deyək ki…

– Siz siyasətə sərmayə qoyuluşundan danışırsınız. Rusiya kimə sərmayə qoyur? İran kimə sərmayə qoyur? Bunu demək mümkündürmü?

– Bir kərə bu ölkədə biz nələrin baş verdiyini bilirik, görürük. Amma mən bir araşdırmaçı jurnalist də deyiləm, mən bir siyasətçiyəm. Mənim görəvim mesajları verməkdir. Prosesi bilən, müşahidə eləyən hər kəs, ağıllı təbəqə nədən söhbət getdiyini anlayır. Mənim siyasətçi kimi məsuliyyətim var. Amma iki məsuliyyətim var. Cəmiyyət zərər görməməlidir, bunu nəzərə almalıyam. Dövlət həssasiyyətlərini də nəzərə almalıyam. Fərdi həssasiyyətlərimi də nəzərə almalıyam. Bütün mənalarda mən mesajlarımı çox aydın verməliyəm, təhlükələri sadalamalıyam. Bilgimi, bildiklərimi cəmiyyətə bu şəkildə sunmalıyam. Hal-hazırda bu işlə məşğulam. Mən bunu deyirəm. Amma hər dəfə şok xatirinə bunları demirəm.

 

Hakimiyyəti aşağılamaq, gözdən salmaq yox, utandırmağı bacarmaq lazımdır ki, sistemi dəyişsin

16923694_1324881474240190_1971234247_n

– Kimisə ittiham etməyə ehtiyac yoxdur…

– Ehtiyac yoxdur, bəli. Ümumən, mən deyirəm ki, bu ölkədə hakimiyyət dəyişikliyi, dövlətin həssas məqamlarındakı dəyişikliklər və s. proseslər, aydın məsələdir ki, Rusiyanın da ciddi maraqları var, İranın da, Qərbin də… Amma bütün hallarda bu ölkənin siyasətçisi, düşünən insanı məsələyə bəsit yanaşmamalıdır. Hər şey üçün də hakimiyyəti aşağılamaq, gözdən salmaq yox, hakimiyyəti utandırmağı bacarmaq lazımdır ki, sistemi dəyişsin. Əslində, sualların içində də var. Bayaq oxumuşdunuz. İlham Əliyevin beynəlxalq siyasəti ilə bağlı. Bizə nə cür təbliğ olunurdu? İlham Əliyevin heç bir idarəetmə təcrübəsi yoxdur, bacarığı yoxdur…

– Bizə təbliğ olunanlara görə İlham Əliyev 2 gün hakimiyyətdə qalmamalı idi…

– Bəli…

– Amma 12 ildir hakimiyyətdədir.

– İlham Əliyev Moskva Beynəlxalq münasibətlər İnstitutunda beynəlxalq menecmentlikdən dərs deyib. Tamam, nə qədər təsir olsun, day-day olsun, dəstək olsun, hər şey olsun.

– Hətta Heydər Əliyev kimi ata olsun…

– Olsun. Bütün hallarda əgər beynəlxalq münasibətlər institutunda sən dərs deyirsənsə, artıq ciddi məsələdir. Ciddi proseslərdən bilgili olması deməkdir.

– Allah ömrünü uzun eləsin, Rauf Arifoğlunu yadıma saldınız. Rauf Arifoğlu maraqlı bir yazı yazmışdı ki, “bizə bu gün, sabah gedir deyilən oğlan, bir də baxdıq ki, beynəlxalq təşkilatlarda çıxış eləyir, dövlət başçıları ilə dostluq eləyir.” Budur, 12 il keçdi, biz hələ İlham Əliyevdən danışırıq…

– …Beynəlxalq menecmenti yaxşı bilir. Maraqlı, qlobal güclər var. İcazə verin, bu fikrimi yekunlaşdırım. …Onlarla əlaqələr qurula bilir. Hə, daxildə idarəetmə çox bərbaddır. Ölkədə sistem yoxdur. İdarəetmə çox bərbaddır. Hakimiyyətdə dediyimiz güclərin təmsilçiləri var. İdarəetmədə bu, o qədər maraqlı deyil, amma imkanlar məhduddurmu? Yox, məhdud deyil. Biz təhlil edirik, siz təhlil edirsiniz. Deyirsiniz ki, dövlət iqtisadiyyatın inkişafı üçün kənd təsərrüfatı və turizm prioritet sahə elan edildi. Lavrov da Azrbaycanda Qarabağ məsələsi ilə bağlı bu şəkildə aşağılayıcı, sərt mövqeni qoyur, amma bir tərəfdən də Azərbaycan pomidorundan danışır. Azərbaycan pomidorundan danışırsa, sətiraltı mesaj verilir ki, bu ölkənin məhsulu çox keyfiyyətlidir. Əksin-biçsin, biz də ondan istifadə edək, daha orqanik, daha keyfiyyətli məhsula biz pul xərcləyə bilərik. Yəni belə imkanlar tanınır. Dağıstanın prezidenti gəlib, Azərbaycandan investisiya tələbini dostcasına, ya yarımdostcasına səsləndirir. İmkanlar var ki, bu ölkənin kənd təsərrüfatını inkişaf etdirəsən, normal kreditləşmə həyata keçirəsən. Əlimizdə ciddi baza var. Hər şeyi inkar edib, tullamışıq. Kolxoz var. Hansı torpaqlar hansı məhsulu verib. Onlar işlənməlidir, araşdırılmalıdır. Bu ölkədə kənd təsərrüfatına…

– Deyirsiniz, kolxozu bərpa eləyək?

– Bərpa eləmirsən. Bilgilənirsən, faydalanırsan. Akademik iş görürsən. Hansı torpaqlarda nə əkmişik? Nə qədər məhsuldarlıq əldə etmişik? Bizim işləməyimiz üçün əlimizdə baza var. Sistem qurmaq üçün. Çatmayan nədir? Daxili siyasi iradə.

– Bundan sonra nə edəcəksiniz? Belə başa düşdüm ki, siyasətə qayıdırsınız. Amma Cəbhənin də üzvüsünüz. Cəbhədəmi fəaliyyət göstərəcəksiniz, yoxsa nə planınız var?

– Hələlik görüşmələrim davam edir. Çoxlu çevrələrim var. Cəmiyyətdə var, müxalifət partiyalarında var. Hakimiyyət strukturlarında işləyən çoxlu sayda dostlar var. Mən heç kimlə münasibəti kəsməmişəm. Məsələn, bu illər ərzində partiyalardan çoxlu sayda insanlar partiyanı tərk ediblər, hökumət strukturlarında işləyirlər. Amma mən heç kimlə, deyək ki, siyasi əqidəsini dəyişdiyinə görə, düşmən münasibətdə olmamışam.

 

Sistemi dəyişmək üçün radikal şüarlardan imtina eləmək lazımdır

16933709_1324882610906743_1338537479_n

– Yəni deyirsiniz ki, 2018-ci ilə qədər də Əli bəyə vaxt vermisiniz. Dava-davadır, eləmi? 2018-ci ildə nə edəcəksiniz?

– Təbii ki, AXCP struktur olaraq çox önəmli strukturdur. Mənim də baxışlarım formalaşıb, cəmiyyəti öyrənmişəm. Bayaqdan qeyd edirəm, bu müddət ərzində bütün prosesləri izləmişəm. Bir də bir şeyin qənaətinə gəlmişəm ki, sistemi dəyişmək üçün bu radikal şüarlardan imtina eləmək lazımdır.  Hüqonun “Səfillər”ində maraqlı bir məqam var. Yazır ki, “keçici həyatın öz hüququ vardı. Heç də gələcək üçün özünü qurban verməyə borclu deyil həmişə”. Yəni bu cəmiyyətdə fədakarlıq eləyin, heykəl yazın. Keçmişi unutmaq lazımdır. Rəsulzadə ilə bağlı da o qədər tənqidi fikir ortaya çıxıb ki… Elçibəylə bağlı da tənqidi məsələlər ortaya çıxıb. Heydər Əliyevlə bağlı da tənqidi fikirlər səslənib.

– Amma heykəl yazmaq da bir cəsarət istər. O uşaqları da müdafiə eləmək lazımdır. Heykəl yazmağa görə adama 10 il iş verməzlər axı.

– Tamam. Bu yanlışı da, standartı da hökumət gətirib. Çox pis standartdır. Sən o heykəl yazanı – hanı topun-topxanan? Topal Teymurun məşhur kəlamı var ki, “mən hər dəfə sizə varidatımın yarısını verirəm” – hanı bu hökumətin sözçüləri? Çox ağıllı mühit yarada bilərdiniz, ictimai qınaq formalaşdıra bilərdiniz…

– Vəssalam… Bu məsələ ictimai qınaqla da bitə bilərdi…

– Bəli, bu tərəfdən də onlara bu qədər sərt cəza verməklə, siyasi çevik adamlardan bundan qəhrəman obrazı yaradıb, “bütün xilas bu heykəllərin uçurulmasındadır” epitetlərilə gündəmə siyasi mövzu gətirirlər. Zatən yanlışı hakimiyyət o zaman gətirib. Nə işiniz var idi Rəsulzadə ilə? Rəsulzadə, Elçibəy, Heydər Əliyev tarixi siyasi şəxsiyyətlərdir. Yanlışları ilə, doğruları ilə… Bütün hallarda bunlar… Çox da ki, biz illərlə müxalifətçilik etmiş, alternativ olmuş, hansısa ifadələri səsləndirmiş, görməzdən gəlmişik. Amma zaman keçir, dünya siyasətini öyrənirik, kitab oxuyuruq, həyatı başa düşürük. İndi Heydər Əliyevlə bağlı yanaşma var. Dəyişməlidir. Mən Heydər Əliyevi bu gün nə cür görürəm? Adam dünyanın yarısı olan SSRİ-nin başına keçmək istəyən, onun birinci şəxsi olmaq istəyən siyasətçi olub.

– Söhbəti bitirmək istəyirəm. Amma siz də bunu bilirsiniz axı. Bütün bunları əvvəl də bilirdiniz.

– Yox, 10 il əvvəl mən bu hissləri yaşamamışam.

– 10 il əvvəl də bilirdiniz.

– Yox, 10 il əvvəl mən bilmirdim ki…

– 15 il əvvəl də bilirdiniz. Bunu bilmək üçün siyasətdə uduzmaqmı lazımdır?

– Yox, 10 il əvvəl… İzah edim. Vaxt gedir, amma başqalarının vaxtından kəsib, artırarsınız. 10 il əvvəl mən siyasi proses yaşamamışdım. Mən 10 il əvvəl indiki kimi dərk eləmirdim. 10 il əvvəl bəlkə eləydim, amma tam dərk eləmirdim ki, Sovet dönəmində Azərbaycanın müstəqilliyi və idarəetmədə müstəqilliyi, siyasi proseslər, Rusiyanın Azərbaycana siyasi baxışı. Bu 15 respublikaya siyasi baxış necə olub? Mən indi oxudum, təhlil elədim, sovet adamı ilə danışdım. Ozamankı prosesləri süzgəcdən keçirdim. Mən vaxtında qənaətə gəldim, gördüm ki, həmişə bu ölkədə ikinci katiblər Rusiyanın təyin elədiyi adamlar, əslində bu ölkədə birinci şəxs olublar. Heydər Əliyev hakimiyyətə gələndən sonra, 1969-cu ildə bu birinciliyi əldə eləyib. İdarəetməsində tənqidlər, qüsurlar, bunların hamısı yerində qalır. Amma…

– Sahib bəy, mən nəsə hiss edirəm. Siz nələrdənsə imtina edirsiniz. Nələrdən imtina edirsiniz?

– Sadalayıram. Sadalayıram nələri. Problem yoxdur. Baxdım, yekunlaşırıq.

– Yox, dinləyirəm.

– Tam səmimi olmaq lazımdır. Sadalayıram. Mən həbsxanada olanda “burjuy korpus”da qalırdım, eşitməmiş olmazsınız?

– Bəli, 5-ci korpus, 1-ci mərtəbə, Kürdəxanıda…

– Bəli, mənim o “burjuy korpus”a getməyim də xatirədir. Onu da istəsəniz, danışarıq. O da çox maraqlıdır, amma mən ora gedəndə ilkin həftəni H.Əliyevin hakimiyyət dönəmində Bakı şəhər Pasport Qeydiyyatı İdarəsinin rəisi, sonradan İçərişəhərin bərpası komissiyasının sədri olan bir şəxslə oldum. O zaman o mənə demişdi, danışmışdıq ki, Mütəllibov da Plan Komitəsinin sədri olanda, Heydər Əliyev də burada Mərkəzi Komitənin I katibi olanda biz necə Moskvada Siyasi Büronun üzvlərinə bayram hədiyyələri aparırdıq. Münasibətlər o zaman necə tənzimlənirdi. Yəni insan bütün bunlar haqqında çoxlu bilgilər alır. O zaman nə proses baş verib. Həqiqətən H.Əliyevin SSRİ-nin başına keçmək istəməsini bir siyasətçi kimi anlamağa başlayıram. O da bir siyasətçi kimi, böyük siyasi şıxsiyyət kimi bu hədəfləri olub. Biz dana bilmərik ki, bu hədəflər olmayıb? Doğrudurmu? Olub bu hədəflər. Gedirsən Moskvaya Siyasi Büro üzvü ola bilirsən. Yəni dünyanın yarısını idarə eləyən dövlətin 10 nəfərindən deyək ki, biri olursan…

– Mən Heydər Əliyevlə söhbət edəndə dedim ki, “siz dünyanı idarə eləyən 10 nəfərdən biri olmusunuz”, sonra da dedim ki, “…bəlkə də birincisi”. Heydər Əliyevə elə xoş gəldi, elə güldü ki…

– Təsəvvür edin ki, o zaman Qorbaçov çıxır, vurulursunuz. Tamam. İndiki yanaşma ilə SSRİ-də bir şeylərin baş verdiyini deyə bilərik. Amma o zaman, o xarizma, o vahimə… Siyasi Büro üzvləri çıxanda…

– O vəziyyətdən də yeganə qurtaran, xilas olan şəxsdir.

– Bəli. Vurulursan və gəlirsən ölkənə… Sən hakimiyyətdə olanda Əhmədli, Günəşlidə minlərlə bina tikilib və qohum-qardaş, dost-tanış, çörək verdiyin, vəzifə verdiyin, dəstək verdiyin hər kəs səndən qaçır.

 

Prezidentin iki əli başına niyə getsin?

16901612_1324881680906836_1020299298_n

– Biz də o prosesləri yaşamışıq. Yəni deyirsiniz ki, gərək yaşayaq, sonra başa düşək?

– Mən yaşamışam. Həbsdən çıxandan sonra evim yox idi. Qohumlar əvvəlki canıyananlıqla mənə ev vermək istəmirdi. Bilirsinizmi, insan yaşadıqca cəmiyyəti də öyrənir, insanları da öyrənir, insanların münasibətini də öyrənir. Onun orada nə yaşadığını da öyrənir. Bütün hallarda, təbii ki, demokratiya ilə bağlı daha böğyük işlər görmək olardı, daha gözəl sistem qurmaq olardı. Yanlışlar var, ciddi tənqid edə bilərik. Amma bütün hallarda Heydər Əliyev yenidən qayıdıb…

– O günləri görən adamlar da gərək bu cəmiyyət üçün mürəffəh bir həyat quraydılar da…

– Amma yenə siyasətdən gəldi. Getdi Nehrəmə, bir oranı toparladı… Adam siyasi şəxsiyyətdir. Tamam. Yanlışları deyək, tənqid eləyək. Rəsulzadə ilə də bağlı deyilir. Yaxşı, bəs onda parlamentdə Əbülfəz bəyin iki əli ilə başını tutmasını nə ilə izah eləyək? Adamın iki əli başına nə zaman gedir? Çarəsiz olanda, doğrumu? Hamımızın başına gəlib. Prezidentin iki əli başına niyə getsin? Prezidentin bu qədər səlahiyyəti var. Adamın hətta prezident olmadan, sıradan adam olanda bir nəfər yaxınlaşıb dürüstcəsinə, vicdan hissilə “arxandayam, qorxma”, – deyəndə insanın iki əli başından düşür. Dahilərdən biri deyib ki, “dünyada iki adamın birləşməsindən böyük hadisə yoxdur”. İki adam səmimi, inanaraq, bir-birinə güc verərək, mənəvi baxımdan və s. birləşsə, bitir. O zaman mən iddia edirəm. Liderləri tək bir parametr üzrə tənqid eləmirəm ki? Deyirəm ki, qardaş, niyə liderinizin əli başında idi? Sizin hər bir səlahiyyətiniz ola-ola. Sonrakı partiya sədrlərinə, o komandanın üzvlərinə, bu gün siyasətdən getməyənlərə. Mən deyirəm ki, getmək…

– Getməlidirlərmi?

– Çəkilməyi bacarmaq lazımdır. Əgər o müzakirə varsa ki…

– Pünhani Əsgərli də elə yazır: “Bütünlükdə müxalif partiyalar siyasi proseslərdən çəkilməlidirmi?”

– Çəkilməli yox. Statuslarını, resurslarını sistem quruculuğu naminə, – burada hakimiyyətə də imkan tanımaq lazımdır. Hakimiyyət də fərqindədir ki, idarəetmə çox bərbaddır. Amma şüarlar nədir? İnkarçı… “Hər şeyi kökündən yıxaraq, yenisini quracağıq, sən quran heç nədir”. Nə deyirsən? “Heykəli uçuracam, o heykəli uçuranlar qəhrəmandır”. Təbii, hakimiyyətin də yanlışlıqları var. Amma bu şəkildə olmaz. Məsələn, İlham Əliyev Rəsulzadə ilə bağlı məsələlərdə zamanında dönə bildi. Rəsulzadənin yubileyinin keçirilməsilə bağlı prezident sərəncamı da oldu. Amma sərəncamın icrasına baxın. Baxmayaraq ki, sərəncam rəsmi qəzetdə də çap olunub, sərəncamın icrasını əngəllədilər. Kim əngəllədi artıq?

 

Get, hakimiyyətdən get

sahib-evez1

– Yenə bu hakimiyyət…

– Hakimiyyətin içindəki güc mərkəzləri. Bəlli adamlar. Və bunları da neytrallaşdırmaq üçün siyasəti daha geniş çevrələrə açmaq lazımdır. Bunun üçün müxalifət partiya sədrləri üzərində ciddi məsuliyyət düşür. Ona görə də cəmiyyətdə açılım yoxdursa, hökumət islahata başlamağa məcbur olmursa, ya zəlzələdən, ya da vəlvələdən… Bütün siyasətçilər hesabat verməlidirlər də… Strukturun başında duran, resurslardan yararlanan şəxs hesabatlı olmalıdır da, doğrumu? Tamam, seçki saxtalaşdırılıb. Amma 20 ildir də saxtalaşdıra- saxtalaşdıra gəlirik. Seçki saxtalaşdırılan yerlərin hamısında nəhayət ya kimsə çıxır, elə şəxs formalaşır ki, seçki saxtalaşdırıla bilmir, ya da seçkini saxtalaşdıran hakimiyyəti, cəmiyyətin resurslarını səfərbər eləyib, siyasi hakimiyyətdən salırsan. Sən bunun heç birini edə bilməmisən. Hər ikisində başarısız olmusan.

– O zaman getməlisən, hə?

– Təbii ki, getməlisən. Biz hakimiyyətə nə deyirik? Tamam, qlobal təhlükəsizlik öz yerində, amma daxildə çox bərbad idarəetmə var. Get. Hakimiyyətdən get. Bu da idarəetmədir, bu da resursdur. Məsələyə sıradan hisslərlə baxmağa… İndi ola bilər bu müsahibədən sonra qənaətlər çıxacaq.

– Təşəkkürlər…

– Onu yekunlaşdırmaq istəyirəm. Əvəz bəy, mən yenə deyirəm. Heç kimlə düşmən deyiləm. Əli bəy, sizinlə oturub, bu cəmiyyət problemlərini yenidən müzakirə eləyə bilərik. Bütün hallarda… Amma mənim ümidlərin bundan ibarətdir ki, indiki situasiyada – hələlik qurultay ərəfəsi deyil, 2018-ci il prezident seçkilərinə xeyli var – mən nəyi tələb edirəm? Bu cəmiyyətdəki resursları, ictimai resursları bu cəmiyyətin istifadəsinə verin. Məsələn, necə olur ki, mənim “Azadlıq” qəzetində illər uzunu müsahibələrim, fikirlərim yayılır, amma nə zaman ki sizə alternativ oluram, “Azadlıq” qəzetində mənim fikirlərim yayılmır. “Azadlıq” qəzeti bu cəmiyyətin, bu xalqın, ictimai mülkiyyətidir. Bu kişilər, bu insanlar ciblərindən pul qoyub, bu resursu yaradıblar. Bunu bir yanlış partiya qəzetinə çevirmək, azad media elementlərini sıxışdırıb çıxarmaqdırsa, ikinci yanlış da məni bu resursdan məhrum eləməkdir. Pis heç nə də danışmayacam. Heç kəsin haqqını da heç kimə təslim eləməyəcəm. Tutaq ki, lap hakimiyyətlə danışıram, heç kim məni, deyək ki, öz məqsədi üçün istifadə edə bilməz. Hansısa qrup məqsədinə, kiminsə qarşısına çıxarmaqla… Yox, bunu edə bilməz. Mən o azadlığımı özüm əlimdən vermərəm, amma bir siyasətçi kimi funksiyam nədir? Cəmiyyətin potensialını sistem dəyişikliyi üçün şərt formalaşdırmağa səfərbər eləmək. Hə, o şərtlərlə nə cür formalaşacaq bunun üçün fəaliyyət… Mənim orada potensialım var. Yəni bu potensialımı təqdim edirəm. Mən düşmən olaraq görülməməliyəm. Mən də sonunda bu partiyanın yetişdirməsiyəm.

– Təşəkkürlər, Sahib bəy, təşəkkürlər.

– Mən hər şeyi ifadə elədim?

– Hər şeyi ifadə elədiniz…

– Mövzu çətin idi.

16900176_1324881580906846_21748605_n

SON

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button