“Qaynar Qazan”da Sahib Kərimlidir (II hissə): “Əli Kərimli İlham Əliyevə mesaj verir ki…”-VİDEO

Sahib Kərimlidən şok iddialar:“Əli Kərimli İlham Əliyevə qarşı heç bir mübarizə aparmır”
“Siz niyə axı məni linc eləməlisiniz, hə?”

Konkret Əli Kərimlinin, ümumiyyətlə, Azərbaycan siyasətində Elçibəydən sonra heç kimin “Heydər Əliyevdən mən hakimiyyəti alacam” deyib, əlindəki resursu hakimiyyətin üzərinə göndərmək cəsarəti olmayıb

 

Sahib Kərimli uzun müddət – təxminən bir neçə aydır, “Qaynar Qazan”a çıxmaq, müsahibə vermək istəyirdi. Həm sırada planlaşdırdığım müsahiblərim vardı, həm də açığı, onun nə danışacağı məni maraqlandırırdı. Axı bütün hallarda “Qaynar Qazan”ın formatı çox fərqlidir və burada bir çox hallarda mən özüm belə istədiyim kimi hərəkət edə bilmirəm. O baxımdan, gözləməyi qərara aldım. Bu haqda zaman-zaman Sahib Kərimli ilə də danışdıq. Zaman-zaman yazışdıq və nəhayət, ötən həftəyə qərarlaşdırdıq ki, görüşək.

“Qaynar Qazan”da qonaq dəvət etdiyim adamlar da ciddi müzakirələrdən keçirlər. Dalbadal dəvət olunan qonaqlara da artıq diqqət etməli oluruq. 2-3 qonaq ard-arda AXCP-yə, ya da Əli Kərimliyə yaxın oldularmı, dostlarımız bizi onlara yaxın bilir, elə təqdim etməyə çalışırlar. Ya da tərsinə, hansısa partiyaya yaxın kimsə gəldimi, oluruq onların adamı. Hətta artıq sosial şəbəkələrdə bizim xüsusi yazanlarımız var, nə ediriksə, bir əmma tapa bilirlər. Ona görə də, Sahib Kərimliyə xüsusi diqqət edəsi olduq. Hiss olunurdu ki, Sahib Kərimli AXCP və Əli Kərimlidən danışacaq.

Elə də oldu. Tam kəskin olmasa da, Sahib Kərimli AXCP və Əli Kərimli ilə bir növ hesablaşmağa gəlib “Qaynar Qazan”a. Özü də məhz buradan – “Qaynar Qazan”dan böyük siyasətə qayıtmağı planlaşdırıb. Bu haqda açıqca söylədi də. İndiyə qədər yaşadığı sürgün həyatından Azərbaycanın qaynar siyasi gündəminə qayıdan, ya da onu planlaşdıran Sahib Kərimli bunu “Qaynar Qazan”ın yaratdığı imkanla elan etdi və mənim gümanım odur ki, Sahib Kərimli AXCP-də Əli Kərimli ilə hesablaşmağa qayıdır.

Sahibi içəridən – həbsxanadan tanıyıram. Onunla bir neçə dəfə Kürdəxanının “boks”larında görüşmüşük. Bu haqda “Selcanın məmləkəti”-“Həbsxana gündəlikləri”ndə də məqamlar var. Yəni onun xarakterli adam olduğunu bilirəm. Ancaq bu, siyasətdir. Hələ Sahib Kərimlinin uzun-uzun hakimiyyətə yaxın adamlarla müzakirələr apardığını dilə gətirməsi və o haqda danışması göstərir ki, Sahib Kərimli bu mübarizədə tək olmayacaq. Oyun görünən odur ki, bir komanda oyunudur. Nə deyək, qaydasında və kurallara uyğun oynayan qazansın.

Beləliklə, “Qaynar Qazan”ın 35-ci qonağı AXCP sədrliyinə keçmiş namizəd və keçmiş vicdan məhbusu Sahib Kərimlidir. Onu eşidək…

Əvəz Zeynallı

 

II hissə

 

I hissəni buradan oxuya bilərsiniz: https://www.xural.com/qaynar-qazanda-sahib-k%C9%99rimlidir-i-hiss%C9%99-niy%C9%99-%C9%99li-k%C9%99rimliy%C9%99-qarsi-cixiram-video/ (“Qaynar Qazan”da Sahib Kərimlidir (I hissə): “Sürgündən böyük siyasətə qayıdıram!”-VİDEO)

 

2008-ci ildə bir az da hökumətə çox acıqlı idim…

16900006_1324881554240182_987524888_n

– Yəni sizi facebook-a gətirən də Əli bəy olub?

– Bəli, bəli. Əli bəy dedi, “…facebook-a gəl Oradan da yazışaq! Gəl, qayıt”. Mən 2008-də, bilirsiniz, qayıtdım. Düzü, 2008-ci ildə bir az da hökumətə çox acıqlı idim. Mingəçevirdə sistem işləmirdi. DRES-in 4-5 min işçisi var idi. Onların da əmək haqqı fondu Beynəlxalq bankdadır. Məsələn, çox sadə bir mexanizm qurmaq olardı. Adam iş yerindən arayış gətirməklə telefon alır və bu da onun əmək haqqından tutulur. Bizdə bunu tətbiq etmək üçün, pulunu da xərcləyirsən, amma mümkün deyil. Bacarıqlı, bilikli adamlar sistemin içində çox azdır. İstəsən ki, bir iş görəsən, mümkün deyil. Bu problem də var. Bütün bu çətinliklərə baxmayaraq, orada bir ciddi sistem qurmuşduq. Ciddi kontingent, ciddi müştəri əhatəsi yaranmışdı. Dünyada 2008-ci il böhranı yaşadı, bilirsiniz. O zaman bunun ilk təsirləri Rusiyada özünü göstərdi. Bir çox sahələr birbaşa Rusiyadan gələn gəlirlər hesabına yaşadığı üçün, Rusiyadan gələn gəlirlər azalan kimi insanlar qənaət etməyə başladılar. Qənaət nə oldu? Telefonlar və digər əyləncə vasitələri… Birdən banklar bütün kreditləşməni dayandırdı. Azərbaycan hakimiyyəti o zaman fəxrlə deyirdi ki, biz 2008-ci ildə başlayan dünya maliyyə böhranından çox ağıllı qərarlar verərək çıxırıq. Heç bir ağıllı qərarlar verilmədi. Sahibkarların belini qırdınız. Güclü iş adamları yarana bilərdi. Onlar məhv oldular. Kreditləşmə dayandı. Bütün işlər dayandı, böyük layihələr dayandı və təbii ki, o zaman biznesdə də ciddi problemlər var idi. Mənim də hökumətə ciddi aqressiyam var idi. Bu zaman Əli bəyin bu dəvəti ilə üst-üstə düşdü və qayıtdım. 2009-cu ildə bir çox hadisələr oldu. Təşkilatlanmanı bərpa elədik. Bu istiqamətdə xeyli əziyyət çəkdik. Ciddi resurslar xərclədik.  2009-cu ildə Azərbaycanla Türkiyə arasında məlum bayraq krizi oldu. O zaman Fuad Qəhrəmanlı ilə mən Türkiyəyə səfər elədik. Amma onda artıq Rəyasət Heyətində deyildim. Mənə müşavirlik verərək gətirmişdi. Partiyanın idarə edilməsi haqqında yavaş-yavaş təsəvvürlərim yarandı. O zamana kimi biz…

– Yox idi?

– Biz, yəni 2000-ci ildə Rəyasət Heyətində olarkən oradakı müzakirələr haqqında çox yüksək fikirdə idik. Orada dövlət məsələləri müzakirə olunur, çox ciddi müzakirələr gedir. Təsəvvürlərimiz belə idi, yəni gənckən. Özümüz rəhbərliyə gəldikdə Rəyasət Heyətinin iclasları zamanı yavaş-yavaş məndə xəyal qırıqlığı başlamışdı. Bunu gizlətməyim.

– Yəni artıq 2005-ci ildən başlayaraq yavaş-yavaş sizdə xəyal qırıqlığı başlamışdı…

– Bəli, bəli…

– Çat getmişdi…

– Bəli, bəli…

 

Xəyal qırıqlığına uğradım

16933679_1324879754240362_2033106451_n

– …Sizin işinizi Avropa Məhkəməsinə göndərməyəndə, sizi müdafiə eləməyəndə? Rəyasət Heyətinin içinə girəndə də bu xəyal qırıqlığı daha çox oldu, eləmi?

– Bəli, elə başladı.

– Siyasi Büronun üzvləri kimi bir adam danışır, o biriləri qulaq asır? Maraqlıdır, sizdə xəyal qırıqlığı niyə oldu?

– Ümumiyyətlə, siyasətçinin yanında bir sosioloq olmalıdır. Ölkədə heç bir mexanizm yoxdur. Məsələn, rəy sorğu mərkəzi formalaşmadı ki, müəyyən şeyləri biləsən. Ayrı-ayrı çarpaz suallar verib bu cəmiyyəti öyrənəsən. Bu insanlar nə düşünür, nə istəyir? 20 ildir oturubsan lider statusunda, ancaq rayon şöbə sədrləri ilə görüşürsən. Bu, bütün siyasi partiya liderlərinə aiddir. Tək Müsavat partiyasına və Cəbhəyə yox. Ancaq rayon şöbə sədrindən məlumat alırsan ki, “hər şey yaxşıdır”. Cəmiyyətdən isə xəbərin yoxdur.

– Prezident cəmiyyətlə bağlı necə məlumat alırsa, partiya sədrləri də elə məlumat alırlar, eləmi?

– Prezidentin bəlkə də imkanları o qədər geniş deyil, axı partiya sədrlərinin imkanları genişdir. Partiya sədri özünü çəkib böyüklərin fövqünə qoymamalıdır. Cəmiyyəti öyrənməlidir ki, nə düşünür, insanlar nə istəyir?

– Bu mexanizm partiyalarda yoxdur?

– Ümumiyyətlə, yoxdur. Cəmiyyətlə təmas adında bir şey yoxdur ki… Zatən problem nədədir? Biz cəmiyyəti dəyişə bilərik. İnsanlar bir-biriləri ilə oturub söhbət eləyə bilsə, məsələ də bitir də… Bizim xalq olaraq problemimiz nədir? Nə dini ağırlıqlı ideoloji xəttlər yoxdur ki, bizi birləşdirsin – camiyə, məscidə yığıb, bizimlə söhbət eləsin və yaxud da məclislərə yığsın, nə də fəlsəfi ağırlıqlı dəyərlər yoxdur. Bizdə ünsiyyət problemi yaranıb. Məsələn, görürsünüz, Müsavat partiyasının qərargahı var. Lazım olanda da məsələn, NİDA-nın ad günündə onunla bir yerdə ola bilir. Resursdur da, var. Sizə nə düşüb ki, həmin qərargahda ağıllı beyinləri bir yerə yığıb, mehribancasına cəmiyyət problemlərini müzakirə eləmirsiniz? Tamam, hökumət basqıçıdır, resursları əlindən alıb. Amma burada bir qərargah var da… Siz niyə düşmənçilik eləyirsiniz ki? Niyə bir yerdə oturub, danışa bilmirsiniz ki? Tutaq ki, Sabir Rüstəmxanlı… Lap deyirsiniz ki, hökumətə satılıbdır, hökumətə tərəf fırlanıb gəlib. Amma axı Sabir Rüstəmxanlı da bu ölkəni istəyir. Vicdansızlıq olar, demək ki, Sabir Rüstəmxanlı istəmir ki, onun ölkəsi düzəlsin, sistem dəyişsin.

– Niyə Sahib bəy, sizcə niyə bir araya yığışmırlar?

– Bax, niyə yığışa bilmirlər? Bir də başqa bir şey var. Çox amansız istismar var. İstismar nədən ibarətdir? Bax, bir Etibar Məmmədov özünə partiya yaradıb, eləmi? Etibar Məmmədova gedib deyə bilərəm ki, partiyanın sədri mən olum? Çünki nəticədə AMİP-i Etibar Məmmədov yaradıb. Baxın, bu müəllif proqramını siz yaratmısınız. Amma bir Xalq Cəbhəsi, Müsavat, Milli Şura adı altında olan siyasi qurumlar bütünlükdə xalqın, cəmiyyətin ümumi mülkiyyətidir. Yaxud da “Azadlıq” qəzeti…

 

Əli Kərimli “AXCP mənimdir” deyə bilməz

16900004_1324881587573512_256559665_n

– Yəni adını çəkdiyiniz siyasi qurumlar ümumilikdə xalq mülkiyyətidir, fərdlərin mülkiyyəti deyil? Yəni Əli Kərimli AXCP-nin onun olduğunu deyə bilməz?

– Bəli, bəli, o, AXCP-nin onun olduğunu deyə bilməz. Deyə bilməz.

– Amma Etbar Məmmədov AMİP-in onun olduğunu deyə bilər?

– Bəli, bəli, təbii… Əslində, Etibar Məmmədov da deməməlidir. Çünki yaratdığın qurum siyasi təşkilatdırsa və siyasi partiya funksiyasını daşıyırsa, onun da nizamnaməsi var. Onlar hüquqi demokratiya tələb edirlər, amma burada da başqa bir haqq var. Bu nədir? Bu adların hamısı ümumxalq mülkiyyətidir. Zamanında kişilər “Azadlıq” qəzetinin çapı üçün Ağcabədidən, Bakıdan ciblərindən pul qoyub, resurs yaradıblar. Bu, ictimaiyyətin, cəmiyyətin resursudur. Bütün bunlar ümumxalq mülkiyyətidir. Xalqın əqli mülkiyyətidir, belə deyək. Bunun mənəvi məsuliyyəti var. Bu struktur, bu mexanizm əlindədirsə, onu birləşdirici, paylaşdırıcı formada idarə etməlisən, cəmiyyətə sunmalısan. Bu, fərdiləşə bilməz, sənin ola bilməz. İndi belə avtoritar sistemlərlə mübarizədə o məsuliyyəti bölüşdürmək lazımdır. Sən məsuliyyəti bölüşdürəndə hədəfə də gəlmirsən.

– Ümumiyyətlə, ictimai olan şey necə fərdiləşə bilər? Yəni ictimaiyyətə xidmət edən şey fərdiləşə bilməz axı.

– Bunu mən sübut da edə bilərəm.

 

Məni Şəkidə partiyadan çıxarmağa niyə cəhd edirsən?

16901756_1324879707573700_1206614252_n

– Lap tutaq ki, “Qaynar Qazan”ı Əvəz Zeynallı yaradıb. Məsələn. Əgər bu, ictimaiyyətə xitab eləyirsə, bunu özəlləşdirirsənsə, fərdiləşdirirsənsə,  zatən bu yürüməz ki… İctimaiyyətə xitab olunan şey niyə mənimsənilməlidir ki, əslində…

– Bəs, mənim də gəlmək istədiyim məsələ odur. Bu mənada mən iddia qoyanda… Tutaq ki, bir AMİP-çi Sahib Kərimli ortaya bir sədrlik iddiası qoysaydı, tamam. Amma AXCP-də mənim ortaya sədrlik iddiamın qoyulması… Mən bayaqdan AXC hərəkatında uşaqlıq və gənclik illərimdən iştirak etdiyimi nə üçün söylədim? Çünki bir az da mənəvi haqq məsələsini qabardıram. Axı, bu, ümumi mülkiyyətdir. Konkret olaraq, yenə münasibətimiz yerindədir. Mən istəmirəm münasibətlər düşmən səviyyəsinə ensin. Məni Şəkidə partiyadan çıxarmağa niyə cəhd edirsən? Mən nə etmişəm ki?

– Sizi partiyadan çıxarmaq istəyirlər?

– İki dəfə bu məsələ ortaya qoyulub.

– Ümumiyyətlə, siz hələ  də AXCP-nin siravi üzvüsünüz?

– Bəli, bəli, siravi üzvüyəm.

– Amma sizi üzvlükdən çıxarmaq istəyirlər?

– Keçmədi səsvermədən. Bax, indi bizim Şəki təşkilatının sədri İslam Həsənov həbs olunub. Dünən 25 sutka verdilər. Qardaşını da saxlayıblar…

– Təzəlikcə?

– Hə. Bu İslam Həsənov kimdir? 2005-ci ildə siyasi təşkilatlara basqılar oldu, onu dağıtdılar. Təbii olaraq, bu proseslər içində AXCP-nin Şəki təşkilatı da dağıldı. O zaman dostumuz “Boz Qurd”un sədri Əli Abdullayevi dəvət elədim ki, “gəl, şöbənin sədri ol”.  Sonra bizim seçkilərdə taksi xidməti göstərən 3-4 nəfər dostumuz var idi. Onlara deyirdim ki, “bu elə bilin ki, sizin üçün bir diplomdur. Təhsiliniz yoxdur, kargüzarlıq öyrənə bilərsiniz. Amma siyasi təşkilat üçün isə kadrlar tək institutdan deyil, elə orada da yetişməlidir. Qərbdə bunu siyasi partiyalar əvəzləyirlər. Sovet vaxtı bu funksiyanı “partşkola”lar yerinə yetirirdilər. Siz isə burada bu sistemi öyrənəcəksiniz”. O uşaqların hamısı da fədakar uşaqlardırlar, sağ olsunlar. İndi də həbsdədirlər. Amma onda həmin uşaqların bir hissəsini mənimlə üz-üzə qoydular. O uşaqları məcbur elədilər ki, mənim təşkilatdan çıxmağım üçün əleyhimə səs versinlər.

 

Siz niyə axı məni linc eləməlisiniz, hə?

sahib

Məni niyə təşkilatdan çıxarırlar? Çünki tənqidi fikir söyləyirəm. Qardaş, demokratiyada tənqidi fikir söyləmək nə zamandan qadağan olunub? Siz niyə axı məni linc eləməlisiniz, hə? Əli bəy bu mübarizədə… Onda siz məni məcbur edirsiniz ki, mən danışam. Amma mən kifayət qədər demokratiyanın, hüququn epitetlərindən istifadə edərək, özümü müdafiə edirəm. Amma siz mənəvi məsələni durmadan qabardarsınız ki, “Dosta qarşı çıxmaq olar?” Neçə il bir yerdə gəldiyin insana qarşı çıxmaq olar?” Onda mən də düşürəm o mənəvi müstəvidən və oradan çıxış edirəm ki, “qardaş, birincisi, bu, ümumi strukturdur, onu götürmüsən. İkincisi, faktiki olaraq sən 20 ildir partiyaya rəhbərlik edirsən, amma ortada bir nəticə yoxdur. Resurs sənə xidmət eləyir. Normalda sən yaşayırsan, hər şey sənin üçün normaldır. Amma ətrafda insanlar əzilir, mexanizm işləyir, həbs maşını gedir, fırlanır. Biz də qarşı çıxanda, tənqidi fikir söyləyəndə, “seçkini gizli keçirək, mən də alternativəm” – deyəndə söyülürəm. O zaman niyə pərdələyirsən ki, avtoritar rejimlə mübarizə aparırıq, bu dəqiqə partiyadaxili demokratiya məsələləri qabardılmasın”.  Onda İlham Əliyev də deyir ki, Rusiya, İran bizim dövlətçiliyimizi görməzdən gəlir, bizə yuxarıdan aşağı baxırlar. Bunu biz də bilirik ki, elədir. Rus şovinizmi… Jirinovskini görürsünüzmü, nə deyir? Və yaxud da Rusiya ilə İran Azərbaycana özünün coğrafi ərazisi kimi baxır. Bizi dövlət olaraq görmək istəmirlər, aşağılayırlar. Bu prosesin içində mən (Red. – prezident İlham Əliyev) bir dövlət saxlayıram. Hündürdən hündür olan bayrağımı da tikirəm. O zaman o da bunu belə əsaslandırsın ki, bu çətinliklərin yanında nə daxili demokratiya? Belə çıxır ki, onun demokrratiya anlayışı ilə razılaşmırsan, amma özün də partiyadaxili məsələlərə elə baxırsan. Ortada da nəticə yoxdur. Amma Azərbaycanın dövlət olaraq nəticələri var. Tamam, korrupsiyadır, sistem çox yanlışdır. Bilirsinizmi, mən cəmiyyəti tanıdıqca, məsələlərə baxışım dəyişdi. Əslində, mən cəmiyyəti tanıdıqca, öyrəndikcə… Suallar var ki, hansı ədəbiyyatı oxuyursunuz? Mən siyasəti daha çox anlamaq üçün məsələn, Baninin “Paris günləri” romanı, “Qafqaz günləri” romanı var. Məsələn, oxuyursan, cümhuriyyət dönəmi, mühacir həyatı, orada yaşadıqları var. O zamankı proseslə bağlı, düşüncə ilə bağlı fikirlərim dəyişir. İndi Araz Əlizadəyə ağzına gələni danışdırtdırırlar. Tamam bu, aydındır.

– Kim danışdırtdırır Araz Əlizadəni?

– Təbii ki, Rusiya xəttidir. Dövləti aşağılamaq, onu xor görmək xətti var da… Görürsünüzmü, bu da yetərli olmadı. Araz Əlizadəyə verilən cavablar, Rusiyanı məcbur elədi ki, Jirinovskini də danışdırsın. Jirinovski heç iki il deyil ki, Azərbaycana gəlib, xoş mesajlar vermişdi. Bundan sonra da “dünən bura gətirdiyin Jirinovski gör indi nə deyir?”- kimi tənqidi yanaşma… Təbii ki, hökumət o qədər sadəlövh deyil ki? Hakimiyyət bilir Jirinovski kimdir. Amma müvəqqəti onu sakitləşdirib, susdurmaqda da bir fayda var. Nuru Paşa məsələsində də cəmiyyətdən çox tutarlı cavab gəldi. Nuru paşa, Türkiyə ilə bağlı söylənən fikirlər və s. İndi gəlin ədalətli danışaq. Azərbaycanda Azərbaycan dövləti, məfkurə sahibi olan insanlar o zamanlar nə əziyyətlər çəkiblər. Oxuduqlarımızdan bizə nələr məlum olur. Rusiyadan gələn sol dalğanın təsiri ilə bu ölkənin bütün elitası, bəyi şillə-təpik altında qaldı. Pullusan, var-dövlət yiyəsisən, amma… Onların pulu ilə təhsil alanlar da solçulara qoşuldular. Milli ziyalılar nə qədər basqı altında idi. Qoçular yaranmışdı, onlar da qorxurdular. Bütün oxuduqlarımızdan aydındır da… Ziyalıya da şillə-təpik atırdılar. Nizam-intizamı kim yaratdı? Kim bərpa elədi? Rəsulzadə və cümhuriyyət quruculuğuna kim imkan yaratdı ki, onlar o otağa keçə bilsinlər, otura bilsinlər, danışa bilsinlər, təfəkkürlərini faydalı işə sərf eləyə bilsinlər. Təbii ki, Nuru paşanın ordusu. İndi buna səviyyəsizin, satqının biri cavab verir. Amma ölkənin siyasətçisiyəm deyən, partiya sədriyəm deyən adam artıq ortaya qəti mövqe qoyacaq. Onurğa mövqe qoyacaq. Burada balans yaratmayacaq. Ortada hər kəsin mövqeyi olacaq.

 

Qənimət Zahidov Şəkidəki şöbəmizin işinə müdaxilə etdi…

16924259_1324881677573503_526816940_n

– Rail Məmmədov soruşur: “Cəbhədən getməsinin əsl səbəbi nədir?” Məncə, siz Cəbhədən hələ getməmisiniz axı…

– Yox, təbii ki, Cəbhədən getməmişəm. Yəni yenə o məsələyə qayıdıram ki, partiyanın Şəki təşkilatında mənim üzvlükdən çıxarılma məsələmi qoydular, amma qəbul olunmadı. Bilirsinizmi, adam çox ciddi olaraq küsür, inciyir. Axı bu yolda əziyyətimiz var. Mən kimisə aşağılamıram. Dünən məsləhət bilib, taksi xidməti göstərən oğlanı təşkilata gətirmişik. Sən Qənimət Zahidov, Şəkidəki şöbəmizin cavan, ali təhsili də olmayan sədrini məcbur edirsən və oradakı işlərə müdaxilə edirsən. Sən böyük ictimai missiya ilə “pərdə”lənmisən axı…

– Qənimət niyə müdaxilə eləsin ki. Yəqin çəkib göndəriblər ki, o da verib.

– Yox, söhbət mənim partiyada məsələmin səsə qoyulması, siyasi proseslərə…

– Yəni müdaxilə edib?

– Bəli, danışıqlar var. Bunun şahidləri var. Bu prosesə müdaxilə eləyib. Qənimət bəyin həmin bəylə danışdığını ifadə eləyib. Söhbət ondan gedir ki, adam sınır. Elə şeylər eləyirlər ki… O qədər əsas verirlər ki adama onları tənqid eləmək üçün… Yəni əsas problem yoxdur…

 

Əli Kərimli partiyanı təhvil alanda on minlərlə üzvü və güclü strukturu var idi

16923694_1324881474240190_1971234247_n

– Mən bir neçə sualı səsləndirim. Pərviz Yusifov: “Sahib Kərimli hansı məqsədlə AXCP-nin sədrliyinə namizədliyini irəli sürmüşdü? Məqsəd xalqın xoş günə çıxmasını, azad yaşamasını istəməsidirmi? Elə isə, bununla bağlı son hansı addımları atıb? Yox, əgər təmiz iradədən deyil, məqsəd siyasətdən irəli gəlirdisə, insanların müxalifətə olan inamını bir daha sındırmaq və hazırkı hakimiyyətə “stavka” etmək deyildimi?” Oxşar suallar olduğu üçün bir sualı da verirəm ki, hamısına birlikdə cavab verə biləsiniz. Tural Pünhan soruşur: “Hörmətli Sahib bəy. Xahiş edirəm, sualımı cavablandırasınız. Bu hamıya gün kimi aydın idi ki, sizin qurultayda qalib gəlmək şansınız sıfıra bərabər idi. Çünlki AXCP-də Əli Kərimlidən başqa intellektual səviyyəsinə, siyasi bacarığına görə sizdən kifayət qədər  üstün şəxslər var idi. Bunu bildiyiniz halda namizəd olmaqda məqsədiniz nə idi?” Cabbar Zəka soruşur: “Sahib bəy siz həmişə Əli bəyin yanında olmusunuz. Sizi nə vadar etdi ki, Əli bəyə rəqib oldunuz? Bundan başqa, siz inanırdınızmı ki, cəbhəçilər sizi sədr seçəcəklər? Mən inanıram ki, özünüz də buna inanmırdınız. Siz bu hərəkətinizlə kimə özünüzü yaxşı göstərmək istəyirdiniz?”

– Bayaq da resurs məsələsinə gəldim. Bu, bir resursdur. Xalq Cəbhəsi Partiyasının sədrliyi artıq bir resursdur. Bir də ki, Əli Kərimli partiyanı təhvil alanda onun on minlərlə üzvü və güclü strukturu var idi. Onun idarə etməsində isə bu günə qalan ondan on dəfə kiçik strukturdur. Amma adı var, əsaslı mexanizmdir. Cəmiyyəti səfərbər etmək üçün yaxşı “rıçaq”dır. Təbii ki, mən idarəetmədən narazıyam. Mən hesab edirəm ki, AXCP-nin sədri olsam, daha çox ətrafımda insan birləşdirə bilərəm. Necə birləşdirərəm? Mənim üçün problem olmaz. Mən özümü çəkmərəm. Mən gedərəm, məsələn, REAL mövzu ilə bağlı müzakirə açıb, dinləmə təşkil edirsə, o zalda oturaram. Dostlaşaram. Müsavat partiyası ilə dostlaşaram. Elə mühit yaradaram ki… Elə basqı yaradaram ki… Məsələn, Müsavat partiyası ciddi ictimai basqı hiss edər. Məcbur otaqların bir-ikisini mənim xidmətimə verər. Əgər özü verməsə, istəsə ki, basqı yaratsın, onu qabaqlayıb ictimai basqı edib, bu şəraiti yaradaram. Mən bu potensialı özümdə hiss edirəm. Nə baş verəcək? Siyasətçinin özü hər şeyi bilə bilməz axı… Mən demirəm, hər şeyi bilirəm. Siyasətçinin funksiyası ümumiyyətlə, nədir? Siyasətçi bütün çevrələri ətrafına toplamalıdır. Akademik çevrələri, yaxşı iqtisadçıları, beynəlxalq siyasəti bilən analitikləri, hər sahəni yaxşı bilən adamları toplamalıdır. Onlardan aldığı akademik bilgiləri siyasətçi kimi cəmiyyətin dilinə çevirib, cəmiyyətə tərcüman olmalıdır. Biz ölkəni bu cür idarə edəcəyik. Baxın, mərkəzdən aldığımız təlimat budur, baxışımız budur. Bizim mütəxəssis qrupumuz işləyir. Yoxsa, partiya lideri hərşeyşünas ola bilməz axı. Ayrı-ayrılıqda məhduddur. Hakimiyyət siyasi açılım eləmir. Ayrı bir resurs… Deyirlər ki, get ayrı bir partiya yarat, istəyirsənsə… Bu, haqlı irad deyil. Ədalətsiz yanaşmadır. Axı çətindir. Cəmiyyət onsuz da təşkilatlanmağa meylli deyil. Burada resurs var, mexanizm var da… Bu mexanizm də ümumxalq mülkiyyətidir. Mən istəyirəm ki, o mexanizmdə bir də məni sınayın da… Fərqliliyi sınayın da.. Demokratiya nədir? Fərqlilik deyil, fərqlilərin fikrinə hörmət deyil, açıq müzakirə deyil? Mən “Qaynar Qazan”da bu cür açıq danışdıqdan sonra niyə linc olunmalıyam ki? Nəyi pis deyirəm ki? Mən 2018-ci ilədək vaxt vermişəm. Partiya sədri özü narahat olmalıdır ki…

– Vaxt dolur?

– …mənim məsələm 2018-ci ilə kimi Şəkidə qoyulmasın. Sədr müdaxilə eləməlidir ki, bu, cəmiyyətdə yanlış anlaşılar. Bu da cəmiyyətin problemidir, kim nə gəldi eləyə bilir. Onda bu dəhşətli bir problem yaradır. Azər Rəşidoğlu yaxşı ifadə eləmişdi: ““İntellektualı ilə “obuvatel”i arasında çox kəskin uçurum var”. Əsas problem ordadır. Əsas problem ortadadır, həmin o orta yoxdur. Və o, ciddi buferdir. Xalqla da, liderlərlə də… Belə sürünüb getməməlidir. Onun bir mühakiməsi olmalıdır, təhlili olmalıdır, araşdırılmalıdır, öyrənilməlidir. Doğrudanmı, mən cəmiyyət üçün, Cəbhə üçün zərərliyəm. Dağıdırammı? Necə dağıdıram mən Cəbhəni?

 

Əli Kərimlidə onu kəşf elədim ki…

16933709_1324882610906743_1338537479_n

– Sizin bu dediklərinizin davamı olaraq Vahid Qasımov da yazır ki, “AXCP sədrliyinə namizədliyini verməzdən öncə ən azı nəyəsə nail olacağına güvənirdimi? O proseslərdən sonra qazandığı çox oldu, yoxsa itirdiyi? Nələri qazandı, nələri itirdi?”

– Bir kərə mən Əli bəylə bağlı bir şeyi kəşf elədim ki, iddiamı ortaya qoymağımın səbəblərindən biri də budur – konkret Əli bəyin, ümumiyyətlə, Azərbaycan siyasətində Elçibəydən sonra heç kimin “Heydər Əliyevdən mən hakimiyyəti alacam” deyib, əlindəki resursu hakimiyyətin üzərinə göndərmək cəsarəti olmayıb. Bu qədər açıq danışıram. Bu cəsarət heç kimdə olmayıb. Heydər Əliyev xarizması ilə daim onları bu qərarı verməkdən çəkindirib. Əllərində ciddi resurslar ola-ola bu qərarı verə bilməyiblər. Burada artıq Heydər Əliyevin siyasi bacarığı ortaya çıxır. Çünki siz də xatırlayarsınız, o zamankı partiyaları xatırlayırsınızmı? Xalq hərəkatının o qüvvəsini xatırlayırsınızmı? Yəni Xəqani 33-ü xatırlayırsınızmı? Daim bəlli bir “x” gününə kodlaşma olub…

– Əli bəyin nəyini kəşf elədiniz?

– Ona gələcəm…

– Demokratdırmı? Toparlayıcıdırmı? Liderdirmi? Nəyi kəşf elədiniz?

– Ora gəlirəm… İlham Əliyevdən hakimiyyəti ala bilərik, deyib…

– Demirlər axı… Artıq onu demirlər…

– Yox, o zaman üçün bu mesajı daim veriblər də… Cəsarətli qərarlar yox, sistemli bir iş yox, gözləmə var ki, kim götürəcək. Bu prosesdə də bunlar itiriblər, resurslarını saxlaya bilməyiblər. Toparlayıcı deyil. Necə toparlayıcı ola bilər? Cəmiyyətin hansı kəsiminə müraciət elədilər… Niyə, bu 20 il ərzində bu qədər insanların hamısı pis adam oldu?

– Siz partiya sədrliyinə namizədliyinizi vermədən əvvəl Əli Kərimlinin bu addımı atacağınızdan xəbəri var idimi?

– Yenə xronologiyanı davam etdirməyə imkan yarandı. 2010-cu ildə partiyanın qurultayında mən Rəyasət Heyətinə seçiləndə idarəetmədəki boşluqları açıq-aşkar gördüm və tənqidi fikirlər səsləndirməyə başladım.

– Elə Rəyasət Heyətində?

– Bəli, Rəyasət Heyətindəki dostlarımız buna şahiddir. Mənim ona alternativ olmağım da birdən-birə olmadı. Mən Rəyasət Heyətinə gələndən bir neçə ay sonra tənqidi fikirlərimi səsləndirməyə başladım. Bu da xoş qarşılanmadı. Ümumiyyətlə, akademik müzakirə, cəmiyyətlə bağlı fərqli fikir qəbul olunmur. Yəni oradakı idarəetmənin ana xətti bundan ibarətdir.

– Cəbhədə qəbul olunmur?

– Olunmur.

 

Həbsdən çıxandan sonra Əli bəyin mənə şəxsi münasibətinin dəyişdiyini hiss elədim

16901612_1324881680906836_1020299298_n

– Əli Kərimli qəbul etmir?

– Əlavə imkanlar yoxdur. O imkanları da açmır, yaratmır. Təbii ki, tənqidlər davam etdikcə, 2010-cu il parlament seçkiləri də gəlib keçdi. Arxasınca həbs gəldi. Bilirsiniz, həbsxana çox yaxşı baxış bucağıdır, bilirsiniz. Həbsxanada insan çox şey öyrənir. Məhdud kontingent, ən yaxın müşahidə. Kim necə davranır? Məişətdə necədir, həyatda necədir? Kim kimdir? İctimai müzakirə keçir. Nəticəsi də elan olunur və statusun bəlli olur. Məsələn, mənim həbsdən vaxtından qabaq çıxmağımla bağlı rəisin verdiyi xarakteristikada, “özünü lider kimi aparır, insanları başına yığır və s. Əməyə münasibəti pisdir. Azadlığa çıxa bilməz” deyilirdi. Həmin vaxtı qəzetlərdə, “Sahib Kərimli liderlik iddiasına görə həbsdə qaldı”- başlığını yazdılar. Mən həbsdən çıxandan sonra, Əvəz bəy, Əli bəyin mənə şəxsi münasibətinin dəyişdiyini ürəyimdə hiss elədim.

– Mənfiyə doğru?

– Bəli.

– Yəni Əli bəy istəmirdi? Belə deyək, sizin çıxmağınızdan məmnun olmadı?

– Yox, çıxmağımdan yox. Yəni bir komanda yoldaşı kimi, Rəyasət Heyətindəki fikirlərimə daha aqressiv tonda reaksiya verməyə başladı. Bunu hiss elədim. Bizim Rəyasət Heyətindəki dostlarımız bunun şahididir. Mən heç nəyi yalan danışmıram. Bu şeylər yayılandan sonra təsdiqini tapacaq. 2013-cü ildə mən ciddi xəyal qırıqlığı yaşadım. Birinci mitinqin aparıcısı idim. Mitinqin tribunası…

– Burada maraqlı bir sual var. Elşən Əlisoy soruşur ki, “Milli Şuranın “Məhsul” stadionunda keçirdiyi mitinqlərdən birində KXCP lideri Mirmahmud Mirəlioğlu tribunaya dəvət edilmədi. O mitinqin aparıcısı Sahib bəy idi. Mirmahmud bəyin tribunaya dəvət edilməməsi Sahib bəyin mövqeyi idi, yoxsa elə qərar verilmişdi? O zaman KXCP də Milli Şuranın üzvü idi”. Həmin mitinqlə bağlı danışırsınız? 

– Çox yaxşı sualdır və yerində verilmiş sualdır. Mən elə o məsələyə münasibət bildirəndə həmin o mitinq qırılma mərhələsi oldu. Mitinqin aparıcısıyam və tribuna çox dardır. O zaman da bilirsiniz, Milli Şuranın..

– Xeyli üzvü var idi.

– Bəli, xeyli üzvü var idi. Eldar Namazov, Eldəniz Quliyev, İsa Qəmbər, İsgəndər Həmidov, Əli bəy tribunadadırlar, Cəmil müəllim tribunadadır, Aslan İsmayılov tribunadadır.

– Gültəkin xanım Hacıbəyli?

– Yox, Gültəkin xanım o zaman tribunada deyildi. Mən tamamən xırda işlərin iştirakçısı olmamışam. Onda aparıcı idim və Mirmahmud bəyin tribunaya dəvət olunması… Dəfələrlə mən mitinq aparmışam. Ondan əvvəl də 2005-ci ildə mitinqi aparanda, ümumiyyətlə, kimsə məni haqsız yerə kiminsə mənafeyini əzməyə, belə işlərə yönəldə bilməyib. Siyasi həyatımda, əlimə bir imkan düşəndə, bir resurs olanda kiminsə haqqına girməmişəm. Əgər kiminsə haqqına girməyimlə bağlı bir iddiası varsa, sübutu-filan varsa, – bu qədər proseslər olub – iddia ilə çıxış edə bilər. Facebook var, ictimai müzakirə imkanları var. Eləməmişəm. Səhəri gün Rəyasət Heyətində müzakirə başladı və iclas başlamamışdan qabaq hər kəs mənə təşəkkür etdi ki, “dünən çox möhtəşəm mitinq apardın” və Əli bəy birdən dedi ki, “mən hesab eləmirəm, Sahib bəy uğurlu mitinq aparır. Birincisi, çox danışır. İkincisi də, Sahib bəy, bizim də liderimiz olub, Əbülfəz Elçibəy. Mən heç bir vaxt keçib Əbülfəz Elçibəyin qabağında dayanıb, əlimə mikrofon alıb çıxış eləməmişəm. Mən dünən səni qabağımdan korpusla toxalayırdım”. Rəyasət Heyətində. Dedim, “Əli bəy, doğrudan da elə bir şey oldu. Amma siz bir tərəfdən mənim korpusumu toxalayırdınız, İsa bəy bir tərəfdən, Eldar Namazov da bir tərəfdən. Mən aparıcıyam. Biz yan-yana dura bilmirik. Yer dardır, ona görə mən məcburam qabaqda duram. Siz də ortada olduğunuza görə, mən də daha çox ortada durub, danışdığım üçün təbii belə alınıb”. Bunu deyəndə dedi ki, “Aparıcısansa, görürsən, qabaqda yer yoxdur, keç arxadan danış. Səni mütləq görməlidirlər?” Kim Rəyasət Heyətində şəxsiyyətinə, ləyaqətinə hörmət eləyirsə, deyəcək ki, elə şey olub, başqa söz deyən özü bilər. Amma bunu təsdiqləyəcək çox sayda adam var. Və onda zaman-zaman verilmiş çatlar axırıncı qırılma nöqtəsinə gəldi. Mən partiyanın idarəetməsində mövcud sistemə uyğun olmadığım üçün iki alternativim qalırdı, təbii ki… Sonradan zaman-zaman beynimə gəldi. Ya istefa verib partiyadan getmək, ya da bir baxış ortaya qoyub, siyasətdə qala bilmək. Təbii ki, sədrliyə namizədliyimi irəli sürməyimə çox faktorlar var idi. Biri də elə bu məsələlərdir. Bir haqq var. Hüquq da haqq verir, demokratiya da haqq verir, qardaş. Bir də bu Xalq Cəbhəsi məsələsi var, mənəvi haqq da yüksəkdir. Bu, ümumi mülkiyyətdir, resursdur. Partiyadaxili demokratiya məsələsi var. Cəmiyyət daha çox… – orada suallar var, görmüşəm – deyirlər ki, emosionaldır.

– Bəli, “Qurultaydakı çıxışında emosiyalarına hakim ola bilmədi, çox aqressiv idi”  deyir Teymur Həsənov.

– Mütləq kimsə alternativ qoyub, fərqli fikir səsləndirirsə… Axı ən yaxın çevrələr bilir, mən əzəldən bu prosesə başlamışam. Tənqid eləyə-eləyə gəlmişəm. Amma ümumi cəmiyyəti aldatmaq üçün o zaman münbit şərait var idi. Nümunə də var idi – Razi Nurullayev məsələsi.

 

Mən Xalq Cəbhəsinin sədri olanda…

sahib-evez1

– Ona gələcəyik. Razi Nurullayev məsələsinə… Bir neçə sual var. Xahiş edirəm, onlara tez-tez qısa cavablar verin. Çünki vaxtımız da azalır. Rəşid Hüseynov soruşur ki, “Sahib bəy, AXCP sədrliyinə namizədliyinizi irəli sürmək ideyası İsa Qəmbərəmi məxsusdur? ” Maraqlı sualdır.

– Çox yanlış xəttdir. Zatən bayaq qeyd elədim. Mən ona görə bu qədər iddialı çıxış edirəm ki, mən cəmiyyətin bütün spektrı ilə danışa bilirəm. Özümü böyük tutmayacaqdım Xalq Cəbhəsinin sədri olanda. İnsanları özümdən itələməyəcəkdim. Onlarla daima müzakirə müstəvisi saxlayacaqdım. Hər bir insanla… Bu mənada da Müsavat partiyası ilə də mənim münasibətlərim çox yaxşıdır. Onlarla hər bir məsələni müzakirə edə bilirik.

– Amma İsa bəyin təklifi ilə namizədliyinizi irəli sürməyiniz düzgün məlumat deyil?

– Təbii ki…

– Eltac Əlisoy soruşur: “Sahib bəy AXCP sədrliyinə namizədliyini irəli sürmüşdü. Hazırda AXCP sədri Əli Kərimli İlham Əliyevə qarşı mübarizə aparan ən sərt siyasətçilərdəndir. Məni maraqlandıran odur ki, Sahib Kərimli AXCP sədri seçilsəydi, Əli Kərimlinin bu gün ortaya qoyduğu mübarizəni nümayiş etdirəcəkdimi? Sual verməkdə məqsədim budur ki, Sahib Kərimlinin bugünkü fəaliyyətində İlham Əliyevə heç bir yer ayrılmayıb. Sahib bəy, yəni İlham Əliyevi sərt tənqid etməkdən ötrü partiya sədri olmaqmı gərəkdir?”

– Əli bəy İlham Əliyevə qarşı heç bir mübarizə aparmır. Əsaslandırım, necə aparmır. Bir var mübarizə aparıb, siyasi hakimiyyəti hakimiyyətdən salmaqdan ötəri sistemli iş görəsən, bir də var strukturu, resursu saxlaya bilməyib, sonra fərdi statusu saxlamaq. Məsələn, ölkədə syasi hakimiyyət çox səbəbdən dəyişə bilər. Bir ədalətsiz idarəetmə var. Sosial partlayış ola bilər. Və yaxud da hal-hazırda Rusiya ilə İran Azərbaycanda böyük ehtimalla birgə proje ilə siyasi hakimiyyətə yeni adamlar gətirmək haqqında əməkdaşlıq edirlər. Yəni onun elementlərini mən cəmiyyətdə siyasətçi olaraq görürəm. Fərqli səbəblər ola bilər. Demokratiya qapısı, ya hakimiyyət dəyişikliyi qapısı, dəyişiklik qapısı nə zamansa başqa səbəblərdən açıla bilər. O qapının ağzında birinci durub, açılanda desinlər ki, “mübarizənin lideri mən idim…” Heç vaxt sistemli surətdə təşkilatlanıb, hakimiyyətin resurslarının üzərinə getmək, hakimiyyətə gəlmək üçün məqsədli iş yoxdur.

 

Əli Kərimli İlham Əliyevə mesaj verir ki…

16900176_1324881580906846_21748605_n

Əslində, bu, həm də müdafiə məsələsidir. Necə? Zəif təşkilat, güclü lider. Güclü lider, ancaq fərdi problemdir, həm də dolayısı ilə Əli Kərimli İlham Əliyevə mesaj verir ki, sənin yıxılmağın, hakimiyyətdən getməyin mənim sistemli mübarizəmin nəticəsində deyil ki, mənə qarşı çox aqressiv olasan. Sən özünün yanlışlarından və ya başqa səbəblərdən hakimiyyətdən gedəndə mən o status-kvonu saxlayıram.

– Bu, çox ciddi ittihamdır. Yəni Əli Kərimli İlham Əliyevin hakimiyyətdən getməsini istəmir? Bu, imitasiyadırmı, deyirsiniz?

– Yox, təbii ki, istəyir. Əli Kərimli hakimiyyətə gəlməyin yolunu ictimai resursları, partiya resurslarını, cəmiyyət resurslarını bir liderin üzərinə düşəcək məsuliyyət ki var, onları toparlayıb sistemin üzərinə şərt formalaşdırmaq, cəmiyyətin potensialını toparlamaq və ən azı hökuməti islahatlara məcbur eləmək və s. Bütün parametrlərdə…

– Bunu istəmir?

– Bu sistemli işi siz görürsünüzmü?

– Yox, mən sizdən soruşuram.

– Ortada sistemli bir iş yoxdur. Əvəzində nə var? Fərqli səbəblər…

– Yəni gedəsi olsa, qapının ağzında birinci mən durum ki, hakimiyyətə mən gəlim?

– Bəli, bəli. Bu, nəyin hesabına baş verəcək? Hər kəsin sıradan çıxarılması hesabına. Nəticədə nə baş verir? Nə lazımdır? Zəif təşkilat. Zəif təşkilatı idarə eləmək üçün kim lazımdır? Mühakimə qabiliyyəti olmayan, daha çox eyforik hisslərlə, romantik hisslərlə prosesin içində olan, görüntü vermək xatirinə yaradılmış struktur.

 

İlham və Heydər Əliyevlə bağlı əvvəlki mövqeyimdə deyiləm

16924179_1324879324240405_1317665360_n

– Namiq Salam soruşur: “Vaxtilə Sahib özü də siyasi məhbus olub. İndi isə AXCP-nin onlarla siyasi məhbusu var. Bilmək olar, Sahib niyə son dövrlər onları şərləyib tutan hakimiyyətdən radikal yazılar yazmır?” Burada Bakıxan Qəribli müdaxilə edib, yazır ki: “Sahib bəyin çox yaxşı yazıları var. Xüsusilə də Türkiyə ilə bağlı təhlilləri var”. Cahid İmanlı yazır: “Sən Sahib bəyin vəkili deyilsən ki…” O da cavab verib: “Müsavatçı, sən Sahibin vəkilisənmi? Gedib öz partiyanızın işi ilə məşğul ola bilmirsən?” Buyurun.

– Aha… Bu dəfə də imkan düşdü. Belə bir yanaşma da var. Yaxşı suallardır. Altını cızdıq. Bu ölkədə elə bir struktur yoxdur ki, o, cəmiyyətin potensialını toparlamaq istəyir və hakimiyyəti sıradan çıxarmaq niyyətindədir. Əks halda insanlar bir-biriləri ilə ünsiyyət üçün əsaslar tapmalıdırlar. Çünki bu cür sistemlər nə zaman geri oturur? Cəmiyyətdə bütün fərdlər bir masa arxasında oturmaq üçün bu mexanizmi tapırlar. Liderin də funksiyası nədir? Bu mexanizmi tapmaq. Bəli, mexanizm tapılmırsa, deməli, lider yoxdur. Deməli, güclü təşkilat yoxdur. Yoxsa, “satqın”, “saxtakar”, “oğru”, “korrupsioner” yanaşmaların, epitetlərin hamısı yığışdırlmalıdır ey, qardaş. Bu ölkədə 5 min məntəqə var. Hökumət də hakimiyyətdə olduğu 20-25 il ərzində demək olar ki, ildə bir dəfə seçki keçirib. Tutaq 20-yə yaxın seçki keçirib. 5 min məntəqədə 20 adam səfərbər eləsə, bu, 100 min adam eləyir. 100 min adamın 20 il ərzində kontingenti də dəyişib. Aşağı-yuxarı biz onu 3-4 yüz min hesab edə bilərik. 3-4 yüz min də Azərbaycanda yaşayan  9 milyon əhalinin qaymağı hesab olunur. Hər rayonun, hər kəndin öndə gedəni, ziyalısı, müəllimi, seçilmiş adamı bu seçki saxtakarlığında iştirak eləyib. Bu illər ərzində kimlər məmur həyatı yaşayıbsa, dövlət qulluğunda olubsa, ictimai mülkiyyətə, dövlət mülkiyyətinə qərar veribsə, bu adamlar rüşvət alıblar, korrupsiya ilə məşğul olublar. Ümumiləşdirb, cəmiyyətin hamısını, axı sən, “korrupsiya, rüşvət, oğru hakimiyyət, quldurlar” deməklə…

– Yəni deyirsiniz ki, üslubu dəyişmək lazımdır, eləmi?

– Üslub dəyişməlidir. Üslub necə dəyişməlidir? Bunu havadan demirəm. Bunun da mexanizmi var.

– Yəni söhbətlə yox, müəyyən texnoloji açılımlarla? Belə deyək.

– Şərt formalaşdırmalısan. Yəni sən göstərməməlisən. Niyə İlham Əliyevlə bağlı əvvəlki mövqeyimdə deyiləm? Heç Heydər Əliyevlə də bağlı əvvəlki mövqeyimdə deyiləm. Əsaslandırım.

– Yeri gəlmişkən, İlham Əliyevlə bağlı da suallar var. Onları oxuyum, həm də o ətrafda cavablar verin. Şəhriyar Səmədov deyir: “Ötən il “Yeni Müsavat” qəzetinə verdiyi müsahibəsində bildirmişdi ki, İlham Əliyevin xarici əlaqələri çox genişdir və prezident beynəlxalq siyasətin oyun qaydalarını yaxşı bilir. Sahib bəyin özündən bu haqda daha geniş məlumat almaq daha maraqlı olardı. Necə düşünür, İlham Əliyevin üstünlüyü nədədir?” Yeri düşmüşkən, “Yeni Müsavat”la bağlı sizə bir ittiham mənasına gələn sual var. Məhərrəm Rza yazır: “Necə özünüzə rəva gördünüz ki, Milli Şuranın sentyabr mitinqi ərəfəsində hökumətin “Yeni Müsavat” qəzetinə müsahibə verib, Rauf Arifoğlunun antimitinq təbliğatında siz də yer aldınız?” Emil Cəfərlinin də sualı var: “2013-cü ildə prezident seçkiləri günü Sahib bəy Şəkidə olub gedişatı izləməli idi. Həmin gün günorta vaxtı Mingəçevirə niyə gəlmişdi?” İlham Qurbanov yazır: “İlham Əliyevi rüşvətxor və korrupsioner sayırsnızmı?” Bayaq dediyiniz məsələyə gəlir. “Və Sahib bəy, indiki hakimiyyətə qarşı alternativ qüvvə kimi kimləri görürsünüz? Mənim fikrim özümə aydındır. Sizin fikrinizi bilmək istəyirəm”. Bunu da Kənan Əliyev soruşdu.

 

II hissənin sonu

 

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button