“Qaynar Qazan”da Tural Abbaslı (III sonuncu hissə): “Nelson Mandela kimi terrorist olmaqdansa…”-VİDEO

Gənc siyasətçidən tarixi ekskursiya: “Ayaz Mütəllibov, Elçibəy, Heydər Əliyev necə prezident olub?”

 


Tural Abbaslı Azərbaycan siyasətinin ən gənc nümayəndələrindən biridir. Onun “Qaynar Qazan”da müsahibəyə çağırılması hər zaman gündəmdə olub, amma bir türlü alınmayıb. Buna ən müxtəlif səbəblər olub. Əsas səbəblərdən biri də açığı, Tural bəyin bəzən müxalifət – daha doğrusu, ənənəvi müxalifətin üzərinə yerli-yersiz getməsi olub. Allah var, ənənəvi müxalifətin üzərinə Tural bəy bəzi digər gənclər kimi getməyib, çox aşırıya qaçmayıb, ifrata varmayıb, amma hər halda əsas səbəblərdən biri bu olub. Lakin Tural bəyin siyasi həyatda oynadığı rol açıq-aşkar ortadadır və biz qərara gəldik ki, bu dəfəki qonağımız Tural Abbaslı olsun.

Tural Abbaslı müasir Azərbaycan siyasətinin əsas fiqurlarından biridir. AĞ Partiyanın sədridir. Qarabağ Komitəsində, Azərbaycan Xalq Hərəkatında təmsil olunur, aktiv hərəkətlənmələrin mərkəzində yer alır. Onun da başından sığallanmır, onun da yolu rəvan deyil, amma gündən-günə apardığı siyasətlə daha təmkinli və sağlam təməllərə oturduğu göz önündədir. Bu təmkinli davranışları ilə son zamanlar heç ənənəvi müxalifətin də üzərinə yerimir. Seçimimizdə bu siyasətin də rolu var, nə gizlədim.

Müsahibəni evlərində götürmüşük. Təbii ki, “Qaynar Qazan”ın sabit studiyası yoxdur. Bəzən verdiyimiz fasilələrin səbəbi də budur. Düzənli fəaliyyətimizi həm də ciddi əngəlləyənlər var. Biz bu haqda zaman-zaman məlumat veririk cəmiyyətə, ancaq vermədiklərimiz də var. Ona görə də müsahimizi danışdırmaq üçün lazım olan yeri tapa bilməyimiz də dövrümüzdə ayrıca bir qəhrəmanlıqdır.

Tural Abbaslının evi söküntü sahəsindədir. Evi tapdıq və evə daxil olan kimi anası, tanınmış siyasətçi, Müsavat Partiyasının Divan üzvü Başxanım müəllimənin təqdimatında canlı bir tarixin içinə düşdük sanki. Sən demə, bu ev Hacı Zeynalabidin Tağıyevin birinci həyat yoldaşına tikdirdiyi evmiş. Bu da bir problem. Məlum oldu ki, Bakı Şəhər İcra Hakimiyyəti bu binanı və binanın qonşuluğunda yer alan digər tikililəri də sökmək niyyətindədir. Anlaşılması o qədər çətindir ki… Hacı Zeynalabidinin tariximizdə oynadığı rol ortadadır. Onunla bağlı, onun tikdirdiyi hər bina bizim şanlı tariximizin səhifələrindəndir. Bu binaları qoruyub-saxlamaq, onları gələcək nəsillərə ərməğan etmək olmazmı? Niyə sökülsün ki, bu binalar? Tural bəylə elə bu mövzu ilə də başladıq.

Gəncdir. Təbii ki, müasir Azərbaycanın standartlarında gəncdir Tural Abbaslı. Müasir Azərbaycanın standartlarında elə mən də gəncəm. Amma Əli Kərimlinin 27 yaşında Dövlət Katibi olduğunu, Pənah Hüseynin 33 yaşında Baş nazir olduğunu – o dövrün bütün vəzifə sahiblərinin 30-40 yaş arasında olduğunu düşünəndə təbii ki, biz qocaların qocasıyıq. Bu amansız sistemdə o da çürüyənlərdən biridir. “Qaynar Qazan”da gənclər olub. Bəxtiyar Hacıyev, Ruslan İzzətli – amma onların heç biri partiya sərdi, müxalifətin atişləməz yollarında cəng edən deyillər. O baxımdan, Tural Abbaslı ilə müsahibə mənim üçün də çox maraqlı idi. Mən də gəncliyimdə bəzən müsahiblərimi zəif görəndə ləzzət alır, onları zəif göstərmək üçün zövq alırdım, amma indi müsahiblərimi zəif görəndə çox ağrıyıram. Bilirəm ki, Azərbaycanın gələcəyi bunlardır. Nə qədər zəifdirlərsə o qədər zəif olacağıq, amma nə qədər güclüdürlərsə o qədər də güclü olacağıq. O baxımdan, Tural bəyin də güclü çıxmasını istəyirdim bu müsahibədən. Çox istəyirdim…

Buna Tural Abbaslı nə qədər nail olub, onu mən deyə bilmərəm. Onu oxucular, tamaşaçılar deyəcəklər. Amma mən onu xeyli təmkinli, səbatlı, ağıllı və yetkin gördüm. Xüsusilə, çətin, tənqidi, hətta bir az da həddini aşan ironiyalı sualların qarşısında dözümlü gördüm. Bu, çox yaxşı haldır, bunu yayının gedişində də dedim. Təmkinli olmaq, dözümlü olmaq indiki siyasətdə çox önəmlidir. Bunu bacara bilirsənsə, uğur qazanmaq ehtimalın var. Dövrümüzün Azərbaycanının hakimiyyəti də, müxalifəti də, hətta qeyri-hökumət sektoru da, vətəndaş cəmiyyəti də çox amansızdır, çox zalımdır. Bizim mühit indi yıxdığını kəsəndir, şər-böhtanla dost-yoldaş olandır, söyüşü çörək yerinə yeyəndir, bu mühitdə baş çıxarmaq çox çətin və məşəqqətlidir. Mən Tural Abbaslını baş çıxaran görürəm və əminəm ki, elə də olacaq. Sona qədər gedəcək və sonu gətirəcəklər bu cavanlar. Allah onları da, bizi də utandırmasın!

Hə, onu az qala unutmuşdum. Tural Abbaslı hələ subaylığın daşını atmayıb. Müsahibədən əvvəl də, müsahibədə də, ondan sonra da bu haqda rəsmi və qeyri-rəsmi danışdıq. Demədi, amma ucundan-qulağından hiss etdim ki, gəlin namizədimiz var, amma bu namizəd Tural bəyi yaman qorxudub. Sər verir sirr vermir. Mən söz verdim ki, bütün siyasi sistemi ayağa qaldırar, elçiliyə gedər, yalvarar-yaxarar, lazım gələrsə döyüşər və qızı alarıq. Tural bəy də söz verdi ki, bu il – 2019-cu il ərzində subaylığın daşını atacaq. Başqa yolu da yox zatən. Millətə xidmət etmək həm də onun üçün dəyərli və faydalı övladlar yetişdirməkdir. Zaman isə ötür. Başxanım müəllimə də o qutlu günü arzulayır. Güman edirəm ki, Tural bəyin namizədini biz də tanıyırıq və güman edirəm ki, gəlinimiz hətta mənim yazdıqlarımı da oxuyacaq. Gəlinbacımız, biləsən ki, hövsələmiz tükəndi, daşı ətəyindən tök, Turalı hizaya gətir və bu il toyunuzu edək. Tural Abbaslının gələn ilə qədər limiti var, biləsən…

Nə manidardır ki, “Qaynar Qazan”da ötən qonağımız Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov olmuşdu. İlk prezidentdən sonra sıra Tural Abbaslıya gəldi. Üç dəfədir prezident İlham Əliyevdən “Qaynar Qazan” üçün müsahibə istəmişəm. Mən bütün son açılımların hamısına o zaman inanacağam ki, İlham Əliyevlə “Qaynar Qazan”da müsahibə götürüm. Deməli, Tural Abbaslıdan sonra İlham Əliyev ola bilər “Qaynar Qazan”ın qonağı. Bunun özü də maraqlıdır və bəlkə də bir əlamətdir. Təki bütün əlamətlər xoş olsun…

İndi isə keçək müsahibəyə. “Qaynar Qazan”ın budəfəki müsahibi AĞ Partiyanın sədri, gənc siyasətçi Tural Abbaslıdır.

Əvəz Zeynallı,

“Qaynar Qazan”

 

I hissəni buradan oxuya bilərsiniz:

“Qaynar Qazan”da Tural Abbaslı (I hissə): “Parçalanmanı Arif Hacılı etdi”-VİDEO

 

II hissəni buradan oxuya bilərsiniz:

“Qaynar Qazan”da Tural Abbaslı (II hissə): “Yaşasın Kim Çen İn!”-VİDEO

 

III – sonuncu hissə

 

Bütün Azərbaycan xalqı kadr potensialıdır

– Nurlan Mirəli yazır: “Tural bəy, hakimiyyətə gəlməyə hazırsınızmı? Yoxsa siz də Erkin Qədirli kimi özünüzü hazır görmürsünüz? Və hakimiyyətə gəldiyiniz təqdirdə dövləti idarə edə biləcək kadr potensialına sahibsinizmi və önəmi postlar tutacaq kadrlarımız varmı?”

– “Hakimiyyətə gəlmək” dedikdə, Azərbaycanda heç kimə sirr deyil ki, güclü, mərkəzləşdirilmiş prezident üsul idarəsidir. Yəni burada əsas olan parlament, Nazirlər Kabineti də o gücdə deyil. Mən özümü şəxs olaraq buna hazır bilirəm, əgər hazır bilməsəm, 2018-ci ildə prezidentliyə namizədliyimi verməzdim. “Hakimiyyətə gələndən sonra kadr potensialım varmı?” – təbii ki, var. Şərt deyil ki, mən hakimiyyətə gələndən sonra ancaq mənimlə bir komandada olan insanlarla işləyim. Səhv eləmirəmsə, bu gün Azərbaycanda 30 minə yaxın təyinatlı vəzifə var. 30 minlik kadr potensialı haradan ola bilər? Amma bütün Azərbaycan xalqı sənin kadr potensialındır. Necə ki, bugünkü hakimiyyətin komandasında kadr potensialı neçə faizdir? Zamanında onlar da 91-lərə daxil idilər…

– Heç yoxdurlar, keçmişdən – 91-lərdən heç kim qalmayıb.

– Heç kimə sirr deyil. Bir gün rəssamlar arasında sorğu keçirirlər ki, “dünyanın ən güclü rəssamı kimi hesab edirsiniz?” Hərə iki ad yazmalı idi. Hamı birinci öz adını yazır, ikinci isə başqasını. Sorğuda iknci yazılan ad əsas götürülür, çünki heç kim özünü ikinci olaraq görmür. Yəni bütün sahələrdə belədir. Hamı yaxşı bilir ki, bu sahənin mütəxəssisi kimdir, bu sahənin güclü bilicisi kimdir. Fərqi yoxdur, mənimlədir, qeyrisi ilədir. Kadr problemi yoxdur. Əsas siyasi iradədir. Siyasi iradə olandan sonra… Necə olur ki, eyni düşüncəli gürcü xalqı Saakaşvilinin apardığı islahatlara tabe olur. Halbuki Şevardnadzenin hakimiyyəti dönəmində eyni gürcü xalqı korrupsioner və rüşvətxor idi. Məncə bu məsələlərdə siyasi iradə önəmlidir.

 

Fəxr elədiyimiz, qürurlandığımız bir qəhrəmanlıq günümüz yoxdur

– Natiq Ələkbərov soruşur: “Tural bəy öz partiyasının platformasını nə zaman xalqa təqdim edəcək? Tural bəy mənim fikrimcə, siyasətdə heç bir uğur qazana bilməyəcək. Çünki dünyanı idarə edən ABŞ və Qərb dairələri kimi istəyir hakimiyyətə onu da gətirir”.

– Bizim platformamız bu və ya digər formada bəllidir. Onunla bağlı kiçik sənədimiz də var. Əgər bəy, istərsə, ona da göndərə bilərik. Yəni bizim rəngimiz, tutduğumuz xətt bilinir. Biz milli görüş, milli xətt üzərindəyik. Bu xətlə də gedəcəyik. Avropa, Amerika məsələsində də biz onun kimi utopik fikirlərdə deyilik.

– “Milli görüş” Ərdoğanın milli görüşüdür?

– Təbii ki, hər dövlətin özünə görə nüansları var. Biz milli xətt üzərində siyasətimizi aparırıq və mən Azərbaycanda hakimiyyətə gəlmək üçün Avropadan – 9 və ya 12 dövlətdən və yaxud da kimlərdənsə icazə almaq niyyətində deyiləm. Yəni zamanında kimsə nəsə deyibsə, desin. Amma mənim kimlərdənsə icazə almaq fikrim yoxdur. Mənə Azərbaycan Respublikasının vətəndaşları səs versinlər, kifayətdir. Azərbaycanda seçilmək üçün mənim gedib kimdənsə razılıq almaq kimi bir niyyətim yoxdur və belə razılaşmanın da tərəfdarı deyiləm. Çünki bu gün onların razılığı ilə hakimiyyətə gələn, sabah da onların razılığı ilə hakimiyyətdən gedər. Bu gün kifayət qədər nümunələr var ki, xalqın dəstəyi ilə hakimiyyətə gəliblər. Elə Ərdoğanı götürək. Bəyəm o, hakimiyyətə Avropa, ya da Amerikanın dəstəyi ilə gəldi? Və yaxud da zamanında Mursi Misirdə Avropanın, Amerikanın dəstəyiləmi seçilmişdi? Amerika qulağının dibində olan Kubada hakimiyyəti dəyişə bilmir. Venesuelada Maduronun, ondan qabaq da Uqo Çavesin başına açmadıqları oyun qalmadı. Var, nümunələr var. Odur ki, biz balaca, kiçik dövlət ola bilərik, amma öz xətti olan dövlət olmalıyıq. Baxın İsrail də balaca dövlətdir. Kimsə deyə bilər ki, İsrail dünya iqtisadiyyatına, siyasətinə, təhlükəsizliyinə təsir eləmir? Nümunələr çoxdur. Bizim özümüzə inamımızı, etibarımızı öldürüblər. Bizə aşağılıq kompleksini sırıyıblar. Baxın, adi bir nüans deyim. Bizim müasir tariximizə baxsanız, faciə günlərimizin sayı bayram günlərimizdən çoxdur. Yanvarda 20 Yanvar, fevralda 26 Fevral Xocalı soyqırımı, martda 31 Mart soyqırımı, apreldə, mayda, iyunda hansısa rayonlarımızın işğalı. Hər ay hansısa matəm, hansısa faciə günümüz var. Bizdən başqa heç bir xalq bu qədər matəm gününü qeyd eləmir. Bizim bir qəhrəmanlıq günümüz yoxdur, bizim fəxr elədiyimiz, qürurlandığımız gün yoxdur. Bayaq sual vermişdilər ki, “cümhuriyyətçi partiyadan çıxıb xilafət təfəkkürü ilə…”

– Hə…

– Mən xilafət təfəkkürü ilə yaşamıram… Çox istərdim ki, bugünkü Türkiyə Cümhuriyyəti Osmanlı imperiyasının zamanında olduğu gücdə, təsir imkanlarında olsun. Bizim də Nadir Şahımız, Şah Qacarımız var. Biz niyə elə özümüzü Rəsulzadənin davamçısı olaraq…

– Şah İsmayılımız var…

– Tariximizdən danışanda Rəsulzadə və yoldaşlarından danışırıq. Bəs, onlardan əvvəlki tariximiz? Onlardan qabaq Nadir şahı, Qacar şahı, Şah İsmayılı kimə verək? Biz bu regionun ən böyük dövlətlərindən biri olmuşuq.

 

Loqotipimiz Nadir şah Əfşarın damğası və Osmanlının laləsidir

 

– Onları da İran, fars alıb…

– Bizim partiyanın loqotipində Nadir şah Əfşarın damğası var. Adımız və emblemimizə Nadir şah Əfşarın damğasını və Osmanlının laləsini daxil etmişik. Yəni bizim üçün bu iki dövlətin birliyi önəmlidir. Bu iki dövlətin sintezi, birlikdə fəaliyyəti önəmlidir. Bu, o demək deyil ki, biz onları birləşdirək, onlar bizə birləşsinlər. Yəni bilirsinizmi, kökümüzə qayıtmaq lazımdır. Biz xanlıqlar dönəmindəki Azərbaycan deyilik. Biz Nadir şah, Qacar şah dönəmində olan Azərbaycanıq. İndi İranın ərazisində olan Azərbaycan türk dövləti olub. XX əsrin əvvəllərində orada farslar Qacarlar sülaləsini devirərək hakimiyyətə gəliblər. Məncə, tariximiz bir az ədalətli yazılsa, adamlar anlayarlar ki, biz nəyi demək istəyirik.

 

Xalqın övladı burada iş tapa bilmir, öz övladın Avropada yağ-bal içində yaşayırsa…

– Kamal İlhamoğlu: “Tural bəy, siyasi təcrübəniz qədər yaşı olmayanların və siz siyasi məhbus olsanız da, ölkədə İlham Əliyevin adını çəkməyə qorxanların sizə verdiyi mənasız suallardan bezmədiniz ki?”

– Sağ olsun. Siyasət budur, “çünki oldun dəyirmançı, çağır gəlsin dən, Koroğlu”. Onu da deyirlər ki, “əgər canavardan qorxursansa, o zaman meşəyə niyə girirsən?” Biz bu tənqidləri, ironiyaları qəbul eləməsək…. Peyğəmbərimizə belə lağ eləyiblər, peyğəmbərimizi belə daşa basıblar. Biz hələ maşallah… Mən xalqımdan qətiyyən narazı deyiləm. Baxın, xalqımızı da qətiyyən aşağılamıram. Bu xalq tankın, topun qarşısında duran xalqdır. Baxmayaraq ki, bəziləri, hətta özlərini siyasi lider kimi qələmə verənlər də durub xalqa dərs keçirlər: “Nə qədər qorxacaqsınız? Nə qədər çəkinəcəksiniz? Çıxın meydanlara… Haqqınızı tələb eləyin!” O adama sual vermək lazımdır ki, “Bu xalq çıxdı da meydanlara, sonra da səni hakimiyyətə gətirdi. Nə elədin? Özün o qabiliyyətlə gəlmişdin hakimiyyətə?” Bizim xalq kifayət qədər cəsarətlidir, kifayət qədər də siyasi biliyi var və kifayət qədər də uzaqgörəndir. O bilir kimə, nə vaxt, necə dəstək verəcək. İsmayıllıda olanları bilirsiniz. Oradakılar qorxaq idilər? İsmayıllını bir söyüşə görə yandırıb ayağa qalxdılar. Ondan qabaq siz eşitmişdiniz ki, İsmayıllıda xalq ayağa qalxıb desin ki, “bizim seçki hüququmuz pozulub”? Yox. Ondan qabaq eşitmişdiniz ki, xalq qalxıb desin ki, “sərbəst toplaşmaq azadlığımız pozulub”? Yox. Bizim xalqın dəyərləri başqadır. Eşitmisiniz ki, bizim xalq qalxıb desin ki, “niyə bizim pullarımız Panamada ofşor zonalardadır?” İsmayıllı qalxmışdı? Yox. Quba qalxmışdı? Yox. Amma bizim xalqın dəyərləri var. Sən əgər xalqının dilində danışmağı öyrənməyəcəksənsə, xalq sənə niyə dəstək versin? Sənin xalqının övladı burada iş tapa bilmir, öz övladın Avropada yağ-bal içində yaşayırsa, xalq sənin arxanca gələr? Kim üzərinə götürür, götürsün. Yəni mən özümün, xalqımın gələcəyinə inanmıram, övladımı xaricə göndərirəm ki, “övladım, get orada özünə gələcək qur”, buradakı gəncləri də meydanlara çağırıramsa, xalq mənə səs verməz də. Səs verməməlidir də. Mən xalqımdan razıyam. 35-36 yaşım var və azdan-çoxdan da mübarizəmiz olub və xalqımız o mübarizəyə görə kifayət qədər hörmət də eləyir, ehtiram da eləyir, azdan-çoxdan tanıyırlar da.  İnsanlar olub ki, illərlə mübarizə aparıblar, heç adları bilinmir. Nəsiman Yaqublu, səhv eləmirəmsə, 1989-cu ildən bu yana elə bir kitab yazdı.

– Ensiklopediya.

– Hə, ensiklopediya. Orada elə insanlar var ki, ömürlərini türmələrdə keçiriblər, səhv eləmirəmsə, üçrəngli bayrağı 1969-cu ildə Qız Qalasının başından asıb adam. Heç adını bilən yoxdur. Amma bu gün bizim mübarizəmiz azdan-çoxdan varmı, yoxmu, insanlar tanıyır. Məsəl üçün siz də gəldiniz, müsahibə aldınız. Ona görə də mən xalqımdan narazı deyiləm. Eybi yoxdur, qoyun belələri də olsun, suallarını da versinlər.

– Qabil Əliyev soruşur: “Sualımı səsləndirsəniz, sevinərəm. Tural bəy siyasi fərdilik və yaxud da özünəməxsusluq əvəzinə niyə siyasi yamsılama və ya özünübənzətmə yolunu tutub? Bəy necə fikirləşir, siyasi şəxsiyyətlərin öz imzaları yoxdursa, siyasi səhnədə qalmağın nə mənası var?”

– Bəylə tamamilə razıyam. Hər bir siyasi kimliyin özünün siyasi xətti, xarakteri olmalıdır. Bəy yəqin məni tanımır. Yəqin o məni AK parti söhbətindən sonra tanıyıb. Mən 2000-ci ildən partiya üzvü olmuşam. Yəni 2000-ci ildən… Əvəz bəy, siz də siyasi səhnədə olmusunuz…

– Deyim ki, suallara dözümlülüyünüz xoşuma gəldi. Yəni ən sərt, ən qıcıq suallara, baxıram da çox hövsələ ilə cavab verirsiniz…

– Bizim şəxsi düşmənçiliyimiz yoxdursa, sağ olsun ki, vaxtını ayırıb sözünü deyir, sualını verir. O əgər bizə elə sual verirsə, demək biz onu inandıra bilməmnişik. Amma inandıracağıq. Baxın, “siyasi xarakter”lə bağlı məqama cavab verim. 2000-ci ildən mən Müsavat Partiyasının üzvü olmuşam, artıq 2019-cu ildir. 19 ildir məni tanıyanlar bilir. Siyasi sektorda kifayət qədər nüfuzlu insanlar var ki, onların heç olmasa birindən soruşun, “ondakı Tural Abbaslı ilə indiki Tural Abbaslı araslında dünyagörüşü səviyyəsinə görə, siyasi baxışlarında fərq varmı?” Ərdoğan 2000-ci illərdə hakimiyyətə gəlib. O illərdən sonra ortaya xarakter qoyub. İnsanlar “yamsılamaq” deyəndə tutalım, məni onunla eyniləşdirirlər. Mən zatən doğulandan, formalaşandan beləyəmsə, günahımdır ki, indi kiməsə oxşayırıq? Bəs yaxşı, özlərini Nelson Mandelaya oxşadanlar niyə bu sözləri demirlər? “Mən bu dövlətin Saakaşvilisi olacam!” deyənlərə niyə lağ eləmirlər? Mən deməmişəm ki, Ərdoğan olacam. Mən Tural olacam və Ərdoğanla bizim hər hansı xarakterimiz üst-üstə düşürsə, düşsün, ya düşməsin, o başqa məsələdir. Amma baxın, açıq-aşkar deyirlər, “mən Saakaşvili olacam” , biri deyir ki, “Mən Lex Valensa olacam!”, o biri deyir ki, “mən Rəsulzadəyə oxşayıram. Baxın, belə duranda profilimə baxın, necə ona oxşayıram”. Yəni bunu demirlər, amma mənim eləmədiklərimi də üzərimə qoyurlar.

– Profilindən özünü Rəsulzadəyə oxşadan kimdir?  

– Kifayət qədər elə adamlar var.

– Var, düz deyirsiniz. Hətta özünü Heydər Əliyevə oxşadanlar da var. Mən bir deputat tanıyıram, məhz profildən şəkil çəkdirib yayır ki, Heydər Əliyevə oxşasın.

– Oxşadanlar da, bənzədənlər də var. Bəy, yenə deyirəm. Niyə bizə gələndə bu “yamsılama” olur, digərlərinə gələndə bu yamsılamaq olmur? Bu, nə anlayışdır. 2005-ci ildə biz Ukraynanın rəngini götürdük e… Biz deyəndə hansısa partiyalar. Heç kim onlara demədi ki, “Nə narıncı inqilabıdır bu? Özünüzə bir rəng tapmadınız ki, narıncı seçdiniz?” Düz deyirlər də, o qədər spektrdə bir başqa rəng tapa bilmədiniz? O yamsılamaq olmur, nə bilim, adlar yamsılamaq olmur, hətta şəkilləri də var məndə, təbliğat plakatlarına Saakaşvili ilə, Yuşenko ilə, Timoşenko ilə şəkillərini qoyurlar, bu yamsılamaq olmur, amma bizim adi ideologiyamız, siyasi xəttimiz üst-üstə düşəndə deyirlər ki, yamsılayırsınız. Qardaş, biz eyni düşünə bilmərik? Yəni neçə dənə siyasi xətt var ki? Biz yenidəın kosmosdan başqa bir yeni ideologiya gətirək?

– Gülağa Əliyev yazır: “Siz inanırsınızmı ki, dinc və sivil olaraq bu hakimiyyəti dəyişmək olar?”

– Bilirsinizmi, inanmıram desəm, bunun alternativi nədir? Əlimizə silah alıb küçələrəmi çıxacağıq? Yoxsa, tankımız, topumuzmu var? Fərqi yoxdur, baxın. Müstəqil Azərbaycan Respublikasının ilk prezidenti Ayaz Mütəllibov necə prezident olub? Elçibəy necə prezident olub? Heydər Əliyev necə prezident olub? İlham Əliyev necə prezident olub? Biz tarixdən öyrənirik. Onların heç birində hakimiyyətə gələrkən qan tökülməyib. Amma hakimiyyətə gəlmələri də heç birində hamar keçməyib. Yəni biz də hər şeyin hamar keçməsinin, sivil yollarla olmasının tərəfdarıyıq. Amma yenə də söz sahibi xalqdır. Xalq nə qərar verəcəksə, o, xalqın qərarıdır.

 

Bu hakimiyyətə qarşı ağ eləyəcəyik

– Sizi tənqid edən suallar çoxdur. Amma təqdir eləyənlər də var. Cavid Hacıbəyli yazır ki, “Müsahibəni maraqla gözləyəcəyik…”

– Sağ olsun…

– Mehman Muradov Əlibəyli yazır ki, “Uğur olsun!” Piri Kazımlı yazır ki, “bu ölkəyə Tural bəy kimi savadlı kadrlar lazımdır. Eşq olsun! ”

– Piri bəylə tam razıyam. (Gülür…)

– İman Yusifoğlu yazır: “Var ol, Tural bəy”. Burada Amal Abuşov təriflərin bəzilərinə etiraz eləyir. Deyir, “Ağ eləmıəyin!”

– Baxın, bizim hətta belə bir şüarımız da var: “Haqsızlığa qarşı ağ eləyəcəyik!”, “Saxtakarlığa qarşı ağ eləyəcəyik!”, “Korrupsiyaya qarşı ağ eləyəcəyik!”, “Haqqın yeyilməsinə qarşı ağ eləyəcəyik!”. Niyə eləmirik ki? Ağ eləyəcəyik, hə. Bizim haqqımızı kim yeyirsə, ona qarşı ağ eləyəcəyik. Bu hakimiyyətə qarşı ağ eləyəcəyik. Niyə eləməyək? Biz buyuq, eləyəcəyik. Kimdən çəkinirik?

– Rəşid Nazim yazır ki, “Kimliyindən asılı olmayaraq bu hakimiyyətlə mübarizə aparan hər bir vətəndaşa, istər partiya sədri olsun, istərsə də yox, dəstək olmaq lazımdır. Ona uğur diləmək lazımdır. Tural bəyə də tutduğu yolda sadəcə uğur diləyəmiz qalır. Eşq olsun!”…

– Sağ olsun…

– Cavanşir Abbaslı yazır: “Eşq olsun, başqanım Tural Abbaslıya!”

– Yaxşı ki, öz dostlarımız var, tərifləyirlər.

– Vətəndaş və İnkişaf Partiyası yazır ki, “Hər ikinizi salamlayırıq. Tural bəyə də uğurlar arzulayırıq”.

– Çox sağ olsunlar, minnətdaram.

– Azad Lətifov yazır ki, “Tural bəy gənc və perspektivli siyasətçidir. Mən Tural bəyə tutduğu mübarizə yolunda uğurlar diləyirəm. Eşq olsun!” Yəni bunları da deyənlər var. Bizim başqa kateqoriyadan olan 1-2 sualımız qalır. İndi son bir neçə suala keçəcəm. Şamil Beydullayevlə Şəfi Şəfiyev arasında atışma-dialoq var. Onları tanıyırsınızmı?

– Şəfi Şəfiyevlə hətta sutkalıqda da bir yerdə olmuşuq.

 

Gələcəyin Rəsulzadəsi, Nelson Mandela

– Hə, burada “sutkalıq”la bağlı da məsələ var. Şamil yazır ki, “Tural bəy gəncliyin lideri və gələcəyin Rəsulzadəsidir”…

– Əstəğfürullah…

– “Ona həmçinin kiçik bir iradım var. İsa Qəmbərin xasiyyəti deyəsən, Tural bəyə də keçib. Yəni siyasi ölüləri diriltmək və onlara süni nəfəs vermək. Sualım isə, “26 ildir eyni taktika ilə gedən köhnə müxalifət həmişəki kimi uğursuzluq əldə edir. Sizin də onlarla birgə qocalmaq fikriniz var, ya taktikanı dəyişib uğur əldə edəcəyinizə inanırsınız? ” Burada Şəfi Şəfiyev qeyd edir ki, “Tural bəy Nelson Mandeladır”

– Yox, mənim belə bir iddiam yoxdur.

– Şamil bəy yazır ki…

– Baxın, Nelson Mandela deyirlər e…

– Hə…

– Əvəz bəy, Nelson Mandela kim olub?

– Vallah, Nelson Mandela yazıq bir adam idi…

– Terrorist olub, bəy. Terrorist olub.

– Elə o terrora görə də 27 il həbsdə yatıb.

– Terrorist olan bir adam hətta türmədən belə həyat yoldaşı vasitəsilə terror aktlarının həyata keçirilməsi üçün tapşırıqlar verib. İndi özlərinə liberal deyənlər, “insan həyatı hər şeydən dəyərlidir” deyənlər Mandelanı özlərinə kult seçirlər. Mən bir söz demirəm e… Mandelanın mübarizəsi var, xalqı yolunda eləyib. Yəni siz üzünüzü göstərin də. Biz aprel döyüşlərində Lələtəpə uğrunda bu qədər şəhid verdik. “Olmaz, anaların göz yaşına dəyməz!” deyənlər indi Mandelanı qəhrəman elan ediblər. Mənim Mandela olmaq fikrim yoxdur, mənim terrorist olmaq fikrim yoxdur. Mandela öz xalqının qəhrəmanı olub, amma həm də terrorist olub, terror aktları törədib.

– Amma ona uzun illər apardığı mübarizəyə görə dəyər verirlər. 27 illik böyük bir mübarizənin önündə gedib.

– Yaxşı, amma məsələdə ölüm var.

– Ölüm hadisəsi Yasir Ərəfatda da var idi.

– Mənim üçün problem deyil e… amma bir öldürənə demokrat deyib, o biri öldürənə kimsə diktator deyirsə, onun xarakterində problem var. Mənim üçün o məsələlər aydındır. Xalqın azadlığı uğrunda ölərlər də, öldürərlər də, torpağın azadlığı uğrunda ölərlər də, öldürərlər də. Yəni mənim Mandela olmaq fikrim yoxdur. Heç 27 ilimi türmələrdə keçirmək fikrim də yoxdur.

– Şəfi Şəfiyev yazır: “6-7 may NİDA-çıların məhkəmə proseslərindən sonra həbs olunanda bir maşında idik. Nəsimi rayon məhkəməsi ona sutkalıq verəndə reaksiyası gözümün qabağındadır . Bu nə məsələ idi? Ondan sonra deyəsən mübahisələr yatışır.”

– Şəfi Şəfiyev gənclər sektorunda fəal olan gəncdir. Şəxsən dostluğumuz da var, görəndə bir-birimizlə görüşürük. İdeyalarımızı qəbul eləmirlər, amma Şamiıl də deyəsən orada onun həyəcanlamağından yazıb: “sən də həbs cəzası alanda həyəcanlandın, bir az çəkindin, gözlərin doldu”. Ola bilər. Çünki adam mübariz deyil, gündə bizim kimi tutulmur ki, öyrəşsin. O da adi vətəndaşlarımızdandır. Şəfi ilə zarafatımız da var. Amma bəzən ona da “dindoş, filandoş” kimi söhbətlər yaraşmaz. Çünki yenə qeyd edirəm, özlərinin dəyər verdikləri məsələnin kökünə gedəndə görürük ki, onların böyük əksəriyyəti çox çürük dəyərlərdir. Mən hər dəfə bu haqda yazıram. Sən demə, Azərbaycanda ən böyük problem ailədə zorakılıq imiş, azyaşlı uşaqların evləndirilməsi imiş… Hansı ki, bu problemlər Azərbycanda ən son yerdə duran problemlərdir. Amma bütün Qərb mətbuatı yalnız bu məsələləri işıqlandırır.

– Əsas problemi qabartmağa cəsarət eləmirlər, ona görə də bu məsələlərin üzərinə gedirlər. O problemlərin hamısı təbii ki, aradan qaldırıla biləcək məsələlərdir.

– Onlar yeri gələndə istəyirlər ki, o məlumatlar da oxunsun. Axırıncı dəfə bir oğlanı çıxarıblar, “vizajist olmaq istəyirəm” deyir. Sifətində də makiyaj. Biz bu təbliğatın əleyhinəyik. A kişi, bizim öz dərdimiz, öz dəyərlərimiz var. Kim bu dəyərlərlə yaşamaq istəmirsə, o dəyərlərə qiymət verən yerdə yaşasın. Mən dəyərlərimizə qiymət verməyən şeyləri qəbul eləmirəm, kim də bu dəyərləri təbliğ edir, onlar mənə səs verməsinlər. İstəmirəm mən onların səsini.

 

Bu gün Qarabağ məsələsi cəmiyyətin bir nömrəli məsələsi halına gəlibsə…

– Son suallarımıza yetişdik. Davud Atakişiyev yazır, bu, həm də yəqin ki, mənə ünvanlanan sualdır: “Qarabağ Komitəsi yaranıb. Lakin bu da acı bir həqiqətdir ki,  bir işə yaramır. Çünki etdiyiniz bütün təkliflər hakim partiya tərəfindən qəbul edilmir. İkincisi də, iqtidarın bütün müxalifətlə anlaşmayacağı bəllidir. Deyin görüm, içinizdəki rəqibinizlə bacarmadığınız halda dünyanın baş edə bilmədiyi bir məsələyə qarışmağınız nə dərəcədə doğrudur? Bir halda deyirsiniz ki, YAP Qarabağ məsələsinin həllini istəmir. İndi deyin, sizə necə güvənim, nə etmək istəyirsiniz? Əvəz bəy və Tural bəy sualıma cavab verin”. Elçin Aztürk yazır: “Tural bəy, sizin Qarabağ Komitəsində, AXH-də nə işiniz var? Heç kənardan baxmısınızmı ki, kiminlə bir masa arxasındasınız?” Elşən Abbaslı da ona cavab yazır ki, “Özü nədir ki? Elə layiq olduğu adamlarla da bir yerdədir…”

– Bilirsinizmi bəy, mən bu nüansı bayaqkı suallarda da keçmişdim. Yəni siyasətdə belə “Atalar və oğullar” qarşıdurması yaratmağa çalışırlar. Mən bu gün Qarabağ məsələsində və yaxud da digər məsələlərdə eyni masa arxasında oturduğum insanların böyük əksəriyyəti ilə fəxr edirəm. Onlar zamanında müstəqilliyimizin qazanılmasında imzaları olmuş, bu dövlətin idarəçiliyində ən yüksək postlar tutmuş insanlardır. Normal dövlətlərdə elə adamlar xüsusi statuslarla təmsil olunurlar. Hətta yaşlananda belə həmin dövlətin təmsilçiliklərini edirlər. Yəni onlarla bir yerdə olmaq və onlardan nəsə öyrənmək mənim üçün fəxrdir. Burada nəsillərarası xələflik-sələflik söhbəti, varislik məsələsi var. Artıq təcrübənin, enerjinin gənc nəslə ötürülməsi və onun da gənclərin enerji və təcrübəsi ilə birləşdirilməsi, sintez edilməsi kimi məsələlərdə problem var. Bizim də, gənclərimizin də bu məsələlərdə problemləri var ki, onlarla dil tapmırıq, yaxud da yaşlı nəsildə də bəzi qısqanclıq, özünəvurğunluq var ki, onlar da bu sintezi eləməkdə maraqlı görsənmirlər.   Mən Qarabağ Komitəsində və digər platformalarda – AXH və s. olsun – olan bir çox insanlarla fəxr edirəm. Təbii ki, başqa yerlərdə olan insanların hamısı ideal deyillər ki… heç ola da bilməz. Biri üçün qəhrəman olan digəri üçün qəhrəman deyil. Hər kəsin öz baxış bucağı var. Lakin qəbul etməsə də, Qarabağ Komitəsi kifayət qədər ciddi işlər görür. Bəy də bu komitənin adını çəkir, Qarabağ problemindən danışır. Biz 2005-ci ildə – Narıncı inqilablar ərəfəsində – Nərimanov dairəsində sorğu keçirmişdik. Sorğu ondan ibarət idi ki, Azərbaycan vətəndaşlarını narahat edən üç əsas problemi tapacaq və bizim də namizədimiz həmin üç problemi teleefirdəki çıxışı zamanı vurğulayacaq. Siz bilirsinizmi Qarabağ problemi neçənci yerə düşmüşdü?

– Sonuncu?

– 7-8-ci yerdə idi. Birinci gəlirdi işsizlik problemi, kommunal məsələlər, təhsil, səhiyyə və s. mən aprel döyüşlərinə qədər o sorğunun təsirində idim və düşünürdüm ki, sabah istənilən halda, istənilən hakimiyyət Qarabağı ermənilərə güzəşt eləsə, bu xalqın reaksiyası sıfır olacaq. Amma aprel döyüşlərində mən gördüm ki, xalqımız Qarabağa da, işğal altında olan digər torpaqlarımıza da sahib çıxır, mən səhv fikirdə imişəm. Ona görə də, əgər bu gün Qarabağ məsələsi cəmiyyətin bir nömrəli məsələsi halına gəlirsə, demək ki,  bu Qarabağ Komitəsinin fəaliyyətidir. Yəni prioritet məsələ kimi bu gün hakimiyyət də, müxalifət də ondan danışır. Belə də olmalıdır. Necə qaytaracağıq? Bilirsinizmi, silahla alınan torpaqların necə qaytarıldığını hamı bilir. Bunu deməyə ehtiyac da yoxdur. Qan tökərək torpaqlarımızı işğal edənlər səninlə bir masa arxasında oturub, danışıqlar yolu ilə sənə torpaq qaytarmazlar. Danışıqlarla torpaq qaytarılsaydı, o zaman Fələstin-İsrail məsələsi bu günə qədər həll olunardı. ABŞ-ın özünün dünyanın neçə ölkəsinə ordu yeritdiyini saysam bitməz, orada indi də müharibə aparır. Əgər ABŞ dünya demokratiyasının beşiyi sayılırsa, niyə Suriya məsələsini danışıqlar yolu ilə həll eləmədi? Niyə İraqı, Əfqanıstanı həll eləmədi? Bu gün hətta Venesuellanı təhdid eləyir ki, qoşunlarını yeridəcək. əgər danışıqlar yolu bu qədər effektiv idisə, onlar da eləsinlər də. Bizim insanlarımız dünyaya daha çox xitab edirlər, dünyadan daha çox gözləntiləri var, nəinki özümüzkülərdən. Mən inanmıram ki, əgər sabah biz öz torpaqlarımızı işğaldan azad eləsək, kimsə gəlib bizə deyəcək ki, “niyə torpağını azad elədin?” Biz sadəcə olaraq o fədakarlığa hazır olmalıyıq.

 

AXH-nin formalaşmasında bəzi anlaşılmazlıqlar oldu

 

– Azərbaycan Xalq Hərəkatının perspektivini necə görürsünüz? Çünki mən bilirəm ki, bu yaxınlarda sizin orada sədrlik dönəminiz başlayır.

– AXH zamanında sizin də təmsil olunduğunuz Qarabağ Komitəsinin zəminində daha güclü vüsət aldı.  Oradakı insanlar, təşkilatçılarından ibarət olan ilk siyahını da siz çıxardınız. Sizi tənqid edənlər də oldu. Hətta siyahıda adların yeri ilə bağlı narazılıqlar da oldu. Təşkilata kim gələcək, kim gəlməyəcək və s. kimi məsələlər əslində Qarabağ Komitəsində niyə vüsət aldı? Çünki Qarabağ Komitəsi sırf Qarabağ problemi ilə məşğul olurdu. Yəni orada təmil olan insanlar da siyasi kimliklərdir. Siyasi kimliyi olan adamlara demək ki, siyasətlə məşğul olma, uyğun deyil. O baxımdan ideya olaraq AXH – Azərbaycan Xalq Hərəkatı ideyası ortaya çıxdı. Düzdür, AXH-nin formalaşmasında bəzi anlaşılmazlıqlar oldu, bəzi insanlar, məsələn Pənah Hüseyn, Sərdar Cəlaloğlu, İqbal Ağazadə rəhbərlikdə təmsil olunmadılar. Amma partiya olaraq orada təmsil olundular. Strukturlaşmada bəzi fikir ayrılıqları oldu. Hələ yeni başlayıb. Bu gün xalqın reaksiyasına, xalqın AXH-nə olan etimadına, inamına baxsaq perspektivli ola bilər. Yəni bunun uğurlu olub-olmayacağını mən düşünürəm ki, ora toplaşan insanlar həll edəcəklər. Bir hərəkat yarananda ya qalibiyyətə, ya da məğlubiyyətə məhkum deyil. Onun atdığı addımlar, yürütdüyü siyasət bunu göstərəcək. Hələ müasir siyasi imkanlar daxilində nə etmək mümkündürsə, eləyirik və ümid edirəm ki, inşallah, nələrsə ola bilər.

 

Bu il imperatorluğu təhvil verəcəm

– İnşallah. İndi mən gəlirəm sonuncu sualımıza. (Gülür…) Deməli, biz bayaqdan sizin evinizdəyik. Müsahibəyə başlamazdan əvvəl ananız Başxanım müəllimə ilə söhbət elədik. Aydın oldu ki, əziyyət çəkir, yorulur, şikayətlənir.

– (Gülür…)

– Əli Sabirabadlı Kərbəlayı da soruşur. Yazır ki, “Tural bəyi salamlayıram. Tural bəy “sulatanlığ”a nə vaxt son verəcək?” Azərbaycan xalqında bir məsəl var ki, onun özünün ailəsi yoxdursa, hələ evlənməyibsə, bu millətə nə iş görə bilər? Ona görə biz də istəyirik ki, buradan həm Başxanım müəlliməyə, həm də bizim tamaşaçılara sizin subaylığın son qrafik tarixini açıqlayaq.

– Düzdür, deyirlər ki, “subaylıq sultanlıqdır”, amma bizimki artıq imperatorluğa gedir. (Gülür…)

– Hə. (Gülür…)

– Dövlət Bağçalının bir yaxşı sözü var. Ondan bir dəfə soruşublar ki, “niyə evlənmirsən?”, cavab verib ki, “oğlum, Əzrayılla evliliyin vaxtının nə vaxt gələcəyini kimsə bilməz…” Amma görək. Bu istiqamətdə artıq fəaliyyətlərimiz var.

– Hitlerin də buna uyğun bir sözü var.

– Əgər mən ondan sitat gətirsəm…

– Ondan soruşanda ki “niyə evlənmirsiniz?” Hitler deyirdi ki, “mənim bir sevgilim var, o da Almaniyadır.”

– Vətən təbii ki, ilk sevgilimizdir, amma bizim dinimizdə də evlilik sünnətdir və evlənmıək, ailə başçısı olmaq, övlad sahibi olmaq önəmli addımlardan sayılır. İnşallah, çalışacam ki, bu il bu imperatorluğu təhvil verək. Yəni o istiqamətdə işləyirik. (Gülür…)

– Bu çox məsuliyyətli bir sözdür. Biz də Qarabağ Komitəsi, AXH olaraq sizi incidən qızımızı hamılıqla gedib, istəyə bilərik. Evlərinin qarşısında piket də eləyə bilərik…

– Allah razı olun…

– Mitinq də eləyə bilərik… Uğurlar. Xoşbəxt olun.

– Çox sağ olun!

 

SON

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button