“Qaynar Qazan”da Vurğun Əyyub (III sonuncu hissə): “Atamı Məhəmməd Əmin Rəsulzadə xilas edib”-VİDEO

Vurğun Əyyubdan İsa Qəmbərlə bağlı açıqlama: “Aramızdakı körpülər yanıb”

Onunla tanışlıq ömrümün axarını dəyişdirib. Sözün bütün mənalarında. 1991-ci ilin isti avqust günlərində Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili mütərcimliyi bölümündən müsabiqədən keçə bilməmişdim. Məni “konkursa salmışdılar.” Atamla birləşib şiddətli müqavimət göstərdik. Respublikanın bütün qurumlarına – başda Ayaz Mütəllibov olmaqla müraciət edəcək, sonra aclıq edəcəkdim. O zaman belə aksiyalar yeri-yerindən oynadırdı.

Bakı Dövlət Universitetindən Prezident Aparatına doğru gəlməli ikən, yolu tanımadığımıza görə, qarışdırdıq. Bir də baxdıq ki, tamam başqa istiqamətdəyik. Atam əsəbi formada bizə bələdçilik edən, bizi Aparata aparan bələdçimizdən soruşdu ki, indi haradayıq. Zatən yorulmuşduq. Məlum oldu ki, “Azadlıq” qəzetinin redaksiyasının yaxınlığındayıq. Atam qərarı qəfildən dəyişdirdi – “Azadlıq” qəzetinin redaksiyasına gəldik. Zatən nəzərimizdə və proqramımızda vardı, yanlışlıq onu birinci saldı.

Biz “Azadlıq” qəzetinin redaksiyasına girəndə, orada az adam vardı. Həyətin ortasında balaca bir hovuz yer almış, ətrafında bir-iki masa düzülmüşdü və Xaliq Bahadır çay içirdi. Bizi görüncə, dinlədi. Haylı-küylü idik. Və dedi ki, elə burada sizi maraqlandıracaq bir adam var – Vurğun Əyyubov. Taleyin işinə bax, sən demə, Vurğun Əyyub Türkiyəyə keçiriləcək qəbul imtahanının elanı xəbərini dərc olunmaq üçün “Azadlıq” qəzetinin redaksiyasına gətiribmiş və bir neçə dəqiqədən sonra çıxacaqmış.

Bir neçə dəqiqədən sonra Vurğun Əyyub çıxdı və biz görüşdük. Bir neçə dəqiqəlik görüş mənim bütün həyatımı dəyişdi. Vurğun Əyyub bizi AXC-nin qərargahında yerləşən imtahan komissiyasına – Ellada Məmmədliyə istiqamətləndirdi. Sənədlərimizi verdik, imtahanlara qatıldıq və Türkiyəyə oxumağa göndərildik. Mən o proses haqqında geniş və ətraflı yazmışam. Zaman-zaman bu yazılar silsiləsi müxtəlif media orqanlarında çap olunub, amma güman ki, onu “Elçibəyin imtahanı” kitabı formasında yaxın zamanlarda nəşr etdirəcəyəm də. Orada yaddaşımda qalan bütün incəliklərinə qədər yazmağa çalışmışam və o kitabın, o imtahanın, o günlərin – ömrümün o hissəsinin qəhrəmanı Vurğun Əyyubdur. İndi “Qaynar Qazan”da 44-cü qonağım olan bu böyük insan.

Vurğun Əyyubla münasibətlərimiz də zaman-zaman ictimai-siyasi olayların fonunda ziqzaqlı olub. Haqqımda dediyi ən tənqidi yazıları və fikirləri “Xural”ın manşetindən yayınlayacaq dərəcədə dəyərli bilmişəm onu. Siyasətin dolambaclı yollarında nə qədər ağrılı-acılı günlərin olmasına baxmayaraq, mən Vurğun Əyyuba hər zaman Atamın gözlərindən baxmağa çalışmışam. Atam həmin o “Azadlıq” qəzetinin həmin o sadə redaksiyasında Vurğun Əyyuba demişdi ki, mən oğlumu bu ölkədən göndərmək istəyirəm, o, burada oxuya bilməyəcək, çünki burada hər yer rüşvətə bulaşıb. Vurğun bəy də demişdi ki, gəl, sənin oğlunu göndərək gedib Türkiyədə oxusun. İkimiz də şok olmuşduq. Türkiyə ikimizin də xəyallarımızın ölkəsi idi. Və… nəticədə mən Türkiyənin Ankara şəhərinə hüquq fakultəsində oxumağa göndərilmişdim. Bax, o zamandan Atam hər zaman deyərdi ki, “Vurğun bəy harada durursa, ora mənim üçün qiblədir!” Ömrünün sonuna qədər də elə bildi. Bizim münasibətlərin gərgin zamanlarında da mənə deyirdi o sözləri hər zaman…

Təbii ki, şəxsi münasibətlərimizin necəliyindən asılı olmayaraq, Vurğun Əyyub Azərbaycanın yaxın tarixində müstəsna rol oynamış şəxslərdən biridir. Milli Azadlıq Hərəkatından əvvəl “Çənlibel”dən başlayan siyasi mübarizə onu Azərbaycanda qurulan Elçibəy hökumətinin nazir statusunda vəzifəsinə qədər gətirdi. Azərbaycanın yaxın tarixinin ən önəmli islahatlarından birinin aparılmasında Vurğun Əyyub müstəsna rol oynadı. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri kimi, millətin ona etibar edilmiş ən vacib sahələrindən birinə başçılıq etdi. Hökumətdə bu vəzifəsinin öhdəsindən layiqincə gəldi. İndi, bu müsahibədə bizə aydın olur ki, zamanında onun ortadan götürülməsi planı da olub və baş nazir Pənah Hüseyn bu planın qarşısını almaq üçün onun mühafizəsinin təşkil edilməsi tapşırığını verib.

Vurğun bəyi daha çox Müsavat Partiyasının sıralarında və rəhbərliyində gördük hakimiyyətin dəyişməsindən sonra. Yollar oradan da ayırdı onu. İllərlə İsa Qəmbərin yaxın silahdaşı olsa da, partiyadan ayrıldı və hazırda ADR Hərəkatının rəhbərliyində təmsil olunan önəmli simalardan biridir.

Vurğun Əyyubla müsahibəmizdə bütün suallara aydınlıq gətirməyə çalışmışıq. Vurğun bəy danışan adam olmasa da, “Qaynar Qazan”da xeyli şeylər söyləyib. İstər keçmiş silahdaşlarına, istər də olaylara fərqli baxlış ortaya qoyub və güman edirəm ki, bu müsahibə də gündəmi silkələyəcək müsahibələrdən biri olacaq. Təbii ki, onunla bir saat yarımlıq müsahibədə bütün 60 illik ömrünü əhatə etmək mümkün deyil. Ən azından, Vurğun Əyyubun ömründə elə hadisələr var ki, düşünürəm, onlar haqqında ayrıca “Azadlıq salnaməsi”ndə söhbətləşmək lazımdır, amma yenə də bu müsahibə çox maraqlıdır. Məsələn, Vurğun Əyyubun İsa Qəmbərlə və Rauf Arifoğlu ilə bağlı dedikləri cəmiyyət üçün çox maraqlı olacaq…

“Qaynar Qazan”da Azərbaycanın ən maraqlı adamlarından biri Vurğun Əyyubdur.

Əvəz Zeynallı

“Qaynar Qazan”

I hissəni buradan oxuya bilərsiniz:

https://www.xural.com/qaynar-qazanda-vurgun-%C9%99yyub-i-hiss%C9%99-m%C9%99n%C9%99-sui-q%C9%99sd-etm%C9%99k-ist%C9%99yirdil%C9%99r-video/ (“Qaynar Qazan”da Vurğun Əyyub (I hissə): “Mənə sui-qəsd etmək istəyirdilər”-VİDEO)

 

II hissəni buradan oxuya bilərsiniz:

https://www.xural.com/qaynar-qazanda-vurgun-%C9%99yyub-ii-hiss%C9%99-indi-z%C9%99if-partiyalar-da-musavatdan-gucludur-video/ (“Qaynar Qazan”da Vurğun Əyyub (II hissə): “İndi zəif partiyalar da Müsavatdan güclüdür”-VİDEO”)

 

III-sonuncu hissə

 

Demişəm ki, əgər Əbülfəz Elçibəy prezident seçiləcəksə…

 

– Nə istefa vermədiniz, nə də vəzifənizi dondurmadınız?

– Yox.

– Heydər Əliyev rəsmən sizi işdən çıxardı rəsmən?

– Bəli. Fərmanda da heç bir səbəb göstərilmədi. Fərman oxundu ki, filankəs tutduğu vəzifədən azad olunur.

– Sonra dərhal Məleykənin təyinatı oldu, yoxsa?

– Yox, Məleykə xanıma qədər…

– Çox adam gəldi getdi?

– Mən çox arzu edirdim ki, qurduğumuz sistem bir az dayansın, özünə güc toplasın. Ona görə çox arzulayırdım ki, birinci müavinim Kamran İmanov sədr olsun. Onu da sədr qoydular. Bir ildən sonra onu çıxardılar, Faiq Nağıyev idi, nə idi, belə bir adamı qoydular. Bir ildən sonra onu da çıxardılar, sonra Məleykə xanım 6-7 il sadəcə olaraq əvəz elədi sədri. 6-7 ildən sonra onu sədr olaraq təyin elədilər.

– Çox maraqlı tarixçədir… Faiq Quliyev soruşur: ““Elçibəy prezidentliyə namizəd olsa mən ölkəni tərk edəcəm” cümləsinin müəllifi sizmisiniz? Söhbət 1998-ci il seçkilərindən gedir.”

– Faiq Quliyev mənim dostumdur, salamlayıram onu. Amma mən elə bir cümlə deməmişəm. Başqa cür demişəm o cümləni. Mən demişəm ki, əgər Əbülfəz Elçibəy prezident seçiləcəksə, mən onun komandasında olmayacağam. Yoxsa deməmişəm, mən ölkəni tərk edəcəyəm. Niyə tərk eləməliydim ki?

– Niyə olmayacaqdınız komandada?

– Onun öz səbəbləri var idi. Nə o zaman jurnalistlər soruşanda danışmamışam, nə də indi niyyətim yoxdur o haqda danışmağa. Sadəcə olaraq mən komandada olmaq istəmirdim.

– Faiq bəy ikinci sualını soruşur: “Məncə 1998-ci ildə Elçibəy namizəd olsaydı, bu gün tamam başqa siyasi mühitdə yaşayardıq. Sizin fikriniz?”

– Hər bir fikrə hörmətlə yanaşıram, amma mən çox da nikbin nəticələrə gəlib çıxa bilmirəm.

 

Əxlaqi baxımdan düzgün hesab eləmirdim ki…

 

– O komandaya bir inamsızlıqmı yaranmışdı 1993-cü ildəki hadisələrdən sonra?

– Yox, söhbət ondan getmir ki, Əbülfəz Elçibəyin 1998-ci ildə toplayacağı komanda 1992-ci ildəkinin eynisi olacaqdı. Söhbət ondan getmir… Bilirsiniz, mən hesab edirəm ki, bir siyasi əxlaq da var. Mən o illərdə Müsavat Partiyasının Baş katibi idim. Və Müsavat Partiyasının rəhbərliyi bu fikirdə idi ki, prezidentliyə namizəd İsa Qəmbər olmalıdır. Hərçənd ki, o zaman hələ İsa bəy qərarlaşmamışdı. Və mən əxlaqi baxımdan düzgün hesab eləmirdim ki, İsa Qəmbəri dəstəkləyə-dəstəkləyə mən gedib Əbülfəz Elçibəyin komandasında necə ola bilərəm? Təbii ki, başqa səbəblər də vardı, söhbət ondan getmir. Mənim dediyim odur ki, Faiq bəyin sualının ikinci hissəsinə niyə nikbin yanaşmıram? Azərbaycan cəmiyyəti dəhşətli dərəcədə ümidsizləşib. Elə 1998-ci ildə də o cür idi. Və sanki siyasətdən çiyrinmiş əhvali-ruhiyyədədir. Azərbaycan hakimiyyəti zorakı bir hakimiyyətdir. Ona görə mən, hətta Əbülfəz bəyin namizəd olarsa belə vəziyyətin dəyişəcəyinə nikbin baxmırdım. Bunun Əbülfəz Elçibəyin şəxsiyyəti ilə bir bağlılığı yoxdur.

 

Mən dinin təbliğ elədiyi Allahı qəbul eləmirəm

 

– Tural Əliyev soruşur: “Vurğun bəy, sizin inancınızla bağlı öz dilinizdən eşitmək istərdik. Dini görüşünüz nədir?”

– Mən özümü heç bir dinə mənsub hesab etmirəm. Heç bir dini qəbul eləmirəm. Mən Allahın varlığını qəbul edirəm. Özü də ona biri “Allah” deyir, biri “Mütləq İdeya” deyir, biri isə başqa bir şey deyir.

– Asif Ata Ocağının üzvü olmusunuz o zaman, eləmi?

– Bu, bir tarixdir. Yəni mən dinin təbliğ elədiyi Allahı qəbul eləmirəm. Mən dindarın inandığı Allaha inanmıram.

– Bəs hansı Allaha inanırsınız?

– Mən o Allaha inanıram ki, bu nəhəngliyi, bu sonsuzluğu, bu sərhədsiz harmoniyanı yaradan bir qüvvə var, bu, heç də təkamülçülərin dediyi kimi, təsadüfən iki üzvi maddənin birləşməsindən yaranmayıb. Mən buna inanıram. Dinləri isə daha çox vasitə kimi görürəm. Ona görə də qəbul eləmirəm heç birini. Dinlər insanlar arasında ayrı-seçkilik yaradır. Bəzən deyirlər ki, siyasət murdardır, siyasət ayrı-seçkilik yaradır. Baxın, dinlər azmı ayrı-seçkilik yaradır? Dinlər azmı qırğına səbəb olur? Dinlər azmı işıqlı beyinləri məhv edib? Ona görə də mənim üçün dinlərin hamısı eyni bir şeydir. Təhlükəli fikirlər dediyimi bilirəm, amma olanı demək lazımdır…

– Çox maraqlı və çox da təhlükəli fikirlərdir indiki dövrdə. “Asif Ata Ocağı” gəncliyin bir mərhələsi idi, eləmi?

– Çox gəncliyin. Mən Asif Ata ilə tanış olmuşam 1975-ci ildə. Bir az da Asif Ata ilə uzaq qohumluğumuz var idi. Onun rəhmətlik əmisi Həmid Əfəndiyev dəfələrlə bizim evimizdə olmuşdu. Həmid Əfəndiyevin xanımı bizim qohumlardan idi. Mən 1975-ci ildə “Ulduz” jurnalında Asif Əfəndiyevin bir essesini oxudum. Məni qəribə bir həyəcan bürüdü. İndiyənəcən rastlaşmadığım, tanış olmadığım bir üslub, fikir düzümü. Atamdan soruşdum ki, bu adam kimdir? Atam dedi ki, bəs bu filankəsin qardaşı oğludur. Arxasınca əlavə elədi ki, çox istedadlı bir adamdır. Və mən Asif Ata ilə Axundov adına kitabxanada tanış oldum. Onun o zaman Bakı Dövlət Universitetində fəaliyyət göstərən “Estetika qrupu” var idi. Bura gedib-gəldim və iki məşğələdən sonra Asif Əfəndiyev mənə təklif elədi ki, növbəti məşğələdə Fizuli haqqında bir məruzə edim. Mən də bir məruzə hazırladım: “Fizuli qəmi, Fizuli heyrəti.” 1975-ci ildə mənim 18 yaşım vardı, tribunaya çıxdım. Zal dolu idi. Qabaqda rəhmətlik Xudu Məmmədov, Mirəli Seyidov və başqa professorlar oturmuşdular. Zala baxdım, başım fırlandı, sol ayağım başladı titrəməyə. Tribunada idim deyə görünmürdü, əlimi uzatdım ki, ayağımın əsməyini dayandırım. Birinci cümləni dedim, gözlərim doldu. Hiss elədim ki, səsim titrəyir, ağlamaq istəyirəm. Birdən gözüm aşağıda oturan Xudu Məmmədova sataşdı. Xudu müəllim əlini ürəyinin üstünə vura-vura düz gözümün içinə baxdı. Təlqinedici bir baxış idi. Ondan sonra tam sakitləşdim.

 

Xudu Məmmədov məni ürəkləndirməsəydi, ağlayacaqdım

 

– Ürəkləndiniz…

– Hə, məruzə elədim, alqışlarla qarşılandı. Düşəndə Xudu Məmmədov məni qucaqlayıb alnımdan öpdü. Dedim ki, Xudu müəllim, Siz olmasaydınız, mən o məruzəni edə bilməyəcəkdim. …1977-ci ildə bitirdim və getdim Sabirabada işləməyə. Bütün Azərbaycanda – rayonda ilk dəfə olaraq 1979-cu ildə Asif Əfəndiyevlə görüşü mən keçirdim. Sabirabadın yeni tikilmiş mədəniyyət evi vardı və onun 700 nəfərlik geniş, böyük zalı vardı. Təsəvvürünüzə gətirin ki, o zal tamamən dolmuşdu, zalın yarısı qədər də adam ayaq üstə qalmışdı. Üç saatlıq tədbir boyu bu adamlar ayaq üstə qaldılar. Afişalar yazıb vurmuşduq. Hər kəs soruşurdu ki, filosof nə olan şeydir? Nədən danışacaq o? Asif Əfəndiyev çox maraqlı danışdı. Ondan sonra Dövlət Təhlükəsizlik Komitəsi başımızı ağrıtdı. Mənə çox hücumlar təşkil olundu və s. Bunlar tarixdir və ayrıca yazılmalı məsələdir…

– Bəli, çox maraqlıdır. Bəlkə də ayrıca söhbət olunmalı məsələdir.

– Asif Ata ilə mənim sonuncu söhbətim 1989-cu ildə oldu. Mənə dedi ki, oğlum, siyasətə qarışma, qoşulma ona. Dedim ki, yox. Əslində, o, haqlı idi. Ki, insanlarımızı mənəvi cəhətdən kamilləşdirmədən bu şeylərə getmək olmaz. Mən o zaman başqa cür fikirləşirdim. Dedim ki, Asif müəllim, xalqımız o qədər ağır dərd içərisindədir ki, siyasət olmadan bunları həll eləmək mümkün deyil. Sizin dediyiniz yol çox uzundur. Bir də, haradasa 1998-ci ildən sonra idi. Mən Müsavatda Baş katib idim, otağım böyük idi, siz görmüşdünüz.

– Bəli, böyük idi…

– Orada Asif Atanın görüşü təşkil olunmuşdu. Mən də orada iştirak eləmişəm. Asif Atanın məndə məktubları var. Arxivimdədir. Ocaqçılar istəyib o məktubları məndən. Yəqin ki, təqdim edəcəm onlara.

– Maraqlı olar. Verin, biz çap edək, elə təqdim olunsun… Asif Atanın ocağında hərənin öz adı var idi, sizin adınız nə idi?

– Yox, o zaman – bizim olduğumuz zaman yox idi.

 

Azad Rəhimovun babası inqilabçı məmur olub

– Eləmi? Asif Ata hər qəbul etdiyi adama ad verirdi. Rüfət Əliyev soruşur: “Vurğun Əyyub dövlət xadimi kimi müasir Azərbaycan tarixində neçə məmuru öz sahəsində inqilab etmiş məmur hesab edir?”

– İnqilab yoxdur ki, mən də adını çəkim. Söhbət indiki məmurlardanmı gedir?

– “…Azərbaycan tarixində neçə məmuru öz sahəsində inqilab etmiş məmur hesab edir?”

– Çətin sualdır… Cavab vermək mənim üçün çətindir. Məsələn, mən heç vaxt yaddan çıxarmaram ki, mən bunu Cəmil Həsənlinin kitabında oxumuşam, 1950-ci illərdə Sadıq Rəhimov adlı bir baş nazir olub. Deyirlər, indiki Azad Rəhimovun babası olub. İmam Mustafayev Mərkəzi Komitənin birinci katibi olub, o, Nazirlər Kabinetinin sədri olub, Mirzə İbrahimov Ali Sovetin sədri olub. O zaman Mərkəzi Komitədən qərar gəlib ki, Ermənistana qaz vermək lazımdır və Daşkəsən filizini Rustaviyə göndərmək lazımdır. Sadıq Rəhimov buna kəskin etiraz edib. Bunu Cəmil müəllimin kitabında oxumuşam və bu elə inqilab kimi bir şeydir. Ya da Mirzə İbrahimovun dil məsələsində göstərdiyi fəaliyyət…

– Şıx-Əli Qurbanovun Novruz bayramı məsələsində göstərdiyi fədakarlıq…

– Bəli, burada sizə maraqlı bir şey də deyim. Novruz bayramının keçirilməsi barədə ilk dəfə rəsmi yerdə danışan Əbdürrəhman Vəzirov olub. Əbdürrəhman Vəzirov komsomolun 1-ci katibi imiş, bir rəsmi toplantıda ilk dəfə bu məsələni qaldırıb.

– Allah, Allah…

– Hə. Biz nəinki uzaq tariximizi, heç yaxın tariximizi də yaxşı bilmirik.

– Qafil Həşimov soruşur: “Vurğun bəy yenə də mail.ru-da “World Poker Klub”da poker oynayır?

– Kimdir o?

– Qafil Həşimov.

– Adamın adı Qafildir, birinci dəfədir belə bir ada rast gəlirəm. Amma hər halda bu adama təşəkkür edirəm ki, mənə bu məsələni araşdırmağım üçün işarə verir. Hansı ağıllı adam gedib bu cür oyunlarda öz adı ilə iştirak edər?

– Bu, nədir ki? Bu, internet oyunudur ki?

– Onun dediyindən belə çıxır ki, internetdə belə bir oyun var? Guya mən də oradayam? Balaca ağlı işləyən adam o cür yerlərdə heç vaxt öz adı ilə olmazdı. Necə ki, bu dostumuzun adı məndə bir az şübhə oyatdı ki, belə bir adam var, yoxsa yox?

– Bilmirəm, mən tanımıram.

– Təşəkkür edirəm hər halda. Mən araşdıraram, görüm, nə məsələdir?

– Sərxan Carçı soruşur: “Hər şeydən əvvəl dəyərli Vurğun bəyi salamlayıram. Vurğun bəy ilk dəfə tədqiqat əsəri hazırlayan birisinə nə tövsiyə edər?”

– Elmi bir sualdır. Təbii ki, ilk növbədə tədqiqat metodologiyasını özü üçün aydınlaşdırmalıdır. Hansı metodu seçəcək? İkincisi, topladığı faktlara və materiallara qarşı səmimi, dürüst və vicdanlı davranmaq, təhriflərə yol verməmək lazımdır. Üçüncüsü, nə qədər titullu alim olur-olsun, yazdığı yazıda onların fikri ilə razı deyilsə, etika çərçivəsində, qorxmadan etirazını bildirsin. Həqiqət naminə bunları etmək lazımdır.

 

Kommunist olmamışam, sovet ordusunda isə…

 

– Mobil Xeyrullayev soruşur: “Kommunist olub Vurğun bəy?”

– Yox, mən kommunist olmamışam. Sabirabadda işləyərkən – Sabirabadın birinci katibi Tovuzdan, onun xanımı da bizim qohumlardan idi – bir gün məktəbin direktoru çox qorxmuş halda gəldi ki, tez ol, bir ərizə yaz. Bir anket qoydu qarşıma. Dedim, Nəsib müəllim, bu nədir? Dedi ki, bəs səni partiyaya keçiririk. Dedim, bir məndən soruşubsunuzmu, mən partiyaya keçmək istəyirəmmi, bu, haradan ağlınıza gəlib? Dedi ki, bəs katibin xanımı Həqiqət müəllimə zəng eləmişdi ki, onu partiyaya keçirin. Dedim ki, çox nahaq zəng edib. Sən də çox nahaq əl-ayağa düşübsən, mən partiyaya üzv olmaq istəmirəm. Kişi çox təəccüblə baxdı üzümə. Deyəsən, ürəyində fikirləşdi ki, bunun başı xarabdı. Getdim rayona, atam soruşdu ki, nə hoqqa çıxarırsan orada? Niyə partiyaya keçməyibsən? Dedim ki, partiya yaxşı bir şey olsa, sən də keçərdin, sən niyə keçməyibsən? Bununla da söhbət yekunlaşdı.

– Neçənci ildə olub bu hadisə?

– Mən 1977-ci ildə getdim Sabirabadda işləməyə. Bu hadisə haradasa 1978-ci ildə oldu.

– Bu da elə inqilab kimi bir şeydir, çünki o illərdə Kommunist Partiyasına üzv olmaq çox böyük gələcək vəd edirdi.

– O vaxt kənd məktəblərində işləyən adamları əsgər aparmırdılar. Hələ 20 yaşım tamam olmamışdı müəllim kimi Sabirabada gedəndə. Rəhmətlik İsmayıl Şıxlı, rəhmətlik İsrail Mustafayev var idi – mənim sevimli müəllimlərim idilər. Onlar mənə dedilər ki, oğlum, gedib kənddə ilişmə, tez qayıt gəl aspiranturaya. Bu fikirlə getdim və maarif müdirindən xahiş elədim ki, Sabirabadın mərkəzində mənə 5-cə saat dərs verin ki, məni əsgər aparsınlar. Dedi, yox. 3 km aralıda Qalağayın kəndi var, məni göndərdi ora. Gördüm ki, əsgərlikdən qaçmaq istəyən imkanlı və nüfuzlu adamların hamısı buradadır. Və bunlar hamısı əllərində pul növbədə dayanıblar ki, partiyaya keçəcəklər. Mənim bu partiya söhbətim çıxanda, az qala mənə düşmən kimi baxırdılar. Dedim, qardaş, istəmirəm, mən partiya üzvü olmaq istəmirəm, gedin işinizi görün, mənə də belə düşmən kimi baxmayın.

– O zaman sovet ordusunda da xidmət etməyibsiniz?

– Yox.

 

Sovet sisteminə nifrətimin kökündə atamın dedikləri dayanırdı…

– Tam bir dissident ömrü yaşayıbsınız ki…

– Mənim atam müharibə iştirakçısı olub. Əsirlikdə olub. Bir dəfə ondan soruşdum ki, niyə partiyaya keçmirsən? Mənim atam bir kənd müəllimi idi. 7 dil bilirdi. Mənim atam üçün fərqi yox idi bu riyaziyyatdır, bu kimyadır. Məsələn, riyaziyyatdan olimpiadaya məsələlər gəlirdi. Mənim atam da Azərbaycan dili-ədəbiyyat müəllimi işləyirdi. Tovuzun çox güclü riyaziyyatçıları olub. Olurdu ki, məsələni həll edə bilmirdilər, gəlirdilər atamın yanına, kağızı dizinin üstünə qoyub elə həll edirdi məsələni. Mənim üçün çox təəccüblü idi ki, bu adam niyə indiyə qədər partiyaya keçməyib? Bir dəfə soruşdum, dedi ki, başından böyük suallar vermə, vaxt gələr, bilərsən. Sabirabadda işləyəndə bu sualı bir də verdim ona. Dedim, axı sən əsirlikdə olubsan, müharibədə olubsan, sən bizə danışmırsan, başına nə işlər gəlib, necə qurtarıbsan sən? Onda bir cümlə dedi. Dedi ki, bir nəfər var idi, o olmasaydı, bizim hamımızı güllələyəcəkdilər. Mənim atam Polşada əsirlikdə olmuşdu. Sonralar başa düşdüm ki, atam Məhəmməd Əmin Rəsulzadəni deyirmiş. Mənə dedi ki, oğul, sovet ordusunun etdiyi vəhşilikləri mən gözlərimlə görmüşəm. Mənim əslində, sovet sisteminə nifrətimin kökündə bir az da atamın o sistemə soyuq münasibəti dururdu. Düzdür, elə açıq şeylər danışmırdı, demirdi, amma mən o soyuqluğu hiss edirdim. Sonra isə Asif Ata məktəbi məni o düşüncələrə gətirib çıxardı.

– Əli Kərbəlayi Rza yazır: “Azərbaycan siyasətində üzü ağ, əlləri təmiz, başını dik tuta bilən Vurğun Əyyubu salamlayır və gələcək günlərdə sağlam həyat arzulayıram.”

– Kərbəlayiyə təşəkkür edirəm. Bu Kərbəlayi çox inamlı, çox etiqadlı bir dindardır. Bəlkə hətta bəzi hallarda aşırı-ifratdır. Mənim dinə baxışlarımı o bilir. O bilir ki, mən heç kəsin dini baxışlarına görə onu aşağılamaq niyyətində deyiləm. Hər kəsin inancına hörmətlə yanaşıram. Çox qəribədir ki, biz çox yaxın dostuq.

– Əslində, nə gözəl. İnsanlar hərəsi öz fikrində…

– Bəlkə də məsələn, Kərbəlayinin yanında başqaları dinlə bağlı hansısa tənqidi fikirlər desələr, o, inciyər, üsyan edər, amma mən danışanda çox hörmətlə, öz bildiyini özündə saxlamaq şərti ilə dinləyir, narazıdırsa, bir-iki kəlimə ilə fikrini bildirir. Mən hesab edirəm ki, insanlar bu cür olmalıdır. Yoxsa dindar – özünü dindar hesab etməyənə, özünü heç bir dinə mənsub hesab etməyənə qarşı aqressiv hərəkət eləsə, o zaman cəmiyyətdə qan su yerinə axar. Bu mənada bir az dözümlü olmağı öyrənməliyik.

 

Əli Vəliyev, Süleyman Rəhimov, Mehdi Hüseyn və Mirzə İbrahimovun əsərlərini oxumayın…

 

– Ceyhun Mirzəli soruşur: “Vurğun bəyin fikrincə sosialist Azərbaycan yazıçılarının hansı əsərləri dəyərlidir? Söhbət Əli Vəliyev, Süleyman Rəhimov, Mehdi Hüseyn və Mirzə İbrahimovun əsərlərindən gedir…”

– Sual verən dostumuz sualını konkretləşdirib. Onların heç birinin yaradıcılığını oxumağı heç kimə tövsiyə etmirəm. Bir az içərisində tutaq ki, Mehdi Hüseynin “Yeraltı çaylar dənizə axır”, Süleyman Rəhimovun bəlkə “Kəsilməyən kişilər” əsərlərinin adlarını çəkmək olar. Qalanları isə bədii ədəbiyyat deyil və zövqlərini korlamasınlar.

– Daha bir sual: “Sizcə siyasilərimizin ədəbi zövqü hansı səviyyədədir?”

– Bu, çətin sualdır və mən heç kimin ağıl səviyyəsini ölçməmişəm. İkincisi, ədəbiyyat zövq məsələsidir. Zövqlə isə mübahisə etməzlər. Əgər bir ədəbiyyatşünas qarşımda otursa, onunla nəyinsə mübahisəsini apararam, amma sadə bir Oxucu ilə bunları dartışmaq çətin məsələdir, çünki zövq müxtəlifdir. Kiməsə onun daha çox zövqsüz olduğunu demək də mümkün deyil. Buna görə də suala cavab verə bilməyəcəm.

– İmanlı Məhəmməd soruşur: “Tələbələri tərəfindən bu qədər sevilməsinin sirri nədədir?”

– İmanlı mənim tələbəm olub. Mən də o sualı onun özünə verə bilərəm. Bu sualın cavabını özü daha yaxşı aydınlaşdıra bilər, nəinki mən.

– Xəzər Aslanov soruşur ki, bu hakimiyyətin süqutu xalqın, yoxsa müxalifətin birliyi ilə olacaq? Ümumiyyətlə, xalqın birliyi olmasa, müxalifətin birliyinin bir anlamı varmı?

– Məncə sualının sonunda özü təxminən cavab verib. Xalqla müxalifət bir-birindən ayrı düşərsə, heç nə əldə eləmək olmaz. Uğurun yolu xalqla müxalifətin birgəliyidir.

 

Növbəti prezident seçkilərində ADR-in öz namizədi ola bilər

 

– Ağaşirin Tarverdioğlu soruşur: “Növbəti prezident seçkilərində Vurğun Əyyub olaraq kimi dəstəkləyəcəksiniz?”

– Hesab edirəm ki, bu suala cavab vermək tezdir, çünki hələ namizədlər tam müəyyənləşməyib. Ola bilər ki, 2018-ci il prezident seçkilərində ADR öz namizədi ilə iştirak eləsin.

– Bu, maraqlı xəbərdir.

– Ya da bəlkə mövcud vəziyyəti müzakirə edib qərar verə bilərik.

– Bir sual da var, Azərbaycan mediasının son durumu ilə bağlı sizdən soruşurlar. Rauf Arifoğlu ilə həmyerli olmağınıza baxmayaraq, uzun müddət davam edən bir narazılıq olub həmişə aranızda, bir-birinizin əleyhinə olubsunuz. Bunun səbəbi nədir?

– Mən bu barədə danışmaq istəmirəm. Mənim yoldaşlıq elədiyim və sonradan siyahıdan sildiyim adamlar var. Onlar haqqında danışmaq istəmirəm.

– Maraqlıdır… “Siyahıdan sildiyim adamlar…”

– Bəli.

– Kimlər var o siyahıda? Çoxdurmu onlar?

– Bir xeyli var. Onlardan bəziləri sizin çox yaxın və əziz dostlarınızdır.

– Məsələn, çox maraqlı olar.

– Ad çəkməyə ehtiyac görmürəm.

– Yəni siz Rauf Arifoğlunu o siyahıdan silibsiniz?

– Mən Rauf Arifoğlu ilə nə salamlaşmıram, nə onun heç bir fikrinə münasibət bildirmirəm…

– Niyə? Axı uzun müddət çiyin-çiyinə olubsunuz? Bir partiyada təmsil olunubsunuz?

– Bir partiyada təmsil olunmaq hələ hər şey demək deyil.

– Yoxsa səbəb 2003-cü ilin prezident seçkiləridirmi? O vaxt deyəsən, hadisələrə yanaşmada fərqli fikirləriniz olmuşdu?

– Rauf Arifoğlunun mənə qarşı haqsız hərəkətləri olub, amma bu, əsas səbəb deyil.

– Əsas səbəb nədir?

– Əsas səbəb Rauf Arifoğlunun ictimai-siyasi mövqeyi ilə bağlıdır.

– Hakimiyyətə yaxınlaşmağımı?

– Dəqiqləşdirməyə ehtiyac görmürəm, məncə dedim hər şeyi. Ümumiyyətlə, danışmaq istəmirəm.

 

İsa Qəmbərlə aramızdakı körpülər yanıb

 

– Siz İsa Qəmbəri də o dəftərdən silmisiniz? Silinənlərin sırasında o da var?

– O şəkildə yox. Açıq deyim, mən İsa Qəmbərin 60 yaşını təbrik eləmirəmsə, o da mənim 60 yaşımı təbrik eləmirsə, bu, o deməkdir ki, körpülər yanıb.

– Çox sağ olun. Nəsə demək istəyirsiniz?

– Məsəl üçün, bəzi yaxın dostlarınız var və hiss edirəm ki, siz onlara yavaş-yavaş nəsə nəfəs verməyə çalışırsınız. Hesab edirəm ki, boşuna zəhmətdir. Məsələn, mən onlardan ikisinə 1989-cu ilin noyabr ayının 17-dən – Meydan Hərəkatının bir illiyinin tamam olmasından bu yana salam vermirəm.

– Kimlərdir?

– Onu gedib özünüz axtarıb taparsınız.

– Kimdir ki, mənim dostlarım? Siz kimləri nəzərdə tutursunuz?

– Axtarıb taparsınız özünüz.

– Amma tamaşaçılar baxacaq, onlar üçün məlum olmayacaq…

– Nə olar, qoy tamaşaçılar da bir az düşünsünlər…

– Çox sağ olun, çox maraqlı, çox gözəl müsahibə idi.

– Təşəkkür edirəm, müsahibəyə dəvət etdiyinizə görə. Ola bilər ki, bütün suallara tam açıqlığı ilə cavab vermədim, müəyyən münasibətləri, durumu nəzərə alaraq, amma cavablarımın heç birində də qeyri-səmimilik göstərmədim.

 

Son

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button