Qaytarın bizim halal pullarımızı!

Bu gün Azərbaycanda xalqın böyük hissəsinin halal pullarını göz görə-görə oğurlayırlar. Heç kim də dinmir. Bəlkə də dinib-danışan var, ancaq azərbaycanlısayağı. Yəni evdə televizorun səsini çoxaldıb telefonun batareyasını sökərək.

Bunları oxuyanlar indi maraqla fikirləşir, bu hansı pullardır. Neft pulları? Yox.

Bu, yollara, binalara və s. adlarla büdcədən talanan pullardır? Əsla.

Bu, bizim və ata-analarımızın illərlə alın təri ilə yığdıqları dərman və kəfən pullarıdır. Kimin nə deməyindən asılı olmayaraq zəhmətsiz pulları o zaman əmanət kassalarına qoymaq mümkün deyildi. Adamın atasını yandırardılar. Bir ara (seçkidən seçkiyə yada salırlar) hətta rəhmətlik Heydər Əliyev fərman belə vermişdi. Amma nə xeyri, seçkilər keçdi, hər şey yaddan çıxdı. Əvvəllər yenə də hərdən yada salırdılar, debatlar gedirdi. İndi isə elə bil belə də olmalıdır, nə səsi var, nə sorağı. Xalqın min zəhmət bahasına yığdığı qaragün pulunu hakimiyyət yeyib üstündən də hortultu ilə su içib. Niyə? Haradan alıb bu azğınlığı ki, dövlətin xalqa olan borcunu qaytarmır? Bu bir nəfərin deyil, iki nəfərin deyil, yüz minlərin puludur və bu pullar qeyb olmaq istəyir. Allahsızlığın bu dərəcəsi olmaz! Bizim analoqu olmayan inkşaf yolu keçmiş  iqtisadiyyatımız, yəni Tacikistanın iqtisadiyyatından zəifdir? Onlar xalqa borcu namus borcu bilib qaytardılar. Bizimkilər isə deyəsən, xalqın borcunu yeməyi namus məsələsi kimi qəbul edirlər. İndiki manat o zamanın manatı ilə eyni qüvvədədir. Dollar da bu gün o zamanla mütənasibliyini saxlayıb. Deməli, cənablar heç mübahisə ediləsi bir mövzu qalmayıb. Kimin əmanət kitabçasında nəyi varsa, onu qaytarın özünə. Zatən bu əmanətlər rublun güclü vaxtında edilmiş əmanətlərdir. Özü də Azərbaycan hökuməti bu əmanətlərin əvəzinə İttifaqdan kompensasiyasını alıb.

Qaytarın bu camaatın əmanətlərini! Artıq illərdir o pulları firladırsınız, qazanırsınız, haram xoşunuz olsun, həvəsdir bəsdir;  QAYTARIN BU XALQIN HALAL PULLARINI!!!!

Mənim anam 90 yaşında rəhmətə getdi. O, 90 illik ömrünün 71 ilini işləmişdi. Qəpik-qəpik özünə ölüm pulu yığmışdı ki, öləndə övladları əziyyətə və xərcə düşməsinlər. Öz zəhmət haqqından, halal pulundan özünə kəfən və ehsan pulu yığmışdı. Nə oldu? Yoxdur o pullar. Anam isə öləndə dedi; bala, Allahın ətəyindən yapışacam, şikayət edəcəm, bunlar mənim kəfən pulumu yedilər. Allahdan bunlara cəhənnəm odu diləyəcəm!!! Bu, anamın dediyi sözlərdir. İnanıram ki, rəhmətliklərin çoxu bu sözləri deyib. Hər halda mən də deyirəm, nəfsinizi saxlayın, xalqın əmanətlərini qəpiyinə qədər qaytarın! Amma çətin. Bunlar gözləyirlər ki, hamı ölsün getsin.

Nurəddin Xoca

İ.S. Qarabağ əlilləri elə bil düşməndirlər. Onlar elə bil hərb meydanında səhv səngərlərdə olublar. Mən belə başa düşürəm ki, ermənilərə güllə yox, gül atmaq lazım idi. Onda hörmətimiz olardı. Onda bizi adam yerinə sayıb, insan kimi yaşamaq üçün şərait yaradardılar. Güya pensiyalar artdı. Heç Qarabağ əlillərini yada salan olmadı. Bunlar var, ya yoxdur. Elə bil heç kimin vecinə deyil. Axı biz nə səhv etmişik ki, bu müharibədən qaçanlar indi bizi və balalarımızı aclıqla imtahana çəkirlər? Dilənçi payı ilə baş aldatmağın axırı olacaqmı? Axı bu pensiya artımını ən çox əlillər gözləyirdi. Bu analoqsuz inkşaf etmiş dövlət onun yolunda əlil olmuş insanlardan nəyin intiqamını alır? Özü də bu məmurların biri də barıt iyi qoxlamayıb, səngər bilmir nədir. Yoxlasan çoxu fəraridir. Bəlkə elə buna görə bizə belə baxırlar? Bəlkə bu dövlət fərariləri mükafatlandırır? Deyəsən, elə belədir. Axı bu gün nə hakim komandada, nə də Milli Məclisdə bir müharibə əlili yoxdur. Deyirlər, 250.000 veteran var. Ağ yalandır. Əsl veteranların çoxu heç veteran vəsiqəsi ala biməyib. İndi isə müharibəni ancaq filmlərdə görənlərin cibində veteran vəsiqəsi var.

250 min əsgərlə biz İrəvanı alardıq, nəinki Qarabağı!

 Xural” qəzeti,

İl: 9, sayı: 033 (441),28 avqust – 03 sentyabr 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button