Qazaxda: Prezidentə müraciət edib iş istədi, həbs olundu

“Cənab Prezident, nazir, icra başçısı vəzifəsi yox, fəhləlik, hamballıq istəyirəm…”

Qazax sakini Mircəfər Hüseynzadənin ailə üzvləri onun Prezidentə şikayətindən sonra şərlənərək həbs edildiyini, 5 azyaşlı uşağının isə acınacaqlı vəziyyətdə olduğunu deyir. 3 aydan çoxdur narkotik ittihamı ilə həbsdə olan Mircəfər Hüseynzadə hazırda Gəncədəki 2 saylı istintaq təcridxanasında saxlanılır.

“O uşaqlar, o ruhi xəstə, yarımcan adam əziyyət çəkəndə məmurlara xoş olur?”

74 yaşlı Səkinə Məmmədova Meydan TV-yə danışır ki, oğlu II qrup əlildir. Anasının dediyinə görə, 47 yaşlı Mircəfər Hüseynzadə ruhi xəstəlikdən əziyyət çəkir. Bununla əlaqədar dəfələrlə Bakıda, Sumqayıtda, Qazaxda psixiatriya xəstəxanasında müalicə alıb:

Uşaq vaxtı yelləncəkdən yıxılıb, ondan sonra başı pozulmuşdu. Üstəlik, başqa xəstəlikləri də var. Böyrəyinin biri yoxdur, ürəyinin bir klapanı işləmir. 5 körpə balası var. Ən böyüyü 11 yaşında, ən kiçiyi 2 aylıqdır, onun həbsindən sonra doğulub. Bu vəziyyətdə olan adamı, ailənin başçısını şərləyib həbs eləməklə, günahdan başqa nə qazanırsız? O uşaqlar, o ruhi xəstə, yarımcan adam əziyyət çəkəndə məmurlara xoş olur?”.

Səkinə Məmmədova bildirir ki, işsizlik ucbatından ailəsini dolandırmaqda əziyyət çəkən oğlu video vasitəsilə Prezidentə müraciət edib. O, müraciətində Qazax Rayon İcra Hakimiyyətinin başçısı və onun birinci müavinindən şikayətlənib:

Bir müddət əvvəl də icra başçısının göstərişi ilə oğlumu tutub ruhi-əsəb xəstəxanasına salmışdılar. Bu dəfə narkotiklə şərlədilər. Həm də söz-söhbət yayıblar ki, Qazaxın polis rəisinin oğlunun qəza törətməsi xəbərini guya hansısa kanallara Mircəfər göndərib. O, xəstə adamdır, hardan bilsin ki, kim, harda, nə törədib?”.

“Quran kitabını götürüb, onlara dedim ki, sizi Allaha tapşırıram”

Həyat yoldaşı Xədicəxanım Hüseynzadə deyir ki, martın 17-də ərinin saxlanması barədə ailəsinə məlumat verilməyib. Gecə saatlarına qədər onun rayondakı çayxanalardan birində yoldaşları ilə olduğunu düşünüblər. Gecə evə gəlmədiyini görəndə Qazax rayon Polis Şöbəsinə üz tutublar:

Əvvəl bizi aldatdılar, qayınanama dedilər ki, “burada yoxdur”. Sonra qonşulardan öyrəndik ki, sən demə, evdən çıxan kimi, elə küçəmizin başında zorla maşına qoyub aparıblar. Getdik şöbəyə, dedilər ki, sabaha buraxacaqlar. Səhəri gedəndə dedilər ki, guya cibindən narkotik çıxıb. Bu qədər ağ yalan olar?! Sonradan özü bizə dedi ki, maşına mindirib aparanda yolda başına-başına vurublar. Narkotiki də cibinə elə maşında Amin və Murad adlı polislər atıblar. Şöbədə də narkotiki boynuna götürməsi üçün ona nə qədər əzab veriblər. Üstünə sidiyə qədər töküblər. Paltarlarını dəyişib, yumaq üçün evə göndərəndə elə pis qoxu gəlirdi…”.

Xədicəxanım Hüseynzadənin sözlərinə görə, həyat yoldaşı II qrup əlil kimi pensiya alır, amma bu, ailənin dolanışığına çatmırdı. Bu üzdən iş üçün rayondakı müvafiq qurumlara, o cümlədən icra hakimiyyətinə müraciət edirdi:

Əvvəl yoldaşıma 250 manat Prezident müavinəti verilirdi. Sonradan onu da kəsdilər, vəziyyətimiz lap acınacaqlı oldu. İcra hakimiyyətinə qəbula gedib, deyib ki, lap bağban işinə də razıyam, təki evimə qazanc gətirim, uşaqlarımı dolandırım. Video çəkib, Prezidentə müraciət elədi, icra hakimiyyətindən şikayətləndi. Heç bir həftə keçməmiş tutub şərlədilər. Yoldaşımın həbsindən sonra qayınanam və mən evdə olmadığımız halda, polislər gəlib evimizə girmişdilər. Evdə ancaq uşaqlar olmuşdu. Gəlib çatdım, dedim ki, yoldaşımın cibi kimi, evimizə də narkotik qoymaq istəyirsiz? Evdən yoldaşımın kompüterini götürdülər, qızımın əlindən telefonu alıb apardılar. Əgər yoldaşım narkotiklə tutulubsa, kompüteri, telefonu niyə aparırsınız? Quran kitabını götürdüm, onlara dedim ki, sizi Allaha tapşırıram, başqaları bir yana, 5 körpənin ahı yerdə qalmayacaq…”.

Xədicəxanım Hüseynzadə əlavə edib ki, həyat yoldaşının sağlamlığında ciddi problemlər olduğuna görə istintaq təcridxanasında da durumu yaxşı deyil. Onun heç olmasa, ev dustaqlığına buraxılması üçün müxtəlif qurumlara müraciət edib, lakin nəticə yoxdur:

Prokurorun da qəbuluna getdim, dedim ki, özünüz də bilirsiniz, bu insan narkotikin üzünü görməyib. Qayınanam sonradan icra başçısının da qəbuluna gedib. Deyib ki, ay Rəcəb Babaşov, günahsız adamı, 5 körpənin atasını həbs elətdirməyə insafın necə yol verir? Deyib ki, mənlik bir şey yoxdur”.

“Neft-qaz ölkəsində səfalət içində boğuluruq”

Mircəfər Hüseynzadəyə qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham irəli sürülüb. Bu maddədə 3 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Qazax Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Mircəfər Hüseynzadənin həbsinin icra hakimiyyətinə də, icra başçısına da aidiyyəti yoxdur:

“Bu iddialar tamamilə əsassızdır, həqiqəti əks etdirmir. Qazax rayon İcra Hakimiyyəti olaraq, hər bir vətəndaşın müraciətinə həssas davranırıq”.

Foto: Qazax Rayon İcra Hakimiyyəti

İcra hakimiyyətindən vurğulanıb ki, həm Mircəfər Hüseynzadə, həm də həyat yoldaşı Xədicəxanım Hüseynzadə bir müddət öncə “DOST” MMC-də ödənişli ictimai işlərə cəlb edilib, hər biri 250 manat olmaqla, aylıq 500 manat əməkhaqqı alırdılar.

Mircəfər Hüseynzadə həbsindən əvvəl Prezidentə video-müraciətində bunları deyib:

Bugünlərdə sizin daha 7 il Prezident olmağınız üçün səs verdim. 5 uşağım var. Mənə bir iş vermirlər ki, onları dolandırım. Ödüm yoxdur, böyrəyimin biri yoxdur, ürəyim xəstədir. Müalicəmə pul tapa bilmirəm. Uşaqlara yemək, geyim, təhsil haqqı lazımdır. Cənab Prezident, nazir, icra başçısı vəzifəsi istəmirəm ki. Fəhləlik, hamballıq, çörəkpulu istəyirəm. Xahiş edirəm, məni öz nəzarətinizə götürəsiniz, uşaqlarıma sahib çıxasınız. Acınacaqlı vəziyyətdəyik. Neft-qaz ölkəsində səfalət içində boğuluruq…”.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button