Qazaxıstanda 'Putin' və 'işğalçılar' sözlərinə görə iş alan qadının hökmü qüvvədə saxlandı
Qazaxıstanda Çimkənd məhkəməsinin cinayət işləri üzrə kollegiyası 63 yaşlı Kalime Japarova barəsində hökmü qüvvədə saxlayıb.
AzadlıqRadiosunun Qazax xidməti yazır ki, Japarova millətlərarası ixtilafı qızışdırmaqda ittiham olunaraq məhkum edilib.
Kollegiya hesab etdiyini bildirib ki, müttəhimin təqsiri tamamilə sübuta yetirilib. Məhkəmə Japarovanın apellyasiya şikayətini təmin etməyib.
Japarova isə bildirib ki, kollegiyanın qərarı ilə razı deyil və kassasiya instansiyasına müraciət edəcək.
Qadın israr edir ki, məhkəmə-tibb ekspertizası onun milli ədavəti qızışdıran sözlər işlətmədiyini göstərib.
Pensiyaçı Japarova istintaqın davam etdiyi 7 ay ərzində həbsdə qalıb. O məhkəmədən tam bəraət istəmişdi.
Japarova məhkəmə dinləməsi zamanı izah edib ki, onun dedikləri bütünlükdə rus xalqına deyil, “Ukrayna dövlətinə qarşı işğalçı müharibə aparan qrupa”, özəlliklə prezident Putinə ünvanlamışdı.
İstintaq materiallarında deyilir ki, Japarova ictimai nəqliyyatda Rusiyanın Ukraynaya qarşı müharibəsini pisləyərkən “Ukraynaya eşq oldun!” şüarı ilə yanaşı, həm də “rus faşistlərinə və işğalçılarına ölüm” sözlərini işlədib.
Məhkəmə isə qərara gəlib ki, Japarovanın dediklərində milli əlamətə görə düşmənçiliyin qızışdırılması maddəsinin tərkibi var.
Mayın 24-də Çimkənd şəhərinin cinayət işləri üzrə məhkəməsi pensiyaçını təqsirli bilmiş və onun azadlığının iki il müddətinə məhdudlaşdırılması barədə hökm vermişdi.
Bu, Qazaxıstan Cinayət Məcəlləsinin 174.1 maddəsində nəzərdə tutulan minimum müddətdir.
Müstəntiqlər Japarova barəsində ittihamı eyni maddənin 1-ci hissəsinə keçirərək cəzanı bir qədər yüngülləşdiriblər. Həmin maddənin 2-ci hissəsində 5 ildən 10 ilədək həbsxana cəzası nəzərdə tutulur.
Aprel ayında Qazaxıstan insan haqları müdafiəçiləri Japarovanı və daha bir neçə nəfəri özlərinin tərtib etdikləri “siyasi məhbus siyahısına” daxil ediblər.
İnsan haqları müdafiəçilərinin sözlərinə görə Japarova Rusiyanın Ukraynaya qarşı müharibəsi barədə tənqidlərini dəfələrlə dilə gətirib.
2020-ci ildə polislər onun evinə gələrək Japarova ilə söhbət aparmışdılar. Pensiyaçıya Rusiya və Ukrayna münasibətləri barədə fikir söyləməkdən çəkinmək tövsiyə olunmuşdu.