“QEYDSIZ-ŞƏRTSIZ BƏRAƏT ISTƏYIRƏM!” – II Hissə

12.03.2013

AR CM-nin 306.2, 213.1, 311.3.2, 311.3.3, 311.3.4 maddələrilə ittiham olunaraq, həbsdə saxlanılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəmədə etdiyi “Son Söz”ü hissələrlə oxucuların diqqətinə çatdırırıq.

Əvəz Zeynallı 2011-ci il oktyabrın 19-da sabiq millət vəkili Gülər Əhmədovanın əsassız iddiaları ilə həbs olunub. Hazırda özü haqqında CM-nin 178 və 307-ci maddələrilə cinayət işi açılan G.Əhmədovanın özü isə 2013-cü il fevralın 13-də həbs olunub və Bakı İstintaq Təcridxanasında saxlanılır. 

 II Hissə

Əli Həsənov Əvəz Zeynallının həbs olunmasının təşkilatçılarından biridir

  Əli Həsənovun oğlu Şamxal Həsənov dövlət büdcəsindən yerli seriallar çəkilişi üçün avadanlıqların alınmasına ayrılan 10 milyon manatı mənimsəyib, qəpik-quruşa aldığı avadanlıqları da indi bütün telekanallara pulla icarəyə verir. Dövlətin malını dövlətə satırlar bu adamlar. Korrupsiya bəs nədir? Əli Həsənov, korrupsiya 10 milyon manatı adamın öz oğluna yedirməsidir. Biz nə edirdik ki? Biz yazırdıq. Bizim yazmağımız da bunların cinayəti rahat-rahat həyata keçirmələrinə mane olurdu. Biz korrupsiya və rüşvətxorluqla mübarizə aparırdıq, bunlar öz cinayətlərini səlahiyyət və nüfuzlarından istifadə edərək, bizə yazmağa çalışdılar. Amma alınmadı. Heç bir il keçmədi ki, artıq bütün cinayətləri ortadadır.

Sürətlə üzərimizdəki təzyiqlər artmağa başladı. Ramiz Mehdiyevin, Vüqar Səfərlinin məhkəmə qərarlarını icraata yönəltdilər. 2011-ci il iyulun 28-də “Xural”a qarşı olan 4 məhkəmə qərarının icraatını bir işdə birləşdirdilər. Başda Ramiz Mehdiyevin işi olmaqla. Bütün cinayət işində – dəfələrlə bu barədə fikrimi bildirmişəm, vəsatətlərimi qaldırmışam, bu məsuliyyəti hər kəs daşıyacaq. CM-nin 306-cı maddəsilə bağlı olan bütün təqdimatlar, sənədlər saxtalaşdırılıb. Ramiz Mehdiyevin adını həmin siyahıdan çıxarmaq üçün qalan bütün işlər birləşdirilib və saxtalaşdırılıb. Digər məhkəmə qərarlarından Ramiz Mehdiyevə aid olan işi çıxardılar. Niyə bunu elədilər? Ramiz Mehdiyev bizim işimizdə əsas tələbkardır. Çünki, bizim ona olan 10 min manatlıq məhkəmə cəriməsinin borcu var. Əgər Ramiz Mehdiyev əsas tələbkar kimi tanınsaydı, o zaman o da bu məhkəməyə gəlməli idi. Gülər kimi… Gəlmədi. Qanunlara hörmət eləmədi. Qanunlara başdan-ayağa qədər tüpürdü. Özlərinin yaratdıqları qanunlara qarşı sayğısızlıqlarını göstərdilər. Özünə sığışdırmadı ki, necə məhkəməyə zərərçəkmiş qismində gəlib, Əvəz Zeynallının qabağında çıxış edə bilər? Bu qədər miskin bir hal var ortada.

2011-ci ilin 19 oktyabrında bizə qarşı növbəti müsadirə qərarı baş verdi. Nərimanov rayon Məhkəməsinin hakimi Sevinc Quliyeva hakimlik şərəfinə layiq olmayan tərzdə ardıcıl qərarlar verməyə başladı. İndi onu hakimlikdən də qovublar. Məhkəmə Hüquq Şurası işində buraxdığı nöqsanlara görə, Sevinc Quliyevanı tutduğu vəzifədən uzaqlaşdırıb. Həmin Sevinc Quliyevadır ki, “Xural”a və mənə qarşı olan bütün idbar və sifarişli qərarları o verdi. Nüşabə Ələsgərliyə verə bilmədiyimiz 100 manat müqabilində bizi 3 min manat cərimələndirdi. Müsadirə qərarını verən də odur, axtarış qərarını çıxaran da odur. Milləti istehsal etdiyi viruslu pivələrlə zəhərləyən “Bakı-Baltika” MMC-nin  başçısı Adam Tlexurayın qəzetə qarşı qaldırdığı iddianı, heç bir araşdırma aparmadan 50 min manat cərimələdən də odur.

Oktyabrın 19-da bizə qarşı bu təzyiqlər başlayanda Gülər Əhmədovada xəbər belə yox idi. Oktyabrın 20-də yenə mənim heç nədən, cinayət işinin açılmasından belə xəbərim yox idi. Maraqlı tərəfəm. Mənə bu haqda xəbər verməli idilər, ya yox? Mən həbs olunan günə qədər mənə bu haqda heç bir məlumat verilməyib. Bu işin hələ bir qanunsuz tərəfidir. Açın baxın. O cinayət işinin hər bir səhifəsi qanunsuzdur. Bu cinayət işində, ən azı 15 nəfər həbs olunmalı, içəri girməlidir. Zaman-zaman da hamısının yeri buradır. Qanun elə ali bir şeydir ki, adam ölsə belə o dünyada yaxasından tutub, bura gətirir. 5 gün, 10 ay, lap 20 il qaçmaq olar bu işdən, amma əvvəl-axır cinayətin sonu yoxdur. Əvvəl-axır bu adamlar törətdikləri cinayətlərə görə, qanun qarşısında cavab verəcəklər.

Oktyabrın 20-də Ədliyyə Nazirliyi rəsmi məlumat verdi ki, haqqımızda CM-nin 306.2 maddəsilə cinayət işi açılıb. Təbii ki, bu addımı atdığı üçün biz Ədliyyə Nazirliyini məhkəməyə verə bilməmişik, çünki, bu ölkənin məhkəmələri mətbuat orqanlarının Ədliyyə nazirliyinə qarşı olan iddialarını icraata götürmür. Ədliyyə nazirliyi yekə səhv edərək, bizi “cinayətkar” adlandırıb. 306.2 maddəsilə cinayət işi açılandan sonra, bizə qarşı olan 3 işi onun ətrafında birləşdirdilər – Vüqar Səfərlinin, Ağabəy Əsgərovun, Nüşabə Ələsgərlinin… Ağabəy Əsgərovla bizim heç bir problemimiz yoxdur. Məhkəmə tərəfindən təsdiqlənən təkzibini dərc etmişik, 1000 manatlıq cərimənin də bizim üzərimizə düşən 670 manatını ödəmişik. 330 manat məqalənin müəllifinin öhdəsinə düşürdü, onu da tapmadıqları üçün cəriməni biz ödəməkdən imtina etməmişdik. Nüşabə Ələsgərlinin 200 manat cəriməsini ödəmişik. Vüqar Səfərlinin də məhkəmə qərarı yenidən qüvvəyə mindiyi üçün onun da ödəməsinə başlayırdıq. V.Səfərli də, N.Ələsgərli də, A.Əsgərov da çıxışlarında dəfələrlə vurğuladılar ki, bizim Əvəz Zeynallını tutdurmaq niyyətimiz olmayıb, biz məsələnin böyüyəcəyini bu qədər gözləmirdik və s. Onların dediklərindən ümumi rəy aydınlaşdı ki, onların heç biri məsələnin mənim həbsimlə bitəcəyini gözləməyiblər. Niyə? Çünki Azərbaycan mətbuatında yazılmamış qayda var. Çox qəzetlərin bu gün də məhkəmələr tərəfindən kəsilmiş külli miqdarda cərimələri var. Bu cərimələrə görə heç bir zaman heç bir baş redaktoru həbs etməyiblər. Cərimələrə görə qəzeti bağlamırlar da. Hələ-hələ üstəlik A.Əsgərov, V.Səfərli, N.Ələsgərli burada dedilər ki, bizim ortaq dostlarımız var, münasibətlərin də gərginləşməsini istəməyiblər. Mən bu məsələnin də açıqlamasını vermişəm ki, hər 3 şəxs birbaşa PA-nın şöbə müdiri Əli Həsənovun tapşırığı ilə bura gəliblər. A.Əsgərov “Azərbaycan” nəşriyyatının direktorudur, dəfələrlə barışıq imkanlarımız olub, ən azından məhkəmənin razılaşdığı təkzibi dərc etmişik, cəriməsinin 4 dən 3-nü ödəmişik, A.Əsgərov ən son anda barışıqdan imtina edib. Ə.Həsənovun “Xural”a və mənə qarşı olan qəzəb və kini onun kuratorluğunda olan bu dövlət qurumunun müstəqil addım atmasına imkan verməzdi. Biz onu da yazmışdıq ki, Əli Həsənov “Azərbaycan” nəşriyyatını necə darmadağın edib. Rəsmən dövlətin əmlakı olan bu qurumu satın alıb. Ə.Həsənova məxsus “Kaspi”mərkəzi oradadır, qızıl, çörək sexləri, özəl nəşriyyat, daha insan ağlına nə gəlirsə, Ə.Həsənov orada icarəyə verib, hər ay haqqını alır. Biz belə də yazmışdıq – “Əli Həsənov adına Mətbuat prospekti”. Çünki, adı nəşriyyat olsa da bu binada mətbuat və nəşrlərdən başqa istənilən biznes sahəsinə yer verilib. Qapıdan içəri girən kimi də tualetin qoxusundan adamın başı çatlayır. Biz də yazmışıq ki, dövlətdən sizə milyonlarla manat pul ayrılır, heç olmasa buranı təmir etdirin də… Söhbət mətbuatdan gedir axı, Allah qoymasa jurnalistlər cəmiyyətin elitar təbəqəsinə məxsus insanlardır axı… Onlarla necə heyvan şəklində davranmaq olar?

V.Səfərli ilə də eyni qaydada… Mən həbs olunan zaman V.Səfərli ilə işimiz hələ məhkəmədə idi. Biz məhkəmənin qərarını gözləmədən V.Səfərliyə necə pul ödəyə bilərdik ki? O işlərin hamısının da yazılı izahatı var ki, istənilən zaman biz həmin pulları ödəyə bilərik. Banka qoyub, oxucudan 10 manatdan pul yığırdıq. Mən məhkəmə qərarı olmadan V.Səfərliyə necə 5 min manat ödəyə bilərdim? Bunun da öz qaydası, qanunu var. Ağabəy Əsgərov da üstümüzə dirəndi, onun pulunu ödədik. Nüşabə Ələsgərli 200 manat üçün dirəndi, ödədik. Yaxşı biz bunu hissə-hissə ödəməkdən imtina etmirdik ki? Nə vaxt görünüb ki, 306.2 ilə – prokuror 3 il oxumuşdu – bir jurnalisti 3 il müddətinə azadlıqdan məhrum etmək olar? 306.2 maddısindəki sanksiya budur: 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 4 min manatdan 6 min manatadək cərimə və ya 2 ilədək müddətə islah işləri və ya… ən sonda 3 ildən 5 ilədək azadlıqdan məhrum etmə. Prokuror bu maddə üçün 3 il azadlıqdan məhrumetmə cəzasını istədi. 306.2 maddəsilə Azərbaycanda hansısa baş redaktor həbs edilibmi? İndiyədək tutulmayıb. Bizim bu “gülməşəkər prokuror” bütün alternativ variantları bir tərəfə qoyub, 306.2 ilə olmayan, görünməyən həddə 3 il iş istədi. Bunu kəsdiyi 11 ildən 3 ili çıxanda neçəsi qalır? 8 ili… 306.2 ilə Əvəz Zeynallıya bir gün belə cəza düşmür. Cərimələr ödənilib, təkzib verilib, izahatlar vaxtında təqdim olunub. Bura Ədliyyə nazirliyinin 6 icra nüçmayəndəsi gəldi, hamısı da bir-birindən xəbərsiz, mətni eyni olan sənədə imza atıblar. Onlardan 2-si ümumiyyətlə məni tanımadı. Belə qərəzmi olar? Belə qanunsuzluqmu olar? Bütün cinayət işində onlarla saxta sənədlər var ki, onların hamısını sizə təqdim etmişəm. 306.2 ilə bizim sizinlə problemimiz yoxdur. Hələ onu demirəm ki, bu maddənin Agır Cinayətlərlə heç bir əlaqəsi yoxdur. Hələ onu da demirəm ki, bu maddəni ağırlaşdırmaq üçün 311-i icad edib, buna necə yapışdırmısınız.

 Bu torbanın tikilməsində əsas rolu Əli Həsənov oynayıb, təbii ki, Ramiz Mehdiyevin tapşırığı ilə

 Onlar 306.2 ilə eyni qaydada dərk edirdilər ki, məni bu maddə ilə həbs etmək mümkün olmayacaq. O zaman Gülər Əhmədovanı dövriyyəyə saldılar. 311.3.3, 311.3.4 maddələri – hədə-qorxu ilə rüşvət tələb etmə maddələri işə salınır. Bu maddələrin əslində hansı məna kəsb etdiyini hamı bilir – Azərbaycan mətbuatı da, siz də, mən də… Hətta bütün insani duyğularını itirən bu prokuror da bilir. Hamı çoz gözəl bilir ki, bu işdə  311.3.3, 311.3.4 yoxdur! Yoxdur! Ortada hədə-qorxu yoxdur! Pul tələbi yoxdur! 10 min manatı Əvəz Zeynallı tələb eləməyib, 10 min söhbəti ümumiyyətlə, olmayıb. 10 min manat söhbəti Mehdiyevin aparatında, Əli Həsənovun iş kabinetində ortaya çıxan bir məsələdir. Ramiz Mehdiyev Əvəz Zeynallını məhkəməyə verib, 10 min manat tələb edir. Vüqar Səfərli məhkəməyə gedib, 10 min manatlıq iddia qaldırır, Gülər Əhmədova da bu tərəfdən deyir ki, 10 min manat rüşvət istəyib. Bizim “taksa”mız Əli Həsənovun otağında 10 min manatdır. Hər şey 10 min manatla planlaşdırılıb. O danışıq təqdim olunduğu kimi deyil. Gülər Əhmədova 2011-ci il 16 noyabrda “Yeni Müsavat” qəzetində müsahibə verəndə, özünü silkələyə-silkələyə deyirdi ki, mən getdim, mən onun səsini yazdım, ona dedim ki, yerində otur, əlimdə səsini yazdığım disk var. İndi G.Əhmədova vəkillərilə, hətta Qurban Məmmədovla özünə haqq qazandırmağa çalışır ki, Elşad Abdullayevin videogörüntüsü olan korrupsiya faktı ilə Güləri tutmaq olmaz. Niyə? Çünki Elşad qeyri-qanuni olaraq, Gülərin icazəsi olmadan onun görüntüsünü lentə alıb. Məhkəmə prosesi zamanı G.Əhmədovanın 4 şahidi bura gəldi. Onların dördü də söhbətin nədən getdiyini izah edə bilmədilər. Elə dedilər ki, eşitdim Gülər bunu dedi, onu dedi. Zaur Mirzə dedi ki, mən heç nə bilmirəm. Nə danışıblarsa, onu demişəm. Oğlu Toğrul Əhmədov da dedi ki, hansı yazılardan və anonslardan söhbətin getdiyini bilmirəm. Onun bu məhkəmədə etdiyi çıxışın stenoqrammı var. Siz onu çözələmək istəməzsiniz, amma bizdə onun səs yazısı var. Mən burada Toğrula dəfələrlə israrla dedim ki, sən düzünü danış…

 (Ardı martın 13-də)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button