“QEYDSIZ-ŞƏRTSIZ BƏRAƏT ISTƏYIRƏM!” – IV Hissə

AR CM-nin 306.2, 213.1, 311.3.2, 311.3.3, 311.3.4 maddələrilə ittiham olunaraq, həbsdə saxlanılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəmədə etdiyi “Son Söz”ü hissələrlə oxucuların diqqətinə çatdırırıq.

Əvəz Zeynallı 2011-ci il oktyabrın 19-da sabiq millət vəkili Gülər Əhmədovanın əsassız iddiaları ilə həbs olunub. Hazırda özü haqqında CM-nin 178 və 307-ci maddələrilə cinayət işi açılan G.Əhmədovanın özü isə 2013-cü il fevralın 13-də həbs olunub və Bakı İstintaq Təcridxanasında saxlanılır. 


 Əli Həsənov müstəqil mətbuatın belini pulları konvertə qoyub redaksiyalara göndərəndə qırdı

 Sonra da mətbuatı at kimi idarə etdi. Görünür, o planı quranlar çox gözəl biliblər ki, biz heç kimə satılmadan müstəqil qəzet çıxarmışıq. Xalqımız, millətimiz üçün çalışmışıq. Hamı kimi vicdanımızı pula satmamışıq. Bunların da əlində olan pullar, bu xalqın deyilmi? Kimin pulunu kimə xərcləməlidirlər ki? Rüşvəti bunlar götürüblər, biz yox. Mənim işimdə Korrupsiya İdarəsi 100 min manatdan çox rüşvət yığdı. Bələdiyyə sədrindən tutmuş, iş adamına qədər. Bunlar məni almadığım rüşvətin ittihamı ilə tutub, sonra özləri adamlardan rüşvət aldılar ki, onları bu işə qatmasınlar. Hərəsindən ən azı 15 min manatdan pul yığıblar. Eşitmədinizmi, əsas şahidlərdən biri olan Xanoğlan Muxtarov dedi ki, “mən kiməm ki, nökərəm də…” Gülər dedi ki, “mən balaca adamam…” Bu səlahiyyət sahibləri bir dənə normal adamı üstümüzə göndərmədilər ki, heç olmasa bugünkü gün deməyə söz tapsınlar.

Aydın  Heydərovla bizim məhkəmə çəkişməmiz olub. 2006-cı ildə Nərimanov rayon məhkəməsinin hakimi Liliya Mavrinaya ərizə ilə müraciət edib ki, biz Ə.Zeynallı ilə barışmışıq, ona görə də şikayəti üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edib. Məhkəmə də işin materialları ilə tanış olaraq hesab edib ki, xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilsin. Bu olub 2006-cı il noyabrın 15-də… O zaman tutalım ki, mənim heç bir hüquqi təhsilim yoxdur. Bəs burada əyləşən savad dəryası Ramazan Hadıyev niyə Aydın Heydərova sual vermədi ki, əgər 2006 –cı ilin fevralında Ə.Zeynallı səndən pul istəyibsə, sən də Ə.Zeynallının istəyilə ona pul veribsənsə, sən 2006-cı ilin noyabrında məhkəməyə müraciət edəndə niyə bütün bunları şikayətinə əlavə etməyibsən? 2006-cı il noyabrın 15-də xüsusi ittiham qaydasında işə xitam veriləndə bunu niyə deməmisən? CPM-nin 34-cü maddəsində açıq şəkildə yazılır: Dövlət ittihamçısının, xüsusi ittihamçının şəxsə qarşı cinayət tərkibindən könüllü imtina etməsi, eyni cinayət əməlinin təkrarən həmin şəxsə istinad edilməsini istisna edir.”

Sabir Tarverdiyev bizim işimizdə Elmar Vəliyevin adından çıxış edib. Yevlaxın icra başçısının müavininin pul verərərk məni tutdurmaq istədiyini də Sabir Tarverdiyev dəfələrlə burada təkrarladı. Nə üçün istintaq araşdırmayıb ki, bu adam kimdir ki, pul verib jurnalist tutdurmaq istəyib? Bu adamların belə situasiyalardakı atdıqları addım budurmu? Deməli belə çıxır ki, kim bunlar haqqında nəsə yazır, o saat pul verib həmin adamı tutdura bilərlər. Heç həmin adam çağırılıb, dindirilməyib də… Söhbət əsl cinayətdən gedir. İstintaqın nə marağı olub ki, həmin adamları qoruyub, adlarını işə daxil etməyib? İstintaq qanuni aparılsaydı, onlar həmin adamları da istintaqa cəlb etməli idilər. Elə bir hadisə olubsa, deməli, ən azı

3 il əvvəldən mənim həbs olunmağımla bağlı plan olubmuş…

 Azərbaycanın ikinci paytaxtı olan Gəncə kimi şəhərin icra başçısı olan Elmar Vəliyev kimi bir nüfuzlu adamın müavini 2009-cu ilin sonu 2010-cu ilin əvvəllərində pul verib, məni tutdurmaq istəyibsə, deməli onlara qarşı da cinayət məsuliyyəti yaranmalı idi. Bununla nə ibtidai istintaq məşğul olmadı, nə də bizim həşəmətli prokurorumuz. AR CPM-nin yenə 34-cü maddəsinin 3-cü hissəsində yazılır: “Hər hansı əməlin törədilməsinə görə şəxsin barəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü varsa, həmin şəxsin haqqında eyni əmələ görə cinayət təqibinin təzələnməsi, ittihamın daha ağır ittihamla əvəz edilməsi və ona daha ağır cəza verilməsi yolverilməzdir”.

S.Tarverdiyevin iddia etdiyi iş Elmar Vəliyevin işidir. E.Vəliyevlə bizim məhkəmə çəkişməmiz olub. E.Vəliyev səlahiyyətlərdən istifadə edərək, məhkəmənin əli ilə mənə il yarım islah işləri verdirib. 10 min manat cərimələdib. Ortada qanuni qüvvəyə minmiş hökm var. S.Tarverdiyev haradan çıxdı? Niyə o adamlar buna zəng vurmalı idilər ki? Özü də deyir ki, onlarla şəxsi tanışlığım yoxdur. O zaman S.Tarverdiyevə bu adamlar niyə etibar edib, söz deməli idilər, məni həbs etdirəcəklərilə hədələməli idilər? İstintaq bunu niyə araşdırmadı? Elmar Vəliyevin qanuni qüvvəyə minmiş hökmü olan məhkəmə işinə Sabir Tarverdiyevi 3 ildən sonra kim gətirib qoşa bilərdi və kim onunla bağlı qərar verə bilər? Qanun açıqca yazır: Əgər qanuni qüvvəyə minmiş hökm varsa, daha ağırlaşdırıcı səbəb gətirib iş oxumaq olmaz. Mən hesab edirəm ki, proses zamanı nə Aydın Heydərov, nə də Sabir Tarverdiyev kifayət qədər dindirilməyiblər. Özü də əgər nəzərə alınsa ki, nə S.Tarverdiyev, nə A.Heydərov, nə də A.Məmmədov latın əlifbası ilə oxuyub, yaza bilmirlər, o zaman belə çıxır ki, onlar tanış olmadıqları, istintaq tərəfindən hazırlanmış saxta bir ittihama imza atıblar. Xanoğlan Muxtarov da dedi ki, materialı evdə oxuyub, imza atıb. Sonra dedi ki, “oğlum oxudu, mən imza atdım”. Danışdıqca istintaqı bərbad etdi. Yəni 311.3.2-lə Əvəz Zeynallıya iş kəsmək üçün yeddi başlı əjdaha olmaq lazımdır. Yeddisini də kəsərlər. Qanun açıq şəkildə göstərir – Aydın Heydərov da, Akif Məmmədov da xüsusi ittiham qaydasında olan işləri geri götürüblər, onları təkrar istintaqa qoşmaq nəinki qanunsuzluq, saxtakarlıq, biabırçılıqdır. Sabir Tarverdiyevin özü haqqında isə ən azı CM-nin 178-ci – Dələduzluq maddəsilə cinayət işi açılmalıdır. Elmar Vəliyev əgər bu işdə yoxdursa, deməli, bu adam onun adından dələduzluq eləyib. Kimdən pul alıb, kimə pul verib, o pullar haradadır, kimin cibindədir? Niyə o ümumiyyətlə kiməsə pul verməli idi? Dəlidir, nədir? Başına at təpib? Elmar Vəliyev iri bir şəhərin icra başçısıdır. Vəkillə araşdırdıq, məlum olur ki. S.Tarverdiyev onun adından danışdığı zamanda E.Vəliyev heç Yevlaxın da icra başçısı olmayıb. İstintaq o zaman hara baxırdı? 311.3.2-nin də belə boş gedəcəyini hesablamalı idiniz. “Daş, taxta, kartof kafalı” məmurlar seviniblər ki, elə 311-ci maddənin ən ağır hissəsilə bunu yükləyəcəyik, istədiyimiz qədər də iş kəsib, tutduracağıq. Özlərini bu işlə bərbad etdilər. Bu da onlara dərs olar ki, bundan sonra günhsız insanlara şər, böhtan atdırıb, tutdurmazlar. Hər şey ortadadır. Sadəcə işə ədalətli, qanunla yanaşmaq lazım idi ki, görmək istəmədiklərinizi görəsiniz.

Gülər Əhmədova mətbuatdakı ümumi tanışlara demişdi ki, “hələ bu harasıdır, ona qarşı ən azı 100 adam ifadə verəcək və ən azı 1-2 milyon manatlıq rüşvət ortaya qoyacaqlar”. Gülər Əhmədova bunu demişdi. Mən onu “Yeni Müsavat”a yazdığım yazıda qeyd etmişəm və həmin yazını da məhkəməyə təqdim etmişəm. Bunlar əvvəldən belə bir plan uydurub, hazırlayıblar. Bu plan da hansısa səbəblərdən baş tutmayıb. Həmin bu 3 adam da həmin planın altında qalıb. Mürvət Həsənli indi qapı-qapı gəzib deyir ki, “Əvəz Zeynallının həbs olunmasında mənim rolum yoxdur”. Təbii ki, yoxdur. Mürvət kimdir ki? Əli Həsənovun əl buyruğu. Deyib, “get üzünə dur”, o da durub. Bu məsələdə Ə.Həsənov hamının arxasında gizlənib, elə bilib ki, onu görən yoxdur.

Bu cinayət işinin çox spesifik bir özəlliyi var. Burada təxminən 13 nəfər “üzəduran” var. Mən 311-ci maddəni nəzərdə tuturam. Diqqət edin, 11 aydır məhkəmə prosesi gedir, 13 adamın bir dənəsi məhkəmə proseslərində nə iştirak etmir, nə də onları təmsil edəcək nümayəndə göndərmirlər. Bu adamların heç biri yoxdur. Mətbuatda

 Gülər Əhmədova, “mən Əvəz Zeynallını tutdurmamışam, mən bu işdə yoxam!” dedi

 Cinayət işinə baxın. O zaman onun mənim ittihamım əsasında həbs edilmədiyini görərsiniz.” Sonra deyir: “Əvəz Zeynallını mənə görə ittiham etməyiblər. Əgər mənim dediklərim təsdiqlənmirsə, lap yaxşı, təsdiqlənməsin. Mən bir şeyi deyə bilərəm. Onu mənimlə bağlı ittiham etməyiblər, cinayət işində tamam başqa ittihamlar var. Mən bu cinayət işində şahid kimi keçmişəm…” Bir daha deyir, “qoy bütün media nümayəndələri bilsin”. Bu adam hamımıza meydan oxuyur: “Əvəz Zeynallı mənim ittihamım və yaxud da mənim şikayətim əsasında həbs edilməyib. Arzu edirəm ki, onu tezliklə azadlığa buraxsınlar…” Yəni mən artıq icazə verirəm, qoy buraxsınlar. Gülərin kefi ilə mənə azadlıq verəcəklər… Və nəhayət Gülər deyir: “Qəzetiniz vasitəsilə Əvəz Zeynallıya müraciət edirəm. Hörmətli Əvəz Zeynallı, sizi mənə görə həbs etməyiblər. Qoy cinayət işini yaxşı oxusun və verilən ittihamları görsün. Özü hüquqşünasdır.” Sonda deyir: “Natiq, axı mən üçüncü dəfədir deyirəm ki, Əvəz Zeynallı mənə görə həbs olunmayıb”. Bu da Gülər. Nə olsun ki, bura gətirdə bilmədiniz. Mesajını mətbuatla verdi. Bu belə… Digərləri də deyir ki, “mən bu məsələdə yoxam…” O biri də, bu biri də… Onda siz bu ittihamları haradan alıb, haqqımda 11 il iş oxudunuz?

İndi də yenə bu adam mənə xəbər göndərir ki, mən bu işdə yoxam, lazım gəlsə danışacam. Bu adam haqqında cinayət işi açılanda da MTN-nin səlıahiyyətlərinin yanında demişdi ki, çox üzərimə gəlsəniz, Əvəz Zeynallı kartını açacam. Mən də deyirəm, çağırın bu adamı gəlib, o kartları açsın. Kim nə edir, kim nə barmaq silkələyir, bilmirəm. Zaman-zaman hər şeyin üstü açılacaq, o zaman görəcəksiniz ki, Əvəz Zeynallı yuxu görmür. Yazılı formada sizi qane etmirsə, o zaman Gülərin səs yazısını sizə təqdim edək, özünüz dinləyin. “Bizim Yol” qəzetinin müxbiri Natiq Cavadlıya bir dənə sorğu göndərin, o da səsyazısını məhkəməyə təqdim eləsin. Qanun deyir ki, hamı məhkəmə qarşısında bərabər hüquqludur. Qanunlar deyir axı bunu. Hanı bizim hüquq bərabərliyimiz?

Bir məqama diqqətinizi çəkmək istəyirəm. Bu iş Gülərlə başlayır, Mürvətlə bitir. Hamıdan çox-çox üzr istəyirəm. Mənim toyumda gəlin maşınını üzəduran Mürvət Həsənli idarə edib, sağdışım da üzəduran Vüqar Məmmədov olub. Təsadüfən təcridxanada şəkillərdən birində gördüm, dəhşətə gəldim. İndi baxın, görün kimləri mənim üzümə qoyublar? Mən o qədər də onların düşündüyü adam deyiləm ki, sağdışımdan, solduşumdan hədə-qorxu və şantaj yolu ilə rüşvət tələb edəm. Bəlkə siz edərdiniz, amma mən nəinki onlardan, heç kəsdən heç bir zaman rüşvət tələb etməmişəm, özü də hədə-qorxu ilə…

Tənzilə Rüstəmxanlı buradan başını götürüb, qaçdı. Halal oğlu Toğrul Əhmədov bu tribunada öldü, yerə keçdi. Anasından fərqli olaraq üzəduranlığın nə olduğunu yəqin yaxşı dərk edirmiş. Yalandan öz balanı da qurban vermək, hər ananın da işi deyil. Rüxsarə Axundova ümumiyyətlə, nəyə şahidlik etdiyini heç özü də bilmirdi. Vüqar Məmmədov Dubaya qaçdı. Xanoğlan Muxtarov dedi ki, ay Əvəz, nökərəm də, padşah deyiləm ki? Adamı işlədiyi “Qismət” Şadlıq Evindən oğurlayıb, 3 gün Korrupsiya İdarəsində saxlayıblar. Bunlar şantaj və hədə-qorxu yolu ilə adamlardan mənə qarşı ifadə alıblar. İndi də şərləyən, üzə duran adamların heç biri 11 aydır ki, burada yoxdurlar. Bir Ağabəy Əsgərovun nümayəndəsi sonadək, məhkəmədə iştirak etdi və biz də qəbul etdik ki, bu adam qanunlara hörmətlə yanaşdı. Hanı Vüqar Səfərlinin nümayəndəsi? Nüşabə Ələsgərlinin də bura gətirdiyi nümayəndəsi Zülfiyyə Bayramova gah onun adından danışdı, sonra Gülərin vəkili oldu, sonra da Gülərin qardaşı İlqar Mikayıloğluna ərə getdi. Gəl indi baş çıxar, bunlar hansı mənsəbə qulluq edirlər. Bütün bunlar məhkəmə heyətinə düşünməyə imkan vermirmi? Məni də burada susdurmaq mümkün deyil. Açıq-aşkar deyirəm ki, məni kim tutdurub.

 (Ardı növbəti sayımızda)

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button