“QEYDSIZ-ŞƏRTSIZ BƏRAƏT ISTƏYIRƏM!” – V Hissə

 AR CM-nin 306.2, 213.1, 311.3.2, 311.3.3, 311.3.4 maddələrilə ittiham olunaraq, həbsdə saxlanılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəmədə etdiyi “Son Söz”ü hissələrlə oxucuların diqqətinə çatdırırıq.

Əvəz Zeynallı 2011-ci il oktyabrın 19-da sabiq millət vəkili Gülər Əhmədovanın əsassız iddiaları ilə həbs olunub. Hazırda özü haqqında CM-nin 178 və 307-ci maddələrilə cinayət işi açılan G.Əhmədovanın özü isə 2013-cü il fevralın 13-də həbs olunub və Bakı İstintaq Təcridxanasında saxlanılır. 

 İnsan haqlı olanda səsi Allahın yanına çıxır

 Haqsız olanda da beləcə dilini qısıb oturursan. Gülər deputat olanda yeri-göyü dağıdıb, hamıya meydan oxuyurdu. İndi də deyir ki, mən ona qarşı çıxış etməyəcəm. Bilirsiniz niyə? Haqlı deyil, ona görə… Haqlı olsaydı onun da səsi yeri-göyü dağıdardı. Ona görə gündə bir atmaca atıb, yerinə qısılır. Əgər bu adam bizə qarşı cüzi haqlı olsaydı, yeri-göyü başımıza yıxardı. O da gözəl bilir ki, daha zaman o zaman deyil. Adama yalanını yedirdərlər. Bu da məhkəmə üçün bir nümunə, örnək olmalıdır. Məhkəmə heyəti müşavirə otağında bu haqda da düşünməlidir.

Məni əsassız, qanunsuz, saxta ittihamlarla şərləyib tutublar, indi də sübut edə bilmirəm ki, mənim həbs olunmağımda bunlardan istifadə ediblər. Bu işin spesifik özəlliyi də odur ki, 11 ayda gedən məhkəmə iclaslarına da bu adamlar zorla gətizdirildilər. Hətta siz onların bura məcburi qaydada gətizdirilməsilə bağlı qərar verdiniz. Dördü də gəlmək istəmirdi. Qanun da açıq şəkildə deyir ki, təqsirləndirilən şəxs şahidi dindirmək hüququna malikdir. Bu iş Avropa Məhkəməsinə qədər getdiyi təqdirdə bilirsinizmi nə olacaq? Mən Güləri dindirməmişəm, Vüqarı, Aydın Heydərovu axıra qədər dindirməmişəm. Prokuror da burda iş oxuyanda deyir ki, ittihamlar “sübut edilmişdir”. Bizdə adamı belə tuturlar. Deyirlər ki, “Gülər Əhmədovanın şikayəti əsasında həbs edilmiş Əvəz Zeynalovun filan-filan cinayətləri törətmə ehtimalları var. İcazə verin, filan əməliyyat tədbirini həyata keçirək”. Deməli, əvvəlcə adamı tutub, içəri soxurlar, ondan sonra da ona torba tikirlər. Qanunla törədilən cinayətə görə adamı tutarlar və cəzalandırarlar. Bizdə adamı tuturlar, təcridxanaya göndərirlər. Deyirlər, sən orada bir az dincəl, biz sənə torbanı tikəcəyik. Sonra da 6 ay istintaq araşdırması altında insanlara torba tikirlər. Amma bununla belə onlar da 311.3.2-nin də bu dərəcədə fiaskoya uğrayacağını biliblər. Kimsə ağlı başında olan bir adam tapıblar və bir yerdə qərara gəliblər ki, 311-ci maddə də boş bir şeydir. Üzümə duran 4 adamdan 3-ü ilə bizim məhkəmə çəkişməmiz olub. Onların 3-də məhkəmədən ərizələrini geri götürüblər. İndi nə deməklərinin də heç bir əsası yoxdur. Çünki əgər 7 il əvvəl belə hadisə olmuşdusa, niyə o zaman məhkəməyə bu haqda məlumat verməmişdilər və yaxud da niyə 7 ildən sonra bu ölülər dirilib, eyni vaxtda Korrupsiya İdarəsinə müraciət etdilər?

AR hüquq-mühafizə orqanlarının bəziləri azad insanları, azad iş adamlarını əzmək, tapdalamaq, sıradan çıxarmaq üçün işgəncə aparatına çevriliblər. Bu aparatlardan biri də Vergilər Nazirliyidir. Bizim Prezident Aparatımızın hörmətli, kartof və taxtabaş məmurları fikirləşiblər ki, Ə.Zeynallıya qarşı 213-cü maddəni də qaldırmaq olar. Ən azı prokurorun əlinə alət vermiş olacaqlar ki, bu maddə ilə istədiyi rəqəmi bizə yükləyib, ən ağır cəzanı tətbiq eləsin. Ağır cinayətlə heç bir bağlılığı olmayan CM-nin 213-cü maddəsində nə var? Bu maddənin bir maraqlı xüsusiyyəti ondadır ki, bu maddə nə 306-cı maddə deyil, nə də 311-ci maddə deyil. Burada əsas sözü rəqəmlər deyir. AR CM-nin ən mənasız maddələrindən biridir. Baxmayın ki, bu maddə ilə milli qəhrəman obrazında olan Rasim Balayevi sındırdılar. Kimlərsə bu gün də bu maddədən çəkinirlər. Bu maddədən çəkiniləsi heç nə yoxdur. Kimə bu maddə ilə cinayət işi qaldırırlarsa, getsin qonaqlıq versin. Riyaziyyatdır. Bunlar yeddi min manatlıq bir hesab çıxardılar. Vəkillərimiz də onların çıxardığı rəqəmi əsaslandıraraq, sildilər yerinə 1196 manat 53 qəpiklik hesab çıxarıblar. Mənim ən ağır sözlərlə xatırladığım, heç bir abır hissi olmayan istintaq – hətta ibtidai istintaq ekspert təyin etdi, hətta o belə bu qədər böyük vicdansızlığın qarşısında dedi ki, bu qədər də olmaz və istintaqın 7 min manatlıq cəriməsini 4 min manata endirdi. Məhkəmə zamanı da bütün işləri, riyazi hesablamaları apardıq. Bir çox şeyləri o da nəzərə almamışdı, sakitcə burada etiraf etdi və biz onun 4 min manatlıq hesabının əslində heç 1000 manata çatmadığını sübut etdik. Biz bu müddət ərzində Vergilər Nazirliyinin bu maddə ilə qaldırdığı işin dayandırılması və bu işə heç bir aidiyyatı olmadığı üçün bundan sonra ona baxılması üçün məhkəməyə müraciət etdik. Bu məhkəmə zalında Vergilər Nazirliyinin nümayəndəsi nə dedi? “Onsuz da İnzibati İqtisad məhkəməsi icraatı dayandırmayacaq”. Biz nə dedik? Dedik ki, “sən məhkəmənin hansı qərarı çıxaracağını əvvəlcədən necə bilə-bilərsən?” O nə etdi? Bu zalda quruyub qaldı. Ağzından çıxan sözə yiyə dura bilmədiyinin fərqinə vardı. 22 iyun 2012-ci ildə  2 saylı Bakı İnzibati-İqtisad məhkəməsinin hakimi

Miminat Hacıbəyova üç həftənin içində haqqımızda iki qərar çıxardı.

 Deməli, bu Miminat xanım, bizim xeyrimizə qərar çıxartmışdı. Mətbuatda bu haqda məlumat gedəndən sonra həmin Miminat Hacıbəyova (Hər iki sənədi zala göstərir) cəmi 20 gün sonra öz qərarını ləğv edib, bizim əleyhimizə qərar çıxardı. Ay Ramella (hakim) xanım, belə biabırçılıq olar? Bir hakim öz qərarını necə ləğv edib, başqa qərar çıxara bilər axı? Əgər Məhkəmə Hüquq Şurası bu hakimi sıralarından qovmayıbsa, ciddi səhvə yol verib. Çünki tək bu hadisəyə görə Miminat Hacıbəyova dərhal tutduğu vəzifədən qovulmalı idi. Mən belə məhkəmə sisteminin nəyinə inanım? Bu prokuror, “o zaman dedi ki, görürsünüzmü, ədalət var”.  Bu bizim işin bu qədər ədalətsikliklə aparılmasının bəlgəsidir. Baxın hər iki sənədin imzasına – Miminat Hacıbəyova. Tamamilə bir-birini təkzib edən iki qərar çıxarıb. Bu qədər biabırçılıq, yalnız siyasi sifarişlə adam tutduranda belə şeylərə rast gəlmək olar. Heç olmasa, Miminatın bizim xeyrimizə çıxardığı qərarı hakim Limonat Hacıbəyovanın qərarı ilə dəyişdirsəydilər, yenə bu qədər biabırçılıq olmazdı. Miminat Hacıbəyovanın çıxardığı iki qərar bir daha sübut edir ki, bizi tam sıradan çıxarmaq planı həyata keçirilib.

Baxın. Dövlət məmuru olan ekspert istintaqın müəyyənləşdirdiyi hesabı 4 min manata endirdi. Bizim Ramazan Hadıyev nə etdi? Siz hələ də gəlib burada otura bilirsinizsə, möhtəşəm adamsınız. Mən oturmazdım, ona görə də buradayam. Mən bu ölkənin ən ali vəzifələrində belə bu cür oturmazdım. (Hakimin, “Zeynalov, mahiyyəti üzrə” deyəndən sonra) Mən Gülərdən danışıram. Gülər kimdir? Gülər artıq mənim işimin mahiyyətidir. Gülər deputat olanda bu zalda dedi ki, “8 aydır həyatımızı zəhər eləmisən…” Mən Gülərin həyatında artıq bir ömür boyu varam. Ömrümün axırına qədər harada olacaqsa, mən də orada olacam. Mən heç bilmirdim ki, kiçik qızımın 8 yaşı olanda Gülər Əhmədovanın şəri ilə həbs olunmuşam, onun da kiçik oğlunun 8 yaşı olanda özünü həbs etdilər. İndi də onun vəkilləri mətbuata müsahibə verirlər ki, “Gülər bircə 8 yaşlı oğlu üçün darıxır. Heç 8 yaşlı uşağın anasını da tutmaq olardımı?  Uşağının ad günündə onu həbs etdilər.”  Sən 8 yaşlı, iki qız uşağının atasını şərlə, böhtanla həbs etdirib, o uşaqların gözlərini yaşlı qoyarsansa, sənin də 8 yaşlı oğlunun anasını tutub apararlar, gözü yaşlı qalar.

Allahın ədalətinə baxın!

 Mənim evimi barbarlar kimi dağıdıblar. Evimdə adam olmayıb, vəkilim olmayıb, yaxınlarımı içəri buraxmayıblar, möhtərəm hakimlər. Darvazadan keçib, qapımı sındırıb, içəri keçiblər. İri karatlı brilliant, qızıl külçə axtarıblar, silah tələb ediblər. Mənim uşaqlarımın dərs dəftərlərini götürüb aparıblar. Bu gün Fikrət Əhmədov müsahibə verir ki, bunlar mənim 8 yaşlı uşağımın cizgi filmi olan diskini də aparıblar. Sən 8 yaşlı qızın dərsliklərini apartdırarsansa, sənin də oğlunun “multik”lərini apararlar. Hələ Fikrət Əhmədov şikayət edir, deyir ki, mənim arvadımın hamamdan şampunlarını da aparıblar. Yox, sağ olsunlar, bizim evdən şampun-filan aparmayıblar. Mənim evimdə külçə axtaranların evlərindən vedrə ilə brilliant və qızıllar götürülüb, “Laçın” bazarında satışa çıxarıldı. Bir jurnalisti necə korrupsiya ittihamları ilə həbs etdirmək olar? Mən məmuram, əlimdə dövlətin səlahiyyətləri var? Mən nə qədər bu cəmiyyət üçün təhlükəli olmuşam ki, 6 ay istintaq, 11 aydır da məhkəmə məni həbsdə saxlayır? İndi sular durulur. Baxın görün, kimlərdir korrupsionerlər, rüşvətxorlar. Jurnalist özünü öldürsə belə, ondan korrupsioner çıxmaz. Bizi korrupsiyada ittiham edən adamın onlarla evi, bağı, mülkü siyahıya alındı. Millət görmədimi? Bu qədər rəzillik olarmı? Bəyəm, bütün bunlar işin mahiyyəti deyil? Necə olur, “10 min manat istəyibsən” iddiası ilə bir jurnalistin on ildir başa gətirdiyi bütün işlərini darmadağın etdilər, texniki avadanlıqlarına qədər yağmaladılar. Amma bunlar 1 milyonla rahat alver edirlər.

Həbsimdən sonra seyfimdə olan son 300 dolları oğurladılar. Olanım o idi, qalanım da… Onu apardılar. Gülər Əhmədovanın şəhərin içində 9 villasının – həbs etməsəydilər, Allah bilir daha nə qədər olacaqdı – 5-6 gözəllik salonunun, 4 bağ evinin və s. müəyyənləşdirilib. Halal pulla qazanılıbsa, özünə qismət, deputat məvacibi ilə almışdı onları? Bu cinayət işinin sonu ora gəlir. N.Ələsgərlinin işində Nərimanov məhkəməsinin hakimi Sevinc Quliyeva üzərimizə 3 min manatlıq cərimə qoydu. Ondan əvvəl də bu Sevinc Quliyeva “Baltika-Bakı” MMC-nin iddiasını təmin edib, haqqımızda 50 min manatlıq cərimə çıxarmışdı.

 S.Quliyeva sifarişli qərarları icra etdiyi üçün Məhkəmə Hüquq Şurası onu hakimlikdən qovub

 Bu gün də həmin məhkəmə işimizdə nə əvvəlki hakim vəzifəsində qalıb, nə MMC qalıb, nə də məni məhkəməyə verən Tlexuray qalıb. Onu da işdən qovdular, müəssisəni də əlindən alıb başqasına verdilər. Bilirsinizmi niyə? Çünki bu Tlexuray Azərbaycanda insan həyatı üçün təhlükəli olan virusla yoluxmuş pivələri yenidən istehsal edərək, insanlarımıza satdırırdı. Əlimizdə bununla bağlı kifayət qədər video, dəlil-sübut olduğu halda bizi bir hakim belə dinləmədi. İndi də təzə hakim deyir ki, “məhkəmə bəyəm kontordur ki, sifarişlə qərar qəbul eləsin?” O hakimi hələ görməmişəm. Görsəm deyəcəm ki, “bəli, bizim rastlaşdığımız bütün məhkəmələr kontordur, gerisindən də Allah saxlasın”. Adamı yazdıqlarına görə həbs edərlər? Yazmışam, yazmışam da… 50 dəfə məhkəməyə vermisiniz, yenə də verin. 2005-ci ildə mülki qaydada olan işlərinin qanunla cəlbetmə müddəti 2 ildir. Nərimanov rayon polis idarəsi də sizə məktub göndərib ki, həmin səndlərin vaxtından 3 il keçdiyinə görə yandırılıb. Niyə? Çünki müddəti keçib. Siz 2 il cəlbetmə müddəti olan ölü bir işə yenidən can verirsinizsə, artıq bu şərdir. Cəmi iki il cəlbetmə müddəti olan, adidən-adi məhkəmə çəkişməmiz olan bir işi üstündən 7 il keçəndən sonra gətirib Ramiz Mehdiyevin tapşırığı ilə açılan cinayət işinə əlavə edərsinizsə, artıq bu şərdir. Bu qədər də adamın üzərinə gəlmək olarmı? Ağır cinayət törətmişəm – 11 il… Bunlar hələ görünür onu da planlaşdırıblar ki, “Xural” qəzeti yaranan gündən əvvəlki tarixə qədər getsinlər. Nə yeyir, nə içir?

 Deməli, belə çıxır ki, biz yaşamamalıyıq bu ölkədə?

 213-cü maddə bəs nə verir? Maraqlıdır, deyilmi? Birincisi, bunun sanksiyası nədir? Cinayətin törədildiyi sübut olunarsa, mənə hansı cəzanı vermək olar? 3 ilədək müəyyən müddətə vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə və ya edilməməklə, 2 min manatadək miqdarda cərimə.Və ya iki ilədək müddətə islah işlərinin verilməsi, və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası. Bizim ədalət və vicdan mücəssəməsi olan bu prokuror, bütün alternativ yolları bir tərəfə buraxıb, heç bir qanuni əsası olmayan ağırlaşdırıcı cəza – 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasını istədi. Fevralın 13-də prokuror Ramazan Hadıyev bu zalda çıxış edib, mənə 11 il həbs cəzası istəyəndə, hakimlər gərgin, əsəbi və qaşqabaqlı idilər. Çünki onlara da təlimat verilmişdi ki, Əvəz Zeynallıya ən ağır cəza verin. Maksimum müddət oxuyun. Nə hakimlər, nə də prokurorun özü məmnun deyildilər. Ona görə prokuror isterika içərisində çıxışını edib, hakimlərin qapısından da getdi. Mən də bilirəm ki, belə məsələlər bunların öz xoşu ilə həll olunmur. Prokuror 213-cü maddəyə 2 il cəza istəyə bilərmi? Bilər. Amma bu maddənin “qeyd” deyilən bir bəndi var. Orada yazılır: “Bu məcəllənin 213.1 və 213.2 maddələrində nəzərdə tutlan əməlləri ilk dəfə törətmiş şəxs, yəni mən cinayət nəticəsində vurulmuş ziyanı, tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad olunur”. Dünya hüququ ilə çox maraqlanmışam və inkvizitor məhkəmələri çox diqqətimi çəkib. Hətta onlar belə çox araşdırmaçı olublar. Tutalım ki, siz heç hüquqşünas da deyilsiniz. Adam CM-nin 213.1 maddəsinə 2 il iş istəyir. 3 il 306.2 maddəsinə görə, 10 il də 311-ci maddəyə görə… Hesab çıxarıb 15 il deyir. Sonra da öz aləmində yüngülləşdirici amillər tapıb, guya 4 il güzəştə gedir və 11 il oxuyur.

(Ardı növbəti sayımızda)
XuralTAC

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button