(Qeyri-) ictimai nəqliyyat

Elmir Mirzoyev

Bakı şəhərində nəqliyyatdan daha kəskin problem yoxdur. Bakıda sıravi vətəndaşlar üçün nəqliyyatın normal infrastrukturu belə yoxdur, nəqliyyat feodal təfəkkürü ilə qurulub – şəxsi avtomobilin yoxdursa, o zaman heç kimsən. Nəqliyyat Nazirliyinin müxtəlif əməkdaşları yeri gəldi-gəlmədi danışdıqları boş sözlərdənsə “marşrutkalar”da bir az gəzəydilər, o zaman hər şey onlara da aydın olardı. Bu əsla Nəqliyyat Nazirliyində oturub hədsiz-hüdudsuz rüşvəti yığmaq deyil, cənablar.  

Bu haqda çox deyilib, çox yazlıb, çifayda. Nə qədər deyisə də, yazılsa da, bəyan edilsə də, vəziyyət dəyişilmədən dözülməz olaraq qalmaqdadır. Şəhərdə guya ki, müasir nəqliyyatın olacağından bəhs edərək „analoqsuz“ körpülər tikən, „kitayski“ avtobus və ya „badımcan“ taksisi gətirən məmur ordusu isə doymayan gözü və dolmayan ciblərinin tükənməz tələbatlarını bu sahədə öldürməyə öyrəşib. Çətin ki bu yanaşma ilə nəsə real olaraq dəyişilə…

Məsələ burasındadır ki, cəmiyyətdəki bütün problemlər ölkədə bərqərar olmuş siyasi-ictimai quruluşla sıx əlaqəlidir. Cəmiyyətimizdəki hadisələri sistemli şəkildə təsvir etmək üçün ölkəmizin feodalizm quruluşunda yaşadığını birdəfəlik qəbul etməliyik.

Bizim cəmiyyət mükəmməl bir feodalizm sistemidir, bunun feodal pilləkənini bütövlükdə təsəvvür etmək gərəkdir, baxın – yuxarıda saray, monarxik hakimiyyət, ailə və ali fiqurlar, onların yaxınlığında əyanlar – hersoqlar və qraflar – bunları oliqarx-nazirlər kimi təsvir etmək olar, kral ilə bunlar arasındakı münasibət feodal münasibətidir və sırf şəxsi sədaqət, yəni senyor və vassal prinsipi ilə müəyyən olunur, daha qanun-filan ilə yox. Hər bir hersoq və ya qraf (oliqarx-nazir) özünün şəxsi malikanələrinə – torpağına malikdir (məsələn, Qəbələ və ya Naxçıvan) və bu torpaq üzərində tam suverendir, bu torpaqlardakı təsərrüfat da faktiki natural təsərrüfata yaxındır, pul faktoru əsla böyük gücə malik deyildir.

Ölkəmizdə demək olar ki, heç bir azad biznesin, iqtisadi azadlığın olmadığı kimi, təxmini orta əsrlərə bənzər natural təsərrüfat modelinin də mövcudluğu inkaredilməzdir. Cəmiyyətdəki bölgü dəqiqliyinə kimi bölünmüşdür, heç kim başqa sahələrə müdaxilə edə bilməz – kim neftdən yararlanır, kimsə avtobus gətirir, kimsə əməkdar artist olmalıdır və s. Cəmiyyətdəki kastalar arasında az qala Hindistandakı kimi dəqiq bölgü mövcuddur, kastalar arasındakı əlaqə zamanı zəruri “protokol” isə orta əsrlərdəki ayin xarakteri alib.

Şəhərdə normal nəqliyyat infrastrukturunun da mövcud olmaması bu quruluşun təzahürləridir, çünki feodalizmdə urbanizm və urbanistik mədəniyyət, şəhər infrastrukturu hələ mövcud deyildir – burada yalnız aqrar münasibətlər ola bilər. Bir də ki, feodalın ictimai nəqliyyat nəyinə, nə işinə gərək ola bilər axı? O öz atına (Porsche Cayman, Lexsus GS və ya Hammer GT – istədiyinizi seçə bilərsiniz) minib çapır, vəssalam. Rəiyyət isə töycü verib biyara getməli, istismar olunmalıdır – onun çox hərəkət etməsi də gərəkən iş deyil. Bütün bunlar da ictiami quruluşun qanunauyğunluğudur.

“Xural” qəzeti,

il 9, sayı: 051 (459), 04 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button