Qırğızıstan prezidentinin qardaşı qızının sevgilisi həbs olunub

Qırğızıstan prezidenti Sadır Japarovun qardaşı qızının sevgilisi barəsində qanunsuz narkotik maddələr istehsalı maddəsi ilə həbs-qətimkan tədbiri seçilib.

Bişkekdəki Birinci May rayon Məhkəməsinin iyulun 10-da bildirdiyinə görə, Aftandil Sabırbekovun avqustun 3-dək həbsdə saxlanması barədə üç gün öncə qərar verilib.

Sabırbekov Japarovun qardaşı Davlatbekin qızı Lazzat Nurkojoyevanın sevgilisidir.

Ötən ay Sabırbekovun Nurkojoyevaya dəbdəbəli mərasimdə evlilik təklif etdiyini göstərən video internetdə yayılandan və kəskin ictimai qınağa səbəb olandan sonra Japarov qardaşı qızına görə üzr istəmişdi.

Sabırbekovun Nurkojoyevaya evlilik təklif etdiyi mərasimdə diqqətçəkən məqam onun Fövqəladə Hallar Nazirliyindən (FHN) kirayə götürdüyü ağ rəngli vertolyot olub.

Sabırbekovun narkobizneslə əlaqələrinə görə həbs olunması xəbəri iyulun 9-da yayılıb.

Prezidentin mətbuat katibi Askat Alaqozov iyulun 10-da bu deyilənlər təsdiqləyərək bildirib ki, “Aftandil Sabırbekov qanundankənar fəaliyyətini gizlətməkdən ötrü onu hakimiyyətdən qoruyacaq adamlar tapmağa cəhd göstərib”.

Prezidentin kiçik qardaşının qızı olan L.Nurkojoyeva 2020-ci ildə ölkədə gözəllik müsabiqəsinin qalibi olub.

A.Sabırbekovun qohumları və vəkilləri isə son baş verənləri şərh etmirlər.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button