Qırmızı mənim rəngimdir

Elbrus Ərud: “Turan İbrahimov bizi bezdirdi və onunla işləməyi dayandırdım”

 “Ünsiyyət” rubrikasının bu dəfəki qonağı Azərbaycanda qısa bir vaxt ərzində oxunaqlı və tələbat olan “Qafqazinfo.az” internet qəzetinin baş direktoru, jurnalist Elbrus Əruddur. Səhər məni yuxudan oyadanda “varlı olacaqsan, səsini tanımadım”- dedim. “Onsuz da bu ölkədə heç kəs xoşbəxt olmaq haqqında düşünmür, hamı varlı olmaq arzusundadır” – cavabını verdi. Amma yuxudan oyadıb tələsdirsə də, məni portalın ofisində gözlədən də Elbrus oldu. Bəhanəsi tutarlıydı – sayta yeni xəbərlər yerləşdirirdi deyə, səbrlə gözlədim. Onunla elə iş yerinin düz yanında, yeni açılışı olan kafedə oturduq. Bir vaxtlar narıncı rəngin dəbdə olmağını xatırlayıb, adama bir fincan çay sifariş verib başladıq. Onun belə cəsarətli jurnalist olmasına baxmayın, diktafon görəndə az da olsa özünü yığışdırıb, utancaq görkəm aldı. Xeyli söhbət etdik, nələrdən, kimlərdən danışmadıq ki… Elbrus güldü də, təəccübləndi də, hirsləndi də, kövrəldi də… Gündəlik informasiya yayan və müntəzəm köşə yazan birinin heç kimə danışmadığı söhbəti olarmı?

Sən demə varmış…

 – Zövqlü insansınız?

– Mənim geyimimə, evimə və hər bir əşyama baxsanız görərsiniz ki, zövqlüyəm. Adicə evimdəki əşyaların düzülüşü də zənn edirəm ki, zövqlüdür. Yəni hamının xoşuna gəlir. Məsələn, mən özümə köynək alanda – əgər imkanım çatırsa – onu yüz köynəyin içindən axtarıb tapıram. Özümü çox zövqlü hesab edirəm və bu sözüm faktlara söykənir.

Məsələn, əyninizdəki köynək neçəyədir?

– (Fikirləşir…) Səhv eləmirəmsə, 50-60 manat.

Və sizcə bu zövqlü köynəkdir?

– Mən düşünürəm ki, hə. Rəngində min çalar var. Məsələn, mən rəngli şeyləri çox xoşlayıram. Xüsusilə, qırmızı rəngi çox sevirəm. Deyərdim ki, qırmızı mənim rəngimdi. Mən qırmızıyla nəfəs alıram.

Yəqin uşaq vaxtından paltar seçimində sərbəstlik sizdə bu zövqü formalaşdırıb…

– Uşaq vaxtı məndə geyimə qarşı bir həsəd olub. Sözün düzü, imkanım olmayıb. Mən tələbə olmuşam. Yəni hamı kimi rayondan bura gəlmişəm və mənim üçün çox çətin olub. Özümdən böyük qardaşımın əyin-başıyla oxumuşam və həmişə arzulamışam ki, geyim alım, geyinim-gecinim. Sonra da Allaha şükür işləmişəm, qazanmışam, öz əlimdə imkan olub. Geyinməyi çox sevirəm. Düzdür, mənim hələ ki, çox arzuladığım geyimlərim yoxdur.

– Məsələn, siz hansı markanı arzulayırsınız ki, ondan geyiminiz olsun?

– Vallah, mən xüsusi olaraq marka ölüsü deyiləm. Ümumiyyətlə, kostyum geyinməyi xoşlamıram.

– Yaxşı, geyim markasını deyək.

– Türkiyənin “Mavi” cins markasını xoşlayıram və mənim ən arzuladığım, ən sevdiyim firmadır.

– “Mavi” markası elə də bahalı deyil ki, ala bilərsiniz.

 – Mən demirəm ki, bahalı firmanı sevirəm. Ümumiyyətlə, deyirəm ki, yəni ətrafda zövqlü görünən nə varsa xoşlayıram. Məsələn, son vaxtlar, Heydər Əliyev prospekti ilə gedəndə yolun kənarında binaların tikildiyini görürük. Deyilənə görə, dövlət binaları olacaq və nazirliklər orada yerləşəcək. İnanın ki, mən gedəndə də, gələndə də, o binalara baxmaqdan doymuram. Sanki orada özüm oturacam. Yaxud da hava limanına tərəf gedəndə, o Mərdəkan yolunun kənarında əkilən ağaclara, inanın, bir-bir baxıram ki, görüm necə əkiblər, yaxud evlərin damına baxıram. Ən sevdiyim şey təyyərə ilə gedəndə evlərin damına baxmaqdır ki, görüm, hansı evin dam örtüyü hansı rəngdədir? Mənim evimin dam örtüyü də qırmızıdır. Evimdəki əşyaların demək olar ki, böyük əksəriyyəti qırmızı rəngdədir.

İspaniyada olmamısınız?

– Xeyr olmamışam. (Təəccüblə) Nə bildiniz ki, mənim ən böyük arzum İspaniyada olmaqdır?

– Məsələn, İspanyaya getsəniz yəqin ki, o öküzlərin, buğaların davasına baxarsınız…

 – Baxarsan nədi… Mən hətta onları dalaşdırmaq arzusundayam.

Yəqin ki, bilirsiniz onları hansı rənglə idarə edirlər?

– Qırmızı rənglə… (gülür) O deyirlər e, “Antonio qırmızı geyinmisən”. Amma bilirsiniz necədi, Elxan. Azərbaycanda belə bir deyim var ki, “dəli qırmızını sevər”, axı, qırmızı həm də cazibədar rəngdir. Və qırmızının mənim üçün həm də siyasi mənası var. “Qırmızılar” yox aa, ümumiyyətlə deyirəm. Qırmızı həm də inqilab rəmzidir. Son illər inqilabın rəngini dəyişib, narıncı eləyiblər. Amma mənim üçün inqilabın rəngi qırmızıdır.

– Elbrus Ərud nə qədər müstəqildir?

– (Fikirləşir…) Bu sual o qədər çoxçalarlıdır ki. Nə qədər müstəqiləm – insanların gördüyü qədər, qiymətləndirdiyi qədər. Mən şəxs olaraq müstəqil adamam, amma mənim müstəqilliyim tək məndən asılı deyil. Burada cəmiyyətin də müstəqilliyi önəmlidir…

Ümumi götürəndə sizcə cəmiyyət müstəqil deyil?

– Qətiyyən! Sizcə müstəqildir? Yox, müstəqil deyil. Onun üçün mənim də müstəqilliyimin həddi-hüdudu var. Ailə var, iş mühiti var, dostlar var. Tutaq ki, mən təkbaşına müstəqiləm, amma təkbaşına müstəqilliklə dəli olmaq olar. Yəni ətrafda hamı qeyri-müstəqil və sən də ortalığa düşmüsən ki, mən müstəqiləm.

– Sizin bu yanaşmalarınızdan belə başa düşmək olar ki, siz müstəqil deyilsiniz…

– Dediyim kimi, mənim müstəqilliyim özümdən aslı olan məsələ deyil. Müstəqilllik gərək hərtərəfli təmin olunsun. Hər halda mənim yazılarıma baxan adam görür ki, mən kiməm.

– Müstəqillik tək yazı ilə ölçülür?

– Baxın, mən “Qafqazinfo.az” internet qəzetinin rəhbəriyəm və mən işimdə hər şey yazıram, istənilən xəbəri gözləmədən saytda yerləşdirə bilərəm.

– Yeri gəlmişkən, siz insanlarla, QHT-lərlə, siyasi partiyalarla müqavilə əsasında işləyirsiniz. Onlar da bunun qarşılığında pul ödəyirlər. Daha dəqiq, piar müqaviləsi bağlayırsınız. Maraqlıdır, sizinlə ixtiyari bir insan – partiya sədri, müğənni, yazıçı, fərqi yoxdur, kimdirsə, özünü tanıtmaq istəyən bir adam əməkdaşlıq edirsə və bu, o deməkdir ki, yalnız onun özünün verdiyi yazıları yayırsınınız? O müqavilə bağladığınız insanla bağlı, kobud desək, onun əleyhinə məlumat gəlirsə, həmin adamla müqavilə var deyə “Qafqazinfo” həmin məlumatı vermir?

– (Düşünür…) Biz müqavilə bağladığımız adamların qarşısında öhdəlik götürmürük ki, onun əleyhinə nə isə verməyəcəyik. Biz öhdəlik götürürük ki, o, bizə nə təqdim etsə, biz onu verəcəyik. Eyni zamanda, onun əleyhinə də informasiya gələ bilər. Gəlir də, olur da. Elə partiyaları götürək, bir-birinin əleyhinə nələri yazırlar, nələri deyirlər. “Wikileaks” sənədləri açıqlanır və mən bəzi müxalifət partiyaları ilə işləyirəm, amma buna baxmayaraq, həmin yazıları verirəm. Müqavilə bağlamaq o demək deyil ki, mən hər yerdə onların mənafelərini qorumalıyam. Amma elə vaxt olur müdafiə edirəm.

– Amma o müqavilələrdə bir asılılıq da yaranır.

– İstər-istəməz, sən qarşına öhdəlik götürürsən və vəzifə yaranır. Tutaq ki, adam sənə istənilən şeyi göndərir və sən də onu verə bilirsən. Bəzən elə olur ki, biz müqaviləni pozmaq məcburiyyətində qalırıq. Məsələn, Turan İbrahimovla biz işləyirdik. Adam yatıb-durub açıqlama hazırlayıb göndərirdi və bu, bizi bezdirirdi. Təsəvvür edin, adam gündə bir portal tapıb ora açıqlama verirdi və sonra göndəririrdi ki, bizim də onu saytda verək. Mən də onunla işləməyi dayandırdım. Yəni belə hallar da olur.

– Bəs müqavilə pozulanda qarşı tərəf məhkəməyə müraciət edə bilər?

– Eləyə bilir, getsin müraciət eləsin. Artıq o, sonrakı  mərhələlərdir. Mən elan edirəm ki, səninlə işləmək istəmirəm.

– Turan İbrahimov müqavilə pozulmaq üçün zəif bənddir. Amma partiyalar var ki…

– Bu məmləkətdə mənim üçün istənilən qrup, istənilən partiya zəif bənd hesab oluna bilər. Bunu mən öz işimdə də göstərirəm. Mənim üçün fərqi yoxdur (Bir qədər düşünüb davam edir…). İstənilən şəxs, istənilən partiya, istənilən qurumu öz səviyyəmdə görürəm.

– Neçə yaşınızda jurnalist olmağa qərar verdiniz?

– Sualınızı yalnış hesab edirəm. Çünki jurnalist olmaq haqqında qərar vermirlər. İnsan jurnalist olaraq doğulur. Mən jurnalistikanı bitirmişəm. 1997-ci ildə orta məktəbi bitirib, universitetə sənəd verdim, qəbul olmadım. İkinci il ürəyimdə artemiya yarandı deyə, əsgərliyə aparmadılar. Hazırlaşıb, Azərbaycan Beynəlxalq Universitetinin Jurnalistika fakultəsinə daxil oldum. Təhsilimi bitirəndən sonra isə əsgərliyə getdim.

– Mən də sizinlə razılaşmıram. Siz əgər Biologiya fakültəsinə daxil olsaydınız, onda Miçurin olacaqdınız?

 Davamı gələn saylarımızda

 Söhbətləşdi:

Elxan Xanəlizadə

 Hazırladı:

XuralTAC

 

 

“Xural” qəzeti,

 

il 9, sayı: 058 (467), 12 oktyabr 2011

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button