Qırmızı Xaç Komitəsinin nümayəndələri Əfqan Muxtarlının yanına buraxılmayıb

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri jurnalist Əfqan Muxtarlının yanına buraxılmayıb. Xural.com xəbər verir ki, bu barədə Turan-a hüquq müdafiəçisi Oqtay Gülalıyev bildirib.

Onun sözlərinə görə, Kürdəxanı istintaq təcridxanasında BQXK əməkdaşlarına bildiriblər ki, Muxtarlı bu müəssisədə saxlanılmır.

Öz növbəsində, BQXK-nin Bakı nümayəndəliyindən Turan-ın müxbirinə bildiriblər ki, saxlanma yerlərinə baş çəkmək təşkilatın mandatına daxildir, amma missiya heç vaxt bu barədə məlumat vermir.

Penitensiar Xidmətin İctimai Əlaqələr Şöbəsinin müdiri Mehman Sadıqov Turan-ın Muxtarlının saxlanma yeri haqqında sualına cavabda bildirib ki, saxlanma yerinin dəyişdirilməsi haqqında məlumat “yalnız saxlanılanların razılığı ilə” verilir.

Vəkil Elçin Sadıqov öz növbəsində, bildirib ki, Kürdəxanı istintaq təcridxanasında ona Muxtarlının orada olduğunu təsdiq ediblər.

Vəkil Baş Prokurorluğun Muxtarlının bədənində zorakılıq izləri olmadığı haqqında bəyanatını təkzib edib.

Sərhəd Xidmətinin İstintaq İdarəsində üzləşmədə və məhkəmədə zorakılıq izləri protokollaşdırılıb, deyə vəkil qeyd edib.

Bundan başqa, o, məhkəmə qarşısında Muxtarlının tibbi ekspertizasının keçirilməsi haqqında rəsmi vəsatət qaldırıb. Amma vəsatət təmin edilməyib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button