Qisas qiyamətə qalmaz!

Əvəz Zeynallı

Məmləkətdə quzular müdafiəsizdir, qurdlar canavarlaşıb…

Azərbaycan Oxucusu çox diqqətlidir. Bunu mətbuata gəldiyim ilk günlərdən hiss etmişəm və bu hissim heç bir zaman məni aldatmayıb. İllərdir, bu mətbuat qazanının içindəyik, nələr gördü gözlərimiz. Nə yazılar, nə yazarlar itirdi Azərbaycan mətbuatı. Nə qələmlər qırıldı, nə kəllələr getdi. Maraqlıdır ki, Oxucu ciddi bildiyi yazardan mövzularının davamının necə olmasını tələb edir. Bəzən olur ki, sənin tamam unutduğun bir məqam var ki, Oxucu onu sənə xatırladır. Vicdanlı Oxucu qardaş kimi əzizdir ciddi yazara. O vicdanlı Oxucular olmasa, ciddi və sanballı yazarlar bu mətbuat dəyirmanında çoxdan üyüdülüb gedər və izi-tozu da qalmaz… Mənim taleyimə belə vicdanlı Oxuculardan – Qardaşlardan bir xeylisi düşüb…

Mənim fədakar Oxucum…

İlham Əliyevin xeyir-duası ilə Ramiz Mehdiyev və dəstəsinin üzərimizə gəlişinin artıq bir neçə ayı tamam olur. Bu ağır gedişin hər anını Oxucu izləyib. Çalışmışam hər detaldan məlumatlı olsun. Üzərimizə yüklənən və artıq qanuni qüvvəyə minən 4250 manat borc var. Bunlardan bəzilərini ödəməyə başlamışıq və bəzilərinə də başlayacağıq. O, ayrı məsələdir. Burada toxunmaq istədiyim məqam fərqlidir. Oxucu hətta bu qədər yozlaşmanın və laqeydləşmənin içində bizi tək qoymur. Zəng zəng dalınca gəlir. Sadə insanlar bizə yardıma tələsirlər. Redaksiyanın hər otağında bir banka var. Elə olur ki, heç tanımadığımız insanlar gəlir və o bankaya pul atırlar. Adamın gözləri dolur. Hələ heç nə itirilməyib deməli. Və… faktiki olaraq bizi Nüşabə Ələsgərli-Ramiz Mehdiyev- Ağabəy Əsgərov-Vüqar Səfərli-Adolf Hitler beşbucağından səmimi Xural Oxucusu xilas edir. Mən onlara mütəşəkkirəm… Belə Oxucularla qürur duyuram. Onlar Azərbaycanın hər tərəfindən bizim hesabımıza pul yatırırlar, bizimlə maraqlanırlar. 90 yaşını kemiş Leyla adlı bir Oxucumuz telefon edir və çətinliklə danışaraq «redaksiyaya 10 manat göndərmək istəyirəm» deyir. Cəlilabad eləcə, Lənkəran eləcə, Gəncə eləcə, Qazax eləcə – başdan-başa bütün Azərbaycan!…

Amma mən «Xural»ın illərlə yanında olduğu bəzi adamları bu sırada görmürəm. Bu da onu deməyə əsas verir ki, mətbuat və siyasət çevrəsini yetərincə kirləndiriblər. Bu sahələrdə çalışanların belə şeylərə immuniteti yaranıb. Onların dünya vecinə də deyil… Ümid sadə və siravi insanlarımıza qalır…

Firudin Kazımov necə oldu?

Diqqətli Oxucular məndən Firudin Kazımovun taleyinin sonrakı mərhələsini soruşurlar. Bir zamanlar ziyalı, amma evi əlindən alınan fədakar bir vətəndaşın dilənçi kimi qarşıma çıxmasından bəhs edən bir yazı yazmışdım və o yazı mətbuatda əməlli-başlı rezonansa səbəb olmuşdu. O zaman söz vermişdim ki, Firudin Kazımovu tapıb Oxucuların və ictimai rəyin qarşısına çıxaracağam. Oxucular onu tapıb-tapmadığımla maraqlanırlar.

Mən Firudin Kazımovu elə o yazının dərc olunmasından təxminən 2-3 ay sonra tapdım. Yenə dilənirdi. Bu şəxsiyyətli adam məni görən kimi ağladı. Ona haqqında yazdığımı, mətbuat konfransı keçirməyi planlaşdırdığımı və onun problemlərini ictimai müstəviyə çıxarmağı düşündüyümü dedim. Özünü itirdi. Həyəcanlandı və ictimaiyyətin qarşısına çıxmaq istəmədiyini bildirdi.

Xatırladım ki, Firudin Kazımov 2000-ci illərdə baş prokurorluğun iri çinli məmurları tərəfindən evləri zəbt olunan vətəndaşlardan idi. O, sonuna qədər mübarizə apardı və evini hüquqən geri ala bildi. Amma onun evinə girənlər çıxmaq istəmirdilər və Ədliyyə Nazirliyinin indi bizim dərimizə saman təpən icraçıları onun haqlı məhkəmə qərarını icraya yönəltməkdən ehtiyat edirdilər. Onunla da biz Firudin Kazımovla əlaqəni itirmişdik. Daha doğrusu, o, bir daha redaksiyamıza gəlməmişdi. Yalnız uzun illər sonra onu «Gənclik» metrosunun bir dayanacaq ötəsində, mərhum «Şuşa» kinoteatrının qarşısındakı yol ayrıcında dilənən görmüş və heyrətimi bir köşədə yazmışdım.

Firudin Kazımov aktiv və mübariz bir vətəndaş idi. Dəfələrlə Fuad Ələsgərov səviyyəsində görüşmüş, istədiyinə nail olmuşdu. Evini almışdı, amma sonrası nə olmuşdusa, …dilənçiyə çevrilmişdi. Mən sonrakı görüşümdə də ondan bir söz ala bilmədim. Eləcə ağladı. Üz-gözünü tutur, «Əvəz müəllim, mən biabır oldum» deyə hönkürürdü. Tanınmış yazarlardan bir neçəsi də o zaman mənim avtomobilimdə idilər. Onlar da o məqamlara şahid oldular.

Firudin Kazımov bu şəkildə mətbuatın qarşısına çıxmaq istəmədi. Onu uzun müddət yenə görmədim. Özümü söyməyə başladım ki, bəlkə özünə bir şey edib. Sonra… bir neçə ay sonra yenə gördüm Firudin müəllimi… İndi diləndiyi məkanı dəyişdirmişdi. Prezidentin «Gənclik»dəki villasından «milyarderlər məhəlləsi»nə gedən istiqamətdə dilənir indi Firudin Kazımov. Mən daha ona yaxınlaşmıram. Yalnız məni tanımaycağı halda, gecə qaranlığında yanında dayanır və ona pul verirəm. Firudin müəllim artıq dilənçiliyə öyrəşib, amma mən ona yardım etməyə çalışıram. Yalnız əlinə aldığı pulu görəndə arxadan ağlaya-ağlaya «sağ ol, Əvəz müəllim» deyə bağırır.

Hə, Əziz Oxucu, çox maraqlandığın Firudin Kazımovla mənim nağılım beləcə davam edir. Başqa bir şey edə bilmirəm. Mənim fədakar, aktiv, cəsarətli, örnək bir mübarizə verən nümunəvi vətəndaşım, dostum, Oxucum, artıq həmin istiqamətdə dilənir. Daha qəzet də oxumur Firudin Kazımov. Çünki mənim yazdıqlarımdan xəbəri yox idi.

Hə, arada pulum olanda onun yollarda olmasını arzulayıram. Görəndə… yardım edirəm… O, mənim avtomobilimin arxasından ağlayır, biz də ailəlikcə ondan ayrılıb evimizə şütüyəndə…

Bakıda, 21-ci əsrin başlarında, milyardların mərmərə verilib yollara döşəndiyi bir zamanda mən Firudin Kazımovla belə görüşürəm…

Hürdürülən Vətəndaş…

Diqqətli Oxucu məndən bir qəhrəmanımın da aqibətini soruşur. Olar təxminən bir il. Tanıdığım bir dövlət məmuru mənə bir dəhşətli hadisə danışdı. Bir oliqarxın oğlu «Qul bazarı»ndan nər kimi bir oğlumuzu götürüb evinə aparıb. Onu eyş-işrət məclisində boğazına ip salıb doyunca hürdürüblər. Sonra gətirib bir avtomobil baqajı nə tutar bazarlıq ediblər və 1000 manat pul verib, evinin qapısına buraxıb gediblər. Nər oğlumuz evinin qapısından girəndə həyat yoldaşı təəccüblənib və cavabı eşitmədən ərinin həyəcandan və utancdan yerə yıxıldığını görüb…

Mən bu hadisəni çox ciddi sarsıntı ilə yaşadım və yazdım. Böyük rezonans doğurdu o yazı. Çox telefon zəngləri gəldi, çox mesajlar yazıldı. Amma mən yazımın sonunda and içmişdim ki, o oliqarxı və onun gü(u)l balasını axtarıb tapacaq və ömrüm bahasına olsa belə, onların simasını ictimaiyyətə elan edəcəyəm…

İndi mənim fədakar və diqqətli Oxucum bu hürdürülən vətəndaşın taleyinin necə olduğundan, araşdırmamın niyə dayandırıldığından narahatdır və soruşur ki, o oliqarxın kimliyini araşdırdımmı?

Araşdırmadım. Çünki mənə məlumatı verən məmur yazımı oxuyandan sonra fikrini dəyişdirdi. Bilmirəm, özündənmi qorxdu, yoxsa mənim taleyimdənmi narahat oldu? Məni həmin adamın özü ilə görüşdürəcəyinə söz verən, hətta bir neçə adamın yanında and içən dostumuz, yazını oxuyandan sonra dediyini etmədi. Səbəb də gətirdi: «Sən tərs adamsan, eşələyib özünə də problem yaradacaqsan, mənə də» dedi. Mənə elə gəlir ki, o məmur hürdürülən vətəndaşı hürdürən oliqarxı və onun gü(u)l balasınının kim olduğunu bilir. Çünki heç vəchlə bir daha o söhbətin üzərinə gəlmədi. Amma hürdürülən Vətəndaşı tanıdığını dəqiq bilirəm. Çünki mənə demişdi.

Beləliklə, konkret olaraq bu məsələ də mənim üçün bitmiş sayldı…

«Xural»a «dinləmə qurğusu»nu kim qoyub?!

Ötən ilin mayında «Xural»ın redaksiyasından tapılan dinləmə qurğusu da Oxucuların və məni tanıyanların marağında və diqqətində olan yarım qalmış mövzulardandır. Mən bu qurğunu – onu redaksiyaya «hədiyyə» edən həmkarımla birlikdə düz Daxili İşlər Nazirliyinin binasının qarşısında mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidova əlimlə təqdim etmişəm. Aradan aylar keçib, DİN MX rəhbəri Sadiq Gözəlovla danışmışam. MX rəhbəri deyib ki, redaksiyanıza göndərilən qurğu «xüsusi dinləmə qurğusudur və bu haqda ictimaiyyətə ətraflı məlumat veriləcək». Aradan aylar, illər keçib, MX rəhbərindən və DİN-dən xəbər çıxmayıb. Amma mənim araşdırma yöntəmim heç vaxt dayanmayıb və bütün resurslarımla işləmişəm. Xüsusən, Ramiz Mehdiyev məni məhkəməyə verəndən sonra – hörmətli «Boz Kardinal» qurğunun tapılmasından qısa bir müddət sonra məni məhkəməyə verdi – mənə bəzi detallar aydınlaşdı. Aydınlaşdı ki, «Xural»da qurğunu mən tapmasaydım, xüsusi xidmət orqanları tapacaqdılar. Mən bu haqda xeyli məlumatlar toplamışam və təxminən redaksiyaya qurğu göndərən qurumu bilirəm. Bu haqda da son sözüm olacaq. Bunu Oxucularım da bilsinlər. Bununla da «dinləmə qurğusu» hekayəsinə son vermək niyyətindəyəm.

Dövlətlə dövlətçilik edəsi deyiləm ki…

Oxucu tələbi – İlham Əliyevi  tənqid et!

Son vaxtlar xüsusi olaraq qəzetin tirajının və populyarlığının artdığını hiss edirəm. Əlimizin altındadır. Rəyi bilir, görür, dəyərləndiririk. Mən İlham Əliyev və onun atası, onun klanı haqqında ən sərt yazıların müəlliflərindən biri olmuşam. Təbii ki, onun icraatlarının təqlid olunduğu zamanlar da olub. Məxsusən, onun yeni işbaşına gələndəki vaxtlarında gələcəyin bu amansız despotunu müdafiə etdiyim zamanlar elə də uzaq keçmiş deyil. 100 günlük məsələsində hətta «300 gün də azdır» yazmışam. Hətta zaman-zaman İlham Əliyevə loyal yanaşdığım üçün tənqid olunduğum da çox olub. Aldırmamışam. Mən nədənsə onun Avropa mədəniyyətinə sahib olduğu anlayışına qapılmışam. Mehriban Əliyevanın iddialarından və yetişdiyi mühitdən arxayın olmuşam – ki, dövlətimiz gələcəyi əmin əllərdə ola bilər. Amma heyhat…

İndi bir həftə İlham Əliyev haqqında sərt yazı yazmayanda Oxucu səndən incik düşür. Gör İlham Əliyev özünü hansı duruma gətirib salıb. Xüsusilə, son icraatları insanları get-gedə qıcıqlandırmağa başlayır. Millət taleyüklü məsələlərin həllini gözləyir, bu yumurtanın qiymətindən bəhs edir. Millət monopolistlərlə döyüş üçün əmr gözləyir, bu ən böyük monopolistlərdən Bəylər Əyyubova «Şöhrət» ordeni verir. Millət azad seçki, demokratik mühit tələb edir, bu demokratiyanın düşməni və ən böyük suçlulardan biri Məzahir Pənahova «Şərəf» nişanı verir. Millət əyalətlərə islahatçı və yeni kadrların təyinatını gözləyir, bu cinayətkar olduqları söylənilən insanları ölkənin ən böyük şəhərlərinə icra başçısı göndərir. Millət yenilənən qaydalar, polisin çevik hərəkətinin həsrətindədir, bu Qubadan çıxanda Sumqayıtda, Prezident Administrasiyasından çıxmağa 1 saat qalanda Heydər Əliyev prospektində yollar bağlanır. Belə iş, belə icraatmı olar? Hər gün nə qədər narazılıq və söyüş qazanmaq olar? Niyə?!

İlham Əliyevin sərt tənqid olunmasını istəmək Azərbaycanın və İlham Əliyevin gəldiyi durumu gözlər önünə sərməkdədir. Mən şəxsən bu tip Oxucu yetişdirməmişəm və mənim Oxucum aqressiv deyil. Amma insanın bir həddi var. Aman o hədd dolmasın. Mən çox istəyirəm ki, cənab prezidentin yaxşı işləri də olsun və onun haqqında müsbət yazılar da dərc edim. Təbii, o fikirdəyəm ki, İlham Əliyevin haqqında müsbət yazılar da vermək olar və redaksiyaya daxil olarsa mütləq edəcəyəm də. Amma «ictimai rəy» deyilən bir nəsnə var ki, onun qarşısında heç bir şey dayana bilməz. İlham Əliyev artıq özünü o həddə gətirir ki, ictimai rəy onun haqqında müsbət anlayışı qəbul etmir. Bizdən soruşurlar… Bizə sual verirlər…

«Nə qədər olar özünə villa tikdirmək?!»

«Bunlar bütün Bakını özlərinə villamı tikdirəcəklər?»

«Nə qədər olar köhnə obyektləri təzə adıyla təmir edib lent kəsmək?»

«Bəlkə artıq şəxsi evlərin təmirində də cənab prezident gəlib lent kəssin?!»

«Axı bu adamlar mədəni və alicənab olduğu söylənilən çevrələrdən çıxıblar?»

«Axı bu adamların ev problemləri olmayıb?»

«Axı bunlar heç bir zaman kirayədə qalmayıblar?»

«Bəs nədən bu qədər var-dövlət hərisliyi?!»

Nədən?! Nədən?! Nədən?!

Yumurtanın qiyməti 13 qəpik oldu!

Gülməli bir formada olsa da, prezident İlham Əliyevin müdaxiləsindən sonra yumurtanın qiyməti 23 qəpikdən 13 qəpiyə qədər endi. Amma digər ərzaq məhsullarında və digər əşyalarda qiymətlər enmədi, əksinə, qalxdı. Bazara girirsən əlin, əlini cibinə salırsan, cibin od tutub yanır. Alması qanı qiymətinə, qozu adamı qoza çevirir, fındığı mələdir. Əti baha, yağı baha, «iti bazarında atından baha». Şor yağdan baha, yağ pendirdən, pendir hamısından. Hələ başqa sahələri demirəm…

Rüşvət bütün gücü ilə yığılmağa davam edir… Gömrük köhnə havasında… Korrupsiya atını yenə çapır… Bəs prezident bunlara niyə münasibət bildirmir?! Axı bizimkilər öyrəşib – prezident deməlidir, bunlar qiyməti endirməlidir? Prezident də onları öyrəşdirib – prezident deməsə qiyməti endirməzlər! Deməli, günah yenə prezidentdədir – belə komanda ilə işlədiyinə görə!…

Həzrəti Əli nə deyirdi:

«Ucsuz-bucaqsız Ərəbistan çöllərində bir qurd bir quzunu yeyərsə günah məndədir. Ya quzunu müdafiəsiz buraxmışam, ya da qurdu özbaşına»…

Allah quzunu müdafiəsiz, qurdu özbaşına etməsin!

MƏMLƏKƏTDƏ ELƏDİR, CƏNAB PREZİDENT!

QUZULARIMIZ MÜDAFİƏSİZDİR!!!

QURDLARIMIZ CANAVARLAŞIB – ÖZBAŞINADIR!!!

Sayqılar, əfəndim…

“Xural” qəzeti
il: 9, sayı: 008(418), 20-26 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button