“Qaynar Qazan”da İsa Qəmbər (III hissə): “Qiyamdan əvvəl Elçibəylə dərin və açıq söhbətlərimiz oldu”

İsa Qəmbər: “Qiyamın ilk günləri, ya da səhəri gün idi, mən Heydər Əliyevə təklif etdim ki…”

Müsavat ideologiyası ilə bolşevik doktrinası arasında mübarizə davam edir

 

Əslində, İsa Qəmbər “Qaynar Qazan”ın ilk qonağı olmalı idi. Amma bir az da bizim özümüzdən qaynaqlanan səbəblərdən olmadı. Və onunla bir də müsahibə üçün vaxtlaşmaq, danışmaq, görüşümüzü müəyyənləşdirmək 3 aya qədər vaxt apardı. Təbii ki, müsavatçıların da basqısı bir tərəfdən. Xüsusilə, AXCP sədri Əli Kərimlinin “Qaynar Qazan”dakı müsahibəsindən sonra müsavatçıların İsa Qəmbər basqısı vardı üzərimizdə. Elə düşünənlər vardı ki, biz özümüz İsa Qəmbəri çağırmırıq. Halbuki sosial şəbəkələrdə yazılan və “Qaynar Qazan”da olması istənilən hər kəslə bu və ya digər formada əlaqə yaratmağa çalışırıq və onların hamısı ilə bu “qazan”da görüşməyə istəkliyik.

İsa Qəmbər az, qısa, konkret danışan müsahibdir. Tənqidə dözümlüdür, amma tənqiddən də xoşlanmaz. Biz bunu jurnalist fəaliyyətimizdən bilirik. Ona görə də əlimizdə olan tənqidi suallar dosyesi ilə müsahibəyə gedəndə uzaqbaşı 1 saata yekunlaşacağımızı təxmin etmişdik. Həm də arada yaranan illərin uçurumu müsahibənin o qədər də rəvan keçməyəcəyi həyəcanını verirdi. Sonuncu dəfə İsa Qəmbərlə 2003-cü ildə “Xural”ın “Mənim Prezidentim” layihəsində görüşmüşdük və müsahibə o zaman alınmamış, yarımçıq da qalmışdı.

Bu düşüncələrlə getdiyimiz müsahibəni başqa ovqatda bitirdik. Saat saatı keçdi və bizim “danışmaz” deyə düşündüyümüz İsa Qəmbərlə düz 2 saat yarımı keçən müsahibəmiz baş tutdu. Hələ əlimizdə xeyli suallarımız qaldı və… danışılacaq da xeyli mövzularımız.

Beləcə, Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərlə maraqlı və tarixi bir müsahibə alındı. Və biz o müsahibəni Oxucu-tamaşaçılara təqdim edirik.

“Qaynar Qazan”da İsa Qəmbərdir…

Əvəz Zeynallı

III hissə

 

I hissəni bu linkdə oxuya bilərsiniz: https://www.xural.com/?p=28507 “Hakimiyyətin dəyişməsi və rejimin getməsi zaman məsələsidir”

II hissəni bu linkdə oxuya bilərsiniz: https://www.xural.com/?p=28598 “Əliyev rejimində 10 il parlamentdə oturan İsa Qəmbər deyil”

 

Mən heç bir vaxt ciddi səhvlərə yol verməmişəm

 5

– Burada belə bir sual var, elə o mövzu ilə bağlıdır. Elmar Nəbi soruşur ki, “yüz minlərlə insanı başına toplayıb, mitinqinə dəvət edən İsa Qəmbər 2013-cü ildə çox adamın siyasətdə tanımadığı Cəmil Həsənlinin xeyrinə öz namizədliyini geri götürdü. İndi olsaydı nə edərdi?” Siz dediniz ki, Milli Şura İsa Qəmbəri seçkilərdən kənarda saxlama proyektinə çevrildi. O baxımdan, bu sual da yerinə düşür.

– Bayaq mən sizə dedim ki, qeyri-təvazökar səslənsə də, mən heç bir vaxt ciddi səhvlərə yol verməmişəm. Vaxtında necə hərəkət etmişəmsə, yenə elə hərəkət edərdim. Şərait eyni olarsa, 2013-cü ildə atdığım addımları yenə atardım. Ümumiyyətlə, Azərbaycan siyasətində bir xeyli adam var ki, adları müxalifətçidir, amma elə bil əsas missiyaları bütövlükdə müxalifəti, konkret olaraq İsa Qəmbəri seçkilərə buraxmamaqdır. Xüsusilə də prezident seçkiləri gələndə bu qüvvələr xeyli həyəcanlanırlar. Ya bütün müxalifət boykota getməlidir, ya elə şəkildə olmalıdır ki, İsa Qəmbər yox, başqası bu seçkiyə getsin. Bu, açıq-aydın görünür, amma olsun. Xırda məsələdir. Sualın mahiyyətinə gəlirəm ki, mənim üçün vəzifə, titul önəmli deyil. Mən ölkədə vəziyyətin dəyişməsini istəyirəm. Mən Azərbaycanımızın problemlərinin həllini istəyirəm. Mən Qarabağımızın işğaldan azad olunmasını istəyirəm. İstəyirəm ki, ölkədə haqq-ədalət olsun. İnsanlarımız yaxşı yaşasınlar, zəngin yaşasınlar. İnsanlarımız bütün iqtisadi və siyasi azadlıqlara malik olsunlar. Azərbaycanın adı dünya miqyasında hörmətli yerdə çəkilsin. Və sairə…

– Deyimmi? Bir şey deyimmi?

– Ürəyinizə gəlibsə, deyin.

– Suallarda da var. O zaman niyə hakimiyyəti verdiniz?

(Gülür…) Ona qayıdarıq, bu mövzunu bitirək… O baxımdan, mənim üçün dediyim istiqamətlər üzrə Azərbaycanı idarə edəcək şəxsin kimliyi həlledici xarakter daşımır. Mən də ola bilərəm, inandığım başqa bir siyasətçi də ola bilər. Müsavatçı da ola bilər, tanıdığımız başqa bir siyasətçi də ola bilər, ağıllı, intellektual bir ziyalı da ola bilər. Önəmli olanı odur ki, bu işlər görülsün. O ki qaldı “hakimiyyəti niyə verdiniz” sualına, bu da maraqlı bir məsələdir.

Mən heç bir vaxt Heydər Əliyevi Bakıya, vəzifəyə dəvət etməmişəm

– Anonim bir sual gəlib. Sizi tanıyan adamdır, xahiş elədi ki, adını çəkməyim. “Başqan deyir, Heydər Əliyev qiyam yolu ilə hakimiyyətə gəlib. Amma tarixi fakt odur ki, bunlar Heydər Əliyevi yalvararaq Bakıya çağırdılar, sonra da aradan çıxdılar. Düzdür, İsa bəy Heydər Əliyevin gəlməsinə qarşı olub, üstəlik də qaçmayıb. Amma dəxli yoxdur. Komandanın məsuliyyəti şəxslərə də yüklənir. Bunlar Surəti razı salmaq üçün Bakıya gətirdilər, sonra da adını qiyamçı qoydular”. Bir başqa sual da var idi ki, İsa bəy zamanında Ali Məclisdəki kabinetini qorusaydı, o zaman hakimiyyət də Heydər Əliyevə verilməzdi.

– Biz heç bir zaman kabinet xəstəsi olmamışıq. Bunu özümüzün üstün cəhəti hesab edirəm, amma kimsə bunu səhv hesab edirsə, onun fikridir. Anonim dediyiniz şəxsin sualına gəlincə, bu barədə çoxlu yalanlar səslənib. Heydər Əliyevin yalanlarını demokratik düşərgənin də tanınmış şəxsləri təkrar ediblər. Mən heç bir vaxt Heydər Əliyevi Bakıya, vəzifəyə dəvət etməmişəm. Həmin o kritik, gərgin günlərdə mənim Heydər Əliyevlə bir dəfə telefon söhbətim olub. Deyəsən, qiyamın ilk günləri, ya da səhəri gün idi. Mən Heydər Əliyevə təklif etmişəm ki, “siz Naxçıvan Ali Məclisinin sədri olaraq, Azərbaycan dövlətinin prezidentini müdafiə edən, onu dəstəkləyən bir bəyanat versəniz, yaxşı olar”. Bunu istəmişəm mən ondan. Başqa şey də deməmişəm – ya “Bakıya gəl” deməmişəm, ya vəzifə təklif etməmişəm… Ona görə də bu ittihamların bilavasitə mənə aidiyyatı yoxdur. Ümumi məsuliyyətdən söhbət gedirsə, bir söz demirəm. Bir qədər əvvəl də dedim ki, mən Elçibəy komandasının üzvü olmuşam, o dövrün də bütün uğurlarına və uğursuzluqlarına şərikəm. Konkret qiyamla bağlı məsələlərdə isə, həmin mərhələdə mənim mövqeyim, mənim təkliflərim qiyamı yatırmaqla bağlı olub. Nəyin bahasına olursa-olsun qiyamı yatırmaq barəsində idi. Komanda daxilində başqa ideyalar da olub ki, hakimiyyəti siyasi müxalifətlə bölmək hesabına hərbi qüvvələri – qiyamçıları lokallaşdırmaq, təcrid etmək və bu şəkildə qiyamı yatırmaq olar. Bu ideya da olub. Təəssüf ki, mənim fikrim, bəzi silahdaşlarımızın bununla bağlı fikirləri qəbul olunmayıb, ikinci fikir qəbul olunub. Mənə elə gəlir ki, Elçibəy də ikinci fikri əsas götürməklə, birinci fikri də yoxladı, sınaqdan keçirdi ki, mümkün olarmı bu iki xətti birlikdə tətbiq eləmək. Həm siyasi müxalifəti hərbi müxalifətdən ayırmaq, həm də ki, hərbi müxalifəti – qiyamı yatırmaq… Buna cəhdlər edildi, amma çox təəssüf ki, o dövrdə bu alınmadı. Bu, bəzi suallarda səsləndiyi kimi 200-300 nəfərin dövlətə, Elçibəyə qarşı qiyamı deyildi. Bu, Azərbaycanın müstəqil inkişafından narahat olan və bunun qarşısını almaq üçün hər şeyə hazır olan Moskvanın siyasəti idi, Moskvanın yaratdığı bir situasiya idi, Moskvanın uydurduğu qiyam idi. Ona görə də bu məsələni xırdalamaq və xırda bir hadisə kimi qiymətləndirmək düzgün olmaz.

İndi olsaydı, istefa verərdimi?

10

– Bu hadisələrin üstündən çox zaman keçib, amma indi İsa bəy necə fikirləşir, indi istefa verərdimi? Həmişə “Hər şeyi doğru eləmişəm!” deyən İsa bəy o zaman etdiklərini bu gün də edərdimi?

(Gülür…) Bir sözümün üstündən yapışırsınız…

– Çox maraqlı iddiadır.

– Başqa sözlərimi də deyin: “Yanlışlarımız, səhvlərimiz də olub…”  Ancaq onlar haqqında qoy, başqaları danışsınlar.

– Baxın, həmin o qərarı yanlışlarınızdan saymaq olarmı?

– Biz hələ siyasi fəaliyyətimizi yekunlaşdırmamışıq ki, fəaliyyətimizlə bağlı yekun hesabat verək. Yekun hesabata hələ var, tələsməsinlər. Deməli, soruşursunuz ki, “indiki İsa Qəmbər istefa verərdimi?” Yəni çox çətin sualdır. Mən bu komandanın, Elçibəy komandasının üzvüyəm. Elçibəyə mən dəfələrlə demişəm ki, mənim üçün bu vəzifə önəmli deyil, sən nə vaxt istəsən, mən istefa verməyə, yerimi başqa siyasətçi üçün boşaltmağa hazıram. Bunu mən dəfələrlə demişəm. Bir mərhələdə də hakimiyyət komandası qərar qəbul eləyibsə ki, hakimiyyəti siyasi müxalifətlə bölək və siyasi müxalifətin də gözü parlament vəzifəsi kürsüsünə düşübsə – onu prezident kürsüsünə yiyələnmək üçün tramplin kimi görüblər – mənim istefa verməməyim, tamamilə fərqli bir situasiya yarada bilərdi ki, yəni hər şey həll olunur, hakimiyyət müxalifətlə bölünür, nəticədə qiyam yatışdırılır, amma bir nəfər vəzifəsindən möhkəm yapışıb deyə bu məsələ alınmır. Belə görünə bilərdi.

Qiyamdan əvvəl Elçibəylə dərin, açıq, səmimi söhbətlərimiz oldu

– Siz o vaxt prezidentə demişdinizmi ki, “əgər mən getsəm, hamımız gedəcəyik!” Səmimi bir cavab istəyirəm…

– Mənim Əbülfəz bəylə həmin günlərdə çox dərin, çox açıq, çox səmimi söhbətlərim olub. Sadəcə, həmin söhbətləri demək istəmirəm. Çünki mən bilirsinizmi, memuar janrını oxumağı xoşlayıram, amma bir tərəfdən də xoşlamadığım əsas bir cəhəti olur…

– Amma bu söhbətlər millətin taleyini həll edən söhbətlər olub.

– Memuar janrında hər zaman kimsə özünü qəhrəman elan edir, kənardakıların hamısı zəifdirlər, ancaq bu güclüdür. Xüsusilə də dünyasını dəyişmiş adamlarla bağlı belə söhbətlərdən də adam yorulur. İki gündən bir mətbuatdan oxuyuram ki, kimsə yazır, “mən Əbülfəz Elçibəyə belə dedim, filankəsə elə dedim…”

– Hə… Bir az da şitini çıxarırlar. Sanki hamısı Əbülfəz Elçibəyə ağıl veriblər…

– Ona görə də mən bu söhbətlərin açıqlanmasına tərəfdar deyiləm. Yox, əgər deyirsinizsə ki, bu, millətin taleyi ilə bağlı məsələdir, bu arqument də özü-özlüyündə doğru arqumentdir, ancaq sadəcə, bunu tətbiqini haqlı saymıram. Bu, bilirsinizmi nəyə oxşayır? Deyir ki, sən Elçibəylə olan söhbətlərin detallarını bizə açıqla ki, biz başa düşək ki, qiyam yatırılmalıdır. Aaa…, bu gülməlidir axı. Qiyam yatırılmalıdır da… İstənilən halda qiyam yatırılmalıdır. Guya ki, o dövrdə Elçibəyin komandasının səhvlərinin açılması yeni nəslə dərs olacaq ki, qiyamı yatırmaq lazımdır. Bilirsinizmi, doğrudan da çox maraqlı bir mənzərədir, istəyirəm ki, buna bir az diqqət yetirək.

– Buyurun…

– Xalqın hüququdur ki, öz prezidenti haqqında, öz siyasətçiləri haqqında, öz dövlət rəhbərləri haqqında həqiqətləri bilsinlər. Hətta krizis situasiyalarında da kim nə cür hərəkət eləyib, nə edib. Bütün bunları bilmək xalqın hüququdur. Junalistin də hüququdur ki, bu məsələni araşdırsın, təhlil etsin, öyrənsin və xalqa çatdırsın. Bunlara mən normal yanaşıram. Ancaq deyəndə ki, bu ondan ötrü lazımdır ki, gələcək nəsillər o səhvə yol verməsinlər, o bir az inandırıcı gəlmir…

– Yersiz olur…

– 1993-cü ilin qiyamına qədər də, iyun qiyamından sonra da politologiya fakultəsində təhsil alan istənilən gənc bilir ki, dövlətə qarşı qiyam baş verirsə, qiyam yatırılmalıdır.

8 fevral görüşündə hansı söhbətlər olmuşdu?

6

– Təbii ki…

– Yatırılmış qiyamlar və ya yatırılmamış qiyamların xüsusi bir fərqi olmamalıdır.

– Əslində, politologiya elminin əsas hissəsidir bu mövzu… İsa bəy, hər şey 8 fevral görüşündəmi oldu? O görüş haqqında heç bir məlumat yoxdur, qapalıdır. Siz həmin görüşdən nəsə bilirsinizmi? Deyilənlərə görə, hər şey həmin görüşdə həll olunub. Heydər Əliyevin hakimiyyətə gəlməsi məsələsi də…

– Yenə də özəl suallara keçirsiniz. Bu sual mənə aid deyil. Çünki bu söhbətdə iştirak etmiş şəxslərin hər ikisi dünyalarını dəyişiblər.

– O görüşün təfərrüatından nəsə bilirsinizmi? Heç nə deməyin. Amma bilirsinizmi, məlumatınız varmı?

– Heydər Əliyev mənə heç nə deməyib, amma Əbülfəz bəyin mənə dediklərini bilirəm.

– O zaman siz hətta səlahiyyət də istəmisiniz. Müdafiə naziri olmaq istəmisiniz.

– Bu, həmin o söhbətlə bağlı deyil.

Müdafiə naziri olmaq istəyirdim

– Təbii…

– Bu söhbət fevral ayında olub. Səlahiyyət istəməmişəm. Demişəm ki, parlament sədri vəzifəsindən istefa verim, məni müdafiə naziri təyin edin.

– Parlamentin sədri vəzifəsi, ölkənin ikinci səlahiyyətli şəxsi idi. Siz niyə ondan istefa verib, müdafiə naziri olmaq istəyirdiniz ki?..

– 1993-cü ilin aprelində Kəlbəcərin işğalından sonra Fizuliyə getdim.

– Bəli, getdiniz. Sizin o səfəriniz də Fizulini o zaman işğaldan saxladı.

– Bəli. O zaman ölkə şokda idi. Çünki biz hakimiyyətə gəldikdən və Elçibəy prezident seçildikdən sonra bizim məğlubiyyətlərimiz olmurdu. Demək olar ki, biz qələbə qazanırdıq, torpaqları işğaldan azad edirdik. İnsanlar elə bil ki, məğlubiyyətlərin köhnə dönəmdə qalması ilə razılaşırdılar. Kəlbəcərin işğalı Elçibəy hakimiyyətinin ilk və yeganə ciddi hərbi məğlubiyyəti oldu. Həmin günlərdə Fizuli də təhlükədə idi. Fizuli şəhəri 3 tərəfdən mühasirəyə alınmışdı. Əhali oranı tərk eləmişdi. Fizulinin rəhbərliyi bizə müraciət elədi və həmin günlərdə də mən Arif Hacılı ilə Fizuliyə getdik. Orada şəhərin təhlükəsizliyinə əsas problem yaradan bir yüksəklik var idi və onun azad edilməsini təmin etdik. Bizim qəhrəman əsgərlərimizin, Milli Qvardiya üzvlərimizin, digər qəhrəman şəxslərin hesabına bu yüksəklikliyi işğaldan azad elədik və Fizulini də təhlükədən azad elədik. Biz bir neçə gün orada olduq və həmin günlərdə Qarabağ bölgəsinin müxtəlif briqada komandirləri ilə, zabitləri ilə, yerli əhali ilə, rayonların rəhbər işçiləri ilə görüşlərimiz, söhbətlərimiz oldu. O zamana qədər mən bir az hərbi mövzulardan uzaqlaşmışdım. Çünki 1992-ci il 18 mayda biz hakimiyyətə gələndə iyunun 16-na qədər mən prezident səlahiyyətlərini icra eləmişdim. O dövrdə hərbi məsələlərə nəzarət eləyirdim. Əbülfəz bəy prezident seçilib, öz vəzifəsinin icrasına başlayandan sonra da bir müddət həmin məsələlərin müzakirəsində yaxından iştirak edirdim. Ondan sonra yavaş-yavaş qanunvericilik sahəsinə daxil olmağa başladım və bu məsələlərin də hər birinin öz rəhbərləri var idi, məşğul olurdular.

Məndə fikir yarandı ki, mən Müdafiə naziri olsam…

4

Məhz aprel günlərində, mən yenidən o şəraitdə elə bil ki, hərbçilərlə, yerli əhali ilə söhbətlərdən sonra ordunun vəziyyətini, müharibənin gedişini elə bil ki, yenidən bir daha nəzərdən keçirdim. Orada çox ciddi müzakirələrimiz, söhbətlərimiz oldu. Bir gün Əbülfəz bəy də ora gəldi. Orada oturub, söhbətlər elədik. Məndə belə bir fikir yarandı ki, mən müdafiə naziri olsam, ordunu toparlamaq mümkün olar. Ordunu toparlamaq mümkün olsa, müharibənin gedişini dəyişmək olar. Müharibənin gedişini dəyişmək olsa, Elçibəy hakimiyyətinə içəridən və kənardan təhlükələri aradan qaldırmaq olar. Qayıdandan sonra bununla bağlı Əbülfəz bəylə görüşdüm, təəssüf ki, Əbülfəz bəy razılaşmadı, dedi ki, “sən mənə parlament sədri kimi daha çox lazımsan, nəinki müdafiə naziri kimi…”

2003-cü ilin 15 oktyabrından sonra hara getdi?

– 2003-cü illə bağlı çoxlu suallar var. Bir sualla özətləməyə çalışacam. Ağa Abdullaoğlu deyir: ““Azadlıq” radiosunun “İşdən sonra” proqramının qonağı olan İsa Qəmbər jurnalist Xədicə İsmayılın, “İsa bəy, 16 oktyabr 2003-cü ildə harada idiniz?” sualına cavab olaraq, “partiyanın qərargahında”  olduğunu demişdi. 2003-cü ilin 16 oktyabr tarixində ANS-ə evindən açıqlama verən İsa Qəmbər isə, prosesləri evdə kofe içə-içə izlədiyini bildirmişdi. Hansı İsa Qəmbər daha səmimidir?” 2003-cü il hadisələrilə bağlı bir neçə sual var, amma əsasən budur ki, niyə İsa Qəmbər oktyabrın 15-də qərargahda oldu, ondan sonra evdən çıxmadı. Hətta bir sual da var ki, bununla bağlıdır: “15 oktyabrda Müsavatın qərargahına gələn ABŞ-nın Azərbaycandakı o zamankı səfiri Rino Harniş ona nə dedi ki, səhəri gün millət başsız qaldı və 5-10 gün də ortada görünmədi?”

– Bu sualların hamısı ya məlumatsızlıqdan irəli gəlir, ya da ki, hansısa bir şəkildə elə bil ki, bu mövzunu sistemləşdirib, mənə qarşı, Müsavata qarşı, müxalifətə qarşı istifadə etmək istəyən mərkəzlərin dezinformasiyası nəticəsində bu yalanların miqyası artıq genişlənir. Ona görə deyirəm ki, əgər sualları konkretləşdirsəniz, mən konkret faktlara münasibət bildirərdim. Oktyabrın 15-də Harniş Müsavatın qərargahına gəlməyib (ABŞ–ın Azərbaycandakı səfiri Rino Harniş vəzifə səlahiyyətlərinə 2003-ci il dekabrın 1-dən başlayıb, o müddətə qədər səfir səlahiyyətlərini Ross Uilson (2000-2003) həyata keçirib – Red.). ATƏT-in müşahidə missiyasının rəhbəri Piter Haker gəlib. Onda belə bir məlumat olub ki, hakimiyyət Müsavat qərargahına hücum eləyəcək və artıq müəyyən danışıqlar da olmuşdu. Hakimiyyət də artıq Müsavatın qarşısında yığışan dinc insanlara hücum eləmişdi, onlara xəsarət yetirmişdi, həbs eləmişdi. Onun da əsas məqsədi ondan ibarət olub bizə desin ki, əgər saat 3-ə qədər qərargah boşalmasa polislər ora hücum edib, dağıdacaqlar.

 

Dedim ki, qərargahı yalnız 3 şərtlə tərk edə bilərik

 8

– Əslində, o, hakimiyyətin sözçüsü olaraq, sizə xəbər çatdırıb…

– Bilmirəm… Hər halda onlar çalışırdılar ki, məsələ qansız-qadasız həll olunsun. Mən də dedim ki, saat 3-də biz qərargahı yalnız 3 şərtlə tərk edə bilərik. Birincisi, seçki qərargahı olduğu üçün ən azı 40-50 nəfər orada qalmalıdır ki, işi davam elətdirsinlər və onlara toxunmamalısınız. İkincisi, həmin gün həbs olunmuş bütün şəxslər – Müsavatın qarşısında və ətrafında həbs olunmuş bütün şəxslər azad edilməlidir. Üçüncüsü də, biz 40-50 adam qərargahda qalarkən və başqaları da buranı tərk edərkən, heç bir adama təzyiq olmamalıdır, onlar həbs olunmamalıdır. Bu barədə 1-2 saat danışıqlar getdi, Hakerin özü də danışıqlarda iştirak etdi. Hətta onun özünü də polislər vurmuşdular.

– O hadisə mənim də yadımdadır…

– ATƏT-in nümayəndələri də danışıqlarda iştirak eləmişdilər və ümumi olaraq hüquq-mühafizə orqanları ilə danışmışdılar. Nəhayətində bir-iki general Müsavatın qərargahına gəldi və mənim otağımda 30-40 nəfərin iştirakı ilə danışıqlar apardıq.

– Səhv etmirəmsə, o zaman Məhərrəm Əliyev də gəlmişdi…

– …Oruc Zalov idi və bir neçə general da var idi… Həmin adamların iştirakı ilə o şərtləri bir daha danışdıq. Təsdiq etdilər ki, bu şərtləri qəbul edirlər, onlar gedəndən sonra da, təxminən 4-ün yarısında mən və əksəriyyət qərargahı tərk etdik. Seçki ilə bağlı da 40-50 adam qərargahda qaldı. Özü də yalanlar o qədər çox olur ki… Biri deyir, filankəsin maşını ilə getdi, o biri deyir filankəsin maşınında gizlincə getdi. Bunlar boş söhbətlərdir.

– Çox normal olaraq, hamının gözünün qarşısında getmisiniz?..

– Jurnalistlərin gözünün qabağında öz maşınlarımızdan birinə əyləşib, evə getmişəm. Evdə də bir neçə saat yatdıqdan sonra oktyabrın 16-da, gündüz saatlarında qərargaha qayıtmışam və oarada olmuşam.

Hakimiyyət Azərbaycanı tərk etməyimi istəyirdi

– Deməli, oktyabrın 16-da siz qərargahda olmusunuz?

– Əlbəttə ki… Əlbəttə, mən qərargahda olmuşam. Çünki saat 2-yə mitinq təyin edilmişdi və ona görə də biz hazırlaşırdıq ki, mitinqdə iştirak edək. Bir məqamı da qeyd edim. Sualları verən şəxlərdən biri deyir ki, mən ANS-də demişəm ki, evdə oturmuşam, kofe  içirəm. Bilmirəm, yəni əgər elə bir şey varsa, bizə də görtərsinlər, görək ki, ANS-də nə vaxt kim oturub? Mənim belə bir söhbətim olmayıb. Sadəcə olaraq, hakimiyyət istəyirdi ki, mən oktyabrın 16-dan sonra Azərbaycanı tərk eləyib gedim. Mən isə faktiki olaraq, 2-3 həftə ev dustağı oldum. Bütün mühafizəçilər, evimdə olan şəxslər, sürücülər – onların həmin günlər maşınlarından istifadə edirdik – demək olar ki, hamını həbs elədilər. Bir neçə gün mənim evimə gələn istər silahdaşım olsun, istərsə də məni müdafiə edən başqa partiyanın nümayəndəsi olsun, polis təqibi ilə qarşılaşırdı, həbs olunurdu, izlənilirdi, təqib olunurdu. Və həmin günlər mən 2-3 həftə ev həbsində olmuşam. Hakimiyyət də istəyirdi ki, mən ölkəni tərk edib gedim. 3-4 gün ATƏT-in müşahidə missiyasının bir qrup üzvü mənim evimdə post qurdular. Jurnalistlər, müşahidəçilər də soruşanda ki, “burada niyə oturmusunuiz?”, deyirdilər ki, “biz ATƏT-in müşahidəçiləriyik, mandatımız var və İsa Qəmbərin necə həbs olunacağını müşahidə etmək istəyirik”. Onlar məndən soruşdular ki, “hansı ölkəyə gedəcəksiniz?” Dedim, “Mənim heç bir ölkəyə getmək fikrim yoxdur. Mən Azərbaycanda da qalacam”. Dedilər, “bu mümkün deyil”, soruşdum ki, “niyə?” Dedilər, “Müasir tarixdə elə bir hadisə yoxdur ki, bir adam, bir siyasətçi ölkədə prezident seçkilərində qalib gəlsin, sonra da hakimiyyətə gələ bilməsin və hakimiyyətə gələ bilmədiyi halda öz ölkəsində qalsın” .

 

Mənim lüğətimdə qaçmaq sözü yoxdur

 3

– Yəni getməlisiniz?..

– Bəli. Dedilər ki, “getməli olacaqsınız, seçim etməlisiniz”. Dedim, heç bir seçim etmirəm, heç bir yana da getmirəm. Həmin günlər hakimiyyət mənim ölkədən çıxmağım üçün müxtəlif cəhdlər edirdi və artıq mətbuatda xəbər də yaymışdılar ki, İsa Qəmbər hansısa başqa ölkəyə çıxıb gedib, qaçıb. Əlbəttə, mənim haqqımda nə uydururlarsa uydursunlar, mənim lüğətimdə qaçmaq sözü yoxdur. Və mənim bioqrafiyamda da qaçmaq faktı yoxdur. Həmin vaxtda da bunları yazırdılar. Jurnalistlərdən biri zəng eləyəndə, mən cavab verdim. Soruşdu ki, hansı ölkədəsiniz, haradasınız? Dedim, Bakıdayam. Haradasınız? Dedim, evimdəyəm. Nə edirsiniz? Yoruldum bu suallardan…

– Dediniz ki, kofe içirsiniz?

– Dedim, kofe yox, çay içirəm. İndi bunu qoşub, düzüb deyirlər ki, guya orada – meydanda mitinq gedirmiş, İsa Qəmbər də evində oturub çay içirmiş… Belə mənasız şayiələr, mənasız böhtanlar heç nəyi dəyişməyəcək. Amma onları deyən insanları qeyri-ciddi insan kimi göstərəcək. Bunu tirajlayan insanları qeyri-ciddi insan kimi göstərəcək.

Müsavat ideologiyası ilə bolşevik doktrinası arasında mübarizə davam edir

– Zülfüqar Savaş soruşur: “2003-ci il olsaydı, indiki təsəvvürü ilə nə edərdi?”

– Çox çətin sualdır. Çünki mahiyyət üzrə çətin ki, ciddi dəyişikliklər edərdim. Ancaq taktiki baxımdan bəzi addımları fərqli atmaq mümkün idi. Onu da bayaq dediyim səbəblərdən indi də deyə bilməyəcəyəm. Çünki Azərbaycanda hələ siyasi proseslər bitməyib. Azərbaycanda Müsavat ideologiyası ilə bolşevik doktrinası arasında mübarizə davam edir və mən əminəm ki, bzim ideoloğiya – müsavatçılarla, digər demokratik qüvvələrlə, demokratik düşüncəli gənclərlə birlikdə bizim ideologiya qalib gələcək. Ona görə də mən taktiki məsələləri açmaq istəmirəm.

– Amma deyirsiniz ki, fərqli addımlar atmaq olardı?

– Olardı.

– Mirzə Sakit sizi salamlayır və soruşur: “Məhəmməd Əmin Rəsulzadə qürbətə getdi və biz də onun taleyini qürbətdə yaşamalı olduq. İsa bəy o zaman müdrik siyasətçi olacaq ki, bütün müxalifəti gerçək bir ideologiya ətrafında birləşdirə biləcək. Əks təqdirdə yürütdüyü siyasətlə Rəsulzadənin də arzularını gerçəkləşdirə bilməyəcək. Zaman isə öz acı qəh-qəhəsini çəkə-çəkə gedir”.

– Şairə eşq olsun! Amma hesab edirəm ki, bu qədər də pessimist olmağa dəyməz. “Gerçək ideologiya” deyəndə, yeni bir ideologiyaya da ehtiyac yoxdur. Müsavatçılıq ideologiyası mövcuddur və Azərbaycanda azadlıq, demokratiya naminə mübarizə aparan qüvvələrin demək olar ki, hamısı bu və ya digər şəkildə müsavatçılıq ideologiyasını qəbul etdiklərini bildirirlər. Ona görə də yeni bir ideologiyaya ehtiyac yoxdur. Liderliyə gəlincə isə, mənim heç kimə məcburən liderlik, ağsaqqallıq eləmək kimi bir niyyətim yoxdur. Mən Müsavat partiyasının Məclis üzvüyəm. Milli Strateji Düşüncə Mərkəzinin rəhbəriyəm. Eyni zamanda VIII qurultayda Müsavat partiyası yekdilliklə məni 2018-ci il prezident seçkilərinə namizəd göstərib. Mən partiyamın, tərəfdarlarımın mənə göstərdiyi etimad çərçivəsində, özümün siyasi planların çərçivəsində fəaliyyətlə məşğulam.

Heç kimə ağsaqqallıq eləmək niyyətimiz yoxdur

2

– Bayaq dediniz ki, doktrinalar arasında missiyam bitməyib, davam eləyir…

– Təbii ki… Kim əgər müsavatçılıq, azadlıq, demokratiya, Azərbaycanın köklü maraqları – bu dəyərlər, bu prinsiplər, bu hədəflər çərçivəsində əməkdaşlığa hazırdırsa, məmnuniyyətlə əməkdaşlıq edəcəm və heç nədə də liderlik eləmək iddiasında olmadan… Hər kəsə də bərabər hüquqlu, funksional əməkdaşlıq təklif edirik biz. Heç kimə ağsaqqallıq eləmək niyyətimiz yoxdur. Kim də bizə ağsaqqallıq, böyüklük eləmək istəyirsə, vaxt itirməsin…

– O yaşda deyilik?..

– Bərabərhüquqlu, səmərəli əməkdaşlıq etməliyik. Kim səmimi şəkildə ölkədə vəziyyətin yaxşılaşmağını istəyirsə, hədəf bu olmalıdır. Başqa hədəf axtaranlar, deməli, nəsə başqa maraqların peşindədirlər.

Mən də başa düşürəm ki…

– İsa bəy, Müsavatla, qurultayla bağlı da xeyli suallar var. Deyirlər ki, qurultay antidemokratik keçirilib, İsa Qəmbər partiya lideri olaraq, gedənlərin heç biri ilə maraqlanmayıb, geri çağırmayıb. 2018-ci il prezident seçkilərinə iddiasını ortaya qoyub. Müsavat getdikcə balacalaşır, lakin iddialarından vaz keçmir. Yəni təxminən belə iddialar, ittihamlar, suallar var. Özünüz də yəqin həmin sualları oxumusunuz. Ümumi nə deyə bilərsiniz – Müsavatın balacalaşması, ondan qopmalar, getmələrlə bağlı?

– Əvvəlcə prezidentlik məsələsi ilə başlayaq ki, bu, mənim ideyam deyildi, qurultay nümayəndələrinin ideyası idi və qurultay nümayəndələri mənim namizədliyimlə bağlı yekdilliklə qərar qəbul etdilər. Yəni mən də etiraz eləmədim, çünki hesab etdim ki, başqanın dəyişməsi mərhələsində namizədlərdən kiminsə qalib gələcəyi, kiminsə uduzacağı şəraitdə, bəlkə də mənim prezidentliyə namizəd göstərilməyim qüvvələrin birliyini qorumaq üçün əlavə bir imkan ola bilər. Yoxsa, mən də başa düşürəm ki, 2018-ci ilə 4 il qalmışdan prezidentliyə namizədliyin irəli sürülməsinə tələsməyin heç bir mənası yoxdur. Bunu zaman göstərər ki, həmin mərhələdə vəziyyət necədir, şanslar necədir, başqa kimlər var və sairə. Bu, prezidentlik məsələsidir. Qaldı ki digər məsələlərə, çox təəccüb edirəm. Çünki o qədər qəribə şeylər yazırlar ki, bir-bir sadalasam, vaxt çox gedər. Amma yadıma düşənlərdən biri var. Cəbhəçi dostlardan biri yazır ki, mitinqə Arif Hacılı ilə bir yerdə gəlmişdiniz ki, qurultaydan sonra onun legitimliyini təsdiq edəsiniz.

– “Keçən il Arif Hacılı ilə Milli Şuranın mitinqinə birlikdə gəlmişdiniz. Məqsəd onun legitimliyi idi, yoxsa mitinqdə iştirak? Medvedyev Putinin etimadını necə doğrultdu, Arif Hacılı da sizin etimadınızı elə doğurdu?”, “Partiyanın bu günə gəlib çıxmasında özünü günahkar bilirmi?”

– Medvedyev-Putin söhbəti tam bitmiş söhbətdir, onu qoyaq bir kənara. Bizdə azad seçki keçirilibdir. Seçkidən neçə ay əvvəl namizədlər irəli sürülüb, namizədlərə imkan yaradılıb ki, istər partiya miqyasında, istər rayon təşkilatlarımızla, istər mediada özlərini təqdim və təbliğ eləsinlər. Öz komandalarını formalaşdıra bilsinlər. Seçki prosedurları incəliklərinə qədər razılaşdırılıbdır. Bütün namizədlərin maraqlarını təmsil edən, onların nümayəndələrindən ibarət seçki prosesi yaradılıbdır. Yəni bizim hakimiyyətdən tələb etdiyimiz bütün şərtləri özümüz eləmişik.

 

Azərbaycanda Arif Hacılıdan daha legitim partiya sədri yoxdur

 1

– Yəni şəffaf…

– 4 namizəd var idi. Hərəsi Müsavatın qurultayının seçki komissiyasına 3 şəxs təqdim etdi. Hətta onlardan ikisi, faktiki eyni komanda kimi hərəkət elədilər, bir nəfər altı şəxs verdi komissiyaya. Digər namizədlər üçünü, Arif Hacılı üçünü təqdim etdi. Qalan 3 nəfəri isə bu 4 nəfər arasında bir növ razılaşma ilə müəyyənləşdirdilər. Hamı razılaşdı ki, bu 3 adam da olsun. Həmin o razılaşdırmanın nəticəsində müəyyənləşmiş şəxslərdən biri Mirbaba Babayev seçki komissiyasının rəhbəri getdi. Seçki keçirildi, bütün kameralar birləşdi, jurnalistlərin iştirakı ilə, canlı yayında izlənilir bir şəkildə – səslər də sayılırdı və bəyan oldu ki, kim qalib gəldi. Bunun üzərindən qurultayın saxtalaşdırıldığını iddia eləmək, buna mən haqq qazandıra bilmirəm… Və üstəlik, kimsə də durub deyəndə ki, “mitinqə “siyasi məhbuslar”a görə gəlmişdiniz, yoxsa Arif Hacılıya legitimliyə görə?” ümumiyyətlə, bu artıq söhbətlərə bilmirəm, gülüm, yoxsa təəssüflənim? Çünki Azərbaycanda Arif Hacılıdan daha legitim partiya sədri yoxdur. Nə hakimiyyətdə, nə müxalifətdə…

– Amma…

– Üzr istəyirəm, legitim sədr yoxdur. Çünki heç bir partiyada belə bir azad, ədalətli, şəffaf seçki keçirilməyib. Prosedurlara belə tam əməl edilməklə, hakimiyyətdən tələb etdiklərimizin hamısını özümüz etməklə, belə bir seçkini heç bir partiya keçirməyib. Ona görə də heç bir partiya sədri Arif Hacılıdan daha artıq legitim ola bilməz.

– Amma partiya üzvlərinin əksəriyyəti çıxarıldı…

– Üzr istəyirəm, gəlin mövzunu mövzuya qarışdırmayaq. Aydın məsələdir ki, biz siyasi məhbusların müdafiəsi üçün mitinqə getmişik və orada heç bir iddia ortaya qoymadan, heç bir şey istəmədən siyasi məhbusların portretləri ilə mitinqdə iştirak eləmişik.

– Tribunaya da çıxmadınız…

– Yox, mən buna ehtiyac da görmədim. Elə bir iddiamız da yox idi. Bilirsinizmi, bizim iddiasızlığımız, belə məsələlərdə siyasi maraq yox, ümumi maraqlara xidmət etməyimiz, deyəsən, bəzi adamlar tərəfindən tam anlaşılmır. Odur ki, bu seçki, Müsavatın qurultayı məsələsi belədir və aydın məsələdir. O ki qaldı gedənlərə… Oxudum sualları, müxtəlif suallar var. O barədə çox fikirlər bildirmişəm, ona görə də yenidən əlavə nəsə deməyə ehtiyac duymuram.

– Hamı da sizi ittiham eləməyə başladı ki…

– Canları sağ olsun…

Gedənlərin eləsi var ki, qayıtmasını istəmirəm…

8

– …Arif Hacılını siz əslində müdafiə etmisiniz, siz əslində pərdəarxasında demisiniz ki, onu seçin. Məncə belə də ola bilər, demokratik şəkildə onu seçin demək olar…

– Elə şeylər olmayıbdır… O adamların özləri də bilirlər ki, biz burada qurultayın təşkilat komitəsini yaradıb, dəfələrlə bu mövzuları müzakirə eləmişik, detallarına qədər danışmışıq. Mübahisə də eləmişik, razılaşmışıq da…  Razılaşmışıq ki, hansısa ümumi qərarları qəbul edib, o qurultayı keçirmişik. Hesab edirəm ki, gedən şəxslərlə bağlı ümumi bir söz demək mümkün deyil. Belə bir sual da gördüm ki, soruşurlar, “gedənlərin qayıtmasını istəyirsiniz, yoxsa yox?” Onlar eyni adamlar deyillər. Eləsi var ki, qayıtmasını istəyirəm. Eləsi də var ki, marağım yoxdur ki, qayıtsın.

– Maraqlıdır.

– Bir qisim müəyyən səbəblərdən inciyib-küsüb, narazı qalıb, gedənlər var. Bütün siyasi körpüləri yandırıb, gedənlər var. Bir də var ki, nəinki siyasi körpüləri, mənəvi körpüləri, münasibətləri yandırıb gedənlər var.

– Ad çəkməzsiniz…

– Təbii ki, ad çəkmərəm. Bu da azalan sıra ilə gedir. Küsənlər, incəyənlər, sadəcə kənara çəkilmək üçün imkan gözləyənlər daha çoxdur. Siyasi körpüləri yandıranlar onlardan azdır. Siyasi körpülərlə yanaşı, mənəvi körpüləri – dostluq körpülərini yandıranların isə sayı daha azdır. Yəni azala-azala gedir. Yenə deyirəm, aralarında elələri var ki, qayıtmasını istəyirəm. Bəzən cəhd də eləyirlər ki, söhbətimiz olsun.

– Siz özünüz cəhd edirsinizmi?

Onlar uşaq deyillər axı…

– Yəni deyirsiniz ki, lazım olsa eləyəcəm?

– Siyasətə yetkin adamların fəaliyyət sahəsi kimi baxıram. Yəni onların arasından kim mənimlə söhbət eləyib, hamısı ilə görüşmüşəm, söhbət eləmişəm. Bəziləri ilə də özüm görüşməsəm də, müəyyən dostlar vasitəsilə fikirlərimi çatdırmışam. Ona görə də kim istəyibsə, partiyada qalıb, kim istəyirsə, Nizamnamə ona imkan verir ki, 6 ay müddətində yenidən partiyaya bərpa olunmaq haqqında müraciət edə bilər. Yəni prosedurlar var.

Kimisə dəstəkləsəm, iş səsverməyə belə gedib çatmazdı

– İsa bəy, sizdən bir sualıma çox səmimi cavab istəyirəm. Siz əvvəlcədən – demokratik ölkələrdə bu mümkündür –  namizədinizi irəli sürübsünüz tutaq ki, mənim namizədim Arif Hacılıdır. Siz əgər belə etsəydiniz, qarşı tərəf 200 səs ala bilərdimi?

– Bu barədə müxtəlif fikirlər ola bilər və hər halda nə qədər təvazökarlıq etsək də, yəqin razılaşarsınız ki, mən kiminsə namizəd olmasını…

– Mən də onu deyirəm…

– Kiminsə namizədliyini təqdir etsəm, bəlkə də iş səsverməyə belə gedib çatmazdı. Çünki bəzi alternativlər namizədliklərini də geri götürərdilər.

– Bəli, alternativlər də o qədər çox olmazdı.

– Gerçək seçki də olmazdı. O zaman insanlar partiyadan, məndən narazı qalsaydılar, mən onu başa düşərdim. Çünki mən onların seçmək hüququnu pozmuş olardım. Axı Nizamnamədə də yazmışıq ki, hər bir müsavatçının seçmə və seçilmək hüququ var. Burada isə başqan özünün, uzun illər ərzində rəhbərlik etdiyi bir təşkilatda olan nüfuzundan istifadə edərək, deyir ki, mən filankəsin başqan olmasını istəyirəm. Bu, düzgün olmazdı. Bilirsinizmi, siz o sualı düzgün qoymusunuz ki, əgər ölkədə demokratiya olsa…

– …Şükür ki, İsa bəy bir sualın da düzgün qoyulduğunu dedi… (Gülür…)

– Yox, sualların çoxu normaldır, problem yoxdur. Ölkədə demokratik mühit olsa, siyasi partiyalarda rəhbərliyin dəyişməsi Nizamnaməyə əsasən, demokratik şəkildə baş versə, o zaman…

Kim təminat verir ki?..

9

– Belə addımlar atmaq olar…

– O zaman partiyanın indiki sədri, qurultay nümayəndələrinə deyə bilər ki, mən səsimi filan namizədə verəcəm, hesab edirəm ki, ən yaxşı namizəd odur. Və o söz qurultay nümayəndələrinə həlledici dərəcədə təsir etməz. Sadəcə, bilərlər ki, bu adam bu fikirdədir və bizim üçün bunun fikri önəmlidirsə, bunu nəzərə alaq. Amma Azərbaycanda axı, elə deyil. Azərbaycanda təəssüf ki, ayrı-ayrı şəxslər kreslolarından yapışıblar, vəzifələrindən yapışıblar, əl çəkmirlər. Onların da ətrafında, onları qəbul edən dairələr yaranır. Belə – kiçik dairə, böyük dairə – genişlənə-genişlənə gedir. Bunlar da bir-birilərinə bağlıdırlar. Burada da birinci adam deyəndən sonra ki, mən filankəsin sədr olmasını istəyirəm, oradakıların yarısı bundan narazı olsa belə vəziyyəti dəyişmələri faktiki olaraq, mümkün olmur. Mən hesab edirəm ki, bu da demokratiyaya ziddir. Bilirsinizmi, mən hesab edirəm ki, Azərbaycanda demokratiya ənənəsini – necə ki, Məhəmməd Əmin Rəsulzadə zamanında yaradıb, formalaşdırıb və təqdim eləyib -, biz də yaşatmalıyıq. Biz bu gün bəhanə gətirməyə başlasaq ki, hakimiyyət demokratik deyil, şərait demokratik deyil, demokratik olmağa imkan yoxdur, ona görə bizə hələlik imkan verin, bu şəkildə məsələləri həll eləyək, o zaman bizim hakimiyyətlə nə fərqimiz olacaq? O zaman kim təminat verir ki, gizli səsvermə olmadan, bərabər imkanlar olmadan, alternativlik olmadan sədri müəyyənləşdirən qüvvələrdən hər hansı birinin əlinə hakimiyyət keçəndə o elə deməyəcək ki, ölkə çox ağır vəziyyətdədir, bu saat mənasız seçkilərə vaxt, enerji sərf etməyə ehtiyac yoxdur, elə biz özümüz yaxın 10 ili belə idarə eləyək, sonrasına da baxarıq. Bunun nümunəsini göstərmək lazımdır. Bizim əslində əsas hədəfimiz bunu müxalifətə göstərmək deyildi. Bizim əsas hədəfimiz bunu hakimiyyətə göstərmək idi. Axı hakimiyyət “2 dəfədən artıq prezident olmaq olmaz” iddiasını Konstitusiyadan çıxarmaqla, demokratiyaya, Azərbaycanın nüfuzuna dəhşətli bir zərbə vurdu. Biz o nümunəni Nizamnaməmizdə təsbit edib, sonra da bunu nümayiş etdirməklə, hakimiyyətə göstərdik ki, bu, beynəlxalq bir normadır, bunu etmək lazımdır. Cəmiyyət də, siyasi qüvvələr də məncə, bunu düşünməlidirlər. Düşünürlər də… Ancaq bunu Azərbaycanda nə qədər tez normaya çevirsək, bir o qədər Azərbaycanın xeyrinə olar.

Türkiyəli redaktordan sual var: “SOROS-la nə danışıldı?!”

– Cabbar Şıktaş Türkiyədən, İqdırdan bir sual ünvanlayıb: “İsa bəy, ABŞ-a gedib-qayıdanda İstanbulda, “Çinar Otel”də mənim də daxil olduğum bir toplantıda nə danışıldı? O toplantıda SOROS-un bir təmsilçisi var idi, ABŞ səyahətini də o təşkil eləmişdi. SOROS-un o təmsilçisinin tələblərinə biz iki türk vətəndaşı qarşı çıxarkən, o, niyə təpki vermədi və SOROS-un adamları nə istəyirdi?” Yadınızdadırmı, xatırladınızmı?

– Bizim İqdıra məhəbbətimiz, hörmətimiz sonsuzdur və bir neçə ildir ki, çətin dönəmlər yaşayır. İnanırıq ki, İqdırdakı camaatımız, insanlarımız toparlanaraq, Türkiyə ilə Azərbaycan arasında önəmli bir bölgə rolunu sona qədər yüksək bir səviyyədə davam etdirəcəklər. Suala gəlincə, sayın Cabbar Şıktaş əgər sualı daha ətraflı yazsaydı, daha yaxşı olardı. Çünki əvvəla, mənim Amerikaya səfərim, hansısa SOROS təşkilatının təmsilçisinin təşkilatçılığı ilə keçməyib. Heç bir zaman. Sözün açığı, bilinmir də ki, söhbət hansı ildən gedir.

– Mən təxmin etdim ki, söhbət 2003-cü ildən gedir…

– Hə… Təxmin etmək olar. Təxmini xatırlayıram, “Çinar Otel”də də qaldığım olub, amma bilmirəm ki, hansı ildən söhbət gedir. Söhbət hansı ildən gedir? SOROS-un təmsilçisi kim idi? Bir tərəfdən yazır ki, SOROS-un təmsilçisinin dediklərinə biz 2 türk vətəndaşı etiraz etdik, İsa Qəmbər etiraz etmədi. Digər tərəfdən də soruşur ki, SOROS-un təmsilçisi nə istəyirdi? Mənə elə gəlir ki, sayın Şıktaş özü yazsa ki, SOROS-un təmsilçisi nə istəyirdi, onlar nəyə etiraz edirdi, o zaman nəsə deyə bilərdim…

– Deyirsiniz ki, sual ətraflı olsaydı, ona cavab verə bilərdiniz?

– Bəli, sualı dəqiqləşdirsin, cavab verək, amma əmin olsun ki, mənim Amerikaya heç bir səfərim SOROS təşkilatının təmsilçisi tərəfindən təşkil olunmayıb. İkincisi də, bizi bilənlər bilir, tanıyanlar da tanıyır. Biz Azərbaycanın maraqlarını, Azərbaycan-Türkiyə maraqlarını hər şeydən üstün tutan, Azərbaycanın çağdaş dünyaya qoşulmasını istəyən bir qüvvəyik və heç bir kənar şəxs bizə nəyisə diqtə eləyə bilməz.

– İsa bəy, burada o tip bir sual da var. Yəqin siz onu oxudunuz: “İsa bəy, Amerikaya gedəndə mən də orada idim. İsa bəyə orada dedilər ki, bu iqtidardan sizə pay olmaz və onu da dedilər ki, siz ona görə də 15-16 oktyabrdan sonra əslində nələrin baş verəcəyini bilibsiniz.” Belə bir şey real idimi?

 

III hissənin sonu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button