Qızı Nemət Pənahlının həbsindən yazdı: “Daşı günahsız olan atsın!”

Ara-sıra içimdən keçən bütün yaşadıqlarımı yazmaq istəyinə nə vaxt məğlub olacağımı düşünürdüm. Bir gün uzun zamandır ara verdiyim qələm-kağız xəlvətinə yenidən başlayacağımdan əmin idim. Amma bir şeylərin məni təhrik etməsi lazım idi ki, o təhrikin bu şəkildə, heç gözləmədiyim tərəfdən gələcəyinə inanmırdım. Həyatımda bu dəqiqə hər şey o qədər yolundadır ki, hətta son zamanlar bir vaxtlar nələrinsə nəfəsimin hər an tükənəcəyini hiss etdirəcək qədər ağır gəlib-getdiyini unutdurmuşdu. Bu yazdıqlarım sıradan bir ailənin həyatı deyil.

Azərbaycan müstəqilliyinin səbəbkarının ailəsinin həyatıdır. Məni yazmağa vadar edən də unutduğumu sandığım, amma ağrısının məndə ilk günkü kimi durduğu ilə bu sətirləri yazmağa başladığım bu dəqiqələrdə tanış olduğum həbsxana ziyarəti günləri vadar etdi. Ədalətlə və vicdanla yazası olsam, “həbsxana ziyarəti günləri” ifadəmdəki ziyarəti sözünü çıxarmalıyam. Amma bunu təəssüf ki, bu yazım oxucululara təqdim olunduqda mənim millətim tərəfindən şişirtmə kimi dəyərləndirərlər. Gerçək isə budur ki, biz o həbsxananın ziyarətçisi yox, dustaqları idik. Azadlıq aşiqi Nemət Pənahlıdan başqa oranın 9 məhbusu daha var idi. Ən balacasının 6 yaşı olduğu 10 məhbus. Ailəmiz arasında Hz.Yusifin həbs olunduğu Zavira zindanı adını verdiyimiz Qobustan həbsxanasının 10 məhkumu. O anları yaşayarkən, məhkum olduğumuz zaman belə yazarkən ağrıtdığı qədər acı vermirmiş yaşananlar. Bəlkə məhs buna görə yaşamaqdan qorxmadığım şeyləri yazmaqdan qorxurdum. 10 məhkumdan bəhs etdim, 2-sinin yolu tamamlamağa belə gücü çatmayan 10 məhkum. Mən o məhkumluğu ata babam olan Əhəd babanın gözlərində gördüm son anlarında. Bİr il sonra hökm aldığı cəzadan əfv edilmədən rəhmətə gedən nənəmin son günlərinə qədər dediyi bayatılarda dinlədim. Hələ 1-ci sinif şagirdi olan qardaşım Oğuzxanın dərsdən evə ağlaya-ağlaya piyada qaçıb gəldiyi səbəbdə yaşadım. Həmin gün mövzu “Mənim atam” idi və müəllim Oğuzxana “Sən yazmasan da olar. “Atam məhbusdur” yazmayacaqsan ki” deyib qardaşıma verdiyi vicdan hökmündə iliklərimə qədər duydum. Halbuki idrak əhli bir pedaqoq üçün “Mənim Atam” məhs Oğuzxanın atası haqqınsa yazılacaq bir inşa olmalı idi. O partaların qarşısında vicdan libasını soyunub rahat dərs deyə bilirdisə, bunu onun atasına borclu idi. Amma bir məhkumun hüqüqlarını qorumağa hər vicdanım var deyib ortalıqda sinəsinə vuran cəsarət edə bilməz.

İçimizdə məhkum olmağın ciddiyətini təkcə Oğuzxan qəbul eləmək istəmirdi. Qobustan həbsxanasının hər dəfə qapısında dayanıb içəri keçməyi gözlədiyimizdə səbəbsizcə gülməyə başlayırdı. Ətrafa “mən məhkum deyiləm, baxın gülürəm, heç vecimə də deyil” düşüncəsini verməyə çalışırdı. Babam öldükdən sonra ilk dəfə türməyə gedəndə yenə eyni şeyi etmək istədiyi halda gözyaşlarını saxlaya bilməyən ən balacamızın özü ilə mücadiləsini görməmək üçün hamımız ağlamışdıq. O rahat ağlayıb içini boşalda bilsin deyə, ağlamamaq üçün dirənməsin deyə böyük qardaşım Orxana qədər ilk dəfə türmə qapısında ağlamışdıq. Ağlamaq zəiflik demək deyil. Bizim ürəyimiz yorulmuşdu və təri gözlərimizdən axırdı. Yükümüz ağır idi o gün. Daha sağlığında bəraət etmədən vəfat edən bir məhkumumuz var idi. Gerçəkçi olmaq lazımdırsa, o illərdə tək-tük vicdanlı insan gördüksə belə bir neçəsini türmədə gördük. Uşaqlara həbsxana ziyarətçisi olmağın ağırlığını zəiflətmək istəyən nəzarətçilər. Oğuzxanla zarafat edir, güldürməyə çalışır, bəzən də heç nə edə bilməyib Oğuzxanın içində verdiyi mücadiləyə kövrələrək baxırdılar. Bəlkə min dəfə getdim türməyə, amma minində də mənim ruhuma, psixologiyama elə zərbələr vurdu ki, o anları illər sonra belə xatırlasam sızıltılarını dərindən hiss edəcəm. Biz Nemət Pənahlının övladları idik, anamız isə Nemət Pənahlının xanımı idi. Nəzarətçilər durumun ağırlığından o qədər xəcalət çəkirdi ki, hər səfərində min dəfə köks ötürə-ötürə “Allah görür, Allah bilir” deyirdi. Amma “qanun” budur. O, əmr quluydu. Allaha qulluq edə bilməyənlərin əmr quluydu. Bizi yoxlamaqdan həya edəcək qədər vicdanlı, imtina edə bilməyəcək qədər əmr quluydu. O an o qədər mənim əyilməz, baş əyməz ruhum incinirdi ki, o durumun ağırlığını arsızlaşmamış düşmənimin övladlarına belə arzulamıram. Mənim başı kəlağayılı nənəm həbsxana ziyarətinə bir dəfə dözə bildi. İkinci ziyarətimizdə onun da ölüm xəbərini apardıq içəri. Həbsxana deyib keçməyin… Qobustan həbsxanası neçə ki orada duracaq, bu 10 məhkumun səsi də, ayaq izləri də ondan getməyəcək. Tarix oranı bizlə biləcək. Bu isə Azərbaycan xalqının ən böyük utancı olacaq. Cavidlərin xanımlarının yaşadıqlarını utanc dəftərindən silə bilmədikləri kimi bu da silinməyəcək. Amma o qədər şanlı təqvimlərimiz, gerçək mənada şərəfli günlərimiz olsun ki, bu olanlara dəydi deyə bilsinlər. Yoxsa bu və bunun kimi yükləri nə xalq olaraq qaldıra bilərik, nə də dövlət.

Biz hər şeyə baxmayaraq güclüydük. Atamın söhbətlərindən, anamın dirəncindən, əzmindən kim olduğumuzu bir an belə unutmurduq. Ziyarətlərimizdən birində atam Elxan Elatlının “Cəhənnəm məktubları” kitabından danışdı, danışdıqca da uşaq kimi hönkürtü ilə ağladı. Atamın – babam ölərkən belə elə ağladığını görməmişdim. O, bizə millət-vətən dərdinə ağlamağı bacarmağı qarşımızda göz yaşı tökərkən öyrətdi. Bizi tanıyanlar bilər, ona görədir bəzən üsyankar oluşumuz. O gün atam bir söz demişdi ki, hamımızın qulağında asılı qalmışdı. “Mən o kitabı oxuyanda dəhşətə gəldim ki, niyə mən burada rahat nəfəs alıram?” O günə qədər mən rahat nəfəs belə ala bilmədiyimi düşünürdüm. Sonra başa düşdüm ki, mənim bu yaşadıqlarım millət-vətən dərdi çəkənlərin ağrılarının yanında dəryada damla misalı qədər kiçikdir. Məhs o gündən sonra biz ailəlikcə o dəryaya baş vurduq və ağrılarımızı da, acılarımızı da keyləşdirdik, unutmadıq. Çünki ağrının elə bir məqamı vardır ki, bir yerdən sonra hiss etmirsən. Hissizləşirsən. Təpədən-dırnağa yanmış birini kibritlə qorxutmaq kimi gəlir insana digərləri. Amma necə demişlər: Sən yanmasan, mən yanmasam, necə çıxar qaranlıqlar aydınlığa? Düşmənin heç bir zərbəsinə dizi bükülməyən bizlər öz vətənimizin hansı ki bütün məhrumiyyətləri sırf bu vətəni sevməklə günahlandırıldığımız üçün yaşamışıq, nümayəndələrinin acı və qəddar yorumlarını oxuyarkən içdən-içə dağılmışıq. Ama qınamıram, bu qədər zülm qarşısında zalimləşməmək mümkün deyil. Biz xoş söz deməz olduq. Amma ümməti Muhamməd olduğumuzu unutduq. Hansı ki bizim peyğəmbərimiz ölmüş it cəsədində belə gözəllik görə biləcək ədəb sahibiydi. Və ən dəhşətlisi budur ki, tarix boyu sapı özümüzdən olan baltalarla vurulduq. Atama vaxtilə adı lazım olmayan şəxslərin “Səni “BİZ ÖLƏRİK NEMƏTİ TƏK QOYMARIQ” deyən xalqının diliylə vuracayıq” dediyi sözləri indi daha yaxşı anlayıram. İnsanın – düşməni deyil də sevdiyi dizini bükə bilərmiş. Biz bu mücadilədəki məhrumiyyətləri yaşayarkən “vətən sağ olsun” deməyi də bilmişik, amma xalqımdan, bu yazımı oxuyan hər kəsdən Nemət Pənahlının qızı kimi deyil, el qızı kimi istəyim budur ki, atamın həbs şəkillərinə baxıb “Paşinyanı həbs ediblər sandım” deyib məsxərəyə qoyacaq qədər paşinyanlaşmayın. Bu dünya adlı girdabda səhfsiz bir şəxs belə yoxdur. Ki Rəsulullahın tövbələrindən bunu anlaya bilərik. Və sizdən ricam…
Daş atarkən bunu GÜNAHSIZ olanınız atsın.
Sevgilərlə
Xatirə Pənahlı, Ankara
Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button