Qlobal bahalaşma nə vaxta kimi davam edəcək?

Qlobal bahalaşma nə vaxta kimi davam edəcək?

Dünya üzrə ərzaq məhsullarının qiyməti son 10 ilin maksimum səviyyəsinə çatıb. Lakin bahalaşma təkcə ərzaq məhsulları ilə məhdudlaşmır. Qeyri-ərzaq məhsulların qiymətlərində oxşar tendensiya müşahidə edilir.

Qlobal ərzaq və qeyri-ərzaq inflasiyasının yaranmasının bir sıra fundamental səbəbləri var. Prosesin kökündə bilavasitə koronavirus pandemiyası durur. Belə ki, ölkələrin pandemiyanın yayılmasının qarşısını almaq məqsədilə həyata keçirdikləri karantin tədbirləri və bununla bağlı qapanmalar qlobal miqyasda iqtisadi aktivliyin aşağı düşməsinə, dünya üzrə illərlə formalaşmış logistika zəncirinin sıradan çıxmasına gətirib çıxardı.

Ölkələrin sosial tədric siyasəti işçi qüvvəsinin çatışmazlığına gətirib çıxardı. Bu, dünya ticarətinin 90 %-ni əhatə edən dənizlə yükdaşımalarda özünü kəskin şəkildə göstərdi. Gömrük nəzarətinin sərtləşdirilməsi və işçi qüvvəsi defisiti dünyanın aparıcı limanlarında yubanmaların yaranmasına səbəb oldu. Adi qaydada 2 gəminin gözləməsi fövqəladə hal hesab edilən ən iri limanlarda onlarla gəmi tıxacda qaldı. Bu isə öz növbəsində daşınma tariflərində öz əksini tapmağa başladı.

Karantin qaydalarının yumşaldılması bu prosesi daha da sürətləndirdi. Belə ki, mövcud qlobal təklif tələbin xeyli altında idi. Dünya iqtisadiyyatı kəskin artan tələbi qarşılamaq gücündə deyildi. Dənizlə konteyner daşımalarının qiyməti 2019-cu illə müqayisədə 12 dəfədən çox bahalaşdı. Tariflərin artım tempi qlobal inflyasiya üçün əsas təhdidlərdən birinə çevrildi. BMT‐nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) proqnozlarına əsasən, konteyner daşımalarının tariflərinin indiki artımının dayanıqlı olacağı təqdirdə 2023-cü ilə kimi qlobal idxal qiymətləri 11 %, istehlak qiymətləri 1,5 % arta bilər.

Qlobal ərzaq inflyasiyasını tətikləyən digər amil enerji daşıyıcıları qiymətlərinin artmasıdır. Avropada təbii qazın ötən il ərzində 5-6 dəfə bahalaşması bir çox istehsal sahələrinin dayanmasına səbəb oldu. Ən böyük zərbəni mineral gübrə istehsal edən şirkətlər aldı. Onlar istehsalı dayandırmaq məcburiyyətində qaldılar. Bu isə qlobal bazarda hökm sürən təklif defisitinin daha da dərinləşməsinə gətirib çıxardı. Bahalaşma daha çox azot gübrələrində özünü göstərdi. Belə ki, həmin gübrələrin istehsalında təbii qaz maya dəyərinin 80 %-ni təşkil edir. Ən yüksək azot tərkibli gübrə olan karbomidin bir tonunun qiyməti ötən ilin noyabrında əvvəlki aya nisbətən 30 % artaraq 900 ABŞ dollarına çatdı. Azot və fosfor gübrələrinin qiymətləri 2020-ci ilə nisbətən 2 dəfə artıb, kalium xlorid isə 1,5 dəfə bahalaşıb. Bütün bunlar istehsalçılar tərəfindən nəticə etibarı ilə son istehsalçının üzərinə atılır. Azərbaycanın qlobal iqtisadiyata sıx şəkildə inteqrasiya olmasından dolayı bu prosesin bizdən yan keçəcəyini zənn etmək yalnış olardı. Artıq bəzi sahələrdə qiymət artımı özünü göstərməkdədir.

Görünən odur ki, bahalaşma prosesi ən azı ilin birinci yarısının sonuna kimi davam edəcək. Belə ki, dünyanın ən iri ixracatçılarından olan Çində yanvarın 31-dən fevralın 6-na kimi yeni ilin gəlişi ilə əlaqədar olaraq qeyri-iş günləridir. Bayramın çinlilər üçün böyük mənası var. Adətən ölkə üzrə bir çox ixrac yönlü istehsallar tamamilə dayanır. Təcrübə göstərir ki, iri müəssisələrdə dayanma hətta 4 həftəyə kimi çata bilir. Lakin bu müddətdən sonra belə kənd yerlərinə bayramlaşmağa gedənlərin 25 %-i iş yerinə qayıtmır və sahibkarlar onların yerinə yeni işçilər tapmaq məcburiyyətində qalırlar.

Digər tərəfdən Avropada qışın sərt keçməsi və yeraltı anbarlarda təbii qaz ehtiyatlarının normadan aşağı olması enerji daşıyıcılarının qiymətlərinə təzyiqlərin qalacağından xəbər verir. Koronavirusun yeni ştamı “Omikron”un sürətlə yayılması isə dünya üzrə yeni qapanmaların ola biləcəyi ehtimalını xeyli artırır. Belə ki, bu ilin ilk həftəsində Avropada 7 milyondan çox yeni yoluxma halı qeydə alınıb. İki həftə ərzində yoluxanların sayı 2 dəfədən çox artıb. Dünyanın ən iri iqtisadiyyatına malik olan ABŞ-da yanvarın 10-da 1,35 milyon yeni yoluxma halı qeydə alınıb. Bu, dünya üzrə ən böyük gündəlik göstəricidir.

Son günlər “Omikron”a görə minlərlə aviareyslər ləğv edilib. Təsadüfi deyil ki, Dünya Bankı qlobal ÜDM-in artım tempi üzrə proqnozunu pisləşdirib. Dünya iqtisadiyyatı bu il cəmi 4,1 % artacaq. Daha əvvəl bu göstəricinin 4,3 % olacağı gözlənilirdi.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button