Qlobal Maqnitski Sanksiyaları Koalisiyasından Azərbaycana qarşı sanksiya çağırışı

Yayımlandı: 26 Aprel 2024 20:38

Təşkilat Azərbaycandakı siyasi həbsləri pisləyir

Kanadada azərbaycanlı alim, iqtisadçı Qubad İbadoğlunun əsassız həbsinə görə məsuliyyət daşıyanlara qarşı sanksiyaların tətbiqinə çağırış edilib.

Qlobal Maqnitski Sanksiyaları Koalisiyasının həmsədri kimi Mərkəzimiz tanınmış azərbaycanlı iqtisadçı, professor və fəal doktor Qubad İbadoğlunun işi ilə bağlı Global Affairs Canada-ya (Kanada Qlobal İşlər) hərtərəfli sanksiya tövsiyəsi təqdim edib”, – RWCHR proqram koordinatoru Kimberli Lenz bildirib.

Qlobal Maqnitski Sanksiyaları Koalisiyası 375-dən çox QHT-ni özündə birləşdirib. Bu koalisiya dünyanın ən dəhşətli insan haqları pozuntuları və korrupsiya aktlarını törədənlərə qarşı məqsədyönlü sanksiyaların tətbiq edilməsini müdafiə edir.

Global Affairs Canada isə diplomatik əlaqələri idarə edir və konsulluq yardımı göstərir. Qurum beynəlxalq inkişaf, humanitar, sülh və təhlükəsizliyə yardım səylərinə rəhbərlik edir.

“Doktor İbadoğlu hökumətinin kəskin tənqidçisi olub, korrupsiya və kleptokratiyanı ən yüksək səviyyədə pisləyib, neft və qaz sektorunun şəffaflığını və demokratik idarə olunmasını müdafiə edib. Azərbaycan onu siyasi və vətəndaş fəallığına görə 2023-cü ilin iyul ayından saxta ittihamlarla həbs edib. O, saxta pul hazırlamaqda və dini ekstremizmdə – uydurma sübutlara əsaslanan tamamilə saxta ittihamlarda ittiham olunub”, – çağırışda qeyd olunub.

Bildirilir ki, səkkiz aydan çox həbsdə qalan iqtisadçı üçün ədalətli məhkəmə araşdırması aparılmayıb,  həbsxanada və məhkəmə sisteminin nümayəndələri tərəfindən pis rəftara, o cümlədən qeyri-insani həyat şəraitinə, dərman və tibbi müalicədən məhrum edilməsinə, psixoloji zorakılığa məruz qalıb. Nəticədə onun səhhəti təhlükəli dərəcədə pisləşib.

Doktor İbadoğlunun işi Azərbaycan hakimiyyəti tərəfindən ölkədə söz azadlığını boğmaq üçün hökumət tənqidçilərinə, fəallarına və müstəqil jurnalistlərə qarşı artan və genişmiqyaslı repressiyaların simvoludur. Siyasi təqiblər, əsassız həbslər, həbsxanalarda işgəncə və pis rəftar ardıcıl olaraq saxta ittihamlar və uydurma sübutlarla müşayiət olunan geniş vüsət alıb. Repressiyanın bu güclənməsi hökumətin korrupsiyası və cəzasızlığı fonunda baş verir”, – çağırışda deyilir, – “Biz Azərbaycanda insan haqlarına qarşı kəskin hücumun, o cümlədən azad sözə qarşı genişmiqyaslı repressiyaların və siyasi həbslərin artmasının şahidi oluruq. Bu, cəzasızlığın əsasını təşkil edir”.

Biz İbadoğlunun ailəsi ilə əməkdaşlıq edərək Kanadaya sanksiya tövsiyəmizi verdik. Oxşar tövsiyə bu ilin fevralında ABŞ Dövlət Departamentinə və ABŞ Maliyyə Nazirliyinə təqdim edilib.
Bir sıra beynəlxalq və qanunverici orqanlar və ekspertlər İbadoğlunun saxlanması ilə bağlı ciddi narahatlıqlarını dilə gətiriblər və hakimiyyət orqanlarından onun dərhal azad edilməsini tələb ediblər, o cümlədən BMT-nin İnsan Hüquqları Müdafiəçiləri üzrə Xüsusi Məruzəçisi, BMT-nin Özbaşına Həbslər üzrə İşçi Qrupu, Avropa Parlamenti, Məruzəçi Avropa Şurası Parlament Assambleyası, ABŞ Konqresinin və Senatının üzvləri.
Beynəlxalq təzyiqlərdən sonra İbadoğlunun ailəsi ona bir ay müddətinə ev dustaqlığına buraxıldığını bildirib. Bu, sevindirici haldır, lakin ədalət hələ də həyata keçirilməyib və onun səhiyyə xidmətinə çıxışı əsas narahatlıq olaraq qalır”, – çağırış müəllifləri vurğulayır.

Kimberli Lenz onu da qeyd edib ki, həbsdən çıxandan sonra İbadoğlu tibbi müayinədən keçib və onun təcili ürək əməliyyatına ehtiyacı olduğu müəyyən edilib. Ona lazım olan prosedur Azərbaycanda olmasa da, ölkədən çıxışına qadağa qoyulub:

“Biz doktor İbadoğlunun təcili və qeyd-şərtsiz azadlığa buraxılması və xaricdə təcili müalicə ala bilməsi üçün səyahət məhdudiyyətlərinin aradan qaldırılması ilə bağlı qlobal çağırışa qoşuluruq.
Biz Kanada hökumətini tövsiyələrimizi qəbul etməyə və təkcə doktor İbadoğlunun əsassız həbsinə və pis rəftara görə məsuliyyət daşıyanlara qarşı deyil, Azərbaycanda siyasi motivlərlə haqsız yerə həbs edilən bir çox digər şəxslərə qarşı sanksiyalar tətbiq etməyə çağırırıq”.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button