Qorxunun yaratdığı xalq

Zümrüd Yağmur

Azərbaycan xalqı üçün qorxu – inandığını söylədiyi Allahdan  böyükdür!..

Qorxudan çevrilmələr, insan ləyqətinin alcalması, dəyərlərin lağ hədəfinə çevrilməsi, hamının bir-birinin eyni olub qorxu, naqisliklərdə bərabərləşməsi, Allahın qorxunun kölgəsində qalıb insanların ürəyindən yoxa çıxması, bütün inancların tərs düşməsi, zaman-zaman hətta öldürülüb qətl edilməsi, qanına qəltan edilmiş bütün insani keyfiyyətlərin ortada qalmış cənazəsi…

Əslində, bütün bunlar Azərbaycan adlı bir məmləkətin məlum rəssam tərəfindən məharətlə çəkdiyi tablodur. Tablonun müəllifi təbii olaraq Azərbaycan xalqıdır və bu tabloda cəsarət və qəhramanlığa yer yoxdur. Başdan-başa qorxunun çızdığı lövhələr bu tabloda elə daşlaşıb ki, onu dəyişib yenidən işləmək haradasa mümkünsüz hala gəlir. Çünki bu tablonu çəkən “rəssamın” ruhunda cəsarət qeybə çəkilib, hər şey, bütün lövhələr qorxunun əsarətinə tabe edilib.

Ruhun iştirak etmədiyi hər şey getdikcə heçləşir, sonda mücərrəd və yararsız bir hala gəlir. Xalqda da belədir, o əzilə, ya da müəyyən zaman içində zəifləyə bilər, amma xalqın ruhu öldüsə, onun dirçəlməsi mümkün deyil. Tarixin bizə diktələri, savaşlar, Azərbaycan insanının tarixən tutduğu mövqe, ya da vətən anlayışını nəzərdən keçirmək istəyəndə  biz  ikiləşirik, bir tərəfdə bir əsrdə 5 dəfə inqilab edən bir xalq, digər tərəfdəsə bir əsrdə ancaq 1 dəfə xalq hərəkatı başlayan xalq görürük və bu mübarizə ruhunda “yadlaşan” bir xalqın ikiləşməsini ya tarixin bizə oyunu, ya da zərurət kimi qəbul etmək zorundayıq. Heyrət etməyə gəlincə, bu həmişə kamil olanlardan qaynaqlanmır, bizə gəlincə ilk olaraq heyrət ondan doğur ki, qorxunu özü üçün bu qədər ilahiləşdirmiş bir xalq necə olub ki, tarixin səhifələrindən bu günə gəlib çıxa bilib?! Dövlətçilik şüurundan kəm olan bir xalqın torpaqlarından asanlıqla vaz keçməsi, bunu həmişə qonşularının məkrinin ayağına yazması, daha nə bilim, hansı bəhanələrlə bu günə qədər yaşaya bilməsi ilahi möcüzədir məndən ötrü, çünki 5 yerə parçalana-parçalana “torpaqdan pay olmaz, torpaq namusdur” deyib əsərlər yazıb sinə döyən bir xalqın vətənə görə sinə döyməsi əslində, daha çox aldatmaq üçün adından sui-istifadə etdiyi Allah yolunda məhərrəmlik ayında zəncir döyməsi qədər saxta görünür.

Zəncir və sinə döyməkdə sevgi hissi yoxdur, bu yalnız zahiri bir aldatmaca, bəzən də cahilliyin diktəsidir.

Görünən o ki, bir fərd olaraq özündə olmayandan danışan insanların mövcudluq forması yalan danışmaq, saxta canfəşanlıq olduğu kimi, xalqlar da özündə olmayanı müəyyən edən kimi həmin olmayanlara əsərlər həsr edib poemalar yazırlar. Bəlkə də dünyanın heç bir xalqının ədəbiyyatında bu qədər vətənpərvər əhvali-ruhiyyə yoxdur, əcəba nədən, çünki xalq olaraq olmayanı saxta “varla” gizlətmək çəhdləri olub həmişə… İndi də şərin yanında olan xeyrin qələbəsindən yazır, İblisi sevənin yanında olan Peyğəmbərdən istifadə edib diktatoruna mədhiyyələr yazır. İndi də vətəni olmayan vətəndən danışıb böyük-böyük sözlər sərf edərək dünyanın ən böyük aktyorları ilə qiyaslana biləcək bir istedadla vətənpərvər rolunu oynayır.

İnsanlar olanı deyil, olmayanı mədh etməklə əslində, mahiyytlərindəki naqislikləri gizlətməyə çalışır, kimisi bunu şeirlə, kimisi sözlərlə, kimisə də başqa üsulla edir. Qorxunun hakimiyyətinə təslimçilk insanların ürəyindən səmimiyyəti çıxarıb və bu gün Azərbaycan xalqı yalanla yaşamağı rahatlıqla qəbul edir, saxtakarın səmimiyyətdən, əxlaqsızın əxlaqdan danışmasını, yalançının həqiqətdən bəhs etməsini rahatlıqla həzm edə bilir. Əgər xalq bir varlıq kimi düşünülsə, onda Azərbaycanda xalq elə bir immun sisteminə malikdir ki, hər şeyi özündə əridib onu qəbullan bilən “orqanizmə” sahibdir. Bu “əzm” təqdir olunası deyil, çünki normal cəmiyyətlərdə bu immunitetin möhkəmliyi yararlı deyil. Cünki cəmiyyət yalan və saxtakarlığa qarşı duyarlı olarsa, daha sağlam olar. Mauqliyə çevrilən birinin sonradan insana dönüşə bilməsi nə qədər çətindirsə, bu gün Azərbaycan xalqının da bu “möhkəm” immun sistemindən qurtulub mədəni dünyanın bir parçasına çevrilə bilməsi o qədər çətindir.

Nədən? Çünki xalqın zehniyyətində hələ də dəyişiklik getməmiş, tarixi cahilliyimiz hələ də bəla olaraq ortalarda dolaşır. Qorxu hələ də bizim cahilliyimizin əsas səbəbi olaraq qalır, məhəlləçilik şüuru dəyərlər və azad insan düşüncəsindən üstündür.

Yeni nəsil ürəyinin təpərini xalq olaraq dünyəviliyin parametrlərinə satmışların övladlarıdır və bundan sonra da övladlarımıza başqa miras qoymaq niyyətində deyilik. “Az aşımızın” olması bizə kifayət edir, təki “ağrımaz başımız olsun”. “Az aş” və “ağrımaz baş” psixologiyası min illərdir bu xalqın vətən, din, torpağa münasibətini formalaşdırıb və bu zehniyyət əslində, kimsəni özlüyündə təhqir edib əzmir, çünki kimsə bu zehniyyətdəki cahillik və cəsarətsizliyi özününkü saymır. Hamı özünü son dərəcə mədəni və inkişaf etmiş hesab edir.

Hamı çuxadan kostyuma keçidi inkişaf hesab edərək bununla razılaşır.

Və hamı da “az aşının” olması, “ağrımaz başının” salamat qalması üçün “zəmanə”dən kənara ayaq qoymaq istəmir və bu yanaşmada atalar və oğullar o qədər bir-birinə bənzəyir ki, dünən araba sürənlə bu gün son model maşın sürənin düşüncəsində dəyişiklik görmürük. Zaman texnologiyalar, azad insan düşüncəsinin tüğyanı ilə diqqəti çəlb edir, mənim gəncimsə  babasından o qədər də fərqlənmir.

Biz tariximizə ancaq bu kimi “sədaqətimizlə” öndəyik.

Hamı atdığı daşın mahiyyətdə ozünə qayıtdığını da qəbullanmaq istəmir, kimsə bu gün başımıza yağan daşların illər öncə atalarımızın göyə atdığı daşlar olduğunun da fərqində deyil, sabah da övladlarımız indi bizim göyə atdığımız daşların daş yağmuruna düşəcəklər.

Beləcə, nəsillər daş yağışından başqa miras buraxmır bir-birinə… O daşlar yağır, yağır, bir millətin içində dağlar yaradır, yükə çevrilir və o yük millətin ürəyindəki bütün dəyərləri ağırlığı altında əzib məhv edir. Məhv edilmişlərin yerindəki boşluğusa QORXU doldurur.

Qorxusa hər zaman naqislik, köləlik, qeyri-insanilik yaradır.

“Mənim qorxum mənim qoruyucumdur!” Bu zehniyyətdəki cəsarətsizlik əslində, xalqın ürəyində həmişə ən yüksək və əlçatmaz yerdə qorunub və bu keşikçəkmənin nəticəsində bu gün 40 milyonluq xalq 9 milyonla, diktator və saxtakarlarla təmsil olunur. Xalqsa bundan rahatsız deyil, əksinə, o qorxusunu bəsləyib onu içinə, ürəyinə əkdiyi köləlik toxumları ilə zənginləşdirir. Çünki məhz qorxusu onu  qəhramanlığın məhrumiyyətlərindən qoruyur. Qoruyursa demək ki, bu xalq içindəkini bəsləməlidir – qoynunda ilan bəslədiyi kimi, evinin içininə soxulmuş saxtakar məmuru, diktatoru, səs oğrusu deputatı bəslədiyi kimi bəsləməlidir. İnsan bəslənməsə öldüyü kimi, xalq da ruhunu bəsləməlidir və bu gün Azərbaycan adlanan bir məmləkətin xalqı adlandırdığımız toplu ürəyindəki QORXUnu bəsləyir – hər gün, olanlara susmaqla, susmayanı lağa qoymaqla, qəhrəmanlığı bu ölkədən sürgün etməklə, dəyərələri ayaq altına atmaqla…

Hər şeydən vaz keçir, torpaqdan, vətəndən, azadlıqdan, insanca yaşamaqdan, dəyərlərdən, hətta Allahdan, amma qorxusundan əsla vaz keçməz bu xalq, çünki başının ağrımamasının tək səbəbi məhz bu qorxudur.

Çahilinin savadlı ilə, savadlısının alimi ilə, yazarının ədəbiyyatçı ilə qorxuda bərabərləşib eyniləşən millətsə zahirdə öz halından məmnun görünür, hər gün ötdüyümüz küçələrdən, bahalı restoranların şüşə vitrinlərindən, bahalı alış-veriş mərkəzlərinin tıxanan dəhlizlərindən, Bakının küçələrində azğınlaşan bahalı maşınların gurultusundan xalqın öz QORXUSU ilə necə bütünləşib bir olduğunun, rahatlıq tapdığının şahidi oluruq. Məhz bu rahatlıq Azərbaycanda saxtakarlıqla tüğyan edənlərin əlini, yalana alışmış dilini, soymağa alışmış zehniyyəti möhkəmləndirir. Məhz qorxunun böyüklüyü məmurun azğınlığına can verib onu qıdalandırır.

Beləcə, QORXUNUN krallığında cəsarət dara çəkilib…

Cəsarətin əsaləti qorxunun cahilliyində aşağılanıb…

Azadlığın nəcibliyi qorxunun yaratdığı köləlik nanəcibliyində xırdalanıb.

Azərbaycan xalqı üçün qorxu hətta inandığını söylədiyi Allahdan belə böyükdür. Əks halda Allahın haqqı qorxunun nahaq gölgəsində öləziməzdi.

Xural” qəzeti,

İl: 9, sayı: 031 (439),14-20 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

1 şərh

  1. Salam.Qeyidlərinizlə qismən razıyam.bunuda sizi qırmamaq üçün bildirirəm.söz
    yox ki dediyləriniz həqiqətdir amma mən bu həqiqətlə barışa bilmərəm.Əslində biz
    qorxaq deyilik sadəçə kompassız-kordinatsız-kapitansız gəmi sakinləri olaraq ayi-ilan tək yuxuya getmişik.içimizdə yatmayıb növbə çəkənlərdə coxdur zərurət yaransa ?.. səs küy onlarıda ayıldacaq.bunları ayildmazdan öncə kompas-kapitan məsələsin həll etmək gərəkdir.qalan iş kolay………

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button