“Quba işi” məhkəməsində Rauf Həbibova qarşı sərt ittihamlar səsləndi

09.01.2013

Məhkəmədə Kəmaləddin Heydərovun, Ziya Məmmədovun, Mübariz Qurbanlının və digər vəzifəlilərin adları hallandırılıb

Xaçmaz Rayon Məhkəməsində hakim Anar İbrahimovun sədrliyi ilə 1 mart Quba hadisələrinə görə tutulanların işi üzrə məhkəmə prosesi davam edir. Əvvəlki proseslərdə Quba bələdiyyəsinin sədri Elxan Əliyev, “Xəyal” TV-nin icraçı direktoru Vüqar Qonaqov və baş redaktoru Zaur Quliyev sərbəst ifadə verdi.
Dünənki proses Əmlak Məsələləri Dövlət Komitəsinin yerli şöbəsinin əməkdaşı Zakir Məmmədov, yanacaqdoldurma məntəqəsinin sahibi Gülağa Ağayev və onun nəvəsi Muxtar Ələkbərovun ifadələrinin dinlənilməsi ilə davam etdirildi.
Bunlardan əvvəl V.Qonaqov “Xəzər” TV-nin təsisçisi Hüseyn Dinləməzəmüraciət ünvanladı:
– 2011-ci ildə “Xəzər” TV-nin bölgə müxbiri Emin Kərimov icra hakimiyyətinin işçiləri Emin Babaşov və Tariyel İbrahimovla əlbir olub qeyri-qanuni olaraq, məhkəmə qərarıolmadan “Xəyal” TV-nin kompyuterlərinə daxil olub orada qanunsuz axtarışaparıb. Kompyuterlərdən silinmiş faylları bərpa edərək diskə yazıb və Rauf Həbibova 600 manata satıb. Üstəlik 100 manat da yolpulu alıb. Xahiş edirəm ki, Emin Kərimovun qanunsuz əməlləri ilə bağlı tədbir görülsün!
Sonradan tərəflər təqsirləndirilən Zaur Quliyevə suallar verdilər. Z.Quliyev bildirdi ki, Rauf Həbibovun Qubada yerləşən sarayları, villaları, imarətləri haqda məlumatı olmayıb. O, məlum müşavirəni efirə vermək səlahiyyətinə malik olduqlarını, lakin icra hakimiyyətindən verilən tapşırıq əsasında bunu etmədiklərini söylədi. V.Qonaqov isə bildirdi ki, icra hakimiyyətindən verilən qanunsuz göstərişləri yerinə yetirmədikləri halda RİH-dən televiziyanın təsisçi Yusif Qədimbəyliyə zənglər olub: “Zəng edib deyirdilər ki, sizin işçiləriniz Qubada bizə işləməyə imkan vermir. Ona görə də “Din və dövlət” mövzusunda keçirilən müşavirəni efirə verməməklə bağlı göstərişi sorğu-sualsız yerinə yetirdik. Yoxsa Qədimbəylini narahat edəcəkdilər və biz yenə də müşavirəni efirə verə bilməyəcəkdik. Rauf Həbibov bütün müşavirələrdə çıxışlarını kağızdan oxuyurdu, o müşavirədə də əvvəldən belə olub. Quba yağlı tikədir məsələsinə gələndə isə o videodan da görünürdü ki, kağızı kənara tullayır. Demək istəyirəm ki, bizə birbaşa təzyiq etdilər və müşavirəni efirə vermədik. O çıxışda qubalıların ünvanına təhqir olub”.
Z.Quliyev isə bildirdi ki, həbsindən 3 gün sonra onu məhkəməyə aparıblar. Bundan əvvəl vəkilin iştirakı olmadan ondan ifadə alınıb. Onunla bağlı ifadə verən şəxslərlə üzləşmə tələb etsə də istintaqçılar tələbini yerinə yetirməyib. Ona təzyiq göstərilib. Bununla bağlı baş prokuror, daxili işlər naziri, ombudsman və çoxsaylı dövlət qurumlarına müraciət edib. Amma nəticəsi olmayıb. Bundan sonra Zakir Məmmədov sərbəst ifadə verdi:
– Rauf Həbibovun çıxışı cənab prezidentin sərəncamlarına ziddir. Onun belə çıxış etdiyini bilmirdim. Mən orada iştirak etsəydim etiraz edərdim. Rauf Həbibov vicdan əzabı çəkməlidir həmin çıxışına görə. Qubanı qara günə qoyub, qubalıları təhqir edib. Mən çox götür-qoydan sonra prezidentə müracət etmək qərarına gəldim. Evimin yanına gedib 3 disk yazdırıb 3 manat vermişəm. Heç kimə heç bir göstəriş verməmişəm. Sadəcə prezidentə çatdırmaq istəmişəm onun qanunsuz hərəkətlərini. Mənə ət bazarı kimi yer verilmişdi. Mən dövlət qulluğundan ayrılandan sonra da dövlət işlərində fəal iştirak etmişəm. İlham Əliyev vitse-prezident olanda şimal bölgəsinə gələndə Qırmızı qəsəbənin dairəsində qurbanlar kəsmişəm. Elxan Əliyevlə həmyaşam. Mən şəkillər çəkdim, amma prezidentə göndərə bilmədim. Hazırlanan disklər də xoşuma gəlmədi. Ona görə də prezidentə Qarabağ əlili Rövşən Əliyevin adından müraciət yazmışam. Öz adımdan göndərdiyim məktubları qaytarıb Həbibova verirdilər. Bütün qubalılar bilir ki, rayonda tikinti aparan Elcanlar, İslamlar, İlhamlar kimindir. Park vardı, Bestujev-Marlinski parkı, Zorge parkı. İcra başçıları kresloya oturandan sonra elə bilirlər ki, Allahın bacısı oğludurlar. Bizim küçədə onun köməkçisi Babaşov Emil Adil oğlunun adına 3-4 yer tikdi. 223-cü kvartalda, Almas qazmalarında, Maksim Qorki küçəsində, Heydər Əliyev prospektində yerlər tutub tikdilər. Ayı 2 min manata notariusa kirayə veriblər. Haradandır bunlar üçün bu qədər pul? Mən də həmin maaşı alıram – 180 manat. Bu, vəzifə səlahiyyətlərindən sui-istifadə deyil? Mən Qarabağ əlilinin adından müraciət etmişəm prezidentə. 2008-də prezident seçkisi öncəsi mənə hasar tikdirdi. Dedim ki, oğlum əsgərdir, qızım da institutda oxuyur. Xeyri olmadı. Çətin vəziyyətdə idim. Tikdirdilər. Dedim cənab prezident gələcək, ona canım qurban, olmayan yerdən. Seçki qurtarandan sonra dedi ki, sök. Dedim ki, bu nə kişilikdən, nə də qeyrətdəndir. Gördüm ki biri gedir o biri gəlir götürüb Raufa məktub yazdım ki, mən bu qədər xərc çəkmişəm, mənə yaz ayına kimi vaxt ver sökərəm. Məktubdan sonra üstümə traktor göndərdi ki, sökürük. Özünə yazdım ki, məni qəbul elə. Eləmədi. Prezidentə yazdım ki, 6 min 500 manata mənə hasar tikdirib, indi də sökdürür, qəbul aktına möhür vurmur. Nəsə baxmadılar. Amma mənim onunla düşmənçiliyim yoxdur. Mən Kəmaləddin Heydərova yazdım, 1 qəpik də almayıb “peçat”ı vurdular. Kişi düz danışsın gərək. Mənə qarşı işdə 5 min 400 manatlıq iddia qaldırıb. Onun 4 metrlik hasarından 1-2 kubik sökülüb, mənə qarşı bir belə iddia qaldırılıb. Mənim 72 metrlik hasarımı söküb yerə qoyub. Belə çıxır ki, mənə 45-50 min manat zərərin vurub? Ödəsin, 5 min 400 manatını verim. Ziyan mənə dəyib, 13 dişimi itirmişəm. 14-nü də bunun iskini eşidib itirdim. Mənə mənəvi ziyan dəyib. 25-də oğlumu tutublar ki, guya qaçmışam. Qubalılar qaçan deyil. Rövşən Məhərrəmova da zorla ifadə yazdırıblar. O da qaçıb gedib. İndi də axtarışdadır. Rauf Həbibovla düşmənçiliyim yoxdur. Yaxşı münasibətim olub. O gələndə mən onunla görüşmüşdüm. Ona çörək verən adamın çörəyini itirmişdi, gedib görüşüb söhbət etmişdim. Sonra nə oldu bilmirəm, onun haqda pis söz deməmişəm. Quba haqda dediklərinə görə təəssüflənmişəm. Bu adam insanları təhqir edib. Camaat binanın damının üstünün vurulması üçün icra hakimiyyətinə gedib. Həbibov da deyib ki, bəlkə başqa şeyləri də qubalıların əvəzindən mən düzəltməliyəm. Yəni bu adam tutduğu vəzifəyə uyğun danışa bilmirdi. Burada çox fikirlər deyildi. Mən belə başa düşdüm ki, videonun YouTube-də yayılması qadağan deyilmiş. O video yayılandan sonra altından şərh yazmışdılar ki, qubalılar kişi deyilsə gəlib əvəzlərindən Həbibovun dərsini verək… Adama deyərlər ki, dindən, imandan danışa bilmirsənsə, akademik Vasim Məmmədəliyev var, Hacı Sabir var, çağır gəlib danışsınlar, sən də otur qulaq as də… Dövlət islamçıları tutubsa, özü bilər. Siyasətdən danışa bilmirsənsə, Mübariz Qurbanlını çağır. Yoxsa ki, dinlə bağlı iclas çağırıb camaatı təhqir edirsən. Danışa bilmirsənsə danışma də… Onunla düşmənçiliyim olmayıb. Düşmənimiz ermənidir. Yoxsa ki, Quba yağlı tikədir, yarısı mənim yarısı sizin. Qubalılar yaxşı tikəni dost qabağına qoyublar həmişə. Qubada kim nə tikirsə hamısı bilir. Böyük bir maşın gəlir yükü boşaldır. Camaat bilmir ki, bunu Zakir edə bilməz? Yaşıl zona vardı, orada mən nəsə tikə bilərdim? Mən iş yeri açmaq istədim, qoymadı. 2 dəfə evimi “obısk” ediblər. Bu mənim üçün mənəvi-psixi təsir olub. Mən burada mənimlə oturan adamları tanımıram”.
Z.Məmmədov sərbəst ifadəsini yekunlaşdırandan sonra dövlət ittihamçısının suallarına cavab verdi. Bildirdi ki, çalışdığı şöbədə vətəndaşların şəxsi əmlakları haqda məlumat olmayıb. Yalnız dövlət əmlakları haqda məlumat olub. Buna görə də onda R.Həbibovun əmlakları haqda rəsmi məlumat olmayıb: “Mən diski Elman Ağayevdən almaqda məqsədim prezidentə göndərmək idi. İstəyirdim ki, Həbibovun təhqirlərini prezident bilsin. Mənim Rauf Həbibovla ədavətim olmayıb. Rövşən Məhərrəmova yazdırıblar ki, guya Həbibovu söymüşəm. Söyən, təhqir edən o olub. Biz söyüş söyən adamlar deyilik. Biz qubalılar deyirik ki, Allah Həbibovun atasının yanında yatanlara rəhmət eləsin. Bu adam Qubanın girəcəyindəki torpaqları da zəbt edib. O, cənab prezidentin siyasətinə zidd hərəkətlər edib, mən də bunu prezidentə yazmışam. Prezidenti seçmişəmsə, ona da müraciət edərəm ki, bu düzgün adam deyil”.
Təqsirləndirilən ibtidai istintaqa verdiyi ifadələrdən imtina etdiyini söylədi.
Gülağa Ağayev də sərbəst ifadəsində Quba hadisələrinin əsas günahkarının R.Həbibovun olduğunu məhkəmənin diqqətinə çatdırdı: “Bu gün 204 gündür ki, müstəntiqin ehtimal və fərziyyələri əsasında buradayam. Müstəntiq nəvəm Muxtara təzyiq göstərib və ifadələri alıb. Bu gün burada biz yox, məhz Həbibov oturmalı idi! Çünki 150 minlik Quba əhalisini təhqir etməklə o, qubalıları bu hərəkətlərə təhrik edib. Qubalıların Qarabağda verdiyi 200 şəhidin ailələrini də təhqir edib. O, qubalılardan üzr də istəmədi. İstəsəydi bu hadisələr olmazdı. O, bu hadisələrin qarşısını almaq istəmirdi. Bunun üçün heç bir tədbir görmədi. Hadisələrin videosundan görünür ki, inzibati orqanlar da müşahidəçi mövqeyi tutublar. Həbibovun səriştəsiz rəhbərliyi, özünə, sözünə nəzarət edə bilməməsi bu hadisələrin baş verməsinə gətirib çıxarıb. İttihamda yazırlar ki, guya Həbibovun çıxışı montaj olunub. Montaj olunub, olunmayıb – bunun heç dəxli yoxdur. Çünki Həbibov o sözləri deyib. Gərək o çıxışı edəndə müşavirədəki dırnaqarası kişilər susmayaydı. Etiraz edəydilər. Bunun əvəzində gedib deputata, yuxarılara şikayət ediblər. Həbibovu da ətrafı yatırıb ki, dediyinə görə heç nə olmayacaq. Qonaqov onun yanına gedib xalqa müraciət etməsini çəkib efirə vermək istəyib. Amma qoymayıblar. Həbibov bu gün də qubalılardan üzr istəməyib. Deyib ki, mən üzr istəyə bilərəm. Mən həmin müşavirədə olsaydım, Həbibova ayaqqabı atardım”.
Dövlət ittihamçısının bu addımın mentalitetimizə uyğun olmadığını söyləməsi G.Ağayevin etirazına səbəb oldu: “Sizi təhqir etsəydi nə edərdiz? Yaxşı ayaqqabı atmazdım, ən azı tüpürüb çıxardım. Qubada torpağı satan kimdir? Rauf Həbibov deyil? Qubanı satan odur. Torpağı satan özüdür. Bundan 10 il sonra da onun-bunun adına rəsmiləşdirdiyi torpaqları satsa qurtarmaz. Vaxt gələcək bu “obezyannik”də Rauf Həbibovun özü də oturacaq. Rauf Həbibov həmin vəzifədə təsadüfi adam idi. Qubada 3 dinin nümayəndələri yaşayır. Burada düşünülmüş şəkildə danışmaq lazımdır. Həbibovun isə belə danışmaq, ümumiyyətlə danışmaq qabiliyyəti yox idi”.
G.Ağayev bildirdi ki, iş materiallarında hazırda həbsdə olan nəvəsi ilə üzləşmə haqda protokol olsa da faktiki olaraq üzləşmə olmayıb: “Vəkil Şöhrət Allahmanov var. Bu şəxs “dejurnı” vəkildir. Ondan birdəfəlik şpris kimi istifadə edirlər. Mənə fiziki-mənəvi təzyiqlər göstəriblər, amma o, bir dəfə də olsun ağzını açıb danışmayıb. Nəvəm fiziki-psixi təsirə məruz qalıb”.
Dövlət ittihamçısının suallarını cavablandıran G.Ağayev bildirdi ki, R.Həbibovun əmlakı haqda məlumat toplayaraq siyahı tutub. Onun imarətlərinin fotolarını çəkib: “Həmin siyahıları fotolarla birgə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya yolladım. Sonradan bildim ki, nəyinsə müqabilində həmin siyahını fotolarla birgə Həbibova veriblər. Mən həmin siyahı və fotoları kompüterdə saxlamaq üçün nəvəmə demişdim. Müvafiq vaxt gözləyirdim ki, onun qanunsuz hərəkətləri haqda müraciəti, siyahını fotolarla birgə prezidentə göndərim. Mən həmin siyahını sentyabrda tutmuşdum”.
R.Həbibovun nümayəndəsi Cavid Məmmədovun sualına cavab olaraq bildirdi ki, onun sabiq icra başçısı ilə ədavəti olmayıb: “İstəyərdim ki, özü bura gəlsin, sözümü üzünə deyim”.
G.Ağayev vəkillərin suallarına cavab olaraq dedi ki, əgər R.Həbibov qubalıları təhqir etməmişdisə, məntiqlə nəqliyyat naziri Ziya Məmmədov onun əvəzindən qubalılardan üzr istəməməli idi.
Tərəflərin suallarından sonra proses bu günə qədər təxirə salındı.

gozetci.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button