Quba jurnalistlərinin həbs müddəti uzadılıb

Sentyabrın 8-də Nəsimi rayon məhkəməsi “Xəyal TV” regional telekanalının icraçı direktoru və baş redaktoru – Vüqar Qonaqov və Zaur Quliyevin həbs müddətini dekabrın 1-nə qədər uzadıb. Bu barədə Turan-a jurnalistlərin vəkili Elçin Sadıqov bildirib.

Onun sözlərinə görə, Quba şəhər bələdiyyə sədri Elxan Əliyev barəsində də eyni qərar qəbul edilib.

Sadıqov müdafiə etdiyi jurnalistlərin həbs müddətinin uzadılmasının əsassız olduğunu bildirib, belə ki, aprelin əvvəllərindən (Bakı istintaq təcridxanasına köçürüldükləri andan etibarən) heç bir istintaq hərəkəti aparılmır.

Vəkilin sözlərinə görə, Nəsimi rayon məhkəməsinin qərarından apellyasiya şikayəti veriləcək.

Xatırladaq ki, jurnalistlər 233 (ictimai asayişin pozulmasının təşkili) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunurlar.

Xüsusən, onlar Quba rayon icra başçısı Rauf Həbibovun müşavirədə çıxışında yerli sakinləri təhqir etdiyini əks etdirən videoçarxı İnternetdə yaymaqda ittiham olunublar. Bu kadrlar əhalinin narazılığına və martın 1-də kütləvi iğtişaşlara səbəb olub. Həmin gün minlərlə insan rayon administrasiyası önündə toplaşaraq, Həbibovun istefasını tələb ediblər. Etirazçılar rayon icra başçısının villasını və İcra hakimiyyətinin binasını talan ediblər və yandırıblar.

Ümumilikdə bu fakt üzrə Quba rayonunun 25 sakini cinayət məsuliyyətinə cəlb edilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button