Qubad İbadoğlu Filippin təəssüratlarından yazır

Liftdə düymə basanlar və taksi sürücüsü Fredrix – Fillipin təəssüratları

Manilanın Ninoy Aquino International Aeroportundan qalxan təyyarəmiz İstanbula doğru uzun 12 saatlıq uçuş edir. Onun 2 saatını geridə qoymuşuq. Bu saatlarda ötən 3 günü xatırlayaraq, maraqlı hesab etdiyim müşahidələrimi sizinlə bölüşmək istərdim.
Bu, mənim Fillipinə ikinci gəlişimdir. İlk dəfə 2009-cu ilin mart ayında gəlmişdim. O zaman Nyu-Yorkdan 16 saat 45 dəqiqəlik uçuş etmişdim, daha doğrusu, “özünə qəsd” etmişdim. O zaman havalar çox isti olduğuna görə şəhəri gəzə bilməmişdim. Bu dəfə də paytaxt Maniladan kənara çıxa bilmədim. Amma 2011-ci ildə Almaniyada tanış olduğum fillipinli siyasətçı Doc Tontona və onun sürücüsünə minnətdar olmaqla şəhəri bir az dolaşa bildim. Fillipində yalnız bir fəsil var, o da yaydır, onu sulu və quru yaya bölməklə fərqləndirlər. İlin ən isti ayı aprel-may hesab olunur. Hazırda havalar nisbətən sərindir, orta hesabla 35 dərəcə isti və 80 faiz ətrafında rütubətlilik var.
Manilada işsizlik çox geniş yayılıdğından, əməyə görə ödəniş isə aşağı olduğundan burda mehmanxanalarda, biznes və alış-veriş mərkəzlərində liftlərdə düyməni basmağa da ayrıca işçilər çalışır. Onların başlıca funkisyası lifti idarəetməkdir.
Manilada sərnişin avtobusları bizim bir vaxtlar marşrutda olan mikroavtobusları xatırladır, sadəcə fərqi odur ki, yerlər dolu olanda sərnişinlər avtobusdan sallana-sallana mənzil başına çatırlar.
Manilda məskunlaşan əhalinin boyunun orta uzunluğu bizdəkindən aşağı olduğuna görə, orta hündürlükdə olan Azərbaycanlı burada özünü ucaboylu kimi rahat hiss edə bilər.
Manilada yola çıxanda son ünvana nə qədər var, sualına kilometrlə, metrlə deyil, saatla, dəqiqə ilə cavab verirlər. Burada zaman artıq məsafə ölçüsü kimi istifadə olunur. Çünki şəhərdə səhər saat 5-dən gecə saat 11-dək tixac, qalan vaxtlarda isə sıxlıq olur.
Manilada aeroporta gedən yolkənarı ölkənin yoxsulluq və səfalətdən necə aclıq çəkdiyini əyani göstərsə də, burada onların qarşısını kəsən hasarlara rast gəlmək mümkün deyil. Elə bil ki, kasıblıqlarını nümayiş etdirmək üçün yerlilər daha çox hava limanına gedən yolun kənarlarında məskunlaşıblar. Şəhərin bir tərəfində kasıb məhəllələri, yoxsul daxmaları, digər tərəfində isə müasir görünüşlü göydələnlər kontrast yaratsa da, əslində burada ölkəyə gələn turistə hər şey olduğu kimi görsənir.
Manilada hava limanına gedən yolda bəzən motosikletdə hərəkətin axınına qarşı (tərsinə) oturub, qucağında çemodan saxlayan sərnişinlərə də rast gəlmək mümkündür. Çünki bu yolu motosikletlə avtomobildən ən azı 2 dəfə tez zamanda qət etmək mümkündür.
Bu ölkənin insanları çox qonaqpərvər və dürüstdürlər. Hava limanına çatanda dostlarımızdan biri iphone 6s plus telefonu bizi gətirən taksidə unutmuşdu. Hava limanına girərkən sürücünün onu geri gətirdiyini görəndə bir anlığa fikirləşdim ki, görəsən, belə bir hal bizdə baş versəydi, bizim sürücü xaricilərin dalınca qaçıb onun telefonunu geri qaytarardımı? Məncə, adamına baxır, yəqin ki, bir çoxları fillipinli Fredrix kimi özünü aparardı və xaricilərin gözündə ölkəmizi ucaldardı. Bax beləcə, taksi sürücüsü Fredrixin sayəsində Manilanı xoş təəssüratla tərk etdik.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button