Qubad İbadoğlu: “Xaricdə təhsil proqramı bərpa olunmalıdır”

İqtisadçı-alim: “Bunun icrası gəlirlər azalanda da dayandırılmamalıydı”

Neft gəlirlərinin azaldığı illərdə Azərbaycanda ixtisar edilən sosial proqramlardan biri də “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramı”  oldu. Proqramın müddəti başa çatdığı ərəfələrdə yenisinin hazırlanacağı bildirilsə də, bu, özünü doğrultmadı.

Bu ilin əvvəlindən  etibarən dünya bazarında neftin qiymətinin yüksəlməsi ilə ölkənin gəlirləri də artır. Hazırda dünya bazarında Azərbaycan nefti 80 dollardan yuxarı satılır. Gəlirlərin artması hökumətin dövlət büdcəsinə yenidən baxmasına imkan yaradıb. Belə ki, bir neçə gündən sonra Milli Məclisin xüsusi iclasında 2018-ci ilin dövlət büdcəsinə dəyişikliklərin olunması nəzərdə tutulur. Belə bir şəraitdə xaricdə təhsil almaq istəyən gənclərimizə dövlət dəstəyini nəzərdə tutan proqram bərpa oluna bilərmi?

Sualı cavablandıran iqtisadçı-alim, ADR hərəkatının rəhbəri Qubad İbadoğlu deyir ki, proqramın bərpası zərurətdir:“Qazaxıstan da analoji proqram icra edir.  Orada neft gəlirləri azalanda xaricdə təhsillə bağlı ”Bolaşak” adlı proqramın icrası dayandırılmadı. Hazırda Qazaxıstanda o proqramın məzunu olan 2 nazir, 5-ə yaxın nazir müavini, yüzlərlə yüksək vəzifəli məmur var. Onlarda proqram bizdən bir çox cəhətdən fərqlidir. Məsələn, Qazaxıstanda proqram çərçivəsində xaricə təhsil almağa gedənlərə şərt qoyulur ki, təhsil başa çatandan sonra ölkəyə qayıdıb azı 5 il orada işləsinlər. Belə bir tələb bizdə də vardı, amma işləməsi üçün mexanizm olmadığına görə demək olar ki, işə yaramadı. Qazaxıstanda isə xaricə göndərilən gənclərin ya öz valideynlərinin, ya da yaxın qohumlarının əmlakı girov kimi götürülürdü. Kim qayıtmasa həmin əmlak satılaraq dövlətin çəkdiyi xərcin ödənməsi üçün sərf olunacaqdı. Bu şərtə görə də orada göndərilən tələbələrin geri qayıtma əmsalı 100 faizə yaxındır. Bizdə bununla bağlı statistika açıqlanmır, amma müşahidələrimiz, gələn məlumatlar deyir ki, göndərilən tələbələrdən geri qayıtmayanları çoxdur”.

Q.İbadoğlu hesab edir ki, hətta gəlirlərin azaldığı dövrdə də proqramın icrası dayandırılmamalıydı: “Proqramın bərpa olunması zəruridir. Həqiqətən də bu gün dünyada innovativ, elmi-texnoloji nailiyyətlərin təhsil sisteminə cəlbi Azərbaycana nisbətən daha yüksəkdir. Çox təəssüflər olsun ki, Azərbaycanın universitetləri dünya reytinqlərində heç minliyə də düşə bilmirlər. Bu baxımdan, azərbaycanlıların dünyanın ən yaxşı universitetlərində təhsil alması, topladığı biliklıri ölkə iqtisadiyyatının, tibbinin, digər sahələrinin inkişafına sərf etməsi çox vacibdir. Nazirlər Kabinetindəki son dəyişikliklər göstərdi ki, ölkədə peşəkar kadrların çatışmazlığı,  eyni zamand mövcud kadr bankından qeyri-səmərəli istifadə var. Buna görə də xaricdə təhsil proqramının davamı çox önəmlidir. İldə 40-50 milyon dollar vəsaiti tapmaq Azərbaycan üçün elə də çətin deyil.

Bildiyiniz kimi, büdcəyə dəyişiklik olunacaq. Neftin qiymətinin büdcədəki qiymətlə fərqli olmasından büdcəyə əlavə gəlirlər daxil olur. Onun gəlirlərinin hardasa 2 milyard  manat artırılması gözlənilir. Bu vəsaitdən də gənclərin xaricdə təhsilinin maliyyələşdirilməsinə yönəldilə bilər – Gənclər Fondu vasitəsilə. Eyni zamanda proqramı bərpa etməklə Dövlət Neft Fondundan da vəsait yönəldilməlidir”.

Qeyd edək ki, Dövlət Neft Fondunun məlumatına görə, bu ilin 1 aprel tarixinə proqram çərçivəsində 3302 nəfərin təhsili ilə bağlı xərclər fond tərəfindən maliyyələşdirilib.

Proqram çərçivəsində xaricə göndərilənlərin əksər hissəsi Böyük Britaniya (29,1 faiz), Türkiyə (22,1 faiz), Almaniya (12,4 faiz), Kanada (7,2 faiz), Niderland (5,2 faiz) və Rusiya (3,8 faiz) universitetlərində təhsil alırlar.

Dövlət proqramı çərçivəsində xarici ölkələrdə təhsil alan gənclərin əksəriyyəti (79,0 faiz) magistratura və bakalavr pillələrində təhsil alırlar. Belə ki, proqram çərçivəsində xarici ölkələrdə təhsil alanların 1180 nəfəri bakalavr, 1430 nəfəri isə magistratura pilləsində təhsil alır.

01 aprel 2018-ci il tarixinə Dövlət proqramı çərçivəsində məzun statusunu almış tələbələrin sayı 1733 nəfər təşkil edir. Bu tələbələrin 33 nəfəri 2 təhsil dərəcəsi üzrə maliyyələşdirilmiş tələbələrdir. Məzunların əksər hissəsi – 682 nəfəri Böyük Britaniya, 246 nəfəri Türkiyə, 143 nəfəri Almaniya, 93 nəfəri Rusiya, 65 nəfəri Fransada təhsil alıblar.

Dövlət proqramının maliyyələşdirilməsi məqsədilə 2008-2017-ci illər ərzində Dövlət Neft Fondu tərəfindən ümumilikdə 205 milyon 988,1 min manat, o cümlədən 2018-ci ilin yanvar-mart ayları üzrə 542,3 min manat məbləğində vəsait sərf olunub. Bu vəsait Dövlət proqramı çərçivəsində xarici ölkələrdə təhsil alanların yaşayış (220,5 min manat), təhsil haqqı (274,5 min manat), yol (12,3 min manat), sığorta (34,0 min manat), viza və qeydiyyat (0,97 min manat) xərclərinin ödənilməsinə yönəldilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button