Qubad İbadoğlunun həyat yoldaşının səhhətində problem yarandığı deyilir

İki ay əvvəl həbsdən ev dustaqlığına buraxılan iqtisadçı Qubad İbadoğlunun həyat yoldaşı İradə Bayramovanın səhhətində problem yarandığı deyilir.

Q.İbadoğlunun qardaşı Qalib Toğrulun AzadlıqRadiosuna bildirməsinə görə, bu problem ötən il iyulun 23-də Azərbaycanda saxlanarkən ona yetirilən xəsarətlərin fəsadıdır.

Q.Toğrul qeyd edib ki, qardaşının saxlanması zamanı həyat yoldaşı da yanında olub və hər ikisinə zorakılıq olub: “10-a yaxın mülki geyimli şəxs tərəfindən xüsusi zorakılıqla maşından düşürülmələri İradə xanımda qorxu, sarsıntı və dərin psixoloji travma yaratmışdı. Bununla yanaşı, açıq qapıdan tutaraq maşına minmək istəməyən İradə xanımın əllərinə, ayaqlarına, bədəninə və başına zərbələr endirilib”.

Q.Toğrul deyir ki, bunun nəticəsində İ.Bayramovanın ayaqlarında, qollarında, bədənin müxtəlif hissələrində göyərmələr, qançırlar və baş nahiyəsində iki şiş yaranıb.

Onun sözlərinə görə, üç gün öncə, iyunun 15-də gecə İ.Bayramovanın İsveçdə yaşadığı evdə qəflətən vəziyyəti pisləşib və o, huşunu itirib: “Təcili yardım briqadasının ilkin tibbi müdaxiləsindən sonra İradə xanım hospitala yerləşdirilib. İlkin müayinələrdən sonra ona “vestibulyar sinirin iltihablaşması” diaqnozu qoyulub və bildirilib ki, xəstəliyin yaranması səbəblərindən birincisi başından ağır zərbə alması ehtimalıdır”.

Q.Toğrul vurğulayıb ki, 2023-cü ildə məsələ ilə bağlı Azərbaycan Baş Prokurorluğuna şikayət etmişdilər: “Müstəntiq bizi ekspertizaya göndərdi. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində isə İradə xanımın bədənindəki göyərmələri və başındakı şişləri görmədilər, “xəsarət izləri aşkar edilmədi” rəyini verdilər”.

O, əlavə edib ki, prokurorluq cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarıb.

Bütün bu deyilənlərə, hələlik, nə Daxili İşlər, Səhiyyə nazirlikləri, nə də Baş Prokurorluqdan münasibət öyrənmək mümkün olub.

Q.İbadoğlu ötən il iyulun 23-də həbs edilmişdi. O, Cinayət Məcəlləsinin (CM) 204.1-ci (Satış məqsədi ilə saxta pul… və ya xarici valyuta hazırlama, əldə etmə və ya satma – mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunub. Daha sonra ona qarşı CM-in 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb. Q.İbadoğlu ittihamları saxta adlandırıb.

Bu il aprelin 22-də onun barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı, daha sonra isə müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub.

Q.İbadoğlu dövlət qeydiyyatına alınmayan Azərbaycan Demokratiya və Rifah Partiyasına (ADR) rəhbərlik edib. Amma ev dustaqlığına buraxılandan sonra səhhəti ilə bağlı siyasi fəaliyyətinə fasilə verdiyini açıqlayıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button